İMANLA ƏMƏLİN ƏLAQƏSİ
Yuxarıda qeyd olunanlardan aydın olur ki, iman elm və meyllərdən qaynaqlanan ruhi bir halətdir və imanlı şəxsin, imanlı olduğu şeylərə əməl etməyə dair icmali şəkildə qərara gəlməsini tələb edir.
Deməli, həqiqətlərdən agah olan, amma onun tələbinin heç birinə əməl etməyəcəyini qərara alan şəxsin həmin şeylərə imanı olmayacaqdır. Hətta əgər əməl edib-etməməsi barədə şübhədə olsa yenə də iman gətirməmiş sayılır. Qurani-kərim buyurur:
“Ərəblər (çöl ərəblərindən bir qrupu Peyğəmbərə) dedilər: “Biz iman gətirdik.” De: Siz iman gətirməmisiniz. Deyin ki, “İslamı qəbul etmişik”, iman hələ onların qəlblərinə daxil olmayıb.”1
Həqiqi imanın da müxtəlif mərhələləri vardır və onun hər bir mərtəbəsi bununla əlaqədar olan bütün vəzifələri yerinə yetirməyi gərəkli etmir. Mümkündür ki, şəhvət və ya qəzəb kimi hislər imanı zəif olan şəxsi günaha tərəf çəksin. Lakin belə də olmamalıdır ki, üsyankarlığa və imanın gərəkli etdiyi şeylərlə həmişə müxalifət etməyi qərara alsın. Əlbəttə, şəxsin imanı nə qədər güclü və kamil olarsa, ona münasib olan əməllərin yerinə yetirilməsindəki təsiri də bir o qədər çox olacaqdır.
Bir sözlə, iman onun təfərrüatına əməl etməyi zatən tələb edir və həmin zəruri təsirinin miqdarı da onun şiddətli və ya zəif olmasına bağlıdır. Nəhayət, hər hansı bir işi yerinə yetirməyi, hansısa bir işi tərk etməyi şəxsə vacib edən də məhz onun iradə və qərarıdır.
Dostları ilə paylaş: |