Monteneqronu cəzbedici eləyən nədir?
24.08.2016
AZƏRTAC-ın müxbiri Monteneqronun Bakıdakı fəxri konsulu Vüqar Əliyevlə söhbətləşib.
1992-ci ilədək Yuqoslaviyanın tərkibində, federasiya dağılandan sonra isə 2006-cı ilədək Serbiya ilə ittifaqda olan Monteneqro həmin il iyunun 3-də müstəqilliyini elan edib. Ölkə Dünya Bankının 189 ölkədə biznes və sərmayə mühitinin əlverişliliyini qiymətləndirən “Doing Business 2016” hesabatında 46-cı sırada yer alıb. 13 min 812 kvadrat kilometr ərazisi və 650 min nəfər əhalisi olan Monteneqro hazırda Azərbaycan sərmayədarları üçün də çox əhəmiyyətli məkana çevrilib.
— Monteneqronun Azərbaycanın iş adamları üçün də əlverişli edən hansı özəllikləri var?
— 2006-cı ildə Serbiyadan referendumla ayrılan Monteneqro bu gün Balkanda sabit ölkə kimi inkişaf edir. Monteneqro ticarət, iqtisadi əməkdaşlıq əlaqələri qurmaq istəyən hər kəs üçün açıq ölkədir. Buranı çox zaman fürsətlər ölkəsi də adlandırırlar. Sərmayələr üçün sabit və cəzbedici məkandır. Ölkədə aparılan özəlləşdirmə prosesini izləmək kifayətdir ki, burada biznes üçün yaradılan əlverişli mühiti görəsən.
— Azərbaycanla Monteneqro arasında əlaqələr hansı səviyyədə inkişaf edib?
— Siyasi, iqtisadi, mədəni əlaqələr yüksək səviyyədədir. Artıq 4-cü ildir ki, yay mövsümündə Azərbaycandan bu ölkəyə birbaşa uçuşlar həyata keçirilir. Son 3 ildə 12 mindən artıq Azərbaycan vətəndaşı Monteneqroya turist qismində səfər edib. Paytaxt Podqoritsanın mərkəzi küçələrindən birinə Bakı adı verilib. Bu ölkədə Azərbaycanın çox gözəl imici formalaşıb. Monteneqro əhalisi bizə çox hörmətlə yanaşır. Eyni zamanda bu ölkədə Azərbaycanın turizm potensialının ciddi təbliğatı qurulub. Ölkədə Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzi fəaliyyət göstərir.
— Azərbaycan vətəndaşları üçün Monteneqroya viza tələb olunurmu?
— Xeyr. Artıq neçə ildir ki, Azərbaycan vətəndaşları Monteneqroya vizasız səfər edə bilirlər. Səfər zamanı 90 gün vizasız qalmaq hüquqları var.
— Bu ölkə turizm üçün cəzbedici olan hansı potensial imkanlara malikdir?
— Monteneqro 650 min nəfər əhalisi olmasına baxmayaraq turizmdə böyük ev sahibliyinə imza atır. Bura Adriatik sahilinin incisi adlanır. Ölkəni ziyarət edən turistlərin sayı 2015-də 1,6 milyondan artıq olub. Yəni əhalisindən təxminən üç dəfə çox turist qəbul edir. Dövlət büdcəsinin yarısından çoxu turizmdən gələn gəlir hesabına formalaşır. Xüsusilə Budva, Kotor, Bar və Ulcinj yay tətillərində müxtəlif ölkələrdən gələn turistlərin ən çox sevdiyi və ziyarət etdiyi yerlərdir. Sadəcə, yay və dəniz turizmi baxımından deyil, eyni zamanda Monteneqro Balkanda bənzərsiz kanyonları, milli park və alpinistik turizmi ilə öndə gələn ünvanlardan biridir. YUNESKO-nun mədəni irs siyahısına daxil edilən kanyon və milli parklar Monteneqronun bənzərsiz turizm mərkəzləridir. Durmitor, Bioqradska Qora, Prokletije, İşkodra Gölü, Lovcen milli parkları kimi yerlər buraya daxildir. Sveti Stefan adası və Herceq Novi də ekzotika həvəskarı olan turistlərin sevimli ekskursiya ünvanlarındandır.
Dostları ilə paylaş: |