3. Həsənağa Həsənov (?-?) - Bakı şəhər dumasının üzvü, “Kaspi” mətbəəsinin müdiri idi.
4. Əsədulla Əhmədov (?-?) – ictimai xadim, xeyriyyəçi. Bakı şəhər dumasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin idarə heyətinin üzvü, “Nəşri-maarif” cəmiyyətinin təsisçilərindən biri idi. 1917-1920-ci illərdə milli-demokratik hərəkatının fəal üzvü.
5. Məmmədrza Vəkilov (1864-1944) – həkim, Bakıda ilk poliklinika xidmətinin təşkilatçısı. I Tiflis klassik gimnaziyasını və Xarkov Universitetinin tibb fakültəsini bitirmişdir. Qafqaz Tibb Cəmiyyətinin üzvü seçilmişdir. M.Vəkilovun təşəbbüsü ilə Bakıda 6 ambulatoriya təşkil edilmişdir.
6. Əbdüləli bəy Əmircanov (1870-1948) - ictimai-siyasi xadim, maarifçi. Şəki, Lənkəran, Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bakıdakı mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, “Nəşri-maarif”in təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə maliyyə naziri olub.
Mirzə Məhəmmədtağı Mirzə Qasımzadə Şirvani
Vay, səd vay, Şamaxı genə viran oldu,
Əhli-Şirvanın işi naləvü əfqan oldu.
Min doqquz yüz ikinci sənə Şirvanda,
Sülxi-yanvardə tufan nümayan oldu.
Yaxşı təmir olunmuşdu Şamaxı şəhri,
Genə evlər yıxılıb xakilə yeksan oldu.
Əhli-Şirvan fərəhnak idi, məsrurü şad,
Vəli bu surü fərəh içrə pərişan oldu.
Ğalı üstündə həmişə oturan kimsənələr,
Bulaşıb palçığa sərgəştəvü heyran oldu.
Pəxtü xab içrə gecə sübhə kimi rahat olub,
İstirahət eyləyən gözləri giryan oldu.
Qaldı avarə zükur ilə ünasü küdək,
Hərə bir kuçəvü bazardə saman oldu.
Qaraçı köçü kimi qurdu hərə bir çardaq,
Onun altında işi naləvü əfqan oldu.
Gecələr sübhə kimi tapmadı bir kəs rahət,
Həmdəmi ahü fəğan, göz yaşı cəryan oldu.
Kimi qurdu alaçıq, kimi bina etdi çadır,
Quru yerlərdə qalıb çaki-giriban oldu.
Kimi mənzil özünə eylədi Göyçay mülkün,
Kimi Baküyə, kimi azimi-Səlyan oldu.
Yaxşı daş ayinələr, cüfti dəgən yüz manata,
Parə-parə tökülüb zinəti-meydan oldu.
Nə deyim beylə zürufata ki, yox manəndi,
Rizə-rizə qatuşub topraqa yeksan oldu.
Uçdu təndir dəxi, məxrubə ocaq kor olub,
Müxtəsər, xəlq hamı müstəhəqi-nan oldu.
Neçə gün bişmədi bir loğma bu evlərdə təam,
Bu müsibətlə ürək qönçə kimi qan oldu.
Heç görünmüb bu müsibət deyilə dünyada,
Bu da bir möhnət idi, xəlqə nümayan oldu.
Ata gəldi balasın kim, çıxara daş altdan,
Uçdu divar, atayla bala bir can oldu.
Bu çilenlər neçə gün cəhdilə meyyit çıxarıb,
Sonra basdırdılar ol yerdə ki, pünhan oldu.
Bəli, səkkiz yüz il idi cümə məscid tikilib,
Vəli bu zəlzələdə uçdu, pərişan oldu.
Ruhi-şirvanşahilər şad idi qəbr içrə tamam,
Dedilər: nəydi xudaya, belə tufan oldu.
Bir tərəf məscidi-Tərcan şikəstlik tapdı,
Avaxil məscidi həm bisərü saman oldu.
Qeyri-məsciddə buların nə deyim, bari-xuda,
Uçuban zəlzələdən xakilə yeksan oldu.
Çünki Allah evidir cümləsi inşallah,
Olu təmir, əgərə xahişi-yəzdan oldu.
Bəzi dükanda, hamamda, divar altında,
Can verib qəbr evi kim, onlara övtan oldu.
İki yüz min nəfəri söylədilər Şirvandə,
Daş, ağac altda qalıb qanına qəltan oldu.
Əhli-Şirvan bu müsibətdə qalıb sərgərdan,
Gecə-gündüz işi pozğun, özü nalan oldu.
Himmət əhlinə xəbər yetdi ki, Şirvan dağılıb,
Bu müşəxxəsdi ki, qəlbən bizə suzan oldu.
Şükr, səd şükr ki, ənam bizə etdi bərat,
Həmd kim, himmətilə məşhurə dövran oldu.
Bar ilahə, himmət əhlini ömrüni qıl tulani,
Bizlərin gərçi dərdlərimiz tüğyan oldu.
Eybi yox, qoy sizin canınız səlamət olsun,
Lütf qılsa, görünən dərdlərə dərman oldu.
Cümləniz fərəhşadi-fərəhnak olasız,
Bizə kim lütfləri xeyli nümayan oldu.
Bir tərəf çəkdi naçalnik nə qədər zəhmətlər,
Bir tərəf gəldi qubernat bizə saman oldu.
Bir tərəf gəldi namesnik dəxi yoxladı bizi,
Neçə gün qaldı bizim şəhridə mehman oldu.
Bar ilaha, nə deyim, dərdləri tulani,
Bundan artıq nə deyim ki, bizə imkan oldu.
Gözümüz yolda qalıbdır, biz nalanə görək,
Himmət əhlindən ənam nə fərman oldu.
Mərhəba himmətinə, qeyrətinə Bakunin,
Əhl bu mərhələdə mənbəyi-ehsan oldu.
Tağıyev açdı səxavət qapısın məxluqə,
Bəli, fəryadəsi-xeyli yetiman oldu.
Millətin həqqi budur dadinə həmvarə qalıb,
Füqəra dərdinə vazehdi ki, dərman oldu.
Keçməmişdi bu vüquatdan hərgiz iki gün,
Ki, Həsən bəy yetişib, varidi-Şirvan oldu.
Həsənül-xəlq, kərəm kani Həsən bəy Məlikov,
Əhli-Şirvanı görüb xeyli pərişan oldu.
Bir də doktor Ağayev zəhmətə saldı canın,
Füqəra səmtinə canilə şitaban oldu.
Həp səy eylədi fəqr əhlinə imdad etdi,
Başü can ilə çalışmaqla xəvaxan oldu.
Vəkilovdan nə deyim, çox onun zəhməti var,
Ruhsuz cismlərə ruh verib can oldu.
Bir də Əbdüləli bəy himmətü qeyrət eləyib,
Həm onun zəhməti bu işdə firavan oldu.
Hərə bir növ Şamaxıda çəkib zəhmətlər,
Üzülüb, xəstə olub zarü pərişan oldu.
Həm Cahangir dəxi, Çaxmaqsazovun zəhməti çox,
Xəlqə kim etdi kömək, işləri asan oldu.
Çatdı naxoşların əhvalinə hər sübhü məsa,
Əklü şürbini verib halinə suzan oldu.
Həm gedənlər nə qədər oldu, gəlib saldı yola,
Millətə həqqi budur, lütfi firavan oldu.
Verdi kəndə dəxi azuqə, sərapa gündə,
Əhli-kəndin işi bir növilə saman oldu.
Füqəra əhlinin imdadinə bir növ çatıb,
Həm dəhat əhlinin əhvalinə giryan oldu.
Əbilov həqqi budur, xeyli çəkib zəhmətlər,
Verdi pul hər gedənə, dərdinə dərman oldu.
Hər kəsin yoxdu libasi-bədəni, verdi libas,
Oldu dilşad şəhr içrə kim, üryan oldu.
Olu bu üç nəfərin himməti zahir, məlum,
Batinən gözlədilər milləti hər yan oldu.
Vəzləmi çəkdilər tədbir xəfi sübhi məsa,
Zahirən firqəti-islamidə xahan oldu.
Şükr kim, yetmədi asib bulardan xəlqə,
Çünki həmdəmləri çox zirəki-dövran oldu.
Buların fəhmü fərasətlərinin yox xətmi,
Anlayıb mətləbi hər birisi Loğman oldu.
Buları, bari-xuda, lütfünilə hifz eylə,
Çünki islamə bular yaxşı nigahban oldu.
Bir tərəf verdilər bu xəlqə çörək, bir tərəf un,
Həm libas etdilər ənam kim, üryan oldu.
Kimi əyninə libas, bədəni puşiş edib,
Kimi bu nemət-aza sahibi-yorğan oldu.
Hamıdan lütfgir, əlbəttə, mənə artıqdır,
Bu qədər bəsdi ki, lütfüz bizə xünhan oldu.
Bar ilaha, kərəmin xatirinə dünyadə,
Bulara ömr kəramət elə hər an oldu.
Sədr, ey şakiri-şuridə çox əfqan elədin,
Vahimə etmə gər səhvilə nisyan oldu.
Mənbeyi-kani-kərəmdir Hacı Zeynalabdin
Lütf edər bil ki, sənə hər nə ki, nöqsan oldu.
Dostları ilə paylaş: |