Vəzifəni tanımaq
Aşura hadisəsində olduqca çoxlu məqamlar var. Əgər İslam dünyası və onun mütəfəkkirləri onlar üzərində müxtəlif cəhətlərdən araşdırma aparsalar, bu hadisədən və onu əhatə edən öncəki və sonrakı məsələlərdən müxtəlif şəraitlərdə İslam həyatının yolları və müsəlman nəsillərin vəzifəsi bəlli olar.
Bu mühüm dərslərdən biri odur ki, Hüseyn ibn Əli (ə) İslam tarixinin çox həssas bir dövründə müxtəlif dərəcəli əhəmiyyətə malik olan müxtəlif vəzifələr arasından əsas vəzifəsini təyin etdi və yerinə yetirdi. O, həmin dövrdə İslam dünyasının ehtiyacı olan məsələni tanımaqda xəyala qapılmadı və səhvə düşmədi.
Halbuki bu məsələ müxtəlif dövrlərdə müsəlmanların həyatında zəif nöqtələrdən biri olmuşdur. Xalq, onun rəhbərləri və İslam dünyasının görkəmli şəxsləri bəzən əsas vəzifələrini səhv salır, nəyin ən önəmli olduğunu bilmirlər ki, yerinə yetirsinlər, lazım olduqda digər işləri ona qurban etsinlər, hansı işlərin ikinci dərəcəli olduğunu bilsinlər, hər bir hərəkətə və işə onun özü qədər əhəmiyyət versinlər və həmin həddə çalışsınlar.
Əbu Abdullahın (ə) hərəkəti dövründə elə şəxslər vardı ki, əgər bu barədə onlarla söhbət olunsaydı, “indi qiyam zamanıdır” deyilsəydi və bu işin ardınca problemlərin və başağrılarının olacağını anlasaydılar, ikinci dərəcəli vəzifələrdən yapışacaqdılar; necə ki, bəzilərinin bu işi gördüyünü müşahidə etdik. İmam Hüseynlə (ə) hərəkət etməyən şəxslərin arasında mömin və dindar adamlar da vardı. Onların hamısı dünya əhli deyildilər. O zaman İslam dünyasının görkəmli şəxsləri arasında mömin adamlar və vəzifələrinə əməl etmək istəyənlər vardı. Lakin vəzifəni anlamırdılar, dövrün vəziyyətini təyin edə bilmirdilər, əsas düşməni tanımırdılar, əsas işi ikinci-üçüncü dərəcəli işlərlə səhv salırdılar. Bu, İslam dünyasının böyük bəlalarından biri olmuşdur. Bu gün də bizim ona düçar olmağımız, daha əhəmiyyətlini az əhəmiyyətli ilə səhv salmağımız mümkündür. Cəmiyyətin həyatının asılı olduğu əsas vəzifəni bilmək lazımdır.
Dostları ilə paylaş: |