Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2.43 Mb.
səhifə16/27
tarix17.06.2018
ölçüsü2.43 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

POETİC “DİVAN” BY MAHAMMAD RZA SHARAFKHANLI

Summary
The valuable manuscript stored in the private library of the late eminent Tabriz scholar Jafar Soltan Ol-Gurrai. İt is a “Divan” – a collection of works of the not widely known poet Mahammad Rza Sharafkhanli. This collection consists of four parts: poems in Persian, poems in Turkish, islamic elegies and poetic stories.


AYBƏNIİZ RƏHİMOVA

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

filologiya üzrə fəlsəfə doktoru, dosent

QƏHRƏMANLIQ DASTANLARINDA DİNİ MOTİVLƏR

Orta əsrlərdə Anadoluda və Qafqazda yunanlar, gürcülər digər xristian xalqları ilə ərazi çarpışmaları şəraitində yaşamış oğuzlar qopuzun müşaiyəti ilə ifa etdikləri dastanlarda mənsub olduqları İslam dininin mənafeyini, öz torpaqlarını qoruduqlarından bəhs etmişlər. Görkəmli türk alimi Fuad Köprülünün sözlərilə desək,”Alplar dövründə (1,s.244), ozanların yaratdıqları bu dini-qəhrəmanlıq dastanlarının böyük hissəsi əsasən şifahi olaraq yayıldığına, qələmə alınmadığına görə günümüzə çatmamışdır. Lakin bu mövzuda əlimizə çatmış əsərlər bu növ dastanların oğuzlar, o cümlədən azərbaycanlılar arasında yayılma miqyası barədə müəyyən fikir söyləməyə imkan verir. F.Köprülü “Oğuznamə”ləri, ocümlədən oğuznamələrdən biri olan “Kitabi-Dədə Qorqud”un oğuzların eyni zamanda milli və dini qəhrəmanlıq dastanı olmasını belə qeyd edir:”Bu dövr məhsulları milli bir mahiyyət almış dini qəhrəmanların, yaxud islami bir şəklə girmiş milli qəhrəmanların mənqibələrindən dini ədəbə aid didaktik təbliğat əsərlərindən, bir az da təsəvvüfi şeirlərdən ibarətdir”(1,s.254). Oğuz türklərinin ilk dini-qəhrəmanlıq dastanları” Oğuznamə”lər olmuşdur. Oğuznamələrin əsas hissəsinin müsəlman –oğuzların kafirlərlə konflikti üzərində qurulduğunu göstərən filologiya elimləri doktoru Əfzələddin Əjdər bu əsərlərdə oğuzların coğrafiyasının kafirlərlə sərhədlər əsasında müəyyən edildiyini deyir:”Oğuz-kafir” konflikti üzərində qurulan Oğuznamələrdə türkman coğrafiyasının “kafirlə” təmas bölgələrinin cizgiləri verilir. Bunun əksinə olaraq Oğuznamələr Oğuz elini müsəlmanlarla təmas bölgələrinə, demək olar ki,biganədir. Məsələnin mahiyyətini anlamaq heç də şərti deyil. İş ondadır ki,tarixi gerçəkliyin əksinə olaraq, Oğuznamə müsəlman oğuzla müsəlman türkün, müsəlman ərəbin, müsəlman Şirvanşahın və ya müsəlman monqolun qarşıdurmasını yaxına qoymur”(2,s.139).

Xalq Koroğlu Oguznamələr içində ən məşhuru olan “Kitabi-Dədə Qorqud” oguznamələrində müsəlman oğuzları kafirlər-qeyri-müsəlmanlar arasındakı münasibətlərdən danışarkən törədilən müharibələrin əksər hallarda kafirlərin günahı üzündən başladıgını göstərir:”Qorqud Kitabı”nın boyunda oğuzlar təcavüzkar kimi göstərilir. Oğuzları belə hərəkətlərə əksər hallarda kafirlər təhrik etdiklərindən nə qədər amansız olsa da, onların bu əks tədbirləri eposda o qədər də ittiham edilmir. Əksər hallarda “aman”istəyən kafirləri öldürməyən Qazanın hərəkətilə kafirlərin onun ailəsinə qarşı rəftarını (II və IV boylar) müqayisə etsək, oğuz bəylərinin “humanizmi” güclü təsir bağışlayır”(3,s.169).

Tədqiqatçılar göstərirlər ki, “Kitabi-Dədə Qorqud” boyları ilkin variantda İslamdan öncə formalaşsa da, dastan yazıya köçürülərkən buraya İslam dininin elementləri gətirilmişdir. Professor Bəhlul Abdulla yazır: ”İlk cümləsi Rəsuli-əleyhisələmın adıyla başlayıb son cümləsi də elə bu müqəddəs şəxsin-Məhəmməd Mustafa səllallahi-əleyhi və alihi vəssəlləmin adıyla qurtaran “Kitabi Dədə Qorqud” boylarında İslami görüş və ənənələr asanlıqla seçilən üst qatdadır “(4,s.4). Hər halda günümüzə çatmış variantda “Kitabi-Dədə Qoroud” dastanı İslam dinini təbliğ edən insanları onun ehkamları, qaydaları müqəddəslərilə tanış edən möhtəşəm bir dini- qəhrəmanlıq dastanıdır. Əsərin müqəddiməsində Dədə Qorqudun Peyğəmbər (s.ə.s) zamanına yaxın dövrdə yaşadığı göstərilir. “Kitabi- Dədə Qorqudda” hərbi münaqişələr əsasən müsəlman oğuzlarla kafirlər arasında baş verir ki, bunlar da xristian və pütpərəstirlər. Dastanın qəhrəmanları Qadir Allahın, Məhəmməd peyğəmbərin(s.ə.s), İslam müqəddəslərinin adını uca tutmaqla kafirlərə qələbə çalır, Qurandan ayələr, kəlmeyi-şəhadətlərini deyir, namaz qılır, kilsələri dağıdıb yerində məscid tikirlər. Əsərdə Allahın Qadir, Cabbar, Əhəd, Səməd, Səttar adları daha çox çəkilir,oğuzlar döyüşdə İslami ayinləri icra edir, Məhəmməd peyğəmbəri xatırladır, salavat çevirirlər. “Oğuzların vuruşları çox vaxt İslam dini və bu dinin sərvəri Məhəmməd peyğəmbər uğrundadır (5,s.77). Dastanın “Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boyda” kafərlərin əlində əsirlikdə olan Qazan xan söylədiyi şeir parçasında indiyədək müsəlman sərkərdəsi kimi döyüşdüyü İslama, Məhəmməd peyğəmbərə xidmət etdiyini deyir: “Məhəmmədin dini eşqinə qılınc urdum”(6,s.156). Abidənin “Qazlıq Qoca oğlı Yegnək boyu”nda Yegnəyin Tanrıya münacəti Qurani-Kərimin “İxlas” surəsinin tərcümə və sərbəst şərhi təssüratı ayıdır:

Ucalardan ucasan,

Kimsə bilməz necəsən,əziz Tanrı!

Anadan toğmadın, atadan olmadın

Kimsə rızqın yemədün

Kimsəyə güc etmədün

Qamu yerdə əhədsən,Allahu səmədsən (6,s.122).


“İxlas” surəsinin tərcüməsində oxuyuruq: “1.De ki, “O Allahdır, təkdir. 2 Allah hər ehtiyacdan ucadır və əbədidir. 3 Doğmamış və doğulmamış. 4 Onun bənzəri də heç kim olmamış” (7,s.329). Ğöründüyü kimi gözlənilən boyda “İxlas” surəsinin bütün ayələrindən faydalanmışdır.”Qan Börənin oğlu Bamsı Beyrək boyun”da Beyrək Baybura qalasındakı əsirlikdən qurtulduqdan sonra oradakı yoldaşlarını xilas etmək üçün oğuz bəyləri ilə birlikdə Bayburda qayıdır. Əsərdə deyilir: “Qalın oğuz bəgləri atlandılar. Bayburd hasarına çapar yetdilər. Kafirlər də bunları qarşıladılar. Lakin Oğuz bəgləri arı sudan abdəst aldılar. Ağ alınların yerə qodular. İki rükət namaz qıldılar. Adı görklü Məhəmmədi yad gətirdilər”(6, s.77). Bundan sonra Ouz igidlərinin düşmənlə döyüşü oğuzların qəhrəmanlığı göstərilir.Görürük ki, Beyrəyin yoldaşları xilas etmək üçün başlanmış bu hərbi əməliyyatında müsəlmanların kafirlərə qarşı mübarizəsinə çevrilir:”Şöklü Məliki bögürdübəni Qazan bəg atdan yerə saldı. Dəli Domrulu qılıcladı, yerə saldı. Qara Arslan Məliki Qarabudaq yerə saldı. Dərələrdə kafirə qırğın girdi. Yedi kafir bəgi qılıcdan keçdi. Kafirin kəlisasın yıqdılar, yerinə məscid yapdılar. Keşişlərin (6,s.77). öldürdülər. Ban banlatdılar. Əziz Tanrı adına qütbə oqıtdılar Boyların əksəriyyətində oğuzların döyüşlərdəki qələbəsi İslamın qələbəsi kimi təqdim edilir.

Əsərin qəhrəmanlarından biri olan Basatın kəlməyi-şəhadət deməsi ilə möcüzə baş verir, Təpəgözün onu öldürmək üçün çaldığı xəzinənin divarları çatlayır və o xilas olur:”Basatın dilinə bu gəldi kim, “La ilahə İllallah, Məhəmmədən Rəsulallah”- dedi. Dedi həman dəm günbəz yarıldı, yedi yerdən qapu açıldı. Birindən taşlar gəldi” (6,131).

Dastanın müqəddimə hissəsində Dədə Qorqud ən yaxşı xasiyyətli qadınları Məhəmməd peyğəmbərin (s.ə.s) həyat yoldaşı və qızına bənzədən bu xanımları oğuz qadınlarına nümunə göstərir. “Ozan evin dayağı oldur ki,yatdan-yabandan evə bir qonaq gəlsə ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, göndərər. Ol Ayişə, Fatma soyıdır, xanım. Anun bəbəkləri yetsün. Ocağına buncalayın övrət gəlsün”(6,s. 22).

“Kitabi-Dədə Qorqud” əlimizə çatan variantda möhtəşəm qəhrəmanlıq eposu olmaqla bərabər İslam dinini, İslam etikasını təbliğ edən dini-qəhrəmanlıq dastandır. Təsadüfi deyil ki, əsər Dədə Qorqudun Məhəmməd peyğəmbər (s.ə.s) vaxtına yaxın bir zamanda yaşadığını izah edən cümlə ilə başlanır.



Ədəbiyyatımızda İslam dinin yayılması ilə bağlı, islam müqəddəsləri və qəhrəmanlarının şücaətlərindən bəhs edən, İslamın ehkamlarını İslam əxlaqını təbliğ edən, “Xavərnamə”, “Kitabi-Battal Qazi”, ”Xeybərnamə”, ”Cənginameyi-Əli” və s. kimi dini-qəhrəmanlıq dastanları və hekayətlər vardır ki, bunların əlyazma nüsxələri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da saxlanır. “Xavərnamə” dastanında Məhəmməd Peyğəmbərin dövründə İslam dininin yayılması uğrunda gedən mübarizələr öz əksini tapmışdır. Dastan elm və qəhrəmanlıq timsalı kimi tanınan, İslam dininin sədaqətli carçısı, yüksək insani keyfiyyətlərə, əxlaqa, intlektə, heyrətamiz gücə malik olan Hz.Əliyə və onun silahdaşlarına həsr edilmişdir. Əsərdə onun və ona yaxın olan silahdaşlarının İslamın yayılması yolunda atəşpərəstlərə, pütpərəstlərə, kafirlərə və mifaloji surətlərə - divlərə, pərilərə qarş ımübarizədə göstərdikləri şücaətlər və əfsanəvi qəhrəmanlıqlar təsvir olunur. Məhəmməd peyğəmbər (s.ə.s) səhabilərinə əmisi oğlu Hz. Əlinin üç gündür ki, məscidə namaz qılmağa gəlmədiyini söyləyir. Hz. Əlinin Əxzərzəminə düşməsi xəbərini isə, Əlinin yoxluğundan nigaran qalan Peyğəmbərə (s.ə.s) Allahın əmrilə vəhiy gətirmək funksiyasını daşıyan Cəbraili-Əmin çatdırır. Cabrail (ə) Hz.Əlinin dalınca adam göndərməyi deyir və bundan sonra Məhəmməd peyğəmbərin (s.ə.s) başçılığı ilə Hz.Əlinin, Səd Vəqqasın, Malik Əjdərin, Əbül-Möhsümün, Xocə Ömərin və digər səhabların İslam dini yolunda qəzavət və cihadları təsvir olunan hekayətlər ardıcıllıqla davam edir. Göründüyü kimi, Dədə Qorqud dastanı Məhəmməd peyğəmbərin (s.ə.s) dövrünə yaxın bir zamana təsadüf edirsə, Xavərnamədə təsvir olunan surətlərin başında onlara yol göstərən əsas surətlərdən biri Məhəmməd peyğəmbər (s.ə.s) durur. Dastanın mövzusu macəralarla zəngindir. Əsərdə dini- tarixi şəxsiyyətlərlə yanaşı əfsanəvi mifik surətlər də təsvir olunmuşdur. Pərilərin, caduların, divlərin bir sözlə yerüstü mifaloji ünsürlərin tilsimləri caduları ilə İslama qarşı mübarizələri, nə qədər güclüdürsə, Allahın, Peyğəmbərin,” Qurani-Kərim”dən oxunan ayələrin, surələrin ümumiyyətlə, İslam ehkamlarının, İslam qəhrəmanlarının qarşısında acizlikləri və məgubiyyətləri yüksək bədii obrazlı şəkildə təsvir olunur. Hadisələrin və surətlərin mifalogiya ilə baglılığı da ədəbiyyatımız üçün maraq doğurur. Diqqətlə oxuduqda görürük ki, əsər Peyğəmbərdən (s.ə.s) sonra İslamın ən önəmli şəxsiyyəti olan Hz.Əliyə müsəlmanların dərin sevgi və ehtiramının təzahürüdür. Xalq onun comərdliyinə, qeyri-adi fitri qüvvəsinə, igidliklərinə, humanizminə dastanlar qoşmuş, bu dastanlar şifahi şəkildə dildən-dilə gəzmiş, el məclislərində, mərasimlərdə söylənmiş, yayılmış, eləcə də yazıya köçürülmüşdür. “Xavərnamə” bütövlükdə Hz.Əliyə həsr edilmişdir. Dastanın əsas surətləri Məhəmməd peyğəmbər (s.ə.s), Hz.Əli, oğulları-İmam Həsən, İmam Hüseyn, Əbül-Möhsün, Hz.Fatimə, Hz.Ömər, Səd Vəqqas, Malik Əjdər, Qənbər və müsəlman olmayan şah Xavəran, Zinhar -Xavərdir.

Digər dini-qəhrəmanlıq dastanımız “Kitabi-Seyid Battal Qazi” bir sıra cəhətlərinə görə “Kitabi-Dədə Qorqudu” və“Xavərnamə”ni xatırladır. Battal Qazi”də “Dədə Qorqud” kimi Allahın adı ilə “Bismillahir-rahmanir-rahim və bihi nəstəin əlhəmdülillahi rəbil-aləmin vəssələvat vəs-səlam bər əla Muhammədin Seyyidil-mürsəlin Seyid Battal Qazi rəhmətüllahi əleyhi qissəsindən belə rəvayət eyləyirlər kim“ dibacəsilə başlayır. Seyid qəzalarını Allah Təalanın yardımı Məhəmməd Mustafanın möcüzəsilə etdiyini söyləyir. Həzrət Əli “təvəllüati lailahə illəllah” kəlməsilə cəngə girir. “Battal Qazi”də cərəyan edən bəzi hadisələrdən və Hz.Əlinin adının tez-tez çəkilməsindən məlum olur ki, əsərin müəllifi “Xavərnamə” dastanını oxumuşdur. Burada Battal Qazi yuxusunda Hz.Əlinin ona alma verməsini görür və o bu almanı yeyən kimi yetmiş iki dildə danışmaq bacarığına yiyələnir. Bu faktlar bir daha sübut edir ki,”Xavərnamə”dastanı “Battal Qazidən” daha öncə yazılmışdır. Əgər “Xavərnamə” dastanında Cəbrayıl (ə) Məhəmməd peyğəmbərə (s.ə.s) Hz. Əlinin Xavərzəmin torpaqlarına İslamı yaymaq məqsədilə getdiyini və bu yolda ona Malik Əjdərin bələdçi olacağı xəbərini gətirirsə, “Battal Qazi”də Hz. Əlinin övladı Hüseyn qazinin oğlu Cəfər tərəfindən Rum vilayətinin İslamlaşacağını və ona Abdulvəhhab adlı səhabənin bələdçilik edəcəyini müjdələyir. İki əsər arasında motiv, ideya, süjet, hadisələrin xarakteri; surətlər və mifoloji personajlar arasında bənzəyiş, mətnlərin üslub və forma oxşarlığı diqqəti cəlb edir. Xüsusi olaraq qeyd etmək istərdik ki, hər iki əsərdə istifadə olunmuş İslami əsatirlər bu əsərləri biri-birinə daha da yaxınlaşdırır. Hz.Əlinin qeyri- adi atları Düldül və Nüqab kimi Battalın da insan dili anlayan Aşqar adlı atı ona Allah tərəfindən bəxş edilmişdir.Həmçinin silah və sursatları da möcüzəli, sehirlənmiş, heç kəsin qaldıra bilmədiyi ağırlığa malikdir. Hər iki İslam öndəri döyüşdən əvvəl və ya sonra Allahı xatırlamanın ən böyük vəsiləsi, İslamın yaradıcı qüdrəti qarşısında boyun əymək, ona yaxınlaşmanın, yüksəlmənin ən müqəddəs yolu olan namaz qılır və Allaha ibadətdən fariğ olurlar.Müsəlmanların qalib gəlmələri Seyid Battalın varlığı ilə paralellik təşkil edir. Əgər Battal döyüşdə yoxdursa İslam ləşkəri məğlubiyətə uğrayır, müsəlman əsgərinin başları düşmən trəfindən kəsilir.Seyid silahdaşlarının öldüklərini görüb, birinci növbədə onlarin namazın qılır və dəfn etdirir. Battal Qazi Şamiliyə şəhərinin padşahını öldürdükdən sonra, sübh namazı vaxtı sarayın damına çıxır gözəl avazla azan verib şəhər xalqını namaza çağırır və ya Məmuriyə şəhərində məscid tikdirir, minbərə çıxıb gözəl avazla xütbə oxuyur. Hz.Əli də döyüş zamanı Allahın qüdrətinə sığınır,onun inayəti Məhəmməd Mustafanın möcüzati-bərəkatilə döyüşə girir.” Allah Təalla kərim və rəhimdir “deyir. Qalib olduqda “Həqqi-Sübhanə və Təalanın kəmali-kərəminə çoq şükürlər” edir, Mədinədən kənara çıxıb ğəzada şəhid olan qazilərin şəhid namazın qılır, qurbanlar kəsib fəqir-füqaraya paylayırlar. Ümumiyyətlə, istər Hz.Əli istərsə də Battal qazi cihad etdikləri zamanı əllərinə keçən qənimətləri allah yolunda kasıblara paylayıb özləri heç bir şey götürmür.

Hz.Əli ilə Battal Qazi arasında həm xarakter həm də xarici görnüş baxımından da ümumi cəhətlər görünməkdədir. Battal Qazinin həyatda ən böyük amacı Allahın adını və Məhəmmədin (s.ə.s) onun elçisi olmasını Rum elinə yaymaq, ”kəlisaları yıqub yerində məscidlər yapmaq”dır. Hz. Əli də bütün Xavərzəmini keçərək Turan şahlığana qədər İslamı yaymaq məqsədilə yürüş edir, əhalini müsəlmanlaşdıraraq, kilsələrin yerinə məscidlər qurdururur. Hər iki dastanda məğlub olan kafirlər İslam dininin üstünlüyünü görüb müsəlman olurlar. Məlum olduğu kimi əksər qəhrəmanlıq dastanlarında, eləcə də “Kitabi-Dədə Qorqud” da Hz.Əlinin adı xeyirxah obraz kimi Xızır peğəmbərlə bir çəkilir. “Battal Qazi” dastanında isə Battalın şəcərəsində Hz.Əli ilə onun qohumluğundan söhbət gedir. Dini-qəhrəmanlıq dastanları olan “Xavərnamə” və “Kitabi-Seyid Battal Qazi” öz mənşəyini “Kitabi-Dədə Qorqud”dan almaqla yanaşı aralarındakı zəncirvari bir bağlılıq görünməkdədir.



Ədəbiyyat:

1.Köpürlü Fuad. Türk ədəbiyyatında mutasavvıflar. - Ankara, 1991. – S.244, 254.

2.Əsgər Əfzələddin. Oğuznamə yaradıcılığı.- Bakı : Elm və təhsil, 2013. - S.139.

3.Koroğlu Xalq. Oğuz qəhrəmanlıq eposu. – Bakı : Yurd,1999. - S.169.

4.Abdulla Bəhlul. Kitabi-Dədə Qorqud və İslam dini. – Bakı : Ozan,1997. - S.4.

5. Dədə Qorqud kitabı : Ensklopedik lüğət. – Bakı : Öndər nəşriyyatı, 2004. -S.177.

6. Kitabi-Dədə Qorqud. – Bakı : Öndər nəşriyyatı, 2004. - S.122,77, 22, 131.

7. Qurani-Kərim. Azərbaycan türkcəsində açıqlama. Nəriman Qasım oğlunun qələmilə. – Bakı :Azərbaycan nəşriyyatı, 1993. - S.329.

8. Cəmşidov Şamil. Azərbaycan yazılı dastan abidələrinin tədqiqi. – Bakı : Nurlan, 2002. - S.154.
Aybeniz Rahimova

RELİGİOUS MOTİVES İN THE HEROİC EPOS

Summary
The article brings to the attention of some common characteristics in the religious- heroic dastans of Battal Gazi, Havername, copies of which are kept at the Institute of Manuscripts, and which reflect the way of life, cournage of the Islamic elect.

And also reveals the similarity of religious motives, which take place in the religious-heroic dastans like Dede Korkut, Havername and Kitabi-Battal Gazi, whose sources are the Qur'an and the risales.



TÜNZALƏ SEYFULLAYEVA

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru
MÜHACİR DRAMATURQ ABAY DAĞLININ YARADICILIĞI

HAQQINDA BİR NEÇƏ SÖZ
Çoxşaxəli ictimai inkişaf yolu keçmiş, rəngarəng, üslubca, ideyalarla zəngin Azərbaycan ədəbiyyatının tarixində mühacirətdə yaranmış bədii ədəbiyyat nümunələri əhəmiyyətli yer tutur.  Azərbaycan Mühacirət ədəbiyyatını müxtəlif ictimai-siyasi səbəblərlə bağlı ölkəmizdən ayrı-ayrı xarici ölkələrə gedərək orada yaşamağa məcbur olan yaradıcı qüvvələr formalaşdırmışlar. Bu səbəblər sırasında çar Rusiyasının müstəmləkəçilik siyasətinə əks mövqedə dayanmaq, Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcılarının bolşeviklər tərəfindən təqib edilməsi mühüm yer tutur. İkinci Dünya Müharibəsi zamanı meydana çıxmış əsirlik və sürgünlük həyatı da mühacirət ədəbiyyatının inkişafında müəyyən rol oynamışdır.

Mühacirət ədəbiyyatında vətən həsrəti, qürbət duyğuları, tarixi hadisələrə fərqli ədəbi baxış meylləri qüvvətlidir. Çətin şəraitdə yaranan mühacirət ədəbiyyatı eyni zamanda Azərbaycanı dünyaya tanıtmağa da xidmət etmişdir.

Azərbaycan mühacirət ədəbiyyatı dörd mərhələdə inkişaf etmişdir: 

I mərhələ 

1909-1910-cu illərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata keçirməyə başladı və bu islahatlarla əlaqədar hökumət Azərbaycanın azad fikirli ziyalılarının fəaliyyətinə güclü nəzarət edirdi. Bu səbəbdən də bir çox qələm sahibləri Azərbaycanı tərk etməyə məcbur oldular. I mərhələdə Azərbaycan mühacirət ədəbiyyatının əsası qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı ideologiyasının formalaşmasına böyük təsir göstərdilər. Bu mərhələnin görkəmli nümayəndələri sırasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məmməd Əmin Rəsulzadənin adını çəkmək olar. Qeyd etmək lazımdır ki, İranda yaşadığı müddətdə M.Ə.Rəsulzadə Şərqdə ilk Avropa standartlarına uyğun "İrani-novin" qəzetinin nəşrinə başlamışdı. Sonralar Azərbaycanda və Türkiyədə nəşr olunmuş bir sıra əsərlərini də ədib məhz İranda olduğu dövrdə qələmə almışdır.



II mərhələ

Bu mərhələ sovet hakimiyyətinin ilk illərindən II Dünya Müharibəsinə qədər olan dövrü əhatə edir. Həmin dövrdə bolşeviklər müsavatçılara, ittihadçılara və azad fikirli şəxsiyyətlərə qarşı güclü terror və repressiya tədbirləri həyata keçirirdilər. Bunun nəticəsində bir çox görkəmli ziyalılar Azərbaycanı  tərk etdilər. Onların sırasında M.B.Məmmədzadənin, Ə.Yurdsevərin, Ə.Topçubaşovun, C. Hacıbəyovun, Ə. Cəfəroğlunun, K.Ödərin, H. Baykaranın, A. İldırımın və başqalarının adlarını çəkmək olar. Bu mərhələdə, Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndələri qürbətdə haqsevərlik duyğuları, vətən həsrəti ilə əzab-əziyyətli, acı bir tale yaşamışlar. 

Sovet dövründə adları çəkilən şəxsiyyətlər öz vətənlərində vətən, millət xaini elan edilir, onlar haqqında düşmən təsəvvürü yaradılırdı. Sovet mətbuatında müntəzəm olaraq “məktublar” təşkil olunur, onlar “xalq düşməni”, “vətən xaini” damğası ilə “ifşa” edilirdi (10,9)

1922-ci ildən nəşr olunmağa başlayan Azərbaycan qəzet və jurnalları mühacirət ədəbiyyatının inkişafına böyük təkan verdi. Bu dövrün nümayəndələrinin əsərləri Türkiyədə, Avropanın bir çox ölkələrində çap olunur və yayılırdılar. "Yeni Qafqasya", "Azəri-Türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi", "Qurtuluş" kimi jurnallar, "Bildiriş", "İstiqlal" və s. kimi qəzetlər Avropanın müxtəlif şəhərlərində nəşr olunurdu.



III mərhələ

Bu mərhələnin başlanğıcı II Dünya Müharibəsinin başlanması ilə eyni vaxta düşmüşdür. Almanlar tərəfindən əsir götürülmüş bir çox azərbaycanlılar siyasi səbəblər üzündən Vətənə dönə bilməmişdilər. Sovet hökuməti almanlara əsir düşmüş sovet əsgərlərinin sonradan alman kəşfiyyat orqanlarına xidmət etdiklərini zənn edirdi. Ona görə də əsirlikdən Vətənə dönən əsgərlərin bir çoxu ya yenidən sürgün olunur, ya da həbs olunurdular. Onların arasında müharibədən sonra Sovet İttifaqına dönməyərək xaricdə yaşayan və Azərbaycan mühacirət ədəbiyyatının gələcək inkişafını müəyyənləşdirən yazıçılar və şairlər də var idi. Onu da qeyd etmək lazımdır ki, əvvəlki dövrlərlə müqayisədə bu dövrün yaradıcı potensialı o qədər də böyük deyildir. Lakin bütün çətinliklərə baxmayaraq, mühacir ədiblərin bu nəsli də ədəbiyyatımızın inkişafında az iş görməmişdir. Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan "Azərbaycan" qəzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü görürdü. Ən görkəmli nümayəndələri M. Kəngərli, A.Dağlı, S.Təkinər, M.Musazadə və başqaları hesab olunurlar.



IV mərhələ

Qeyd etmək lazımdır ki, bu dövr mühacirət ədəbiyyatının kamilləşməsi üçün müəyyən zamana ehtiyac vardır. Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya, Həmzə Fəthi, Hökumə Billuri, Balaş Azəroğlu, Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Qulamhüseyn Saedi, Məhəmmədəli Mahmud, Həmid Nitqi və başqa yazıçı və şairlər İran hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi isə Şimali Azərbaycana mühacirət etmişdilər (10,15). Bu proses 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Milli Hökumətin süqutundan sonra baş vermişdi. Bununla da Azərbaycan ədəbiyyatında "Cənub mövzusu" yaranmağa və inkişaf etməyə başladı. İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas mövzu hesab olunur.

Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidməti olan, yaradıcılıq fəaliyyəti siaysi mühacirətin 2-ci mərhələsinə təsadüf edən yazıçı-dramaturqlarımızdan biri Mirzə Abay Dağlıdır (Əsil adı Cəmil İbrahim oglu Ağayevdir). 1906-cı il yanvarın 27-də Şuşada çilingər ailəsində anadan olmuşdur. İlk təhsilini Şuşada realnı məktəbində almışdır. 1925-1927-ci illərdə Kürdüstan qəza pioner təşkilatçısı vəzifəsində çalışmış, 1927-1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olmuşdur. 1929-1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və Anion kənd məktəblərində müəlimlik edən Abay Dağlı ali pedaqoji təhsil almaq məqsədi ilə Bakıya gəlir və Azərbaycan Dövlət Pedaqoji İnstitununun dil və ədəbiyyat şöbəsinə daxil olur (7,4). Bir müddət sonra səfərbərliyə çağrılaraq cəbhəyə göndərilir. Bu illərin onun həyatında xüsusi əhəmiyyəti olmuşdur. Sovet hakimiyyətini humanist və gələcək bəxş edən rejim kimi görürsə də, cəbhəyə göndərildikdən sonra sovet rejiminin nə qədər qəddar olduğunu anlayır və 35 yaşlı gəncin dünyagörüşündə ciddi dəyişiklik baş verir. Bu rejmin şüurlu əleyhdarına çevrilir. Abay Dağlıya qarşı təqiblər başlayır. Vətəndə qalmağı onu Sibirdə həbs düşərgələrinə aparacağını görərək Almaniyaya üz tutmalı olur. 1947-ci ilin sonlarına qədər Münhen şəhərində yaşayır, burada “Onlar türklərdir” memuar romanını yazmağa başlayır. Həmin əsər 1951-ci ildə Ankarada “Rəna” gizli imzasıyla nəşr olunur. Daha sonra Türkiyəyə üz tutan yazıçı ömrünün sonuna kimi burada mühacir həyatı yaşayır, Sakarya və Adapazarı litseylərində müəllimlik edir, “Mirzə Abay Dağlı” imzasıyla bədii yaradıcılıqla məşğul olur. Abay Dağlı ömrünün sonuna kimi Azərbaycanın istiqlalı üçün savaşmışdır. Əsərlərində də vətən həsrəti, istiqlal, azadlıq peşəkarlıqla əks olunmuşdur. Yazıçı-dramaturq 1989-cu ildə Türkiyədə vəfat etmişdir.

Abay Dağlı yaradıcılığını mövz və ideyasına görə iki mərhələyə bölmək olar. Mühacirətə qədərki və mühacirət dövrü. Mühacirətə qədərki mərhələni ilk qələm təcrübələri, sovet həyat və yaşayış tərzi ilə bağlı məqalələr, Azərbaycan və dünya klassiklərinin irsi ilə əlaqədar ümumi məlumat səciyyəli yazıları, şeirləri və s. təşkil edir. İlk illəri 1930-1940-ci illərə təsadüf edir. Bu illər Nuxada müəllim kimi fəaliyyət göstərən yazıçı ədəbiyyatşünaslıq problemlərinə hərs olunmuş və bir çox sənətkarımıza aid məqalələr də qələmə almışdır.

Yaradıcılığının ikinci mərhələsi isə 2-ci Dünya müharibəsinə təsadüf edir. Bu mərhələ Abay Dağlı şeirləri daha çox vətən həsrəti, qürbət həyatının ağrı-acılarını ifadə etmişdir. Bu illərdə şeirlərini “Azərbaycan” qəzetində “Anar” imzası ilə dərc etdirmişdir. Bu illərdə poeziyaya az müraciət etmiş, daha çox dram əsərləri qələmə almışdır. “Albay Dağlı” imzası ilə qələmə aldığı “Əsir ruhlar” (1957), “Bir Mayıs” (1960), “Füzuli” (961-1968), “Okullular” (1963), “Sakarya” (1965), “Atatürk” (1966), “Atamızın gəncliyi”(1967), “Sakarya çetəsi” (1969), “Malazgirtdən Sakarya” (1971), “Sakaryada 22-ci gün” (1971), “Ata anıları” (1974), “Albay”(1975), “Dədə Qorqud”(1977) və b. pyeslərini qələmə almışdır. Məhz bu pyeslər, həmçinin “Onlar türklərdir” memuar romanı Abay Dağlıya Azərbaycan mühacirət ədəbiyyatında xüsusi bir mövqe qazandırdı. Eyni zamanda qeyd etmək lazımdır ki, mühacirət ədəbiyyatında darmaturq kimi tanınan yeganə müəllif Abay Dağlıdır. Bu zəngin irsin öyrənilməsində təqiqatlar çox az aparılmışdır. 1991-ci ilin aprelində Bakıda keçirilmiş Azərbaycan mühacirət ədəbiyyatı elmi simpoziumunda Ankaradakı Kültür dərnəyinin üzvü olan Lətif Yücəl Abay Dağlının həyat və yaradıcılığı barəsində məlumat vermişdir (7,7).

1951-ci ildə “Rəna” imzası ilə çap etdirdiyi “Onlar Türklərdir” kitabında rus imperializminə qarşı nirfəti açıq şəkildə ifadə etmişdir. Bu əsər bir neçə hissədən ibarətdir. “Uzaq məsafələrdə” adlanan əsərin birinci hissəsində Sibirə sürgün edilən türklərin ağır həyatı, onların kölə həyatından azad olmaq üçün təşkil etdikləri qiyamlar bədii əksini tapır. Sovet əmək düşərgələrində min bir əzaba qatlaşan məhbusların dözülməz həyatını təsvir etməklə yanaşı, yazıçı onların azadlıq eşqini yüksək sənətkarlıqla verə bilmişdir. Müəllif düşərgədəki qiyamı və cəza dəstələrinin hücümunu bütün dramatizmi ilə təsvir etməklə, bir tərəfdən, məhkum insanların azadlıq eşqini, bir tərəfədn, bolşevik rejiminin amanszılığını real səhnələrlə təsvir edir(7,38-40).

“Onlar türklərdir” əsərinin ikinci hissəsi “Qanlı cəbhə” adlanır. Bu hissədə əsasən sovet hərbi sistemi, Kremlin antitürk, antimüsəlman siyasəti tənqid olunur. Bu əsərdə əsas hədəf rus bolşevizmi tənqidi olsa da, müəllif yeri gəldikcə alman faşizminin eybəcərliklərini, antihumanist mahiyyətini də göstərmişdir. Dramaturq “Əsir ruhlar” pyesində də totalitar sovet rejiminin ifşası təsvir etmişdir. Abay Dağlı eyni zamanda pyeslərində milli-mənəvi dəyərlərə, gənc nəslin təlim-tərbiyəsinə, onların doğma vətənə layiq vətəndaş kimi böyümələrinə, onlara vətənpərvərlik, qəhrəmanlıq ruhunun aşılanmasına xüsusi diqqət etmişdir.

Abay Dağlı pyeslərinin digər başlıca xüsusiyyətlərindən biri də tarixi hadisələr və tarxi şəxslərin həyat və mübarizəsinə müraciət etmək idi. 1965-1974-cü illər arasında Anadolu istiqlal savaşına həsr etdiyi altı pyesi bu baxımdan nümunə ola bilər. “Sakarya”, “Sakaryada 22-ci gün”, “Ata anıları”, “Sakarya çetəsi”, “Atatürk”.

Abay Dağlı Anadolu istiqlal savaşından bəhs edən bütün pyeslərində türk xalqının böyük oğlu, güclü xarakterə sahib tarixi şəxsiyyət, görkəmli siyasi xadim və sərkərdə Mustafa Kamal paşadan söhbət açır. Onun doğma vətənin azadlığı uğrunda apardığı şanlı mübarizəni bir daha oxuyuculara çatdırır. Mustafa Kamalı müxtəlif vəziyyətlərdə təsvir etməklə onu xarakterinin səciyyəsini tamamlayır. Belə ki, Ərzurumlu aşıqla görüş səhnəsində paşa xalq musiqisinin, şeirin, sənətin vurğunu kimi göstərilirsə, zabit heyəti ilə mükalimələrində onun sərkərdəlik istedadı, hərbi təfəkkürü qabardılır.

Azərbaycan mühacirət ədəbiyyatında sənətkar və zaman probleminə toxunan dram əsərləri hələlik yalnız Abay Dağlının yaradıcılığında rast gərlirik. Dramaturqun 3 pərdə, 9 şəkildən ibarət mənzum “Füzuli” pyesi buna nümunə ola bilər. Əsər 1968-ci ildə türk alimi Əli Nihad Tərlan tərəfindən İstanbulda nəşr edilmişdir (7,10).

Abay Dağlının mühacirət dövrü yaradıcılığı haqqında yekun fikir olaraq deyə bilərik ki, dramaturqun başlıca ideyası türkçülük, azərbaycançılıq, istiqlalçılıqdır. A.Dağlı pyesləri öz bədii məziyyətləri, üslubu, canlı dialoq, dilinin həm sadə, həm də zəngin və koloritli olması ilə yadda qalır. Toxunduğu mözular köhnəlməmiş, bu gün də aktualdır. Pyeslərinin süjeti sadə, kompozisiyası yığcamdır. Bir sözlə Abay Dağlı pyesləri sənətkarlıq baxımından samballı və diqqətəlayiqdir.



Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə