PEYĞƏMBƏRLƏRİN İSMƏTİ (HƏR BİR CƏHƏTDƏN GÜNAHSIZ OLMASI)
–Vəhyin toxunulmazlığının zərurəti
–İsmətin digər halları
–Peyğəmbərlərin isməti
VƏHYİN TOXUNULMAZLIĞININ ZƏRURƏTİ
Vəhyin lazımi mərifət əldə etmək üçün bir yol kimi zəruri olması, insanın əql və hissinin çatışmayan cəhətlərini bərpa etməsi aydın olduqdan sonra digər bir məsələ irəli gəlir:
Adi fərdlərin bu mərifət vasitəsindən birbaşa bəhrələnə bilmədiyindən, ilahi vəhyi almağa istedad və ləyaqəti olmadığından və ilahi xəbərlər çarəsizlikdən xüsusi şəxslər (peyğəmbərlər) tərəfindən onlara çatdırılmalı olduğundan belə xəbərlərin düzgün olmasına necə zəmanət verilə bilər? Peyğəmbərin özünün ilahi vəhyi düzgün almasına və onu camaata çatdırmasına necə xatircəm olmaq olar? Əgər Allahla peyğəmbərin arasında bir vasitə olmuşsa, onda peyğəmbərin öz vəzifəsini səhih şəkildə yerinə yetirib-yetirməməsi necə məlumdur? Çünki vəhy yolu o zaman lazımi dəyərə malik olar və bəşər elminin çatışmazlığını bərpa edə bilər ki, başlandığı mərhələdən insanlara çatdırıldığı mərhələyə qədər qəsdən və səhvən olan hər növ təhrifdən uzaq olsun. Əks halda, vasitədə, yaxud vasitələrdə səhv və unutqanlığa ehtimal verildiyi, yaxud onun məzmununda qəsdən təsərrüf edilməsi (əl gəzdirilməsi) gözlənildiyi halda insanlara çatdırılan xəbərdə xəta və düzgün olmamaq ehtimalı verilir. Bu da camaatın etimadının aradan getməsinə səbəb olur.1 Onda ilahi vəhyin camaatın əlinə düzgün və toxunulmadan çatdığına hansı yolla xatircəm olmaq olar?
Aydındır ki, vəhyin həqiqəti camaata naməlum qalsa, həmçinin onu almaq və onun barəsində agahlıq əldə etmək onlar üçün mümkün olmasa, aradakı vasitələrin düzgünlüyünə nəzarət etmək üçün heç bir yol olmayacaqdır. Yalnız xəbərin məzmununun əql tərəfindən qəbul edilən hökmlərlə müxalif olduğu halda onda müəyyən çatışmazlıqların olduğunu başa düşəcəklər. Misal üçün, əgər bir şəxs zidd olan şeylərin bir yerə toplanmasının mümkün, yaxud, vacib olmasını, yaxud nəuzubillah, ilahi zatda çoxluq, tərkib, yaxud zavala yer olduğunu Allah tərəfindən ona vəhy olunmasını iddia etsə, əqlin danılmaz hökmü ilə belə bir mətləbin batil və bu iddianın yalan olmasını isbat etmək olar. Amma vəhyə olan əsl ehtiyac əqlin isbat və ya inkar etməyə qadir olmadığı, xəbərin məfhum və məzmununu dəyərləndirib onun səhih və ya səhv olmasını ayırd edə bilmədiyi məsələlərdə duyulur. Belə hallarda vəhyin möhtəvasının səhih olmasını və onun vasitələrin (vəhyi çatdıranların) qəsdən, yaxud səhv üzündən etdiyi dəyişikliklərdən amanda olmasını necə isbat etmək olar?
Sualın cavabı: əql ilahi hikmətə diqqət yetirməklə 22-ci dərsdə bəyan olunan bürhan əsasında anlayır ki, əməli vəzifələri və həqiqətləri tanımaq üçün, həqiqətindən agah olmasa belə, başqa bir yol da olmalıdır. Həm də dərk edir ki, onun xəbərləri ilahi hikmətin tələbinə görə heç bir təhrif olmadan camaatın əlinə çatmalıdır. Əks halda, Allahın məqsədinə xələl gələr. Başqa sözlə desək, insanların ixtiyari təkamülləri üçün şəraitin yaranması və bəşərin xilqətindəki ilahi hədəfin gerçəkləşməsi üçün ilahi xəbərlərin bir, yaxud bir neçə vasitə ilə camaata çatmasının zəruri olması məlum olduqdan sonra ilahi kamal sifətlərinə istinad etməklə sübut olunur ki, bu xəbərlər qəsdən, yaxud səhvən olan dəyişilmədən mütləq amanda olmalıdır. Çünki əgər Mütəal Allah Özünün əmr və fərmanlarının bəndələrinə düzgün şəkildə çatmasını istəməsə, bu iş hikmətin əksinə olacaqdır. Halbuki, Allahın hikmətli iradəsi onu inkar edir. Əgər Allah Öz xəbərini bəndələrinə hansı yolla və kimlərin vasitəsilə göndərməsini bilməsə bu məsələ Onun sonsuz elmi ilə zidd olacaqdır. Əgər lazımi vasitələr seçərək onları şeytanların hücumlarından hifz edə bilməsə, bu məsələ də Onun sonsuz qüdrəti ilə uyğun gəlməyəcəkdir.
Deməli, Mütəal Allah hər şeyə alim olduğundan, Onun xətakarlığından agah olmadığı bir vasitə seçməsini ehtimal vermək olmaz.1 Allahın sonsuz qüdrətinə nəzər yetirməklə Öz vəhyini şeytanların təhrifindən, səhv və unutqanlıq kimi amillərdən qoruya bilməməsini ehtimal vermək olmaz.2 Eləcə də ilahi hikmətə nəzər yetirməklə Allahın Öz peyğamlarının xətadan amanda qalmasını istəməməsini qəbul etmək olmaz.3 Deməli, Allahın elm və qüdrəti Öz əmrlərinin sağlam və təhrif olunmadan bəndələrinə çatdırmasını tələb edir. Beləliklə də ilahi vəhyin toxunulmazlığı əqli dəlillərlə isbat olunur.
Buna əsasən vəhy mələyi (yaxud mələklərinin), eləcə də peyğəmbərlərin vəhyi almaq, həmçinin, onların ilahi xəbərləri çatdırmaq məqamında unutqanlıq, səhv, yaxud qəsdən ola biləcək xəyanətlərdən amanda olması sübuta yetir.
Buradan da Qurani-kərimin vəhy mələyinin əmanətdar olması, onun ilahi əmanəti qorumaqda qüdrəti, şeytanların ona dəxalət etməsinin qarşısının alınması, peyğəmbərlərin əmanətdar olması və bir sözlə, vəhyin insanlara çatdığı vaxta qədər hər bir xətadan toxunulmazlığına təkid etməsinin səbəbi aydın olur.4
Dostları ilə paylaş: |