KÜRDOĞLU MƏHƏMMƏD
I mətn
O vaxdar Kəlbəcərin yaylaxlarına çoxlu elat toflaşardı, dincələrdi. Qarabağ camahatı Qoşdaş yaylağına daha çox toflaşardı.
Bir günnəri bir qarabağlı Qoşdaşda oğluna toy eliyir. Böyüh, kiçih, uşax yığılır. Bı cavannar başdıyıllar aralarında mərc gəlillər. Ara qızışır. Deellər, qoy hər iki tərəfdən bir cavan at çafsın, güş tussun, hünərin gösdərsin. Kəlbəjərin yeri, qızım, dağ-dərədi, təpəlihdi. Düzənnih dööl ha, at aparasan. Bı kəlbəjərrilərdən Kürdoğlu Məhəmmədi seçillər. Kürdoğlu Məhəmməd Alxasdı kəndinnən Quluş oğlu Məhəmmədin boz atını isdiir. O boz at da kətdə çox məşhur oluf. Deellər, atı yəəsi dokquz öküzə alıfmış. Atı gətirillər. Kürdoğlu Məhəmməd əvvəlcə atın tavxırın yoxluyur, qalxır üsdünə. Çapır, çapır, gəlir Tərəzi dağının üsdünə. Ordan camahatın üsdünə tərəf çapır. Hər tərəf xəndəh, daş-kəsəh, hamı qorxur. Camaat bir də baxır ki, Kürdoğlu Məhəmmət başı üsdə yəhərin üsdə duruf, sonra görüllər ki, yoxdu. Hamı qorxur. Deellər, day yıxıldı öldü. Demə, bı atın döşünün altınnan sarılıf çapırmış. Camahat onun qabaana çıxıf, alnınnan öpüllər. Sonra nööbə bu biri tərəfə gəlir. Bu biri tərəfdəkilər gördühlərinnən sonra mərjdən vaz keçir.
II mətn
Bı Kürdoğlu Məhəmmədin Yunus adında qardaşı, bir də Reyhan addı anası oluf. Olar Umudduda yaşıyırdılar, sooralar Malaslara (kənd adı – top.) köçüllər. Malasdı tayfası onnarın köşməyinnən narazılığ eliyir. O vaxtdarı Qılışdı dayrəsinin milisi Ədil addı biriydi. Ədil baxır ki, həndəvərində Məhəmməddən igidi, cəsuru yoxdu, onu özünə köməhçi götürür. Bir yerdə işdiillər. Hardasa, bullar 1922-23-cü illərdə oluf. Bir günnəri bu Ədil həddin aşır, cızığınnan çıxır. Bir kəntdən, dəəsən Sırxavət kəndinnən birinin arvadın götürüf qaçır. Arvadın əri hər yana şikaata gedir. Söhbət Mircəfər Bağırova çatır. Ədil bəyi Bakıya çaarıllar. Ədil bəy bilir ki, Bakıya gessə, onu güllələjəhlər. Qaçıf çıxır dağlara. Malasdıların əlinə girəvə düşür, yazıf verillər ki, bu işdə Kürdoğlu Məhəmmədin də əli var. Yazığı tutullar, onu Şuşa türməsi, soora da Gəncə türməsinə göndərillər. Bı yannan da Kürdoğlu Məhəmmədin qardaşı Yunusnan Ədil bəyin arasın vırıllar. Şayə yayıllar, Ədil bəyə çatdırıllar ki, qardaşını saa görə tutuflar. Odu ki, Yunus səni öldürməyə girəvə gəzir. Bu yannan da deellər Yunusa ki, Ədil bəy sənnən qorxur, səni öldürməy isdiyir. Mircəfər Bağırov o vaxdan əmir verir ki, harda olur-olsun Ədil bəy tapılıf güllələnsin. Yenə hiylə işlədillər. Yalannan deellər, Ədil bəy gejələr kəndin qırağında samannıxda gizdənir. Samannıxda da gejələr Yunusnan əmisi qalırmış. Gejəynən milisdər tökülür, samannıxda, Yunusnan əmisin öldürüllər. O vaxdar Kürdoğlu Məhəmmət bı ermənilərə qarşı vırışıfmış. Mircəfər Bağırova da beləcə deyiflər.
Bir günnəri Gənciyə gələn Mircəfər Bağırov Kürdoğlu Məhəmmətnən görüşür. Ona deer ki, səni buraxdırajam, amba heş kimə dəyif dolaşma, başı aşaa sal, dolan. Bını buraxıllar. Kürdoğlu Məhəmməd evinə gəlir, görür kü, qardaşın, əmisin öldürüflər, anası Reyhan da ağlamaxdan xəsdə düşüf. Arvad olannarın hamısın açıf oğluna danışır. Kürdoğlu Məhəmmət gəlir Malas kişinin yanına. Deer ki, kişi, biz sizə neynəmişih? Nə günah eləmişih məni nahaxdan türməyə saldız, qardaşımı öldürdüz. İndi də evimi dağıtmısız. Malas kişi onun sinəsinnən itəliyif deef, irədd ol. Kürdoğlu Məhəmmət hirsdənif, deef, Mən Mircəfər Bağırova söz vermişdim, ama keşdi. Yunusdan soora onsuz da yaşamağ isdəmirəm. Evə gəlir, silahı götürür, Malası da, tayfasındakı karrı adamların da hamısın öldürür. Bir qadınnara, uşaxlara dəymir. Qalxır dağlara, başdıyır qaçaxçılığa.
Dostları ilə paylaş: |