Azərbaycan döVLƏT İQTİsad universiteti unec biznes Məktəbi Biznesin Təşkili və İdarəedilməsi


Bölmə 1. Maliyyə hesabatının təhlili



Yüklə 29,98 Kb.
səhifə4/6
tarix31.12.2021
ölçüsü29,98 Kb.
#112840
1   2   3   4   5   6
Bölmə 1. Maliyyə hesabatının təhlili

Maliyyə hesabatları müəssisənin keçmiş, indiki və gələcək fəaliyyətinin qiymətləndirilməsinə kömək edir. Maliyyə hesabatında əks etdirilən informasiyanın keyfiyyəti mühüm əhəmiyyət kəsb edir. Maliyyə hesabatında əks olunan informasiya keyfiyyət baxımından,

- Aydın olmalı;

- Müqayisə oluna bilməli;

- Münasib olmalı;

- Etibarlı olmalıdır.

Təhlil - təsərrüfat subyektinin səmərəli fəaliyyətinin təmin edilməsinin və düzgün idarəetmə qərarlarının qəbul edilməsinin mühüm şərtidir. Maliyyə təhlili maliyyə-təsərrüfat fəaliyyəti təhlilinin bir hissəsi olmaqla qarşılıqlı əlaqədə olan iki mühüm bölməni - maliyyə və idarəetmə təhlilini özündə birləşdirir. Maliyyə təhlilinin xüsusiyyətlərinə əsasən aşağıdakılar aiddir.

-informasiya istifadəçilərinin çoxlu sayda olması,

- təhlil subyektlərinin məqsəd və maraqlarının müxtəlifliyi,

- uçot və hesabat standartlarının və təhlilin tipik metodikasının olması,

- təhlilin müəssisəinin daxili hesabatlılığına və açıqlılığına istiqamətliliyi,

- təhlilin nəticələrinin müəssisənin fəaliyyəti haqqında informasiya istifadəçiləri üçün maksimum açıq olması.

Maliyyə hesabatları – müəssisənin maliyyə vəziyyəti, onun fəaliyyətinin maliyyə nəticələri və onun maliyyə vəziyyətinin dəyişməsi barədə məlumat verir. Maliyyə hesabatlarına balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkətinə dair hesabatları misal deyə bilərik. Bu hesabatlar keçmişdə müəssisədə nə baş verdiyini göstərir.

Maliyyə hesabatlarının təhlili – əsas rolu müəssisənin maliyyə hesabatlarındakı məlumatlardan istifadə edərək iqtisadi qərarlar qəbul etməkdir. İqtisadi qərarlara misal olaraq investorun hər hansı bir firmanın səhmlərini almasını, hər hansı bir firmaya borc verilməsini, müəssisələrin birləşməsi qərarlarını və başqalarını göstərmək olar.

Maliyyə hesabatları əsas və əlavə maliyyə hesabatları olaraq iki başlıq altında qruplaşdırılır.

Maliyyə hesabatlarının təhlili 6 pillədən ibarətdir:

Təhlilin məqsədi və konteksti – Bu pillədə aşağıdakı suallar cavablandırılır: Təhlil niyə həyata keçirilir? Məqsəd nədən ibarətdir? Təhlilin quruluşu necə olacaq? Hansı resurslardan istifadə ediləcək? Təhlilin aparılması üçün nə qədər vaxta ehtiyac var?

Məlumatların toplanması – müəssisənin maliyyə hesabatlarından və müəssisənin daxil olduğu sektordan və ümumi iqtisadiyyata dair məlumatlardan əldə edilir. Bura müəssisə rəhbərliyi, istehsalçılar və istehlakçılar üzrə keçirilən sorğunun nəticələri və müəəsisənin veb səhifəsindəki məlumatlar da daxildir.

Məlumatların emalı – toplanmış məlumatlar əsasında tələbərdən asılı olaraq müxtəlif əmsallar hesablanır və qrafiklər qurulur.

Emal edilmiş məlumatların təhlili – emal edilmiş məlumatların izahı bu pillədə əks olunur. Yəni, 3-cü mərhələdə əldə edilmiş əmsalların, qrafiklərin və cədvəllərin nə məna kəsb etdiyi bu pillədə qeyd edilir.

Hesabatlıq – təhlil edilmiş məlumatlara əsasən standartlara uyğun hesabatın hazırlanması və nəzərdə tutulan auditoriyaya təqdim edilməsi.

Təhlilin yenilənməsi – yuxarida qeyd edilmiş mərhələlər mütəmadi olaraq təkrarlanmalı və nəticələr yenilənməlidir.

Maliyyə təhlili həm müəsissənin idarəetmə heyəti, həm də xarici analitiklər tərəfindən yerinə yetirilə bilər. Maliyyə hesabatlarınnı təhlilinin əsas rolu maliyyə hesabatlarındakı məlumatlardan istifadə etmək iqtisadi qərarlar qəbul etməkdir.Maliyyə hesabatlarının təhlilinin predmeti təhlil edilən maliyyə münasibətlərinin, maliyyə resurslarının və axınlarının məcmusu, həmçinin səbəb-nəticə əlaqələridir. Onlara müəssisənin maliyyə-iqtisadi fəaliyyəti nəticəsində yaranan maliyyə münasibətləri, təşkilatın maliyə-təsərrüfat fəaliyyətində səbəb – nəticə əlaqələrinin aşkar edilməsi və müxtəlif obyektiv və subyektiv amillərin təsiri altında formalaşan səbəb - nəticə əlaqələrinin təsnifatlaşdırılması, sistemləşdirilməsi, modelləşdirilməsi və qiymətləndirilməsi daxildir. Maliyyə təhlili müxtəlif əlamətlər, o cümlədən idarəetmədə roluna və aparılmasının təşkili formasına, tədqiqatın məzmunu və tamlığına,təhlil obyektinin xarakterinə, həyata keçirilmə dövrünə görə təsnifatlaşdırılır. İdarəetmədə roluna və aparılmasının təşkili formasına görə daxili və xarici maliyyə təhlili formalarını bir- birindən fərqləndirilir. Xarici maliyyə təhlili yalnız mühasibat hesabatlarının məlumatlarına əsaslanır və özündə müəssisənin fəaliyyəti haqqında çox məhdud informasiyanı əks etdirir ki, bu da firmanın əldə etdiyi nəticələrin bütün sirrini aşkar etməyə imkan vermir. Açıq maliyyə hesabatlarının məlumatları əsasında həyata keçirilən xarici maliyyə təhlili mənfəətin mütləq göstəricisinin, rentabelliyin nisbi göstəricilərinin, müəssisənin maliyyə vəziyyətinin və bazar sabitliyinin, ödəmə qabliyyətliyinin, borc kapitalından istifadənin səmərəliliyinin, dövriyyə vəsaitlərinin dövriyyəsinin təhlilini və firmanın reyting qiymətləndirmələrini və s. nəzərdə tutur. Daxili maliyyə təhlili firmanın daxili xidmət bölmələri tərəfindən həyata keçirilir. Bu cür təhlil idarəetməni optimallaşdırmaq üçün mühüm əhəmiyyəti olan digər məsələlərlə aydınlaşdırıla bilər. Daxili maliyyə təhlilinin əsas məqsədi müəssisənin normal fəaliyyətini, maksimum mənfəət əldə etməsini və müflisləşmə riskini minimumlaşdırmağa zəruri şərait yaradan planauyğun pul vəsaitlərinin daxil olmasını, xüsusi və borc kapitalının yerləşdirilməsini təmin etməkdir. Daxili maliyyə təhlilinin xüsusiyyətlərinə aşağıdakılar aiddir:

-təhlil subyektlərinin məhdud dairəsinin olması

-təhlilin nəticələrinin daxili istifadəyə (bir qayda olaraq müəssisə rəhbəri) istiqamətlənməsi

-maksimum qapalılıq

-məzmunlu və dərin təhlili həyata keçirmək üçün mövcud bütün məlumat mənbələrindən istifadə edilməsi

-idarəetmə təlabatları ilə əlaqədar olaraq zəruri olduqca təhlilin aparılması və s.

Maliyyə hesabatlarının təhlilinin obyekti təsərrüfat subyektləri (müəssisə, firma, təşkilat və s.), onların müxtəlif maliyyə hesabatları formalarıdır.

1.Balans

2.Maliyyə nəticələri haqqında hesabat

3.Kapitalda dəyişiklik haqqında hesabat

4.Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Maliyyə təhlilinin məqsədi bu və ya digər iqtisadi qərarların qəbulu məqsədilə istifadəçilər üçün müvafiq tövsiyyələrin işlənib hazırlanmasıdır. Maliyyə hesabatları təhlilinin qarşısında duran vəzifələr aşağıdakılardır:

- əmlak vəziyyətini qiymətləndirmək,

- maliyyə sabitliyini qiymətləndirmək,

- ödəməqabliyyətliyini və likvidliyini qiymətləndirmək,

- maliyyə nəticələrinin formalaşmasını təhlil etmək -mənfəətin bölgüsünü və istifadəsini təhlil etmək,

-işgüzar fəallığı göstəricilərini hesablamaq və təhlil etmək,

- maliyyə vəziyyətini kompleks qiymətləndirmək,

-maliyyə vəziyyətinin yaxşılaşdırılması və maliyyə nəticələrinin yüksəldilməsi istiqamətində kompleks tövsiyyələrin işlənib hazırlanması,

-maliyyə vəziyyətini və maliyyə nəticələrini proqnozlaşdırmaq.

Ümumi qəbul edilmiş qaydaya əsasən metodologiya metodların formalaşdırılması, onların elmi ümumiləşdirilməsi prinsipləridir. Maliyyə hesabatlarının təhlili metodları hadisə və prosesləri hərəkətdə, inkişafda və qarşılıqlı əlaqədə götürülür. Deməli, maliyyə hesabatının təhlili metodları:

- təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması, ümumiləşdirilməsi, sistemli və kompleks öyrənilməsidir,

- təşkilatın fəaliyyət səmərəliliyinin yüksəltmək məqsədilə xüsusi yanaşmalardan istifadə etməklə, onun fəaliyyət nəticələrinə təsir edən amilləri qiymətləndirməkdir.

Maliyyə hesabatlarının təhlili metodlarının xüsusiyyətlərinə aiddir:

-təşkilatın təsərrüfat fəaliyyətinin göstəricilər sistemindən istifadə etmək,

-xüsusi yanaşmaların köməyi ilə göstəricilər və amillər arasındakı əlaqəni aşkar etmək və qiymətləndirmək,

-maliyyə-iqtisadi göstəricilərə sistemli yanaşmaq.

Maliyyə hesabatlarının təhlili prosesində qarşılıqlı əlaqədə olan çoxlu sayda göstərəicilərdən istifadə edilir. Analitik göstəricilər müxtəlif əlamətlər (əhatə dərəcəsi, analitik prosesdə rolu, xarakteristikası, öyrənmə müddəti, əhəmiyyətlilik dərəcəsi, hesabatlarda əks etdirilmə vaxtı və səviyyəsi, təsir xarakteri və s.) üzrə təsnifatlaşdırılır. Maliyyə hesabatlarının təhlili metodikası dedikdə təhlildə qarşıya qoyulmuş məqsədə nail olmağa istiqamətlənən analitik tədqiqatın həyata keçirilməsinin qaydalar sistemi başa düşülür. İstənilən metodikanın qurulması müəyyənləşdirilmiş ardıcıl fəaliyyətlərə riayət edilməsinə istiqamətlənməlidir. Bunlara aiddir:

- təhlilin məqsəd və vəzifələri,

- təhlilin obyekti və göstəricilər sistemi,

-tədqiqatın ardıcıllığı və dövrülüyü,

-təhlil obyektlərinin öyrənilməsi üsulları,

-məlumat mənbələri və təhlil subyektləri,

-məlumatın işlənməsinin texniki vasitələri,

-təhlilin nəticələrini təsvir etmək üçün sənədlərin xarakteristikası.

Maliyyə hesabatlarının təhlilini həyata keçirərkən daha çox istifadə edilən üsullara aşağıdakılar aiddir:

-mütləq kəmiyyət üsulu,

-nisbi kımiyyət üsulu,

-orta kəmiyyət üsulu,

-müqayisə,

-qruplaşdırma,

-qrafik üsulu,

-cədvəl üsulu,

-balans üsulu,

-mütləq kənarlaşma üsulu,

-zəncirvari yerdəyişmə üsulu.

Maliyyə hesabatlarını təhlil edərkən mütləq kəmiyyətdən iki istiqamətdə istifadə etmək olar. Bunlardan biri nisbi və orta kəmiyyətləri hesablamaq üçün informasiya bazası, ikincisi isə təşkilatın maliyyə vəziyyətini bu və ya digər tərəfdən xarakterizə edən hesablanmış göstəricilər kimi faydalanmaq olar. Nisbi kəmiyyət üsulu müxtəlif hadisələrin kəmiyyətinin müqayisəsi yaxud baza dövrü ilə müqayisədə dəyişməni xarakterizə edir. Maliyyə hesabatlarının təhlilində nisbi kəmiyyətin üç növündən geniş istifadə edilir:

1.Quruluş nisbi kəmiyyəti

2.Maliyyə əmsalları

3.Dinamika nisbi kəmiyyəti

Quruluş nisbi kəmiyyəti hissənin ümumidə payı, xüsusi çəkisini əmsal və faizlə ifadə edir. Məsələn, müəssisənin dövriyyə aktivlərinn əmlakında, qısamüddətli öhdəliklərin borc vəsaitlərində payı və s. Quruluş nisbi kəmiyyətləri şaquli təhlilin əsasını təşkil edir. Onların köməyi ilə hesabatın hər bir mövqeyinin (maddəsinin) ümumi nəticəyə təsirini aşkar etməklə yekun maliyyə göstəricilərinin quruluşu müəyyən edilir. Bu cür təhlil balansın hər bir maddəsinin ümumi yekunda xüsusi çəkisini görməyə imkan verir. Dinamika nisbi kəmiyyəti (dəyişmə tempi, sürəti) müəyyən vaxt dövründə göstəricilərin dəyişikliyini xarakterizə edir. Onlar cari dövrün səviyyəsini əvvəlki dövrün səviyyəsinə bölməklə hesablanılır və faiz və əmsalla ifadə edilir. Bu zaman dəyişmə tempi iki qaydada- əsas və silsiləvi - hesablanılır. Birinici halda hər bir dövrün səviyyəsi baza dövrünün səviyyəsi ilə, ikincidə isə hər bir dövrün səviyyəsi əvvəlki dövrün səviyyəsi ilə müqayisə edilir. Maliyyə əmsalları balans maddələrinin, yaxud maliyyə hesabatlarının digər mütləq göstəricilərinin nisbəti kimi hesablanılır və firmanın maliyyə vəziyyətinin müxtəlif tərəflərini xarakterizə edir. Bundan başqa maliyyə hesabatlarının təhlilində orta kəmiyyətlər, müqayisə, qruplaşdırma, qrafik, cədvəl və s üsullardan da tez-tez istifadə edilir. Bunların vasitəsilə firmanının maliyyə vəziyyəti və nəticələri, xalis aktivlərin dəyişikliyi, pul axınlarının hərəkəti bu və ya digər aspektdən qiymətləndirilir. Maliyyə hesabatının beynəlxalq standartlarında maliyyə təhlilinin üç mərhələdə həyata keçirilməsi tövsiyə edilir. Bunlar aşağıdakılar aiddir:

-təhlil metodlarını seçmək. Onlar göstəricilərin nail olunmuş səviyyəsinin biznes plan, orta sahəvi, beynəlxalq və s. göstəricilərlə müqayisəsini aparmağa, yəni təhlil edilən təşkilatın biznes nəticələrini qiymətləndirməyə, onun inkişaf dinamikasını və perspektiv fəaliyyətini proqnozlaşdırmağa, həmçinin bazar sabitliyini qiymətləndirməyə imkan verməlidir.

-maliyyə hesabatları məlumatlarının müqayisəliliyinə nail olmaq və informasiyanın keyfiyyətini qiymətləndirilmək;

-analitik üsullar (prosedurlar, ilkin məlumatların yenidən təşkil edilməsi, sistemləşdirilməsi, göstəricilərin izahı üçün standart metodlardan istifadə edilməsi.

Təcrübədə maliyyə hesabatlarının təhlili bəzi hallarda dörd mərhələdə həyata keçirilir: qabaqcadan (ekspress təhlil), dərinləşdirilmiş, təhlilin nəticələrinin ümumiləşdirilməsi və proqnozlaşdırma . Təşkilatın maliyyə hesabatlarının ekspress təhlilinin məqsədi təsərrüfat subyektinin inkişaf dinamikasının və maliyyə müvəffəqiyyətinin operativ, əyani və sadə təhlilidir. Ekspress təhlili üç mərhələdə yerinə yetirmək məqsədəuyğundur. Bunlara aiddir:

-hazırlıq mərhələsi,

-maliyə hesabatlarının qabaqcadan nəzərdən keçirilməsi,

-məlumatların ümumiləşdirilməsi və hesabatların təhlili.

Birinici mərhələnin məqsədi maliyyə hesabatının təhlili məqsədmüvafiqliyi və onun tamlığı, etibarlılığı haqqında qərarın qəbul edilməsidir. Bu vəzifə auditor rəyi ilə tanışlıqla həll edilir. Mühasibat hesabatları hesabat dövründə təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin qarşılıqlı əlaqədə olan kompleks göstəriciləri kimi çıxış edir. İkinci mərhələnin məqsədi illik hesabatlarla yaxud mühasibat hesabatına izahlı qeydlərlə tanış olmaqdır. Bu hesabat dövründə işləmək şəraitini qiymətləndirmək, fəaliyyətin əsas göstəricilərinin meylini, təsərrüfat subyektinin əmlak və maliyyə vəziyyətinin keyfiyyətcə dəyişikliyini müəyyən etmək üçün lazımdır. Üçüncü mərhələ ekspress təhlilin əsasını təşkil edir və məqsədi təşkilatın maliyyə vəziyyətini və təsərrüfat fəaliyətinin nəticələrinin ümumiləşdirilmiş şəkildə qiymətləndirməkdir. Ümumi şəkildə ekspress təhlilin metodikası resurslar və onların quruluşunu, təsərrüfatçılığın nəticələrinin, xüsusi və borc vəsaitlərindən istifadənin səmərəliliyinin təhlilini nəzərdə tutur.


Yüklə 29,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin