Sankt-Peterburq
14.11.2007
NƏVƏM ƏŞRƏFİN AD GÜNÜNƏ
Ad günün mübarək, a körpə balam,
Üzündən-gözündən nur yağır bu gün!
Arzum budur böyük oğlan olasan,
Şad günlər içində şən keçsin ömrün!
Tanrı qismətini versin həmişə,
Çətin günlər yollarından gen düşə.
Yüz yaşında saçlarına dən düşə,
Gözəl ömürlərlə tən keçsin ömrün!
Səni görüb Əşrəf baban sevinsin,
Səni ürəyinin şah tacı bilsin.
Ən gözəl günlərin qarşına gəlsin,
Bütün ömürlərdən seçilsin ömrün!
20.03.2010
Borçalı
YANAN GÜNƏŞSƏN
Qardaşım Gülabıya
Sən məni zirvəyə aparan bir yol,
Sən mənə zirvədən baxan günəşsən!
Sənət dünyasında tac axtarsalar,
Səni göstərəcək kimə gənəşsən!
Çünki, sən göylərdə yanan günəşsən!
Odlu sözlərindən doymaqmı olur?
Hər sözün inci tək düzülən hikmət.
Səni dinləyənin könlü durulur,
Amalın həqiqət, yolun həqiqət.
Qəlbi xainlərlə vuruş, döyüş sən!
Çünki, sən göylərdə yanan günəşsən!
Yaz-yarat həqiqət naminə, qardaş,
Qoy səni zirvədə qartal dinləsin.
Sənin ürəyində yanan ocaqlar,
Məni də yandırsın, külə döndərsin.
Sən ellər yolunda bir yüksəlişsən!
Çünki, sən göylərdə yanan günəşsən!
Uzaq ol kədərdən, uzaq ol qəmdən,
Hələ nə görmüsən dünyada, qardaş,
Vallah, bir dənədi şair Dilqəmdən,
Hələ sən gərəksən həyatda, qardaş.
Vicdanı təmizsən, qəlbi genişsən,
Çünki, sən göylərdə yanan günəşsən!
Əşrəfin qəlbinin tacısan-tacı,
İnan, bu istəyin sonu görünmür.
Bir şair ömrünün sənsən əlacı,
Oda od çatırsan,ocağı sönmür.
Dostluq heykəlisən Qurban demiş, sən!
Çünki, sən göylərdə yanan günəşsən!
Dostları ilə paylaş: |