Məhsul və xidmətlər.Məhsullar, fiziki, maddi əşyalar olduğu halda xidmət əşya kimi tam dərk edilən və görülən deyil. Bazar iqtisadiyyatı şəraitində xidmətlərə aiddir: banklar, sığorta, nəqliyyat, turizm, ictimai iaşə, əyləncə sferası, marketinq tədqiqatlarının aparılması, reklam və s. Bundan başqa xidmətlər əmtəə satışında da məsələn, daşınma, qablaşdırma, quraşdırma, satışdan sonra istismar və təmir üzrə xidmət) göstərilə bilər.
Mübadilə. Sahibkarlıq fəaliyyətinin bütün növləri mübadilə vasitəsilə reallaşır, başqa sözlə, biznes üzrə ixtiyari fəaliyyətdə mübadilə baş verir. Belə ki, istehsalçı əmtəəni satıcıya verdikdə əmtəə ilə əmtəənin qiymətinə uyğun olaraq əmtəələrin dəyərinə müvafiq pul miqdarı mübadilə edilir. Digər əmtəələr, xidmət və pulların mübadilə prosesinin ən geniş yayılmış və ümumi forması əmtəə və xidmətlərin pula dəyişdirilməsi mübadiləsidir. Əgər əmtəə və xidmətlərin əvəzinə başqa əmtəə və xidmətlər ödənirsə, bu cür mübadiləyə barter mübadiləsi deyilir. Bəzi hallarda işçilər öz iş qüvvəsinin dəyər müqabilində pul deyil, bu və ya digər əmtəə alırlar.
Qarşılıqlı mənfəət. Bazar iqtisadiyyatı şəraitində heç kəs heç kəsi hər hansı bir əmtəəni almağa və ya satmağa məcbur edə bilməz. Alıcılar çox sayda geniş çeşiddə əmtəə və xidmət seçmək imkanına, satıcılar isə öz əmtəələrini harada, nə vaxt, hansı qiymətə satmaq imkanına-hüququna malikdirlər. Alıcı ilə satıcı arasında həmişə alqı-satqı prosesi zamanı müəyyən proses-danışıq prosesi baş verir. Əgər danışıq prosesində həm satıcı və həm də alıcı razı qalırsa, onda sövdələşmə baş verir və əmtəələr öz sahiblərini dəyişirlər.
Hər hansı fiziki şəxs-investor ixtiyari açıq səhmdar tipli müəssisənin səhmini sərbəst surətdə ala və bundan müəyyən gəlir-dividend gözləyə bilər. Əgər həmin səhmi buraxan müəssisənin fəaliyyəti qənaətbəxş deyilsə, onda həmin investor daha çox dividend verən və yaxşı işləyən müəssisənin səhmini almaqda azaddır. Aldığı səhmi müəyyən şərtlər və qanun çərçivəsində başqasına satmaqda da azaddır. Beləliklə, firmanın səhmi ilə investorun pulu mübadilə edilir. Deyilənləri ümumiləşdirərək sahibkarlıq fəaliyyətininin məzmununu əks etdirən aşağıdakı xüsusiyyətləri qeyd edə bilərik:
1. Alıcı və satıcı sərbəst qərar qəbul edir;
2. Alıcı və satıcı arasında mübadilə prosesi başverir;
3. Alıcı və satıcı arasında mübadilə qarşılıqlı razılıq və qarşılıqlı faydaya əsaslanır.
Bu xüsusiyyətlər sahibkarlıq fəaliyyətinin inkişafının daxili təbii hərəkətverici qüvvəsini təşkil edir.
İndi isə sahibkarlıq fəaliyyətinin mahiyyətini açmaq üçün vəzifə, məqsəd, tapşırıq, siyasət, strategiya və taktika kimi məfhumları müəyyən edək.
Sahibkarlıq fəaliyyətində vəzifələr dedikdə, ümumi əlamətlərlə bilavasitə məqsədi ifadə etmək başa düşülür. Sahibkarlıq fəaliyyətinin məqsədi bazarda müəyyən tələbat həcminə malik olan əmtəəni istehsal edib bazara təklif etməklə mənfəət əldə etmək, firmanın fəaliyyətini davam etdirmək üçün lazimi miqdarda nağd pul toplamaq, cəmiyyətə lazım olan xidmətləri göstərmək, sahədə və bazarda qabaqcıl mövqe tutmaq, alıcıların tələbatını optimal ödəmək və başqalarıdır.