SUALLAR
1.İmanın yaxşı əməldəki təsirini izah edin.
2.Yaxşı və pis əməllərin imanın zəif və ya güclü olmasındakı təsirlərini izah edin.
3.İmanla əməlin qarşılıqlı əlaqələrinin məcmusu və onların insanın səadəti ilə əlaqəsini bəyan edin.
BİR NEÇƏ MÜHÜM MƏSƏLƏ
–Müqəddimə
–İnsanın həqiqi kamalı
–Əqli bəyan
–Niyyətin rolu
MÜQƏDDİMƏ
İslam mədəniyyəti ilə kifayət qədər tanışlığı olmayan, insani və mənəvi işləri səthi və zahiri meyarlar əsasında dəyərləndirən, failin (əməli icra edənin) niyyət və məqsədinə – hüsni-failə (bu, hüsni-fel müqabilindədir) diqqət yetirməyən və ya işin dəyərinin meyarını yalnız başqalarının dünyəvi həyatının asayişindəki təsirində təsəvvür edənlərin bəziləri İslami maarif və əqidələrin çoxunun düzgün təfsir və tərifində inhirafa düçar olur və ya onları düzgün şəkildə dərk edib açıqlamaqda aciz qalırlar. O cümlədən, imanın rolu və onun saleh əməllə olan əlaqəsi, eləcə də küfr və şirkin öldürücü təsirləri, qısamüddətli və kiçikhəcmli əməllərdən bəzilərinin böyükhəcmli və uzunmüddətli işlərdən üstünlüyünü bəyan etməklə inhirafa, azğınlığa düçar olurlar. Məsələn, onlar başqalarının asayişi və rifahı üçün müəyyən şeylər ixtira edənlərin, yaxud millətlərinin azadlıq və istiqlaliyyəti yolunda çalışanların, hətta, Allaha və qiyamət gününə azacıq belə imanları olmasa da, axirətdə yüksək məqama və dəyərli mərtəbələrə nail olacaqlarını güman edirlər. Bəzən o qədər ifrata varırlar ki, həqiqi səadət üçün lazım olan imanı insani dəyərlərə, fəhlə kütlələlərinin bu dünyadakı qələbələrinə olan inam kimi izah edirlər və hətta “Allah” məfhumunu belə, məfhumi bir dəyər hesab edərək onu ideal əxlaqi səciyyələrlə bərabər tuturlar!!!
Keçən dərslərdə bəyan olunan mətləblərdən bu kimi təsəvvürlərin zəif və səhv cəhətlərini başa düşdük. Lakin bu cür fikirlərin hazırkı əsrdə çox yayılmasını, eləcə də gələcək nəsillər üçün törədə biləcəyi təhlükələri nəzərə alaraq, bu barədə daha artıq izah verməyi məqsədə uyğun görürük.
Əlbəttə, bu kimi məsələlərlə bağlı lazımi qədər təhqiqat aparmaq daha geniş imkanlar tələb edir. Buna görə də kitabın üslubuna uyğun olaraq deyilən mətləblərin əqidəvi yönünə diqqət yetirməklə onların yalnız ən ümdələrini bəyan edirik.
Dostları ilə paylaş: |