AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
______________________________________________
QARABAĞ:
FOLKLOR DA BİR TARİXDİR
III KİTAB
(Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri)
BAKI – 2012
“Qarabağ folklorunun toplanması,
sistemləşdirilməsi və araşdırılması” adlı layihə
əsasında çap olunur.
LAYİHƏNİN RƏHBƏRİ: fil.ü.e.d. Muxtar KAZIMOĞLU
(İMANOV)
TƏRTİB EDƏN: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ
REDAKTOR: fil.ü.f.d. Mətanət ABBASOVA
NƏŞRİNƏ MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ
Qarabağ: folklor da bir tarixdir, III kitab (Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Şuşa rayonlarından toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2012.
İSBN – 9-789952-810875
А 4603000000 Qrifli няшр
Í-098-2012
© Folklor İnstitutu, 2012
TƏRTİBÇİDƏN
Bu kitab AMEA Folklor İnstitutunun “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” adlı layihə çərçivəsində oxuculara təqdim etdiyi üçüncü kitabdır. İlk kitabda olduğu kimi, bu cildə də, əsasən, işğal olunmuş ərazilərdən (Ağdam, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Füzuli və Kəlbəcər rayonlarından) toplanmış folklor nümunələri daxil edilmişdir.
Qeydə alınmış folklor örnəkləri bir daha göstərir ki, doğma torpaqlardan didərgin düşmək yalnız insanların məişətində deyil, həm də bu bölgənin folklorunda, şivəsində müəyyən dəyişmələrə səbəb olmuşdur. Məsələn, Şəkidə məskunlaşmış Cəbrayıl rayon sakini Alı İbadovun söylədiyi mətnlərdə Şəki üçün xarakterik o-u əvəzlənməsinə, söz sonlarında şəkilçilərin qalınlaşmasına (məsələn, görüşax, getmağ, neyliyax), Saatlı rayonunda məskunlaşmış Laçın rayon sakinindən qeydə alınmış mətnlərdə Saatlı şivəsinə aid səs dəyişmələrinə, söz və ifadələrə (məsələn, nəşə (niyə), mıyi (bunu) və s.) rast gəlmək olur. Doğrudur, Qarabağ sakinlərinin kompakt yaşadığı ərazilərdə (məsələn, qaçqın şəhərciklərində) bu hal o qədər də müşahidə olunmur, amma onların pərakəndə, dağınıq halda yaşadığı bölgələrdə yerli sakinlərin təsiri özünü açıq-aşkar göstərir. Məskunlaşdıqları mühitin təsiri ilə nəinki bu insanların şivəsi, eyni zamanda onların repertuarı da dəyişməyə məruz qalmışdır. Məsələn, Cəbrayıl rayon sakinindən Nadir şahın Şəkiyə hücumu ilə bağlı rəvayət qeydə alınmışdır. Təbii ki, Cəbrayıl üçün xarakterik olmayan bu rəvayəti həmin söyləyici Şəkidə məskunlaşdıqdan sonra eşitmişdir.
Bu kimi faktlardan çıxış edərək deyə bilərik ki, bir neçə ildən sonra mühitin təsiri ilə köçkünlərin repertuarı, dialekt və şivəsində daha ciddi dəyişikliklərin olacağı qaçılmazdır. Nə qədər ki bu insanların repertuarı, dialekt və şivəsi ciddi dəyişikliyə uğramayıb, onlardan Qarabağ folklorunu toplayıb sistemləşdirmək lazımdır.
Topluya daxil edilmiş materialların böyük əksəriyyəti 2012-ci ildə Ağdam, Füzuli, Tərtər, Cəlilabad rayonlarına, eləcə də Bakı şəhərində, İmişli, Saatlı rayonlarında məcburi köçkünlərin yaşadıqları qaçqın düşərgələrinə folklor ezamiyyələri zamanı toplanmışdır. Əvvəlki toplularda olduğu kimi, bu topluda da mətnləri söyləyicinin dil və üslubuna toxunmadan, şifahi nitqin sintaksisini gözləməklə oxuculara təqdim edirik. Onu da qeyd edək ki, çap olunmuş mətnlər, əslində, qeydə alınmış nümunələrin bir hissəsini təşkil edir. Biz qeydə alınmış nümunələr arasından seçib daha keyfiyyətli və sanballı olanları toplulara daxil etmişik, çap olunmayan nümunələr isə Folklor İnstitutunun arxivinə təhvil verilmişdir.
Layihə əsasında işıq üzü görən bu toplularda 125 mifoloji mətn, 346 əfsanə və rəvayət, 180-dən artıq nağıl, 170 lətifə, 400-dən artıq atalar sözü, 1000-ə yaxın bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər və uşaq folkloruna aid digər nümunələr çap olunub oxuculara təqdim edilmişdir. Toplama işi nəticəsində indiyə qədər Azərbaycanda qeydə alınmamış 20-yə yaxın nağıl süjeti aşkar edilmişdir. Hacı Qaraman, Hacı Qasım Çələbi, Alı Çələbi, Seyid Nigari, Seyid Həsən ağa, Seyid Füqəra, Seyid Məhəmməd ağa və b. şəxsiyyətlər haqqında, eləcə də Qarabağdakı müxtəlif yer adları barədə onlarla rəvayət və əfsanə də ilk dəfə işıq üzü görən nümunələrdir. Toplama işi nəticəsində Molla Lətif, Soltan bəy, Hacı Şirin, Bic Qənbər kimi yeni-yeni personajlar aşkar edilmişdir. Bu layihə çərçivəsində Bəhlul Danəndə haqqında 24, Abdal Qasım haqqında 18, Kəlniyyət haqqında 1 mətn tədqiqatçılara təqdim olunur ki, bir çox digər nümunələr kimi bu mətnlərin də bir qismi yeni süjetlərdir. Yeni mətnlər Bəhlul Danəndə, Kəlniyyət, Abdal Qasım haqqında təsəvvürümüzü dolğunlaşdırmaqla yanaşı, həmin personajların daha ətraflı öyrənilməsinə yaxından kömək edir.
Qarabağ kimi geniş bir ərazinin folklorunu qısa müddətdə toplamaq və bölgəyə daxil olan bütün rayonları bu baxımdan əhatə etmək qeyri-mümkündür. Toplulara diqqət yetirsək, aydın olar ki, Ağdam, Cəbrayıl, Ağcabədi, Bərdə, Qubadlı, Zəngilan rayonları bu kitablarda daha geniş materialla, digər rayonlar isə ya az sayda materialla təmsil olunmuş, ya da ümumiyyətlə, həmin rayonlara ezamiyyələr təşkil edib toplama işi aparmaq hələ ki mümkün olmamışdır. Bu, bir daha göstərir ki, Qarabağ folklorunun toplanması bir ilin işi deyildir. Heç şübhəsiz, bu iş davamlı olmalı, Qarabağın bütün rayonlarına və məcburi köçkünlərin məskunlaşdığı bütün məntəqələrə ardıcıl ezamiyyələr təşkil etməklə bütövlükdə bölgəni əhatə edə biləsi yeni-yeni toplular ortaya qoyulmalıdır.
Dostları ilə paylaş: |