Sənə Karvanqıran derlər,
Yara ilqar verən derlər,
Mənə dərdli Kərəm derlər,
Dönə, karvanqıran, dönə!”226
Kərəm daha sonra Əslinin evinin bacasına çıxır: “Kərəm bacadan baxıb gördü ki, Əsli xan yatıb. Ürəyi qubar elədi, aldı sazı (5 bəndlik şeir – S.R.):
Gah gedirəm, gah gəlirəm bacaya,
Oyan Əslim üzdə xalın sevdiyim!
Karvanqıran gəldi çıxdı ucaya,
Oyan Əslim üzdə xalın sevdiyim!...”227
Bütövlükdə “Karvanqıran ulduzla xəbərləşmə” adlandıra biləcəyimiz bu motiv/epizodda kosmoloji strukturu işarələndirən üç sintaqm/işarə var:
Birincisi, karvanqıran ulduzla xəbərləşmə;
İkincisi, bacadan keçid/adlama;
Üçüncüsü, Əslinin yuxudan oyadılması.
Bu üç semantem məna baxımından bir-biri ilə bağlı sintaqmlardır. Başqa sözlə, bunların düzülüşündən sintaqmatik bütöv – Kərəmin Əslini Kosmosa qaytarmaq istəməsi haqqında sxem-süjet yaranır. Diqqət edək.
Kərəmin gecə göyün ortasında gördüyü ulduz Karvanqıran adlanır. Dastanın tərtibçilərinin verdiyi izaha görə, “Karvanqıran – gecə vaxtı aydın görünən işıqlı bir ulduzun adıdır. Dan ulduzuna oxşadığı üçün çox zaman ondan seçilmir. Hətta bir xalq əfsanəsinə görə, guya bir karvan onu dan ulduzu hesab edərək yola çıxmış, karvan çovğuna düşüb qırılmış, buna görə də ulduz karvanqıran adlandırılmışdır”228.
Lakin tərtibçilərin verdiyi bu izah Karvaqıran ulduzunun bu motiv/epizodda təqdim olunan funksiyası ilə uyğun gəlmir. Kərəm bu ulduza müraciətlə: “Sənə Karvanqıran derlər, // Yara ilqar verən derlər” – deyir. Bu, ziddiyyət yaradır: Karvanqıran adı ilə bağlı mövcud epik ənənə və Kərəmin onu “Yara ilqar verən” ulduz adlandırması bir-birini təsdiq etmir. Kərəmin dili ilə təqdim olunan ənənədə “Karvanqıran” adı xaotik deyil, kosmik yük daşıyır. Başqa sözlə, Karvanqıranın “yara ilqar verən” ulduz olması onun sevənləri birləşdirmə funksiyasını ortaya qoyur. Mifoloji-epik ənənədə “sevənlər” anlayışı kişi və qadın başlanğıclarını nəzərdə tutur. Bu halda Karvanqıranın “yara ilqar verən” ulduz olması onun mediativ funksiyasını, başqa sözlə, kişi və qadın (başlanğıcları) arasında əlaqə yaratmasını ifadə edir. Kərəmin kosmoloji funksiya baxımından Şaman/Qəhrəman olduğunu nəzərə alsaq, bu halda Karvanqıran ulduzun mediativ (vasitəçilik) funksiyası onun öz sevgilisini tapdıqdan sonra Kosmosa qayıtmaq istəyən Kərəmə yol göstərməsində ifadə olunur. Lakin mövcud epik ənənəyə görə, Karvanqıran aldadıcı ulduzdur. O, bir ulduz kimi, “sübhi-kazib” vaxtına, yəni yalançı sübh zamanına aiddir. Şərq mifoloji ənənəsinə görə, iki sübh çağı var: sübhi-sadiq və sübhi-kazib. Elmi ənənədə də təsbit olunduğu kimi:
Sübhi sadiq – əsl sübh, səhər;
Sübhi kazib – yalançı sübh; hava işıqlaşan vaxt; dan yeri sökülən vaxt229.
Demək, Karvanqıran “yalançı” kateqoriyasına (xaosa) aid ulduz kimi, Kərəmə kosmik məqsədlə yox, xaotik məqsədlə yol göstərə bilər. Belə ki, Karvanqıran ulduz özünü Dan ulduzuna bənzədərək yolçuları aldadır. Yolçular onu görərək bir azdan sübhün açılacağını zənn edir və bununla da yoldan azırlar. Karvanqıranın yolçuları yoldan azdırması dastanda Kərəmə qarşı yönəlmiş bütün xaotik hərəkət/maneələrlə üst-üstə düşür. Keşiş daim gah qızları, gah təbiət cisimlərini tilsimləyərək, Kərəmi yolundan azdırmağa, geri döndərməyə çalışır. Süjet təsdiq edir ki, bu, indi də belədir.
Beləliklə, Xaosun mərkəzində öz sevgilisini tapmış Kərəm Kosmosa dönmək istəyir. Bu halda onun dönüş yolu gəlişində olduğu kimi, keçid/adlama/sınaq mexanizmləri ilə bağlı olacaq. Süjetdə bunun iki işarəsi qorunub qalıb: baca və Əslinin yuxudan oyadılması.
Baca evin quruluşuna daxil olan bir maddi ünsür kimi evlə ətraf dünya arasında əlaqə yaradan elementdir. Bu baxımdan o, keçid mexanizmidir. Keçid mexanizmləri iki dünya arasında yerləşməklə bir tərəfi ilə Kosmosa, o biri tərəfi ilə Xaosa bağlı olur. Bu halda Kərəmin Əslinin evinin bacasına çıxması bir-biri ilə bağlı iki funksiyanı ifadə edir:
Birincisi, baca Kərəmlə Əslinin arasında keçid/əlaqə/mediasiya mexanizmidir: Kərəm bacadan baxaraq Əslini yatmış vəziyyətdə görür. Bu, vizual qovuşmadır.
İkincisi, baca Kərəmlə Əslinin Xaosdan Kosmosa dönüşü yolunda Xaosla Kosmos arasında keçid/əlaqə/mediasiya mexanizmlərindən biridir. Unutmaq olmaz ki, Əsli Keşişin evində onun əsiridir. Kərəm Əslini Kosmosa qaytarmaq üçün onu ilk növbədə bacadan keçirməklə evdən çıxarmalıdır. Demək, bacadan keçid Kosmosa dönüşün ilk pillə/keçid mexanizmidir.
Lakin Kərəm Əslini bacadan keçirmək üçün ilk növbədə onu yuxudan oyatmalıdır. Əsli yuxudadır. Yuxu Oğuz kosmoloji ənənəsində “kiçik ölüm”, yəni Xaosda olmanın ritual mexanizmidir. Kərəm yuxu vasitəsi ilə Keşiş tərəfindən Xaosa adladılmış Əslini eyni üsulla Kosmosa qaytarmalı, yəni onu ölüm yuxusundan oyatmalıdır.
Göründüyü kimi, bizim əlimizdə üç sintaqm/işarə var: “Karvanqıran ulduz”, “baca” və “yuxu”. Bu işarə/sintaqmların düzülüşündən yaranan sintaqmatik bütöv bizə “Kərəmin Əslini Xaosdan xilas edərək Kosmosa qaytarmaq istəməsi” haqqında sxem-süjeti təqdim edir. Diqqət edək.
Dostları ilə paylaş: |