Tahir Mirzə:
Mollalar mollası, mollalar xası
Silinsin qalmasın könlünün pası
Dağılsın mollanın məktəbxanası
Nədən hamı gəldi Zöhrəm gəlmədi?
Tahir Mirzə gördü ki, bu oxuyanda molla başını aşağı sallayır, aldı dübarə:
Lənət gəlsin bu dünyada bəd əsil örətlərə
Saldı mən fəqiri yanar-yanmaz odlara
İsmayil tək qurban kəsərəm Zöhrə kibi adlara
Nədən hamı gəldi Zöhrəm gəlmədi?
Tahirin sözləri söylənər dildə
Bülbülün həmişə meyli olar güldə
Zöhrənin gözləri qalubdur yolda
Nədən hamı gəldi Zöhrəm gəlmədi?
Xan Tahir sözlərini tamama yetirdi. Tahir belə oxuyub ağlayırdı. Gözünün yaşı kitabın üstünə cari olurdu. Bu əsnada baxdı ki, kitabın üstünə bir dana xurma düşdü, dalı baxdıqda gördü xurmanı atan Zöhrədur. Burada hər ikisi biri-birilə söhbətə məşğul oldular. Zalım molla bunları görüb sultanın bargahına yollandı. Yetişər-yetizməz dedi:
– Şah sağ olsun! Ya məni məktəbdən qovla ya bu uşaqlarınıza bir fikir çək. Az qalıb qızın hamilə ola.
Hətəmsultan qəzəb-alud olub o saat qızını məktəbdən yanına çağırtdırıb dedi:
– Ey haramzada! O dəfəkindən üzündə su qalmadı, yenə belə etdin; bir daha məktəb üzü görməyəcəksən. Bu xəbər Əhmədvəzirə çatıb bildi ki, daha Zöhrə məktəbə getməyəcəkdur. Qardaşının yanına tacirdən, vəkildən bir neçəsini göndərib və belə sifariş etdi: – Qardaş, bu iki balamız əvvəldən biri-birinin aşıqıdurlar, gəl bunları biri-birindən cida etməyək. Hətəmsultan qardaşına belə cavab verdi:
– Qardaş! Bir sözüm yoxdur. Camaat içində rüsvay oldum. Gəl, gəlnini apar.
Hətəmsultan elçilər gedəndən sonra həmin bu əhvalatı bir kağıza yazıb qasid ilə göndərmək istərkən mollanın xalası oğlu Çuğulsimon irəli durub ərz etdi:
– Şah sağ olsun, mən aparram. Nəməni qardaşına verrəm. O bunu deyib namə əlində eşiyə çıxdı. Molla əhvalatdan xəbərdar idi. Dedi:
– Xala oğlu! Amanın bir günüdür, gör nə edərsən ki, qızı Tahirin əlindən saldıra.
Çuğulsimon o mənim işimdür deyib yola rəvan oldu.
Əhmədvəzirin bargahına varid olub naməni verdi. Hilə yolu ilə dedi:
– Qardaşın belə tapşırdı ki: mənim bargahıma toya gələn adamların hamısının paltarlarının altında silahı olsun, çünki özgə bir fikrim vardur.
Əhmədvəzir əlini gözü üstə qoyub dedi: amma qardaşıma de: – Yaxşı, amma hazır olsun sabah günorta vaxtı gələcəyəm.
Qasid getdikdən sonra Əhmədvəzir hərəmxanaya gəlib dedi:
Arvad bilmirəm bu nə toydur ki, qardaşım ismarlayıb gərək toya gələn adamların hamısının silahı olsun.
– Şah əmridir nə demək olar.
Gəl sənə bu yandan Çuğulsimondan xəbər verim: Hətəmsultanın hüzuruna gəlib dedi: –Şah sağ olsun! Qardaşın dedigi vaxtına hazır olsun. Hər nə cür olsa sabah onu öldürəcəyəm. – Şah qəzəb alud olub o saat cəllad istədi: “Nə söyləyirsən haramzadə! Mənim qardaşım elə sözü heç vaxt deməz”. Çuğulsimon dedi: – Şah sağ olsun, öldürmə bu saat doğru cavab verim: sabah toya gələn adamları sən gəzdir, hərgah onların libaslarının altında hazır silah olmasa, o vədə məni öldürt.
Şah bu söz ilə onu buraxdı. Sabah olcaq Əhmədvəzir və Tahir Mirzə cəlal şevkət ilə şahın bargahına gəldi.
Məclis arasta olub qonaqlar oturdular. Həmin vədə şah Çuğulsimonun dünənki sözünə görə gələn adamların hamısının üstünü gəzdirtdi ki, bütün hamısı alətdən silahlıdırlar. O vədə cəllada höküm etdi: “Bu saat Əhmədvəzirin boynunu vur”. Cəllad hazır olub istədi ki, boynunu vursun. Əhmədvəzir ərz etdi: – Şah sağ olsun, nə üçün mənim boynumu vurdurursan?
– Ey məlun! Sən bu gün silahlı qoşun ilə məni öldürtməgə gəlmişdin, ona gorə səni öldürəcəyəm.
Şah artıq ona göz verməyib boynunu vurdurub və qoşunun hərəsini bir yana dağıtdırdı. Molla hazır idi. Dedi: – Şah sağ olsun. İlanı öldürtdürüb onun balasını salamat qoymaq yaxşı deyil.
Bu saat Tahiri də öldürtdür. Yoxsa səni öldürərlər. Bu sözü Tahirin bir yaxın dostu ona xəbər verdi: Evin yıxılsın bir yana qaç, bu saat səni də öldürəcəklər.
– Nə olubdur?
– Sultan atanı öldürdü və səni də öldürmək üçün axtarır.
Biçarə Tahir baş götürüb şəhərdən kənara çıxdı. Bir qarğılıqda pünhan oldu. Bu yandan şah höküm etdi hər kim Tahiri tapıb gətirsə ona iki yüz dinar qızıl verəcəyəm. Bir neçə şəxs hər tərəfə gedib və nəhayət Tahiri qolu bağlı şahın hüzuruna gətirdilər.
Hətəmsultan höküm etdi bu saat boynunu vrun. Qaramanlı şəhrinin adamları şahın əl-ayağına düşdülər:
– Sənin təxtin taxt olsun, evin tar-mar olsun. Nə üçün öz əlin ilə öz evini yıxıb belə cavanı öldürürsən. Camaatdan başqa biçara Zöhrə əlinə bir istəkən zəhər alıb atasına iltimasa gəldi.
– “Hərgah sən Tahiri öldürsən o vədə mən də bu zəhəri içib özümü öldürəcəyəm” deyə atasına iltimasa gəldi.
Hətəmsultan nə ilac qalıb dedi camaat, Tahiri sizə bağışlayıram bu şərt ilə ki Zöhrədən əl götürsün. Qaramanlı şəhərində hansı bir nazənin qızı istəsə onunçun alaram və özünü də atasının yerində vəzirliyə qəbul edərəm. Şah bu sözü deyib Tahirdən Zöhrədən əl götürmək barədə inkar tələb etdi.
Tahir Mirzə əmisinə bu dillər ilə Zöhrədən əl çəkməyi barəsində söyləməyə başladı.
Dostları ilə paylaş: |