AYƏ 28:
﴿لاَّ يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُوْنِ الْمُؤْمِنِينَ وَمَن يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللّهِ فِي شَيْءٍ إِلاَّ أَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَإِلَى اللّهِ الْمَصِيرُ﴾
TƏRCÜMƏ:
«Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə - onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir.»
TƏFSİR:
Bu ayədə İslam ölkələrinin xarici siyasəti, kafirlərlə rəftar tərzi, eləcə də kafirlər tərəfindən olan vilayət və rəhbərliyin qəbul edilməsinin Allahın vilayətinin əldən verilməsinə gətirib çıxarması qeyd olunur. Zərurət halında baş verən təqiyyənin şərtləri və təqiyyədən sui-istifadə olunmasının qarşısını almaq məsələsi irəli çəkilmişdir.
İNCƏ MƏTLƏBLƏR
1. Möminlər üçün kafirlərin vilayətini qəbul etmək qadağandır. Əgər bütün dünya müsəlmanları yalnız bu ayənin hökmünə əməl etsəydilər, hazırda İslam ölkələrinin vəziyyəti belə rüsvayçı və acınacaqlı olmazdı.
2. Kafirlərin rəhbərliyini qəbul etmək, onların kafirliklərini təsdiq etmək və işlərinə razı olmaq haramdır.
3. Daha yüksək məqsəd və məramlara çatmaq naminə müəyyən hallarda kafirlərlə zahirdə əlaqə bərqərar etmək caizdir.
4. Siyasi əlaqələr kafirlərin müsəlmanların qəlbinə (əqidəsinə) hökmranlıq etməsi ilə nəticələnməməlidir.
5. Təqiyyə yalnız dinin, imanın qorunması üçündür. Heç kəs təqiyyəni bəhanə edərək kafirlərə cəzb olunmamalı və təqiyyənin adından sui-istifadə etməməlidir.
6. Dinin özünün (əslinin) təhlükəyə düşdüyü bəzi hallarda hər bir şeyi Allah yolunda fəda edib yalnız Ondan qorxmaq lazımdır.
7. Hər hansı bir ölkə ilə əlaqələrin bərqərar edilməsi, yaxud kəsilməsi qohumluq, tanışlıq, iqtisadi, siyasi, irqi və s. tanışlıqlar əsasında deyil, yalnız fikir və əqidə əsasında olmalıdır.
8. Kafirlərin yerinə möminlər bir-biri ilə əlaqə qurmalıdırlar.
AYƏ 29:
﴿ قُلْ إِن تُخْفُواْ مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللّهُ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأرْضِ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾
TƏRCÜMƏ:
«De: Əgər sinələrinizdə olanı (fikir və qəlbinizdən keçirdiklərinizi, əqidələrinizi, hallarınızı və adətlərinizi) gizlətsəniz, yaxud (dil və əməllə) aşkar etsəniz, Allah onu bilir. Həmçinin göylərdə olanı da, yerdə olanı da bilir və Allah hər bir şeyə qadirdir.»
TƏFSİR:
Təqiyyə ayəsinin ardınca gələn bu ayə bəlkə də çatdırmaq istəyir ki, təqiyyə adı ilə kafirlərlə bəzi əlaqələr qurulmamalıdır, çünki Allah-təala sizin fikir və niyyətlərinizdən tamamilə agahdır.
İNCƏ MƏTLƏBLƏR
1. Bu ayə təqiyyə adı ilə kafirlərlə birbaşa əlaqə yaratmaq istəyənlərə xəbərdarlıq verir.
2. Allah-təala sizin hər bir tədbirinizdən agahdır.
3. Allah hətta sizin niyyətlərinizdən belə xəbərdardır.
4. Allahın aşkara və gizlinə, yerə və asimana olan elmi bərabərdir.
5. Allah-təala həm insanların fikir və düşüncələrindən agahdır, həm də hər bir şeyə qüdrətlidir. Yəni bir anda hər bir şeyi ifşa edə bilər.
6. Hansı bir şeyi asimanların və yerin sirlərindən agah olan Allahdan gizlətmək olar?
AYƏ 30:
﴿يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوَءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَاللّهُ رَؤُوفُ بِالْعِبَادِ﴾
TƏRCÜMƏ:
«Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir.»
TƏFSİR:
Bu ayə məzmun baxımından «Kəhf» surəsinin 49-cu ayəsinə bənzəyir. Orada buyurulur: «Qiyamət günündə insanlar bütün əməllərini öz qarşılarında hazır görəcəklər.» «Burhan» təfsirində qeyd olunur ki, İmam Səccad (ə) hər cümə günü «Məscidün-Nəbi»də moizə edərkən camaata bu ayəni oxuyardı.
İNCƏ MƏTLƏBLƏR
1. Bizim bugünkü əməllərimiz Qiyamət günü öz qarşımızda təcəssüm edəcəkdir.
2. Günahkarlar Qiyamətdə öz əməllərini görüb xəcalətli olacaqlar.
3. Allah Öz bəndələrini (ilahi əzabla) qorxutmaqla yanaşı bəndələrinə mərhəmət və mehribançılığını da göstərir ki, bu kimi günahlara aludə olmasınlar.
4. İnsanın bu dünyada sevdiyi əməllərin çoxu Qiyamətdə onun nifrətinə səbəb olacaqdır.
5. O gündə peşmançılığın heç bir faydası yoxdur və arzular xam xəyaldan başqa bir şey olmayacaq.
6. Allahın etdiyi xəbərdarlıqların da mənşəyi mehr və məhəbbətdir.
7. Allah bütün insanları sevir.
8. Allahın insanlara mərhəmət və nəvazişi birbaşadır.
Dostları ilə paylaş: |