Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 40,82 Kb.
tarix24.05.2018
ölçüsü40,82 Kb.
#51295

Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

Gülərək ağlayan şair: M. Ə. Sabir-155

( Metodik vəsait)

Zərdab- 2017

MİRZƏ ƏLƏKBƏR SABİR- 155

XX əsr Azərbaycan ictimai fikir tarixində özünəməxsus mövqeyi olan Mirzə Ələkbər Sabir inqilabi məzmunlu yeni Azərbaycan şerinin bayraqdarı kimi şöhrət qazanmışdır.

O, yaradıcılığının parlaq xüsusiyyətləri ilə heç kəsə oxşamayan, heç kəsi xatırlatmayan, tamamilə novator keyfiyyətləri ilə başqalarından seçilir. Sabir dövrünün, zəmanəsinin oğlu, “ əsrin aynası “ idi.

Mirzə Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci il may ayının 30-da Şamaxı şəhərində anadan olmuşdur. Xırda ticarətlə məşğul olan dindar atası Məşədi Zeynalabdin kiçik Ələkbəri təhsil almaq üçün mollaxanaya qoyur. Kiçik yaşlarından həyata açıq nəzərlə baxan Ələkbər mollaxana şəraitinə dözə bilmir. 8 yaşında hədə-qorxu ilə oruc tutmağa məcbur edilən, molla tərəfindən incidilən balaca Ələkbər bu acı həqiqəti üç misra ilə belə ifadə edir:

Tutdum orucu ramazanda,

Qaldı iki gözlərim qazanda,

Mollam da döyür yazı yazanda.

Beləliklə, hələ uşaq ikən Ələkbərin qəlbində mövhumat, cəhalət və zülmə qarşı ilk etiraz ruhu yetişirdi. 1874-cü ildə Ələkbər mollaxananı tərk edib məşhur şair və pedaqoq S.Ə.Şirvaninin dərs dediyi məktəbdə təhsilini davam etdirir. S. Ə. Şirvani klassik Azərbaycan və Şərq ədəbiyyatını tədris edir, maarifpərvər şair kimi uşaqlarda elmə, maarifə, sənətə ciddi meyl oyadırdı. O, Ələkbərin şeir yazmaq bacarığını duyub ona xüsusi qayğı göstərir, yazılarını təshih edir, yaradıcılığına istiqamət verirdi. Hətta şair öz şagirdinin istedadını görüb dahi Nizami Gəncəvinin “ Xəmsəsini “ ona hədiyyə edir.

Şamaxının dindar və cahil mühitinə alışa bilməyən gənc Ələkbər dünyagörüşünü və biliyini artırmaq üçün Şərq ölkələrini səyahətə çıxır. Səmərqənd, Buxara, Xorasan, Aşqabad, Səbzəvar , Mərv şəhərlərini gəzir. Bir müddət Aşqabadda yaşayır. Gənc Sabir hər yerdə yoxsul insanların ağır güzəranı ilə rastlaşır. Lakin qabaqcıl fikirli, tərəqqipərvər ziyalılarla tanışlığı ona təsəlli olur. Sabir atasının ölüm xəbərini eşidib Şamaxıya qayıdır.

Həyat müşahidələrini, bilik və məlumatlarını zənginləşdirməsi , XIX əsrin axırı və XX əsrin əvvəllərində C. Məmmədquluzadə, A. Səhhət, F. Köçərli, S.M.Qənizadə və başqaları ilə dostluğu, qabaqcıl ictimai ideyaların təsiri şairin yaradıcılıq inkişafına ciddi təkan vermişdir. Maarifpərvərlik ruhunda yazılmış ilk seri 1903-cü ildə “ Şərqi- rus “ qəzetində çap olunmuşdur.

1905-ci il inqilabı, çarizmin törətdiyi milli ixtilaf şairin yaradıcılığında silinməz izlər buraxır. Sabir çarizmin “ parçala, hökm sür “ siyasətinin mahiyyətini başa düşür, bu riyakarlığa qarşı “ Beynəlmiləl “ serini yazır. 1905-ci il inqilabından təsiri ilə Qafqazda bir-birinin ardınca bir neçə qəzet və jurnal nəşrə başlayır. O zamandan Sabir “ Həyat “, “ İrşad “, “ Zənbur “, “ Dəbistan “ və s. mətbuat orqanlarında şeir və məqalələrini çap etdirmişdir. “ Molla Nəsrəddin “ jurnalı ilə əməkdaşlığı ( 1906-1911) Sabir yaradıcılığının ən yetkin və məhsuldar dövrüdür. Cəlil Məmmədquluzadə ilə yaradıcılıq və məslək dostluğu Sabir üçün çox faydalı olmuşdur. Onlar “ Niyə mən dərsdən qaçdım, “ Axundla keşişin vədi “ və sair felyetonları birgə yazmışdılar. M.Ə.Sabir satirik şeirlərini “ Molla Nəsrəddin jurnalında ” Hophop ”, “ Ağlar güləyən “, “ Əbunəsr Şeybani “, Boynuburuq “, “ Sudayi “ və s. gizli imzalarla çap etdirirdi. “ Bakı fəhlələrinə “, “ Təraneyi-asilanə “, “ Fəhlə özünü sən də bir insanmı sanırsan “ kimi şerlərində Sabir poeziyaya fəhlə surətləri gətirmiş, onların böyük tarixi mübarizəsinə dərin rəğbətini bildirmişdir.

M.Ə. Sabir Şamaxı və Bakı məktəblərində müəllimlik edərkən uşaq ədəbiyyatının yoxsulluğunu bir daha yəqin etmiş, müxtəlif mövzularda xeyli şeirlər yazmışdır. Bu əsərlər mənzum hekayələrdən, elmi və məktəbi təbliğ edən şeirlərdən, məktəb sərgilərindən , təmsillərdən ibarətdir.

1910-cu ildə şair Bakıya gəlir, maarifpərvər ziyalıların köməyi ilə Balaxanı məktəbində müəllimliyini davam etdirir. M. Ə. Sabir burada fəhlələrlə yaxın əlaqə saxlayır, axşamlar onlara savad öyrədir. Mübariz fəhlələrin sahibkarlara və mütləqiyyətə qarşı açıq inqilabi çıxışları Sabirin dünyagörüşünə böyük təsir göstərir, onun şeirlərinin inqilabi məzmununu daha da dərinləşdirir. Bu vaxtlar ağır xəstələnən şair müalicə üçün Tiflisə gedir. C. Məmmədquluzadə və Həmidə xanımın böyük qayğısına və həkimlərin səyinə baxmayaraq, M. Ə. Sabirin xəstəliyi daha da ağırlaşır. O, Şamaxıya qayıdır.

M. Ə. Sabir 1911-ci il iyulun 12-də qaraciyər xəstəliyindən vəfat edir. Şair Şamaxıdakı “ Şahi-Xəndan ” xiyabanında dəfn edilir.

Onun şeirləri kitab şəklində yalnız onun vəfatından sonra, başda Abbas Səhhət olmaqla qələm yoldaşları , C. Məmmədquluzadə, Ə. Haqverdiyev, F. Köçərli və başqa müasirləri köməyi ilə işıq üzü görmüşdür. Sabirin əsərləri 1912-ci ilin axırlarında

Hophopnamə “ adı altında çapdan çıxmışdır. Kitaba ad seçərkən A. Səhhət şairin

Molla Nəsrəddində “ işlətdiyi ilk gizli (Hophop) imzasını əsas götürmüşdür. Bu

Hophopnamə nin “ ilk nəşri idi.



Şairin adı Azərbaycan xalqı tərəfindən əbədiləşdirilmişdir . Sabir yaradıcılığına həsr olunmuş bir sıra bədii əsərlərdə onun obrazı yaradılmışdır. H. Nəzərlinin “ Sabir ” pyesi, Mir Cəlalın “ Yolumuz hayanadır? “, N. Xəzrinin “ Dağlar dağımdır mənim “

poeması buna gözəl bir nümunədir. Sabirabad şəhərinə, respublikada bir sıra maarif və mədəniyyət ocağına, Bakının mərkəzi küçələrindən birinə onun adı verilmişdir.

MİRZƏ ƏLƏKBƏR SABİRİN ƏDƏBİ İRSİNİN

KİTABXANALARDA TƏBLİĞİ

Dünya ədəbiyyatında Sabir kimi birdən- birə, ildırım sürəti ilə sənətin zirvəsinə qalxan şair azdır. Onun əzəməti, böyüklüyü çox az müddətdə cəmi beş il ərzində, yəni 1906- 1911-ci illərdə yazdığı şeirlərdə özünü göstərmişdir. Beş ildə Sabir ədəbiyyat məbədinin yuxarı başına keçmiş, ədəbiyyatda bir dağ kimi yüksəlmişdir.

Bu il ölməz sənətkarın anadan olmasının 155-ci ildönümü tamam olur . Yubiley ilində kitabxanalar fəal iştirak etməli , böyük sənətkarın ədəbi irsini geniş oxucu kütlələri arasında təbliğ olunmasına çalışmalıdırlar.Kitabxanalar M. Ə. Sabirin ədəbi yaradıcılığını və onun haqqında çap olunmuş ədəbiyyatları oxuculara çatdırmaq üçün əyani və şifahi təbliğatın bütün formalarından ; kitab sərgiləri, stend, oxucular konfransı, ədəbi-bədii gecə, məruzə, məlumat günü , dəyirmi masa ,səhərcik,ucadan oxu, söhbət, və s. tədbir formalarından geniş şəkildə istifadə etməlidirlər. Tədbirləri təxminən aşağıdakı başlıqlar altında keçirmək olar:

M. Ə. Sabir milli poeziyamızın simvoludur “, ” M. Ə. Sabir- 155 “, “ Yeni Azərbaycan şeirinin yaradıcısı “, “ Bir əsrin dərdindən doğulan şair “, “ M. Ə. Sabirin satiraları “,



Çox əsrlik poeziyamızın layiqli davamçısı “, “ Gülərək ağlayan şair “, “ M. Ə. Sabirin pedaqoji fəaliyyəti “, “ Azərbaycanın xalq şairi M. Ə. Sabir “, “ Müasir ədəbiyyatımızda Sabir yaradıcılığının rolu “, “ Novator şair “, “ İnqilabi satirik şeirimizin banisi “, “ Sabir və din “, “ Sabir və Molla Nəsrəddin “ , “ Şairəm, əsrimin ayinəsiyəm “, “ Faydalı keçən ömür “, “ Sabir irsinin nəşr tarixləri “, “ M. Ə. Sabir və uşaq ədəbiyyatı “, “ M. Ə. Sabirin həyat və yaradıcılığı “ və s.

Yubileylə əlaqədar ilk öncə kitabxanalarda əyani təbliğat vasitəsi olan kitab səgilərinin təşkili vacibdir. Ümumiyyətlə, hər hansı bir tədbir keçirdikdə hökmən kitab sərgiləri təşkil edilməlidir. Sərgiləri müxtəlif başlıqlar altında təşkil etmək olar. Məsələn: “Gülərək ağlayan şair”, “ M. Ə. Sabir 155 il bizimlə “, “ M. Ə. Sabirin həyat və yaradıcılığı “ və s. başlıqlar altında tərtib etmək olar. Sərgi zövqlə tərtib edilməli, görkəmli şəxslərin şair haqqında dedikləri sitatlardan və dövri mətbuat materiallarından istifadə edilməlidir. Belə sərgilər oxucuları keçiriləcək tədbirlərə çağırır, onlara mütaliə mədəniyyəti aşılayır və eyni zamanda kitabxananın fondunu oxucular qarşısında açmaqda mühüm rol oynayır. Nümunə:

  1. Başlıq : Mirzə Ələkbər Sabir 155 il bizimlə

  2. M. Ə. Sabirin şəkli

  3. Sitat: Şairəm , öz əsrimin ayinəsiyəm,

Məndə hər kəs görür öz qaş-gözünü,

Necə kim, dün “ Birisi “ baxdı mənə,

Gördü ayinədə ancaq özünü.

M. Ə. Sabir

4. Sitat: Sabir şeirləri yarandıqları zamanın ən doğru bədii sənədlərindəndir.

Yalnız ictimai məzmun deyil, forması etibarı ilə Sabir poeziyası Azərbaycan ədəbiyyatında yeni bir mərhələ, geniş bir yol, yeni

bir məktəb idi.

Rəsul Rza.

5.Sabir M. Ə. Hophopnamə: iki cilddə . I cild.-Bakı: “ Şərq-Qərb “,-2004.-480 s.

6. Sabir M. Ə. Hophopnamə: iki cilddə. II cild.- Bakı:“ Şərq- Qərb ”,-2004.-480 s.

7.Sabir M. Ə. Əsərləri.- Bakı:Atilla, 2003.- 137 s.

8.Sabir M. Ə. Uşaq və buz.- Bakı:“ Turan “, 2002.-10 s.

9. Rza R. Onun qəlbi ; O bizim sıralarımızdadır: M. Ə. Sabir haqqında// Seçilmiş əsərləri: V cilddə. V cild.- Bakı: “ Öndər “, 2005.- s.145-152.

10.Bayramoğlu , A. Mirzə Ələkbər Sabir : Həyatı və əsərləri.- Bakı: “ Qismət “, 2003.-320 s.

11. Sultan , M. Azərbaycan satirik şeirinin zirvəsi // İki sahil.-2012.- 11 aprel.-s.24.

12. Bu kitabları oxuyun.

M. Ə. Sabirin ədəbi irsini təbliğ etmək üçün məruzə və mühazirələr təsirli təbliğat forması hesab edilir. Rayonumuzun kəndlərində kifayət qədər ziyalı qüvvəsi , kitabxana fəalları var. Məruzə və mühazirələr vasitəsilə kitabxanaya çoxlu oxucu cəlb etmək mümkündür. Bu cəhətlərinə görə məruzə və mühazirələr kitabxanaların kütləvi tədbirlər sırasında təsirli və əhəmiyyətli təbliğat forması sayılır.

Yuxarıda qeyd etdiklərimizlə bərabər, kitabxanalarda şairin yubileyi ilə əlaqədar ədəbi-bədii gecələrin, poeziya günlərinin təşkili də yaxşı olar. Bu tədbirləri “ M. Ə. Sabir 155 il bizimlə “, “ Bir əsrin dərdindən doğulan şair “, “ Sabir yaradıcılığına səyahət ”, “ Sabir poeziya günləri “ və s. başlıqlar altında keçirmək olar.

Adından məlumdur ki, ədəbi-bədii gecə iki hissəyə bölünür . Tədbirin birinci hissəsində şairin həyat və yaradıcılığı haqqında məruzə və çıxışlar olmalı, məlumatlar verilməlidir. Gecənin ikinci hissəsində isə tədbirin mövzusu ilə bağlı şeirlər , bədii qiraət , səhnəciklər göstərilməlidir. Ədəbi-bədii gecənin məzmunlu və maraqlı olması uşun tədbirə ciddi hazırlıq işləri aparılmalıdır.

M. Ə. Sabir yaradıcılığının təbliğində sual-cavab gecələrinin keçirilməsi də olduqca məqsədəuyğundur. Suallar elə tərtib edilməlidir ki, müəllifin həyat və yaradıcılığı haqqında oxucularda düzgün və geniş təsəvvür yaransın. Nümunə olaraq , sualları təxminən aşağıdakı şəkildə tərtib etmək olar :

* M. Ə . Sabirin həyat və yaradıcılığı haqqında nəyi bilirsiniz ?

* M. Ə. Sabirin pedaqoji fəaliyyəti haqqında nə deyə bilərsiniz ?

* Xalqımızın mədəniyyət tarixində “ Molla Nəsrəddin “ jurnalının əhəmiyyəti və bu

jurnalın daimi əməkdaşı kimi M. Ə. Sabirin mövqeyini necə qiymətləndirirsiniz ?

* M . Ə. Sabir şeirlərini hansı imzalarla çap etdirirdi ?

* M. Ə. Sabir irsinin nəşr tarixi haqqında nəyi bilirsiniz?

* M. Ə. Sabir və uşaq ədəbiyyatı. Bu haqda nə deyə bilərsiniz?

* M.Ə. Sabirin müasirlərindən kimləri tanıyırsınız?

* Atam əllaf , babam dülgər idi,

Qardaşım culfa, əmim kargər idi,

Xanbibim falçı , nənəm bağ toxuyan,

Bizdə , haşa , yox idi bir oxuyan!

Evimizdə var idi hər nə desən,

Qatıq , ayran ilə qaymaq , nə yesən!

Nə bilirdik nə zəhirmardı kitab?

Biz olan evdə haçan vardı kitab? Bu misralar şairin hansı şerindəndir?

*Sabir yaradıcılığına həsr olunmuş hansı bədii əsərləri tanıyırsınız?

* Şairin maarifpərvərlik ruhunda yazdığı ilk şeiri neçənci ildə və hansı qəzetdə çap olunmuşdur?

Sual-cavab gecəsinə yekun vurduqda münsiflər heyəti suallara əla cavab verən oxucuları fərqləndirərək onlara öz təşəkkürünü bildirməli və gecənin əhəmiyyəti

barədə öz yekun sözlərini deməlidirlər. Gecədə fəal iştirak edənlərin imkan daxilində mükafatlandırılması məsləhətdir.

Yubileylə əlaqədar kitabxanalarda biblioqrafik ədəbiyyat siyahılarının və “ M. Ə. Sabir- 155 “ adlı şəxsi kartotekanın tərtibi də yaxşı olar.

Kitabxanalarda keçirilən kütləvi tədbirlərdən biri də ucadan oxudur. M. Ə. Sabirin uşaqlar üçün yazmış olduğu şeirləri , mənzum hekayələri , təmsilləri təbliğ etmək üçün kiçik yaş qurupları üçün ucadan oxuların təşkili məqsədəuyğundur. İfadəli oxudan sonra kitabxanaçı sual- cavab keçirə bilər. Sual-cavab əsasında uşaqların nə dərəcədə diqqətcil olmaları , onların zehni, şeirləri qavrama qabiliyyəti öyrənilir.

Qeyd etmək lazımdır ki, kitabxanalarda ədəbiyyatın təbliğinin forma və metodları müxtəlifdir. Kitabxana işçiləri bu metodlardan istifadə etməklə şairin yubileyini layiqincə qeyd etməlidirlər.

ƏDƏBİYYAT

* Sabir M. Ə. Hophopnamə : iki cilddə. I cild. – Bakı :“ Şərq- Qərb “, 2004.- 480 s.

* Sabir M. Ə. Hophopnamə : iki cilddə. II cild.-Bakı : “ Şərq- Qərb “, 2005.-384 s.

* Sabir M. Ə. Dərsə gedən bir uşaq .- Bakı: “ Altun Kitab “, 2009.- 11 s.

* Sabir M. Ə. Uşaq və buz.- Bakı: “ Turan “, 2002.- 10 s.

* Sabir M. Ə. Yaz günləri .- Bakı : “ Çaşıoğlu “, 2001.- 4 s.

Haqqında

* Bayramoğlu ,A . Mirzə Ələkbər Sabir: Həyatı və əsərləri.- Bakı:” Qismət”, 2003.-320 s

* Rza R. Onun qəlbi ; O bizim sıralarımızdadır: Mirzə Ələkbər Sabir Haqqında //Seçilmiş əsərləri. V cilddə. V cild.- Bakı: “ Öndər nəşriyyatı ”, 2005.- s. 145-152.

* Cəfər Ə. Mirzə Ələkbər Sabir şerinin qafiyə lüğəti .- Bakı : 2005.- 128 s.

* Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı: Ali məktəblər üçün dərslik.- Bakı: “ Bakı Universiteti nəşriyyatı “, 2007.- 444 s.

* Rza R. Xalq şairi : Poema // Seçilmiş əsərləri. V cilddə . IV cild .- Bakı: “ Öndər nəşriyyatı “, 2005 .- s. 165- 174.

Sultan M. Azərbaycan satirik şeirinin zirvəsi[ Mətn] /M. Sultan // İki sahil.- 2012.-11 aprel.- s.24.

* Şərif . Sabir poeziya günləri keçirildi[ Mətn] // Mədəniyyət.- 2011.- 1 iyun.- s .9.

Tərtib etdi : Metodika biblioqrafiya şöbəsinin müdiri- G. Qasımova

Redaktor : Metodika biblioqrafiya şöbəsinin baş metodisti - M. Əhmədova



Yüklə 40,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin