I FƏSİL
QAZAN XAN OBRAZININ FUNKSİONAL STATUSU
Qazan xan obrazının xan statusu
Oğuz epik ənənəsi deyildikdə, adından göründüyü kimi, oğuzlarla bağlı olan bədii-epik, mənqəbəvi, qismən də tarixi əsərlərin ardıcıllığı nəzərdə tutulur. Bu əsərlərə elmi ədəbiyyatda konkret olaraq “Oğuznamə” adı verilmişdir. “Oğuznamə” tədqiqatlarda oğuz etnik-mədəni düşüncəsini bütövlükdə əks etdirən epik-tarixi təsəvvürlər sisteminin etnokosmik işarəsi kimi səciyyələndirilir (9; 80; 33; 36; 49; 51; 52; 70; 72; 85; 89; 103; 118; 119; 120; 121; 132; 152; 160; 166) və s.
Oğuznamələr hələlik müəyyən sayda olsa da, bu, oğuznamələrin tamamı anlamını vermir. Zaman-zaman arxivlərdən yeni oğuznamələr aşkara çıxarılıb elmi auditoriyaya təqdim edildikcə, oğuz epik ənənəsinin zənginliyi bir daha təsdiq olunur. Əldə olan oğuznamələr arasında XVI-XVII yüzilliyə aid edilən, lakin öz səhifələrində minilliklərin şifahi abidələrini daşıyan “Əmsali-Məhəmmədəli”, yaxud “Əmsali-türki” adlanan oğuz atalar sözü və məsəlləri, XIII-XIV əsrlərdə Elxani hökmdar(lar)ının vəziri və tarixçisi F.Rəşidəddinin yazdığı “Cəmi ət-təvarix” (tarixlər toplusu) əsərindən çıxarılmış oğuznamə, XV-XVI yüzilllkdə yaşadığı güman edilən sufi şeyxi Dana Atanın heca vəznində yazdığı oğuznaməsi, XV əsrdə yaşamış olan Yazıçıoğlu Əlinin yazdığı “Təvarixi-ali Səlcuq” adlanan oğuznaməsi, XVI əsrdə yaşamış olan türkmən tarixçisi Salır Babanın “Oğuz tarixi” əsəri, XIII-XIV yüzillikdə üzü köçürüldüyü təxmin olunan “Oğuz Kağan” dastanı, XVII əsrdə yaşamış Xivə xanı Ə.Bahadırın “Şəcəreyi-Tərakimə” (Türkmənlərin soy ağacı) əsəri, N.Əndəlibin Dana Atadan sonra XVIII əsrdə şeirlə yazdığı “Oğuznamə”, Uzunkörpüdə Seyyid Əli adlı bir şəxsin kitabxanasından tapıldığı üçün elmi ədəbiyyatda “Uzunkörpü variantı” adını almış oğuznamə, Əlyazma nüsxəsində “Əla-lisani-taifeyi-Oğuzan” deyilən oğuz abidəsi “Kitabi-Dədə Qorqud” eposu və oğuzlarla bağlılığı olan, epik-mənqəbəvi, folklor bilgiləri verən bir qisim salnamələr də mövcuddur (36; 110; 60; 61; 73; 115; 116; 164;165; 147; 148; 149; 158; 169) və s. Bizim mövzumuz “Oğuz epik ənənəsində Qazan xan obrazının mifoloji strukturu” olduğu üçün əsas tədqiqat mənbəyimiz DQK (Dədə Qorqud Kitabı) və bir neçə oğuznamə olmuşdur. Çünki Qazan xan obrazı mükəmməl bir obraz olaraq DQK-də öz əksini tapmış, digər oğuznamələrdən isə Salur Qazan haqqında az bilgi əldə etmək mümkün olmuşdur.
Oğuz epik ənənəsində Qazan xan obrazını araşdırarkən bu obrazın mifoloji strukturunu bərpa etmək tələbatı meydana çıxır. DQK-də və digər oğuznamələrdə diqqət çəkən bu obrazın epik, tarixi, mifoloji səviyyələri əsasən bir-birinə bağlı komponentlərlə izlənilir. Qazan xan DQK-də epik obrazdır. Nə qədər məlumatları özündə cəmləsə belə, bu əsər epik əsərdir. Bu səbəbdən də Qazan xan obrazının bu əsərdə aparılan tədqiqi epik izləmələrlə mümkündür. Yəni burada tarixilik də, mifiklik də epik qanunlara tabedir. Nə real tarix, nə gerçək mif deyil, əksinədir. Mətnaltı bazanın üzə çıxarılması belə yenə də epik qanunlarla təsdiqini tapır. Digər oğuznamələrdə isə əsasən ya epik, yaxud da tarixi-epik şəkildə bu obraz araşdırıla bilir. Çünki mənqəbə oğuznamələr yalnız epik deyil, adından da göründüyü kimi, həm tarixi, həm epik mənbələrdir. Lakin istər DQK-də, istərsə də digər oğuznamələrdə mif və tarix məlumat səviyyəsində mətndə daşınır. Bu məlumat bazası mənqəbələrdə də açıq və qapalı şəkildə özünü göstərir. Elə bu səbəbdən də Qazan xan obrazının mifoloji strukturunun araşdırılması ilkin olaraq mifə baxışın həm məlumat səviyyəsində (dünyagörüşü forması kimi), həm də epik səviyyədə (təhkiyə təzahürü kimi) vacib tədqiqini tələb edir. Elə bu baxımdan da ilkin olaraq oğuz epik ənənəsində Oğuz xanın tarixi-real statusu və epik düşüncədə oturuşmuş sistem olmasının səbəbləri araşdırılmalıdır. Epik ənənədə Qazan xan obrazının öyrənilməsi və bu obrazın mifoloji strukturunun açılması mifin və oğuz mifinin (oğuz türk mifologiyasının) (110, 74) öncə araşdırılması vacibliyini irəli sürdüyündən mövzu daxilində, qısa da olsa, bu məsələlərə diqqət çəkmək ehtiyacı yaranır.
Oğuz epik ənənəsinin əsası üç əsas obraz üzərində struktur material olaraq kliseləşir: Oğuz xan, Ata Qorqud, Qazan xan. Sonuncu iki obraz da birinci obrazdan şaxələnir. Yəni Qorqud və Qazan obrazı oğuz mifinin paradiqmatik görüntüləridir. S.Rzasoy Qazan xan obrazını Oğuz Kağanın, Qorqud obrazını isə qam-şaman invariantının paradiqması kimi təqdim edir (118, 36).
Oğuz mifi epik ənənədən daha qədim olmasına baxmayaraq, epik ənənə mif strukturunu özündə daşıyır. Epik ənənədə oğuz mifinin obraz versiyası olan Oğuz xan oğuz mifinin obraz versiyası olan Qorqud Dədə və Qazan xan obrazlarının sinxron düzümündə iştirak edir. Lakin Oğuz xan obraz versiyasına başlanğıc olan oğuz mifi digər iki obraz ilə sinxron deyil, diaxron laylar təşkil edir. Oğuz xaqan obraz olaraq digər obrazlarla yanaşı iştirak etsə də, strukturunda daşınan mifik sistemin digər obrazlar üçün invarianta çevrilməsi baxımından bu obrazlarla eyni zamanda diaxron istiqamətində olur. Oğuz mifinin modelləşdirilməsində bu iki obrazın invariant strukturundan qopan paradiqmalar kimi meydana çıxması hər iki obrazın öyrənilməsi zamanı oğuz mifinin araşdırılması zəruriliyini ortaya çıxarır. Bu vacib məsələ eyni zamanda epik ənənə və miflə bağlıdır. Deməli, epik ənənənin araşdırılması zəminində mifoloji sistemin də öyrənilməsi tədqiqatın prinsipial tələbatıdır. Elə bu səbəbdən də biz Qazan xan obrazını araşdırarkən yalnız bir obraz haqqında təfərrüatları deyil, böyük bir sistemin hərəkətverici tərkib hissəsi olan, obrazlar sistemində əsas obraz olaraq kommunikativ əlaqə zənciri quran bu obrazın struktur səviyyələrini də araşdırmağa can atdıq. Oğuz mifi ilkin olaraq Oğuz xan (xaqan) obrazına transformasiya olunub onu törətdiyi kimi həm oğuz mifi, həm də Oğuz obrazı Dədə Qorqud və Qazan xan obrazlarının invariantı rolunu oynayıb onları paradiqmaya çevirərək bu obrazlarda daşınır. Hər iki obrazın əsasında mif və obraz (Oğuz xaqan) funksiyaları eyni səviyyədə dayanır. Dədə Qorqud obrazında oğuz mifindən gələn Oğuz xan (“Oğuz Kağan” dastanı və s.) obrazının ruhani missiyası (dini-sakral vəzifə, Oğuz xanın peyğəmbərlik statusu və s.) Qazan xan obrazında isə ali idarəçilik və Qəzavat funksiyası (xan, mədəni qəhrəman, qazi (ərən), cəngavər və s.) inikas edir.
Eyni zamanda qarşıda görəcəyik ki, bu funksiyalar bütövlükdə xan, xaqan statusundan keçir ki, bu da Oğuz xaqan statusunun paradiqmasıdır. Bu funksiya, missiya və statusların aydınlaşdırılması bəzən mətnin üst qatında, bəzən isə alt laylarda iştirak edir. Elə bu səbəbdən də struktur-semantik metod kod açarı rolunu oynayaraq dekodlayıcı vəzifə daşıyır və obrazın əhatəli şəkildə kütləvi auditoriyaya çatdırılmasına yardım edir. Qazan xan obrazının paradiqma kimi izlənilməsi Oğuz eposunda, əsasən də “Oğuz Kağan” dastanında araşdırıldığından, eyni zamanda tarixi-müqayisəli metodu da diqqətdən kənarda saxlamamağı tələb edir. Elə bu baxımdan da hər iki metod araşdırmada iç-içə olaraq iştirak edir. Onu da qeyd edək ki, Qazan xan obrazı oğuz mifinin paradiqması olsa da, bu obrazın oğuz eposundan bilavasitə tədqiqata cəlb olunması daha məqsədə uyğundur. Çünki həm “Oğuz mifi Oğuznamə eposuna transformasiya olunmuşdur” (118, 5), həmçinin oğuz mifi deyil, Oğuz (namə) eposu əldə olan mənbədir. Bütün yürüdülən mühakimələr son nəticədə mənbəyə söykənmək ehtiyacını ortaya çıxarır. Elə buna görə də Qazan xan obrazının bu istiqamətdə araşdırmaya cəlb edilməsi vacib və zəruridir.
Qazan xan obrazının invariant kök əsası oğuz mifi və oğuz eposu bu obrazda Oğuz obrazının müxtəlif şəkillərini, şaxələrini, törəmələrini səciyyələndirir. Qazan xan obrazı mövzu və motiv vasitəsilə paradiqmatik əksini reallaşdırır. Bu obrazın paradiqma olaraq oğuz epik ənənəsində üç əsas obrazdan biri kimi iştirak etməsi digər obrazların mərkəzində durmaqla epik sferanın ana obrazı olması – DQK-də bu aydın nəzərə çarpır, Bayındır xan mətndə zəif şəkildə görünür,– onu Oğuz Kağan obrazının klişesi kimi şərtləndirir.
Oğuz mifinin paradiqması kimi Qazan xan obrazı epik ənənədə, xüsusilə də DQK-də xan statusu ilə diqqət çəkir. Qazan xan DQK-də xan (97, 43, 116, 119, 123), bəy (bəg) (97, 43, 64, 68), bəylər bəyi (bəglər bəgi) (97, 107, 108, 116), alp və yaxud alplar başı (97, 99) və s. kimi titullarla tanınır. Rəşidəddin “Oğuznamə”sində Qazan olduğu ehtimal olunan kişinin rütbəsi bəy (115, 61), Əbülqazi Oğuznaməsində də eyni titulla bəy (60, 93) və alp (60, 97-98) kimi getmişdir. Elə diqqətlə baxdıqca DQK-də də xan tituluna nisbətdə bəy titulu xeyli artıq görünür. Demək olar ki, eposun əksər hissəsində Qazan xan deyil, Qazan bəy adlanmışdır. Təsadüfi deyil ki, DQK-nin Vatikan nüsxəsi də “Hekayeti-Oğuznameyi Qazan bəg və qeyri” adlanır (99, 311). Bu, Qazan obrazının epik ənənədə ən əhəmiyyətli obraz olduğunu dəyərləndirməklə bərabər, Qazanın titulunu xan deyil, bəy kimi göstərir. Lakin DQK-də Qazanın xan, bəylərbəyi və yaxud “bəylərbəyi xan Qazan” adlanması və Bayındır xana aid olan təyinlərin eyni qaydada və bir az da artıq olaraq Qazan xana aid edilməsi (97, 42), bundan əlavə dörd dəfə Bayındır xanın, iki dəfə də Qazan xanın ritual ənənəyə uyğun olaraq boy başlanğıcındakı rəsmi törəni (97, 34, 52, 94, 104, 42, 68) və ritual keçirməsi (97, 123) Qazan xanı epik mətndə xan kimi işarələyir. Eyni zamanda Bayındır xanın xanlar xanı adlanmasına uyğun olaraq Qazan xanın bəylər bəyi adlanması da, Bayındır xanın xaqan, Qazan xanın xan statusunu müəyyənləşdirir (97, 34, 116). Təsadüfi deyil ki, A.Xəlil “bəy” titulunun oğuz düşüncəsindəki semanteminin oğuz kompleksi səviyyəsində olub struktur təşkil etdiyini qeyd edir: “Bəy sakral sferaya daxil edilir, Tanrıya və başqa sakral dəyərlərə olan münasibətə uyğun funksiyada müşahidə olunur” (87, 118).
Epik mətndə (DQK-də) nə üçün Qazan xan aydın şəkildə xan, bəy və yaxud bəylərbəyi kimi getmir? Elə Bamsı Beyrək də gah bəy, gah da xan kimi təriflənir. (97, 54, 60). Bu, ozan diqqətsizliyidir, katib xətasıdır, yoxsa anaxronizm? Oğuz eposunu tədqiq edərkən bu məsələnin diaxronluqdan doğan anaxron olduğu aydın olur. Oğuz Kağan (xaqan) mətnin epik səviyyəsində kosmoloji strukturda ilk insanı simvolizə etdiyinə görə (oğuz iyerarxiyası) həm də ilk xaqan, ilk xan, ilk bəy, ilk mədəni qəhrəman və s. dir. Oğuz ilk insan olaraq bütün arxaik titulları özündə cəmləyir. Əgər tarixə müraciət etsək, bu titullar Oğuz xandan əvvələ gedib çıxar. Lakin oğuz epik düşüncəsində Oğuz ilk insan olduğuna görə xaqan, xan, bəy diaxronik düzümü oğuz epik ənənəsinə paradiqma təşkil edir. Bu baxımdan Bayındır və Qazan xanda Oğuz xanın xaqanlığı və xanlığı sistematik paradiqma yaradır. Bu səbəbdən mətnə səpələnən xan, bəy, bəylərbəyi kimi rütbə təyinləri ona görə bir şəxsə (Qazana və s.) aid edilə bilir ki, bu titullar Kağan (Oğuz) titulunun törəmələri olaraq diaxron səviyyə təşkil edir. Əgər bu titullar iyerarxik sistemin məlum sözlükləridirsə, oğuz epik ənənəsində Oğuz kağanlığından doğan paradiqmalardır. Elə B.Ögəl də uyğurca, “Oğuz Kağan” dastanının tərcüməsində, (müasir türk dilinə uyğunlaşdırmasında) “Oğuz Kağan”ı əksər yerdə Oğuz xan kimi, tək-tək halda isə “kağan” kimi eyni mənalı söz olaraq işlədir (112, 130-185).
Məlumdur ki, “Oğuz Kağan”ın kağanlığı mətndə təsadüfi xarakter daşımır. Oğuz Kağan özünü yer üzünün dörd tərəfinin xaqanı elan edir. Həm bunun Tanrı buyruğu olduğu, Tanrının Oğuz xanı vəzifələndirdiyi, onun boynuna müqəddəs missiya qoyduğu və bunun da Tanrı qarşısında bir borc olduğu “Oğuz Kağan” dastanında diqqət çəkir (110, 13, 17, 34). Oğuz Kağan məhz Tanrı iradəsini həyata keçirən vəzifə daşıyıcısı (peyğəmbər-qazi) kimi cahan dövləti qurmağa çalışır və dastan informasiyasına görə buna nail olur. Deməli, kağanlıq adi bir titul deyil, sakral rütbəni işarələyir. “Kağan rütbəsi” sonrakı mərhələlərdə epik ənənədə Oğuz xandan sonrakı dövrü ifadə edən və bu dövrdə meydana çıxan xan, bəy və s. sözlüklərin arxetipi olaraq özünü göstərir. Məhz Bayındır və Qazan xan da oğuz invariant modelinin paradiqması kimi eyni funksiyanın müxtəlif təzahürü olaraq aşkara çıxır. Bayındır xanın mətndə Qazan xana nisbətdə zəif iştirak etməsi oğuz dünyagörüşünün spesifikliyindən irəli gəlir. Çünki xaqan xalqa görünmür (97, 261). İkili idarə üsulunun qaydasına uyğun olaraq xan daha çox dinamik fəaliyyəti ilə seçilir. Lakin Oğuz Kağanın xaqanlıq törəməsi kimi xan titulu DQK-də sistemli formada yalnız bu iki şəxsi əhatə edir. Bu da onu göstərir ki, xan titulu iki statusda iştirak edir:
1) Xan – ali idarəçilik institutunun (DQK-də Qalın Oğuzun) başçısı kimi (ictimai-sosial, siyasi status)
2) Xan – şəxsi keyfiyyətlərin göstəricisi olan rütbə kimi (fərdi status)
DQK-də yalnız Bayındır xan birinciyə, Dirsə, Buğac, Beyrək və s. xanlar isə ikinciyə, Qazan xan isə hər ikisinə aid olaraq üzə çıxır. Lakin hər iki funksiya Oğuz Kağan paradiqması olduğuna görə bəzən bu anlamlar mətndə anaxron yarada bilir. Misal üçün, Dirsə xan oğlu Buğac xan (I boy) Bayındır xanın buğasını yıxmaq şücaəti göstərdikdən sonra ad almaq şərəfi qazandıqda və ritual icraçısı Dədə Qorqud gəlib ad ritualını həyata keçirdikdə Bayındır xan Oğuz məkanının xaqanı ola-ola Bayındır xanın öz məkanında belə (Buğa onun buğasıdır və sarayından çıxır) Buğaca bəylik vermək üçün ona deyil, Dirsə xana müraciət edilməsi (97, 36) xanlıq funksiyalarının bir-birinə qarışmasıdır, anaxrondur.
III boyda isə hünər göstərən Beyrəyin Qazanın bəyliyini (xanlığını) birgünlük alması, hər nə istəsə onu etməyə icazəli olması (97, 64) həm funksiya dəyişməsi, həmçinin statusların yerdəyişməsidir. Bayındır xanın funksiyasının (xanlığının) mətn altında Dirsə xana keçməsi və Qazan xanın funksiyasının (bəyliyinin) Beyrəyə keçməsi yalnız anlamların deyil, statusların da funksionallaşması paradiqmatik görüntülərin mövcudluğundan irəli gəlir. Yəni bu bir ana variantın müxtəlif şəkilləri olduğuna görə bəzən funksiyalar da bir-birinə qarışır. Çünki hər nə şəkildə olursa olsun, hansı obraza cəmlənirsə cəmlənsin, mahiyyətdə Oğuz xanı və Oğuz xan olaraq da oğuzun özünü (kosmoloji model) səciyyələndirir.
Başqa bir misal: XI boyda Qazan xanın Oğuz məkanından təcrid edilib sakral məkandan periferik məkana (kafər məkanına) götürülməsi və oğlu Uruz böyüyənə qədər burada qalması, bu müddətdə birinci dərəcəli xanlıq statusunu faktiki olaraq itirməsi (DQK zamanının irəliyə-geriyə gedən (təkrar) hərəkətsiz və yarıhərəkətli-yarıhərəkətsiz zaman olması belə bu anlamı dəyişdirə bilmir) ikinci dərəcəli xanlıq statusunu saxlaması ilə şərtlənir. Məsələn, kafər məkanında belə kafərlərə qələbə çalması (təkurun övrətini qorxuya salması, quyudan çıxması, kafər boynuna minib kafərlərin gözü önündə onu həlak etməsi və s.) (97, 117) xanlıq şəxsi keyfiyyətlərini inikas etdirir. Qazan xan obrazının ritual-mifoloji səviyyəsi elə onun xanlıq statusunda cəmlənir və bu statusdan qopan hissələr Qazan xan obrazını bütünlüklə oğuz epik ənənəsində səciyyələndirir. Qazan xan obrazının statusu funksionallaşaraq (bəy, xan, xaqan) epik səviyyədə oğuz epik ənənəsində müxtəlif anlamları ifadə edirsə də, dərinə endikcə də oğuz mifinin invariant strukturundan qopan paradiqmalar kimi üzə çıxır. Qazan xan obrazının ritual kodeksin rəsmi daşıyıcısı kimi iştirak etməsi mütləq onun xan statusundan keçir. Çünki ritualların təşkili xan, xaqan tərəfindən həyata keçirilir, icraçılığı isə ruhani funksiyada çıxış edən şəxslər vasitəsilə baş tutur.
Qazan xan obrazı oğuz mifinin və oğuz eposunun paradiqması olaraq öncə Oğuz xanın xaqanlığını əsas statusda öz nəzərində cəmləyərək bütün titullarıyla birgə (xan, bəy, bəylərbəyi) DQK-də ali idarəçilik qurumunun başçısı kimi görünür. Qeyd etdiyimiz kimi xaqanla bərabər hüquqlu şəxs olaraq rəsmi törənlərin dəyişməz siması kimi əvəzlənməz funksiyada iştirak edir. Qazan xanın zirvədə qərar tutması, Qalın oğuz elinin faktiki rəhbəri olması onun keyfiyyətlərinin kütləviləşdirilməsi üçün ənənəvi tərənnüm şablonunu doğurur. Lakin bu şablon kimi görünmür. Çünki öz içərisində Oğuz xaqanının şəxsiyyətinin bütövlüyünü ifadə edən irsi, etnik, milli, dini və s. maddi-mənəvi yaşantının anlamlarını daşıyır: “Bir gün Ulaş oğlı, Tülü quşun yavrısı, Bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, Qonur atın iyəsi, Xan Uruzın ağası, Bayındır xanın göygüsi, Qalın Oğuzın dövləti, Qalmış yigit arxası Salur Qazan yerindən turmışdı” (97, 42).
Diqqətlə yanaşdıqda aydın görünür ki, bu sözlüklərdə yekdil olmayan müxtəlif məlumat anlamı və dünyagörüşü forması cəmlənmişdir. Elə bu baxımdan da bu ritual törənə, boy başlanğıcında olan mərasim faktoruna yalnız Qazan xanın titulları kimi baxmaq özünü doğrultmur. Bu sözlüklərə Qazan xanın xanlıq dərəcəsinin ifadəsi olaraq ad tapmağa çalışsaq, şübhəsiz ki, “xan öyüncü” ifadəsi ritual fəaliyyəti daha çox aydınlaşdıra bilər. Buna görə də bu təyinlərin anlamlarını araşdırmağa çalışaq. Çünki bu təyinlər bütünlüklə Qazan xanın xan statusunu proyeksiyalandıra bilər. Eyni zamanda bu sözlüklər mətndə kod açarı rolunda çıxış edib bütünlüklə oğuz epik ənənəsində Qazan xan obrazının müxtəlif fəaliyyətlərini özündə cəmləyir. Mətnə hansı bucaqdan baxılırsa baxılsın, xan öyüncləri təyinlərinə gəlib çıxmaq məcburiyyəti meydana çıxır. Elə bu səbəbdən də bu təyinlərin ardıcıl formada araşdırmaya cəlb olunması ehtiyacı yaranır.
Dostları ilə paylaş: |