Nöqtələr
◘Məkkə və Kəbə ilahi qüdrət və nişanələrin sərgisidir. Bu müqəddəs məhəllin tarixi ibrətamiz xatirələr və əhvalatlarla zəngindir.
Kəbənin tikintisində İbrahim bənnalıq, İsmail isə fəhləlik etmişlər. Əbrəhənin filə süvar olmuş qoşunu Kəbəni viran qoymaq məqsədi ilə hücum çəkdikdə ilahi qüdrəti və əbabil quşları vasitəsi ilə məhv edilmişlər. Kəbə divarı Əlinin (ə) təvəllüdü zamanı onun anasının daxil olması üçün yarılmışdır. Orada doğulan körpə bir müddət sonra Kəbədəki bütləri yerə dağıtdı. Qara dərili həbəşi qul Bilal, Məkkə əyanlarının bərəlmiş gözləri qarşısında Kəbənin üstünə çıxıb azan dedi. Bir gün də gələr ki, Allahın son höccəti imam Məhdi (ə) əlini onun divarına qoyub bəşəriyyətin xilası üçün nida çəkər, bütün aləmi İslama dəvət edər!
◘Məkkə əmin-aman bir ilahi şəhərdir. Bu şəhərə daxil olan kəs amandadır. Hətta cinayətkar bir insan Məscidul-hərama daxil olsa, oradan çıxanadək toxunulmazdır. Onu yalnız sıxıntıda saxlamaqla Məscidül-həramdan çıxmağa vadar etmək olar.1
◘Kəbə kənarında İbrahimin məqamı (“Məqame-İbrahim”) yerləşir. Rəvayətlərdə nəql olunduğuna görə, Kəbənin divarlarını ucaldarkən İbrahimin öz ayağı altında qoyduğu daş “Məqame-İbrahim” adlandırılmışdır. Bu daşın üstündə həzrət İbrahimin ayaq izi var. Bu daş və onun üzərindəki izin İsadan və Musadan əsrlərcə qabaqdan bu günədək qorunması, Kəbə ətrafında baş vermiş hadisələrin, döyüşlərin, sellərin təsirindən amanda qalması özü ilahi qüdrət nişanəsidir.
◘“Həcc” hərəkətlə müşayiət olunan məqsəd mənasını verir. “Məhəccə” hamar və düz yola deyilir. Bu yol insanı məqsədə çatdırır. İslamda «həcc» dedikdə Allah evinin ziyarəti və bu ziyarətə aid əməllərin yerinə yetirilməsi nəzərdə tutulur.
◘İslam Peyğəmbəri (s) Həzrət Əliyə (ə) buyurmuşdur: “Qüvvəsi çatdığı halda həcci inkar və tərk edən hər bir şəxs kafirdir. Bu işi bu gün-sabaha salıb ölən insan yəhudi və məsihi kimi ölmüşdür.”1
◘Həcc xərcinin insanın öz malından olması vacib deyil. Həcc xərci hədiyyə olunan kəs üçün həcc ziyarəti vacibdir.2
◘İmam Sadiq (ə) “ayatun bəyyinat” təbiri haqqında buyurmuşdur: “Bu sözdə məqsəd İbrahimin məqamı, həcərül-əsvəd (qara daş) və hicre-İsmaildir.” Həzrətdən soruşurlar ki, əmin-aman məhəl Kəbədir, yoxsa Məscidul-həram bütövlükdə? Həzrət buyurur ki, hərəm (Kəbə və onun ətrafı).3
◘Bir şəxs İmam Sadiqdən (ə) əmin-aman yer haqqında soruşduqda imam buyurdu: “Hər kəs bu evi ziyarət etsə və bilsə ki, bu evin ziyarətini Allah əmr etmişdir, eləcə də, Əhli-beyti (ə) lazımınca tanısa, dünya və axirətdə amanda olacaq.4
Dostları ilə paylaş: |