"Allah hər kəsi hidayət etmək istəsə, sinəsini (qəlbini, batinini) İslam (və hər bir fəzilətə təslim olmaq) üçün شenişləndirər."
Deməli, Əhli-beyt(əleyhimussalam) əzəmətli ruha və böyük fəzilətlərə malik olduqlarına, həqiqət aləmini dərk etdiklərinə və Allah aşiqi olduqlarına görə günahdan məcburi şəkildə yox, öz ixtiyarları ilə uzaqdırlar. Onların əzəmətli nəfsləri əyri yoldan və tüğyançılıqdan uzaqdır, özləri təslimçi ruhla Allah qarşısında mütidir və geniş qəlbləri bütün həqiqətləri dərk etməyə qadirdir. Məhz həmin idrak sayəsində Allah-Taalanın, Quranın, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) -in qarşısında qeydsiz-şərtsiz təslim olurlar.
Deməli, onların günah və tüğyandan çox-çox uzaq olmasının səbəbi böyük ruha, geniş qəlbə malik olmaları və ruhi xəstəliklərə mübtəla olmamalarıdır. Bunların hamısı da Allah-Taalanın yalnız Əhli-beytə məxsus etdiyi inayət sayəsindədir.
Soruşula bilər ki, belə olan halda onların günahdan uzaq olmaları ixtiyarsız olaraq baş verir, yoxsa böyük ruha malik olmaları nəticəsindədir? Cavab budur ki, bu böyük ruh və tövfiq yalnız Allahın xüsusi inayəti ilə mümkündür. Amma Onun inayətini cəlb etmək insanın öz istəyi ilə olmalıdır. Buna görə də inayəti qazanmaq icbari şəkildə deyil, insanın ixtiyarındadır.
Nəticə alınır ki, "Təthir" ayəsi Əhli-beytin əzəmətli ruha və yüksək fikirlərə malik olmalarından, ruhi xəstəliklərdən uzaq olmasından söz açır. Belə bir əzəmətli ruh, mütərəqqi fikir və sağlam nəfs Allah-Taalanın onlara bəxş etdiyi bir nemətdir. Məhz həmin bəxşiş sayəsində Əhli-beyt(əleyhimussalam) günahdan, təcavüzarlıqdan qaçır, Allah-Taalanın hüzurunda qeydsiz-şərtsiz təslim olurlar. Onlar bütün fəzilətlərə, insani keyfiyyətlərə malikdirlər.
Alicənab, yüksək fikrə malik olan və sağlam, geniş ruhlu adamlar heç vaxt çirkin işlərə yaxın düşmür, xurafatlara uymur, ruhi xəstəliklərə, günaha batmağa hazır olmurlar. "Təthir" ayəsi göstərir ki, Allah-Taala bu mənəvi hədiyyələri yalnız Əhli-beytə bağışlamışdır, onlara bu qədər mənəvi hədiyyələrin bağışlanmasını da cəbr adlandırmaq əsla düz deyil.
Əliyyibni Əbitalib (əleyhissalam)-ın günahdan çəkinməsinin səbəbi məhz həmin mənəvi nemətlər idi. O Həzrətin "Hər kəs mənə, "qarışqanın ağzından arpa dənəsinin qabığını alsan bütün dünyanı sənə verərəm" deyə qarışqaya (bu miqdar belə) zülm etməyimi istəsə yenə də mən bu işi görmərəm" buyurmasının səbəbi yalnız həmin əzəmətli ruhun, Allah qarşısında təslim olmağın ləzzətini dərk etməyin sayəsində idi. İslam dünyasına hökmranlıq etmək, xalqın başçısı olmaq və bir sözlə, rəyasət kürsüsündə əyləşməyin o Həzrət üçün köhnə ayaqqabının bağı qədər dəyərə malik olmaması "Təthir" ayəsinin o Həzrəti hər növ ricsdən uzaq edərək ona bağışladığı son dərəcə güclü dərrakənin sayəsində idi.
İmam Hüseyn (əleyhissalam)-ın İslam ümmətini zülmkar Yezidin caynaqlarından qurtarmaq üçün altı aylıq körpəsi Əli Əsğəri, cavan oğlu Əli Əkbəri qurban verməsi, əhl-əyalının əsir olmasına dözməsi də məhz həmin mənəvi nemətlərin hesabına, həqiqi mənada Allah aşiqi olmasına, Onun iradəsi qarşısında qeydsiz-şərtsiz təslim olmasına görədir. Bunların hamısı İmam Hüseyn (əleyhissalam)-ın nəzərində dünyaya və dünyapərəstlərə məhəbbət bağlamaqdan qat-qat qiymətlidir.
Dostları ilə paylaş: |