Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialı
SƏRBƏST İŞ
İxtisas: Psixologiya
Fənn: Multikulturalizm Kurs: I Qrup: TSPX106 Tələbə: Babayeva Samirə Müəllim: Mikayılov Şahsəddin Mövzu: Multikulturalizm siyasət modelidir
BAKI – 2022
Plan:
1. Azərbaycan multikulturalizminin siyasətə təsiri
2. Multikultural ideyalar əsasında siyasətin qurulması
Multikulturalizm siyasət modelidir Azərbaycan multikulturalizminin siyasətə təsiri Multikulturalizm sözün hərfi mənasında “çoxmədəniyyətlilik” anlamına gəlir. Multikulturalizm siyasəti dedikdə isə bir dövlətin sərhədləri çərçivəsində müxtəlif mədəniyyətlərin qorunması, inkişafı və təbliğinə yönəlmiş humanist və demokratik dövlət siyasəti nəzərdə tutulur. Bir dövlətin müxtəlif fərqli mədəniyyətlərin daşıyıcısı olan etno-mədəni qrupları və dini konfessiyaları özündə birləşdirməsi həmin cəmiyyəti multikultural edirmi?
Çoxmədəniyyətli cəmiyyət dövlətin multikulturalizm siyasəti olmadan mövcud ola bilərmi? Multikulturalizm fəlsəfəsinin əsaslandığı 7 mühüm prinsip olmadan sadəcə etnik müxtəlifliyi multikulturalizm adlandırmaq mümkün deyil. Bu prinsiplər aşağıdakılardır:
1. Etno-mədəni müxtəlifliyin mövcudluğu prinsipi: Bu prinsip bir dövlətin daxilində müxtəlif mədəniyyətin daşıyıcıları olan milli azlıqların və eyni zamanda müxtəlif dini konfessiyaların mövcudluğu mənasını verir. Multikulturalizm siyasətini həyata keçirən dövlətlər bu cür müxtəlifliyi özünə qarşı təhlükə kimi görmür. Əksinə, cəmiyyətin zənginliyi kimi qəbul edərək həmin xalqların öz mədəniyyətlərini qorumaları üçün dəstək göstərir.
2. Mədəni indentiklik hüququ: Bu prinsip hər bir kəsin və ya qrupun öz mədəni identikliyini və ya xarakterini qoruyub saxlamaq hüququ olduğunu qeyd edir. Ancaq unutmaq lazım deyil ki, bu, vəzifə yox, sadəcə hüquqdur. Heç bir kəs məcburi şəkildə bir qrupa daxil edilə bilməz və ya hər hansısa bir mədəni qrupa üzvlüyünə görə alçaldıla bilməz.
3. Mədəni bərabərlik və qarşılıqlı dözümlülük prinsipi: Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, bütün etno-mədəni qruplar bərabərdir və yalnız qarşılıqlı hörmət və dözümlülük şəraitində mövcud ola bilərlər. Etnik mənşə identikliyi vətəndaşlıq identikliyindən sonra gəlməlidir. Beləliklə, ierarxik ikili identiklik mövcud olur. Buna ən gözəl nümunə Azərbaycan və ya Kanadanı misal göstərmək olar. Bütün milli azlıqlar ilk öncə azərbaycanlıdır, daha sonra ləzgi, avar, tatdır və s.
4. Etno-mədəni qruplar arası əlaqə prinsipi: Hər bir etno-mədəni və dini qrup və ya onun hər bir nümayəndəsi digər qruplarla və ya nümayəndələri ilə təhlükəsiz və sərbəst ünsiyyət qura bilməlidir. Eyni cəmiyyətdə mövcud olan hər bir kəs digər qruplara qarşı açıq fikirli olmalıdır.
5. Bərabər imkanlara sahib olmaq hüququ: Azərbaycan multikulturalizminin ən mühüm özəlliklərindən biri də onun sosial-liberal ikili təbiətə malik olmaqla ikili fundamental hüququ özündə birləşdirməsidir. Liberal hüquq olan mədəni müxtəliflik hüququnun sosial hüquq olan bərabər imkanlara sahib olma hüququna əsaslanması Azərbaycan cəmiyyətindəki müxtəlifliyi qorumağa və icmalararası sosial ədalətsizliyi aradan qaldırmağa yönəlmişdir.
6. Siyasi idarə prinsipinin mövcudluğu: Multikulturalizm və ya multikultural cəmiyyət özü təkbaşına inkişaf edə bilməz. Bunun üçün siyasi idarəetmə və dövlət dəstəyinin mövcudluğu mütləqdir.
7. Müxtəliflikdə mövcud olan təklik prinsipi: Hər bir milli azlıq və ya etnik qrup öz mədəniyyətinin yalnız ümumi mədəniyyətə ziyan vurmayan hissəsini qoruya bilər. Bəzən bu prinsipə, mədəniyyətin selektiv qorunması deyilir.
Multikulturalizm siyasətini dövlət siyasəti elan edən hər bir dövlət yuxarıdakı prinsiplərin hər birinə qarant durmalıdır. Bu prinsiplərin mövcudluğu multikulturalizmin siyasi əsaslarının olduğunu göstərir. Ancaq bu kifayətdirmi?
Tarixi inkişafdan keçərək formalaşmış çoxmədəniyyətli bir cəmiyyətin mövcudluğu və bu cəmiyyəti qoruyub saxlamaq üçün dövlətin siyasi iradəsinin mövcud olması əslində multikultiralizmin mövcud olmasına əsas verir. Ancaq bu siyasəti qoruyub saxlamaq üçün qanunvericilik bazası təkmilləşdirilməli və multikulturalizm siyasətinin hüquqi bazası formalaşdırılmalıdır. Buna misal olaraq, 1988-ci ildə Kanada “Multikulturalizm qanunu”nu qəbul etdi. Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi siyasət nəticəsində özünün mədəni müxtəlifliyini qorumaq üçün milli azlıqlar və dini qruplarla bağlı çoxlu sayda normativ hüquqi aktlar qəbul olundu. Ümummilli lider Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğunun əsasını qoydu və apardığı islahatlarla ölkədə tarixən mövcud olan etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsini təmin etdi. 1994-cü il sentyabrın 29-da BMT Baş Məclisinin sessiyasındakı çıxışında ümummilli lider Heydər Əliyev demişdir: “Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən asılı olmayaraq, çoxmillətli Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Qarşımızda duran ən mühüm vəzifə konstitusiyanın əsas prinsiplərini dərindən mənimsəmək, respublika həyatına tətbiq etmək və onun verdiyi təminatları reallaşdırmaqdan ibarətdir”.
Ulu öndərin rəhbərliyi ilə hazırlanan və 12 noyabr 1995-ci ildə referendum yolu ilə, demokratik tərzdə ümumxalq müzakirəsinə çıxarılmaqla qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında da multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipləri aydın şəkildə təsbit edilmişdir. Dövlət müstəqilliyi haqqında Konstitusiya aktında Azərbaycan Respublikası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini tanıdığını bəyan etdi. Azərbaycan BMT-nin qəbul etdiyi aktlara, habelə Uşaq Hüquqları Konvensiyasına qoşuldu. Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli “ İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı insan hüquqları sahəsində ən mühüm sənədlərdəndir və bu, mütəxəssislər tərəfindən həmin sahədə ilk strateji sənəd kimi dəyərləndirilir.
Multikulturalizmin məhək daşı olan dövlət-din münasibətlərinə böyük önəm verən ulu öndər deyirdi: “Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratik dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə, dinindən, irqindən, siyasi mənsubiyyətlərindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”. Ulu öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini və modelini formalaşdırıb.