AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 3,8 Mb.
səhifə12/44
tarix14.01.2017
ölçüsü3,8 Mb.
#48
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

Məlik Əşrəf 1357-ci ildə Azərbaycana hücum etmiş Qızıl Orda xanı Canibəy tərəfindən öldürülür. Ölkədə hakimiyyət Cani bəyin oğlu Qızıl Ordalı Bərdibəyin əlinə keçir. Əbu Bəkr əl-Qütbi əl-Əhəri yazır: «Onun hakimiyyəti iki aya çatmadı. Onun nəsəbi Bərdi bəy bin Canı bəy, bin Özbək, bin Toğrulca, bin Menku Temir, bin Noqay, bin Batu, bin Cuçi bin Çingiz xandır».

Müəllim hadisələrin gedişini və yaranmış vəziyyəti izah edərkən bu vəziyyətdən istifadə edən Çobani əmiri Əxicuqun 1357-1358-ci illərdə hakimiyyəti öz əlinə keçirə bilməsini və bir il Azərbaycanda hakim olmasını tələbələrə aşılamalıdır.

1357-ci ildə Elxanilər dövləti tam süqut edir. Azərbaycan müvəqqəti olaraq Qızıl Orda dövlətinin tərkibinə daxil olur.

Atası Həsən Bozorqun ölümündən sonra (1356-cı il) Cəlairilər dövlətinə sahib olan Şeyx Üveys (1356-1374) 1358-ci ilin oktyabr ayında Təbrizə yürüş edir. O, Əxicuqu məğlub edib, şəhəri tutsa da, çox çəkmədən yenidən Bağdada qayıtmalı olur. Azərbaycan isə yenidən Əxicuqun ixtiyarına keçir.

Şeyx Üveys 1359-cu ildə yenidən yürüş edib Təbrizi tutur və Azərbaycan Cəlalirilər dövlətinin tərkibinə daxil edilir. Az sonra Şirvan da Şeyx Üveys tərəfindən işğal olunur. Azərbaycan, Arran, Şirvan və Muğan vilayətlərinin yenidən vahid dövlətin tərkibinə daxil olması Azərbaycan xalqının sonrakı maddi və mədəni həyatının inkişafına müsbət təsir göstərir. Bu zaman Cəlairilər dövlətində mərkəzi hakimiyyət güclənir, təsərrüfatda canlanma baş verir.

1374-cü ildə Şeyx Üveysin ölümündən sonra hakimiyyət başına Əhməd Cəlair gəlir. Tələbələrə izah etmək lazımdır ki, Cəlair Əhmədin hakimiyyətinin ilk illəri sakit keçsə də, artıq Orta Asiyada hakimiyyəti ələ keçirmiş Əmir Teymurun Ön Asiya ərazisinə yürüşü bu sakitliyi pozur.

1385-ci ildə Orta Asiyalı cahangir Əmir Teymurun qoşunları Sultaniyyə şəhəri yaxınlığında döyüşdə Cəlairilər üzərində qələbə çalır, lakin Orta Asiyada xalq iğtişaşları baş verdiyindən, Teymur geriyə qayıtmalı olur.

Burada tələbələrə Qızıl Orda xanlarının tez-tez Azərbaycana olan yürüşlərini xatırlatmaq yerinə düşər. 1386-cı ildə Toxtamış xan 90 min nəfərlik qoşunla Azərbaycana hücum edir. Onun qoşunları Təbrizə gəlib çatır və o, 8 günlük mühasirədən sonra Təbriz şəhərini tutur. Onlar əhalinin bir hissəsini qılıncdan keçirir, Naxçıvan, Marağa, Mərənd, Sultaniyyə şəhərlərini dağıdaraq, 200 min nəfərə qədər əsir aparırlar.

1387-ci ildə Teymurun qoşunları yenidən Azərbaycana soxularaq Cəlairi qoşunlarını darmadağın edirlər. Beləliklə, Azərbaycanda müvəqqəti də olsa monqol hakimiyyəti ləğv edilir. Teymurun qoşunları tərəfindən sıxışdırılan Sultan Əhməd Cəlair və Qaraqoyunlu tayfa ittifaqının başçısı, Baharlı tayfasının Barani sülaləsindən olan Qara Yusif əvvəl Osmanlı Sultanının sarayına, sonra isə Suriya və Misir məmlüklərindən olan Sultan Fərəcin sarayına pənah apararaq, elə sonuncu tərəfindən də həbsə alınırlar.

Burada tələbələrin nəzərinə bir məsələni xüsusi olaraq çatdırmaq lazımdı ki, 1402-ci ildə Teymurun qoşunları Ankara yaxınlığında Sultan Bəyazidin qoşunlarını darmadağın edib, sultanı isə əsir alır. Bu hadisələrdən bir qədər sonra, 1405-ci ildə Teymurun ölüm xəbəri Suriyaya çatan kimi Sultan Fərəc dərhal əsirlərin ikisini də həbsdən azad edir və sərbəst hərəkət etmələrinə imkan verir. Müttəfiqlərin hər ikisi özlərinə tabe olan əmirləri və onların nökərlərini toplamağa başlayırlar. Sultan Əhməd nisbətən az qüvvə toplaya bilir. Qara Yusif isə böyük sayda qoşun toplamağa nail olur. Bu qoşuna yalnız qaraqoyunlular deyil, Kürdüstan, Ermənistan və Azərbaycanın cənub vilayətləri, kürd əmirlərinin qeyri nizami dəstələri də daxil olur.

Tələbələrə izah etmək lazımdır ki, artıq xeyli miqdarda qoşun toplayan Sulttan Əhməd və Qara Yusif 1406-cı ilin iyun ayında Bağdadı işğal edərək dərhal Cənubi Azərbaycana doğru hərəkət yönəlirlər. 1406-cı ilin iyun ayının sonlarında müttəfiqlərin qoşunları Təbrizə yaxınlaşırlar. Sultan Əhməd yalan vədlərlə Təbriz yoxsullarını öz tərəfinə çəkə bilir. Təbriz qazısı İmadəddin də Sultan Əhmədin tərəfinə keçir və bəxşiş olaraq bütün Naxçıvan mahalını öz hakimiyyəti altına alır.

Bu zaman Təbrizdə qərar tutan Şirvanşah İbrahim öz yaxın adamları və Təbriz ağsaqqalları ilə müşavirə etdikdən sonra, şəhəri tərk etmək və öz qoşununu Arazın o tayına keçirmək qərarına gəlir.

Sultan Əhməd Təbrizdə möhkəmləndikdən sonra Əlincə qalasının bərpa edilməsi haqqında fərman verir və bütün xərci ətrafdakı rəiyyətin üzərinə qoyur. Əvvəlki gücündə olmasa da, 1406-cı ildə Cəlairilər dövləti yenidən bərpa edilir.

Tələbələrin nəzərinə çatdırmaq lazımdır ki, teymurilər hələ də Azərbaycandan əl çəkmək istəmirdilər. Odur ki, 1408-ci il aprel ayının 21-də Cənubi Azərbaycanda, Səfidrud yaxınlığında qardaşı Şahruxdan 20 min nəfər kömək almış Miranşahın qüvvələri ilə Qara Yusifin qoşunları arasında böyük döyüş baş verir. Miranşahın qoşunu məğlub edilir, özü isə döyüş vaxtı öldürülür. Sultan Əhməd Qara Yusifin köməyi ilə yenidən Təbrizə qayıdır. Teymuri qoşunlarının qalıqları bundan sonra Azərbaycanı tərk edirlər.

Cəlairilər dövləti öz əvvəlki ərazisində rəsmi olaraq bərpa edilir. Həqiqətdə isə bu dövlətin vəziyyəti çox ağır və acınacaqlı halda idi. Əsas qüvvəni qaraqoyunlu qoşunları təşkil etdiyindən Cənubi Azərbaycan şəhərlərinin hamısında onların qornizonları dururdu. Təbiidir ki, Qara Yusifin Sultan Əhmədə etdiyi kömək səbəbsiz deyildi. Deyilənlərə görə, hələ Suriyada zindanda olarkən Sultan Əhməd Qara Yusifə vəd vermişdi ki, əgər hər ikisi azad olaraq müvəffəqiyyət əldə edərlərsə, o zaman Cənubi Azərbaycanı Təbriz şəhəri ilə birlikdə Qara Yusifə verəcək, Bağdad şəhəri ilə Ərəb İraqını isə özündə saxlayacaqdır. Lakin teymuri qoşunları Azərbaycandan qovulduqdan sonra müttəfiq olmaq nəinki Sultan Əhmədə lazım olmadı, hətta Qara Yusif onunçün böyük maneə kimi göründü. Beləliklə, sabiq müttəfiqlərin arası pozulur.

Tələbələrə hər iki müttəfiqin aralarındakı münasibətlərin pozulma səbəblərini izah edərək bildirmək lazımdı ki, Sultan Əhməd 1410-cu ildə Qara Yusifin əsas qüvvələrinin birləşmiş ağqoyunlu tayfalarının başçısı və Şimali Mesopotamiyada yerləşən Amid qalasının hakimi Osman Qara Yuluc ilə müharibə etməsindən istifadə edərək Təbriz qalasına hücum etməklə onu şəhərdən çıxarmaq istəyir. Bu zaman Cəlair Əhməd Orbelian nəslindən İvannenin oğlu, Sünik vilayətinin erməni knyazı Smbatdan yardım haqqında söz alır və Şirvanşah İbrahimdən də kömək istəyir. Şirvanşah İbrahim Cəlair Əhmədə kömək etməyə razı olur və oğlu Kəyumərsin sərkərdəliyi altında Şirvan qoşununu Cənubi Azərbaycana göndərir. Şirvanşah İbrahimin bu hərəkətinin səbəbini tələbələrə açıqlamaq lazımdır. Belə ki, Cəlairilər dövləti bu dövrdə zəif olduğundan Şirvan üçün ciddi bir təhlükə törədə bilməzdi. Şirvan qoşunu Sultan Əhmədə kömək etməklə gələcəkdə Azərbaycanın cənub vilayətlərində möhkəmlənib qala bilərdi.

Qara Yusif hadisələrdən xəbər tutan kimi sürətlə Cənubi Azərbaycana hərəkət edir və Şirvan qoşunundan qabaq oraya çatır. Təbriz yaxınlığında, Şənbi-Qazan ətrafında 1410-cu il avqust ayının 30-da Qara Yusiflə Sultan Əhmədin qoşunları arasında döyüş başlayır. Cəlairilərin qoşunu bu döyüşdə məğlub edilir və qaçıb dağılır. Qara Yusif əsir düşən köhnə müttəfiqini hakimiyyətin yeni sülaləyə keçməsi haqqında Fərman verməyə məcbur edir. Ertəsi gün–avqust ayının 31-də Sultan Əhmədi boğub, meyidini çarmıxa çəkirlər. Beləliklə, Cəlairilər dövləti süqut edir və onun yerində başda Baharlı tayfasının Barani sülaləsi olmaqla Qaraqoyunlu dövləti və hakimiyyəti yaranır. Tələbələrin nəzərinə çatdırırıq ki, bu hadisədən sonra Cəlairi sülaləsinin bəzi nümayəndələri Ərəb İraqında XV əsrin 40-cı illərinə qədər qalsalar da, bir qədər keçəndən sonra onları oradan da qovurlar.

5.Monqolların idarəçilik sistemi

a) Qazan xanın islahatlarınadək idarəçilik

Hülakülər dövləti Yaxın və Orta Şərqdə geniş ərazini əhatə edirdi. Bu dövlətin sərhədləri Misirdən Amu-Dərya çayına, Hörmüz körfəzindən Dərbəndə (Bab əl-Əbvaba) qədər uzanırdı. Hülakülər dövlətinin tərkibinə Azərbaycan, İraq-i ərəb, İraq-i əcəm, Kirman, Gürcüstan, Kiçik Asiya (Rum), Erməniyə, Kürdüstan, Fars, Xuzistan, Xorasan və s. vilayətlər daxil idi.

XIII əsrin ortalarında Hülakülər dövlətinin təsisi Ön Qafqazda vilayətlər arası sərhədlərin sabitləşməsinə, nisbətən dəqiq sərhəd zonalarının müəyyənləşməsinə səbəb olur və kiçik təbəddülata baxmayaraq, bu vəziyyət Qaraqoyunlular dövlətinin təsisinə kimi davam edir. Azərbaycan Hülakülər-Elxanilər dövlətinin mərkəzi vilayəti, Marağa və Təbriz isə həmin dövlətin müxtəlif dövrlərdə paytaxtı olmuşdu.

Monqol, türk tayfalarının Azərbaycanda məskunlaşması və Hülakülər dövlətinin təsisi ölkənin ictimai-iqtisadi və siyasi həyatı ilə yanaşı, onun idarə sisteminə və dövlət quruluşuna da təsir göstərmişdi. Tələbələrə səbəbləri göstərilməklə izah edilməlidir ki, Azərbaycanda iki dövlət quruluşunun—yerlilərə və köçərilərə məxsus dövlət quruluşlarının çuğlaşması və qarşılıqlı təsiri nəticəsində yeni, nisbətən inkişaf etmiş, təkmilləşmiş dövlət quruluşu və idarə sistemi yaranır. Yeni sistem özündə hər iki dövlət quruluşunda olan ən yaxşı müsbət cəhətləri cəmləşdirirdi. Dövrün kamil idarə sistemlərindən sayılan həmin sistem ölkənin siyasi, ictimai, mənəvi həyatı və təsərrüfatının bütün sahələrinin idarəsini özündə birləşdirirdi.

Təsərrüfatın idarəsi «Divan sistemi» üzrə təşkil edilmişdi. Mərkəzi dövlət divanına vəzir və onun naibi başçılıq edirdi. Buraya iyirmidən artıq sahə üzrə divanlar tabe idi. Maliyyə sisteminə mustovfi baxırdı. Mühasibat işləri yeddi dəftər əsasında aparılırdı. Bu dəftərlərdə maliyyə sahəsində baş vermiş gündəlik hadisələr, təsərrüfatın müxtəlif sahələri üzrə hesabatlar, mərkəzi divana aid xərclər, vilayət və şəhərlər üzrə qeydlər, ölkənin qanun toplusu və s. cəmləşmişdi. Təbrizə aid dəftər başqa şəhərlər üçün ölçü, qiyas rolunu oynayırdı.

Tələbələr bilməlidir ki, Hülakülər dövlətində hərbi idarə sisteminə, təsərrüfata nisbətən üstünlük verilirdi. Dövlətin hərbi qüvvələri baş əmirin ixtiyarında idi. Baş əmir dövlətin dörd yüksək rütbəli əmiri arasında seçilir və elxan tərəfindən təsdiq edilirdi. Qalan 3 əmir «qol əmirləri» adlanırdı. Dövlət fərmanlarında hökmdardan sonra bu dörd əmirin adı, sonra isə vəzirin adı yazılırdı. Tələbələrin nəzərinə çatdırmaq lazımdır ki, baş əmirlər Hülakülər dövlətinin idarəsində həlledici rol oynamış və bəzən də dövlətin faktiki hakimi kimi fəaliyyət göstərmişlər.

Hülakülərin ədliyyə sistemi iki böyük hissəyə ayrılırdı. Şahzadələrə, köçəri feodallara, hərbi hissələrə aid mübahisələr Çingiz xanın “Yasa”sına əsaslanan “yarğu” məhkəmələrində, yerli əhaliyə aid mübahisələr isə qəza məhkəmələrində, şəriət qanunları əsasında aparılırdı. Yarğunun şəriət məhkəmələrinin işinə müdaxilə etməsi qanunla qadağan edilirdi.

Hülakülər dövlətinin başında səlahiyyəti məhdudlaşdırılmayan hərbi feodal mütləqiyyəti üsul-idarəsindən ibarət «Elxan» və ya «Sultan» dururdu. Səltənətə Hülakü xanın nəslindən olan şahzadələr yiyələnə bilərdilər. İlk vaxtlarda şahzadələr Çingiz xanın “Yasa”sına əsasən qurultayda seçilir və Ali monqol xaqanlığı tərəfindən təsdiq olunurdular. Lakin bu proses XIII əsrin son rübündə formal xarakter alır və tədricən aradan çıxır. XIV əsrin ikinci rübündə hülakülər səltənətinə feodal ara müharibələrində qələbə çalan feodalların irəli çəkdiyi şahzadələr sahib dururlar. Onlar tamamilə asılı vəziyyətdə olub, yalnız Azərbaycanda Hülakülər dövlətinin mövcud olduğunu nümayiş etdirirdilər.

Tələbələrə məlumat verilməlidir ki, ölkənin baş qazısı dini işlərin idarəsinə cavabdeh idi. Onun sərəncamında «Qazılar dördlüyü», vilayət və şəhər qazıları işləyirdilər. Baş qazı şəriət qanunları əsasında mühakimələr aparır, dini baxışların genişlənməsi, gəlirlərin artırılması, xəzinənin və vəqf əmlakının mühafizəsi ilə məşğul olurdu. İctimai-iqtisadi və mədəni həyatın bir çox sahələri—zəkat və cizyə toplanması əhali arasında nizam intizamın qorunması, ticarətdə, pul dövriyyəsində əyintilərə yol verilməməsi, karvan yollarında əmin-amanlığın təmini, məscid, mədrəsə və tibb sahələrinin idarəsi dini idarələrin öhdəsinə düşürdü.

«Əmarət» (əmirlik) adlı təşkilatda dövlətin hərbi və inzibati idarələri cəmləşirdi. Qoşun tümənlərə (on minliklərə), minliklərə, yüzlüklərə və onluqlara bölünürdü. Və bunlar müvafiq əmirlər tərəfindən idarə olunurdu. Orduda inaq, bukaul, yasaul, yurdçu, bəlarğuçi, bəxşi və s. məmurların xidməti vəzifə səlahiyyətlərini tələbələ izah etmək daha düzgün olardı. Belə ki, inaqlar hərbi məsləhətçi idilər. Bukaullar divandan ayrılmış ixracatı və yürüşlərdən əldə olunan gəlirləri hərbi hissələr arasında bölməli, ordu hissələrinin təminatı ilə məşğul olmalı idilər. Yasaullar qoşun hissələrini döyüş meydanlarına aparıb onları döyüşə hazır vəziyyətdə saxlamalı idilər. Düşərgədə, yaylaq və qışlaqlarda padşahın və hərbi hissələrin yerləşdiyi məskənlər—yurdlar yurdçular tərəfindən salınırdı. Bəlarğüçi öz dəstəsi ilə qoşun hissələri çəkildikdən sonra döyüş meydanlarında, yurdlarda qalıb itkin düşmüş, azmış adamları, mal-qaranı və əşyaları toplayıb sahiblərinə çatdırmalı idi. Hərbi kargüzarlıq bəxşilər tərəfindən aparılırdı.

İstifadəsiz torpaqların becərilməsi, tikintinin, ticarətin, sənətkarlığın, rabitənin və s. sahələrin idarəsi ilə məşğul olan xüsusi orqanlar—«Divan»lar Azərbaycanda fəaliyyət göstərirdi.

Hülakülər dövlətinin ərazisi vilayətlərə, onlar isə tümənlərə bölünmüşdü. «Tümən» hərbi və inzibati bölgü baxımından eyni ərazini əhatə edirdi. Azərbaycan müstəqil vilayət kimi doqquz tümənə bölünmüşdü və onların hər biri Azərbaycanın iri şəhərlərindən birinin adı ilə (məsələn: Təbriz tüməni, Ərdəbil tüməni və s.) adlanırdı. Vilayətlər iki nəfər tərəfindən idarə olunurdu. Vilayət hakimlərinin vəzifəsi mərkəzçi hökumətin mənafeyini müdafiə etmək və göstərişləri yerinə yetirmək, sərhədləri qorumaq, təsərrüfatı idarə etmək, xalq hərəkatını və sinfi mübarizəni boğmaq idi.

Burada bir məsələni tələbələrə xüsusi olaraq izah etmək lazımdır. Monqol uluslarında iki siyasi axın bir-biri ilə qarşılaşırdı. Bu axınlar hərbçi monqol əyanlarının mənafeyi ilə bağlı idi və çöl örüş davranışını sürdürüb davam etdirmək məramında dayanırdı. Birinci siyasi axının tərəfdarları kəndlilərin, sənətkarların və başqa zəhmət adamlarının amansız istismarı ilə var-yoxdan çıxarılmasına, daimi təqib və terror altında saxlanılmasına çalışırdı. Bunlar oturaq təsərrüfata qayğı göstərmir, onun dirçəlməsini düşünmür, əksinə bir vaxt yüksək inkişaf yolu keçmiş əkinçilik yerlərini öz sürüləri üçün örüş və kövşənlərə çevirməyə çalışırdı. Məhz bu qrupun inadlı tələbi ilə Çingiz xan köçəri monqolların oturaq həyata keçməsini ayrıca bir buyruqla qadağan etmişdi. Bu hərbçi mürtəce əyanlar əslində monqol dövlətinin də mənafeyinə düşmən idilər. Çünki dövlət şəhər və kənd əhalisinin əməyi ilə yaşayırdı. Bu axını təmsil edənlərin sırasında Çingiz xanın oğlu Cağatay, həmçinin, Cəbə, Subutay, Xubilay, Celme kimi sərkərdələr var idi.

İkinci axının mövqeyi üçün güclü mərkəzi idarəçiliyin, xan hakimiyyətinin yaranması, hərbi-köçəri əyanların mərkəzdən qaçma meylinin dəf edilib aradan götürülməsi başlıca yer tuturdu. Bu məqsədə nail olmaq üçün tabe edilmiş ölkələrin oturaq yerli əsilzadələri və şəhərlərin yüksək zümrə və təbəqələri ilə yaxınlaşmaq zəruri idi. Yalnız «örüş» siyasətini rədd etmək, şəhər və kənd təsərrüfatına münasibəti kökündən dəyişmək yolu ilə bu məqsədə yetişmək olardı. Çingiz xanın böyük oğlu Cuçi xan və o biri oğlu Ugedey öz atalarının qırğın siyasətini, tabe edilmiş ölkələrin tarmar və talan edilməsini pisləyirdilər. Cuçi narazılıqla söyləyirdi: “Çingiz xan bir çox xalqları məhv etməklə və bu qədər dövlətləri dağıtmaqla ağlını çaşmışdır. Mənə belə gəlir, atamı ovda öldürüb (Xarəzmşah) Sultan Məhəmmədlə yaxınlaşmaq, bu dövləti abad vəziyyətə gətirərək müsəlman xalqlarına kömək əli uzatmaq məqsədyönlü bir iş olardı».

Tələbələrə başa salmaq lazımdı ki, XIII yüzilin 90-cı illərində «örüş siyasəti»nin həyata keçirilməsi monqol hakimiyyətinin özünü təhlükə qarşısında qoymuşdu. Odur ki, ümumi qanunvericilikdə islahatlar keçirilməsi zəruri idi.

b) Qazan xanın islahatlarından sonra Hülakülər-Elxanilər dövlətində idarəçilik və hüquq sistemi.

Bu bölməni izah etməzdən əvvəl tələbələri başa salmaq lazımdır ki, islahat ideyasının meydana çıxmasının başlıca səbəbi bütün Orta və Yaxın Şərqdə Hülakü imperatorluğunun özülünün sarsılması idi. Həmçinin, tələbələr bilməlidir ki, yeni xəttin başbiləni Fəzlullah Rəşid-əd-din olmuşdu. O, keçiriləcək islahatların fəlsəfi özülünü qoymağa çalışır, rəiyyətə, əslində xərac ödəyəsi olan bütün kənd və şəhər əhalisinə qarşı «ədalətli» siyasət yeritmək fikrini düzgün müdafiə edirdi. Rəşid-əd-dinin fikrincə hər hansı bir dövlətin mədaxil xəzinəsi («Xəzineyi daxl») rəiyyət özüdür, onun halal zəhməti və çalışqanlığıdır. Rəiyyət soyulub vardan çıxarılarsa, hökmdarlara və xəzinəyə heç bir qazanc qalmaz. O, yazırdı: «Və işin kökünə baxsan, hər bir səltənətin özülü ədalətdir, çünki...dövləti ordu qazanır,—dövlətin ordudan başqa gəlir ağacı yoxdur, ordunu isə vergi (mal) hesabına saxlamaq olar,—vergisiz qoşun yoxdur, vergi isə rəiyyətdən alınır. Rəiyyətdən başqa vergi verən yoxdur, rəiyyəti isə ədalət hesabına saxlamaq olar. Ədalət yoxdursa rəiyyət də yoxdur».

Artıq dinc əhaliyə, xüsusilə rəiyyətə qarşı dövlət siyasətini kökündən dəyişdirmək zərurətini monqol hakim dairələrinin düşünən nümayəndələri də anlayırdılar. Yeddinci hülakü hökmdarı Qazan xan (1295-1304) öz sahibi-divanı Rəşid-əd-dinlə bir mövqedən çıxış edirdi. Onun fikrincə, bütün işlər, gəlir və firəvanlıq rəiyyətin çalışqanlıq və əməyindən, əkinçilik və ticarət işlərindən asılıdır. Bununla o, hər hansı bir cəmiyyətin yaşayıb irəli getməsi üçün başlıca dayaq olan 3 sosial təbəqənin (rəiyyətin, sənətkarların və tacirlərin), kənd və şəhərlərin iş adamlarının əməyinə qayğı ilə yanaşmağı tələb edirdi. Onlara qarşı davranışın «Örüş siyasəti» üzərinə deyil, bir «müdrik», yumşaq siyasət üzərinə keçirilməsinə tərəf çıxırdı. Öz acgöz, hərbçi əmirlərinə üz tutaraq o söyləyirdi: «Əgər onların (kəndlilərin, bütün vergi ödəynlərin) hamısının ucdantutma talan edilməsi ağıllı bir iş sayılırsa, gəlin edək... Ancaq gələcəkdə rəiyyətdən taxıl (tağar) və süfrəniz üçün azüqə (aş) yığmaq gümanında olsanız və bunun üçün mənə müraciət etsəniz mən sizinlə amansız davranacağam. Siz gərək ağıllı başlı düşünəsiniz. Bir halda siz rəiyyəti incidərək onun qoşqu heyvanlarını və toxumunu əlindən alırsınız, çörək zəmisini tapdayıb yox edirsiniz, bəs onda gələcəkdə nə ilə dolanacaqsınız. Siz onların arvad və uşaqlarını döyüb işkəncə verirsiniz, bu barədə də gərək düşünəsiniz».

Tələbələrə izah etmək lazımdır ki, Qazan xanın Rəşid-əd-dinlə birlikdə keçirdiyi başlıca islahatlardan biri hərbi iqta torpaqları haqda 1303-cü il qanunudur. Bu qanuna görə qoşunda hərbi xidmətdə olan bütün monqol kişilərinə irsən atadan oğula keçən iqta verilirdi. Sosial hüququ baxımdan iqta torpaqlarını alan döyüşçülər kiçik torpaq sahiblərinə çevrilirdilər. İlkin elxanlar çağında iqta çox az adamlara, başlıca olaraq yüksək rütbəli qoşun başçılarına verilirdi.

Sıravi döyüşçü kütləsinə torpaq paylanmırdı. Bu kütlə bir qtsmi natura ilə, bir qismi isə pul ilə ödənilən dolanışıq xərci hesabına yaşayırdı. Belə ödəniş daimi, aramsız səciyyə daşımırdı. Ancaq onun bu naqis cəhətləri yürüşlər zamanı yeni-yeni ölkə və vilayətlərdə ələ keçirilən qənimət hesabına ört-basdır edildiyindən açılmırdı. Tələbələrə izah olunmalıdır ki, Qazan xanın hakimiyyətə gəldiyi XIII əsrin 90-cı illərində saysız qənimət və qazanc verən yürüşlər artıq kəsilmişdi. Buna görə döyüşçülər və bütün ordu içərisində böyük narazılıq yaranmağa başlamışdı. Ordunun narazılığı Hülakü dövlətinin bütün varlığını təhlükə qarşısında qoyurdu. Çünki boş xəzinə orduya aylıq vermək gücündə deyildi.

Torpaq almaqla kiçik feodallara çevrilən döyüşçülər kütləsinə 1303-cü il qanunu ilə böyük üstünlük və imtiyazlar verilirdi. Birincisi, yeni iqta sahibinə əvvəllər dövlət xəzinəsi xeyrinə ödənilən renta ilə yanaşı bütün vergiləri kəndlilərdən toplamaq hüququ verilirdi. İkincisi, ikta nəsil torpaq sahəsinə çevrilirdi bir şərtlə ki, atanın yalnız ordu xidmətində onun yerini tutub qulluq çəkən oğluna çatırdı. Üçüncüsü, əkin yeri suvarma qurğuları və s. ilə birlikdə həmin torpaqla bağlı olub, onu əkib becərən rəiyyətlər də torpaq sahibinin ixtiyarına keçirdi.

1303-cü il yarlığında ayrıca göstərilirdi ki, keçmiş incu və divan torpaqlarında kopçur və başqa vergilər ödəyən rəiyyətlər indi bu mükəlləfiyyətləri öz yeni ağalarına ödəməlidirlər. Yarlıqda yazılmışdır ki, monqol döyüşçülərinə paylanılan iqta torpaqlarının keçmiş rəiyyətləri başqa torpaqlara qaçıb dağılmışsa və bu qaçqınlıqdan 30 ildən çox vaxt keçməyibsə indi yeni sahiblərinə qaytarılmalıdırlar.

Tələbələr bilməlidir ki, döyüşçülərə səxavətlə paylanılan torpaq öz-özlüyündə onları dolandıra bilməzdi. Gəlir götürmək üçün torpağı becərən gərəkdir, əkib-biçən olmalıdır. «Örüş siyasəti» kəndlini torpağı atıb qaçmağa məcbur etdiyi üçün «Yeni siyasət» onları bir biri ilə yenidən birləşdirməyi nəzərdə tuturdu. Başqa yolla ordunu daimi gəlir mənbəyi ilə təmin etmək, onun təhlükəli narazılığını aradan götürmək olmazdı.

Beləliklə, iqta torpaqları haqqında verilən yarlıq güzəştli fərman idi. Qazan xan dövlət hərbi maşını qarşısında güzəştə gedirdi. Çünki yalnız onun gücü ilə mərkəzi hakimiyyəti parçalamağa çalışan mürtəce «Örüş siyasəti» tərəfdarlarının qarşıdurmasını yox edə bilər, həm də ordunu xarici siyasət məsələlərinin həlli üçün öz ardınca apara bilərdi. Xarici siyasət sahəsində isə başlıca məsələ Qızıl Orda ilə müharibələrin davam etdirilməsi idi. Bu isə güclü ordu olmadan mümkün deyildi.

Ölüm qorxusu altında dövlətin verdiyi iqta torpağını satmaq, bağışlamaq və cehiz vermək ona qadağan olunurdu. Əgər iqtadar aldığı torpağın becərilib dirçəlişi üçün qayğı göstərmir, onu yaxşı saxlamırdısa, torpağın geri alınması nəzərdə tutulurdu. İqta sahiblərinin özbaşınalığı üzərinə nəzarət qoyulur rəiyyəti qula çevirib onlarla əsir kimi davranmaq yasaq edilirdi. Başlıca mükəlləfiyyət öhdəlikləri, yəni biyar ilə bağlı olmayan işlərin onların üzərinə qoyulması da yasaq idi. Vergilər müəyyən olunmuş bir vaxtda yığıla bilərdi, natura ilə, pul və biyarda ödəniləcək mükəlləfiyyətlərin müddəti dəqiq göstərilirdi. Rəiyyət üzərində sonsuz və amansız soyğunçuluq vasitəsinə çevirilmiş olan müqatiə sistemi (vergi yığımının icarəyə verilməsi) ləğv edilirdi. Bütün bu yeniliklər rəiyyəti «Örüş siyasəti» üçün xas olan özbaşınalıqdan, qanunsuzluqdan qorumağa, rəiyyətin öz təsərrüfat işlərini arxayınçılıqla yerinə yetirməsi üçün şərait yaratmağa yönəlmişdi. Nəhayət yarlıq, yeni torpaq sahiblərinə başqalarının torpağını, arx, kəhriz və su hövzələrini tutub ələ keçirməyi, o sıradan başqalarının gəlir və qazancına tamah salıb ortaq çıxmağı qadağan etmişdi.

Bu yerdə tələbələrin nəzərinə çatdırılmalıdır ki, rəiyyət və bütün kəndlilər üçün bu yeniliklərin əhəmiyyəti də az deyildi. Dövlət divanı xeyrinə torpaq vergisinin (xəracın) və başqa vergilərin toplanma qaydasının dəyişdirilməsi onlar üçün tutarlı yenilik idi. Bu iş yeni torpaq sahibinin (iqtadarın) öz ixtiyarına verilsə də, qayda-qanun gözlənilirdi. Vergilərin qədəri, və ödəniş vaxtı dəqiq bildirilirdi. Taxıl vergisi əkinçilərdən yalnız ildə iki dəfə:-21 mart-11 aprel və 22 sentyabr-12 oktyabr arasında və ya ildə bir dəfə (20 gün içərisində) yığıla bilərdi. Göstərilən zaman xaricində, və ya artıq vergi tələb etmək ağır cəzalarla qadağan edilmişdi. Taxıl vergiləri kəndlilərin öz yük heyvanları ilə dövlət ambarlarına daşınmalı idi. Hər bir kənddə metal və ya taxtadan tabaq vurulmalı, ödəniləcək verginin miqdarı buraya yazılıb, göstərilməli idi.

Elxanilər ilk zamanlar 3,072 qramlıq gümüş dirhəm tətbiq edirdilər. Bunun altı misli bir gümüş dinar, dinarın isə 10.000 dənəsi bir tümən idi. Alış-veriş, bazar hesabları dirhəmlə gedirdi. Kəsilən pulların mədən tərkibi qarışıq olduğundan çətinliklər yaranırdı. Qazan xan bu işə də qatıldı. Onun məsləhətı ilə dirhəmin gümüş dəyəri kiçildildi. Bir dirhəm 2,304 qram saf gümüşə bərabər tutuldu. Dinar isə bunun altı misli ölçüsündə 13,827 qram saf gümüşə bərabər sayıldı.

Vergi sisteminə başqa mühüm yeniliklər də gətirilmişdi. Qoşunların və dövlət xəzinəsinin hərbi qulluqçulara, məmurlara və təqaüdçülərə borclu olduğu məbləğin kəndlilər üzərinə bir mükəlləfiyyət kimi qoyulması da ləğv edildi. Yam və poçt mükəlləfiyyətləri kəndlinin üzərindən götürüldü. Vahid rabitə sistemi yaradıldı. Başlıca yollarda üç fərsəxdən (21 km) bir yam (rabitə dayanacaqları) açıldı. Yam əmirlərinin ixtiyarına istənilən sayda qulluqçu və atlar verildi. Ezam olunan dövlət elçiləri yol xərcini rəiyyətdən deyil, divandan almalı, karvansaralarda gecələməli, lazımi məntəqəyə getmək üçün yalnız yam xidmətindən istifadə etməli idilər.


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin