Materiyanın fiziki-maddi və ilahi-metafiziki hüdudları
S.Rzasoyun əsərinin cövhəri onun insanı materialist düşüncədən ayırmasıdır. Alimin insanı İlahi varlığın ən şərəfli yaradılışı kimi anlayaraq, bütöv bir etnosu bir varlığın – insanın timsalında təhlil etməsi yeni baxışların rüşeymi hesab oluna bilər. O, Türkü, Oğuzu daima hərəkətdə, irəliləyişdə, mənəviyyata, idrak zirvəsinə yüksəlişdə təsəvvür edir. Əsərin qatları, layları çevrildikcə oğuzların həyatının mənalandırılması səhnələri diqqət çəkir. Oğuzlar təkcə gündəlik həyatın bəsit davranışları ilə yaşamamışlar. Qəhrəman arxetipi etnosun sınaqlardan çıxmış çoxəsrlik təcrübəsinə, dərin mənəvi köklərə bağlı ənənəvi təsəvvürlərinə istinad edir. Oğuzları digərlərindən fərqləndirən cəhəti araşdırıb, incələyib realizə edən müəllif buradakı evlənmə semantemini fiziki-bioloji cütləşmə deyil, eşq-ilham, intuisiya, həqiqətin instinktiv dərki kimi duyur və düşüncələrini də elmi konsept kimi dövriyyəyə ötürə bilir. Düzdür, o da hələ materialist düşüncədən tam azad ola bilmir, lakin dialektikanı ilahi mövcudiyyət daxilində görür. Bu indiyədək olan düşüncələrin tərsi və ən xeyirlisidir.
Müəllif etnosun varlığını, mövcudolma prinsiplərini və eləcə də sosiologiyasını, kültürünü, estetikasını, hətta politologiyasını inanc müstəvisində araşdırır.
S.Rzasoy bir çox paradiqmalarda insan-cəmiyyət, insan-təbiət və insan-cəmiyyət-təbiət-münasibət formullarının elmi strukturunu sərgiləyir.
“Xaos-kosmos-xaos-kosmos...” əvəzlənməsi, fraktallıq və təkrarlanma ilə bağlı deyilənləri ümumiləşdirib belə nəticəyə gəlir: varlıq aləmi xaosdan kosmosun əmələ gəlməsi şəklində təşkil olunmuşdur. Bu, daimi bir prosesdir: xaosla kosmos vəhdətdə olub, daim biri o birinə keçir. Bu, əbədi “yaradılış-kosmoqoniya-dünyayaratma” prosesidir. “Xaos-kosmos-xaos-kosmos...” əvəzlənməsi yaradılışın universal prinsipidir. Materiyanın hər bir növ, şəkil və ünsürünün mövcudluğu bu prinsip əsasında mövcud olur. Hər bir ünsür öz “bətnindəki” ilkin struktur sxemini fraktal şəkildə təkrarlayaraq, öz-özünü yenidən yaratmaqla yaşamını sürdürür”.
Dostları ilə paylaş: |