PEYĞƏMBƏRLƏRİN İSMƏTİ
Peyğəmbərlərin günaha mürtəkib olmaqdan hansı həddə uzaq olmaları məsələsi ilə əlaqədar müsəlmanlar arasında ixtilaf mövcuddur. On iki imam şiələrinin etiqadına görə peyğəmbərlər təvəllüdün əvvəlindən ömürlərinin axırına qədər hər növ günahlardan (istər böyük olsun, istərsə də kiçik) amandadırlar. Hətta səhv və unutqanlıq üzündən belə onlardan heç bir günah baş vermir. Amma başqa məzhəblərdən bəziləri peyğəmbərlərin yalnız böyük günahlar qarşısında, bəziləri həddi-büluğa çatdıqdan sonra, bəziləri isə peyğəmbərliyə seçildikdən sonra ismətli olduğuna mötəqiddirlər. Sünnülərin bəziləri (həşəviyyə və əhli-hədisin bəziləri) ümumiyyətlə, peyğəmbərlərin ismətini inkar etmiş, onlardan hər növ günah baş verməsini, hətta, nübüvvət dövründə və qəsdən günah etmələrini mümkün hesab etmişlər.
Peyğəmbərlərin ismətini isbat etməzdən əvvəl bir neçə məsələni xatırladırıq:
1.Peyğəmbərlərin, yaxud başqa insanlardan bəzilərinin məsum olması dedikdə məqsəd təkcə günaha mürtəkib olmamaları deyildir. Çünki adi bir insanın da günaha mürtəkib olmaması, xüsusilə ömrü qısa olduqda belə mümkündür. Məqsəd budur ki, şəxs güclü nəfsani bir səciyyəyə malik olsun ki, ən ağır şəraitlərdə belə, onu günahdan saxlasın. Bu səciyyə də günahın çirkin olması ilə əlaqədar kamil və daimi agahlığa, nəfsani istəkləri cilovlamaq üçün qüvvəli iradəyə malik olmaqla hasil olur. Belə bir səciyyə Allahın xüsusi inayəti sayəsində mümkün olduğundan onun failiyyəti Mütəal Allaha nisbət verilir. Amma Mütəal Allahın məsum insanı günahdan məcburi olaraq çəkindirməsi və onun ixtiyarını əlindən alması da düşünülməməlidir. Nübüvvət və imamət kimi ilahi mənsəblərə malik olan şəxslərin isməti digər bir mənaya əsasən də Allaha nisbət verilir. Çünki, Allah onların günahdan amanda olmalarına zəmanət vermişdir.
Digəri budur ki, bir şəxs ismətli olduqda ona haram olan işləri tərk etməlidir. Məsələn, hər bir şəriətdə haram olan günahlar, həmçinin tabe olduğu əvvəlki şəriətdə mürtəkib olduğu haram olan işlər. Deməli, bir peyğəmbərin isməti onun öz şəriətində və onun özünə icazə verilən, amma əvvəlki şəriətlərdə haram olan, yaxud sonradan haram edilən işləri görməsi ilə zidd deyildir.
Üçüncüsü budur ki, məsum şəxsin ismətli olduğu günah dedikdə məqsəd fiqhdə haram adlandırılan əməldir. Eləcə də onun fiqh istilahında vacib olan əməlləri tərk etmək qarşısında da məsum olmasıdır. Amma günah və onun kimi kəlmələr daha geniş mənalara da malikdir ki, “tərki-övlaya” da buna şamildir. Belə günahların görülməsi ismət məqamı ilə zidd deyildir.
Dostları ilə paylaş: |