10. Qalmış yigit arxası
Salur Qazan obrazının sosiomifoloji semantikasının aşkarlanması istiqamətində “Qalmış yigit arxası” qəlib-modelinin təhlili göstərir ki, bu, ilk növbədə himayədarlıq işarəsidir: hami xan statusunu işarələyir. Əksər alimlər tərəfindən bu mürəkkəb söz birləşməsi eyni şəkildə oxunmuşdur (96; 98; 97; 99, 140; 137). Şərikli təyindir. Bayındır və Qazana məxsusdur. A.Hacıyev bu birləşmə haqqında əhatəli məqalə üzərində işləmiş, bu təyini və onun sadə sözlüklərini dəyərləndirən tədqiqatçılar barədə geniş məlumat vermişdir. “Qalmış yigit arxası” söz birləşməsinin yalnız başlanğıc sözü arxaik ifadə olduğu üçün əsas fikirlər bu söz ətrafında diqqət çəkir. Belə ki, O.Ş.Gökyay bu sözü “aciz, düşkün”, M.Ergin qal (maq) felinin feli sifət forması, Bartold müasir anlamda qalan (digər), Radlov yorğun, zəif kimi şərh etmişlər. Müəllif başqa lüğətlərdən örnək göstərərək bu sözün müxtəlif izahlarını təqdim edir. M.Kaşqaridə “kal” – yaşlı adam izahı ilə diqqət çəkən bu sözə A.Məmmədov da demək olar ki, eyni şəkildə qədim türk dillərində qoca mənasını verən kal sözünü aşkarlamaqla diqqət çəkir. Tədqiqatçıların fikirlərini verdikdən sonra tədqiqatçı alim bu sözün saysız, çoxsaylı anlamını verməsi qənaətinə gəlmişdir (78, 71-75).
Bizim fikrimizə gəldikdə isə bu elə çağdaş leksikonumuzda öz ilkin mənasını qoruyub saxlayan qalmış, dayanmış anlamında məlum mətndə işlənmişdir. Diqqət edilsə, yuxarıda müəllifin də araşdırmaya cəlb etdiyi tədqiqatçı alimlərin fikirləri leksik-semantik baxımdan sözün çox yaxın çalarlarını aydınlaşdırır. Qoca, yaşlı adam semantik olaraq zəif, yorğun olan və s. anlamları törədir və demək olar ki, eyni mənanın müxtəlif şəkillərdə ifadəsindən xəbər verir. Bayındır Qazan cütlüyü o mənada qalmış yigit arxasıdır ki, bu igidlər bir zamanlar göstərdikləri qəhrəmanlıqlardan ötrü bu gün Qalın Oğuzun başçıları tərəfindən diqqət mərkəzinə çəkilir, xan statusu daşıyan şəxslərin himayəçi funksiyası xan təyinləi cərgəsində yer alır. Bu təyinin təsadüfi olmayıb Oğuz cəmiyyətində sosial ədalətin tərkib hissəsi kimi ən az üç səviyyədə mövcud olan təbəqəni himayə etməsi, onların arxası olmasıyla xüsusi imtiyaz müəyyənləşdirməsi özünü göstərir:
1. Yaşı ötmüş igidlərə – qazilərə ayrılan imtiyaz;
2. Əlil şəxslərə ayrılan imtiyaz
3. Şəhidlərə ayrılan imtiyaz
Qalmış igidlərin arxası olmaq onların imtiyazının xan, xaqan səviyyəsində müdafiə olunması deməkdir. DQK-də Bayındır və Qazan xan “Qalmış yigit arxası”, Qazan “Qalın Oğuzun arxası” kimi diqqət çəkir (97, 52). Beyrəyə isə müsəlmanların arxası olsun deyilir (97, 54). Elə buna görə də arxa olmaq xüsusi bir status olaraq Oğuz cəmiyyətində sosial-ictimai kodeks kimi ortaya çıxır. DQK-də igidlərə, ərənlərə, qazilərə fəallıqdan qaldıqdan sonra ayrılan bu imtiyaz boylarda aktlaşdırılır.
1. Bayındır, Qazan xan yaşı ötmüş igidlərin arxası olduğu üçün Uşun Qocanın oğlu Bayındırın və Qazanın divana atasının imtiyazından istifadə edib istədiyi şəkildə daxil olur. “Bayındır xanın divanına qaçan istəsə varır, gəlürdi. Bəglər bəgi olan Qazan divanında buna heç qapı-baca yoqdı. Bəgləri basub Qazan ögində oturardı” (97, 110).
2. Bayındır, Qazan əlillərin arxası olduğu üçün atdan yıxılıb ayağını sındıran Bəkilin üstünə kafər gələrkən oğluna xahiş edir ki, Bayındır və Qazanın divanına getsin:
Ağ alınlu Bayındır xanın divanına dünin varğıl!
Ağız-dildən Bayındıra səlam vergil!
Bəglər bəgi olan Qazanın əlin öpgil!
“Ağ saqallu babam bunlu” – degil!
Əlbətdə və əlbətdə Qazan bəg mana yetişsün, - dedi” degil! (97, 107).
3. Qazan xan şəhidlərin arxası olduğu üçün Beyrək ona qanını almasını vəsiyyət edir:
Qazan mana yetişsün,
Mənim qanım Aruza qomasun” (97, 125).
T.Hacıyev “Qalmış yigit arxası” təyinini dəyərləndirərək onun qoca və əlillərlə bağlı olduğunu qeyd edir və “Bizə miskin umıdı” ilə yanaşı gəlməsini məzmun yaxınlığı kimi izah edir. “Bizə miskin umıdı” Qazanın cəmiyyətdəki humanist mövqeyində ciddi işarədir – deməli o, yazıq, fəqirlərin pənahıdır. Həmişə yazıqlara yardım göstərir. Bir az sonra gələn “Qalmış yigit arxası” təyini təxminən bu məzmundadır. Ancaq burada məhz vaxtilə vuruşub igidliklər göstərmiş, sonradan ya qocalmış, ya da əlil olmuş şəxslər nəzərdə tutulur” (80, 31).
“Qalmış yigit arxası” təyini diqqət çəkdiyimiz anlamda olması baxımından kontekst daxilində yalnız məzmuna uyğun deyil, həmçinin assosiativ rabitənin təzahür forması kimi dastan mətnində görünür. Belə ki, üç təyin kodeksindən ikisində Qazan və Bayındırda Qalmış yigit arxası təyini ilə yanaşı mexaniki olaraq Bezə, miskin umıdı təyini söylənir: “Qalmış yigit arxası, Bizə, miskin umudı” (97, 63).
Əgər nəzərə alınsa ki bu təyinlər ilk dəfə II boyda Qazan xan üçün söylənir, bu yerdə bu təyinlər arasında başqa təyinlər də yerləşir. Lakin anlam yaxınlığı olduğu üçün təbiidir ki, III, VII boylarda ardıcıllıqla gəlir.
DQK-də digər bir məsələ də “Qalmış yigit arxası” təyininin dəyişən funksiyada özünü göstərməsidir. Belə ki biz yuxarıda “Bezə miskin umıdı” təyininin müəyyən bir mərhələdə Basata aid olunması reallığından və buna qarşı olan Qazan faktorundan bəhs açmışıq. Bu təyinin yaxın tərəfi kimi “Qalmış yigit arxası” təyini də eyni situasiyada eyni funksiyanın Basata keçməsini göstərir. Təpəgözün Oğuz elini yeməsi situasiyasında bütün igidlərin qalmış igid durumuna düşməsi “Qalmış yigit arxası” olan Bayındır və Qazanın özünün də bu cərgəyə qoşulması, yalnız Basatda bu funksiyanın işə düşməsi müəyyən mərhələdə bu statusun Basata keçdiyini təsdiqləyir. Lakin əvvəldə qeyd etdiyimiz kimi, Qazanın əjdaha öldürməsi və Təpəgözü Qalın Oğuzun yığışıb gəlib öldürəcəyi bilgisi yenə də bu statusun Qalın Oğuzun başçılarında qaldığını göstərir. Bu DQK mətnində qabarıq formada diqqət çəkən anaxronizmdir. Bu statusun yalnız Bayındır və Qazana məxsusluğunu işarələyir. Bu barədə əvvəldə yetərincə söhbət açmışıq.
Onu da qeyd edək ki, istər status göstəricisi, istərsə də mifoloji törəmə kimi “Qalmış yigit arxası” təyini “Bezə miskin umıdı” təyini ilə yaxın anlam kəsb etdiyi üçün yaxın funksiya daşınmasını göstərməklə bərabər bir təyinə aid olan fəaliyyət və struktur spesifikası digərinə də aiddir. Bu baxımdan “Qalmış yigit arxası” təyini himayədar xan statusunu diqqətə çatdıran ritual etiketin aşkarlanan ifadə formasıdır.
Dostları ilə paylaş: |