4. İMAM HÜSEYN AŞİQİ
Bir gün İmam Hüseyin aşiqi bir kişi hər il İmam Hüseyinin təziyəsini saxlıyıf ehsanını verirdi, aşura keçirirdi. Bir gün kasıflıx oldu, çox məyus oldu. Oğlu gəldi dedi ki, ana, atam niyə bu vəzyətə düşüf?
Dedi:
– Başına dönüm, bəs sənin atan həmişə belə bir iş görürdü. İndi də əldə bir şey yoxdu, qalıf belə.
Dedi atamın varına noluf ki? Dedi:
Dedi:
Mənim kimi oğlu var. Mənim boğazıma bir kəndir bağlasın, çıxarsın bazara. Mən atamı qoymaram sına.
Kişi də razı qaldı, arvad da razılığın verdi. Dedi:
– Sən Allah, bunu kimə versən denən heş olmasa ildə bir dəfə mana göstərsin.
Kəndiri saldı boğazına çıxartdı. Vəzirnən padşah gəlirdi. Gəzdıxları yerdə gəlif çıxdılar bura. Şah soruşdu ki, bunu satırsan?
Dedi:
– Hə, satıram.
Şəxsiyyətdi, şücayətdi oğlan idi. Atasına da tapşırmışdı ki, məni ucaz satma. Atası da fikirrəşdi ki, əlinnən bir şey gəlmir. Mən baha deyəmmərəm. Şah dedi:
– Əlinnən bir iş gəlir?
Dedi:
– Yox.
Nəysə, vəzir dedi, alax, bunun görünüşü yaxşıdı. Apararıx verərix aşbazın əlinin altına, qulluğ eliyər. Götdülər getdilər. Bir xeyli gedənnən sora, oğlanın davranışını görənnən sora dedi onun boğazınnan kəndiri aç. Qoşuldu bularnan gedəndə yolda bir də soruşdu. Dedi:
– Oğul, əlinnən nə gəlir sənin?
Dedi:
– Vallah, mən yaxşı ləl tanıyıram, yaxşı at tanıyıram, yaxşı da adam tanıyıram.
Dedi ki, bu vacib şeydi. Apardı verdi aşbazın əlinin altına. Qabda qalanı, qabaxda qalanı verirdilər, oğlan da yeyif başını dolandırırdı.
Bir gün böyük bir padşah bu padşaha bir ləl bağışdadı. Lələ baxıllar, çox möhtəşəm görükür. Birdən ağlına gəldi dedi ki, o adam deyirdi mən ləl tanıyıram. Onu çağırın, gəlsin görək. Çağırdılar, gəldi. Dedi:
– Paa, əhsən, əhsən, əhsən, amma...
Dedi:
– Amma nədi?
Dedi:
Bunun şövqün kəsiblər. Səni aldadar xəzinəni yarısın verərsən. Bu ona layıx ləl deyil.
Dedi ki, sənin zərgərin var? Dedi:
– Var.
Dedi:
Zərgər gəldi, dedi ki, həqiqətən də belədi, şövqün qırıf götürüflər.
Padşah aşbazı çağırdı dedi ki, ordan buna isdi-isdi bir boşqab yemək verərsən. Oğlan çox pis oldu. Ayə, bunun varın-varidatın yığıf apajaxdılar. Bunun qarşılığında maa bir boşqab yemək verdi. Dedi, əşi, cəhənnəm olsun. Orda yeyif başın atıf yatırdı.
Günnərin bir günü ilxının ayğırı öldü. Ayğır ölənnən sora getdilər bazardan bir ayğır aldılar gətdilər. Şah dedi, sən öl, o deyirdi at tanıyıram, gedin onu gətirin. Gəldi baxdı, çox bəyəndi. Dedi:
– Amma...
Dedi:
– Amma nədi?
Dedi:
– Bunu suya salan kimi yatajax.
Dedi, sür. At suya girən kimi yatdı. Çağırdılar bunun yiyəsini. Dedi:
– Ə, bu niyə belədi?
Dedi:
– Vallah, bunun sortu, özü, hər şeyi yaxşıdı, amma anadan olanda anası öldü, bunu camışnan mayalandırmışıx. Onun üçün suya yatır.
Bunu da tapdı. Padşahın işi çox yaxşı oldu. Kefləndi dedi ki, sən öl, çağırajam, adam tanıyandı, görüm özüm nətər adamam. Gəldi, salaməlöyküm, əlöyküm salam. Dedi:
Deyirsən, adam tanıyanam, mən nətər adamam?
Dedi:
– Sən padşah oğlu deyilsən ki, sən gədə oğlusan.
Dedi:
– Nətər?
Dedi:
– Mən sana iki sirr aşdım, maa bir boşqab isdi yemək verdin. Sənin məlkünü-mülkünü götürüf gedəjaxdılar. Sən lələ layiq pul verəjəydin, sənin xəzinənin yarısı gedəjəydimi?
Dedi:
– Hə.
Dedi, sən gədə oğlusan, padşah oğlu deyilsən. Coşdu anasını çağırdı. Anası dedi:
– Ay oğul, vallah düz deyir. Mənim həmişə qızım olurdu, kənizin də oğlu olurdu. Bir vaxt doğajaydıx, biz vədələşdik ki, onun oğlu olsa, mən pul verəm qıznan dəyişəm. Qızıl pul verif səni onnan almışam.
Şah oğlana dedi:
– Elə atan ona layığ imiş ki, o işdən ötrü oğlun satıf. Siz nəxarta ki Allahın yolunda, imamın yolunda, İmam Hüseyinin eşğındasınız, çörəyiniz olajax.
Gətdi bunun hak-hesabın verdi, yükün tutdu, dedi get ananın yanına, sən burda qalma.
5. ÜÇ BACI
Üç bajı varıymış. Bınnarın anası ölmüşmüş. Anaları hələ ölməmiş atalarına deyib ki, mənim qolumu kəsib, əskiyə büküb divardan asarsan. Öyəy nənə döyəndə deyərsən ki, mənim qızdarımı bunnan döy. Öyəy nənə də həmişə qızdarı bunnan döyərmiş. Həmişə də döyəndə xayınnığı tuturmuş ki, axı mən bı qızdarı gündə neçə dəfə döyürəm, ama heş nə olmur. Qızım, öyəy nənə qızdarı hər dəfə döydükdə qızdar daha da pərvazdaşırmışdar. Bir gün uşaxlar evdən çıxanda tez uşaxları nəynən döymürdü, onu açıb görür ki, həə, bı anasının qoludu. Bı qolı atır əənə. Gətirir bının yerinə bir ağaş tikir. Qızdarı döyür, yola vermir. Ərinə deyir ki, bı qızdarı neyniyirsən elə, bınnarnan bir yerdə qalmax istəmirəm. Kişinin alajı kəsilir qızdarına deyir ki, bala, durun meşiyə armud yığmağa gedək. Gedillər meşiyə. Qızdarına deyir ki, toplaşın ağacın altına. Onnarın başdarına da bir palaz örtüb deyir ki, mən ağaja çıxıram armud yığam. Ama başuzu mən açın deyənə qədər açmıyın. Armud başıza tökülər, ağrıyar. Kişi çıxır ağaja, satılını asır ordan. Keşmişdə axı satıl olurdu. Satıl dəmirdən olurdu, onnan pıçax itiliyirdilər. Hə, satılı ağajdan asır. Hərdən külək əsdikcə ağaja dəyib takqıldıyırmış. Qızdar da elə bilir ki, dədələri armud çırpır. Ama bir az keçənnən sora qızdar başdarını açırlar ki, görəh nə oldu dənə. Görüllər ki, dədələri nə gəzir? Çıxıb gedib. Takqıldıyan bir dəmirdi, satıldı. Bınnar bir müddət meşədə girrəniflər, başdarını qatıflar. Allah verənnən meşədə nəysə tapıb yeyillər dana.
Bir gün qızdar deyirlər ki, ona kimi sayajeyih34. On hansımıza düşsə, onu yeyəjeyih. Bərk ajmışmışlar. Xırda qız sayanda özünə düşür. Bına düşəndə deyiflər ki, bajı, səni yeyəh. Xırda qız deyir:
– Bajı, məni yemiyin. Qoyun gedim yaxınnarda bir tavla var, bəlkə bir şey tapdım ordan. Gətirərəm, yeyərik.
Tavlıya gedəndə görür ki, ordan bir adam çıxdı. Keşmişdə tavlalara külfə qoyurdular pəncərə fason, xırdaja olurdu. Ordan girif içəri. Görüf ki, padşahın atını bağlıyıflar qırxa. Ata kişmiş tökmüşmüşlər. Qırx gün bu ata kişmiş verillərmiş ki, kökəlsin. Qız da hər gün gəlib atın qabağından kişmişi götürüb aparıb üç bajı yeyirmiş. Qırx gün Allah-taala bınları dolandırıf.
Bir gün padşah vəzirinə, vəkilinə deyir ki, gedin atımı gətirin, görüm atım nətərdi. Atı gətirəndə padşah görür ki, at bılın-bılın bılanır, lap arıx oluf. Padşah deyir ki, bəs vəzirin başını vurajam. Vəzir deyir ki, kişmişdəri mən yeməmişəm. And-aman eliyir. Vəzir padşahdan üç gün möhlət alır ki, bı işi kim eliyifsə, tapıf gətirsin. Vəzir gəlib busur. Görür bıdı, bir gözəl qız gəldi. Külfədən içəri girib kişmişdəri yığanda vəzir onu tutur. Deyir:
– Bala, sən mənim evimi yıxansan.
Qızı padşahın yanına aparır. Padşah:
– Niyə belə eləmisən? – qızdan soruşur. Qız da, bala, mən nətər saa danışdım ha, o da bajılarının başına gələnnərin hamısını padşaha danışır. Elə bırdaca padşahın oğlunun kiçik bajıdan xoşu gəlir. Kiçik bajını padşahın oğlu alır. Birini vəzirin oğlu, birini də vəkilin oğlu alır. Qızdara deyillər ki, siz nə bacarırsınız, əlinizdən nə gəlir? Biri deyir, mən bir yumurta bişirirəm yeddi aləm yeyə, genə artıq qalar. Biri də deyir ki, mən bir gəvə toxuyuram hamı oturajax, gənə artıx qalar. Xırda bajı, yazıx deyir ki, mən də bir oğlan doğajam bir teli gümüş, bir teli qızıl olajey. Bajılardan biri yumurtaya o qədər duz tökür ki, heç kəs əlini uzatmır. Biri də xalçıya o qədər iynə batırır ki, heç kim otura bilmir. Deyillər, həə, bınnarın dediyi oldu. Qaldı xırda bajı.
Bir gün xırda bajının uşağı olmax vaxtı gəlir. Padşah bir qarı çağırır. Sən demə, bı qarı köpək qarı olur. Padşahı isdəmiyən bir vəzir qarıya deyir ki, əgər uşaq deyildiyi kimi doğulsa, onun başını əkək. Uşağı götürüb yerinə bir it küçüyü qoyullar. Uşağı aparıb qamışdığa atıllar. Sora padşaha muşduluğa gedillər ki, bəs padşah sağ olsun, sənin gəlnin belə deyib, sözünə vədə olmuyub, bəs küçük doğub. Yoldaşı bını aparıb azdırır. Deyir ki, ta get başı saxla. Yoldaşı da bını sevirmiş. Özü də pis olur. Çıxıb gedir şikara – uzax bir yerə. Gedif, ta qəyitmiyif.
Çoban varmış kəndin heyvanını otarırmış. Görür ki, bir keçi sürüdən ayrılıf gedir bir qamışdığa girir. Ta çobanın ağlına nə gələr. Sora axşam keçinin yəəsi gəlir çobanın üsdünə. Dalaşıb ki, bəs sən mənim keçimi hər gün sağırsan. Çoban and-aman eliyir ki, mən sağmamışam. Şübhələnir. Çoban busur, görür keçi genə qamışlığa girdi (Bala, bını Allah-taala eliyir. Qurban olum Allaha. Bəənnən alır, əənnən də verir. Allah-taaladan olur, bı da o uşağa butax çıxır). Çoban busuf görür ki, bir oğlan uşağı keçinin altında əmir. Bir gözəl uşaxdı, qızıl-gümüş telləri alışıb yanır. Uşağı tutur sevinə-sevinə aparır evinə, saxlayır. Bir müddət yekəldir. Uşağa qoyun dərisinnən bir papax tikdirir. Örtür başına, deyir papağını aşma, papaxlı oyna. Uşax gedir oynamağa. Bir gün belə, iki gün belə. Bir gün uşaxlarnan güləşəndə papağı düşür. Görüllər ki, bu uşağın bir teli qızıldı, bir teli gümüşdü. Baxıllar ki, uşax alışıf yanır. Hamı da belə bir işin nə vaxtsa olduğunu bilirmiş. Tez padşahın yanına qaçıllar ki, bəs qızıl-gümüş telli bir uşax var, onu çoban saxlıyır. Padşah çobanı yanına gətizdirir. Soruşur:
– Bəs nədi bu?
Çoban da mən nağıl elədiyim kimi qəşəh padşaha nağıl eliyir. Padşah barmağını dişdiyir, deyir:
– Elə bu mənim nəvəm olajax.
Uşağı gətizdirir. Axı uşağın atası o vaxtdan çıxıb getmişdi. Padşahın oğlu başa düşür ki, arvadı düz deyirmiş. Köpəh qarını çağırıllar. Qarı qorxudan boynuna almır. Soradan deyir ki, bir adam demişdi belə elə, mən də elədim. Padşah həmin adamı çağıtdırır boynunu vurdurur. Köpək qarını bir aj atın quyruğuna bağlayıb çölə ötürür.
Padşahın oğlu düşüf kəndbəkənd ayləsini axtarır. Axırda tapıf gətirib. Yığılıflar bir yerə. Qırx gün, qırx gejə toy vırdırıf, yeyiflər, içiflər, mətləblərinə keçiflər.
6. ŞƏRÇİ GƏLİN
Biri varıymış, biri yoxuymuş, bir qardaş, bir bajı varıymış. Bunnar çox mehriban qardaş-bajı idilər. Qardaşının arvadı deyir ki, mən nətər eliyim ki, bunnarı bir-birinnən ayırım. Bir gün gəlinin bir körpəsi olur. Körpə olanda bu körpəni boğur öldürür, qoyur yüyrüyə. Sənəyi götürüb suya gedir. Qəyidir gəlir özünü öldürür, yüyürüb yüyrüyə baxır. Uşax ölüf dana. Özü eliyib axı. Qışqırır ki, mənim uşağımı niyə öldürmüsən? Axşam da qardaşı gəlib deyib ki, nolub? Arvadı deyir ki, bəs hal-qəzyə belədi. Apar bajını öldür, mən onu görmək istəmirəm. Oğlanın da ürəyi gəlmir axı, bajısıdı. Öldürmək istəmir. Oğlan bajısını aparıb qolunun birini kəsib gəlir. Deyir ki, bajımsan da, səni öldürmək istəmirəm. Çıxıb gedir. Qız da meşədə qalır. Gejələr palıd ağajının kufasına girir, gündüzlər isə meşədə fırlanır.
Bir gün padşahın oğlu şikara çıxmışmış. Kefnən meşədə gəzirmiş. Padşahın oğlu görür ki, it nəyəsə gedir, hürür palıdın yuvasına. Deyir:
– Yox e, burda bir şey var. Ya indi qurd-quşdu, ya da insandı.
Deyir:
– Ay insan, insansa çıx, nəsənsə çıx.
Qız deyir ki, Allahdan gizdin deyil, bəndədən nə gizdədim. Mən çıxa bilmirəm da, paltarım meşələrdə dağılıb, paltarım yoxdu. Get maa bir dəst qadın paltarı gətir. Bı da gedib gətirir. Görür, ay Allah, qız dünya gözəlidi. Bını götürüb gedir evinə, bınnan evlənir. Evlənənnən sora nə olur, nə olmur, bınnar ayrılıllar. İki də uşağı olur: bir qız, bir oğlan. Bı gəlin çaya gedir, çayı addamalıymış. Çayı addıyanda uşağın biri çaya düşür. Qadının qolunun biri yox idi axı. Həmən qolu ilə uşağı tutmax istəyəndə qurban olduğumdan bir səda gəlir, qadının qolunu bitirif, qolu gəlif üstünə. Bınnar bir ev tutub qalıllar.
Bir gün bının qardaşı (gör Allahın işinə bax), hərrənir, fırranır, gedir o kəndə. Arvad qardaşın görən kimi tanıyır, amma qardaşı yox. Qardaşı arvada, yanı bajısına deyir ki, ay bajı, Allah qonağı istiyirsən, bu gejəliyə gəlim bırda daldalanam. Deyir, gəl qardaş, Allaha da qurban olum, qonağına da. Arvad uşaxları örgədir ki, gedin topuzu atın qonağın sapoğunun içinə. Səhər deyəjəm ki, bəs mənim uşağımın topunu oğurramısan.
Səhər açılır. Uşaxlar ağlaşır ki, bizim topumuzu ver. Anaları uşaxları örgədir ki, siz həylə deyin, mən bını sübut eliyəjəm. Qardaşı nə bilsin ki, bı arvad onun öz doğma bajısıdı. Arvad deyir ki, ay qardaş, sən niyə uşaxların topunu oğurruyuf sapoğuna qoymusan? Kişi and-aman eliyir ki, mən oğurramamışam, neynirəm axı topu. Arvad deyir:
– And işmə, oğurramısan axı. Niyə yalan danışırsan?
Kişi özün öldürür ki, axı mən oğurramamışam. Arvad kişiyə deyir ki, bilirsən mən kiməm? Mən sənin bajınam. Qolumun birini kəsif meşəyə ötürdüyün bajınam. Mən sənin uşağını öldürmüşdüm ki? Sapoğun içindəki o topdan sənin xəbərin vardı? Arvadının böhtanına uydun qolumu kəsdin, məni azdırdın. Görürsən də böhtan nətəər olur (bala, indi də var həylə işdər)? Oğlan bajısını da götürüb aparır. Arvadını da qovur, təzdənnən olur bajı-qardaş.
Söyləyici bu nağılı atasından eşidib.
7. ŞAH ABBAS VƏ KEÇƏL
Şah Abbas bir gün vəzir-vəkilin yığır başına. Deyir ki, vəzir, məni kim çox isdiyir? Vəzir deyir ki, şah sağ olsun, mən, mən (sinəsinə döyür də). Deyir ki, vəkil, məni kim çox isdiyir? Deyir:
– Şah sağ olsun, mən, mən.
Bu da sinəsinə döyür. Deyir:
– Yaxşı.
Axşam olur, Şah Abbas dərvişlibas olur, çıxır evdən. Gəlir vəzirin həyətinə. Görür, vallah, vəzirin evində yemək-içmək, demək-gülmək, qonax nə qədər. Çağırır:
– Ay ev yiyəsi, ay ev yiyəsi.
Vəzir çıxır. Deyir:
– Ay ev yiyəsi, məni bu gecə qonağ elə, Allah qonağıyam.
Deyir:
– Əşi, rəhmətdiyin oğlu, görmürsən mənim nə qədər qonağım var?
Buna çox yalvarır, üz tutuf deyir:
– Xayiş eliyirəm, yol adamıyam, bir gecəliyə məni qonağ elə.
Deyir:
– Yox, mümkün deyil.
Deyir:
– Səni and verirəm Şah Abbasın cıkqasına, məni bu gecə qonağ elə.
Vəzir Şah Abbasın cıkqasına söyür. Şah Abbas dinmir. Çıxır gəlir vəkilin həyətinə. Gəlir görür ki, vəkilin evində bir dəm-dəsgah, demək-gülmək, qonax-qara, vəkilinki vəzirinkinnən üstündü. Çağırır:
– Ay ev yiyəsi, ay ev yiyəsi.
Vəkil çıxır çölə. Deyir:
– Ay ev yiyəsi, Allah qonağı istəmirsən?
Deyir:
– Əşi, rəhmətliyin oğlu, görmürsən nə qədər qonağım var.
Yalvarır buna, deyir:
– Bir gecəliyə məni qonağ elə, yol adamıyam.
Deyir:
– Yox, mümkün deyil.
Deyir:
– Onda səni and verirəm Şah Abbasın cıkqasına, məni bu gecə qonağ elə.
Vəkil də Şah Abbasın cıkqasına söyür. Şah Abbas çıxır durur obanın, kəndin ortasında. Bir o başa baxır, bir bu başa baxır, görür ki, kəndin qutaracağınnan bir işartı gəlir. Deyir, gedəcəm ora.
Gəlir görür ki, bir dənə komadı. İndi pəncərədi, nə imişsə ordan baxır, görür ki, bir keçəldi, bir dənə də qarı – qoca anasıdı. Görür keçəl əvvəlcə oxudu, sora oynadı, sora ağladı. Çağırır:
– Ay ev yiyəsi, ay ev yiyəsi.
Keçəl tez çıxır çölə. Deyir:
– Ay ev yiyəsi, Allah qonağı istiyirsən?
Deyir:
– Əşi, Allaha da qurban olum, qonağına da. Niyə istəmirəm?
Şah Abbas atı qoyur həyətdə, girir içəri. Keçəl anasına deyir ki, ay ana, bu gün pəyədən bir-iki dənə yumurta tapmışam. Deyir:
– Hə, oğlum, mən də qonşuya yun əyirmişəm, bir balaca yağ almışam. Onu bişirək qoyax qonağın qabağına.
Bunu bişirif qoyullar qonağın qabağına. Qonax deyir, yemiyəcəm. Deyir:
– Əşi, niyə yemiyəcəksən?
Deyir:
– Mən baxdım, sən əvvəlcə oxudun, sora oynadın, sora ağladın. Sən bunun izahını mənə deməsən, mən sənin çörəyini yemiyəcəm.
Deyir:
– Əşi, sən dərviş babasan. Mən tutax ki, dərdimi sənə dedim, sən mənim dərdimə nə əlac eliyə bilərsən ki?
Deyir:
– Ay bala, nolar, de də.
O deyir, bu deyir. Keçəl deyir ki, bəs mən vəzirin qızına aşiq olmuşam. Əvvəl oxuyuram, deyirəm “can, ay can, aşiq olmuşam”, sora oynuyuram, deyirəm “əşi, alaram də”. Birdən fikirrəşirəm ki, mən keçəl, kasıb, bir dənə qarı nənəm var, vəzir mənə qız verər?
Şah Abbas da buna demişdi ki, sən sirri mənə deməsən, mən sənin evində qalmıyacam, nə də çörəyini yemiyəcəm. Keçmiş dövrdə də evdən qonağın getməsini ev yiyəsi özünə təhqir sayırmış da.
Nəysə. Bu, yeyir-içir, bunun yerini düzəldillər, yatır. İndi keçəl gedir ki, qonağın atın rahatdasın. Gedir qonağın atın götürür, aparıb pəyiyə bağlamaq isdiyəndə baxır görür ki, bu at Şah Abbasın Xoşqədəm atıdı. Atı bağlıyır, qayıdır həyətə. Bir dənə paya götürür, girir içəri. Deyir ki, ay nənə, bu qonağ nə qədər quduruf ki, gedif Şah Abbasın Xoşqədəm atını oğurruyuf gəlif bizim evdə qonax qalır. Gecəni səhərə qədər ana qoyur bala götürür, bala götürür ana qoyur, o ki var Şah Abbası döyüllər, əldən salıllar. Səhər torannıx olanda, işıqlanmax isdiyəndə bu Şah Abbası yıxır Xoşqədəm atın üsdünə, özü də sarıyır, aparır Şah Abbasa şikayətə. Bir az getdihcə hava işıxlanır axı. Sən çıxırsan qabağına deyirsən, ay keçəl, sən niyə Şah Abbası belə eləmisən? Keçəl deyir, buların başı xarav olub ey. Şah Abbasın nə işi var, bu dərvişdi. Beş-altı adam deyənnən sora birdən ağlı kəsir ki, Şah Abbasın belə də işdəhləri var axı, dərvişlibas olub obanı gəzir. Atnan Şah Abbası yolun ortasında qoyub qaçır. Asta qaçana imam qənim olsun. Gedir oturur, deyir:
– Hə, indi Şah Abbasın adamları gəlib aparıf mənim boynumu vuracax.
Şah Abbası aparıllar evinə. Bunun yaralarına məlhəm qoyullar, sağaldıllar. Geyinir çıxır taxta. Vəzirnən vəkil işlərini başa düşüllər. Bilillər ki, bu gecə Şah Abbas təğyirlibas olubmuş, dərviş paltarı geymişmiş. Soruşur ki, vəzir, kim məni çox isdər?
Deyir:
– Nə bilim, şah sağ olsun.
Deyir:
– Vəkil, kim məni çox isdər?
Deyir:
– Nə bilim, şah sağ olsun.
Əmr eliyir, deyir:
– Obanın qutaracağında bir dənə koma var, orda bir dənə keçəl var, bir dənə də qoca anası var. Oları gətirirsız, aparıb hamamladırsız. Anasına da gözəl libas, balasına da gözəl libas verirsız. Anasını aparırsız xanımların içinə, özün gətirirsiz mənim sərəncamıma. Aparıllar buları hamamladıllar. Oğlanı aparıllar Şah Abbasın hüzuruna. Şah Abbas vəzirin qızın alır buna, qırx gün, qırx gecə toy eliyir. Vəzirnən vəkili də bağlıyır atın quyruğuna, buraxır çölə. Keçəli də özünə vəzir götürür.
8. ALLAHLA ŞƏRİKLİ BOSTAN ƏKƏN QOCA
Bir gün də bir qoca kişi çox kasıb olur. Çox götür-qoy eliyir. Qışda – yanvar, fevral ayında gedir bazara. Gedir bazara, bir az yemiş, qarpız toxumu alır, gəlir. Arvad deyir:
– A kişi, hara getmişdin?
Deyir:
– Bazara.
Deyir:
– Bazardan nə almısan sən? Heç nə almamısan axı.
Deyir ki, yemiş, qarpız toxumu almışam. Deyir:
– A kişi, ilin-günün bu vaxtında sən bu yemiş, qarpız toxumunu neynirsən?
Deyir:
– Allahnan şərikli əkəcəm.
Deyir:
– A kişi, camahatı bizə güldürmə də, ayıfdı. Qış günü yemiş-qarpız olar?
Deyir:
– Sənin nəyəə lazımdı?
Kişi aparır bu yemiş-qarpız toxumunu dağın döşündə, sinədə səpir. Bir müddət keçənnən sora gedib görür ki, bitifdi. Bir gün gedir görür yarpağlıyıf, bir gün gedir görür çiçəkliyif, bir gün gedir görür tağ atıf. Bir gün gedif görür ki, sən bəyənmə, səkgiz dənə qarpız bitif. Bu səkgiz dənə qarpızı yüklüyür uzunqulağa, gətirir. Dördün qoyur yolun qırağında, Allah yolunda. Dördün də yüklüyür uzunqulağa, aparır Şah Abbasa. Gedəndə üzümüzdən qırağ, Allah mərdimazara lənət eləsin, Allahverdi xan da görür ki, uzaxdan bir qoca gəlir. Tez atı çapır qocanın qabağına. Deyir:
– Qoca əmi, nə gəzirsən?
Deyir:
– Heç nə, bala. Kasıb adamam, Allahnan şərikli yemiş-qarpız əkmişdim, səkgiz dənə qarpız düşmüşdü. Dördün qoydum Allah yolunda, dördün də aparıram Şah Abbasa, əlbət maa on şahı pul verər.
Allahverdi xan vəzir gülür. Deyir:
– Şah Abbasın on şahı pulu nə qayırır?
Deyir:
Deyir:
– Vallah, beş şahısı da yoxdu.
Deyir:
– Bəlkə üç şahısı olar da.
Deyir:
– Vallah, üç şahısı da yoxdu.
Qoca hirsdənir, Şah Abbasa söyür. Allahverdi xan vəzir burda-orda, mərdimazardı axı, üzümüzdən qırax. Atı çapır, özün çatdırır Şah Abbasa. Deyir:
– Bax, odey ordan qoca gəlir, o saa yolda söydü.
Deyir:
– Yaxşı.
Keçmiş zamanda da elçi daşı olarmış, şahın hüzuruna düşmək üçün orda üzdərin qoyub izn isdiyərmişdər. Şah Abbas əmr eliyir ki, qocanı qoymursuz elçi daşının üstündə otursun, gətirirsiniz mənim hüzuruma. Gətirillər. Şah Abbas deyir:
– Qoca əmi, nə axtarırsan, nə gəzirsən?
Deyir:
– Allahnan şərikli qarpız əkmişdim, dördün qoydum Allah yolunda. Allah verdi də, şükür Allaha. Dördün də gətirdim ki, mənə bir on şahı verərsiz, balalarıma çörək pulu eliyəm.
Şah Abbas gülür. Deyir:
– Mənim on şahı pulum nə gəzir, ay qoca.
Deyir:
– Neyniyək, əlbət beş şahın var, şah sağ olsun.
Deyir:
– Vallah, beş şahım da yoxdu.
Deyir:
– Neyniyək, şah sağ olsun, əlbət üç şahın var.
Deyir:
– Üç şahım da yoxdu.
Deyir:
– Onda yolda dediyim olsun.
Şah əmr eliyir ki, məni isdiyən qocaya xələt. Qocaya çoxlu xələt yığılır, bunu yüklüyüllər uzunqulağa. Şah Abbas gətirir ona bir dənə qəbalə verir. Məsələn, Nəsimi rayonunun yiyəliyin verir buna. Allahverdi xan vəzir mərdimazarlığ eliyir, üzümüzdən qırağ olsun, deyir ki, şah sağ olsun, bir belə var-dööləti verdız o qocaya, yaxşı elədız. Amma o qəbaləni niyə verdız ki? Deyir ki, Allahverdi xan vəzir, mən vermədim, Allah verdi. Deyir:
– Şah sağ olsun, bir belə camahat gördü ki, siz verdız.
Deyir:
– Vallah mən verməmişəm, Allah verif.
Deyir:
– Şah sağ olsun, axı Şah Abbasda yalan olmaz, siz niyə yalan danışırsız?
Deyir:
– Eybi yoxdu, Allahverdi xan vəzir. Bax, gedir qoca. Düş qocanın dalına. Əyər oları qocanın əlinnən ala bildin, bil ki, mən vermişəm. Yox, ala bilmədin, bil ki, Allah verifdi.
Deyir:
– Yaxşı (mərdimazardı axı, üzümüzdən qırax).
Atın çapır, özün çatdırır qocaya. Deyir:
– Qoca əmi, qoca əmi.
Qoca dayanır. Deyir:
– Qoca əmi, sənə üç dənə sual verəcəm. Əgər mənim suallarıma cavab verdin səni buraxacam get, yox, verə bilmədin buları sənin əlinnən alacam.
Deyir:
– Buyur, bala, eşidirəm.
Deyir:
Qoca əmi, Allah nə yeyir?
Deyir:
– Allah nə yeyəcək, başa dönüm. Nə çay içir, nə çörək yeyir. Səən kimi, məən kimi pis bəndələrin şükürün.
Deyir:
– Yaxşı, Allah nə örtür?
Deyir:
– Allahın nəyi var, nə örtə? Döşək salmır, yorğan örtmür, səən kimi, məən kimi pis bəndələrin sirrin.
Deyir:
– Yaxşı, qoca əmi. Üçüncü sualıma da cavab ver, səni buraxım get.
Deyir:
– Qoca əmi, Allah nə qayırır?
Deyir:
– Onu saa demiyəcəm. Sən atdan düşərsən, məən yükümü qoyarsan atın üsdünə, paltarları çıxarıf verərsən geyinərəm, çıxaram atın üsdünə, bir o başa sürərəm, bir bu başa sürərəm, gəlib cavabı verərəm. Hər şeyini qaytararam, çıxıf gedərəm.
Bunun da məqsədi var axı, mərdimazardı. Qoca dediyi kimi bunun yükün qoyur atın üsdünə, paltarın çıxardır verir, qoca geyinir. Qocanı mindirir ata, qamçını verir qocaya. Qoca bir o başa sürür, bir bu başa sürür, gəlir durur Allahverdi xan vəzirin qabağında. Deyir:
– Allah nə qayıracağ? Budey bu bəndə qaltağ yonurdu, səni yendirdi məni qaldırdı.
Qoca ata bir qamçı vurub aradan çıxır. Şah Abbasa ona görə cənnətməkan deyiflər də. Şah Abbas küləfirəngidən baxırdı. Gördü ki, Allahverdi xan vəzir tuman köynəkdə, uzunqulağ yanında gəlir. Əmr eliyir, deyir, onu qoymuyun evinə getsin paltar geyinsin əyninə. Onu elə uzunqulaxnan gətirin mənim sərəncamıma. Allahverdi xan vəziri gətirdilər Şah Abbasın sərəncamına. Şah Abbas deyir ki, Allahverdi xan vəzir, mən vermişdim, Allah vermişdi? Uje bilir axı işin. Deyir:
– Şah sağ olsun, Allah vermişdi.
Deyir:
– Allahverdi xan vəzir, get, bir də Allahın işinə əl aparma.
Dostları ilə paylaş: |