Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 4,71 Mb.
səhifə10/31
tarix21.10.2017
ölçüsü4,71 Mb.
#7194
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

SUALLAR


1.Hansı məfhumları Mütəal Allah barəsində işlətmək olar?

2.Zati və fe’li sifətlərin tə’rifini deyib onların fərqini göstərin.

3.Zati sifətlərin isbat olunmasının ümumi yolu hansılardır?

4.Həyat hansı mə’nada işlənir və onun hansı mə’nası Allaha aid edilə bilər?

5.Allahın diri olmasına dair xüsusi dəlili qeyd edin.

6.Allahın elmini üç yolla isbat edin.

7.Qüdrətin məfhumunu bəyan edin və Allahın sonsuz qüdrətini isbat edin.

8.Hansı işlər qüdrət dairəsində ola bilməz?

9.Nə üçün Allah çirkin və yaramaz işləri görməz?

10.Mütəal Allahın ixtiyar sahibi olmasını bəyan edin.


ONUNCU DƏRS

FE’Lİ SİFƏTLƏR

Müqəddimə

Xaliqiyyət

Rübubiyyət

Üluhiyyət

MÜQƏDDİMƏ


Əvvəlki dərsdə qeyd olunduğu kimi, fe’li sifətlər Allahın müqəddəs Zatının Onun məxluqları ilə müqayisə olunması zamanı nisbət və xüsusi rabitəni nəzərə almaqla Ona aid olunan məfhumlardan ibarətdir ki, yaradan və yaradılan bu əlaqənin iki tərəfini təşkil edir. Yə’ni, yaratmaq məfhumunun özü məxluqatın vücudunun Mütəal Allaha bağlılığını mülahizə etməklə əldə olunur. Əgər bu bağlılıq nəzərə alınmasa, heç vaxt belə bir məfhum əldə oluna bilməz.

Allah ilə məxluqların arasında nəzərdə tutulan izafələr və rabitələrin həddi-hüdudu yoxdur, lakin bir baxımdan onları iki ümumi qismə bölmək olar: Birinci qism birbaşa Allah ilə məxluqatın arasında nəzərə alınan əlaqələrdir, o cümlədən, icad etmək, xəlq etmək və s. Amma digər əlaqələr başqa rabitə və əlaqələri nəzərə aldıqdan sonra əldə olunur. Məsələn, ruzi vermək. Çünki əvvəlcə ruzi yeyəni onun qidalandığı şey ilə birlikdə nəzərə aldıqdan sonra Allah tərəfindən onun tə’min olunması diqqət mərkəzində saxlanılmalıdır ki, “raziq” və “rəzzaq” kimi məfhumlar alınsın. Hətta mümkündür ki, bə’zən Mütəal Allaha bir fe’li sifət aid olunmazdan qabaq məxluqlar arasında bir neçə rabitə və əlaqə növü nəzərə alınsın, yaxud Allah ilə məxluq arasında əvvəlcədən olan bir neçə əlaqə nəzərə alındıqdan sonra onların Allah ilə olan rabitəsi nəzərə alınsın. Məsələn, məğfirət (bağışlamaq) Allah tərəfindən təklifi (vacib) hökmlərin tə’yin edilməsi, Onun hüquqi rübubiyyəti və bəndələrin bu hökmlər qarşısında itaətsizlik etməsi nəticəsində yaranır.

Bir sözlə, fe’li sifətləri əldə etmək üçün Mütəal Allahla məxluqlar arasında müqayisə aparılmalı, yaradan ilə yaranan arasında bir növ rabitə və əlaqə nəzərə alınmalıdır ki, əlaqənin iki tərəfi ilə vücuda gələn mütəzayif məfhum əldə olunsun. Buna görə də Allahın müqəddəs Zatı öz-özünə və bu nisbət və əlaqələri nəzərə almadan fe’li sifətlərin ayrı-ayrı nümunələri meydana gələcəkdir. Zati və fe’li sifətlər arasında əsaslı fərq də məhz bundan ibarətdir.

Əlbəttə, əvvəllər qeyd edildiyi kimi, fe’li sifətlərin, onların mənşəyini nəzərə almaqla zati sifətlərə qaytarılması da mümkündür. Belə ki, əgər xaliq, yaxud xəllaq “yarada bilən şəxs” kimi nəzərdə tutulsa qüdrət sifətinə qayıdır, yaxud səmi’ (eşidən) və bəsir (görən) sifətləri əgər “eşidilənlərə və görünənlərə alim olmaq” mə’nasınadırsa, elm mə’nasına qayıdır.

Digər tərəfdən, zati sifətlərdən hesab oluna bilən məfhumlardan bə’zilərinin əlavə və fe’li mə’nada olması da mümkündür, bu surətdə fe’li sifətlərdən hesab olunacaqdır. Belə ki, elmin məfhumu Qur’ani-kərimin çox yerlərində fe’li sifət formasında işlədilmişdir.1

Qeyd olunmalı mühüm məsələ bundan ibarətdir ki, Mütəal Allahla maddi varlıqlar arasındakı rabitə nəzərə alınan və bunun əsasında Allah üçün xüsusi fe’li sifətlər müəyyən olunan zaman qeyd olunan sifətin əlaqənin bir tərəfini təşkil edən maddi varlıqlara aid olan təqdirdə, zaman və məkan məfhumları da qeydə alınır. Halbuki, həmin sifətlər bu əlaqəni digər tərəfi olan Allaha aid edilərkən zaman bu cür qeyd və şərt hüdudlarından uzaq olur. Məsələn, ruzi yeyən bir varlığa ruzi verilməsi xüsusi zaman və məkan daxilində baş verir. Amma bu, həqiqətdə ruzi verənə deyil, ruzi yeyən varlıqla əlaqədardır, Allahın müqəddəs Zatı hər növ zaman və məkan qeydlərindən uzaqdır.

Bu mühüm məsələ Allahın fe’l və sifətlərini tanımaqla əlaqədar mühəqqiqlər arasında yaranan şiddətli ixtilafları və çoxlu çətinlikləri həll edə bilər.

XALİQİYYƏT


Vacibül-vücudun mümkünül-vücudların yaranışı üçün ilkin səbəb ünvanı ilə isbat edilməsindən sonra onların hamısının öz varlığında Allaha ehtiyaclı olmalarını nəzərə almaqla Vacibül-vücuda xaliqiyyət, mümkünlərə məxluqiyyət sifəti mənsub edilir. Bu vücudi rabitə əsasında əldə olunan xaliq məfhumu icad edən və varlıq bağışlayan illətlə bərabərdir. Ehtiyaclı və mümkün varlıqların hamısı onun əlaqəsinin bir tərəfində olub məxluqiyyət sifəti adı ilə müəyyən olunur.

Lakin bə’zən xəlq etmək kəlməsi daha məhdud mə’nada işlənərək yalnız əvəlki maddədən vücuda gələn və onun əlaqədar olduğu tərəf mövqeyində dayanan varlıqlara aid edilir. Bunun müqabilində ibda’ məfhumu durur ki, ilkin maddədən yaranmayan (məsbuq olmayan) varlıqlarda işlənir (mücərrədlər və ilkin maddə). Beləliklə, icad etmək xəlq və ibda’ olaraq iki yerə bölünür.

Allahın xəlq etməsi insanların əşyalardan istifadə edib ondan müxtəlif şeylər hazırlaması mə’nasına deyildir ki, bədənin hərəkət edib işləməsinə ehtiyac duyulsun və hərəkət “fe’l”, ondan hasil olan varlıq isə “fe’lin nəticəsi” kimi cilvələnsin və nəticədə yaratmaq yaradılmışla fərqlənsin. Çünki Mütəal Allah cism və cismani varlıqların xüsusiyyətlərindən və hərəkətlərindən pak olmaqdan əlavə, əgər Allahın yaratmağı yaradılanın zatına olunan əlavə olsaydı, mümkünül-vücuddan və Allahın məxluqatından olan bir varlıq hesab olunacaqdı. Deməli, fe’li sifətlərin tə’rifində deyildiyi kimi, bu cür sifətlər Allah və məxluqların arasında nisbət və sifətlərdən əldə olunan məfhumlardır, yə’ni əlavə və nisbət əqlin mülahizəsinə bağlıdır.

RÜBUBİYYƏT


Allah ilə məxluqlar arasında mülahizə olunan əlaqələrdən biri də budur ki, məxluqlar təkcə vücudun əslində və yaradılışlarında Allaha ehtiyaclı deyillər, həm də onların vücudi işlərinin hamısı Mütəal Allaha bağlıdır, onların heç bir növ müstəqillikləri yoxdur, Allah onlarda istədiyi kimi təsərrüf və onların işlərini idarə edir.

Bu əlaqəni ümumi tərzdə nəzərə alsaq, bundan rübubiyyət məfhumu irəli gəlir. Rübubiyyət bütün işlərdə tədbir tələb edir. O cümlədən, qoruyub saxlamaq, həyat vermək, öldürmək, ruzi vermək, inkişaf etdirib kamala çatdırmaq, yol göstərmək, əmr və nəhy etmək və s. qeyd etmək olar.

Rübubiyyətin müxtəlif işlərini iki ümumi dəstəyə bölmək olar:

1.Təkvini rübubiyyət. Bu bütün varlıqların işlərinin idarə edilməsinə, ehtiyaclarının tə’minatına bir sözlə, kainatın idarə olunmasına aid edilir.

2.Təşrii (hüquqi) rübubiyyət. Bu, şüurlu və ixtiyar sahibi olan varlıqlara aid olub, peyğəmbərlər göndərmək, asimani kitablar nazil etmək, təklif və vəzifələri tə’yin etmək, hökm və qanunlar yaratmaq kimi işlərə şamildir.

Allahın mütləq rübubiyyətinin mə’nası budur ki, məxluqlar hər bir vücudi işdə Mütəal Allaha bağlıdırlar. Bir-birinə olan bağlılıqlar da axırda Ona bağlılıqla nəticələnir. Məxluqların bə’zilərini digərlərinin vasitəsilə idarə edən, canlıları Özünün yaratdığı ruzi ilə qidalandırıb tə’min edən məhz Odur. O, şüurlu varlıqları həm batini vasitələrlə (əql və s. kimi idrak qüvvələri), həm də xarici vasitələrlə (peyğəmbərlər və asimani kitablar) hidayət edir, mükəlləflər üçün hökmlər və qanunlar yaradır və vəzifələr müəyyən edir.

Xaliqiyyət kimi, rübubiyyət də əlaqəli bir məfhumdur. Fərqləri bundan ibarətdir ki, onun (rübubiyyətin) müxtəlif hallarında məxluqatın özləri arasında da xüsusi bir əlaqə nəzərə alınır. (Belə ki, bu, rəzzaqiyyət barəsində deyildi.)

Xaliqiyyət və rübubiyyət məfhumlarına və onların əlaqəli olmasına diqqət yetirməklə aydın olur ki, bu ikisinin arasında zərurət vardır və aləmin Rəbbinin onun Xaliqindən başqası olması qeyri-mümkündür, yə’ni məxluqları xas səciyyələrlə bir-birinə bağlı yaradan elə onları qoruyub idarə də edir. Həqiqətdə rübubiyyət və tədbirin mə’nası məxluqatın yaradılışı və onların arasında bağlılığın necəliyindən irəli gəlir.


ÜLUHİYYƏT


İlahüluhiyyətin mə’naları barədə nəzər sahibləri və mütəxəssislər arasında çoxlu mübahisələr baş vermişdir ki, bunlar da təfsir kitablarında qeydə alınmışdır. Bizim nəzərimizə görə, onun ən yaxşı mə’nası budur ki, “ilah” pərəstişedilmə, yaxud ibadət və itaətə layiqolma mə’nasınadır. Necə ki, onunla eyni vəzndə olan “kitab”ın mə’nası “yazmaq və yazmağa layiq olan bir şey”dir.

Bu mə’naya uyğun olaraq üluhiyyət elə bir sifətdir ki, onun həqiqətini müəyyən etməkdən ötrü bəndələrin itaət və ibadətini də nəzərə almaq lazımdır. Baxmayaraq ki, yolunu azanlar batil və puç mə’budları özlərinə ilah seçmişlər, amma itaət və ibadət olunmağa ləyaqəti olan Kəs məhz onların Xaliqi və Rəbbidir. Bu da hər bir şəxsin Mütəal Allah barəsində malik olduğu e’tiqadın me’yarıdır. Yə’ni Allah-taalanı Vacibül-vücud, dünyanın ixtiyar sahibi, idarə edəni və yaradanı hesab etməkdən əlavə Onu ibadət və itaət olunmağa layiqli də bilməlidir. Ona görə də bu məfhum İslamın şüarı olan “La ilahə illəllah”da əxz edilmişdir.



Yüklə 4,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin