Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu seyfəDDİn rzasoy əBÜlqazi «OĞuznamə»SİNDƏ



Yüklə 1,24 Mb.
səhifə31/58
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#106308
1   ...   27   28   29   30   31   32   33   34   ...   58
§ 2. Oğuz dünyasının «ov» modeli
«Oğuz xan Suriyada olarkən nökərlərindən birinə gizlicə bir qızıl yay və üç ox verib dedi: «Yayı günəş çıxan tərəfdə, çöldə, insan ayağı dəyməyən yerdə basdır, [ancaq] onun bir ucunu [torpaqdan] çıxart, oxları isə günəş batan tərəfə apar və onları da yayları gizlətdiyin kimi gizlət». Həmin adam əmri yerinə yetirib qayıtdı.

Bu hadisədən bir il sonra [Oğuz xan] Gün, Ay və Yulduz [adlı] üç böyük oğlanlarının hamısını çağırıb dedi: «Mən yad ölkəyə gəlmişəm, mənim işim çoxdur, ov etməyə də əlim çatmır. Eşitdim ki, filan çöldə, günəş çıxan tərəfdə çoxlu ov var. Nökərlərinizlə oraya gedib ov ovlayın və evə qayıdın». Sonra Gök, Dağ və Dəniz adlı üç kiçik oğlanlarını çağırdı, onlara da onların böyük qardaşlarına dediyini dedi, ancaq [onları] günəş batan tərəfə yolladı.

Bir neçə gündən sonra üç boyük oğlanları qızıl yayı və çoxlu ovluq qəniməti xana gətirdilər, üç kiçik oğlanları isə üç qızıl oxu və çoxlu ovluq [qəniməti] gətirdilər. Ovda əldə edilmiş ətə [Oğuz xan] çoxlu ət və başqa yeməklər əlavə etdi və xalqı [toya] çağırdı. Yay və oxların tapılmasını [xeyir] əlaməti hesab edərək, o, [onları oğullarına] qaytardı.

Üç böyük oğlu yayları sındıraraq, [onu] öz aralarında böldülər, üç kiçik oğlu isə hərəyə bir ox götürdülər»127.

İndi isə təqdim olunmuş informasiyadakı struktur ele­mentləri ilə bağlı bizə qabaqcadan bəlli olan bilgiləri bir qırağa qoyub, mətni öz ritual-mifoloji məntiqindən çıxış etməklə təhlil etməyə çalışaq. Bəlli olur ki:

- Oğuz xanın oğlanlarının ova getmələri və ovda yay-ox tapmaları ritualdır. Çünki Oğuz xan oğlanlarını, sadəcə ola­raq, ov etməyə yox, qabaqcadan düşündüyü (proqramlaş­dırıl­mış) hərəkət sxemini icra etməyə yollayır.

- Mətndə yayın və üç oxun tapılmasının «xeyir əlamət» kimi mənalandırılması həmin əşyaların həmin «xeyirin» qay­nağına - müqəddəs dünyaya (sakral sferaya) aid olmasını və onların əldə edilməsinin ritualla mümkünlüyünü göstərir. Pro­fan həyat yaşayan insanın müqəddəs dünya ilə bağlılığı ritual vasitəsi ilə həyata keçirilirdi. Oğuz bu halda oğlanları ilə sakral dünya arasında mediator rolunu oynayır.

- Yayın və oxların ovda tapılması ritualı etnosiyasi xarakterli statusartırma törəni kimi də səciyyələndirməyə imkan verir. Bu halda ovlama həmin ritualın kompleksinə daxil olan tərkib vahidi kimi çıxış edir.

- Etnokosmik ritual kosmik kontinuumu dual (ikilik) prinsiplə «bölür» (təsnif edir). «Oğuz» kosmoqonik dünya modeli Oğuz xan səviyyəsində v a h i d ə - birə konsentrasiya olunursa, ikinci pillədə Oğuz xanın oğlanlarının səviyyəsində i k i l ə ş i rdual sistemə çevrilir.

- Yay və üç ox oğuz dünya modelinin duallaşmasının se­miotik universumları kimi çıxış edir. Yayın üç yerə par­ça­lanması ilə oğuz dünya modelinin simvolik-semiotik harmo­ni­yası təmin edilir: 6 yay-ox = 6 oğlan.



- Oğuz xalqının hamısının iştirakı ilə keçirilən ritualda «ovda əldə edilmiş ətin» mütləq element kimi iştirakı ov ətini xüsusi semiotik vahidə çevirir. Oğuzun bir bütöv olaraq işti­rak etdyi mətndə dadılan ov ətləri, şübhəsiz ki, təyinatı baxı­mından ritual xarakterlidir. Rituala bağlılıq həmin ov heyvan­larını oğuz dünya modeli ilə əlaqəli işarə vahidləri (totem klassifikatorlar) kimi bərpa etməyə imkan verir. Çünki ritual kosmoqonik yaradılışı təcəssüm etdirən işarələr siste­midir və ona aid olan hər bir element, o cümlədən ov ətləri oğuz dünya modelini öz səviyyəsində universumlaşdıran işarə vahidləridir.

Təqdim olunmuş informasiya bütövündə ovlanmış hey­van­ların adları çəkilməsə də, onları digər etnokosmik ritual­ların verdiyi informasiya əsasında bərpa etmək mümkündür. Belə ki, eyni məna sütununda duran rituallar bir-birinin fərqli diaxron paradiqmaları və sinxron əvəzediciləridir. Onların yanaşı (sinxron) düzümünü dünya modelinin müxtəlif qatla­rından reallaşma imkanları müəyyənləşdirir. Ona görə də dünya modelinin bir qatında gördüyümüz semiotik işarənin o biri qatda kosmik əvəzedicilərini görə bilərik. Bu baxımdan, şərti olaraq «ov törəni» adlandırdığımız toy ritualındakı ov heyvanlarının adlarını bu ritualla eyni semantik sütunda da­yanan (və həm də «Şəcəreyi-tərakimə»də bu ritualın ardı ilə gələn) başqa ritualdan bərpa etmək mümkündür.




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin