Differensial diaqnoz. Xəstəliyi ilk növbədə hemolitik anemiya ilə differensassiya etmək lazımdır. Bəzən xəstələrə xroniki hepatit, sirroz kimi diaqnozlar qoyurlar. Anemiyanı isə bu xəstəliyin nəticəsində yarandığı göstərilir.
Qeyri-düz bilirubinin, retikulositlərin artması, mikrosferositoz, yaxın qohumların da xəstə olması düzgün diaqnozun qoyulması üçün əsas verir.
Xəstəliyi qeyri-sferositar hemolitik anemiya, autoimmun hemolitik anemiya və dizeritropoetik anemiya ilə müqayisə etmək lazımdır. Əksər hallarda sferositoz dominant tip irsə verilir. Qeyri-sferositar ferment defisitli hemolitik anemiya isə resessiv şəkildə irsə ötürülür. Autoimmun hemolitik anemiyada da mikrosferositoz və osmotik rezistentliyin azalması müşahidə edilir. Bu zaman dəqiq toplanmış anamnez, qohumlar haqqında məlumat, skelet dəyişiklikləri, Kumbs reaksiyası diaqnozu dəqiqləşdirməyə imkan verir. Autoimmun hemolitik anemiyada Kumbs reaksiyası vasitəsi ilə antitelləri aşkar etmək mümkündür. Dizeritropoetik anemiyanı inkar etmək ücün sümük iliyinin müayinəsi əhəmiyyətlidir.
Bəzən mikrosferositoza viruslu hepatit xəstəliyi qoşulduqda diaqnozu təyin etmək çox çətin olur. Sferositozda hepatitin gedişatı qeyri-adi nəzərə çarpan xolestaz, uzun müddətli intoksikasiyasız sarılıqla gedir. Xolestazın səbəbinin hepatit və ya öd daşı obturasiyası olmasını təyin etmək bir qədər çətin olur. Hepatit zamanı ağrı olmur, fermentlərin aktivliyi dəyişir. Ultrasəs müayinəsinin nəticələri, virus antitellərinin müəyyən edilməsi diaqnozu dəqiqləşdirməyə imkan verir.
Müalicə. Xəstəliyin müalicəsində effektiv metod splenektomiyadır. Mikrosferositozda eritrositlərin yaşama müddəti qısalır. Onların parçalanması, sekvestrasiyası isədalaqda olur.
Tez-tez baş verən kriz nəticəsində yaranan anemiya, hiperbilirubinemiya, öd daşı xəstəliyi və onun ağırlaşmaları, dalağın böyüməsi, inkişafdan qalma splenektomiyaya göstərişdir.
Splenektomiyadan sonra xəstələrdə hemoliz tamami ilə dayanır və ya azalır, eritrositlərin yaşama müddəti uzanır. Eyni zamanda (istər sferositoz, istərsədə başqa səbəbdən) qanda çoxlu miqdarda hədəfvarı hüceyrələr, Jolli cisimcikləri, siderositlər olur. Əməliyyatdan sonra trombositlərin miqdarı artdığına görə (700-800x109/l) trombozun qarşısını almaq məqsədi ilə antiaqreqant preparatlar təyin etmək lazımdır. Heparin 5000 BV 2 dəfə qarın dərisinə, yaxud aşağımolekullu heparin təyin etmək məqsədə uyğundur. Splenektomiyadan sonra xəstələr infeksiyaya qarşı çox həssas olurlar. Ona görə də əməliyyatdan sonra antibiotik təyin etmək lazımdır. Böyüklərdə bir neçə aydan bir neçə ilə qədər, 7 yaşa qədər uşaqlara isə ən azı 2 il təyin olunur.
Eritrosit kütləsinin transfuziyası ağır hemolitik vəhipoplastik kriz zamanı göstərişdir. Xəstədə öddaşı xəstəliyi varsa, splenektomiya xolesistoektomiya ilə birgə aparılır. Digər hemolitik anemiyalarda olduğu kimi mikrosferositar anemiyada da folat defisiti yarandığı ücün xəstələrə kriz zamanı fol turşusu təyin edilir.
Vaxtında splenektomiya aparılsa, proqnozu yaxşı hesab etmək olar. Xəstə daima hematoloqun nəzarətində olmalıdır.
Dostları ilə paylaş: |