Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2,43 Mb.
səhifə13/27
tarix17.06.2018
ölçüsü2,43 Mb.
#53967
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

Ədəbiyyat:

  1. Əlyazmaları хəzinəsində (Azərbaycan ЕA Əlyazmalar İnstitutunun əsərləri). C.1-8. - B., 1961-1987.

  2. Əlyazmaları kataloqu (Cünglər). C.2. - B., 1977.

  3. Əlyazmaları katalоqu (tarix, coğafiya, ədəbiyyat nəzəriyyəsi, təzkirələr, bədii ədəbiyyat və münşəat). C.1.- B., 1963.

  4. Türk əlyazmaları kataloqu. Folklor abidələri və müəllifsiz əlyazmalar. C.1. –B., 2013.

  5. Каталог тюркских рукописей. Т. 2. - Баку,2009.

Azada Musabeyli
PRİNCİPLES OF THE PUBLİCATION OF THE "COLLECTİON OF THE CATALOGOF TURKİC MANUSCRİPTS İN THE İNSTİTUTE OF

MANUSCRİPTS" ANDTHE İNİTİAL İNFORMATİON ABOUT İTS PREPARATİON FOR PUBLİCATİON

Summary

The Institute of Manuscripts keeps thousands of Turkic manuscripts. The collection of these manuscripts was first prepared for publication.

The report outlines the principles of compiling a voluminous collection in two parts, arranged alphabetically by the name of works and authors, and also refers to its preparation for publication. In each monument in accordance with the following: the code of the manuscript; if changed, then the old cipher; the name of the works; author's name; a place; date; copyist; tom; volume, etc.

FƏRMAN XƏLİLOV

AMEA-nın Naxçıvan Bölməsi,



filologiya üzrə elmlər doktoru

fermanhalilov@yahoo.com


MİRZƏ ƏLİ MÖCÜZÜN DİNİ ŞEİRLƏRİ

Cənubi Azərbaycanın məşhur satirik şairi Mirzə Əli Möcüz (1874-1934) öz dövrünün azadfikirli bir mütəfəkkiri idi. Məhz buna görə də yaşadığı cəmiyyətdə mühafizəkarlar tərəfindən qəbuledilməz şəxs hesab olunurdu. Hətta “günahları” ucbatından anadan olduğu doğma vətəni Şəbüstərdən didərgin salınmış və qürbətdə – İranın Şahrud şəhərində həyatla vidalaşmışdı.

Möcüz o müsəlmanlardandır ki, xurafat, nadanlıq, cəhalət və fanatizmə, dini “soyğunçuluq tüfənginə” (M.Ə.Sabir) çevirənlərə nifrət edirdi. O, “Möcüzün dini”adlı şeirində yazırdı: “Din ibarətdir rast getməkdən, Nəinki “ayn”i boğaza sürtməkdən.” (10, 234). Bu düçüncədə olan şair “xalqı bidar etmək üçün” əsil müsəlman kimi özünü nümunə göstərirdi: “Kaş hamı Möcüz kimi dindar ola” (4, 73).

Möcüz dini, milli və bəşəri dəyərləri özündə birləşdirən bir müsəlman idi. O, bu keyfiyyətləri uşaqlıq illərində anadan olduğu Şəbüstər qəsəbəsində və gənclik çağlarında 16 il yaşadığı İstanbul mühitində qazanmışdı.

Varlı və yoxsul təbəqənin yaşayış şəraitindən asılı olmayaraq, onun vətəni Şəbüstərin əhalisi qəsəbənin ictimai mühitinin formalaşmasında mühüm rolu olan bir sıra milli və dini bayramların keçirilməsinə xüsusi diqqət yetirirdi. Axır çərşənbə, Novruz bayramı, Sizdəh günü (ilin son günü) və Şəbi-yeldanın (Çillə gecəsinin) tarixi-milli ənənələrə uyğun olaraq təmtəraqlı şəkildə qeyd olunması nəinki uşaqların, yaşlı nəslin də sevinc və şadlığına səbəb olurdu (11, 516). Dini bayramlardan Qurban və Ramazan, Həzrəti-Məhəmməd peyğəmbər, imam Əlinin, Həzrəti-Hüseynin, imam Zenalabdinin təvəllüd günləri də Şəbüstərdə təntənəli şəkildə qeyd olunurdu (11, 527). Hər il ənənəvi olaraq keçirilən bu milli və dini bayramların gah canlı iştirakçısı, gah da müşahidəçisi olması uşaqlıq və yeniyetməlik yaşlarından Möcüzün əxlaqi-mənəvi dünyasının iki istiqamətdə – milli ənənələr və dini dəyərlər istiqamətində formalaşmasına ciddi təsir edən faktorlar idi.

XIX əsrin 70-90-cı illərində əhalisi şiə müsəlmanlarından ibarət oln Şəbüstərdə məhərrəmlik mərasimi xüsusi bir büsatla həyta keçirilirdi (11, 528). Sonralar şeirlərində ən kiçik detallarını belə gözdən qaçırmadan təsvirini verdiyi bu mərasimləri bütün incəliklərinədək müşühidə etməsi də Möcüzün uşaqlıq və yeniyetməlik illərindən başlayır. Məhərrəmin 10-cu günü (aşura günü) Şəbüstərin kənarında geniş bir sahədə həmyerlilərinin Kərbəla faciəsini peşəkar aktyorluq səviyyəsində canlandırması onun müşahidə qabiliyyətini inkişaf etdirməklə yanaşı, şəhidlərin halına acıyaraq qəlbində insafsızlığa, vəhşiliyə və qəddarlığa qarşı nifrət hislərinin baş qaldırmasına səbəb olmuşdur. Kərbəla müsibətinin ürəkyandırıcı dramatik məqamlarını çox böyük məharətlə və təbii şəkildə əyaniləşdirilməsini müşahidə etməsi Möcüzü cəmiyyətdəki bir sıra problemlər haqqında da düşünməyə vadar etmişdir.

Möcüz İstanbulda sakin olduğu Validəxanda da Novruz bayramı, şiə müsəlmanlarının ibadətləri, müxtəlif dini aynləri, xüsusilə məhərrəm ayında aşura mərasiminin keçirilməsinə heç bir maneə törədilməmişdir (7, 32). Deməli, o, burada da milli və dini ənənələrdən ayrı düşməmişdir.

Möcüz İstanbuldan Şəbüstərə qayıtdıqdan çox sonralar yazdığı tərcümeyi-halında qeyd edir ki: “Şəbüstərə gəldim. Vətənin ağlar halını görüb növhəxanlığa başladım” (8, 1)

Sovet dönəmində Azərbaycan möcüzşünasları onun yazdığı bu sözlərdən yan keçərək həmin məsələyə heç bir münasibət bildirməmişlər. Bizcə, bu “yankeçmənin” səbəbi tədqiqatçıların Möcüzün Sovet ideologiyası üçün qeyri-məqbul sayılan dini şeirlər yazmasını etiraf etməkdən çəkinmələridir. Halbuki Möcüz “növhəxanlığa başladım” deyərkən heç də dini şeirlər yazmasına işarə etməmişdir. Maraqlıdır ki, “vətənin ağlar halına” diqqəti yönəldərək “nazik ciyərləri qan edən” bu dərdli və kədərli şeirlərin ənənəvi dini növhələr olmadığını ilk dəfə şairin axund və vaiz müasirləri başa düşmüş və belə “növhələr” yazdığı üçün ona hücuma keçmişlər. “Mənim növhəxanlığım axundların xoşuna gəlmədi, mənə müharibə elan etdilər” (8, 1). Sual olunur: Əgər Möcüz dini məzmunlu növhələr yazmasına işarə edirdisə, bu, nə üçün axundların xoşuna gəlməməli idi? Deməli, o, “növhəxanlığa başladığını” deməklə dini məzmunlu mərsiyələr yazmasına yox, “vətənin ağlar halını” əks etdirən şeirlərinə işarə etmişdir.

Möcüz haqqında əldə etdiyimiz bəzi xatirə materialları da (1; 6) sübut edir ki, o, vətənə qayıtdığı ilk illərdə “milləti ağladan” rövzəxanlarla və vaizlərlə, necə deyərlər, yola getməmiş, əvəzində isə “din düşməni” elan edilmişdir.

Bir nümunə:

Möcüzün müasiri bəzzaz Mir Abbas Musəvi: “Bir gün çox hörmət bəslədiyim Möcüz dükanımın yanından keçəndə onu çay içməyə dəvət etdim. Möcüz dedi ki, xəbərin yoxdu xəbərdən? Bir neçə gün əvvəl Şəbüstərin nüfuzlu vaizlərindən biri mənim haqqımda demişdir ki, kafir erməni və rusla oturub-durmaq, o əməli saleh olmayanla bir damın altında içməkdən yaxşıdır” (6, 1). Maraqlıdır ki, şairin özü də şeirlərinin birində mürtəce tipin dilindən verdiyi aşağıdakı iki misra ilə həmin hadisəyə işarə etmişdir:

Firqeyi-əhrardı din düşməni,

Yaxşıdır onlardan urus, erməni (4, 155).


Bu gün Möcüzlə bağlı bir həqiqəti də etiraf etmək artıq Sovet dövründə olduğu kimi tədqiqatçı üçün qınaq gətirən hal deyil. Bəli, vaxtilə “məhərrəm və səfər aylarında növhə deyib oxumaqla atasının və sair camaatın əzizi olan” (9, 25) M.Ə.Sabir kimi Möcüz də dini məzmunlu növhə və mərsiyələr yazmışdır. Bu şeirlərdən doqquzu (bunlardan ikisi fars dilindədir) şairin İranda çap olunan kitablarına daxil edilmişdir (3, 372-374, 376, 378, 380; 5, 101, 102; 10, 563-581, 601, 606) “Məzhəbi şeirlər” bölümündə oxuculara təqdim olunan bu şeirlərin dördü “Növhə” (bunlardan biri farscadır), digərləri isə “Vətən”, “Görməmisiz”, “Zeynəbi-şüca”, “İmam Hsüseynin Mədinədənköçmə mərsiyəsi” (Xanım Fatimeyi-Suğra və Ələkbərin dilincə), “Emruz ruzi-məhşər əst” (“Bu gün məhşər günüdür”) adlanır. Araşdırmalar göstərir ki, şair həmin növhələri çox-çox sonralar, yəni həyatının Şəbüstər dövrünün ikinci mərhələsində yazmışdır. Möcüz bu şeirlərində Kərbəla müsibətinin ürəkyandırıcı dramatik məqamlarını çox böyük məharətlə təsvir etməklə bərabər, həm də oxucuların hiss və duyğularını riqqətə gətirə bilmişdir:

Gördü çün ləşgər Hüseyni bipənahü naümid,

Nə Ələkbər, nə Qasım var, nə sərdar Rəşid,

Qövmi-birəhm eylədi axır o məzlumu şəhid,

Xeymələr talan olub, bağlandı bimarın qolu (5, 102).
Başın qanı xəzab edib zülfün hər yanın,

Heç ana görməsin, ya rəb, belə cavanın.

Qolum açıq deyil, silim gözlərin qanın,

Bədən parə-parə, axar qanı səhraya,

Əli, rəhm et Leylaya (3, 376).
Gəlib qardaşının kim, qoya yarasına məlhəm,

Zəmini-Kərbəladan əgər kənar ola Zeynəb,

Hezar yarası var, yoxdur bir nəfər, ey Şimr,

Gərək bu çöldə ona yari-qəmküsar ola Zeynəb (10, 570).


Möcüzün dini şeirlərini hətta onu gözü götürməyən din xadimləri tərəfindən də bəyənilirdi. Bu baxımdan onun müasiri, şəbüstərli rövzəxanlardan biri Hacı Mirzə Abbasqulunun kiçik bir xatirəsinə nəzər salmaq maraqlı olar. Onun dediyinə görə, bir gün Möcüz onun Şəbüstər məscidində həzrət Əliyə aid oxuduğu mərsiyəni dinlədikdən sonra dini mərsiyələrdə zəif beytlərin olmasına işarə edir. Həmin gün şair bir nəfər vasitəsilə həzrət Əli haqqında yazdığı dini şeirini ona çatdırır. “Mən öz evimin damına çıxaraq bu yanıqlı şeiri oxudum. Sən demə, Şəbüstərin müctəhidi Hacı Mirzə Kazım ağa yaxınlıqdakı məsciddən mənim oxuduğum şeiri eşidib və çox təsirlənibmiş. Bir gün sonra Şəbüstər rastabazarının başında mənimlə rastlaşan Hacı Mirzə Kazım ağa müctəhid həmin şeirin əlyazmasını məndən istədi” (1, 2).

Möcüz dini şeirlərində klassik mərsiyə ədəbiyyatı ənənələrini davam etdirməklə yanaşı, özünə məxsus yaradıcılıq imkanlarını da nümayiş etdirə bilmişdir.

Eşitmisiz çox ərusun toyu dönübdü yasa,

Ərusi-Fatimətək bəxtiqara görməmisiz (3, s. 380).


Kərbəla meydanına yetmiş iki qurban gərək,

Kərbəla meydanı olsun qan ilə əlvan gərək,

Xeyməgahi-Zeynəbi Şimr eyləsin talan gərək,

Ta ki qalsın yer üzündə hökmi-Quran, ey vətən,

Soldu gülüstan, ey vətən (3, 379).

Möcüz öz növhə və mərsiyələrində Raci, Qumri, Dilsuz, Sərraf, Pürğəm və mərsiyə ədəbiyyatının digər görkəmli nümayəndələri kimi Kərbəla faciəsini ardıcıllıqla təsvir etməmişdir. Bunun ən başlıca səbəbi onun növhə şairi olmaması idi. Möcüzün belə şeirlərində yalnız “həyat əqidə və cihaddan ibarətdir” düşüncəsində olan Həzrət Hüseyn, onun səhabələri və Əhli-əyalının şəhadətinin və faciəsinin bəzi məqamları yanıqlı bir dillə izhar olunur ki, bu da insanı üzür, onun qəlbini titrədir və qəzəbini coşdurur:

Çün Yezidi-bihəya zülmyndə tüğyan eylədi,

Tökməyə qanın Hüseynin əhdü peyman eylədi,

Gördü qardaşın köməksiz, əzmi-meydan eylədi,

Cismdən ayrıldı Abbas vəfadarın qolu (5, 102).


On səkkiz il zəhmət çəkib bəslədim səni,

Bilmədim axırda yalqız qoyarsan məni,

Ey olan qan ilə əlvan nazik bədəni,

Necə səbr eyləsin anan bu macəraya,

Əli, rəhm et Leylaya (3, 377).
Möcüzün fars dilində yazdığı növhə və mərsiyələri də ürəkyandırıcı məqamlarla doludur. “Emruz ruze-məhşər əst” adlı növhəsində (10, 606) şair fəryad qoparır ki, bu gün Kərbəla çölündə məhşər günüdür, yer-göy lərzəyə gəlib, dünya başqa dünyadır. Kafirlərin zülmündən başlar nizədədir, bacıların saçları pərişandır. Bu gün peyğəmbər övladları fəqan içindədir, düşmən qoşununun oxuna tuş gəlib, bu gün məhşər günüdür...

M.Füzulidən Ə.Vahidədək bir çox məşhur Azərbaycan şairləri kimi Möcüz də göz yaşı axıtdığı bu yanıqlı növhələrdə təkcə Kərbəla müsibətlərini əks etdirməklə kifayətlənməmiş, həm də zülmü, zalımlığı lənətləmiş, məzlumları müdafiə etmiş, insanların, xüsusilə avam kütlələrin bütün pisliklərə qarşı etiraz duyğularını oyatmağa səy göstərmişdir.

Nəhayət, deyilənlərdən belə qənaətə gəlmək olar ki, Möcüz XX əsr Azərbaycan satirik poeziyasının görkəmli nümayəndəsi kimi məşhurlaşsa da, növhə və mərsiyə ədəbiyyatı istiqamətində də özünə məxsus iz buraxa bilmişdir.

Ədəbiyyat :


  1. Hacı Mirzə Abbasqulu. Dini şeir. (Mirzə Əli Möcüz haqqında xatirə). Əlyazma // Naxçıvan MRDA, F.Xəlilovun şəxsi fondu № 701, siy. 2, iş 21.

  2. Mirzə Qafar Namazzadənin M.Ə. Möcüz haqqında xatirəsi. Əlyazma //Naxçıvan MRDA, F.Xəlilovun şəxsi fondu № 701, siy. 2, iş 24.

  3. Möcüz M.Ə. Divanı. İki cilddə. C.2. / red. : Hüseyn Əlizadə. - Bakı: Günəş, 2006. - 400 s.

  4. Möcüz M.Ə. Əsərləri. / toplayan, tərtib edən, izahların müəllifi Q. Məmmədli. – Bakı : Yazıçı, 1982. - 350 s.

  5. Möcüz M.Ə. Tazə və çap olmayan əsərləri. C.3 / topl.. : Yəhya Şеyda. - Təbriz, nəşr ili yoxdu.- 228 s.

  6. Musəvi M.A. Erməni və urus. (M.Ə.Möcüz haqqında xatirə). Əlyazma //Naxçıvan MRDA, F.Xəlilovun şəxsi fondu № 701, siy. 2, iş 22.

  7. Reşad E.K. Büyük Valide hanı // İstanbul Ansiklopedisi. 1-7 cilt. C.6. - İstanbul: İstanbul Ansiklopedisi Neşriyatı, 1965. - S. 3307-3313.

  8. S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivi. Mirzə Əli Möcüzün fondu, № 454, siy. 1, iş № 1-121.

  9. Səhhət A. Əsərləri. İki cilddə. C.2. - Bakı : Azərbaycan Dövlət Nəşriyyatı, 1976. - 316 s.

  10. Şəbüstərli Mirzə Əli Möcüzün əsərləri (dördüncü, beşinci, altıncı bölüm) / topl., dövrləşdirən, açıqlayan Doktor Məhəmməd Tağı Zehtabi. - İki cilddə.C.2. - Nnəşr yeri göstərilməyib, 2010.

11..احمد سلیمی فرد. نگاهی به تاریخ و جغرافیای شبستر، تسوج و صوفیان. تبریز: سیب سرخ، ۱۳۸۲، ۵۹۰ ص.

Farman Khalilov

RELİGİOUS POEMS OF MİRZA ALİ MUCİZ

Summary

The rich literary heritage of the well-known satirical poet of southern Azerbaijan, Mirza Ali Muciz, has been studied from different perspectives and has been given its scientific value. But as the investigations continue, some peculiarities of the poet's creativity arise that it is necessary to study.

In the article for the first time the religious poems of Mirza Ali Muciz are studied.

Firstly, the author is concerned with poet’s struggle against illiteracy, superstition and ignorance, as well as his high appreciation about national and religious values.

After analyzing poems dedicated to the Karbala tragedy by poet, he concludes that though Muciz was famous as a prominent representative of Azerbaijani satirical poetry of the XX century, but he also could embed peculiarly in the orientation of funeral poem and elegy literature.

KAMİL ALLAHYAROV

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi,

filologiya üzrə elmlər doktoru, professor

Kamilhuseynoglu@mail.ru


NİZAMİ GƏNCƏVİ ƏSƏRLƏRİNİN ƏLYAZMALAR KATALOQUNUN

TƏRTİB PRİNSİPLƏRİ
Orta əsrlər yazılı abidələrinin öyərnilməsi, onların əsil dəyərinin müəyyənləşdirilməsi, əsil müəllif mətninin, yaxud ona ən yaxın variantın ortaya qoyulması onların bütün əlyazmalarını nəzərə almadan və öyrənmədən mümkün deyildir. Buradan aydındır ki, klassik ədəbi əsərlər üzərində aparılan hər bir işdə əvvəlcə lazımi mətnşünaslıq təhlili aparılmalıdır ki, bunun üçün isə bu işlə bağlı bütün əlyazmaların və digər qaynaqların aşkar edilməsini müasir elmi tədqiqatın səviyyəsi tələb edir.

Bütün bunlar göstərir ki, Nizami əsərlərinin əlyazmalar kataloqunun yaradılması mütəxəssis nizamişünasların praktik ehtiyaclarını təmin etmək üçün indiyə qədər aşkar edilmiş əlyazmaları tamamilə əhatə edən bir kataloqun yaradılması nə qədər təxirəsalınmazdır. Böyük mütəfəkkir şairin poetik irsinin bütün təfərrüatı ilə hərtərəfli öyrənilməsi üçün nizamişünaslar qarşısında hələ böyük işlər durur.

Nizami əsərlərinin əlyazmalarının öyrənilməsi və qısa elmi təsviri üzrə aparılan belə bir işi biz əvvəlcə bir çox dünya ölkələrinin şərq əlyazmaları saxlanılan ən böyük kitabxanalarının kataloqları əsasında aparmışıq. Bundan əlavə, tərtib olunan kataloqun daha dolğun olması üçün biz digər məlumat xarakterli mənbələrdən də istifadə etdik (1; 2). Bununla bərabər təqdim olunan kataloq tam əhatəli sayıla bilməz, çünki farsdilli əlyazmaların mövcud kataloqları heç də Nizami əsərlərinin bütün əlyazmalarını əhatə etmir. Bu onunla bağlıdır ki, bir çox tarixi səbəblər üzündən bu əlyazmalar bütün dünyaya və xüsusi kolleksiyalara səpələnmişdir. Dünyanın müxtəlif ölkələrində, xüsusən şərq ölkələrində, o cümlədən Əfqanıstanda, Çində, Hindistanda, Pakistanda və başqa ölkələrdə çoxsaylı dövlət və xüsusi kolleksiyalar vardır ki, onlarda olan əlyazmaların kataloqu yoxdur. Dünyanın ən böyük əlyazma fondlarının kataloqları isə təqribən 50-100 il bundan qabaq nəşr olunmuşdur. Ona görə də bu kataloqlar həmin fondlara sonrakı daxil olmaları əhatə edə bilməz. Nəhayət, çox mümkündür ki, şərq əlyazmalarının bəzi kataloqları bizim nəzərimizdən kənarda qalsın.

Təbiidir ki, sonrakı dövrlərdə, yeni kataloqların və digər sorğu tipli nəşrlərin meydana çıxması nəticəsində bu kataloq tamamlana bilər və tamamlanmalıdır.

Tədqiqatçıların diqqətinə təqdim edilən kataloq Nizami əsərlərinin bizə gəlib çatan əlyazmalarının çoxunu (900-ə yaxın) əhatə edir. Bunlar ancaq öz sayına görə yox, həm də yüksək bədii dəyəri ilə oxucunu heyran edir. Onların, demək olar ki, hamısı yüksək bədii tərtibata malikdir: çərçivələr, güllər, rəngarəng başlıqlar, naxışlar, başlıqlara vurulmuş bəzəklər, sonluqlar, lakli təsvirlər, döymə üsulla bəzədilmiş dəri cildlər rəngarəngliyi ilə diqqəti cəlb edir. Əlyazmalardan mühüm bir hissəsi yüksək sənətkarlıqla işlənmiş süjetli miniatürlərlə bəzədilmişdir. Onlar orta əsrlərin görkəmli rəssamları tərəfindən işlənmişdir. Belə nadir əlyazmalardan bir neçəsi Bakıda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Onlardan birində Təbriz rəssamlıq məktəbinin yaratdığı 44 rəngli miniatür vardır (3) . Belə əlyazmaların hər biri onların saxlanıldığı kitabxananın qürur mənbəyidir.

Hazırkı nəşrə Nizaminin Şərq əlyazmaları kataloqlarında və digər sorğu nəşrlərində rast gəldiyimiz bütöv əsərləri və əsərlərindən iri parçalar daxil edilmişdir. Buraya ancaq ayrı-ayrı şeir toplularında (cünglərdə, bəyazlarda, məcmuələrdə) rast gəlinən tək-tək şeirlər, poemalardan kiçik parçalar, həmçinin “Xəmsə”dən seçmələr (“Xülasətül-“Xəmsə”) daxil edilməmişdir.

Kataloqda əvvəlcə “Xəmsə” əlyazmalarının, sonra ayrı-ayrı poemaların xronoloji ardıcıllıqla qısa təsviri verilmişdir. Ayrı-ayrı poemaların əlyazmalarının təsviri şairin onları yazdığı tarixə uyğun ardıcıllıqla verilmişdir. Kitabın sonunda isə şairin “Divan”ının əlyazma nüsxələrinin təsviri yer tutur.

Həm “Xəmsə”nin, həm də ayrı-ayrı poemaların əlyazmalarının təsviri onların köçürüldüyü tarixə uyğun ardıcıllıqla verilmişdir. Hər bir ayrıca əlyazmasının təsviri isə aşağıdakı prinsipə uyğun qurulmuşdur: təsvirin sıra nömrəsi, əlyazmanın saxlanıldığı fondun yerləşdiyi şəhər, əlyazmanın şifri, əlyazmanı köçürən katibin tam adı, əlyazmanın tamamlanma tarix və əlyazmada olan vərəqlərin sayı (əgər onlar məlumdursa). Əgər əlyazmada onun köçürülməsinin dəqiq tarixi yoxdursa, onda bizim istifadə etdiyimiz kataloqu tərtib edənin müəyyənləşdirdiyi təqribi tarix qeyd olunur. Ancaq müstəsna hallarda kataloqu tərtib edənin əlyazmanın tarixini müəyyənləşdirərkən səhvi tamamilə aşkar görünəndə biz bəzi əlyazmaların tarixi ilə bağlı düzəliş etməyə məcbur olurduq. Məsələn, qədim fars əlyazmalarının öyərnilməsi və sistemləşdirilməsi sahəsində ən böyük mütəxəssislərdən olan İran alimi Əhməd Münzəvi tarixi qeyd olunmayan iki “Xəmsə” əlyazmasını (bizim nəşrdə 14 və 15 saylı) paleoqrafik keyfiyyətlərinə görə XII və XIII əsrlərə aid etmişdir. Qəribədir ki, eyni zamanda həmin əlyazmaların nəstəliqlə yazıldığını da qeyd edir. Halbuki məlumdur ki, nəstəliq xətti XIV əsrin sonunda görkımli Azərbaycan xəttatı Mir Əli Təbrizi tərəfindən ixtira olunmuş və xəttatlıqda işlədilməyə başlanmışdır. Bu cəhətləri nəzərə alaraq biz həmin əlyazmaları XIV əsrin sonalrına aid etmişik (4, №-28033 və №-280434). Nə dəqiq köçürülmə tarixi olan, nə də təxmini tarixi müəyyənləşdirilə bilinən əlyazmaların təsviri isə müvafiq əsərlərin təsvirinin sonunda yerləşdirilmişdir. Əlbəttə, sədalanan prinsiplər bütün hadisələri tam əhatə etmir. Bəzən əlyazmanın köçürüldüyü yer haqqında, əlyazmada olan miniatürlərin sayı və onların müasir vəziyyəti, əlyazmanın tamlığı haqqqında da bilgi verilir.

Hər bir əlyazma haqqında daha ətraflı məlumat ala bilməyi asanlaşdırmaq üçün hər bir ayrıca təsvirin sonunda mötərizədə həmin əlyazma haqqında bilginin alındığı mənbəyə istinad olunmuşdur. Belə istinadlar ancaq ölkəmizdə olan və kataloqlaşdırılmayan əlyazmaların təsvirində yoxdur. Qaynaqların adı tam şəkildə kataloqun sonunda – “İxtisarlar” bölümündə verilmişdir.

Şəxs və əsər adlarının transkripsiyası zamanı müasir şərqşünaslıq ədəbiyyatında ən çox işlənən sistem gözlənilmişdir.



Ədəbiyyat:
1. Казиев А.Ю. Художественное оформление азербайджанской рукописной книги XII-XVII вв. – М., 1977.

2. Миниатюры к «Хамсе» Низами / cост. Ф.Сулейманова. – Ташкент, 1982.

3. Nizami Gəncəvi. Xəmsə : AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun əlyazması. Şifr M-374.

4. ehreste nosxehaye xəttiye farsi. Neqarende – Əhməd Monzəvi. Celde 4. – Tehran, 1351 şəmsi.


                                                                  

                                                  Kamil Allahyarov


THE PRİNCİPLES OF THE TYPOGRAPHY OF THE CATALOGUE OF THE MANUSCRİPTS OF THE WORKS BY NİZAMİ GANJAVİ

Summary

There are many manuscripts of the works by Nizami Ganjavi in the different libraries and funds of the world. The author of the given article prepared the catalogue which comprehends approximately 900 of them. The given article touches upon the principles of the typography of the given article.



SƏBUHİ İBRAHİMOV

AMEA-nın Naxçıvan Bölməsi, Əlyazmalar Fondu,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

s.ibrahimov71@mail.ru


BABA NEMƏTULLAH NAXÇİVANİNİN TÜRKİYƏ KİTABXANALARINDA

SAXLANILAN ƏLYAZMA ƏSƏRLƏRİ
XV əsrin görkəmli nümayəndəsi Baba Nemətullah Naxçıvaninin fəlsəfi, eyni zamanda məzmunlu əsərləri nəsildən-nəsilə keçərək dövrümüzə qədər gəlib çatmışdır. Baba Nemətullah Naxçıvani həyatının çoxunu Naxçıvanda keçirdiyi məlumdur. Həyatı haqqında çox az məlumat olan bu böyük sufi aliminin Ağqoyunlu hökmdarı Uzun Həsən dövründə (1467-1478) təhsil aldığı, Sultan Yaqubun dövründə isə (1478-1490) Naxçıvan mədrəsələrində müəllimlik etdiyi bildirilir. Onun daha sonra Naxçıvanı tərk etdiyi, bunun da dövrünün böyük sufi alimi hesab edilən Seyyid Yəhya Şirvaninin davamçısı, xəlvəti təriqətinin şeyxi Dədə Ömər Rövşəninin xəstəliyi ilə əlaqədar olduğu bildirilir. “Belə ki, Rövşəninin xəstə olduğunu eşidən Baba Nemətullah Naxçıvani 1487-ci ildə fürsət tapıb Təbrizə öz mənəvi şeyxini ziyarət etmək üçün tez bir zamanda gedib və geri qayıtmışdır” (2, 61).

Bir müddətdən sonra yenidən Təbrizə gedən Baba Nemətullah Naxçıvaninin orada qaldığı qeyd olunur. Belə ki, o, özünün məşhur Quran təfsirı kitabını Təbrizdə yazmağa başlamış və 1497-ci ildə tamamlamışdır. O dövrdə Azərbaycanda siyasi vəziyyətin ağır olduğunu, Ağqoyunlu taxtı uğrunda Sultan Yaqubun oğlanları və nəvələri arasında müharibələrin vüsət aldığını görən B.N.Naxçıvani 1499-cu ildə Təbrizi tərk edərək Anadoluya getmişdir. 1500-cü ildə Konya yaxınlığındakı Ağşəhərdə məskunlaşan B.N.Naxçıvani bundan sonrakı həyatını elm və irfana həsr etmişdi. Anadolu sufiləri, təfsir alimləri və fəqihləri arasında böyük şöhrət tapan B.N.Naxçıvani sadə və kasıb həyat yaşamış və dövrün siyasi hadisələrindən hər zaman kənar durmuşdu. “Görkəmli alim, ölməz bir mütəfəkkir Baba Nemətullah Naxçıvani 1514-cü ildə Ağşəhərdə cismən əbədi aləmə qovuşmuşdur” (3, 4). Onun ölməz əsərləri, elmi fəaliyyəti və fəlsəfi fikirləri Azərbaycan ədəbiyyatı tarixinin zənginliyindən xəbər verməklə bərabər, Naxçıvanın bu günü və gələcəyi üçün böyük elmi əhəmiyyət kəsb edir.

B.N.Naxçıvani təsəvvüf və təfsir sahəsində müxtəlif əsərlər qələmə almışdır. Onun əsərlərinin böyük hissəsi günümüzə qədər gəlmiş, bir neçəsi istisna olmaqla əksəriyyəti nəşr olunmamışdır. Əsərlərinin əlyazmaları Türkiyə kitabxanlarında saxlanılır. “Əsərlərin tamamı təsəvvüfə dair olmaqla bərabər fiqh, hədis, kəlam, fəlsəfə və əqaid kimi fərqli elm budaqlarıyla bağlı mövzusundan da söz etmişdir” (1, 275).

Gərgin elmi fəaliyyətlə məşğul olan Baba Nemətullah Naxçıvaninin ən böyük əsəri “əl-Fəvatihul-ilahiyyə vəl məfatihul-qeybiyyə əl-muzihatu lil-kəlimul-Quraniyyə vəl-hukəmul-Furqaniyyə” adlı təfsir kitabıdır. Təbrizdə 1496/7-ci ildə tamamladığı bu əsər sufi qəlbinə dolan batini məna və işarətlərə görə ayələrin təvil edildiyi təsəvvufi təfsirlər əsəridir. Bu, İslam ədəbiyyatında Quranı təsəvvüfi üsulla təfsir edən ilk əsər hesab edilir. Əsər özündən sonra bütün sufilərin və təsəvvüf alimlərinin mənbə kitabına çevrilmişdir.

Elm aləminin işıqlı çırağı hesab edilən, gözəl bir üslubla qələmə alınan əsər eyni zamanda “Quran”ın ilk fəlsəfi təhlili hesab edilir. Elə buna görə də müəllif öz əsərinə “Quranın kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi” adını vermişdir. B.N.Naxçıvani müqəddəs Qurani-Kərimin məqsədini belə açıqlayır: “Haqqı batildən ayırd edən Quran haqq əhlinə, haqq yolu açıqlamaq üçün (haqq və həqiqət ilə) xalqa (insanlara) Haqq tərəfindən endirilmişdir. Nə qarşısından nə arxasından onu boşa çıxaracaq bir söz gəlməz. O Rəhman surətində yaradılan insani-kamilin xüsusiyyətlərini ehtiva edir” (4, 16). Bu əsərin Naxçıvaninin öz əli ilə yazdığı nüsxəsinin ikinci cildi Topqapı Sarayı III Əhməd Kitabxanasında saxlanılır.

Müəllifin böyük əsərlərindən biri də “Hidayətül-ixvan”dır. Bir növ təsəvvüf qardaşlığının İslami-fəlsəfəsini yaradan kitab çox qiymətli mənbə hesab edilir. Ərəbcə qələmə alınan əsər Türkiyədə tərcümə edilib nəşr olunmuşdur. Əsərdə vəhdəti-vücud haqqında fəlsəfəçilərin və kəlamçıların yaxınlaşdığı mövzular ətrafında öz subyektiv fikirlərin irəli sürmüş və yeni mülahizələr yürütmüşdür. Həmçinin arif olan insanın Allaha böyük bir eşq və cəzb ilə yaxınlaşmasını qeyd edir. Əsər “Söyləyənə deyil, söylədənə bax” başlığı altındakı düşüncələrini, “Gəlin Allahla baqi olun. Ona gedən yollar, yaradılmışların nəfəslərinin sayı qədərdir. Lakin hamısı Allah dərgahında bitər. Qayıdacağımız yer də Onadır” sözləri ilə bitir. Baba Nemətullah Naxçıvaninin bu əsəri Türkiyə Nuri Osmaniyyə Kitabxanasında №-1972: arxiv sayında saxlanılır.

Baba Nemətullah Naxçıvaninin digər bir kitabı “Tərcümeyi Nəqşi-Füşuş” adlanır. Bu kitab Türkiyənin Süleymaniyyə Kitabxanasının Pertev Paşa Kit. №-615 və Rəşid Əfəndi Kit. №-1041 vr. 53b-58b saxlanma vahidində qeydiyyata alınmış və mühafizə olunur.

Müəllifin başqa bir kitabı isə belə adlanır “Şərhi Gülşəni-Raz”. Bu əlyazma nüsxəsi Mahmud Şəbüstərinin yazdığı “Gülşəni-Raz” adlı əsərinə öz düşüncəsi qabiliyyətində yazmış olduğu müfəssəl bir şərhdir. Kitabın əvvəlində təsəvvüfə daxil olmuş yeni kimsələrə xitabən xeyir diləyir. Sonra təsəvvüfün izahını verir, sufilərin irfan və idrak dərəcələri ilə bağlı bir neçə zəruri şeyləri izah edir.

Yazıldığı tarixdən başlayaraq həqiqət və məntiq üsuli ilə haqlı bir şöhrət qazanan bu kitab vəhdəti-vücud anlayışını anladan, bəzi məcazları təhlil edən kitablara; Qurani-Kərim, Hədis və Məsnəvidən sonra daima müraciət edilən bir ana qaynaq hesab edilmişdir. Baba Nemətullah Naxçıvani Şeyx Mahmud Şəbüstərinin bu əsərinə maraqlı izah yazmışdır. Bu əsərin bir nüsxəsi İstanbulda Həmidiyyə kitabxanasında saxlanılır. Əsər bu sözlərlə başlanır: “Ancaq o haqdır və düz yola rəhbərlik edən odur. Mənim müvəffəqiyyət əldə etməyim ancaq Allahdandır. Sarsılmaz inam və irfan gülşəninin xoş nəğməli bülbüllərinin ilk sözü, izah və axtarış bağının yüksəkliklərində yer salan qumrilərin baş dastanı, kəşf və aydınlaşdırma sahəsində yerləşən şirin dilli tutilərin zövqlü, könülə yatan ilk söhbəti o padşahın şükr və sənasına, mədhinə həsr edilməlidir ki, camalının aləmi işıqlandıran günəşi hər zərrədə özünü göstərir. Onun parlaq nuru dünyanın bütün ucqarlarında görünür. Yerlərin, göylərin işığı Allahdandır” (5, 112). Kitab Türkiyənin Süleymaniyyə Kitabxanasının Pertev Paşa Kit. №-168 saxlanma vahidində mühafizə olunur.

Onun qələmə aldığı digər bir əsəri “Risaleyi Məcmueyi Lətaif” adlanır. B.N.Naxçıvani bu əsərinə “Fəth” surəsinin ilk ayəsinin işığında, fəthin üç növündən bəhs edərək başlamışdır. Bunlardan; fütuhi-zahir, fütuhi-həqiqət və fütühi-müqaşəfə olduğunu alt başlıklarla anladır. Sonra namazların vaxtları və xüsusiyyətlərini izah edərək salatu-vusqa, salatu-əsr olduğunu, gündəlik namaz vaxtlarının içində ona ayrı önəm göstərilməsi qeyd edilir. Bu əsər Türkiyənin Nuri Osmaniyyə Ktp. №-4899: saxlanma vahidində qorunur.

Baba Nemətullah Naxçıvaninin “İstilahatus-Sufiyyə” əsəri də dövrünün məşhur əsərlərindəndir. B.N.Naxçıvani təsəvvüf anlayışlarını açıqladığı “İstilahatus-Sufiyyə” adlı bu əsərində talib-mətlub, muhib-məhbub müqayisələri ilə başlayır. Davamında isə həqiqəti-Məhəmmədiyyənin surəti-ismi-cami-ilahiyyə olduğunu ifadə edir.

B.N.Naxçıvani bu əsərində ərəblərin əlifbasına daxil olan hərflərə dəlalət edilən asanlıqla yadda qalması üçün “əbcəd” deyə tərtib edilən hərf sistemini əsas götürmüşdür. Əsər Türkiyənin Millət Ktb. Əli Əmiri Kit. (Ərəbi) №4339/4: saxlanma vahidində mühafizə olunur.

Baba Nemətullah Naxçıvaninin digər bir əsəri isə “Hidayət” adlanır. B.N.Naxçıvani bu əsərinə bismillah, həmd və salavatla başlayır. Qısa girişdən sonra izah verdiyi “Hidayət” başlıqları ilə mövzuya davam edir. İlk öncə insan-aləm və insan-Allah münasibətləri aydınlaşdırır. Sahibi nuri-mərifət, nuri-ağıl, nuri-elm, nəfsi-natiqi, surəti-mərtəbeyi-əhədiyyət və ruhi-mərtəbeyi-əhədiyyət anlayışlarını izah edir. Bu əsər Türkiyənin Millət Ktb. Əli Əmiri Kit. (Farsca) №1028/22: saxlanma vahidində mühafizə olunur.

Onun qələmə aldığı digər bir əsəri “Risaleyi Təhqiqat” adlanır. B.N.Naxçıvani risaləsinə ərəb əlifbasının ilk hərfinin, ismi-əzəmin ilk hərfinə müqabil olduğunu ifadə edərək başlamışdır. Sonra Allahın adları və sifətlərindən bəhs edərək bunlar qeybin açarları olduğunu; “Qeybin (görünməz aləmin) açarları Onun yanındadır, onları Ondan başqası bilməz” Ənam surəsinin 59-cu ayəsi ilə izah edir. Görkəmli təfsir aliminin bu əsəri Türkiyənin Süleymaniyyə Kitabxanasının Pertev Paşa Kit. №-615 saxlanma arxivində qorunur.

B.N.Naxçıvaninin “Risaleyi Niqat” əsəri də mühüm əhəmiyyətə malikdir. Dəyərli təfsir ustası bu risaləsinə Allahın böyüklüyü və təkliyinə, yenilməz olduğuna işarə edərək başlamışdır. Sonra insanın varlığı və onun Qüdrəti-İlahi qarşısındakı məsuliyyətini izah edərək Allah-insan, insan-Allah arasındakı münasibəti ortaya qoymuşdur. Onun fikrincə aləm insanın həqiqətinin sürətidir. Allahın əsmasının sürəti olan insanın həqiqətinin görüntüsü bütün tərəfləri ilə aləmin həqiqətidir. Bu baxımdan da o, həqiqəti-insaniyyə, aləmi–müfəssəl deyə adlandırmışdır. Onun fikrincə insani-kamil yer üzünün xəlifəsi seçilmişdir.

Əsərdə onun ikinci mənalı hipotezi ondan ibarətdir ki, aləmi-xəyal, aləmi-həqiqət şəklində ifadə olunur. Allahın varlığını: “Ucadır, özündən başqa heç bir şey ona dəlil ola bilməz. Varlığı ancaq özü ilə qaim olar” sözləri ilə ifadə edir. Əsər Türkiyənin Süleymaniyyə Kitabxanasının Pertev Paşa Kit. №-615 saxlanma vahidində mühafizə olunur.

Onun digər bir “Risaleyi Vücudi-Mütləq” adlı əsəri mövcuddur. B.N.Naxçıvani bu iki vərəqlik risaləsində Allahın varlığının həqiqətindən bəhs edir, Onun varlığının külli, cüzü, xass, amm, bölüntülərə tabe olmayacağını, varlığının heç bir şeyin varlığına bağlı olmayacağını ifadə edir. Bunun əhədiyyət olduğunu bildirir. Risaləsinə mərtəbeyi-insani-kamilin bütün ilahi və kövnü sifətləri özündə toplandığından bəhs edərək sona çatdırır. Bu qısa məzmunlu əsər Türkiyənin Süleymaniyyə Kitabxanasının Pertev Paşa Kit. №-615 saxlanma vahidində mühafizə olunur.

B.N.Naxçıvaninin fərqli bir risalə əsəri isə “Risaleyi Əsilə vəl Əcvibə (Sual və cavab)” adlanır. B.N.Naxçıvaninin iki vərəqlik bu risaləsi təsəvvüf üsulunda bəzi məsələlərin sual və cavab yoluyla izahından ibarətdir. Risalənin vərəqlərinin hamısı yazı ilə dolmuşdur. Müəllif icadi-aləmlə bağlı sual və cavab, Məhəmməd peyğəmbər əleyhis-salamla Adəm əleyhis-salam arasında olan zamanın olması, peyğəmbərliyin başlanğıcı və sona çatması dəlillərlə izah edilir, ağıl və qələm, ruh və başqa müxtəlif sahələrə aid suallara cavab verməklə davam edir. Allahın camal və cəlal sifətləri ilə verilən sual və cavabla bitir. Əsər təliq xətti ilə farsca yazılmışdır. Bu əsər də həmçinin Türkiyənin Nuri Osmaniyyə Ktp. №-4940: saxlanma vahidində mühafizə olunur.

B.N.Naxçıvaninin digər risalə əsərlərindən olan bu əsəri “Risaleyi Zikriyyə” adlanır. B.N.Naxçıvani iki vərəqlik bu risaləsinə Peyğəmbər əleyhis-salamın; “Kim xalis və muxlis bir şəkildə «La İlahə illəllah» deyərsə cənnətə daxil olar” hədisi ilə başlayır. Kəlmeyi-Tovhidin işarə etdiyi yorumlarla təmas olaraq piri-kamil, mürşidi-mükəmməl, vəliyye-xuda, varisi-ənbiya, saliki-quşeyi-yəqin, ruye-inayət və hidayət sözləri ilə kəlmeyi-tovhidi təcrübə etdiklərini izah edir. Əsər təliq xətti ilə farsca yazılmışdır. Bu əsər də Türkiyənin Nuri Osmaniyyə Ktp. №-4899: saxlanma vahidində mühafizə olunur.

Güman edirik B.N.Naxçıvaninin qardaş Türkiyə Cümhuriyyətinin kitabxana və saraylarında yüksək səviyyədə saxlanılan əsərləri ilə yanaşı, ona hörmət olaraq Ağşəhərdə adına verildiyi bir İmam-Natiq Məktəbi vardır. Adına küçə adı verilmişdir. Adına müqəddəs bir məscid tikilmişdir. Məzarı duaların edildiyi, xalqın davamlı ziyarət etdiyi, diləklərin diləndiyi bir yer halına çevrilmişdir. Çünki adı bütün övliyalardan bəhs edən ensiklopediya və digər əsərlərdə keçmişdir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin