TƏRTİBÇİDƏN
Biz Qarabağ folklorunun toplanmasına hələ “Şəki folklor mühiti” adlı dissertasiyamızı yazarkən başlamışdıq. O zaman Şəkidə məskunlaşmış qarabağlılardan da xeyli material toplayaraq araşdırmaya cəlb etmişdik. Sonralar, daha dəqiq desək, 2008-ci ildə bir təsadüf nəticəsində, Bakının Yeni Yasamal rayonunda məskunlaşan Cəbrayıl rayon sakinləri ilə görüşdük, Hacı Qaraman ocağının nümayəndələrindən və ziyarətçilərdən iki kaset folklor materialı toplaya bildik.
2012-ci ilin yayında Tərtər rayonuna, həmin ilin payızında isə Şamaxı rayonuna folklor ezamiyyələri zamanı da Tərtər və Kəlbəcər folkloruna aid xeyli material qeydə ala bildik. 2013-cü ildə Biləsuvar rayonunun Cəbrayıl qəsəbələrinə növbəti ezamiyyəmiz də uğurlu alındı. Biləsuvar rayonunda Cəbrayıl sakinlərinin məskunlaşdığı 11 qəsəbə var. Bu qəsəbələr bir-birinə yaxın ərazilərdə yerləşdiyi üçün toplama aparmaq daha asan oldu. Topladığımız materiallar bizdə Qarabağ folkloru haqqında müəyyən təsəvvür yaratdı.
Aldığımız təəssürata əsasən əvvəlcə Qarabağ folklor söyləyiciləri haqqında bir neçə söz demək istəyirik. Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ camaatı da olduqca istiqanlı, qonaqpərvərdir. Hansı qapıya getdiksə, ev sahiblərini gülərüz, xoşsifət gördük. Qarabağlı söyləyicilərimiz bəzi bölgələrimizdən olan folklor söyləyiciləri ilə müqayisədə daha komplekssiz, daha sərbəst danışırdılar. Bütün bunlarla yanaşı, bəzən gəlişimizin məqsədini yanlış anlayan, danışıqlarının televiziya və yaxud da radioya da veriləcəyindən ehtiyat edərək informasiya verməkdən çəkinən söyləyicilərlə də qarşılaşdıq. Hətta əvvəl bizi polislə hədələyən, gəlişimizin məqsədini anlayandan sonra bizə xeyli informasiya verən söyləyicilərə də təsadüf etdik. Elə söyləyicilər də olurdu ki, söylədikləri mətnlərin kitabda öz adlarından deyil, başqalarının adından getməsini istəyirdilər. Bunun da müxtəlif səbəbləri var idi. Ya mətndə işlətdikləri və özlərinin qeyri-etik saydıqları ifadələr və ya şəxsi həyatlarından gətirdikləri misallar (bu, daha çox etnoqrafik mətnlərdə olurdu), danışdıqları mətnlərdən kimlərinsə xəbər tutacağı qorxusu və s. onları buna vadar edirdi. Toplunun əvvəlki cildlərində də vurğulanan “söyləyici ilə bir neçə saatlıq, qaçaraq ünsiyyət onun bütün potensialını üzə çıxarmağa imkan vermir” fikrini burada xatırlatmaq istərdik. Söyləyici birdən-birə qarşısında yad adam görəndə çaşır, üstəlik danışdıqlarının yazılmasını biləndə bir az da həyəcanlanır, nitqi dolaşır, daha quru və rəsmi danışmağa başlayır və s. Bu da istər-istəməz ona bildiyi mətnləri xatırlamağa mane olur. Belə söyləyicilərlə bir-iki saat deyil, bəzən günlərlə söhbət aparmaq lazım gəlir. Bununla demək istəyirik ki, toplama işi bir neçə saatın, bir neçə günün deyil, günlərin, ayların məhsulu olduğu zaman daha uğurlu nəticələr əldə etmək mümkün olur. Fikrimizi daha aydın izah etmək üçün Şamaxı rayonunun Çuxuryurd qəsəbəsində (bu qəsəbədə Kəlbəcər rayonundan didərgin düşmüş həmvətənlərimiz məskunlaşıblar) Kəlbəcər rayonunun Əsrik kənd sakini, 1927-ci il təvəllüdlü Üreyqa Qaraş qızı Verdiyeva (Roza nənə) ilə söhbətimizi olduğu kimi veririk: “Bir yol yığılmışdıx dedığım bu qarının yanına. Belə 10-12 qızdı, gəlindi. Alax çəhmağa getmişdıx. Hamı yığılmışıx bi boş otağa. Qarı düşdü ortalığa:
Yeri, yeri, dam üsdə yeri,
Qızıl cam üsdə yeri.
Əyaxların ağrısa,
Çıx sinəm üsdə yeri.
Bizdən bir gülüş qopdu. Qarıdan nə sözdər çıxır. Biri də çıxdı birin oxudu:
Mən belə dosdu neynirəm?
Dost mənnən küsdü, neynirəm?
Özü xayın, qəlbi pisdi,
Mən belə dosdu neynirəm?”
Söyləyici yuxarıdakı bayatıları deyərkən qəfildən coşdu, əllərini sinəsi bərabərinə qaldırıb çırtıq çala-çala, avazla oxumağa başladı. Onun bu hərəkəti o qədər qəfil alındı ki, biz video-aparatı hazırlamağa belə macal tapmadıq. Xatırladaq ki, biz həmin qadınla beş gün ünsiyyətdə olmuşuq. Ən qəribəsi bu idi ki, söyləyici qadın əvvəlki üç gün ərzində çox utanmış, yalnız bizə isinişdikdən sonra danışmağa başlamışdı. Onu da xatırladaq ki, söyləyici ailə üzvlərinin yanında danışmaq istəməmiş, ikimiz tək qaldığımız vaxt suallara cavab vermişdi. Ailə üzvlərinin yanında danışmağa utanan, təkbətək qaldıqda isə xeyli mətn danışan söyləyicilərlə başqa bölgələrimizdə də qarşılaşmışıq. Biz iki gün ərzində Üreyqa Qaraş qızı Verdiyevadan 121 bayatı, bir tapmaca, bir oxşama, xeyli sayda aşıq şeiri, dastanlardan parçalar və bir neçə rəvayət mətni qeydə ala bildik. Üreyqa (Roza) nənə sonda söhbətimizdən razı qaldığını “Dolu ürəhlər boşaldı, a qızım, çox sağ ol”, – deyə bildirdi.
Folklor söyləyicisi ilə bir neçə gün ünsiyyətdə olmaq söyləyiciyə bildiyi mətnləri daha yaxşı xatırlamağa imkan verir. Söyləyici günlərlə mətn söyləməyə köklənir, hətta toplayıcı yanında olmayanda belə ona danışacağı mətnləri düşünür. Bəzən elə olur ki, yanına bir gündə ikinci dəfə qayıtdığımız söyləyici bütün günü fikirləşdiyini, danışdıqlarından başqa mətnləri də xatırladığını bizə sevinə-sevinə deyir, hətta əlində tutduğu kiçik kağız parçalarını göstərərək mətnlərdən nə isə, məsələn, bayatıların birinci misralarını, hansısa folklor obrazının adını və s. qeyd etdiyini bildirirdi. Hərdən də elə olurdu ki, ailə üzvləri söyləyiciyə mətnləri xatırlamağa kömək edir, “Ay nənə, bizə danışdığın filan nağılı niyə danışmırsan bəs?”, – deyə onu həvəsləndirirlər. Qarabağ folklor örnəklərini toplayarkən elə söyləyicilərlə də qarşılaşdıq ki, onlar özlərindən sonra sözləri xatirə qalsın deyə bildikləri mətnləri evdəkilərə yazdırmış, biz getdiyimiz zaman həmin dəftərləri göstərib: “Ay bala, dedim, ölüm-itim dünyasıdı, qoy yazdırım, mənnən də nəsə qalsın, dayna”, – deyərək yazdırdıqları vərəqləri, bəzən də dəftərləri bizə göstərirdilər. “Ay bala, nə yaxşı gəlib çıxdın, səni mana Allah göndərip. Elə dünən oturub gileylənmişdim ki, bir bu qədər şeyi özümnən qəbrə aparacam, bir yazan da yoxdu”, – deyə gəlişimizdən məmnunluğunu gizlətməyən söyləyicilərlə də qarşılaşırdıq. Qeyd edək ki, yazdırılan mətnlər arasında bayatılar üstünlük təşkil edirdi. Qəribə burası idi ki, bəzən söyləyicilər bir neçə il, hətta bir neçə ay bundan qabaq öz dillərindən yazıya alınmış mətnləri bizə söyləməkdə çətinlik çəkir, “Ay bala, huşum gedib ey”, “təzyiq, şəkər məndə ağıl qoyub ki” kimi cümlələr işlədirdilər. Amma evdəkilərin yazılmış mətnin birinci cümləsini oxumaları kifayət edirdi ki, söyləyici mətnin qalanını desin. Söyləyicilərdən mətn yazılmış vərəqləri, dəftərləri istədiyimiz zaman tərəddüd edir, bəzən də üzünü köçürüb qaytarmaq şərti ilə verə biləcəklərini deyir, hətta bunun üçün bizə vaxt da qoyurdular.
Mətnlər söylənərkən üzümüzdə məmnun ifadəni görən bəzi söyləyicilər: “Xoşuna gəlir, yoxsa yalannan belə eliyirsən? Eyy, hələ sən ağlaşmada durasan gennən, üzünü tutasan mana. Görərdin xalan nə füğan eliyir”, – deyərək daha da həvəslə danışırdılar.
Söyləyicilərə gəlişimizin məqsədini izah edərkən bəzən “Şirin danışım, yoxsa Vətənin dağılmasından?”, – deyə sual verirdilər. Demək olar ki, rastlaşdığımız əksər söyləyicilər “şirin danışmaqla” yanaşı, torpaqlarımızın işğalından da danışırdılar. Hansı janrda nümunə danışmaqlarından asılı olmayaraq, orada hökmən qaçqınlığa, yurd həsrətinə aid detallar olurdu. Danışılan nümunələrdə həm də ayrıca müharibə xatirələri vardır ki, bunların bir qismini kitaba daxil etmişik.
Bəzən ətrafdakıların “çox şey bilir” deyə nişan verdikləri söyləyicilər “Yox, ay bala, oğullarımın icazəsin almamış mən danışa bilmərəm”, “Axı mənim uşaxlarım da yazandılar, jurnalisdilər. Saa danışınca onnara danışaram ki, onnarın adınnan çap olunsun da”, – deyib folklor mətni danışmaqdan imtina edirdilər.
Qarabağda bayatı janrının aktivliyini nəzərə alaraq, həmin janrla bağlı bəzi qənaətlərimizi paylaşmağı məqsədəuyğun sayırıq. Söyləyicilər bayatılara Qarabağa aid toponimləri əlavə etməklə onları bir növ “özününküləşdirirdilər”. Onların bayatılara əlavə etdiyi söz və ifadələri mətndə olduğu kimi saxlamaq qərarına gəldik. Onu da qeyd edək ki, söyləyicilər bizim xahişimizdən sonra (bəzən heç soruşmadan da!) bayatıların söylənmə auditoriyaları barədə də məlumat verirdilər. Nəzərə alaq ki, vaxtilə Azərbaycan bayatılarının söylənildiyi kontekst haqqında məlumat verilmədiyi üçün bayatılarımız, sadəcə, harada və nə üçün söyləndiyi məlum olmayan dörd misralı şeir parçalarına çevrilmişdir. Bu da müasir dövrdə istər-istəməz bayatının funksiyasını anlamaqda çətinlik yaradır. Odur ki, söyləyici əlavələrini mətnin içərisində kursivlə verməyi məqsədəuyğun saydıq. Bunlar bayatının formasını pozsa da, mətnin təbiiliyini, canlılığını qoruyub saxlamağa xidmət edir:
Yeri, yeri, çisginim, yeri,
Dumanım, çisginim, yeri.
Yaxşı Soltannıda keçirdiyimiz günnərimiz getdi,
İndi yeri, pis günüm, yeri.
Aşıq, illər ayrısı,
Bülbül güllər ayrısı.
Dostları ilə paylaş: |