Nöqtələr
◘“Muhsənat” sözü lüğət baxımından başqalarının toxunması qadağan olan qorunmuş şeyə deyilir. Bu sözün kökü Quranda üç dəstə haqqında işlədilmişdir:
1. İffətli və pak qadınlar; Necə ki, Allah həzrət Məryəmi belə qadınlardan saymışdır.1
2. Ərli qadınlar; Çünki ər qadının iffətini qorumağı öz öhdəsinə götürmüşdür. Uyğun söz ayədə həmin bu mənanı ifadə edir.
3. Müharibədə əsir düşməmiş və kəniz olmayan azad qadınlar; Çünki əsirlik qadının iffət pərdəsini yırtır. Kənizlər arasında iffətsizlik geniş yayılmışdı. Növbəti ayədəki “əl muhsənatil-möminat” ifadəsi bu mənanı bildirir.
◘Ayədəki “musafihinə” sözü “sifah” sözündən olub, zina mənasını ifadə edir.
◘Kafir qadının əsir düşməsi onun ərindən boşanması kimidir. Məsələn, əri kafir qaldığı halda iman gətirən qadın öz imanı vasitəsi ilə ərindən ayrılmış olur. İslamda ərli qadınla izdivac haramdır. İstənilən məzhəb və millətdən olan ərli qadınla ailə qurmaq olmaz. Amma əsirlik boşanma kimidir. Əsir düşmüş qadın bir dəfə aylıq adəti görüb təmizlənənədək və ya hamilədirsə, azad olanadək heç bir yaxınlıq edə bilməz. Belə bir qayda həmin qadını kafirlərə qaytarmaqdan və ya öz başına buraxmaqdan üstündür.
◘“Mutə” sözü də həcc, namaz, sələm, qənimət sözləri kimi lüğət yox, şəri mənaya malikdir. Əllamə Təbatəbainin “Təfsire-Əl-mizan” əsərində bildirdiyi kimi, ayədə “istəmtətum” deyərkən “mutə” nəzərdə tutulmuşdur. (Mutə müvəqqəti nikah deməkdir.)
◘Nikaha görə əcr verilməsi mütədən söhbət getdiyini bildirir. Əgər söhbət daimi nikahdan getsəydi, mehriyyə vacib olardı. Daimi nikahda, hətta kam almaq olmadıqda və yaxınlıqsız talaq verildikdə, mehriyyənin yarısı ödənir.
◘Əhli-beyt (ə) buyruqları və əksər sünni təfsirlərinə əsasən, ayədə ikinci xəlifənin sonradan haram etdiyi müvəqqəti nikah nəzərdə tutulmuşdur. Əslində, kimsə Allahın hökmünü dəyişmək səlahiyyətinə malik deyil. Əgər mütə haram edilməsəydi, rəvayətlərin bildirdiyinə əsasən, zalımlardan savay kimsə zina etməzdi.1 Müvəqqəti nikah ən düzgün çıxış yoludur. Dünya məhz müvəqqəti nikah olmadığından zinanı azad etmişdir. Müvəqqəti nikah ictimai bir zərurətdir. Sünni rəvayətlərinə əsasən, mütə zövcədən uzaqlıq və döyüşlər səbəbindən caiz sayılmışdır. Həmin şərait bu gün də mövcuddur. Mütə hökmündə məqsəd ictimai problemlərin və fəsadların qarşısını almaqdır. Bu hökm qiyamətədək şəri bir zərurətdir.
◘Bəziləri əsas gətirirlər ki, Quranda iddə, irs, cinsi üzvün qorunması mövzuları daimi nikahla əlaqədar bəyan olunmuşdur və mütə daimi nikah deyil. Bu irada belə cavab veririk:
Əvvəla, mütəyə də izdivac deyilir. İkincisi, mütədə də iddə saxlanılır. Mütəni daimi nikahdan fərqləndirən yalnız irs məsələsidir.
Dostları ilə paylaş: |