Cari qlobal iqtisadi və maliyyə sistemini maliyyə bazarları və investisiyalarsız təsəvvür etmək mümkün deyil. Son onillikdə maliyyə bazarları o qədər böyümüşdür ki, demək olar az qala real sektor yaddan çıxmışdı. Risklərin sığortalanması məqsədilə yaradılan müxtəlif alətlər (fyuçers, opsion və s.) bazarda canlanmanı daha da artırmış və qlobal maliyyə bazarlarını əsl məqsədlərindən kənar olan böyük bir qumarxanaya çevirmişdir. Yüksək gəlirlilik səviyyəsini görən müsəlman cəmiyyətlərində isə təxminən belə bir sual yaranmağa başladı: Maliyyə bazarlarında investisiya edib pul qazanmaq şəriətə müvafiqdirmi və ya burada halal və haramlar nədən ibarətdir? Bu sual İslam Maliyyə İnstitutlarının meydana gəlməsi və inkişafıyla daha da sıx verilməyə başladı. Bu paraqrafın mövzusu da əsasən bu sual üzərində qurulub və bu işdə halalın və haramın nələr olduğuna aydınlıq gətirərək suala cavab verməyi nəzərdə tutur.
Paraqrafda ilk öncə alətlər nöqteyi nəzərindən qadağan olunan investisiyalar haqqında qısaca məlumat veriləcək və ümumən investisiya etmək icazəli olan səhmlərin beynəlxalq praktikada qəbul edilmiş şəriət nöqteyi nəzərindən qiymətləndirmə kriyeriyaları nəzərdən keçiriləcək. Daha sonra şəriətə müvafiq hazırlanan məşhur səhm indeksləri barədə qısaca bəhs ediləcək və qiymətləndirmə kriteriyası zamanı meydana gələ biləcək mümkün problem müzakirə olunacaq. Sonda isə qısaca olaraq valyuta ticarəti zamanı əsas direktivlər sadalanacaq.