SƏBƏBİYYƏT (SƏBƏB-NƏTİCƏ) PRİNSİPİ ÜMUMİ BİR QANUNDURMU?
Bəzi qərb alimlərinin ortaya atdığı şübhələrdən biri də budur ki, əgər səbəbiyyət prinsipi ümumidirsə, Allah üçün də bir səbəb təsəvvür etməliyik. Halbuki, O, ilkin səbəbdir və Onun heç bir səbəbi yoxdur. Deməli, illətsiz bir Allahın qəbul edilməsi səbəbiyyət qanununu pozur və onun ümumi bir qanun olmadığını göstərir. Əgər onun külliyətini qəbul etməsək, Vacibül-vücudu isbat etmək üçün bu prinsipdən istifadə edə bilmərik.Çünki deyilə bilər ki, maddənin və ya enerjinin əsli öz-özünə, heç bir səbəb olmadan yaranmış, onda baş verən dəyişikliklər də digər varlıqların yaranmasına səbəb olmuşdur.
Yeddinci dərsdə də qeyd etdiyimiz kimi, bu şübhə səbəbiyyət prinsipinin düzgün şəkildə izah və təfsir edilməməsindən yaranmışdır. Onlar belə təsəvvür etmişlər ki, qeyd olunan prinsipin mənası “hər bir şeyin səbəbə ehtiyacı vardır” - deməkdir. Halbuki onun səhih və düzgün təbiri belədir: “Hər bir mümkünül-vücudun, yaxud başqasına bağlı və ondan asılı olan varlığın səbəbə (illətə) ehtiyacı vardır.” Bu da ümumi, heç bir istisna qəbul etməyən və zəruri bir qanundur. Amma maddənin və enerjinin barəsində deyilən “o, heç bir səbəb olmadan öz-özünə yaranmışdır, onda baş verən dəyişikliklər də sair varlıqların yaranmasına səbəb olmuşdur” sözünə gəldikdə isə, onun həddindən artıq çatışmazlıqları vardır ki, gələcək dərslərdə bəyan edəcəyik.
Dostları ilə paylaş: |