Mövzu 2. BEYNƏLXALQ TİCARƏT NƏZƏRİYYƏLƏRİNƏ SİSTEMLİ YANAŞMA.
P L A N
1. Beynəlxalq ticarət nəzəriyyələrinin iqtisadi mahiyyəti və konseptual yanaşmalar.
2. Beynəlxalq ticarət əməliyyatlarının konseptual əsasları
3. Beynəlxalq ticarət əməliyyatlarının təşəkkülünün əsas prinsipləri
4. Dünya təsərrüfat sistemi və beynəlxalq ticarət əməliyyatlarının müasir inkişaf meylləri
1. Beynəlxalq ticarət nəzəriyyələrinin iqtisadi mahiyyəti və konseptual yanaşmalar.
Hər bir ölkənin iqtisadi inkişaf səviyyəsini müəyyən edən mühüm göstəricilərdən biri də xarici ticarət əlaqələrinin səviyyəsidir. İstehsal olunan məhsulların dünya bazarlarında rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, onların bu bazarlara sərbəst çıxışının təmin edilməsi, daxili istehlak bazarı üçün zəruri malların idxalı nəticə etibarilə ölkələrin iqtisadi qüdrətinin artmasına təsir edir.
Müstəqil inkişaf yoluna qədəm qoymuş Azərbaycan Respublikası özünün zəngin təbii xammal ehtiyatlarından məqsədyönlü şəkildə istifadə etmək, dünya təsərrüfat sisteminə inteqrasiyanı sürətləndirmək və qarşıda duran bir sıra qlobal problemlərin həllinə nail olmaq məqsədilə xarici ticarət əlaqələrinin tənzimlənməsinə, ticarətin müasir tipli infrastrukturunun yaradılmasına, ticarət sisteminin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasına xüsusi əhəmiyyət verməlidir. Məhz bu səbəbdən də yeni iqtisadi şəraitə uyğun normativ-hüquqi bazanın yaradılması bu sahədə aparılan iqtisadi islahatların strateji xəttini təşkil etməkdədir. Təbii olaraq ölkənin beynəlxalq ticarət əlaqələrinin əsas istiqamətlərinin düzgün müəyyənləşdirilməsi üçün tarixi keçmişdən bu günə kimi inkişaf yolu keçmiş müxtəlif nəzəriyyələrin təhlili və bunların üstünlüklərinin öyrənilməsi zəruri məsələlərdəndir.
Beynəlxalq ticarət nəzəriyyələri uzun bir təkamül prosesi keçərək çoxəsrlik tarixə malikdir. Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü özünün inkişaf dövrü ilə feodalizmin dağıldığı və kapitalist istehsal münasibətlərinin yarandığı ilk dövrlərdən etibarən dünya iqtisadi fikrinin inkişafının əsas mərhələlərini əks etdirir. Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü merkantilizm, klassik, neoklassik və müasir nəzəriyyələr istiqamətlərindən keçmişdir.
Beynəlxalq ticarətə dair ilk sistemli fikirlər yalnız XVI əsrdə merkantilistlər tərəfindən yaradılmışdır. Merkantilizm nəzəriyyələrinin əsas nümayəndələri kimi, Tomas Meni, Antuan Monkretyeni, Çarlz Davenantı, Vilyam Stafforu və digərlərini göstərmək olar.
Əgər merkantilizmin mahiyyətini son dərəcə qısa şəkildə ifadə etsək, həmin mahiyyət iqtisadi siyasətdə-ölkədə və dövlət xəzinəsində qiymətli metalların hər vasitə ilə toplanmasından, nəzəriyyədə- tədavül sahəsində- (ticarətdə, pul dövriyyəsində) iqtisadi qanunauyğunluqların axtarılmasından ibarətdir. Merkantilizmin ideyaları ticarət və pul kapitalı nümayəndələrinin (tacirlərin və sələmçilərin) mənafeyini ifadə edirdi. Merkantilistlər millətin sərvətini mahiyyət etibarilə ticarət kapitalının mənafeyi baxımından nəzərdən keçirirdilər. Merkantilistlər sərvətin mənbəyini tədavül sferasında, əsasən xarici ticarətdə görürdülər. Qeyri-ekvivalent mübadiləni əsas götürürdülər və ucuz alıb baha satmağı sərvətin mənbəyi hesab edirdilər. Merkantilizmin dövlət müdrikliyinin zirvəsi xaricdən satın alındığından daha çox xaricə satmaq olmuşdur.
Merkantilistlərin beynəlxalq ticarət nəzəriyyəsinə verdikləri töhfə danılmazdır, ən azı ona görə ki, onlar ilk dəfə xarici ticarətin ölkə iqtisadiyatı üçün əhəmiyyətini qeyd etmiş və müasir iqtisadiyyatda tədiyə balansı adlanan anlayışı təsvir etmişlər.
Xarici ticarət əlaqələrinin xarakteri ölkələrin kim ilə, nə ilə və nəyə görə ticarət etməsi problemi xarici ticarət sahəsində nəzəri axtarışların əsas məqsədi olaraq qalmaqda davam etmişdi və bu tarixi vəzifə ilk dəfə olaraq XVIII əsr ingilis klassik iqtisadi məktəbinin üzərinə düşmüşdü.
Beynəlxalq ticarət sahəsində irəli sürülmüş nəzəriyyələrdən biri klassik məktəbin ən görkəmli nümayəndəsi A.Smitin “Mütləq üstünlüklər” nəzəriyyəsidir11. Bu nəzəriyyəyə görə, ölkələr daha az xərclərlə istehsal etdikləri (yəni istehsalında mütləq üstünlüyə malik olduqları) əmtəələri ixrac edir və digər
ölkələr tərəfindən daha az xərclərlə istehsal olunan (yəni istehsalında mütləq üstünlüyün tərəfdaş ölkələrə məxsus olduğu) əmtəələri idxal edir.
A.Smit merkantilistlərdən fərli olaraq, belə bir müddəa irəli sürdü ki, xarici ticarətdən hər hansı bir ölkənin iqtisadi faydası heç də, hökmən hər hansı digər bir ölkənin ziyanı hasabına əldə edilmir. Başqa sözlə, beynəlxalq ticarət, ticarət edən bütün ölkələrin hamısına da eyni zamanda fayda verə bilər.
A.Smit İngiltərənin bütün xarici ticarət siyasətini ətraflı tətqiq etmiş və xarici ticarət azadlığı üçün proqram işləyib hazırlamışdır. O, merkantilistlərin əksinə olaraq, ticarətin sərbəst olması ideyasını müdafiə edir və hesab edirdi ki, beynəlxalq ticarət vasitəsi ilə ayrı-ayrı ölkələr varlandıqca dünya iqtisadiyyatı da inkişaf edir.
A.Smitdən təxminən 40 il sonra klassik məktəbin digər görkəmli nümayəndəsi David Rikardo mütləq üstünlüklər nəzəriyyəsinin müddəalarının inkişaf etdirərək “Müqayisəli üstünlüklər nəzəriyyəsi” 1 ni işləyib hazırladı.
Bu nəzəriyyənin müddəlarını “Siyasi iqtisadın prinsipləri və vergiqoyma” (1817) əsərində əks etdirən D.Rikardonun fikrincə, beynəlxalq ticarəti təkcə mütləq üstünlüklərə əsaslanaraq izah etmək düzgün olmazdı. O, beynəlxalq əmək bölgüsünün əlverişliliyini müqayisəli üstünlük prinsipi əsasında izah etməklə sübut etmişdir ki, iki ölkə arasında ticarət, hətta onlardan biri digəri qarşısında mütləq üstünlüyə sahib olmadıqda belə, onların hər biri üçün sərfəlidir. Müqayisəli üstünlüklər nəzəriyyəsinə görə, əgər ölkələr digər ölkələrlə müqayisədə nisbətən daha az xərclərlə istehsal edə bildikləri əmtəələrin istehsalında ixtisaslaşırlarsa, onda ticarət hər iki tərəf üçün qarşılıqlı faydalı olacaq. Bu zaman, istehsalın onların birində digərinə nisbətən mütləq effektivliyə malik olması əhəmiyyətə malik olmayacaq. Beynəlxalq ticarət nəzəriyyələrinin mühüm istiqamətlərindən biri neoklassik nəzəriyyələrdir. Bu nəzəriyyələrdən “İstehsal amilləri nəzəriyyəsi” (J.Sey), “İstehsal amillərinin nisbəti nəzəriyyəsi” (E.Hekşer, B.Olin) “İstehsal amillərinin qiymətlərinin bərabərləşməsi teoremi” (Hekşer-Olin-Samuelson), “Müqayisəli üstünlüklər nəzəriyyəsinin daha çox miqdarda ölkə və əmtəələrə intişar edilməsi” (P.Samuelson) nəzəriyyələrini göstərmək olar.
Üstünlüklər nəzəriyyəsinin digər nəzəriyyə nümayəndələri tərəfindən tənqidi ona əsaslanırdı ki, bu nəzəriyyə istehsal xərclərini ancaq əməklə bağlayır. Həqiqətdə isə bir sıra konsepsiya təmsilçilərinə görə, istehsalın bir neçə amili vardır. “İstehsal amilləri nəzəriyyəsi”1 nin banisi olan Jan Batista Sey bu cür amillər kimi əməyi, torpağı və kapitalı göstərirdi və onları dəyərin mənbəyi elan edərək, buradan belə nəticə çıxardı ki, həmin amillərdən hər birinin sahibləri özlərinə çatası gəliri götürürlər: fəhlə əmək haqqı, kapitalist mənfəət, torpaq sahibi renta götürür. J.Sey öz nəzəriyyəsində mənfəəti borc faizinə və sahibkar gəlirinə ayırır. Borc faizi kapitalın sahibi kimi, sahibkar gəliri isə müəssisənin rəhbəri kimi kapitalist tərəfindən mənimsənilir. Sahibkar gəliri istehsalın bütün amillərinin səmərəli şəkildə birləşdirilməsindən ibarət olan xüsusi və çox mühüm ictimai funksiya üçün mükafatdır.
J.Sey yazırdı ki, sahibkarın gəliri “onun sənayeçilik qabiliyyəti, istedadı, nizam-intizam ruhu və rəhbərliyi üçün mükafatdır”.
Sahibkarın isə əsas məqsədi istehsal xərclərini aşağı salmaq və yüksək gəlir götürməkdir. Gəliri isə əldə etmək üçün əmtəələrin bir hissəsini xarici ölkələrdə satmaq lazımdır. Onun nəzəriyyəsinə görə xarici ticarətə daxil olan əmtəələrin müqayisəli qiymətləri istehsal amillərində olan fərqlərlə müəyyən edilir. İstehsal amilləri qiymətləri ölkə daxilində eyni və ya bir-birinə yaxın olduğu halda, ölkələr arasında bir-birindən ciddi fərqlənir. Bu cəhət beynəlxalq ticarətin daxili ticarətə nisbətən müxtəlif şərtlər altında baş verdiyini göstərən mühüm amildir. XIX əsrdə istehsal amilləri nəzəriyyəsinin müxtəlif variantlarının əmək-dəyər nəzəriyyəsini sıxışdırması nəticəsində klassiklərin davamçıları olan neoklassik məktəbin nümayəndələri beynəlxalq ticarəti istehsal amilləri nəzəriyyəsi vasitəsilə izah etməyə başladılar.
Bu zaman bir çox variantlar irəli sürülürdü. Lakin bu istiqamətdə doğrudan da əhəmiyyətli irəliləyiş XX əsrin 20-ci illərinin ortalarında baş verdi. İsveç neoklassik iqtisadçıları Eli Hekşer və onun şagirdi Bertil Olin yeni bir konsepsiya işləyib hazırladılar ki, bu da sonradan “İstehsal amillərinin nisbəti nəzəriyyəsi”1 adını aldı. Bu nəzəriyyə çox sadə və rasional müddəaya əsaslanır. Nəzəriyyədə müdafiə edilən ana fikri belə formalaşdırmaq olar: bir ölkə hansı istehsal amili ilə zəngindirsə, istehsalı həmin amildən daha çox tələb edən əmtəələr üzrə müqayisəli üstünlük əldə edər, yəni onları daha ucuz istehsal edər və bu sahədə də ixtisaslaşar.
Tutaq ki, hər hansı bir ölkədə əmək amili boldur. Belə bir ölkədə normal olaraq əməktutumlu mallar daha ucuz istehsal olunar. Həmçinin kapital amili ilə zəngin olan ölkələrdə də kapitaltutumlu əmtəələrin daha ucuz istehsal olunması gözlənilməlidir.
Əyani surətdə göstərmək üçün Azərbaycan və Yaponiya kimi iki ölkə və parça və mühərrik kimi iki əmtəə götürək. Azərbaycanda əmək, Yaponiyada isə kapital bol olsun, parça əməktutumlu, mühərrik isə kapitaltutumlu əmtəə olsun. Belə bir halda, nəzəriyyənin ana fikrinə görə, Azərbaycan parçada, Yaponiya isə mühərrikdə müqayisəli üstünlüyə malik olmalıdır.
Beləliklə, Hekşer-Olin teoremi müqayisəli üstünlüklər nəzəriyyəsindən də bir addım irəli gedərək ticarətin müqayisəli üstünlüklərə əsaslandığını göstərir və eyni zamanda müqayisəli üstünlüklərin səbəbini müəyyən edir. Bu səbəb isə ölkələrin istehsal amilləri ilə fərqli surətdə təmin olunmasıdır. Amerika iqtisadçısı Pol Samuelson tərəfindən isbat olunan və Hekşer-Olin teoreminə əsaslanan “İstehsal amillərinin qiymətlərinin bərabərləşdirilməsi” (Hekşer-Olin--Samuelson teoremi) teoreminə görə, beynəlxalq ticarət mübadilədə iştirak edən ölkələrdə istehsalın homogen amillərinin mütləq və nisbi qiymətlərinin bərabərləşməsinə gətirib çıxarır.
Daha sadələşdirilmiş şəkildə desək, ticarət nəticəsində əmtəələrin nisbi qiymətinin bərabərləşməsi son nəticədə bu əmtəələrin istehsalında istifadə edilən amillərin də nisbi qiymətlərinin bərabərləşməsinə gətirib çıxarır. Kapitalın homogenliyi dedikdə, eyni məhsuldarlıq və riskli kapital, əməyin homogenliyi dedikdə isə, eyni hazırlıq, təhsil və məhsuldarlıq səviyyəsi ilə xarakterizə olunan əmək nəzərdə tutulur.
Dediklərimizi əyani surətdə təsvir etmək üçün yenə də nümunəyə müraciət edək. Hekşer-Olin modelinə görə, hər bir ölkə daha çox malik olduğu amillərdən istifadə edilən əmtəə istehsalında ixtisaslaşmalıdır. Yəni, nümunəmizə görə, Azərbaycan mühərrik istehsalından imtina edərək və onu maksimum dərəcədə azaldaraq resurslarını parça istehsalına yönəltməlidir. Lakin bu iki istehsal sahəsində amillərdən istifadə xüsusiyyətləri eyni deyildir. Mühərrik kapitaltututmlu, parça isə əməktutumludur. Bu baxımdan mühərrik istehsalının azaldılması ilə sərbəst qalan iş gücü parça istehsalında asanlıqla işləyə bildiyi halda, kapital faktorunun bu sektorda istifadə olunma imkanları daha məhduddur. Nəticədə genişlənən parça istehsalı iş qüvvəsinə olan tələbi sürətlə artırarkın kapitala olan tələb daha məhdud templə artır. Bu isə əmək haqqının, yəni iş gücünün qiymətinin artımına, faizlərin, yəni kapitalın qiymətinin aşağı düşməsinə gətirib çıxarar.
Yaponiyada isə bunun əksi olan proses baş verər. Bu ölkə mühərrik istehsalında ixtisaslaşır. Parça istehsalının azalması ilə ortaya nisbətən bol miqdarda əmək çıxar. Mühərrik istehsalında artım, nəticədə digər sektorda istifadəsiz qalan kapitalın asanlıqla mühərrik sənayesinə cəlb edər. Lakin iş gücü üçün bu asanlıq müşahidə edilmir, əmək istifadəsiz qalır. Nəticədə kapitala görə iş gücünün qiyməti aşağı düşər.
Neoklassik məktəbin nailiyyəti kimi həmçinin müqayisəli üstünlüklər nəzəriyyəsinin ikidən artıq əmtəə və ölkə modelləri üçün də keçərli olduğunu sübut etməsini göstərmək olar. “Müqayisəli üstünlüklər nəzəriyyəsinin daha çox miqdarda ölkə və əmtəələrə aid edilməsi”ni öz əsərlərində ilk dəfə əsaslı surətdə əsaslandıran yuxarıda adı çəkilən amerikan iqtisadçısı Pol Samuelson olub. O, müqayisəli üstünlüklər nəzəriyyəsinin müddəalarının iki ölkə və ikidən artıq əmtəəli modellər, həmçinin iki əmtəəli və ikidən artıq ölkəli modellər üçün də doğru olduğunu sübut edib. Hər iki modeli ardıcıllıqla nəzərdən keçirək.
İki ölkəli və ikidən artıq əmtəəli modellərdə müqayisəli üstünlükləri tətbiq etmək üçün, hər əmtəənin hər iki ölkədəki dəyərləri müqayisə edilir və bunun nəticəsinə görə, əmtəələr müqayisəli dəyəri ən aşağı olandan ən yüksək olanına doğru sıralanır. Beləliklə, ölkənin nisbətən daha ucuz istehsal etdiyi əmtəə sıralamada ilk yerdə, daha bahalı istehsal etdiyi əmtəə isə son yerdə qərar tutur. Yəni başda gələn əmtəələr ixrac, sondakılar isə idxal istiqamətli əmtəələrdir. Bu iki qrup arasındakı sərhədi isə ölkə valyutaları arasındakı məzənnə fərqi müəyyən edir.
Müqayisəli üstünlüklər nəzəriyyəsini iki əmtəəli və ikidən artıq ölkəli modellər üçün də tətbiq etmək çətin deyil. Burada da əvvəlki nümunəyə oxşar hərəkət edilməlidir. Sadəcə, burada əmtəələrin yerinə ölkələr müqayisəli üstünlüklər dərəcəsinə görə sıralanmalıdırlar. Bir əmtəə üzrə daha yüksək müqayisəli üstünlüyə sahib olan ölkə o əmtəənin ixracatçısı olmağa ən şanslı namizəddir. Sıralamada ixracatçı ölkələrlə idxalatçı ölkələr arasında sərhədi yenə də beynəlxalq mübadilə nisbəti (ticarət həddləri) müəyyən edir.
Yuxarıda göstərilən nəzəriyyələr beynəlxalq ticarətin klassik və neoklassik nəzəriyyələridir. Bu nəzəriyyələrin hamısının ümumi zəif tərəfi ondan ibarətdir ki, onların praktikada təsdiq olunması üçün çoxsaylı məhdudiyyətlərə və ilkin ehtimallara əməl etmək lazımdır. Buna görə XX əsrin ikinci yarısında da iqtisadçılar beynəlxalq ticarətin müxtəlif aspektlərini izah edən yeni nəzəriyyələr axtarışında olmuşlar. Polyak mənşəli ingilis iqtisadçısı T.M.Rıbçinski hələ 1955-ci ildə, tələbə olarkən belə bir fakta diqqət yetirmişdi ki, sənayenin hər hansı sahələrinin sürətli inkişafı çox zaman digərlərinə mənfi təsir göstərir. T.M.Rıbçınskinin teoreminin1 beynəlxalq ticarət üçün nəticələrini aşağıdakı kimi formalaşdırmaq olar. Hekşer-Olinin istehsal amillərinin nisbəti nəzəriyyəsinə görə, ölkə daha yaxşı təmin olunduğu amillərin istifadə edilməsi ilə istehsal olunmuş əmtəələri ixrac edir. Rıbçinski teoremi isə göstərir ki, nisbətən daha bol olan amilin köməyi ilə ixrac istehsalının genişlənməsi digər sahələrdə istehsalın düşməsinə səbəb olacaq və bu sahələrdə idxal əmtəələrinə ehtiyacaq artacaq. Əksinə, nisbətən daha qıt olan amildən istifadənin genişləndirirlməsi idxaləvəzedici sahələrdə istehsalın artımına və idxala ehtiyacın azalmasına gətirib çıxaracaq.
Dəyişməz qiymətlər və iqtisadiyyatda yalnız iki sahə olduqda birinci sahədə intensiv istifadə olunan istehsalat amillərindən birinə tələbatın artması, digər sahədə malların buraxılmasının ixtisarına gətirib çıxarması teoremini Rıbçinski nəinki təsdiq etmişdir, həmçinin bu hadisənin xarici ticarət üçün mümkün nəticələrini tədqiq etmişdir. Rıbçınskinin teoremi dəfələrlə təcrübə vasitəsilə təsdiq edilmişdir. Əyani sübut kimi, Holland xəstəliyini göstərmək olar. Hollandiya tərəfindən Şimal dənizində təbii qaz yataqlarının işlənməsinin aktivləşdirilməsi, bu sahədə olan daha yüksək gəlir və maaş, digər sahələrdə olan resursların bu sahəyə istiqamətlənməsinə səbəb olurdu ki, bu proses də çox keçmədən öz mənfi təsirini büruzə vermiş oldu.
Donald B.Kizinq, sənaye ölkələri arasındakı xarici ticarətin əhəmiyyətli hissəsini təşkil edən sənaye malları üzrə ticarətin “İxtisaslı iş gücü nəzəriyyəsi" ilə açıqlana bilinəcəyini irəli sürmüşdür. Bu yanaşmaya görə, peşəkar və yüksək ixtisaslı iş gücüylə təchiz olunmuş ölkələr istehsalında onların iştirak etdiyi mallarda ixtisaslaşıb, bu malları ixrac etdiyi halda, ixtisassız işçi qüvvəsinin bol olduğu ölkələr isə müvafiq malların istehsalında ixtisaslaşacaq və haqqında söz açılan malları ixrac edəcəklər. Kizinq 1965, 1966 və 1968-ci illərdə istər analitik, istərsə də empirik araşdırmalarıyla bəşəri sərmayənin beynəlxalq ticarətə təsir etmə gücünü tapmağa çalışmışdır. Kizinqə görə, ixtisaslı iş gücünü ayrı bir istehsal faktoru olaraq ələ alınmasının iki səbəbi vardır. Birincisi, ixtisaslı iş gücünün ticarətə və sənayenin strukturuna təsir edə bilməsidir. İkinci səbəbi, iqtisadi artımın şərhində əhəmiyyətli rol oynamasıdır. Bu səbəbdən, iqtisadi artım ilə xarici ticarət əlaqəli olduqları üçün iqtisadi artıma təsir edən ixtisaslı əmək eyni zamanda ticarətə də təsir edə biləcəkdir. Kizinq, peşə xüsusiyyətlərin beynəlxalq ticarət üzərindəki təsirlərini araşdırmaq üçün hər bir sənaye sahələrindəkii işçi qüvvəsini səkkiz peşə qrupuna ayırmışdır. .
Kizinqin araşdırmaları nəticəsində maraqlı xüsusiyyətləri ortaya çıxarmışdır. Birinci xüsusiyyət; ABŞ, Almaniya, İngiltərə, Yaponiya və Fransanı əhatə edən ilk beş sənaye ölkəsinin səkkiz peşə qrupunun hamısında dəqiq ixracatçı mövqeyində olmasıdır. Geriye qalan İtaliya, Belçika, İsveçrə, İsveç və Hollandiya kimi ölkələr isə bəzi peşə qrupları xaricində dəqiq ixracatçı vəziyyətindədir. İkinci xüsusiyyət ABŞ, Almaniya və İngiltərə kimi ilk üç ölkənin Kizinqin birinci peşə qrupu olaraq təyin etdiyi elm adamı və mühəndislərin məşğulluğunu tələb edən sənaye sahələrində həyata keçirilən ixracatın təxminən 95.4 % kimi əhəmiyyətli bir paya sahib olmasıdır. Eyni peşə qrupu üçün ABŞ-ın payı isə 48.5% olaraq hesablanmışdır. Bununla da, Kizinq araşdırmaları nəticəsində ixtisaslı iş gücünün beynəlxalq ticarəti şərh edən modellərə ayrı bir istehsal faktoru olaraq girməsinin lazım olduğunu ifadə etmişdir. Beləliklə, “İxtisaslı iş gücü nəzəriyyəsi” ilə Kizinq göstərdi ki, ölkələrdə işçi qüvvəsinin keyfiyyətinin artırılması, iş gücünün sərmayə ilə təchiz olunması, təhsil planlaması kimi faktorlar, ölkələrin ixtisaslı əmək cəhətdən zənginləşmələrinə gətirib çıxaracaqdır və bu üstün vəziyyət dolayısı ilə beynəlxalq ticarətə öz təsirini göstərmiş olacaq. Xarici ticarət nəzəriyyələri sonralar iqtisadçı alimlər tərəfindən daha da zənginləşdirilərək müasir dünyanın reallıqlarına uyğunlaşdırılmağa çalışılmışdır
2. Beynəlxalq ticarət əməliyyatlarının konseptual əsasları
Müasir dünyada durmadan artan elmi-texniki tərəqqi beynəlxalq ticarətdə aparıcı amilə çevrilmişdir. Dünya ölkələri, hər şeydən əvvəl sənayecə inkişaf etmiş ölkələr beynəlxalq ticarət kanallarına getdikcə daha çox yeni və mürəkkəb məhsullar daxil edirlər. Hal-hazırda dünya ticarətinin yarısından çoxunu kənd təsərrüfatı məhsulları və xammal deyil, məhz sənaye məhsulları təşkil edir. Hər hansı bir ölkədə sənaye məhsullarına əsaslanan ixracatın sürətli inkişafı bu sahədə qabaqcıl texnologiyanın intensiv tətbiq edilməsinin nəticəsidir.
Yeni texnologiyanın xarici ticarətdə tətbiqi ilə əlaqədar nəzəriyyə Pozner tərəfindən 1961-ci ildə irəli sürülmüşdür. Bu nəzəriyyə idarəçilik texnikasında, istehsal prosesində və ya əmtəələrdə müxtəlif ölkələrdə müxtəlif dərəcələrdə meydana gələn texnoloji yeniliklərin beynəlxalq ticarətdə doğurduğu nəticələrin izahına yönəlmişdir. Texnoloji yenilik istehsalda müxtəlif ölkələr arasında fərqlilik yaradır və yeniliyin tətbiq edildiyi mal üzrə həmin ölkə mühüm müqayisəli üstünlük əldə edir. Həmin yenilik digər ölkələrə yayılana qədər istehsal olunan mallar bu yeniliyə malik olmayan digər ölkələrə ixrac edilir. Onu ixrac edən ölkə isə bu sahədə inhisar vəziyyətində olacaqdır. Bu inhisar vəziyyətinin ömrü həmin yeniliyi başqa ölkələr mənimsəyənə qədər davam edəcəkdir. Texniki tərəqqi durmadan davam etdiyi və bazarlara daim yeni-yeni mallar daxil olduğu üçün texnoloji üstünlük bir maldan başqa mala, bir ölkədən başqa ölkəyə keçir və həmişə davam edir. Texnoloji inkişaf və elmi tədqiqatlara sərf edilən xərclər arasında sıx əlaqə vardır. Bir qayda olaraq texnoloji sıçrayışlar elmi tədqiqat işlərinə əhəmiyyət verən və çox vəsait sərf edən ölkələrdə özünü göstərir. M.Poznerin texnoloji üstünlük modelinə görə hər hansı bir ölkədə kəşf edilmiş texnoloji yenilikdən ticarət edən hər iki ölkə iqtisadi fayda əldə edir. Onun görüşünə görə hətta yeni texnika digər ölkələrdə də yayıldıqca az inkişaf etmiş ölkə daha çox fayda əldə edir, yenilikçi vəziyyətində olan ölkə isə getdikcə bu yenilik üzrə öz üstünlüyünü itirir. Lakin elmi-texniki tərəqqinin lideri yeniliklər hazırlanması işini daim davam etdirməklə digər ölkələri həmişə qabaqlaya bilər.
Texnoloji fərq teoreminin inkişaf etdirilmiş variantı isə “Əmtəənin həyat dövrləri nəzəriyyəsi”dir1 (product life cyclk, PLC). Bu nəzəriyyə 1966-cı ildə Raymond Vernon tərəfindən irəli sürülmüşdür. Nəzəriyyədə irəli sürülən fikrə görə, ölkələrin bir qismi mövcud əmtəələr, digər bir qismi isə yeni əmtəələr üzrə ixtisaslaşırlar. Əsas mahiyyət isə bundan ibarətdir ki, bir əmtəə yeni əmtəə vəziyyətindən köhnə əmtəə vəziyyətinə keçdikcə, yəni öz həyatının müxtəlif dövrlərini yaşadıqca istehsalın coğrafi yeri də dəyişir. R.Vernona görə, texnoloji yeniliklər və yeni malların inkişaf etmiş sənaye ölkələrində, xüsusilə də ABŞ-da baş verir. Əmtəənin həyat dövrləri nəzəriyyəsinə görə ayrı-ayrı mal növləri eynilə insan kimi, həyat tsikllərindən keçir: yaranma (ixtira), artım, yetkinlik, tənəzzül.
Yeni məhsulun yaranması, bir qayda olaraq, ölkənin daxili bazarında tələbat olduqda baş verir. Malların yaranması mərhələsi ərzində satışlar daxili bazarda aparılsa da malların bir hissəsi yeni məhsul haqqında eşidilmiş və onu əldə etməyə cəhd edən xaricə ixrac edilir. Bir qayda olaraq, bunlar analoji bazar seqmentlərinə malik olan ölkələrdir. İlkin mərhələdə istehsal prosesi çox əməktutumlu olur, mal hələ standartlaşdırılmamışdır. Böyük miqdarda mal partiyasını istehsal etmək gücündə olan avadanlığın yaradılması üçün stimul artım mərhələsində büruzə verir. Yeni malın satışlarının artımı rəqabət aparanlar üçün hərəkət siqnalı verir.
Patent müdafiəsini dəf etmək üçün mala cüzi dəyişikliklər edərək rəqabətçilər istehsalı xaricdə başlaya bilərlər. İstehsalçı ölkə ixracatı artırsa da yerli malın artıq satıldığı bəzi mühüm ixracat bazarlarının itkisi ilə üzləşir.
Sxem 1.1 Beynəlxalq ticarət nəzəriyyələrinin təkamülü1
Bəzi ölkələrdə artımın və digərlərində azalmanın olmasına baxmayaraq yetkinlik mərhələsində dünya tələbatı bərabərləşir. Malın modelləri aydın şəkildə, standartlaşdırıldığına, dəyərin isə vacib rəqabət silahına çevrildiyinə görə, həmin vaxtadək ilkin istehsalçılar çox vaxt sıxışdırılıb çıxarılır. İri seriyalı istehsal xarici müəssisələr üçün də müyəssər olur və onlar da öz növbəsində, mal vahidinin maya dəyərini aşağı salır. Maya dəyərinin daha az olması inkişaf etməkdə olan ölkələrdə satışı artırmağa imkan verir. Bazarların genişləndirilməsi və texnologiyaların yayılması ilə əlaqədar olaraq yeniliklər tətbiq edən ölkə istehsal üstünlüklərindən məhrum olur.
Enmə mərhələsinə keçidə mütənasib olaraq, mala tələbat, xüsusilə də, inkişaf etmiş ölkələrdə azalır.
Qeyd edim ki, “Məhsulun həyat dövrü” adlanan nəzəriyyənin gətirdiyi yenilik ondan ibarətdir ki, bu nəzəriyyəyə görə artıq əsas təhlil obyekti kimi ayrı-ayrı ölkələr deyil, transmilli korporasiyalar ön plana çəkilir.
Beynəlxalq ticarət nəzəriyyələrinin inkişafında XX əsrin 80-ci illərində amerikan iqtisadçısı Maykl Porterin işlədiyi ölkələrin rəqabət üstünlükləri nəzəriyyəsi1 (The Comperative Advantage of Nations) mühüm əhəmiyyət kəsb etmişdir. O özünün bu nəzəriyyəsində klassik və neoklassik iqtisadçıların baxışları ilə neotexnoloji məktəbin təmsilçilərinin baxışlarını bir araya gətirə bilmişdir. Alim dünya ticarətinin ikidə bir hissəsini özündə cəmləşdirən 10 ən iri sənaye ölkələrinin şirkətlərinin praktiki fəaliyyəti üzrə tədqiqat apararaq belə bir nəticəyə gəlmişdir ki, dünya bazarında ölkənin rəqabət qabiliyyətinin bir-biri ilə qarşılıqlı fəaliyyətdə və əlaqədə olan dörd başlıca parametri mövcuddur:
Amillərin şəraiti. Bu zaman müəyyən sahədə müvəffəqiyyətlə rəqabət aparmaq üçün lazım olan konkret istehsal faktorları nəzərdə tutulur. M.Porter klassik amillər nəzəriyyəsini də qəbul etməklə onların sırasına yenilərini də əlavə edir.
Əmtəə və xidmətlərə tələb şəraiti. Bu, sahə tərəfindən təklif edilən məhsul və xidmətlərə daxili bazarda olan tələbi nəzərdə tutur. Tələb müəssisənin inkişafını müəyyən edən əsas parametrdir. Bu zaman daxili tələbin vəziyyəti xarici bazarın potensial imkanları ilə birlikdə situasiyaya əhəmiyyətli dərəcədə təsir edir. Burada müəssisənin xarici bazarlara çıxışına təsir edən milli xüsusiyyətləri (iqtisadi, mədəni, təhsil, etnik, adət və ənənələr) də nəzərə almaq lazımdır. M.Porterin yanaşması ayrı-ayrı şirkətlərin fəaliyyəti üçün daxili bazarın əsas əhəmiyyət kəsb etdiyini qəbul edir.
Ölkələrin firmalarının strategiyası, onların strukturu və rəqabəti. Bu, ölkədə firmaların yaradılması və idarə edilməsini müəyyən edən şəraiti və daxili baxarda rəqabətin xarakterini nəzərdə tutur. Firma tərəfindən seçilən bazar strategiyası və lazımi çevikliyi təmin edən təşkilati struktur beynəlxalq ticarətə müvəffəqiyyətlə qoşulmanın əsas şərtlərindən biridir.
Ölkədə mövcud olan qohum və yaxın sahələrin xarakteri. Bu zaman ölkədə dünya bazarında rəqabət qabiliyyətli olan qohum və ya yaxın sahələrin mövcudluğu və ya qeyri-mövcudluğu nəzərdə tutulur. Müvafiq avadanlıqla təminat, nəqliyyat, komersiya və maliyyə strukturları ilə sıx əlaqələr rəqabət baxımından mühüm əhəmiyyət kəsb edir.
Sayılan parametrlər özlüyündə milli “romb” əmələ gətirirlər ki, onun da komponentləri bir-birlərini qarşılıqlı surətdə gücləndirir.
Bu sistemə həmçinin təsadüfi hadisələr və hökumətin siyasəti də əlavə edilir. Bu parametrlər ölkənin rəqabət üstünlüklərini həm gücləndirə, həm də zəiflədə bilər. M.Porter dövlətin rolu məsələsinə xüsusi əhəmiyyət verərək göstərir ki, o pul-kredit, vergi, gömrük siyasəti vasitəsilə rəqabət qabiliyyətini artıran parametrlərə təsir göstərir.
M.Porterə görə, daxili bazarda sərt rəqabət firmaları xarici bazara çıxmağa stimullaşdırır, xarici bazar axtarmağa sövq edir. Bununla yanaşı, daxili bazarda rəqabət qabiliyyətli əmtəələrin kifayət qədər olduğu şəraitdə xarici satış bazarının tapılması məsələsi nisbətən asanlıqla həll edilir. Bu baxımdan, M.Porterin nəzəriyyəsinə görə, xarici ticarətdən daha çox uduş qazanmaq üçün milli əmtəələrin rəqabət qabiliyyətliliyini yüksəltməyə ehtiyac vardır.
Sxem 1.2 M.Porterin “rəqabət rombu”1
“İstehsal amillərinin dinamikası və xarici ticarət nəzəriyyəsi”2nin banilərindən biri P.Lindertdir. O, “Dünya təsərrüfat əlaqələrinin iqtisadiyyatı” kitabında göstərir ki, istehsal amilləri cəmiyyətin inkişafından asılı olaraq kəmiyyət və keyfiyyət dəyişikliyinə məruz qalır. Hər hansı bir ölkədə, iqtisadi artım istehsal amillərinin miqdarca artımı və ya istehsal texnologiyasında təsbit olunan yeniliklərin nəticəsində baş verir. İstehsal amillərindən kapital və kadrların ixtisası sürətlə artır. Əmək ehtiyatları nisbətən yavaş, lakin sabit olaraq artır.
Beynəlxalq ticarət nəzəriyyələrinin müxtəlifliyi və aktuallığına baxmayaraq qeyd etmək istərdim ki, onlardan heç biri müasir ticarətin mövcud olan bütün real növləri və inkişaf meyllərini izah etmir.
Beynəlxalq ticarət inkişaf etdikcə qarşıya yeni-yeni suallar çıxır. Bununla
əlaqədar olaraq iqtisadçılar beynəlxalq ticarət sahəsində araşdırmalarını davam etdirirlər.
3. Beynəlxalq ticarət əməliyyatlarının təşəkkülünün əsas prinsipləri
Beynəlxalq ticarət müxtəlif ölkələrin bazar subyektləri- alıcıları, satıcıları və vasitəçiləri tərəfindən həyata keçirilən alqı və satqı prosesidir.
Beynəlxalq ticarət beynəlxalq əmək bölgüsünün daha da genişlənməsinə və dərinləşməsinə, mövcud resurslardan səmərəli istifadə olunmasına, dünya ölkələri arasında elmi-texniki sahədə əməkdaşlığın genişlənməsinə və dünya xalqlarının maddi və mənəvi tələbatlarının ödənilməsinə şərait yaradır. Cəmiyyətin iqtisadi tərəqqisi, dünya dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi və ölkələrdə iqtisadi artıma nail olmaq beynəlxalq ticarətlə bağlıdır.
Beynəlxalq ticarət dünya dövlətləri arasında yaranan beynəlxalq iqtisadi münasibətlərin əsas forması olub, geniş bir struktura malikdir. Beynəlxalq ticarət idarəetmə, maliyyə, kredit, qiymət, informasiya, kommersiya və s. strukturları özündə birləşdirir.
Bəs görəsən ölkələr nəyə görə bir-birləri ilə ticarət edirlər? onları xarici ticarətə sövq edən nədir? Ümumilikdə, ölkələri xarici ticarətə sövq edən səbəbləri 4 qrupa bölə bilərik:
- Ölkədaxili tələb ödənilməklə sonrakı istehsal artıqlığı. Sənaye inqilabından öncə iqtisadiyyatların təməl problemi istehsalın hansı yollarla artırılmasının gərək olduğu idisə, sənayeləşmə hərəkatından sonra istehsal olunan məhsullara bazar tapılması və beynəlxalq bazarların necə genişlənəcəyi təməl problem oldu. Ölkə daxilindəki tələb ödənilməklə sonrakı istehsal artığı, ölkələrin xarici ticarətə girməsini zəruri edir.
- Yerli istehsalın yetərsizliyi. Xarici ticarətə səbəb olan önəmli faktorlardan biri də müəyyən malların bəzi ölkələrdə heç istehsal olunmaması və ya yerli istehsalın daxili tələbi ödəməyə yetərli olmamasıdır. Yer üzündə təbii resursların qeyri-bərabər bölgüsü, texniki bilgi və mütəxəssis əməyinin yetərsizliyi, iqtisadi inkişafdakı fərqliliklər istehsal yetərsizliyinə səbəb olaraq, ölkələri xarici ticarətə yönləndirməkdədir.
- Ölkələrarası qiymət fərqlilikləri. Ölkələrarası istehsal xərcləri fərqlidir. Texnoloji və ölkələrin malik olduqları istehsal amillərinin fərqliliyi istehsal xərclərinə təsir edərkən eyni zamanda, ölkələr arasında məhsuldarlıq fərqinə də səbəb olur. Məhsuldarlıq fərqləri ilə əlaqədar olaraq ölkələr istehsal etdikləri bütün malları deyil, bunların arasında ən ucuz istehsal edə bildikləri malları ölkə xaricinə satarkən, daha yüksək xərclərlə istehsal edəcəkləri malları idxal etməyə üstünlük verəcəklərdir.
- Malların differensiasiyası (müxtəlif ölkələrdə fərqli əmtəələr istehsalı). Müəyyən bir mal qrupunun istehsalını həyata keçirən müəssisələr toplumuna sənaye deyilir. Sənaye daxilindəki bu müəssisələrin istehsal etdikləri mallar bir-birinin bənzəri olmaqla yanaşı yüzə-yüz eyni deyillər. Malların xarici görünüşü, istifadəsi və s. əlamətlərə görə fərqlidir. Buna səbəb istehlakçı seçimlərinin fərqli olmasıdır.
Məhz bu kimi səbəblər ölkələri bir-birləri ilə ticarət etməyə sövq edir və onlar qarşılıqlı şəkildə bu prosesdən yararlanmış olurlar.
Beynəlxalq ticarətin həyata keçirilməsi dünya dövlətləri qarşısında belə bir məsələ qoyur ki, hər hansı bir ölkə istehsal edə bildiyi bütün əmtəələri deyil, ən az xərclə daha çox əldə edilən əmtəənin istehsalı ilə məşğul olsun. Ölkə daxilində ucuz başa gələn məhsulları istehsal etməli, baha başa gələn məhsulları isə xaricdən gətirməlidir.
Beynəlxalq ticarət dünya ölkələrində elə qurulur ki, o ölkəyə mənfəət gətirmiş olsun. Yəni beynəlxalq ticarətdən ölkənin sosial-iqtisadi irəliləyişi üçün istifadə olunur.
Müasir dövrdə dünyanın bir sıra ölkələrinin bazar iqtisadiyyatı sisteminə keçməsi beynəlxalq ticarətin genişlənməsi üçün perspektivlər açır. Belə ki, gənc dövlətlərin milli iqtisadiyyatının formalaşması və inkişafı yalnız daxili imkanlardan deyil, əhəmiyyətli dərəcədə xarici amillərlə- beynəlxalq iqtisadi əlaqələrin bütün formalaşmasından, xüsusilə beynəlxalq ticarət əlaqələrindən daha geniş və səmərəli istifadə edilməsilə bağlıdır.
Xarici ticarət daha çox inkişaf etmiş ölkələr üçün əlavə gəlir götürmək mənbəyidir. Belə ki, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrə əmtəə və xidmətlər daha yüksək qiymətlə satılır, bu ölkələrdən isə xammal aşağı qiymətlə alınır. Beləliklə də külli miqdarda qazanc əldə edilir.
Ölkənin beynəlxalq iqtisadi əlaqələrində xarici ticarətin səmərəliliyini yüksəltmək üçün aşağıdakı prinsiplərə riayət olunmalıdır:
-
Ölkənin mövcud təbii-iqtisadi ehtiyatlarından məqsədli istifadənin təşkil edilməsi. Hər bir ölkə rəqabət üstünlüyü əldə etdiyi sahələrdə mövcud imkanları səfərbər etməklə beynəlxalq bazarlara sərbəst çıxışını təmin edə bilər. İnkişaf yolunda olan ölkələrin əksəriyyətində olduğu kimi, respublikamız da özünün zəngin təbii ehtiyatlarını beynəlxalq bazarlara çıxarmaqla digər istehsal sahələrinin inkişafına da təkan verilməsi siyasətini yürüdür. Ölkəmiz özünün müstəqilliyini qazandıqdan sonra investisiyaların ölkəyə cəlb edilməsi sahəsində yürütdüyü “açıq qapı” siyasəti nəticəsində, xüsusilə zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və bunların beynəlxalq bazarlara çıxarılması sahəsində xeyli irəliləyişlər əldə etmişdir. Təbii olaraq ölkəmiz gələcək iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirərkən bu əməliyyatlardan əldə olunan gəlirlərin digər sahələrin də tarazlı inkişafına yönəltməsi xarici ticarət əlaqələrinin də genişləndirilməsinə təkan verəcəkdir.
-
İxrac yönümlü məhsul istehsalında elmi-texniki tərəqqinin müasir nailiyyətlərindən və innovasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi. Ölkənin ixrac potensialının genişləndirilməsi beynəlxalq bazarların standartlarına cavab verən likvidli məhsul istehsalından asılıdır. Keyfiyyətli, rəqabət qabiliyyətli məhsulun istehsalı qabaqcıl texnologiyaların istehsalatda və sosial yeniliklərin cəmiyyətdə tətbiqini tələb edir. Xüsusilə bu gün aktual olan yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məsələsi istehsal, yaxud da emal prosesinin bütün mərhələlərində keyfiyyətə nəzarət sistemlərinin tətbiqini zəruri edir.
Elmi-texniki tərəqqinin məqsədi əmək və material resurslarına qənaət edilməklə məhsul istehsalının artırılmasına, əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılmasına nail olmaqdır. Elmi-texniki tərəqqinin nailiyyətlərinin və müasir texnologiyaların tətbiqi sayəsində müəssisələr istehsal ehtiyatlarından istifadənin səmərəliliyini artırır, əmək məhsuldarlığını yüksəldir, məhsul vahidinə məsrəflərin xeyli azaldılmasına nail olurlar.
Müəssisələrdə elmi-texniki tərəqqini əks etdirən göstəricilər sisteminə aşağıdakıları aid etmək olar:
- müxtəlif istehsal sahələrində məhsuldarlığın artırılması;
- məhsul istehsalının artması və onun keyfiyyətinin yüksəlməsi;
- istehsal prosesində xammal və ehtiyatlara qənaət olunması;
- məhsulun maya dəyərinin aşağı salınması və istehsalın rentabelliyinin artması və s.
Bu göstəricilər vasitəsilə müəssisələrdə elmi-texniki tərəqqinin səmərəliliyini qiymətləndirmək və onların rolunu müəyyənləşdirmək mümkündür.
Bu gün sənaye sahələri ilə yanaşı, milli iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayan aqrar bölmədə də texniki tərəqqi əsas yer tutur. Müasir dövrdə istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması kənd təsərrüfatının sənaye əsasına keçməsi istiqamətində başlıca addımlardan biridir. Bu proses eyni zamanda kənd təsərrüfatının məruz qaldığı təbii qüvvələrin mənfi təsirindən də müəyyən dərəcədə azad edir. Şübhəsiz, kənd təsərrüfatını tam sənaye əsasına keçirmək mümkün deyildir. Çünki o, təbii-iqlim şəraitindən ancaq qismən azad edilə bilər. Kənd təsəttüfatınn sənayeləşdirilməsi, istehsalın mexanikləşdirmə və avtomatlaşdırma səviyyəsinin yüksəldilməsi görüləcək işlərin sürətləndirilməsinə imkan verir ki, bu da əlverişsiz təbii iqlimin (yağışın, quraqlığın və s.) vurduğu zərərləri qismən azaldır. Aqrar bölmədə məhsul istehsalının artması bir sıra emaledici sənaye sahələrinin inkişafına və istehsal olunan məhsulların beynəlxalq bazarlara sərbəst çıxış imkanlarını artırır.
3. Təsərrüfat subyektlərinin müəyyən məhsulların istehsalında ixtisaslaşma səviyyəsinin yüksəldilməsi. Təsərrüfat subyektlərinin ixtisaslaşması onların istehsal etdikləri məhsulların bilavasitə mübadiləsi ilə başa çatır. Bunun nəticəsi olaraq müəssisələrarası, sahələrarası və ölkələrarası əmək bölgüsü yaranır. Xüsusilə, beynəlxalq əmək bölgüsündə iştirak edən ölkələrin müəssisələri öz tələbatlarından daha çox istehsal etdikləri məhsulları beynəlxalq bazarlara ixrac edir, istehsal etmədikləri, yaxud da öz tələbatlarından az istehsal etdikləri malları idxal edir. Bu hadisə özlüyündə müəssisələrin öz güclərini ayrı-ayrı məhsul növlərinin istehsalına yönəltmək və istehsal olunmuş məhsulların sadəcə ölkə ərazisində deyil, eyni zamanda bütün dünya təsərrüfat miqyasında mübadilə etməkdən ibarətdir.
Müəssisələrin beynəlxalq ixtisaslaşması və müqayisəli üstünlüyünün əldə edilməsi, həmçinin onların ölkədaxili ixtisaslaşmasına uyğun olaraq həyata keçirilir, qarşılıqlı əlaqədə olan beynəlxalq sistemdə iştirak edərək müəyyən növ məhsul istehsal edir və ixrac edirlər. İxrac həcminin ölçüsü isə kvotadan asılıdır. Tamamilə aydındır ki, kvota nə qədər yüksək olarsa, resurslar beynəlxalq əmək bölgüsünə bir o qədər çox cəlb olunacaqdır. Ümumi istehsalda ixracın xüsusi çəkisi ixrac kvotasının, hətta ümumi daxili məhsulun (ÜDM) həcmi ilə ölkə daxilində istehlak olunan məhsullar arasındakı fərqə bərabər olmalıdır. Daxili istehlak nə qədər yüksək olarsa, ixrac kvotasının həcmi də bir o qədər çox olacaqdır. Ölkənin ixrac kvotasının həcmi daxili bazarın həcmi, iqtisadi inkişaf səviyyəsi, əhalinin hər bir nəfərinə düşən ÜDM, ölkənin təbii resurslarla təmin olunma səviyyəsi, milli iqtisadiyyatın sahə strukturu və s. amillər müəyyən edir. Belə ki, böyük dövlətlərdə istehsalçılar üçün daxili bazarda xammal, material və işçi qüvvəsi tapmaq imkanları genişdir və istehlak mallarının tapılmasında onlar çətinlik çəkmirlər. İnkişaf etmiş həmin dövlətlər bəzi çatışmayan resursları və istehlak mallarını idxal edir, bunun əvəzində isə öz tələbatlarından artıq istehsal etdikləri məhsulları başqa ölkələrə ixrac edirlər. Buradan aydın olur ki, ÜDM-də ixracın xüsusi çəkisi inkişaf etmiş ölkələrdə inkişaf yolunda olan ölkələrə nisbətən azdır.
Digər tərəfdən, ölkənin hər bir nəfərinə düşən ÜMD-si nə qədər çox olarsa və ölkənin beynəlxalq əmək bölgüsündə iştirakı eyni inkişaf səviyyəsində olmasına baxmayaraq çoxdursa, onun ixrac kvotası da yüksək olacaqdır.
İxrac kvotasının həcminə ölkənin təbii ehtiyatlarının həcmi də təsir edir. Məsələn, zəngin karbohidrogen ehtiyatlarına malik ölkəmizin ixracında neft və neft məhsullarının xüsusi çəkisi və ixrac kvotası yüksəkdir. Bəzən isə eyni inkişaf səviyyəsinə malik olan Yaponiya, Sinqapur kimi ölkələrdə təbii ehtiyatların zənginliyi deyil, onların olmamağı beynəlxalq əmək bölgüsündə aktiv iştirakı stimullaşdırır. Belə ki, həmin ölkələr xammal ehtiyatlarını idxal edir və onlardan hazır məhsullar istehsal edərək daha üstün qiymətlərlə ixrac edə bilirlər.
İqtisadiyyatın struktur xüsusiyyətləri də ixrac kvotasına təsir edən əhəmiyyətli amillərdəndir. Bir ölkədə energetika, metallurgiya və ağır sənayenin digər sahələrinin xüsusi çəkisi nə qədər çox olarsa, ölkə beynəlxalq əmək bölgüsünə bir o qədər az qoşulacaqdır. Əksinə, hazır məhsulların, detalların, emaledici sənaye sahələrinin istehsalı üzrə ixtisaslaşmış ölkələrin ixrac kvotası da yüksək olacaqdır.
4. Nəqliyyat və infrastrukturun yüksək inkişaf səviyyəsinə çatdırılması. Təbii olaraq ölkənin bütün nəqliyyat növlərindən istifadəyə eyni dərəcədə əhəmiyyət verməsi, beynəlxalq yükdaşımaların intensivliyini artırmaq üçün dünya vahid nəqliyyat sisteminə qoşulması ölkənin tranzit ölkə kimi əhəmiyyətini artıracaqdır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, Avropanı Asiya ilə birləşdirən əsas nəqliyyat yollarının buradan keçməsi, bir sıra strateji əhəmiyyətli layihələrdə ölkənin fəal iştirakı son dövrlər nəqliyyatda yükdaşımalarının keyfiyyət və kəmiyyətinə müsbət təsir etmişdir. Belə ki, nəqliyyatın bütün növlərinin işində müşahidə olunan gerilik artıq 1996-cı ildə dayandırılmış və görülmüş tədbirlər nəticəsində 1997-ci ildən başlayaraq nəqliyyat sektorunun fəaliyyətində sabit artım müşahidə olunmuşdur. Əldə edilmiş artım Avrasiya məkanında son illər həyata keçirilən bütün iri iqtisadi layihələrdə (TASİS, Şimal-Cənub, TRASEKA proqramı çərçivəsində, İpək Yolunun bərpasında və s.) ölkənin iştirak etməsi və həmin layihələrin tədricən reallaşdırılması nəticəsində tranzit yük axınının, həm də yerli yüklərin daşınmasının intensivləşdirilməsi və ölkə iqtisadiyyatının digər sahələrində inkişaf meyllərinin güclənməsi ilə bağlı olmuşdur. Bu gün avtomobil nəqliyyatı sahəsində özəl sektorun inkişafı, ölkə gəmiləri ilə yükdaşımaların səmərəli həyata keçirilməsi, ölkə ərazisindən neft və neft məhsullarının boru kəməri vasitəsilə beynəlxalq bazarlara ötürülməsi və dəmir yolu əlaqələrində maneələrin aradan qaldırılması daşımaların həcminin artmasına da təsir etmişdir.
Digər tərəfdən, müəssisələrin xarici ticarətlə daha fəal məşğul olmalarına yardımçı olan bəzi strukturların (lizinq şirkətlərinin, ixracata yardım fondu, ixracatçı birlikləri və s.) yaradılması da ölkənin ümumi ticarət dövriyyəsinin artmasına da müsbət təsir edəcəkdir.
5. Xarici ticarəti tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılmasının sürətləndirilməsi. Ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi, dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndirilməsi və beynəlxalq əmək bölgüsündə fəal iştirakı bu sahədə mövcud qanunvericiliyin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasını tələb edir. Daxili bazarın qorunması və ixrac fəaliyyətinin stimullaşdırılmasına yönəldilən tədbirlər xarici ticarətin tənzimlənməsi sahəsində görülən işlərdən bilavasitə asılıdır. Ölkəmizin dünya təsərrüfat sisteminə sürətlə qovuşduğu bir dövrdə beynəlxalq ticarət-iqtisadi təşkilatlarda bərabər hüquqlu üzvü kimi iştirakını təmin etmək üçün milli qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Avropa İqtisadi Birliyi və digər təşkilatların qanunvericiliyinə uyğunlaşdırılması vacib məsələlərdəndir. Müasir dövrdə ölkəmizin iqtisadi inkişaf strategiyasında xarici iqtisadi fəaliyyəti yenidən qurmaq, təkmilləşdirmək və tənzimləmək üçün milli iqtisadiyyatın ixrac yönümünə uyğun formalaşdırılması və idxalı əvəz edən istehsal sahələrinin yaradılması məsələləri başlıca prioritetlər olaraq müəyyən edilmişdir. Bu istiqamətdə işlərin sürətləndirilməsi məqsədilə ölkə başçısı tərəfindən bir sıra fərmanlar imzalanmış, Dövlət Proqramları qəbul edilmiş və idarəetmə sahəsində təkmilləşdirmələr aparılmışdır.
Göründüyü kimi, ölkələrin beynəlxalq əmək bölgüsündə fəal iştirakı və xarici ticarət əlaqələrinin səmərəliliyinin artırılması yuxarıda qeyd olunan prinsiplərə əməl etməklə kompleks fəaliyyət proqramlarının hazırlanmasını və tətbiq edilməsini tələb edir.
Göstərilən vəzifələri həll etmək üçün beynəlxalq ticarət əlaqələrinin müasir inkişaf meylləri təhlil edilməlidir.
4. Dünya təsərrüfat sistemi və beynəlxalq ticarət əməliyyatlarının müasir inkişaf meylləri
Müasir dünya təsərrüfatı, beynəlxalq iqtisadi münasibətlər vasitəsilə bir-biri ilə qarşılıqlı əlaqədə və sıx asılılıq şəraitində olan milli iqtisadiyyatların toplusu, funksional məcmusu kimi təzahür edən qlobal iqtisadi orqanizmdir. Bu orqanizm beynəlxalq iqtisadi münasibətlərin tarixi inkişafı prosesində yaranmış və uzun, mürəkkəb, eyni zamanda ziddiyətli təşəkkül yolu keçmişdir. Dünya təsərrüfat sisteminin sürətli inkişafı böyük sənaye inqilabından, maşınlı sənayenin yaranmasından sonra başlamış və ölkələrarası iqtisadi münasibətlərin, ticarət əlaqələrinin dərinləşməsini labüd etmişdir.
Beynəlxalq ticarət- beynəlxalq iqtisadi münasibətlərin (BİM) ilk və ən inkişaf etmiş forması olmaqla, milli dövlətlərin formalaşdığı dövrdə meydana gəlmişdir. Onun inkişafına ən güclü təkanı mal istehsalı şəraitində maşın istehsalı və beynəlxalq əmək bölgüsü vermişdir.
Beynəlxalq ticarətin obyekti kimi əmtəə və xidmətlərin çıxış etdiyini nəzərə alsaq onun iki formasını - əmtəələrlə beynəlxalq ticarəti və xidmətlərlə beynəlxalq ticarəti fərqləndirmək olar.
Əmtəələrlə beynəlxalq ticarət müxtəlif ölkələrin əmtəə istehsalçıları arasında beynəlxalq əmək bölgüsü əsasında meydana gələn əlaqələr formasıdır.
Xidmətlərlə beynəlxalq ticarət müxtəlif ölkələrin satıcıları və alıcıları arasında xidmətlərlə mübadiləni əks etdirən dünya təsərrüfat əlaqələrinin xüsusi bir formasıdır.
Xarici bazarlada əmtəə və xidmətlərin satışı ölkədə istehsalı genişləndirmək, bununlada ölkənin gəlirini artırmağa imkan verir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrlə ticarət aparması xüsusilə əlverişlidir. Bunun əsas səbəbi odur ki, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrə göndərilən sənaye məhsulları nisbətən yüksək qiymətlə satılır, həmin ölkələrdəki xammallar isə aşağı qiymətlə alınır.
İkinci dünya müharibəsindən beynəlxalq ticarətin inkişafına təsir edən amillər aşağıdakılar olmuşdur:
1. Beynəlxalq əmək bölgüsünün və dünya təsərrüfatının beynəlmiləlləşməsinin dərinləşməsi milli iqtisadiyyatların açıqlıq göstəricisinin (ixrac kvotası: bütün dünya ölkələri üzrə təxminən 1.5-2 dəfə) artmasına gətirib çıxarmışdır.
2. Elmi-texniki tərəqqi 1970-ci illərdə milli iqtisadiyyatlarda struktur dəyişikliklərinə səbəb olmuşdur. Bu məhsulların mənəvi cəhətdən köhnəlməsinin sürətlənməsinə (əvvəl orta hesabla 15 il təşkil edən bu müddət indi 5 ilə düşmüşdür), əsas kapitalın dinamik yenilənməsinə, yeni sənaye sahələrinin yaranmasına, əvvəl məlum olmayan cəhətlərə malik yeni əmtəələrin meydana gəlməsinə səbəb olmuşdur. Dünya əmtəə dövriyyəsinə hər il təxminən 10% yeni əmtəə cəlb olunur. Zəruri əmtəələrin müasir çeşidi o qədər genişdir ki, heç bir ölkə özünü bütün əmtəələrlə tam təchiz etmək iqtidarında deyildir. bu isə beynəlxalq əmək bölgüsünün dərinləşməsinə və beynəlxalq ticarətin artımına gətirib çıxarır.
3. İstehsalın və kapitalın milli və xarici bazarlarda təmərküzləşməsi və mərkəzləşməsi transmilli şirkətlərin dünya bazarlarında fəaliyyətinin aktivləşməsinə gətirib çıxarmışdır. Transmilli şirkətlərin beynəlxalq ticarətdə payı 40%-ə yaxındır. Onların ayrı-ayrı ölkələrin xarici ticarətində xüsusi çəkisi isə 70%-ə qədər qalxmışdır. Məhz transmilli şirkətlər beynəlxalq ticarətə yeni-yeni ölkələri, regionları, əmtəələri cəlb edirlər.
4. Kapitalın ixracının, xüsusilə də birbaşa investisiyaların masştabının və templərinin artımı dünyanın ixrac potensialının güclənməsinə, beynəlxalq əmtəə dövriyyəsinin artımına səbəb olmuşdur. Yəni, kapital ixracı əmtəə ixracını stimullaşdırmaqla onun artmasına gətirib çıxarmışdır.
5. Müstəmləkə sisteminin dağılması ilə milli iqtisadiyyatların formalaşdırılması yoluna qədəm qoymuş yeni, müstəqil dövlətlərin formalaşması da beynəlxalq ticarətə müsbət təsir göstərmişdir. Bu ölkələrin müxtəlif məhsullara olan ehtiyacı artmış, həmçinin müəyyən müddətdən sonra onlar özləri xarici bazarlara istiqamətlənən əmtəə istehsalını formalaşdırmağa başlamışlar.
6. Beynəlxalq təşkilatların rəhbərliyi altında beynəlxalq ticarətin liberallaşdırılması prosesinin güclənməsi. Beynəlxalq Təşkilatların fəaliyyəti nəticəsində tarif və qeyri-tarif maneələrinin unifikasiyası və azalması baş vermiş, beynəlxalq ticarət mübahisələrinin həll edilməsi mexanizmi yaradılmışdır ki, bütün bunlar da beynəlxalq ticarətin inkişafına öz müsbət təsirini göstərmişdir.
7. Azad ticarət zonalarının, gömrük ittifaqlarının və s.-nin yaradılması nəticəsində regional maneələri aradan qaldıran inteqrasiya proseslərinin intensivləşməsi və dərinləşməsi. Bu cür birləşmələr çərçivəsində rüsumsuz ticarət həyata keçirilir, qarşılıqlı ticarət güclənir ki, bu da son nəticədə özünü dünya ticarətinin məcmu göstəricilərində əks etdirir.
8. İxrac-idxal əməliyyatları üçün əlverişli mühit yaradılması məqsədilə dövlətlərin xarici iqtisadi fəaliyyətə aktiv surətdə müdaxiləsi.
9. Mərkəzi və Şərqi Avropa ölkələrinin inkişafın bazar metodlarına keçidi ilə onların iqtisadiyyatlarının açıqlığının artması.
Bu amillər son 50 il ərzində əmtəələrlə və xidmətlərlə beynəlxalq ticarətin dinamikasını, onun əmtəə və coğrafi strukturlarında baş verən dəyişiklikləri şərtləndirmiş, beynəlxalq ticarətin müasir inkişaf meyllərini müəyyən etmişdir.
Son 25 ildə informasiya texnologiyaları sahəsində müşahidə edilən sürətli kəmiyyət və keyfiyyət dəyişiklikləri dünya iqtisadiyyatında yeni bir dövranın başlamasına səbəb olmuşdur. Bu yeni dəyişikliklər həm ölkədaxili iqtisadiyyatın, həm də beynəlxalq ticarətin sürətli artmasına gətirib çıxardı.
Xidmətlərlə beynəlxalq ticarətdə isə 1980-ci illərin əvvəllərindən etibarən intensiv inkişaf müşahidə edilmişdir. Son illər xidmətlərlə ticarətin artım tempi əmtəələrlə ticarətin artım tempini müəyyən dərəcədə üstələyir.
Xidmətlərlə beynəlxalq ticarətin sürətli inkişafına aşağıdakı amillər əhəmiyyətli təsir göstərmişdir:
-
dünyanın əksər ölkələrində uzunmüddətli iqtisadi yüksəliş işgüzar aktivliyin, əmək məhsuldarlığının, şirkətlərin gəlirlərinin və əhalinin ödəmə qabiliyyətinin artmasına gətirib çıxarmışdır;
-
elmi-texniki tərəqqi istehsalın həcminin genişlənməsinə, xidmətlərin yeni növlərinin və onların tətbiqi sferasının genişlənməsinə səbəb olmuşdur;
-
ölkələrin beynəlxalq iqtisadi əlaqələrinin və BİM formalarının inkişafı;
-
xidmətlərlə ticarətin inkişafında insan faktoru, ehtiyacların daim artması qanunu özünəməxsus rol oynamışdır; insanın intellektual və fiziki imkanlarının təkmilləşdirilməsinə, onun mədəni və sosial ehtiyaclarının təmin edilməsinə yönəldilmiş xidmətlər sektoru genişlənmişdir.
Dünya ticarətinin coğrafi strukturunda son 30 ildə sənayecə inkişaf etmiş ölkələrin dünya ixracında payı 60-70%, inkişaf etməkdə olan ölkələrin payı 25-30%, keçmiş sosialist ölkələrinin payı isə 5% ətrafında dəyişir. İnkişaf etmiş ölkələr həm ixracda, həm də idxalda dominant mövqeyə malikdirlər. Lakin onların dünya ixracında və idxalında payı azalmağa doğru meyllidir. İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin payı isə əksinə artmaqdadır.
Müasir mərhələdə beynəlxalq ticarətin əmtəə strukturunda da müəyyən xüsusiyyətlər müşahidə edilir.
Nəzərə çarpan meyllərdən biri, elmi-texniki tərəqqinin təsiri nəticəsində beynəlxalq ticarətdə emaledici və kimya sənayesi məhsullarının payının yüksəlməsidir. Həm də qeyd edim ki, bu məhsulların dünya bazarlarında əsas ixracatçı və idxalatçıları kimi sənayecə inkişaf etmiş ölkələr çıxış edirlər.
Beynəlxalq ticarətdə hazır məmulatların xüsusi çəkisi artmış, yanacaqdan başqa digər xammal-materialların və ərzağın xüsusi çəkisi isə azalmışdır. Belə ki, beynəlxalq ticarətdə xammal-materialın xüsusi çəkisinin azalması 3 əsas səbəblə izah oluna bilər: kimya sənayesinin inkişafı əsasında sintetik materialların istehsalının genişlənməsi (sintetik kauçuk, plastmass və s.), ölkədaxili materiallardan daha geniş istifadə olunması və resursa qənaət edən texnologiyaya keçilməsi. Bunula yanaşı neft və təbii qaz ticarəti kəskin artmışdır.
Əgər əvəllər beynəlxalq ticarətdə xammal-materiallar üstünlük təşkil edirdisə, indi hazır məmulatlar, yarımfabrikatlar və onların ayrı-ayrı hissələrinin ticarəti daha üstün mövqe tuturlar. Buna səbəb transmilli korporasiyaların mövcudluğudur ki, onların müxtəlif dünya ölkələri üzrə səpələnmiş, texnoloji ardıcıllığın müxtəlif fazaları üzrə ixtisaslaşmış filialları və onlar arasındakı ticarət əlaqələridir.
Dünya ticarətində rəqabətin xarakteri də müəyyən dəyişikliyə uğramışdır. Artıq qiymət rəqabəti arxa plana keçmişdir. İndi üstünlük keyfiyyət, məhsulun texniki yeniliyinə, dizaynına, etibarlılığına və ekoloji cəhətdən təhlükəsizliyinə verilir.
Həmçinin qeyd edim ki, xidmətlərlə beynəlxalq ticarət getdikcə əmtəələrlə ticarətə daha çox təsir göstərməkdədir. Misal üçün, əmtəənin xaricə göndərilməsi üçün bazarın təhlilindən tutmuş əmtəənin nəqlinə qədər çox xidmətlərdən istifadə edilir.
Xarici ticarətdə, Ümumdünya Ticarət Təşkilatının səyləri nəticəsində müəyyən liberallaşma meylləri müşahidə olunmaqdadır. Aparılmış danışıqlar nəticəsində ölkələr arasında gömrük tariflərini 5% aşağı salmaq mümkün olmuşdur.
Xarici ticarətin əhəmiyəti günü-gündən artmaqdadır. Dünyanın ən inkişaf etmiş sənaye ölkələri olan Yaponiya, Almaniya, Fransa, İtaliya, Cənubi Koreya, Sinqapur və digər ölkələri öz nailiyyətlərini dinamik xarici iqtisadi əlaqələri nəticəsində əldə etmişlər.
Müasir dövrdə dünyanın bir sıra ölkələrinin bazar iqtisadiyyatı sisteminə keçməsi beynəlxalq ticarətin genişlənməsi üçün perspektivlər açır. Belə ki, gənc dövlətlərin milli iqtisadiyyatının formalaşması və inkişafı yalnız daxili imkanlardan deyil, əhəmiyyətli dərəcədə xarici amillərlə- beynəlxalq iqtisadi əlaqələrin bütün formalaşmasından, xüsusilə beynəlxalq ticarət əlaqələrindən daha geniş və səmərəli istifadə edilməsilə bağlıdır.
Hazırda suverenlik və iqtisadi müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikası xarici ölkələrlə qarşılıqlı fayda verən əlverişli iqtisadi əlaqələri genişləndirməkdədir. Belə bir əlaqələrin yaradılması üçün Azərbaycan da həm istiqlaliyyətimizin iqtisadi təməlinin möhkəmləndirməsini təmin edə biləcək ictimai-siyasi qüvvə və həm də zəruri iqtisadi potensial imkanlar mövcuddur. Azərbaycanın xarici ticarət əlaqələrinə, ölkənin yürütdüyü xarici ticarət siyasəti və onun nəticələrinə növbəti suallarda daha ətraflı toxunulacaqdır.
Dostları ilə paylaş: |