Tabeli mürəkkəb cümlə haqqında ümumi məlumat



Yüklə 15,5 Kb.
tarix10.01.2022
ölçüsü15,5 Kb.
#109810

Tabeli mürəkkəb cümlə haqqında ümumi məlumat

Tabeli mürəkkəb cümlə iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən tabelilik yolu ilə vahid bir tam kimi birləşməsi nəticəsində yaranan sintaktik vahiddir. Tabeli mürəkkəb cümlələrin tərkib hissələri arasında məna və qrammatik əlaqə daha möhkəm olur. Əvvəlki mürəkkəb cümlə növündən fərqli olaraq, tabeli mürəkkəb cümləni əmələ gətirən tərəflər bərabərhüquqlu komponentlər kimi çıxış edə bilmir, onlardan biri digərini özündən asılı vəziyyətə salır. Ümumiyyətlə, tabesiz və tabeli mürəkkəb cümlələrin bir sıra oxşar cəhətləri vardır. Bunlar aşağıdakılardır:



1. Hər iki cümlə cüttərkibli və təktərkibli cümlələrdən ibarət olur.

2. Həm tabesiz, həm də tabeli mürəkkəb cümlələr iki və daha çox predikativ mərkəzə malik olur, buna görə də onların hər ikisi mürəkkəb quruluşlu hesab edilir.

3. Hər iki cümlə növünün komponentləri intonasiya və bağlayıcı ilə əlaqələnir.

4. Həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrin komponentləri arasında müəyyən fərqlərlə səbəb, nəticə, qarşılaşdırma, zaman, qoşulma məna əlaqələri olur.

5. Dilimizdə tabeli mürəkkəb cümlələrin bir qismi tarixən tabesiz mürəkkəb cümlələrdən törəmişdir. Mənşəyində tabesiz mürəkkəb cümlə duran tabeli mürəkkəb cümlələri sadələşdirmək olmur və belə cümlələr tarixən iki predikativ mərkəzdən, iki özəkdən əmələ gəldiyi üçün ikiözəkli mürəkkəb cümlə adlanır.

Bu oxşarlıqlarla yanaşı, tabesiz və tabeli mürəkkəb cümlələri fərqləndirən aşağıdakı cəhətlər də vardır:



1. Tabesiz mürəkkəb cümlələrin tərəfləri arasında asılılıq bərabər səviyyədədirsə, tabeli mürəkkəb cümlələrdə bu, birtərəflidir.

2. Tabesiz mürəkkəb cümlələrdə komponentlər intonasiya və bağlayıcı ilə əlaqələndiyi halda, tabeli mürəkkəb cümlələrdə bu bağlayıcı vasitələrə bağlayıcı söz və şəkilçini də əlavə etmək lazım gəlır.

3. Tabesiz mürəkkəb cümlə bərabərhüquqlu tərkib hissələrdən ibarətdirsə, tabeli mürəkkəb cümlə qrammatik cəhətdən biri üstün, digəri isə ona tabe olan hissələrdən - cümlələrdən təşkil olunur.

Tabeli mürəkkəb cümlələrin başlıca əlaməti ondan ibarətdir ki, bu sintaktik quruluşa daxil olan cümlələrdən biri qismən müstəqil, digəri isə ondan asılıdır. Həmin müstəqil cümləyə baş cümlə, asılı cümləyə isə budaq cümlə deyilir. Qeyd etmək lazımdır ki, tabeli mürəkkəb cümlədə tam müstəqillik yoxdur, çünki mürəkkəb cümlənin tərkib hissələri müstəqil cümlə ola bilməz, bu tərkib hissələri cümlə formasına malik olsalar da, ayrıca cümlə intonasiyasına (bitmə intonasiyasına) malik deyillər. Onlar birləşdikləri cümlənin ümumi bitmə intonasiyasına daxildir.

Baş cümlənin müstəqilliyi yalnız budaq cümlənin vəziyyətinə nisbətən götürülür. Baş cümlə budaq cümlə ilə müqayisədə qrammatik cəhətdən müstəqil olur. Tabeli mürəkkəb cümlənin tərkib hissələrini baş və budaq cümlə adlandırarkən biz məna asılılığını deyil, qrammatik asılılığı əsas götürürük. Məna yükü bu tərəflər arasında müxtəlif cür paylana bilər: bərabər paylana bilər, məna yükü baş cümlədə çox, budaq cümlədə az ola bilər və ya əksinə. Məsələn, O hiss etdi ki, Tapdıq adamın qabağını kəsmək fikrindədir. (İ.Şıxlı) – cümləsində əsas məna yükünün ikinci tərəfin (Tapdıq adamın qabağını kəsmək fikrindədir) üzərinə düşməsini nəzərə alsaydıq, onu baş cümlə hesab edərdik. Lakin əslində, bu hissə budaq cümlə olub, baş cümlənin buraxılmış tamamlığının əvəzində işlənir, onu aydınlaşdırır. Baş cümlə tabeli mürəkkəb cümlənin qurulması üçün zəmin yaradır, onun ümumi məzmununun açılması üçün də həlledici rol oynayır. Tabeli mürəkkəb cümlələr rəngarəng quruluş xüsusiyyətlərinə malik olur. Bəzən baş cümlə əvvəl, budaq cümlə sonra, bəzən də əksinə ola bilir. Bu zaman tabeli mürəkkəb cümlənin komponentlərini əlaqələndirən vasitələr də fərqlənir. Birinci halda intonasiya və bağlayıcılar müşahidə edilirsə, ikinci halda budaq cümlə baş cümləyə bağlayıcı söz və şəkilçilər vasitəsi ilə bağlanır. Bəzi hallarda mürəkkəb cümlələri sadələşdirmək mümkün olduğu halda, bəziləri, ümumiyyətlə, sadələşmir. Prof. Q.Kazımov bu xüsusiyyətin tabeli mürəkkəb cümlələrin inkişaf tarixi ilə əlaqəli olduğunu qeyd edərək yazır: “Şübhəsiz, bütün bunlar tabeli mürəkkəb cümlənin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Misallara diqqət yetirək: Doğru deyiblər ki, yaraq yaman şey olur. Ailən burda qalmasa, sənə kim qulluq verər? Birinci cümlədə baş cümlə əvvəl, budaq cümlə sonra işlənmişdir. Budaq cümlə baş cümlənin bir üzvünə - xəbərinə aid olub, h ərə k ətin obyektini bildirir. Bu cür cümlələr tarixən bir sadə cümlədən - bir özəkdən ibarət olmuş, sonralar onların feli sifət tərkibi ilə ifadə olunmuş üzvü predikativlik qazanmış, budaq cümləyə çevrilmişdir”.



Müəllif ikinci cümlənin isə tarixən iki cümlədən – iki özəkdən ibarət olduğunu söyləyərək qeyd edir ki, belə cümlələri sadələşdirmək mümkün olmur və onlar ikiözəkli cümlələr adlanır.
Yüklə 15,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin