NOVRUZ MÖVSÜM MƏRASİMİ KİMİ
Əlbəttə, Novruzun bir sıra səciyyəvi cəhətləri onun mövsüm mərasimi komponentlərində özünü göstərir. Burada baharın gəlişi rituallarla, oyunlarla, tamaşalarla, şənlik, şölən və toyla qeyd olunur. Hələ XI əsrdə M. Kaşqarlının yazıya aldığı örnəklərdə bu mərasimlərin izlərini görürük:
Qış yay bilə tokuştı
Kınqır közün bakıştı
Tutuşqalı yakıştı
Utqalımat uqraşur (1c, 170)
Yılkı yazın əzlənür
Otlap anın ətlənür
Bəqlər sənüz atlanur
Sevnip ögür ısrışur (1c. 285)
Bənzər örnəkləri şifahi ənənəd gəlib çatmış kumuk xalq yaradıcılığında da müşahidə edirik:
Qelin katın tursana
Savru başmak qiysene
Sandıkqa kol ursana
Bu bayrak saqa karay
Kise yavluk taksana!
Yazbaş qeldi yaynaşıp
Bar qayvannar oynaşıp
Kızınq kise saylasın
Qelininq takma çıksın.
Bizqe çomartlık etip
Şaytannı uyun yıksın!
Abzarında kölleri
Köllerinde kazları
Bayrakqa yavluk ilme
Muna qazir kızları!
Şatman, Navruz qyunyu mubarak! (9,8-9).
Motivləri eyni olan bu şeir nümunələrində yaz və qış təsvir olunur, baharın, başqa deyilişlə, Novruzun vəsfi verilir. Novruzunm mövsüm mərasimi konteksti kifayət qədər geniş əhatəlidir. Çünki buraya qohum xalqların oxşar mədəniyyəti ilə müqayisələr aparılması da daxildir.
Çuvaşlarda ən vacib dini bayram və mərasimlər əkinçiliklə bağlıdır. Bu mərasimlər başqa əkinçi xalqlarda olduğu kimi yeni il qabağı günəşin qış dönüm nöqtəsində olduğu vaxt başlanır və bundan sonra yazın başlanması bayramı gəlir. Amma ən əsas bayramlar yaz səpini ilə bağlı olaraq keçirilir. Buraya Aka patti, Akatuy və ya Sabantuy daxildir. Yayın əvvəlində məhsul yığımı ilə bağlı olaraq Uy çuk (polevaya jertva-tarla qurbanı) və Sinse bayramları qeyd olunur. Bu bayramlar bir həftə və daha çox davam edir. Bu bayramlarda bütün kənd və və ya bir neçə kənd bir yerdə iştirak edir. Mərasimi yaşlı adamlar və ya xüsusi seçilmiş adamlar idarə edirlər. Hər bir kənd üçün mərasim xüsusi olaraq müəyyənləşdirilmiş yerdə keçirilir. Mərasimin keçirilməsi üçün seçilən belə yerlər əsasən meşə və ya tala olur. Bayram zamanı bütün kənddən toplanmış pulla alınmış heyvan qurbanı kəsilir. Xüsusi seçilmiş adamlar bayramla bağlı yasaqlara riayət olunmasına nəzarət edirlər. Məsələn, Sinse zamanı heç bir kənd təsərrüfatı və torpaq işləri görmək olmaz. Çünki bu günlərdə “yer ana hamilədir”. Bu yasağı pozan olarsa o çox ciddi şəkildə cəzalandırılır. Mərasimdə uca Tanrı Turaya dua edilir. Amma düşünmək olar ki, çox qədim dövrlərdə “Yer ana”ya yalvarılmış, ona müraciət olunaraq dua edilmişdir. Ona üstünlük veilməsinin izləri aydın cizgilərlə saxlanmışdır(17,371).
Çox əski bir məlumata görə qərbi Afrika tayfalarından birində hər il mart ayında bir qadın və bir kişini öldürmək adəti olmuşdur. Öldürülənlərin cəsədlərini yeni şumlanmış sahədə basdırardılar. Şimali Afrikada vameqi tayfasında isə sentyabr-oktyabr aylarında məhsul yığımı və yeni səpin vaxtı bir qız öldürərmişlər. Lakin bunun əkinçiliklə bağlı qurban olması birbaşa göstərilmir(17,365). Məhsul üçün insan qurbanı vermək adəti Quayakilanın (Ekvador) sakinlərində, beçuanlarda, Mindanao adasında yaşayan baqobolarda, Hind-Çin vai və şanlarında, Hindistanın qond və kxondlarında mövcud olmuşdur(17,365).
Dostları ilə paylaş: |