Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2,43 Mb.
səhifə10/27
tarix17.06.2018
ölçüsü2,43 Mb.
#53967
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

Ədəbiyyat:
1. Abdullayev C. Müasir Azərbaycan ədəbiyyatı. 2 cilddə. C.I. – Bakı, 2007. – 504 s.

2. Cabbarlı C.Əəsərləri. 4 cilddə. C.I.- Bakı : Şərq-Qərb, 2005. - 328 s.

3. Şaiq A. Seçilmiş əsərləri. 3 cilddə.C.2. - Bakı : Avrasiya Press, 2005. – 568 s.

4. Sona. Milli Dövlətçilik Hərəkatının Yüksəlişi və Xalq Cümhuriyyəti Dövründə azərbaycançılıq ideyası. – Bakı : Azərbaycan, 2003. – 128 s.



Ulvi Mikhailov
NATİONAL SPİRİT AND NATİONAL İDEOLAGY İN POETRY İN

THE PERİOD OF AZERBAİJAN PEOPLE'S REPUBLİC

Summary

The establishment of the Azerbaijan Democratic Republic has led to the revival of our poetry from the point of view of national spirit. During this period, the main themes of our poetry were homeland, land, flag, unity. The main repre-sentatives of the poetry at the times of the Democratic Republic of Azerbaijan are Huseyn Javid, Jafar Jabbarli, Mahammad Hadi, Ahmad Javad, Abdulla Shaig and others.


NAZİM YARMƏMMƏDOV

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru

yarmamedov.nazim@yandex.com
XƏLİL İBRAHİM VƏ CÜMHURİYYƏT DÖNƏMİ QƏLƏM SAHİBLƏRİ
Azərbaycan Demokratik Respublikası yarandığı gündən və ziyalılar onun yaşaması, inkişaf etməsi üçün əllərindən gələni etmişlər. Hadisələrin şahidi olmuş ədiblər qələmə aldıqları faktlarla yanaşı, o dövr insanlarının hiss və həyəcanlarını əks etdirən yazılar yazmışlar. Belə yazarlardan biri, o dövrdə məqalələri ilə tez-tez dövrü mətbuatda adı keçən müəlliflərdən olan Xəlil İbrahimdir.

İbrahim 1892-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində aldıqdan sonra ailəsi Bakıya köçür. Gənc Xəlil təhsilini Bakıdakı realnı məktəbdə davam etdirir. Təhsilini başa vurduqdan sonra 1912-ci ildə “Nəşri-maarif” Cəmiyyətinin Əmircandakı məktəbində müəllim işləyir. Eyni zamanda bədii yaradıcılıqla da məşğul olur, müxtəlif janrlarda qəzetlərə məqalələr yazır. Dövrünün maarifpərvər ziyalıları ilə bir sırada dayanan Xəlil İbrahim “Səda”, “Açıq söz”, “İqbal”, “Bəsirət”, “Qurtuluş yolu” kimi demokratik ruhlu mətbuat orqanlarında müntəzəm çıxış etmiş, hətta bəzilərinə qısa müddətdə redaktorluq da etmişdir.  Azərbaycanın azadlıq mübarizəsində özünəməxsus yeri olan vətənpərvər Xəlil İbrahim 1938-ci ildə "xalq düşməni" kimi həbs edilərək güllələnib.

Xəlil İbrahim Azərbaycan Demokratik Respublikasının yaranmasının birinci ildönümü münasibəti ilə “Azərbaycan” qəzetində bir sıra məqalələr yazmışdır. Məqalələrdə o dövr cəmiyyətin istiqlal arzusunu, sevincini və insanların gələcəyə inamını əks etdirir.

28 may 1919-cu ildə “Azərbaycan” qəzetində Xəlil İbrahim “Şərəfli bayram” məqaləsində o dövrü belə təsvir edir:

“Tam bir il əvvəl bütün dünya qan ilə dəmir arasında əl-ayaq qaldığı, dünyanın yarısı hərc-mərc, baçsızlıq, pozğunluq girdabında boğulduğu bir zamanda üzərimizə səadət günəşi doğub əsrlərdən bəri dərəbəyi idarəsinin pozğunluğu və istibdad yükünün ağırlığı altında əzilib məhv olmaq dərəcəsinə gəlmiş olan Vətən və millətimizi istiqlal nuruyla işıqlandırdı.

1334 sənəsi mayın 28-də bütün mövcudiyyətimiz ortaya qonulmuşkən Azərbaycan istiqlalı elan edildi.

Bu keyfiyyət yalnız Azərbaycan, yalnız türk aləmi deyil, bütün aləmi-islam tarixinə şanlı bir səhifə qeyd etdirmiş oldu. Zira tarixi-islamda birinci dəfədir ki, bir millət böylə gözəl demokratik bir üsuli idarə qəbul etmiş olsun.

Xalq cümhuriyyəti.

İstiqlal elan edərkən, millətimiz yarın nə hala düşəcəyini, hanki düşmən tərəfindən yenidən əsarət zəncirinə çəkiləcəyini bilmiyordu; bütün Vətənimiz başsız olub, məmləkət hərc-mərc, qətl və qarət atəşi içində yanırdı. Paytaxtımız başda olmaq üzrə Vətənimizin qismi-əzəmi düşmənlər əlində idi; müstəqil dövlət həyatı ilə yaşaya biləcəyimizə heç kəs əmin deyildi. Bir qəyyum olmazsa, özümüzü idarə edə bilməyəcəyimizə çoxları inanırdı. O idi ki, məsələn türklər buradan çəkilərkən hamı Vətən və istiqlalımızı əldən getmiş hesab edirdi...

Bir il keçdi, paytaxtımızı və məmləkətimizin sair bəzi qisimlərini düşməndən təmizlədik, hərc-mərc və qətlü-qarəti məhvlə asayış və müsalimət bərpa etdik. Vətənimizi elə bir hala gətirdik ki, hazırda çox məmləkətlərdən rahat və rifah hal ilə yaşayır.

Deməli, mədəni, demokrat bir millətə lazım olan hər işi gördük, görməkdəyik. Bu vəchlə də imtahanımızı verdik və istiqlala istehqaq qazandıq.”

“Azərbaycan” qəzetinin 30 may tarixli nəşrində “Milli bayram” adlı məqaləsində Xəlil İbrahim yazır:

“Paytaxtımız böyük bir günü bəhəqq böyük ruhla bayram etdi.

Böyük təntənə demirəm, böyük ruh var!

Zira bu bayram, şahidlərinə gözəl mənzərədən təntənə və dəbdəbədən ziyadə ruh: istiqlal ruhu, milli ruh verir, ruhları oxşayırdı.

Sanki ürəyi darıxmış kimi xalq ayın 28-ni gözləməyərək hələ ayın 27-dən şəhəri bayraqla təzyin etmişdi. Paytaxtımız tam mənası ilə allı-yaşıllı türk millətinin saf və təmiz ürəyini təsvir edən səmavi rəngli bayraqlara qərq olmuşdu. Bir ev, bir dükan. Hətta bir fayton, bir araba, bir avtomobil yox idi ki, milli bayraqlarla təzyin olmasın.

İştə sübh tezdən şəhərin görünüşü.

Hələ bayram mərasiminin başlanmasına iki saat var. Fəqət camaatın ürəyi tələsir:

Əllərində milli bayraqlar və bu günün şüarı yazılı lövhələr olduğu halda fəhlə, əmələ, alış-verişçi, müəllim, mütəəllim, xülasə hər sinif və silkə mənsub camaat dəstə-dəstə böyük izdihamla şəhəri gəzir. Nəhayət, parlaman qabağına toplaşır. Saat 11-də parlamanın təntənəli iclası təyin edilmişdir.

Bundan sonra əsgərlərin rəsmi keçidi olacaqdır. Lakin hələ saat 9-dan qabaq parlaman qarşısında elə bir izdiham cəm olmuşdur ki, yarım keçmək qabil deyildir. Evlərdə kimsə qalmamış desəm, xəta etməmiş olaram, zənnindəyəm.

Xalqda elə sevinc, elə bir ruh var ki, ən bədbin bir tamaşaçını belə dəvət etmiş, millət dərk etmiş, xalq anlamış, istiqlaliyyətsiz yaşamaq qabil olmayacağını bütün camaat bilmişdir; “bu millət daha ölməz!”- deyə rus dilində kəndi bədbinlənəndən tövbə həm də kimsə ilə danışdığı halda ucadan etiraf etməyə vadar edir.

Bu əsnada türk- “Azərbaycan” mürəttibləri sanki camaat, “Rusiya zindanında əsarət zənciri altında hər dəqiqə kəndisi və ailəsini rahat və həyatı təhlükədə olmağına baxmayaraq, bugünkü bayramı hazırlayan, millətin fikrini işıqlanıdıran kimlər olduğunu bilmək istərsə buyur tamaşa qıl!” deyir kimi bir yük avtomobilini Azərbaycanda çıxmış və çıxmaqda olan bütün qəzetə və məcmuələrlə bəzəmiş, milli bayraqla təzyin etmiş olduğu halda “Yaşasın Azərbaycan, yaşasın istiqlal!” sədası ilə parlamanın qabağına yetişir və əziz millət başçılarımızı və mehriban türk qardaşlarımızı təbrik üçün avtomobillə bir natiq çıxarırlar. Fəqət bu millətin ədəbiyyatı, musiqisi, ədibləri, müsənnifləri, bəstəkarları, səhnə xadimləri dəxi vardır.”

Xəlil İbrahimin 1 iyun 1919 –cu il “Azərbaycan“ qəzetində yazdıgi “Xalq istəyir” məqaləsində əhval-ruhiyəni belə təsvir edir:

“Azərbaycan həyatında elə anlar var ki, tarix səhifələrinə qeyd olunmağa layiqdir.

Bilxassə bunlar yalnız Azərbaycan həyatında deyil, sair məmləkətlərin də həyatında görülmüş şeylərdir. Tarixi-məşrutəyə baxıldıqda adətən iki böyük cərəyan müşahidə edilir: 1. Hüriyyət fikrinin ali siniflərdə doğub da aşağı təbəqələrə yayılması. 2. Aşağı təbəqələrdə oyanıb da yuxarı sinifindən istənilməsi. Burası da isbat olunmuş bir həqiqətdir ki, ayıqlığı aşağı təbəqədən başlanmış olan məmləkətlər daha məsud, daha azad ve daha müasir bir həyata nail olurlar.

Xoşbəxtanə Azərbaycan həyatında dəxi bu ikinci cərəyan bütün qüvvəsi ilə müşahidə edilməkdədir. Həyatımızda sevinclə qeyd olunacaq cərəyanlardan birinci də xalq arasında istiqlal fikri və istiqlalı mühafizə çarələrini düşmənləri və camaatımızın əsgərlik məsələsinə nə nəzərlə baxmasıdır. Quru fəlsəfədən isə, fikrimizi dəlillər ilə anlatayım.

Qazax qəzası türkləri sahibmənsəb bir zatın huzuruna gələrək şikayət edirlər.

Aclıqdanmı Bahalıqdanmı?

-Xeyr.


Camaat şikayət edir ki, Azərbaycanın qoşunu azdır. Onların əsgərliyə yarayanlarını əsgər almayırlar. Əsgər əvəzinə onlardan pul istəyirlər. “Əgər bizdən doğruluqla əsgər yığsalar, həpimiz gedəriz və dövlətimizin qüvvəsi neçə qat artar. Amma, əsgər istəmiyorlar, bədəl yığırlar” – deyə məmurlardan şikayət edirlər.

İkinci bir şikayət:

Suraxanı, Bülbülə, Əmirhacıyan və sair kəndlərin əhalisi kərraətlə gəlib şikayət edirlər ki, onları əsgər almayıblar. Təqribən 100 nəfərdən 30-nu qəbul edib, yerdə qalanalarını “sağ-salamət” olduğu halda buraxdılar ki, “get, sən yaramazsan”. Kəndlilər təəccüb edirlər, mütəəssir qalırlar ki, dövlətimizə əsgər lazım olan bir zamanda nə üçün əxzi-əsgər idarələri belə edirlər?

Şayani-qeyd fəqərələrin ən ümdəsi bunlar da deyildir. Əsl mətləb Bakı dükançılarının bir təşəbbüsüdür.

Neçə vaxt bundan əvvəl Bakı dükançıları məqami-aidinə müraciətlə bütün azərbaycanlıların əsgəri-nizama bilmərrə ehtiyacı olduğunu bəyanla kəndiləri dəxi əsgər düşmədikləri halda nizam öyrənmək istədiklərini bildirmiş və onlara məşq vermək üçün müəllim-zabitlər istəmişlərdi. Hərbiyyə idarəsi, əlbəttə, bu xahişə laqeyd baxa bilməzdi. Ona görə dükançıların iddiasını qəbul edib müəllimlər vermişdir. Bu cümə günündən etibarən Salyan qışlağında dükançılar əsgəri məşq almağa başlamışlardı. Eşitdiyimizə görə birinci gün məşqə 600 adam gəlmişdir. Və bütün alış-verişçilər hər cümə günü gəlməyə qərar vermişlərdir. Gələn cümədən, şübhəsiz, bunların miqdarı minləri təcavüz edəckdir...

Millətin, camaatın böylə ayıqlığı hökümət məmurları üçün o qədər böyük bir ibrət dərsi olmalıdır.

Ayıqlıq, milli qayğıkeşlik və müdafieyi-milliyyə hissinin camaatın aşağı təbəqələrində bu qədər geniş və açıq surətdə təzahürü-ibrazı istiqlaliyyət fikrinin əsl demokratiya içərisində nə qədər möhkəm yerləşmiş, kök salmış olduğunu göstərməklə bərabər, istiqlalımızın əbəda peydar olacağına və millət tərəfindən hər vasitə və vəchlə müdafiə və mühafizə ediləcəyinə əsaslı bir dəlildir.

Şayani-təqdir odur ki, yazıçılar cümləsində cümə günü məşqdə 65 yaşında bir qoca kişi ilə 11 yaşında bir cocuq da varmış.

Allah tovfiq versin.”

Bu üç məqalədən birincisi Azərbaycan Xalq Cümhuriyyəti dönəminə xas milli istiqlal mücadiləsi və ölkənin düşmənlərdən, qətli-anlardan və hərc-mərclikdən təmizlənməsinə həsr edilib. İkinci məqalədə Cümhuriyyətin o il dönümü münasibətilə xalqın keçirdiyi əhvali-ruhiyyə təsvir edilir. Üçüncü məqalədə isə istiqlal dövründə ordu quruculuğunun zərurətindən və problemlərindən bəhs olunur.


Ədəbiyyat:


  1. Xəlil İbarahim. Daşdan keçən istiqlal. – Bakı : Yazıçı, 1993.


Nazim Yarmmamadov
KHALİL İBRAHİM AND WRİTERS OF THE REPUBLİC PERİOD

Summary
The Azerbaijani intellectuals tried their best for the living and development of the Democratic Republic of Azerbaijan. The writers who were witnesses of those historical events, wrote articles reflecting the same events. One of those authors was Khalil Ibrahim, a well-known journalist of that period.

SONA XƏYAL

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,

böyük elmi işçi
AZƏRBAYCAN CÜMHURİYYƏTİ

“Azərbaycan” deyəndə, gözümüz önündə zəngin bir tarix canlanır!Azərbaycan – Manna, Midiya, Albaniya, Girdman, Atropatena demək!Azərbaycan – sacilər, salarilər, rəvvadilər, şəddadilər, eldənizlər, hülakülər, qaraqoyunlular, ağqoyunlular, səfəvilər demək!Azərbaycan – Cavidanlar, Babəklər, Çingizxanlar, Teymurlar, Nadirşahlar demək!Azərbaycan – Qazi Bürhanəddinlər, Cahanşah həqiqilər, Şah İsmayıl Xətailər demək!Azərbaycan – Nizamilər, Xaqanilər, Nəsimilər, Füzulilər demək!Azərbaycan – dünəni, bugünü və sabahı olan ölkə demək!Azərbaycan – üçhərfli VƏTƏN, üçrəngli bayraq demək!

Azərbaycan – Mannadan ADR-ə uzanan əsrlər üstəgəl 100 il demək!Azərbaycan xalqı Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə hazırlaşır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən hər yerdə 100 illik yubileylə bağlı tədbirlər keçirilir. AMEA-nın digər elmi-tədqiqat institutları kimi bizim Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu da sərəncamla bağlı elmi konfransa hazırlaşır.

100 il əvvəl Azəbaycan Cümhuriyyəti necə yarandı?

Qafqazda milli oyanış hənə XX əsrin lap əvvəllərində başlamışdı. 1905-ci ildə rusların Qafqazda məğlubiyyəti artıq bunu göstərirdi ki, Qafqaz özünümüdafiəyə hazırdır. Difai Partiyası, daha sonra Müsavat Partiyasının fəaliyyəti, “Həyat” və “İrşad” kimi qəzetlər, “Füyuzat” və “Molla Nəsrəddin” kimi jurnalar milli oyanışa təkan verirdi. 1915-ci ildə Anadoludan Azərbaycana qayıdan Məhəmmədəmin Rəsulzadə “Açıq söz” qəzetini nəşr edərək, Əli bəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideyasının təbliğinə başlayır. Üç il sonra yaranacaq Azərbaycan Cümhuriyyətinin bayrağı da öz rəngini bu ideyadan alır.

Azərbaycanda gedən milli oyanış, təşkilatlanma çoxunu düşünməyə məcbur edirdi. Azərbaycanın yeraltı və yerüstü sərvətlərini, xüsusilə də Bakı neftini heç kəs başqasına vermək istəmirdi. Hərənin azərbaycan haqqında öz xəyalı var idi. Ermənilər 1918-ci il mart soyqırıımını törətdilər. Stepan Şaumyan Azərbaycanda törədilən faciəni Qafqazda sövet hakimiyyəti uğrunda mübarizə adlandırırdı. Soyqırımın sədası Anadoluya çatanda Türk ordusu Azərbaycana yola düşdü. Elə bu vaxt İrandakı ingilis qoşunu rus kazakları ilə birləşib Bakını işğal etdilər. Idarəçilik daşnaklarla rusların əlinə keçəndə, 1918-ci il mayın 28-də Məhəmmədəmin Rəsulzadə silahdaşlarıyla birləşib Tiflisdə Azərbaycan Cümhuriyyətinin yarandığını elan etdi. Cümhuriyyətin paytaxtı Gəncə şəhəri oldu.

Əlibəy Hüseynzadə “Hilali-əhmər” qəzetinin 24 iyul 1918-ci il tarixli sayında dərc etdirdiyi “Azərbaycanda düşündüklərim” adlı məqaləsini belə başlayır: “Hilali-əhməriyyənin bağrağı bizimkinin eyni olan, fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şüalı yerinə səkkiz şüalı bir yıldız bulunan bir məmləkətdən, Qafqasiya azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu, qafqasiya Türk dövlətindən bir az bəhs etmək istərəm. Daha iki həftə olmadı ki, bu gənc dövlətin müvəqqəti paytaxtı ilan Gəncə şəhərini tərk etdim. Müvəqqəti paytaxt diyorum, çünki azərbaycanın təvii paytaxtı petrol mənbəyi olan Baküdür.

Tiflissiz Gürcüstan nə isə, Baküsüz də azərbaycan odur. Baküyi Azərbaycana çox görən kim olursa-olsun, Azərbaycan xalqının düşmənidir!..” (səh.366).

Məqaləsində Azərbaycanla bağlı bəzi məqamlara toxunan Əli bəy yazısını belə tamamlayır: “Bu gün Anadolu öz hərbi üstünlük xüsusiyyətləri sayəsində azərbaycanı ən mənfur bir əsarətsdən xilas edir və bu müqəddəs ölkədə qanını axıdır. Lakin sabah da Azərbaycan öz iqtisadi mənbələri və tərəqqi etmiş ticarəti sayəsində Anadolunu iqtisadi səfalətdən xilas edə bilər.

Bu gün bütün dünyanı sarsıtmaqda olan və bir-birilə çarpışaraq ortalığı hərc-mərc eyləyən üç mühüm cərəyanın, yəni imperializm, nasionalizm və sosializm cərəyanlarının ən faciəli fəaliyyət sahəsi Qafqasiya və xüsusilə Azərbaycan oldu. Orası bir cəhənnəmə döndü. Oradakı türk qardaşlarımız bütün bu müxtəlif yaxıcı, yıxıcı, əzici cərəyanların altında sərsəmlədi, nə edəcəgini bilmədi, mühakiməsini qeyb etdi. Osmanlı türkü imdadına yetişməsə idi məhv olub gedəcəkdi. Fəqət, onun məhv olması ilə Anadolu da təhlükəyə düşəcəkdi. Azərbaycanı qurtaran Anadolu öz-özünü də qurtarır. Buna şübhə etməyiniz! Deyirlər ki, dağ dağa qovuşmaz isə insan insanə qovuşur! Xeyr, tarixin elə anları vardır ki, dağ da dağa qovuşur, bu gün Ərciyəz dağı Qaf dağına qovuşur və qovuşduqca yüksəlir!..” (səh. 367).

Azərbaycan Cümhuriyyətinin paytaxtı ona görə Gəncə olmuşdu ki, həmin vaxt Bakı bolşeviklərin nəzarətindəydi. Anadoludan gələn türk qoşunları Bakını bolşeviklərdən təmizləməkdə Azərbaycana kömək edirdilər. Nəhayət, paytaxt Bakıya köçürülür və 1918-ci il dekabrın 7-də Azərbaycan Məclisi öz işinə başlayır.

1919-cu ildə Azərbaycan rəsmilərinin İstanbulda Türkiyə və Almaniya nümayəndələrinə təqdim etdikləri cümhuriyyətin sərhədləri ilə bağlı sənədə əsasən Azərbaycan Cümhuriyyətinə Bakı vilayəti (Bakı, Cavad, Göyçay, Şamaxı, Quba, Lənkəran qəzaları), Gəncə vilayəti (Gəncə, Cavanşir, Şəki, Ərəş, Qarabağ, Cəbrayıl, Zəngəzur, Qazax qəzaları), İrəvan vilayəti (Naxçıvan, Şərur-dərələyəz, yeni Bayəzid qəzaları), Tiflis vilayəti (Borçalı, Sığnaq qəzaları və Tiflis qəzasının bir hissəsi) və Zaqatala sancağı daxil idi.

O zaman Azərbaycan Cümhuriyyətini Qarabağda yaşayan ermənilər də tanımışdılar. Sonralar 1919-cu ildə Qarabağın dağlıq hissələri Cənub-qərbi Azərbaycan quberniyası adı altında birləşmişdir. Dağıstanın Kür və Samur ərazilərinin bir hissəsi, Dərbənd şəhəri və Taylaq-Tabasaran qəzası da Azərbaycanın tərkibinə daxil edilmişdir. Azərbaycan artıq Amerika, Fransa, İngiltərə, yaponiya kimi dövlətlər tərəfindən rəsmi şəkildə tanınırdı. “Bir dəfə yüksələn bayraq bi daha enməz” deyən Məhəmmədəmin Rəsulzadə öz silahdaşları ilə birgə yaratdıqları cümhuriyyətin müstəqilliyini qorumaq üçün əllərindən gələni edirdilər.

Həmin dövrdə Azərbaycan poeziyasında da yeni bir dövr başlayırdı. Milli ruh, vətənpərvərlik, türkçülük, azərbaycançılıq ideyalarının tərənnümü qabarıq obrazlarla şeirimizdə öz əksini tapırdı. Bakı ədəbi mühitində də bir canlanma var idi. Bakıdakı hadisələrin şahidi olan şairlər türklərin Azərbaycana köməyini, yeni dövlətin yaranmasını təntənə ilə qarşılayırdılar. Mart qırğınından sonra belə böyük uğurun qazanılması, müstəqil demokratik cümhuriyyətin yaranması təbii ki, hər bir vətənpərvər şairin qələminə təkan verəcək uğurlar idi.

Hacıəli Pərişan 1918-ci ildə “Türklərin gəlməsi” haqqında yazırdı:
Doğdu günəş, aləm oldu parlaq,

Məhv eylədi zülməti sərasər.

Ədlilə yucaldi şanlı sancaq,

Tutdi əlimiz yigit əsakir...


Mürsəl paşa ilə Nuri paşa!

Hifz et nu iki vücudi, ya Rəbb!

Su səpdilə nari-iötişaşə,

Varlığmıza oldilə müsəbbəb.


Şair “Türklük” adlı şeirini belə bitirir:
Vətənimdir mənim Azəribaycan,

Adına, özünə canım da qurban.

Bu yer mənə qalıb ulu babadan,

Şahidimdir Oğuz, Teymur, Çingizxan.


İki şey var yürəgimdə parlayan,

Onlara pək məhəbbətlər bəslərəm.

Pərişandan “nədir” deyə sorsalar,

“Vətənimdir, millətimdir” söylərəm.


Əmin Abid 1918-ci il 3 yanvar tarixli şeirində yazrdı:
Ey düşmən, əya ləinü qəhhar,

Qorxutma məni ölümlə, zinhar.

Vəqta ki, məmatdır həyatım,

Yoxluqla edərmi xof zatım?

Türkəm, qılıcım başında parlar.
Türkəm sana bir ədübbi-əkbər,

Türkəm, sana daima mqzəffər.

Vardır sana qarşı intiqamım,

Həp qılıncı ö əlimə dəldim,

Gəldim, qılıcım, başımla gəldim.
Əliabbas Müznib “Qazi Ənvər paşaya” adlı şeirində yazırdı:

Ol dəm ki, bütün qanə boyanmış dəmir əllər,

Türk ölkəsinin sancmış idi bağrına xəncər.

Ol dəm ki, xilafət sönəcəkdi, batacaqdı,

Türk aləminin yoxluğu olmuşdu müqərrər.

Ol dəm ki, məlal ariznə ylırtıcı qartal

Salmışdı amansızlıq ilə bir qara şəhpər.

Ol dəm ki, səlib əhli edib şiddətü tüğyan,

İstərdi dönə bütkədəyə Kəbeyi-əthər.

Ol dəm ki, Mühəmməd adı məqdir olunurdu,

Quran tutulurdu nə rəzalətlə mühəqqər.

Doğdurdu böyük türk elinə fəzli-əlihi,

Ənvər paşa tək fatehü qaziyü hünərvər.

Güldü üzü türk aləminin, oldu fərəknak,

Buldu qədəmi-paki ilə terk eli zivər.

Ənvər paşa, ey calisi-örnəyi-rəşadət,

Ənvər paşa, ey qahiri-ədayi-sitəmkər.

Ey Şərqi münəvvər edən Ənvər zəfərlə,

Ey türki edən qüdrətü qüvvətlə müxəffər.

Tariximizi şanladan, ey şanlı igid türk,

Afaqımızı parladan, ry şöleyi-əzfər.

Sərdin yerə bir zərbə ilə heykəli-zülmü,

Bir vəqtdə ki, qalmış idi türk eli bisər.

Kin ilə, cinayətlə dolan evləri ylxdın,

Yapdın bizə firdövs kimi ədlilə kişvər...
***
Amma dostlar sevindiyi vaxtda düşmənlər öz işlərini görürdülər. Yeni yaradılmış, kövrək addımlar atan Azərbaycan Cümhuriyyəti yeni ideyalarla irəliyə tələssə də, Bakıda hələ də gözü olanlar hər ciddi-cəhd ilə onun məhvinə çalışırdılar. Zaman sözünü deyirdi, tarix özünü yazırdı. Cəmi 23 ay ömür sürən Azərbaycan Cümhuriyyəti nəhayət süquta uğradıldı. Cümhuriyyətin qurucuları mühacirət etməyə məcbur oldular.

İllər keçdi. Azərbaycan SSRİ-nin tərkibində qırmızı bayraq altında bir başqa ideyalarla yaşadı. Üçrəngli bayraq isə 70 il mühacir həyatı yaşadı.

1941-45-ci illər müharibəsində əsir düşən azərbaycanlılar içərisində bizim Maştağa kəndinin sakini olan Gülmirzə Bağırov da var imiş. O öz xatirələrində qeyd etmişdir ki, Məhəmmədəmin Rəsulzadə azərbaycanlılara kömək etmək üçün Türkiyədən Almaniyaya gəlmiş və onun sayəsində azərbaycanlı əsirlərin vəziyyəti xeyli yaxşılaşmışdır. Müharibədən sonra əsirlər vətənə qayıtmağa çəkinirlər. Tez-tez əsirlərin görüşünə gələn Məhəmmədəmin Rəsulzadə onlara Azərbaycan Cümhuriyyətinin fəaliyyəti ilə bağlı maraqlı söhbətlər edir. Onlarla bir görüşündə üçrəngli bayrağı bərpa edirlər. M.Rəsulzadə “Övladlarım, mən ömrümün ixtiyar çağını yaşayıram. Siz gəncsiniz. Vətənin hürriyyətə qovuşacağı günləri mütləq görəcəksiniz. Bu, gün kimi aydın və şəksizdir. Bu bayrağı həmin mücadilə günlərində Vətən göylərinə qaldırmaq vəzifəsi sizin öhdənizə düşür. Alın bu bayrağı qoruyub saxlayın. Bu şərəfli işi kim boynuna götürər?! “ deyəndə hamı “mən” deyib əlini irəli uzadır. M.Rəsulzadə çox sevinir və “Sağ olun, balalarım, fəqət bayraq bir nəfərdə qalmalıdır. Gülmirzə zirək və qoçaqdır. Etiraz eləmirsizsə, bayrağı ona verək” deyir. Sonralar azərbaycanlıların bütün tədbirlərində həmin bayraq yuxarı başda qaldırılarmış.

Zaman keçir. Münhendə öz işlərini quran Gülmirzə tez-tez Türkiyə ilə də əlaqə saxlayır, hətta türk qızı ilə ailə qurur. 70-ci illərdə Münhendə Nıbi Xəzri ilə tanış olur və Azərbaycana qayıtmaq istədiyini bildirir. 1976-cı ildə vətənə dönən Gülmirzə üçrəngli bayrağı bədəninə sarıyıb Azərbaycana gətirə bilir. 90-cı illərdə həmin bayraq yenidən Azərbaycan göylərində dalğalanır.

Bu gün Azərbaycan həmin bayrağın 100 yaşını qeyd edir. Bu gün xalqımız Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə hazırlaşır. Bütün Azərbaycan xalqını təbrik edirik!..

Ədəbiyyat:
1.Arazoğlu. Müxtəsər Azərbaycan tarixi. Bütöv Azərbaycan Birliyi. - Bakı.

2. Hüseynzadə Əli bəy. Seçilmiş əsərlər. 2 cilddə. C.2. - Bakı : Çaşıoğlu, 2008.

3.Əmin Abid. Seçilmiş əsərlər.- Bakı : Nurlan, 2007.

4. Müznib Əliabbas. Seçilmiş əsərlər. – Bakı : Nurlan, 2007.

5. Hacıəli Pərişan. Gəl edək himmətü qeyrət. - Bakı : Nurlan,2005.

6. Həbiboğlu V. Maştağa. – Bak :“Darul-hüda”,2003.



Sona Khayal
REPUBLİC OF AZERBAİJAN

Summary
Events connected with 100th yubelee are hold everywhere according the order of the President of Azerbaijan Republic Ilham Aliyev. The Institute of Manuscripts named after Mahammad Fuzuli of ANAS is also preparing for the conference connected with the order.The article deals with the creation of the Republic of Azerbaijan, the poems dedicated to its praise, in bringing to Azerbaijan of tricolor flag in Soviet period.

QİVAMİ QAZIYEV

Gəncə Dövlət Universiteti,

filologiya üzrə fəlsəfə doktoru

gunay-ismayilova-gdu@rambler.ru
PROFESSOR MİR CƏLAL PAŞAYEVİN VƏTƏNPƏRVƏRLİK İDEYASI
1941-1945-ci ildə faşistlərin Sovet ölkəsinə etdiyi müharibə Bəşər tarixində misli görünməmiş faciələr yaratdı. İnsanlar qaz peçlərində yandırıldı. Ancaq qardaş sovet xalqı milsilsiz qəhrəmanlıqlar göstərdi. Azərbaycanın görkəmli yazıçıları könüllü olaraq cəbhəyə getdilər. Bu zaman otuz dörd yaşlı Mir Cəlal Paşayev S.Vurğun, M.İbrahimov, R.Rza və başqa yazıçılarla birlikdə döyüşən ordunun əsgərləri ilə görüşdü, onların fəaliyyətindən maraqlı əsərlər yazmağa başladı.

Böyük Vətən müharibəsində sovet xalqının göstərdiyi milsilsiz qəhrəmanlıq, dözümlülük və qələbə əzmi Mir Cəlalın hekayələrinin əsas mövzularına çevrildi, nadir sənət inciləri yaradıldı.

Müharibə sovet adamlarını çətin sınaqdan çıxardı. Bu ağır imtahan günlərinin özünəməxsus tələbləri, zəruri ehtiyacları var idi. Yazıçılar ana Vətəni qorumaq hissini tərbiyə etmək, xalqın səfərbərlik və döyüş qüdrətini daha da artırmaq üçün günün təxirəsalınmaz məsələlərini bədii əsərlərində çox canlı və təsirli verməyə başladılar.

Xalqlara fəlakət gətirən faşizmin işğalçılıq siyasətinin mahiyyəti bədii publisistikada ifşa edilirdi. Mir Cəlalın kiçik həcmli hekayələrində sovet xalqının vətənpərvərliyi, beynəlmiləlçiliyi və başqa nəcib keyfiyyətləri bədii ifadəsini, tərbiyəvi mahiyyətini çox təsirli tapırdı.

Zaqafqaziya xalqlarının antifaşist mitinqində xalq şairi Səməd Vurğunun çağırışına döyüşçülərdən alınan məktublarda Azərbaycan xalqının azərbaycanlı döyüşçülərə göndərdiyi məktublarda faşizmə qarşı mübarizə aparmaq və müharibə dövrünün tələblərinə cavab verən antifaşist əsərlər yaratmaqdan bəhs edilirdi.

Azərbaycan sovet yazıçılarından H.Mehdi, M.Cəlal, M.Ibrahimov, S.Rəhimov, Ə.Vəliyev, Ə.Məmmədxanlı, Y.Şirvan, Y.Əzimzadə və başqalarının müharibə illərində yazdığı hekayələrində dərin məzmun və tərbiyəvi mahiyyət təsvir olunurdu.

Mir Cəlalın "Səfər" və "Vətən oğlu" hekayələri xalqımızın əsgərlik həyatına münasibətinin mənalı və şərəfli olduğunu real təsvir edir. Mir Cəlalın "Vətən oğlu" (1938) hekayəsində düşmənlərə qarşı döyüşlərin bilavasitə konkret səhnələri göstərilir. Hekayənin qəhrəmanı Zahid həkim olmaq arzusundadır. Ancaq o, dərk edir ki, qəhrəman döyüşçü olmalıdır. Ümumiyyətlə, "Vətən oğlu", "Səfər", "Yollar" hekayələri vətənpərvərlik ruhunu təbliğ etməklə bərabər həm də gözəl sənət nümunəsidir. (1, 215)

Mir Cəlal yaradıcı sənətkardır. Onun nəsrində hər bir söz canlı və səmimi şəkildə oxucunu həyəcanlandırır, onun qəlbini pərvazlandırır, oxucuya gözəl əxlaqi təsir bağışlayır. Buna görə də Mir Cəlal Paşayev həmişə ümumxalq məhəbbəti qazanmışdır. Mirzə Fətəli Axundzadə (1812-1878) demişdir: "Mənim xalqımın fitri istedadı Avropa xalqının fitri istedadından qat-qat artıqdır". (4, 320)

Doğrudan da tarixi mənbələr göstərir ki, Şərq aləmi, islam dünyası kamil insanı, istedadlı sənətkarı həmişə yüksək qiymətləndirmiş, onun şərəfini parlaq zirvələrə yüksəltmişdir.

Mir Cəlal Paşayevin ədəbi və pedaqoji fəaliyyəti həmişə şərəfli olmuş, sərbəst düşünən elm adamları onu dəyərləndirmişdir. Bu kitab onun pedaqoji fəaliyyəti ilə elmi - bədii fəaliyyətindən bəhs edən ilk əsərdir.

Görkəmli ədəbıyyatşünas Füzulinin poeziyasını mükəmməl öyrənmiş, onu tarixilik və elmilik əsasında təhlil etməyi qarşısına məqsəd qoymuşdur. "Sübhədək söz almazı ilə məna gövhərinin bağrını dəlməklə məşğul olan" Füzuli qəzəlləri, Mir Cəlal Paşayevin tədqiqatında öz yüksək bədii ifadəsini tapmış, tarixilik və elmilik prinsipləri əsasında şərh edilmiş, namizədlik dissertasiyası kimi müdafiə edib atmış, 1940-cı ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Azərbaycan ədəbiyyat və mədəniyyət tarixində dərin iz buraxmış Mir Cəlal dühasını əsrarəngiz dünyasına qədəm qoyub tədqiqat aparmaq çox məsuliyyətli və şərəfli işdir. Ona görə ki, ədibin ilk yaradıcılıq illəri sonsuz axtarışlarla səciyyəvidir. (2, 145)

Hüseyn Cavidin, Mikayıl Müşfıqin, Ruhulla Axundovun, Salman Mümtazın və başqalarının represiyaya uğrayıb fiziki cəhətdən məhv edilməsi Mir Cəlal Paşayevin iradəsini qıra bilmir. Bu dövrdə Mir Cəlal müəllim yaradıcılıqla ciddi məşğul olur.

Mir Cəlal Azərbaycanda dramaturgiya da daxil olmaqla, yeni realist bədii nəsrin, realist ədəbi tənqidin, satiranın, marealist estetikanın görkəmli namayəndələrindən biri, ictimai - fəlsəfı fikir tarixində maarifçilikdən, sovet rejimində yaranan mürəkkəb ideoloji mühiti görmüş böyük yaradıcı alim olubdur.

Gəncədəki ədəbi mühit, yenilik, maarifin inkişafı, milli özünüdərk, ünsiyyət və davranış qaydaları başqa regionlardan müsbət mənada fərqlənirdi. 1918-ci il hadisələrini Gəncənin mütərəqqi ziyalıları 1920-ci ildə F.Köçərlinin öldürülməsini unutmamışdılar.

XX əsrin 30-cu illərində Mir Cəlal dünya ədəbiyyatı korifeyləri sayılan Nizami Gəncəvinin, Məhəmməd Füzulinin əsərlərini mükəmməl öyrənmiş, pedaqoji fəaliyyətində təbliğ etmiş, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, mehdi Hüseyn haqqında məqalələr yazmış, mətbuatda milli mədəniyyətin, tarixi hadisələrin tədqiqatçısı kimi tanınmış və hörmət qazanmışdır.

Elmin, ədəbiyyatın, təhsilin sahələrində yaradıcı fəaliyyət göstərən Mir Cəlal müəllim bədii yaradıcılığı və pedaqoji fəaliyyətilə ümumxalq məhəbbəti qazanmış, ədəbi və pedaqoji məclislərində fəal iştirak etmişdir.

Professor Mir Cəlal Paşayev çoxşaxəli elmi-pedaqoji fəaliyyəti ilə yalnız tələbələrə deyil, müəllimlərə də mədəniyyət və davranış qaydalannı öyrətməyə çalışmışdır. Onun istedadlı, hafizəsi, təmkinliyi, qavrama bacarığı, dərk etmə surəti, zehin aydınlığı qüvvətli olmuşdur, Mir Cəlal Paşayev görkəmli pedaqoq Cavid Rəfibəyli haqqında demişdir: "Rus dili həyat deməkdir, bu dili sevin, "öyrənin" sözlərini qəbul edib demişdi: "Rəfibəyli böyük müəllimdir, rus dili təhsili alıb, 1919-cu ildə oğlan gimnaziyasında dərs deyib... Buna əlavə olaraq deyim ki, insan ilk əvvəl öz dilini mükəmməl bilməlidir. Öz dilini bilməyən başqa dili yaxşı mənimsəməz". (3, 138)

Mir Cəlal Paşayev elmlərin əsaslı öyrənilməsində səmərəli tövsiyyələrini əsirgəməmiş, yazdığı dərslik və dərs vəsaitləri bu gün də əhəmiyyətini itirməmişdir. Ədib tələbkar və qayğıkeş olmuşdur.

Mir Cəlal Paşayev bədii yaradıcılığını elmi-pedaqoji fəaliyyətilə möhkəm əlaqələndirmiş, həmişə vəhdətdə birləşdirmiş, faydalı əsərlər yaradıb oxuculara ərməğan vermişdir.

Professor Mir Cəlal Paşayev dövrün tələblərinə tam cavab verir, milli həyat tərzini real səciyyələndirir, oxucunun mənəvi aləmini, bədii-estetik zövqünü zənginləşdirir. Çünki, mahir pedaqoq Mir Cəlalın əsərlərinin canlı, məzmunlu və tərbiyəvi mahiyyəti oxuculara yüksək əxlaqi keyfiyyətlər aşılayır.

Mir Cəlal Paşayevin cəbhə mövzusunda yazdığı əsərlərdə döyüş ruhu yüksək, əzmkarlıq, düşmənə qarşı vətənpərvərlik baxımından çox təsirli və qüvvətlidir. Bu əsərlərdə dostluq, qardaşlıq, vətənə və xalqa məhəbbət çox canlı bədii ifadəsini tapmışdır.

Professor Mir Cəlal Paşayev Böyük Vətən müharibəsinə həsr olunan hekayələrində Vətən məhəbbəti bütün dövrlər üçün nümunədir, çünki igid vətən övladlarını, qəhrəman döyüşçüləri dərin məhəbbət hissilə təsvir etmişdir. Onun hekayələrini Məmməd Arif "Qəzəbli hekayələr", Həsənov Orucəli "Mir Cəlalın Böyük Vətən müharibəsi dövründə yaradıcılığı", Əziz Mirəhmədov "Mir Cəlalın yeni hekayələri", Mirzə Ibrahimov "Müharibə və ədəbiyyat" adlı məqalələrində yüksək qiymətləndirmişlər.

Professor Mir Cəlal Paşayevin nəsrində təlim-tərbiyəvi və bədii-estetik mahiyyət, yüksək əxlaqi keyfiyyətlərin təsviri inandırıcıdır. Ona görə ki, ədib möhkəm əqidəli, polad iradəli, müdrik düşüncəli, kamil səviyyəli, mahir pedaqoq kimi bədii və əmək fəaliyyətində həmişə uğurlar qazanmışdır.

Mir Cəlal Paşayev Şərq ədəbi-pedaqoji düşüncəsinin və Qərb ədəbi-pedaqoji fikrinin qarşılıqlı təhlilini elmi, tarixi və pedaqoji-metodik prinsiplər əsasında düzgün vermişdir.

Şərəfli fəaliyyətində maarifə, elmə məhəbbət əsas yer tutan Mir Cəlal filologiya elmi ilə paralel olan pedaqogika və psixologiya elmini də mükəmməl öyrənməyi özünə səmərəli borc bilmiş, bu müqəddəs istək və arzusuna nail olmuş, həmişə hörmət qazanıb sevilmişdir.

Mir Cəlal hekayə, povest və oçerklərində vətənpərvərlik tərbiyəsi canlı və təsirli verilmiş, maarifin təbliği, gənc nəslin təlim-tərbiyəsi, qadın əsarətinə qarşı mübarizə, saf insani hisslərin tərənnümü lirik-estetik boyalarla tərənnüm edilmişdir.

Mir Cəlal Paşayev əxlaqi-tərbiyəvi, vətənpərvərlik, azadlıq, bərabərlik, maarifpərvərlik ideyalannı həmişə ön plana çəkmiş, Vətən məhəbbəti və vətən sevgisi ideyasının vurğunu olmuş, ana məhəbbəti ilə Vətən sevgisini vəhdətdə tərənnüm etmişdir.

Professor Mir Cəlal Paşayev Azərbaycan təbiətinin vurğunu olmuş, ana yurdun təbii sərvətlərini, alyaşıl geyinmiş meşələrini, başıqarlı uca dağlarını, sərin bulaqlarını, bağlı- bərəkətli məskənlərini ilhamla təsvir və tərənnüm etmiş, Azərbaycan incəsənətinin vurğunu olduğunu təsdiqləmişdir.

Professor Mir Cəlal Paşayev ədəbiyyatşünaslıq zirvəsinə yüksəlmiş, maarifpərvərliyini inkişaf etdirmiş, alimliyin şərəfli əməyin nəticəsi olduğunu göstərmiş, elmi xəzinə adlandırmışdır. (5, 206)

Elmi konfranslarda Azərbaycan xalqının müdrikliyini, maarifliyini, aqilliyini, xeyirxahlığını, əməksevərliyini Mir Cəlal sənədlər və real həyat hadisələri əsasında aşkarlamış, azərbaycançılığı təbliğ etmişdir.

Mir Cəlal elmlə mədəniyyəti fəaliyyətində birləşdirmiş, gənc nəslə elmləri pedaqoji prosesdə öyrətmiş, istedadlı gənclərə xeyirxahlıq etməkdə, şərait yaratmaqda köməyini əsrgəməmişdir. Ədib xeyirxah, təvazökar, yüksək əxlaqi keyfiyyətlərə malik, nəcib insan olmuş, Vətənə və xalqa şərəfli xidmət etmiş, xalqın hörmətini qazanmışdır.

Mir Cəlal müəllim həyatın sevgisindən zövq alan, şərəfli ömrünün mənasını xalqına, ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə həsr edən, gələcəyin xoşbəxtliyinə inanan müdrik söz ustası, mahir pedaqoq idi. O, Şərq və Qərb mədəniyyətini, bəşəriyyətin mənəvi zənginliyini vəhdətdə dərk etmiş, gənc nəslə öyrətməyin səmərəli üsullarıın müəyyənləşdirmiş, kamil insan səviyyəsinə yüksəlmiş, müdrik tarixi şəxsiyyətdir. O, təmkinli, alicənab, səmimi, qayğıkeş, dərin elmi və pedaqoji biliyə sahib olan müdrik insandır.

Zəngin natiqlik istedadına malik olan Mir Cəlal müəllimin elmi-pedaqoji fəaliyyəti, ülvi məqsədləri və müqəddəs ideyaları insanlara, xüsusilə xidmət etmiş, onların mənəvi aləmini dolğunlaşdırmış, arzusu, məqsədi və amalı müqəddəs olduğuna görə xoşbəxtliyin qapıları həmişə onun üzünə açıq olmuşdur.

Görkəmli nasirimizin maddi və mədəni irsi səmərəli elmi-pedaqiji fəaliyyəti əbədiyaşardır. Ona görə ki, Mir Cəlal müəllim insanlığa şərəfli və xeyirxah xidmət etmiş, sağlığında uğurlar qazanmış, insanların yaddaşında özünə əbədiyaşar abidə qurmuş, kamillik zirvəsini fəth etmişdir.

Professor Mir Çəlal Əli oğlu Paşayev yaradıcı insan, dahi şəxsiyyət, pedaqoji fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafına təkan vermiş, Vətənə və xalqa məhəbbətini tərənnüm etmiş, kadrların yetişdirilməsində şərəfli əməyini əsirgəməmiş, fitri istedadlı yazıçı, mahir pedaqoq, əməkdar elmi xadimi, humanist, əməksevər, tələbkar və qayğıkeş, filologiya elmləri doktoru, professor, ölümsüzlüyün parlaq zirvəsinə yüksələn əbədiyaşar sənətkardır. Buna görə də milyonlarla insanların qəlbində yaşamış, yaşayır və əsrlər boyu yaşayacaqdır!



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin