§ 12.17. Yolla xəbərləşmə: qürbət məkanın
epik və xaotik strukturu
Yoluna davam edən Kərəm Bayazid şəhərinin kənarında dönüb gəldiyi yola baxır: “Dönüb bir gəldiyi yola baxdı, sazı döşünə basıb (4 bəndlik şeirlə – S.R.) dedi:
Sofi qardaş, üş məmləkət keçirdik,
Biri İran, biri Turan, bir Gilan.
İgidin başına üç dövlət qonar,
Biri ağıl, biri gənclik, biri şan...”169
Göründüyü kimi, Kərəm Gəncədən çıxandan sonra üç ölkənin sərhədlərini keçib. Bu, “Əsli-Kərəm” dastanındakı epik məkanın süjetüstü strukturudur. Ölkədən ölkəyə gedən Kərəm ölkələrin sərhəd-gömrük məntəqələrindən, şəhərlərə daxil olmaq istəyərkən qala keşikçilərinin yoxlamalarından keçir. Bu yoxlamalar kosmoloji sxem müstəvisində qəhrəmanın mediasiyası, başqa sözlə, onun Xaosda hərəkəti zamanı onun bir məkanından digərinə keçərkən etnokosmik identifikasiya ritualından keçməsi deməkdir. Burada Kərəmin yola baxaraq sazı sinəsinə basması onun yenə də sazlı-sözlü magik ayin icra etməsi deməkdir. Bu, tərəflərinə görə İnsan-Yol xəbərləşməsi, süjetüstü formasına görə passiv (birtərəfli) xəbərləşmədir.
Dostları ilə paylaş: |