SINAMALAR (2)
*** “Böyük su içən vaxt əgər kiçik istəyib verməsə, yeddi bulaq quruyar”, – deyərlər.
*** “Gecə qonşuya qatıq, un, pul verməzlər, yoxsa evin bərəkəti gedər”, ‒ deyərlər.
*** “Körpəni güzgü qabağına qoymazlar, uşaq güzgüyə baxsa, gec dil açar”, – deyərlər.
*** Bıçaq yerə ağzı üstə düşəndə “ət kəsmək istəyir”, ‒ deyərlər.
*** “Soğan, sarımsaq qabığını oda atmazlar, yoxsa qış soyuq olar”, ‒ deyərlər.
*** Bir adam hıçqıranda deyərlər ki, kimsə sənin adını tutur.
*** “Xalı çox olan adamın qəbri işıqlı olar. Hər xalı bir ulduza dönər”, – deyərlər.
*** Deyərlər ki, əliuşaqlı xatın hirsli vaxtı uşağını əmizdirsə, uşağı da hirsli olar. Belə olanda südü gərək bir yerə sağsın, sonra uşağını əmizdirsin.
*** Deyərlər ki, axşam vaxtı uşağı çimizdirəndən sonra suyu atmaq olmaz. Suyun içinə yanar kibrit atıb “şeytanı yandırdım” deyərlər. Uşaq yatıb ayılandan sonra ‒ səhər suyu atarlar. Yoxsa uşağa sədəmə toxunar.
*** İki xatın bir vaxtda uşağa yatsa, gərək qırx gün bir-biriylə kəlmə kəsməyə. Danışsalar, uşağın üstünə qırx düşər. Qırx düşsə, qırx açar gətirib, onun başı üstdən üç dəfə su tökər, qırxı götürərlər.
*** Təzə ev tikəndə evin özülünə xırda pul, düyü atarlar ki, evdə xeyir-bərəkət olsun.
*** “Səhər tezdən evdən küçəyə çıxanda qabağına dolu vedrəli adam çıxsa, xeyrə çatarsan”, ‒ deyərlər.
*** “Yaz vaxtı siftə göy guruldayanda axar çaydan evə bərəkət daşı gətirsən, evindən xeyir-bərəkət əskik olmaz”, – deyərlər.
*** Bəd yuxu görəndə yuxunu suya danışıb, itə yeddi qırıq çörək tullayarlar ki, yuxu çin olmasın, puç olsun.
*** “Əgər inəyin bulamasını təzə doğulmuş dişi balasının başına töksən, o gələcəkdə südlü olar”, – deyərlər.
*** Qurban ətinin sümüyünü atmazlar, qurudub saxlarlar. Bərk külək əsib kəsmək bilməyəndə həmən sümüyü yandırib, külünü atarlar evin damına. El bu inamda olub ki, belədə külək kəsər.
*** Çərşənbə günü baş yumaz, dırnaq tutmaz, üz qırxmazlar, yoxsa bədlik olar.
*** “Gün dalınca qapı süpürmək günahdır”, – deyərlər.
*** “İnəyin yelini gələndə qaraquş caynağını ona sürtsən, keçib gedər”, – deyərlər.
*** Təzə doğulmuş inək balasına “bərk dırnaqlı olsun” deyərlər.
*** “Günbatandan sonra bıçaq itiləsən, qapındakı heyvanın ölər”, – deyərlər.
*** Malın itəndə bıçağın ağzını bağlasan, qurdun ağzını da bağlamış olarsan.
*** “Odunu ocağa tərs qoysan, qonşun dövlətli olar”, – deyərlər.
*** “Körpənin ilk dəfə çıxan dişini kim görsə, ona hədiyyə almalıdır”, – deyərlər.
*** Əziz adamın evə qonaq gəlməyini istəyəndə şişi qızdırıb, həyətin küncündə yerə basdırarlar. İnanarlar ki, həmin adam şiş soyuyana kimi gəlib çıxmalıdır.
*** “Köynəyi tərs geyinəndə evə qonaq gələr”, – deyərlər.
*** “Ocağa odunu tək qoymazlar, peyğəmbərin ocağında odun tək yanmayıb”, ‒ deyərlər.
*** Əgər uşaq gözdəymədən ağlağan olsa, “bismillah, qulhuvallah” deyib, kağızla iynə götürərlər. İynəni kağıza batırıb yandırarlar. Sonra da kağızın külünü uşağın alnına sürtərlər ki, ağlamasın, bəd nəzər puç olsun.
*** İlaxır çərşənbəsi heyva ağacının budağından balaca bir parça kəsib, gözmuncuğu kimi uşağın biləyinə sapla bağlarlar ki, ona göz dəyməsin.
*** “Körpəyə yatan yerdə çox baxmazlar, yoxsa uşağa göz dəyər”, – deyərlər.
*** Xəmiri yoğurub qurtarandan sonra “qoy atası evinə gedib gəlsin” deyibən bir qədər gözləyərlər ki, xəmir gəlsin, bişməyə yararlı olsun.
*** Tum əkəndə “birə min əvəzin alasan” deyərlər ki, xeyir-bərəkət olsun.
*** Uşaq yatan vaxt yuxuda qorxmaması üçün bıçaqla onun ətrafında bir çevrə çəkərlər.
*** Uşağın nədən qorxduğunu bilməkdən ötəri qurğuşunu əridib, suya tökərlər. Qurğuşun suda nəsə bir heyvanın, ya qurd-quşun şəklini alar. Bundan bilərlər ki, o nədən ürpənib.
*** “Körpəni yük üstündə çox oturtsalar, gec yeriyər”, – deyərlər.
*** “Gecə qatıq kəssən, ağartın kəsilər”, – deyərlər.
*** Şər vaxtı qonşuları gəzən xəta-bəlaya rast gələr.
*** “Atın kəllə sümüyünü saxlasan, bərəkət gətirər”, – deyərlər.
*** Əgər bir nəfər kəsilmiş çörəkdən təsadüfən yenidən bir tikə kəssə, deyərlər kiminsə acdır.
*** Birinin mal-qarası, qoyunu itəndə gedərmiş mollanın yanına. Molla da xəncərini tərs taxıb qurdun ağzını bağlarmış. İtmiş heyvan səhər gəlib çıxanda gedib mollaya xəbər verərlərmiş ki, qurdun ağzını açsın. Yoxsa günah olar, qurd ac qalar.
*** Xeyir-bərəkət olması üçün birinci xırmanı evə gətirməzdilər, yetim-yesirə paylayardılar.
*** “Bir adam ağır xəstələnəndə həmin adamın adını tutub ağacın kökünü burallar. Ağac quruyanda həmən adam da sağalar”, – deyərlər.
*** Ocaq pis yananda odun üstünə duz atarlar ki, yaxşı yansın.
*** Xırman döyəndə axırıncı xırmanı yetimlərə, əlsiz-ayaqsızlara, dullara verərlər ki, bərəkəti artıq olsun.
*** “Uçaq düşərkən taxıllar baş-başa verib bir-birinə sarmaşanda qurban kəsmək gərək ki, xeyir-bərəkət görəsən. Kəsməsən, uçaq yiyəsi xeyir görməz”, – deyərlər.
*** “Tuma çıxandan üç-dörd gün keçincəyə kimi heç kimə evdən od verməzlər, yoxsa əkini bərəkətli olmaz”, ‒ deyərlər. Tum bitəndən sonra evdən od verərlər.
*** Bayram günü çəmənlikdə yelləncəkdə yellənərlər ki, günahlar tökülsün.
*** Həyətin iti arxasını evə qarşı döndərib yatsa, deyərlər ki, kimsə o ailənin qeybətini qırar. Dərhal ev adamlarından biri itə bir şey atıb onu yerindən durğuzar ki, evin qeybəti edilməsin.
*** “Körpə uşağın üstünə çiy ət gətirməzlər. Onda uşaq xəstələnər”, – deyərlər.
*** “Evin qapısının üstündən deşikli daş asanda o evdə söz-güz olmaz”, – deyərlər.
*** Evə təzə gəlin gələndə siftə ona duz əzdirərlər ki, əlitamlı olsun.
*** Ayağı geyimli un çuvalının ağzını açmazlar, deyərlər, ayaqqabı darlıqdır.
*** Nehrə çalxayanda altına balta, bıçaq qoyarlar ki, yağı çox olsun, bədnəzərin gözü dəyməsin.
*** Gecə çaydan su götürəndə deyərlər ki, ay su, vaxtsız qonağım gəlib.
*** İlaxır çərşənbədə evin işığını sübhəcən söndürməzlər. Deyərlər ki, həmin gecə uluların ruhu sübhəcən yuxuda baş çəkməyə gəlir.
*** Tum səpərkən “Allah bərəkət versin, sətinə düzəlsin”, yəni uğurlu olsun deyərlər ki, xeyir-bərəkət olsun.
*** Qayçını boş yerə çaqqıldatmazlar, yəni açıb bağlamazlar, yoxsa evin xeyir-bərəkəti olmaz.
*** Yuxunu danışmazlar, danışsalar da deyərlər ki, damda dana var.
*** Qırxlı körpəni bayıra çıxarmazlar. İşdi çıxartsan, onda gərək başının altına çörək tikəsinin içində kömür, ya da köz qoyasan ki, göz dəyməsin.
*** Adam xəstələnəndə, sınıxanda, mal-qara süddən kəsiləndə deyirdilər ki, “göz dəyib”. Gedərdilər falçı və yaxud cindarın yanına. O da şit xəmirdən göz boyda xırda yumrucuqlar düzəldərdi. Sonra bədnəzər adamların adını çəkdikcə bu yumrucuqları bir-bir ocağa atardı. Hansı yumrucuq partlasa, deyərdi: “Sənin adamına, mal-qarana filankəsin gözü dəyibmiş. İndi puç oldu getdi”.
*** “Uşağa göz dəyəndə Göz pirinin torpağını suda qarışdırıb ona içirdərdilər. Onda uşaq sağalar”, ‒ deyərdilər.
*** “Əliuşaqlı gəlinin südü kəsiləndə gərək o, su ilə dolu vedrələri götürüb, naxırın qabağına çıxa, sonra da evinə qayıda. Belə etsə, südü yerinə qayıdar”, – deyərlər.
*** Uşaq xəstəliyə tutulanda onu aparardılar uşaq pirinə. Üç kərə pirin ətrafında dolandırıb, yenə də evə gətirərdilər. Uşaq azar-bezardan qurtarardı.
*** Quraqlıq vaxtı dərin quyudan su götürülsə, yağış yağar.
*** Qızdırmalı adamı İsitmə bulağına aparıb, suyundan ona içirdər, torpağından üzünə sürtərdilər ki, sağalsın.
*** Yağış yağmayanda kağıza səkkiz keçəlin adını yazarlar. Deyərlər ki, onda yağış yağar.
*** Yağış yağdırmaq üçün qəbirdən baş ağacını götürüb, suya atarlar ki, yağış yağsın.
*** Çox güzgüyə baxsan, deyərlər ki, sevəninə düşməzsən.
*** “Adam səfərə çıxanda yolda qabağına su ilə dolu səhənginən qız, gəlin çıxsa, işin düzələcək, boş çıxsa, əliboş qayıdacaqsan”, ‒ deyərlər.
*** “Həyətə kirpi gəlsə, bərəkət gətirər”, ‒ deyərlər
*** “Yaş ağacı ocağa atan adam kasıb olar”, – deyərlər.
*** “Qoyun tükündən iyrənməzlər, o, qurban tüküdü”, – deyərlər.
*** Gecə qızdırmalısına yeddi evdən pay yığarlar ki, sağalsın.
*** Uşağın qorxuluğunu tökmək üçün atın köhnə nalını suya salıb, ona içirərlər.
*** Uşaq qızılca çıxaranda ağzına dəmir qoyarlar ki, azar-bezardan qurtarsın.
*** “Quyu özünün torpağınnan dolsa, bərəkətli, dolmasa, bərəkətsizdi”, – deyərlər.
*** Əgər uşaq haradasa, nədənsə qorxmuşsa, onda həmən yerdən torpaq götürüb suda qarışdırar və ona içirərlər. Sonra da sudan uşağın bədəninə sürtərlər. Belə olsa, uşağın qorxusu gedər.
*** İşdi-şayəd, inəyin südü çəkilsə, qaratikanı incil yarpağına keçirib sərnicin altına qoyarlar. Belədə süd qayıdıb əvvəlki qaydasına düşər.
*** Sağ gözün səyriməsi xeyirliyədi, şadlıq tapasısan, amma bu şərtlə ki, gərək səyriyən gözün üstünə bir tikə çörək qoyub, ürəyindən xoş bir dilək keçirəsən.
*** Həftənin birinci günü ağac kəsmək günahdı. Deyirlər ki, həmən gün ağacların ruhu ziyarətə gedir. Kim o gün ağac kəssə, ağacın ziyarətdən qayıdan ruhu hansı bir günsə ona sədəmə toxundurar.
*** “Yağış yağmayıb quraqlıq keçəndə dərin quyudan torpaq götürər, sonra onu aparıb bulağın axarına səpərlər, belədə yağış yağar”, ‒ deyərlər.
*** “Yağış daşını kölgədə saxlarlar ki, quraq olmasın. Çox yağış yağıb kəsmək bilməyəndə yağış daşını çevirərlər, onda yağış kəsər”, ‒ deyərlər.
*** Təzə gəlin gəldiyi vaxt evin kandarına ayaq basmazdan qabaq gərəkdi ki, baş barmağını bala batırıb, astanaya sürtə. Sınayıblar ki, belədə ömrü-günü şirin keçər, özüynən xoş güzəran gətirər.
*** Gəlini bəy evinə yola salanda arxasınca su, un, bir də daş atarlar. Su aydınlıq istəyidi – gedib aydınlığa çıxsın. Un atmaq da odur ki, qədəm basdığın ocağa özü ilə ruzu, bərəkət aparsın. Daşı da o qəsdinən atırlar ki, geri qayıtmasın, getdiyi yerdə qayım-qədim olsun.
*** Qurdu öldürəndə onun cəhəngini çıxarar, qurudub göy əskiyə bükər, qorxmuş uşağın boynundan asıb qorxuluğunu alarlar. Qurd ağzı azar-bezarı da qovur. Oduku, kefsizləyən uşağı həmən göy əskiyə bükülü cəhəngdən – qurd ağzından keçirərlər, o da sağalıb olar anadangəlmə.
*** İlaxır çərşənbədə sübh obaşdan bulaqdan su götürmək lazımdı. Bu, mübarək sudu. Onunçun da hamı həmən sudan üz-gözünə vurmalıdı, qapı-bacaya, bərəkətin üstünə səpməlidir. Deyirlər, belədə il ruzulu olar, bərəkət artar.
*** Səhər çağı qəcələ evin qabağındakı ağacın başına qonub oxuyanda gərək çıxıb deyəsən: “Can qəcələ, xeyir xəbər!” Bundan sonra o çıxıb gedər, bir-iki günə şad bir xəbərin sorağı gələr. Qəcələni öldürməzlər, öldürsən, sədəmə yetər.
*** Qaramalı kəsəndə, ya da satanda quyruğunu kəsib evdə saxlayıb deyərlər: “Qoy bərəkəti evdə qalsın”.
*** “Təndirdən çıxmış siftə çörəyi onu bişirən yesə, başı ağrıyar”, – deyərlər.
*** Təndirdən təzə çıxmış çörəyi “qoy çörək namaz qılsın”,‒ deyə o saat yeməzlər, ‒“yoxsa təndirin bərəkəti yox olar”, – deyərlər.
*** Xana quranda iş üstə toyuq gətirərlərmiş ki, iş quşa dönüb tez qurtarsın.
*** “Sağ əl gicişəndə xeyir gələcək, sol əl gicişəndə ziyanlıq olacaq”, ‒ deyərlər.
*** “Ayağın altı gicişsə, yol gedəcəksən”, – deyərlər.
*** Uşaq dombalıb, ayaqlarının arasından baxsa, bilərlər ki, evə qonaq gələcək.
*** Qonşuda ölü olanda evdəki suların hamısını dəyişdirərlər. Deyərlər ki, Əzrayıl can almağa gələndə zəhərli qılıncını qonşuların sularına sala-sala gəlir.
*** Uşaqlar asqıranda qocalar inciməsin deyə belə deyərlər:
– Min yaşa,
Qocalarla, qarılarla,
Sən yaşa!
*** Əgər yuxunu işığa danışsan, deməlisən: “Aydınlığa yoz”.
*** Havalar quraqlıq keçəndə Ullu çaya daş atardılar, pirlərdə şirin çörək paylayardılar ki, yağış yağsın.
*** “Göz dəymiş inək süddən kəsiləndə Göz pirindən göz daşı deyilən daşı götürüb onun əmcəklərinə sürtərlər. Belə edilsə, inəyin südü geri qayıdar”, ‒ deyərlər.
*** “Ay işığında kəsilən odun quru, bərk olar”, – deyərlər.
*** İnəyin südü bol olanda axşamlar içinə köz atarlar ki, göz dəyməsin.
Dostları ilə paylaş: |