VIII mətn
Nənəm deyirdi ki, təzə gəlin idim, qapını süpürürdüm. Onda gördüm ki, beş atdı gəldi. Biri dedi ki, bajı, ardımızca atdılar gələjək, soruşsa deyin aşdı o üzə. O üz də Bərşat tərəf deməkdi. Bu atdılar gedənnən bir az sora iyirmiyəcən atdı gəldi. Biri dedi bala, bala, burdan beş atdı keşdi, hara getdi? Əlimnən belə elədim ki, o üzə aşdı. Həmən atdılar o üzə gedənnən sora həmən beş atdı gəldi çay aşağı getdi. Demə, o beşı atdı gedif Qəmbərgilə. Qəmbərin Bədəl addı nökəri vardı. O deyirdi ki, Nəbi beş atdıynan gəldi. Düşən kimi dedi ki, Qəmbər əmi, biz bir çay içif addıyajıyıx o taya, vacib işimiz var. Deyəndə Qəmbər əmi gəlinnərə dedi ki, əlüsdü bir qayğanax eliyin. Bədəl kişi deyir, mən də atdarı bağladım, çay gətirif qoydum qabaxlarına. Dördü işmişdi, isdiyirdim istəkanları götürəm. Qəmbər əmi də qaçır o kəllə evə, qaçır bura. Nəbi çayı işməmişdi, qabağında idi. İstəkannarı götürmüşdüm ki, Qəmbər əmi girdi içəri. Nəbi dedi ki, Qəmbər əmi, nədi, heç oturmursan? Qaçırsan o evə, gəlirsən bura. Bir otur görək nə var, nə yox. Dedi, əmi qurban, böyük gəlin ağırayaxlıdı, siz qaçarax gəldiyinizə elə bilif ki, bura dava düşəjəh, qorxuram ona ziyan verə. Ona toxtaxlıx verirəm. Dedi ki, onda bizə bir əlxəşdiyi lazımdı. Qəmbər əminin çuxası vardı. Qoltux civinnən bir kisə çıxartdı. Nəbi aldı, dedi polnu bəs eliyər. Gedək gələk, Allah qoysa, amanatı aparajam, səni də razı salajam. Niftılla dediyi düz çıxırmı?24
Üş günnən sora kəndə hay düşdü ki, o gün gedən beş atdı Nəbinin dəsdəsi imiş. Gedif İrana. Nəbinin dəsdəsində Şah Hüsöyn adında birin xan örgədif ki, Nəbi sənin arvada sataşır sənin xəbərin yoxdu. Heylə oluf qonaxlıxda Nəbini arxadan vuruf.
IX mətn
Babam deyir ki, biz uşağıx. Gördük ki, bir nəfər adam gəldi ağsakqallarnan görüşdü. Otdular, yedilər, işdilər. Bizim evdən yüz əlli metr aralıda armud ağacı var. Qaçax Nəbi də gələndə atın ora bağlıyıfdı. At da tərli idi. Yəhərin alıf qoyufdu armudun haçasına, gəlifdi kəndə. Gedəndə görüflər atın yəhəri yoxdu. Kəndin ağsakqallarına deyif ki, mən gözdəməzdim mənim sevdiyin bir kəntdə atımın yəhəri oğurransın. Ağsakqallardan biri dedi ki, heç ağlına heylə şey gəlməsin. Bu uşax işidi, gəlif ordan keçəndə yəhər xoşuna gəlif götürüf. Narahat olma, tapılar. Yəhəri tapıf gətirdilər. Nəbinin də iki atı vardı. Birin minif, birin də alıf yedəyinə. Dedilər ki, Nəbi, bu dayça nədi, bunu hardan almısan? Dedi ki, Abbasdar kəndində İbrahim bəy var, onnan almışam. Boz at həmən atdı.
X mətn
Bu saat bizdə Qaçax Nəbinin nişanəsi var. O vaxdı Məmmədrəhim babam bir az silah-sursat tapıb hardansa. Bunu dədəmnən Nəbiyə göndərib. Dədəmə deyib ki, min atın üsdünə, ata heş nə eləmə, at özü gedəjəh. Qaçax Nəbinin yeri haradı at gedib çıxajax ora. Orda silah-sursatı verərsən Qaçax Nəbiyə, sən qayıdarsan. Dədəm deyir, atın üsdündə oturdum, at getdi kümbəz deyilən yerdi, orda dayananda Nəbi çıxdı. Dedi, boy Həbib, sən gəlmisən? Dedim, hə. Dedi, əhsən, Məmmədrəhimin əsil oğlusan. Səni ki uşaqlığınnan gejənin bu vaxdı gəlmisən, ala bunu saa nişanə verirəm. Onun da şallağının altına Nəbi sözü yazılmışdı, peçat kimi işdədirmiş. Gətirib həmin şallağı verib atama ki, mənnən saa yadigar qalsın. Qaçqın düşəndə qardaşım rəhmətdik dedi ki, keşmişdən nə nişanamız var birinci onu götürün. O şallağı götürmüşdü qardaşım. Qardaşım rəhmətə gedənnən sora nəvəsinə qaldı.
XI mətn
Bir dəfə keçmiş kişilərdən, igidlərdən söhbət düşdü. Bir qoca dedi, bala, Qaçax Nəbinin boz atı deyillər, o at bizim kəntdə oluf. Belə nağıl elədi ki, orda Nəbiyə deyillər ki, sənə yaraşan yaxşı bir at var. Bartazda kasıb bir cavan oğlandı, aylə qurub. O atı sən onnan götürüp ala bilsən əsil Qaçax Nəbi olarsan. Qaçax Nəbi də çarığın geyinif gedif Bartazın güneyində oturur. Görür axşam düşdü. O vaxtı həyət-bacanın ətrafı çal-çəpər idi. Bir də görür ki, həmin adam tövlədən atı çıxartdı. Küçəyə çıxardannan sora atın cilovun atdı çiyninə, əlin qoydu belinə, yendi kəhrizdən su işməyə. Bunu müşayət eliyif. Qarannıx düşəndə gəlir qapısına. Deyir ki, yol adamıyam, bir gecəliyə məni qonağ eliyə bilərsiniz? Deyir, Allaha da qurban olum, qonağına da. Kasıfçılığıymış. Ev yiyəsi bir beş-altı yumurta soyutması hazır eliyir, şor, çörəh. Aftafanı basır buxarıya, kəkotunnan qatır içinə, qaynadır. Nə qədər eliyillər Nəbi çörəh yemir. Çox məcbur eliyəndə gətirir yumurtadan soyur, nə duza batırmır, nə çörəyin arasına qoymur. O yumurtanı yeyir. Gecənin bir vaxtı durur, görür yatışıflar mınnar. Çarıxların geyinir. Durur atı çəkir, yəhəri qoyur belinə, tərpənir. Səhər tezdən kişi durur görür ki, nə yəhər var, nə at var. Aya hay. Arvat deyir, sən hər yetəni qonağ elədin. Deyir, ay arvad, dinmə. O, kişi adamdı. Deyir, nətəri kişidi? Deyir, ona görə mən deyirəm kişi adamdı ki, o axşam nə bizim çörəyimizi kəsmədi, nə duzumuzu dadmadı. Ona görə kişi adamdı. Belə bir rəvayətnən Nəbi gedir. Sonra xocaların İrannan gətirdiyi atdardan bir beşinin yükünü saxladır. Öz atın da minir, qoşunuynan düz gedir Bartaza – həmən kişinin qapısına. Deyir, buyur. Bax, bu mən, bu da sənin atın, bu da bu. Atdardan hansını bəyənirsən götü. Bu da sənin beş atın, yükü də İrannan gələn mal.
Dostları ilə paylaş: |