Nitqin təmizliyi
ədəbi dil üçün məqbul sayılmayan sözlərin nitqdə işlənməməsini
nəzərdə tutur. Loru və kobud sözlər, etik normalara uyğun olmayan ifadələr,
əksəriyyət tərəfindən anlaşılmayan dialektlərin istifadə edildiyi nitq təmiz nitq
deyildir. Mədəni nitqdə istifadə edilməyən və nitqin təmizliyinə xələl gətirən söz
qrupları aşağıdakılardır:
-dialek və şivə sözləri;
-tüfeyli sözlər;
-vulqarizmlər;
-varvarizimlər;
-jarqonlar.
Müəyyən bölgələrə aid dialekt və şivələrdən mədəni nitqdə istifadə etmək
yolverilməzdir. Dialekt və şivələr məişət üslubunun elementləridir və bədii üslubda
müəəyən obrazın dilində işlənməsi istisna sayılır. Digər heç bir fuknsional üslubda
istifadə edilmir. Hətta hər hansı bölgədə belə çıxış edirsinizsə yenə də nitqdə dialekt
sözlərdən istifadə etmək olmaz.
Nitqi ən çox “zibilləyən” tüfeyli sözlərdir. Bəzən hansısa sözü unutduqda, cümləni
bitirməkdə çətinlik çəkərkən “şeydir”, “deməli”, “adı nədir” tipli ifadələrdən istifadə
edirik. Bu hal natiqin lüğət ehyatının kasadlığından xəbər verir. Tüfeyli sözlərdən
istifadə dinləyicini yormaqla bərabər, nitqin keyfiyyətini korlayır.
Vulqarizmlər kobud, etik normalara uyğun olmayan sözlərdir və mədəni nitqdə
istifadəsi yolverilməzdir.
Varvarizmlər isə dildə yersiz işlənən əcnəbi sözlərdir. Bəzən varvarizmləri alınma
sözlərlə səhv salırlar. Alınma sözlər dildə müəyyən ehtiyac üzündən digər dillərdən
alınıb istifadə edilən sözlərdir. Yəni alınma sözlərin istifadəsi bir normadır. “Kitab”,
“alim” kimi sözləri, eləcə də “kompüter, kommunikasiya” və s. ifadələri işlədərkən
heç kim “bu bizim sözlər deyil, nitqimizdə bunlardan istifadə etməyək” deyə irad
tuta bilməz. Lakin varvarizmlər lüzum olmadan nitqimizdə mövcuddur. Məsələn
“znaçit”, “spiçka”, “vsyo”, “hello”, “ok” və s.
Jarqonları bəzən süni dil də adlandırırlar. Jarqon müəyyən peşə sahibləri, ictimai
qurum üzvləri, hər hansı bir təbəqənin məlum sözlərə yeni məna çalarları
qazandıraraq istifadə etdiyi ifadələrdir. Məsələn müəllimlərin jarqonunda “pəncərə”
sözü iki dərs arasındakı boş dərs saatıdır. Yaxud “oblava” bir çox dairələrdə
“yoxlama var” kimi başa düşülür. Jarqonlardan daha geniş istifadə olunan sahə
kriminal dünyadır. Bu tip sözlərə də mədəni nitqdə yer yoxdur.
Nitq mədəniyyətinin tələbləri təkcə ədəbi dilin normalarını, məntiq qanunlarını
bilməklə və onlara əməl etməklə bitmir. Məharət eyni zamanda bildiklərini istifadə
etmək bacarığından asılıdır. Hamıya elə gəlir ki, o öz doğma dilində yetərincə söz
ehtiyatına malikdir. Lakin müəyyən fikir söyləmək, münasibət bildirmək lazım
olduqda əksəriyyət bəsit cümlələr qurmaqla kifayətlənir, bildiklərini ifadə edəcək
kəlmə və sintaktik vahid tapmaqda çətinlik çəkir. Məhz bu zaman nitqin düzgün,
məntiqli, aydın olması ilə bərabər zəngin olmasının da önəmi üzə çıxır. Nitqin
zəngin olması üçün ən mühüm şərt lüğət ehtiyatının genişliyidir. İnsanın zəngin
lüğət ehtiyatı olmalıdır ki, onun içindən düzgün sözü seçib onu nitqində tətbiq etsin.
Hər bir funksional üslubda nitqin zənginliyinə nail olmağın xüsusi yolları var. Lakin
ən zəngin nitq təbii ki, bədii üsluba aiddir. İstedadlı yazıçılar dil vahidlərindən
istifadə edərək möcüzələr yaradırlar.
Nitqin zənginliyi sinonim, frazeoloji birləşmə, bədii təyinlərdən, sitat və
aforizmlərdən düzgün və məqamına uyğun istifadə etməklə əldə edilir.
Nitqin rabitəliliyi mövzunun müəyyən bir sistemlə, ardıcıl təqdimatıdır. Nitq
zamanı ötürülən informasiya sadədən mürəkkəbə doğru inkişaf etməli, keçidlər
arasında sərt qırılma olmamalıdır. Mövzunun ana xətti daim diqqətdə saxlanılmalı,
məntiqi ardıcıllıq pozulmamalıdır.
Mövzu 15.
Dostları ilə paylaş: |