Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2,43 Mb.
səhifə6/27
tarix17.06.2018
ölçüsü2,43 Mb.
#53967
1   2   3   4   5   6   7   8   9   ...   27

Ədəbiyyat:
1. Hüseynzadə Ə. Seçilmiş əsərləri. – Bak : Şərq-Qərb, 2007.

2. Əliyev R. Ədəbiyyat nəzəriyyəsi. - Bakı, 2008.

3. Xəlilov Ə.Dünya ədəbiyyatı.С.2. - Bakı, 2013.

4. История зарубежной литературы. - М.,1959


Afag Yusifli
REFLECTİON OF THE CONCEPT OF TURKİSM İN A.GUSEYNZADE`S ARTİCLE

" TURKİSM İN TWO LEGENDS OF THE WEST"

Summary
In the article "The turkish in Two Epic of the West" by A.Huseynzadeh are clarified the analysis of the Turkish image and the Turkish language in the works of Kamoens "Luziada" and Tasso's "Free Kudos". The evaluation of these works and the ideas put forward here have not lost their relevance today.


AYNUR NƏCƏFOVA

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,

filologiya üzrə fəlsəfə doktoru

israfilova-aynur@mail.ru


ARAZ-TÜRK RESPUBLİKASI – TARİXİ, SİYASİ ZƏRURƏT

VƏ MİLLİ BİRLİYƏ CƏHD
Yüz il öncə 1918-ci ildə Araz-Türk Respublikasının yaradılması Naxçıvan və ona yaxın ərazilərin Azərbaycanpərvər qüvvələrin idarəsində qalmasına və nəhayətində Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsinə səbəb olmuşdur. Bu respublikanın mövcudluğu erməni, bolşevik təcavüzlərinə qarşı mübarizədə yerli özünümüdafiə dəstələrinin formalaşdırılması və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına yönəlmişdi. Onun bir ildən artıq müddətdə mövcudluğu Azərbaycanın siyasi tarixində mühüm hadisə idi. Bu respublikanın fəaliyyəti nəticəsində erməni ordu birləşmələri işğal etdikləri Dəhnə boğazından Naxçıvan torpaqlarına qədər olan ərazidən geri çəkilmiş, hətta bura yaxın digər əraziləri tərk etmək mьəcburiyyətində qalmışlar. Bu hadisələr ədiblərimizin xatirələrində də öz əksini tapıb.

Araz-Türk Respublikasının və Azərbaycan Xalq Cümhuriyyətinin (Azərbaycan Demokratik Respublikasının) yaradılması tarixindən demək olar ki, yüz il ötür. Bu müddət ərzində Azərbaycanda iki dəfə siyasi rejim dəyişilmiş, əvvəl haqqında yazmaq və danışmaq qadağan edilən mətləblər sonradan təbliğ edilməsi üçün zəruri informasiyaya çevrilmişdir.

Belə ki, sovet hakimiyyəti illərində Araz-Türk Respublikası haqqında həqiqətlər bizdən gizlədilmiş, bəzən yalan pərdəsinə bürüdülüb bizə çatdırılmış, xalqının, milli dövlətçiliyinin keşiyində duran kəslər ya düşmən siması ilə, ya da əksinə kommunist əhval-ruhiyyəli dövlət xadimləri kimi, bəzən də satqın kimi bizə təqdim olunmuşdur. Lakin həqiqət gec-tez üzə çıxır. O igid həmvətənlərimizin məzarlarında rahat uyuması üçün bu həqiqətləri gün işığına çıxarmaq tarix qarşısında borcumuzdur.

Azərbaycan XX əsrin 90-cı illərində öz siyasi müstəqilliyini əldə etdikdən sonra arxivlər açılmış, həqiqətlər üzə çıxmış, vaxtı ilə danışılması yasaq edilmiş tarixi reallıqlar tarix kitablarında layiqli yerini tuta bilmişdir. Bu istiqamətdə Azərbaycan tarixçilərinin böyük xidməti var. Məqsəd bu ərəfədə də vacib olan hər şeyi olduğu kimi – tarixi reallıqları nəzərə alaraq, bəzəmədən, əskiltmədən ortaya qoymaqdır. Əks təqdirdə həqiqətin olduğu şəkildə ortaya çıxması, dövrün ab-havasının qiymətləndirilməsi, səhv və doğru addımların müəyyənləşdirilməsi qeyri-mümkündür.

XX əsrin 18-20-ci illəri regionumuzda siyasi cəhətdən qeyri-müəyyənlik dövrüdür. Böyük dövlətlərin siyasi, iqtisadi maraqlarının toqquşması mərhələsi, Azərbaycan xalqının mövcudiyyəti uğrunda mücadilə etdiyi, milli kimliyini qorumaq üçün çarpışdığı tarixi dönəmdir. Bu cür mürəkkəb tarixi şəraitdə çox zaman doğru qərar vermək, kənar təsirlərə düşməmək, daha sərfəli yolu seçmək çox zaman müşkül olur. Belə bir şəraitdə Azərbaycanın vətənpərvər övladlarının hər yaranmış fürsəti qiymətləndirməyi bacarmaları, Çar Rusiyasının süqutundan, Rusiyada sovet hakimiyyətinin qurulmasından, Osmanlı İmperiyasının regiondakı maraqlarından bəhrələnərək hər vəchlə Azərbaycanda siyasi müstəqilliyi qorumaq cəhdləri ancaq təqdirəlayiqdir. Düzdür, bu mərhələdə müəyyən səhv addımlar da atılmış, bəzən doğru olmayan qərarlar da verilmişdir. Lakin bu addımların da tarixi zəmini var. Bu gün biz həmin tarixi hadisələrə qiymət verərkən hissə qapılmamalıyıq, şəraiti nəzərə alıb həqiqəti ortaya qoymalıyıq.

Məlumdur ki, 1918-ci ilin noyabrından tarixindən 1919-cu ilin mart ayınadək Azərbaycanın ayrılmaz parçası olan, qədim Naxçıvan bölgəsində Araz-Türk Respublikası adlı məhəlli səciyyəli siyasi dövlət qurumu fəaliyyət göstərmişdir. Bu dövlət qurumunun yaradılması Azərbaycanı kiçik siyasi subyektlərə parçalamaq məqsədi güdməmişdir, əksinə, siyasi zərurətdən və tarixi şəraitdən asılı olaraq meydana gəlmişdir.

Bir anlıq həmin qurumun mövcud olmamasını təsəvvür etsək, o zaman bu regionun hansı dövlətin tərkibinə qatıla biləcəyini düşünmək çətin olmaz. Əziz Ələkbərli “Abbasqulu bəy Şadlinski” əsərində bu tarixi dövrü belə səciyyələndirir: “Mudros müqaviləsinin (30 oktyabr 1918-ci ildə Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında bağlanmışdı – A.N.) bir ədalətsiz tərəfi də onda idi ki, bu müqaviləyə görə, yerli müsəlman əhalinin ziddinə olaraq İrəvan quberniyasının əksər qəzaları “Ermənistan” (Ararat) Respublikasının tərkibinə qatılmalı idi. ...Yaranmış tarixi şəraiti nəzərə alaraq, Naxçıvanın və ətraf mahalların gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə müəyyən inzibati vahiddə birləşməyin zəruriliyini başa düşən əhali 1918-ci ilin noyabrında Araz-Türk Respublikasının yaradıldığını elan etdi” [3, 90].

Eyni tarixi hadisə türk tədqiqatçısı İbrahim Əhməd Atnurun “Osmanlı idarəçiliyindən Sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1921)” adlı monoqrafiyasının “Araz-Türk hökümətinin qurulmasına gedən yol” başlıqlı bölümündə belə təsvir olunur: “Batumi müqaviləsinə əsasən hüquqi cəhətdən Türkiyə torpaqlarına birləşmiş Naxçıvan, Şərur, Qəmərli, Uluxanlı, Sərdarabad və Vedinin türk müsəlman əhalisi türk ordusunun çıxarılmasını eşidən kimi böyük bir qorxuya, həyəcana düşdü. Çünki onları qara günlər gözləyirdi. 1918-ci ilin yaz və yay aylarında onları erməni zülmündən qurtaran türk ordusu regionu tərk etməyə hazırlaşırdı. Deməli, yenidən tarixən düşmənləri olan ermənilərlə üz-üzə gələcəkdilər” [4, 98].

Bu sitatlardan da görünür ki, Araz-Türk Respublikasının yaranması labüd idi. Türk ordusunun ərazini beynəlxalq siyasi təpkilər və məlum müqavilənin şərtləri nəticəsində tərk etməsi, regionda erməni qəsbkarlığına qarşı dura biləcək nizami ordu birləşmələrinin olmaması, Ararat Respublikasının bu əraziləri silah gücünə tərkibinə qatıb, əhalini qətlə yetirib, təkmillətli dövlət yaratmaq cəhdləri müvəqqəti də olsa, burada vahid siyasi-inzibati idarə sistemi və özünümüdafiə hissələri yaratmaq zərurətini meydana gətirmişdi.

Bəs Araz-Türk Respublikası hansı əraziləri əhatə edirdi? Bu respublikanın tərkibinə hansı ərazi-inzibati vahidlərin daxil olmasını Ə.Ələkbərli adı yuxarıda göstərilən kitabında belə qeyd edir: “Bu respublikanın tərkibinə Naxşıvan, Şərur, Dərələyəz, Sərdarabad, Zəngibasar, Gərnibasar mahalları və Meğri rayonu (Mehri – A.N.) ilə yanaşı, Vedibasar mahalı da daxil olur” [3, 91].

O dövrün xalq ədəbiyyatında da bu hadisələr əksini tapır:
Araz çayı axdı getdi,

Ətrafını yıxdı getdi.

Kor olasan Muxtar paşa,

İrəvandan çıxdı getdi ...


Tarixi hadisələr də bu şeirin yaranma şəraitini əsaslandırır.

Erməni dəstələrinin silahlı basqınları düşünülmüş siyasətin nəticəsi olaraq həyata keçirilirdi. Bu haqda Məmməd Səid Ordubadinin “Həyatım və mühitim” adlı avtobioqrafik əsərindən öyrənirik. Qəzet müxbiri sifətilə Androniklə görüşən ədib onyn barışığa razılıq verdiyini ifadə edən fikirlərini və buna zidd qətliama yol açan addımlarını xatırlayarkən yazırdı: “Mən bu vəziyyəti gördükcə Androniki xəyalıma gətirir və onun mübarizəsindəki fəna nəticələrə nifrət edirdim” [6, 71].

O dövrün hadisələrinin digər şahidi, ailə üzvləri ermənilər tərəfindən gözləri qarşısında qətlə yetirilən akademik Məmməd Cəfər Cəfərov da xatirələrində olanları belə yada salırdı: “...xəbər yayıldı ki, Türkiyədən qaçan Andronik adlı bir quldurbaşı, terrorist böyük bir hərbi qüvvə ilə Zəngəzura keçib orada azərbaycanlıları qırır. Bu xəbərdən bir neçə gün sonra Naxçıvan Zəngəzurundan qaça bilən qaçqınlarla doldu. Andronikin quldur dəstələrinin Ordubad tərəfə hücum etməsi qorxusu yaranmışdı. Sədərək, Şərur tərəfində Ermənistan qoşunlarının toplandığından danışırdılar. ...O illərdə Naxçıvan şəhərində ermənilərin sayı çox az idi. Əksəriyyəti də kasıb sənətkarlar idi. Şəhərdə “erməni-müsəlman” davası düşə bilməzdi, əgər Ermənistandan bura gizli və ya aşkar qoşun gəlməsəydi. ...Cəfərqulu xanın oğullarından Kalbalı xan şəhəri və bütün mahalı daşnakların təcavüzündən qorumaq üçün tədbirlər görürdü” [2, 101].

Göründüyü kimi, Naxçıvanda və onun civarında da çox təhlükəli vəziyyət yaranmışdı, Naxçıvanda türkdilli əhalinin tamam məhv olmaq təhlükəsi vardı. Digər tarixi mənbələrdən də bu hadisələr haqqında öyrənirik ki, ermənilərin hücumları məhz vahid mərkəzdən idarə olunan özünümüdafiə dəstələri sayəsində dəf edilirdi: “Vəhşicəsinə dinc xalqa divan tutmaqda ad çıxaran qisasçı “Van və Sasun” alaylarının qalıqları türk qoşunlarının qabağından qaçaraq Türkiyədən Naxçıvan mahalına keçmiş, yol boyu, Culfada və Naxçıvan ətrafında müsəlman kəndlərinə hücum etmiş, talanlar törətmiş və nəhayətdə Andronikin quldur dəstələri ilə birləşmək üçün Naxçıvandan Gorusa və Dərələyəzə adlamış, lakin bu mahalların hər birində yerli müsəlman əhalinin ciddi müqaviməti ilə qarşılaşmışlar [3, 95].

Lakin bəzən ermənilər silahsız əhaliyə divan tutmağa müvəffəq olurdu. Şahablı (bəzən Şihablı da deyilir) kəndində baş verən bir hadisə çox ibrətamiz olmaqla yanaşı, xalqımızın düşdüyü aciz durumu göstərir. Belə ki, 1918-ci ilin qışında erməni daşnaqlar Şahablı və Qədirli kəndində yerli əhaliyə hücum edib, divan tuturlar. Ermənilər Aşıq Cəlili əsir götürürlər, ondan “general” Andronikin şəninə bir qoşma deməsini tələb edəndə məğrur aşıq deyilənin əksinə, üzünü Vedi kəndi istiqamətində tutub Abbasqulu bəyi imdada çağıran qoşma deyir və qəhrəmancasına şəhid olur:
Vedinin dağları batıbdır yasa,

Andronik istəyir oranı basa;

Bir namə yazmışam mən o xan Abbasa,

Durmayıb gəlsin bizim imdada...

Çat haraya, bəyim, nicat günüdü,

Vedinin davası, qeyrət günüdü!... [Bax: 3, 103].


Bu vəziyyətdə ən doğru yolu birləşib birgə mübarizə aparmaqda görən region sakinləri, Naxçıvan, Şərur, Vedibasar, Cəhri, Əlincəçay, Nehrəm ağsaqqalları toplaşıb vəziyyəti təhlil etdilər. Naxçıvanın, ətraf bölgələrin könüllü olaraq Azərbaycan Demokratik Respublikasının tərkibinə qatılmaq təklifi müvafiq sənədin qəbul olunması ilə yekunlaşdı. Digər bir sənəd də hazırlandı. İrəvan quberniyası və Naxçıvanın erməni Ararat Respublikasının tərkibinə qatılması fikrinə etirazını bildirən nota qəbul edildi və İngilis missiyasına göndərildi.

Tarixi sənədlərdən bəllidir ki, Araz-Türk Respublikası mövcud olduğu dövrdə ermənilərin və onların havadarları olan ingilislərin bu ərazini Azərbaycanın digər hissəsindən təcrid etmək cəhdlərinə baxmayaraq, hər vəchlə Azərbaycan Demokratik Respublikası ilə əlaqələr qurmağa çalışırdı, Azərbaycan parlamentinin fəaliyyətə başlamasını ürəkdən alqışlamışdı. Hələ, 1919-cu ilin əvvəlində Naxçıvan, Şərur, Zəngibasar və Vedibasar mahallarının nümayəndələrini Bakıya göndərmişdi.

“Naxçıvan ensiklopediyası”nda yer alan “Araz-Türk Respublikası” adlı məqalədə bu xüsusda yazılır: “Araz-Türk Respublikası hökumətinin geniş səlahiyyətlərə malik nümayəndə heyəti 1919-cu il martın 8-də Bakıya gəlmiş, onunla birləşmək üçün yollar aramışdı. Bütün bunlar Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən razılıqla qarşılanmış, müəyyən tədbirlər görülmüşdür” [5, 27].

Mənbələrdən bəlli olur ki: “... Araz-Türk hökuməti, yardım almaq ümidi ilə Paşa Bayramovu Bakıya göndərmişdi. Paşa Bayramovun sonsuz əməyi nəticəsində “İrəvan Vilayəti Müsəlmanları Yardımlaşma Cəmiyyəti” qurulmuşdu” [4, 146].

Araz-Türk Respublikası çox gərgin bir dövrdə fəaliyyət göstərmişdi, xarici qüvvələrin təpkisinə baxmayaraq, öz mövcudluğu üçün çalışmışdı. Bu hökumətin az müddət də olsa, mövcudluğunun əsas uğuru onda idi ki, o, azərbaycanlı əhalinin qüvvələrini birləşdirməyə nail olmuş, düşmənə qarşı mübarizədə onları birləşdirə bilmiş, qırğınların daha geniş miqyasda olmasına imkan verməmiş, ən əsası isə Naxçıvan və ona yaxın ərazilərin ermənilərin əlinə keçməsinə imkan verməməklə Azərbaycan Demokratik Respublikasının ərazi bütövlüyünü qoruya bilmişdir. Bundan başqa, gələcəkdə də Naxçıvanın Ermənistan hökumətinə ilhaq edilməməsi üçün vətənpərvər qüvvələrin əlində siyasi səbəb olmuşdur. Çünki tarixçilərin də düzgün müəyyən etdiyi kimi, “Araz-Türk Respublikasının yaradılması nəticəsində türklərin Naxçıvan diyarı ilə əlaqəsi tam kəsilməmişdi” və gələcəkdə Türkiyə hökumətinin buraya iqtisadi, hərbi köməklik göstərməsi üçün zəmin yaratmışdı.

Məlumdur ki, 16 mart 1921-ci ildə Moskva şəhərində Türkiyə ilə RSFSR arasında imzalanmış müqavilənin şərtlərinə görə, Naxçıvan Azərbaycan protektoriatı altında muxtar ərazi kimi müəyyən olunmuş və Azərbaycanın bu ərazini üçüncü dövlətə heç bir şərtlə güzəştə getməyəcəyi əsas şərt kimi qəbul edilmişdir. 13 oktyabr 1921-ci ildə Qars şəhərində Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında bağlanmış müqavilə ilə də Naxçıvan vilayətinin ərazisinin sərhədləri dəqiq müəyyən olunmuşdur və bu sərhədlər Araz-Türk Respublikasının qoruya bildiyi ərazi civarında olmuşdur.

Akademik İsmayıl Hacıyev “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” adlı kitaba yazdığı ön sözdə Araz-Türk Respublikasının mövcud olduğu dövrdə Naxçıvandakı siyasi vəziyyəti belə səciyyələndirir: “Həmin illərdə Naxçıvan məsələsi həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif mənafelərin toqquşduğu, ziddiyyətlərin kəsişdiyi düyün nöqtələrindən birinə çevrildi. Bu dövr Naxçıvanda hakimiyyətin tez-tez dəyişilməsi illəri olmuşdur. Bu müddətdə Ermənistan Respublikası, Xüsusi Zaqafqaziya Komitəsi, müsavatçılardan və daşnaklardan ibarət yaradılmış Milli Komitələr, ABŞ, İngiltərə, Türkiyə arasında Naxçıvana yiyələnmək uğrunda ardı-arası kəsilməyən mübarizə getmişdir” [1, 7].

Məhz bu mürəkkəb dövrdə Araz-Türk Respublikasının yaradılması Naxçıvan və ona yaxın ərazilərin Azərbaycanpərvər qüvvələrin idarəsində qalmasına və nəhayətində Azərbaycan Demokratik Respublikasına birləşdirilməsinə səbəb olmuşdur. Deməli, bu respublikanın mövcudluğu dövləti kiçik siyasi subyektlərə, federativ idarə vahidlərinə parçalama cəhdinin tam əksinə Azərbaycanın ərazi bütövlüyünün qorunmasına yönəlmişdir.


Ədəbiyyat:
1. Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan. – Naxçıvan : “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2010. - 384 s.

2. Cəfərov M.C. Xatirələr. – Bakı : Çaşıoğlu, 2010. - 316 s.

3. Ələkbərli Ə. Abbasqulu bəy Şadlinski. – Bakı : Sabah, 1996. - 320 s.

4. İbrahim Ethem Atnur. Osmanlı idarəçiliyindən Sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1921). , Naxçıvan : “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi, 2013. - 496 s.

5. Naxçıvan ensiklopediyası. – Bakı : Elm, 2002. - 595 s.

6. Ordubadi M.S. Həyatım və mühitim. – Bakı : Azərnəşr, 1996. - 150 s.



Aynur Najafova
ARAZ – TURKİC REPUBLİC – İTS HİSTORY, POLİTİCAL

NECESSİTY AND ENDEAVOUR FOR NATİONAL UNİTY

Summary
Approximately hundred years ago, establishing of Araz – Turkic Republic has caused Nakhchivan and areas close to it to stay under pro – Azerbaijan People`s Republic. Existance of this Republic was aimed to form local self – defence groups against armenians, bolshevik aggression and to defend territorial integrity of Azerbaijan. Its existence more than a year was a very important political event in Azerbaijan. As a result of the activity of this Republic armenian army units retreated from occupied territories beginning from Dahna strait till Nakhchivan lands, even from areas close to them. These events found their reflections in our writers` works.

KƏMALƏ NƏCƏFOVA

Bakı Dövlət Universiteti,

filologiya üzrə fəlsəfə doktoru

necefova1974@mail.ru

M.Ə.RƏSULZADƏNİN “AZƏRBAYCAN YURD BİLGİSİ”NDƏ

ƏDƏBİYYAT ARAŞDIRMALARI
Əhməd Cəfəroğlunun rəhbərliyi altında İstanbulda nəşr olunan “Azərbaycan yurd bilgisi” (1932-1934) milli istiqlal uğrunda mübarizə ideyalarının təbliğatı məqsədilə yaranan mətbuat orqanı idi. Dərginin əsas qayəsi Azərbaycan barədə tarixi, elmi həqiqətləri üzə çıxarmaq, Azərbaycanı daha geniş dairədə tanıtmaq idi. Tariximizi saxtalaşdıranlara, dilimizə, ədəbiyyatımıza xor baxanlara, mədəniyyətimizi kölgədə qoymağa çalışanlara barışmazlıqdan yaranan bu dərginin nəşri mühacir ziyalılarımızın vətən qarşısında əvəzsiz xidmətlərindən biri olmuşdur. “Azərbaycan yurd bilgisi”nin naşiri və baş redaktoru Əhməd Cəfəroğlu ilə yanaşı, Məmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Xəlil Xasməmmədli, Mustafa Vəkilli, Əli Xəzərli, Nağı Şeyxzamanlı, Səlim Rəfiq, Şəfi Rüstəmbəyli, Mirzə Bala Məmmədzadə kimi ziyalılarımız da dərgidə fəal iştirak edirdilər. Bu əvəzsiz qələm sahiblərinin hər biri Azərbaycan yurdu haqqında çoxtərəfli bilgiləri bütün mürəkkəbliyi və çətinliklərinə baxmayaraq, ilkin olaraq açıqlayır, bu yurdu tanıdır və sevdirirdilər.

İstiqlal uğrunda mübarizənin və türkçülük məfkurəsinin birləşdirdiyi dərgi əməkdaşları ədəbiyyatımızın öyrənilməsinə də ciddi əhəmiyyət vermiş, onun tədqiqi və təbliği ilə ardıcıl məşğul olmuşlar. Yazılı ədəbiyyatımızın ilk qüdrətli nümayəndəsi Qətran Təbrizinin türkcə şeirləri barədə etibarlı məlumatın üzə çıxarılmasından başlamış Xaqani, Nizami, Məhsəti, Nəsimi, Füzuli kimi klassiklərə dair həm bioqrafik, həm də tədqiqat xarakterli yazılar həsr olunmuşdur. Qələm sahibləri ədəbi mühiti maraqlandıran məsələləri, xüsusən, milli ideoloji dəyəri olan problemləri qabarıq işıqlandırmışlar. Bu sahədə ardıcıl çalışanlardan biri Məhəmməd Əli Rəsulzadə olmuşdur. Tədqiqatçı “Qətran haqqında notlar” məqaləsində Nasir Xosrovun “Səfərnamə”sinə əsasən Qətran Təbrizinin türk olduğunu sübuta yetirməyə çalışır və əsaslı məntiqləri ilə bu şairin türk olduğuna şübhə yeri qoymur.

Nasir Xosrov “Səfərnamə”də 1046-1047-ci illərdə Əbu Mənsur Həsudan bin Məhəmməd Mövlanın əmirliyi zamanında Təbriz şəhərinə gəldiyi və orada şair Qətrana təsadüf etdiyi haqqında bu məlumatı verməkdədir: “Təbrizdə Qətran adlı bir şairi gördüm. Yaxşı şeir yazırdı. Fəqət, fars dilini yaxşı bilmirdi” (413). M.Ə.Rəsulzadə belə bir nəticəyə gəlir ki, bir məmləkətin şairi zamanının ədəbi dili olan farsca yaxşı bilmirsə, o məmləkət əhalisinin də fars dilini bilməməsi şübhəsizdir. Buradan da Təbriz əhalisinin farslardan ibarət olmadığı və bu zamanlarda türk dili ünsürünün olduqca qüvvətli olduğu görünməkdədir.

M.Əli Rəsulzadə Məhsəti Gəncəvi ilə bağlı da maraqlı məqamlara toxunur. Tədqiqatçı təzkirəçilərin bu qadının qüvvətli şairə olduğu və rübai tərzində şeirlər yazdığı barədə məlumatların eyniliyini vurğulayır. Müxtəlif təzkirələrdə bu şairə haqqında başlıca ziddiyyəti onun adının oxunması ilə bağlayır. M.Ə.Rəsulzadə məntiqlə Sultan Səncərin sarayında böyük etimad və hörmətə nail olan şairəyə “Məhsəti”, yəni böyük canım” –deyə müraciət olunmasını məqsədəuyğun hesab edir.

Müəllif hicri altıncı əsrdə yazıya alınan “Əmir Əhməd və Məhsəti” əsərinin də adını çəkir və bildirir ki, Əmir Əhməd və Məhsətinin sevgisindən bəhs olunan bu əsər eyni zamanda Məhsətinin Əmir Əhmədlə və digər şairlərlə şeirlə deyişmələrini əhatə edir. Lakin əsassız olaraq bu əsərin Nizami tərəfindən yazılmış olduğunu göstərir (6,239).

M.Əli Rəsulzadənin “Azərbaycan yurd bilgisi”ndə dərc olunan daha bir dəyərli məqaləsi “Gəncəli Nizami” idi. Məqalə müəllifi dövrü üçün daha aktual olan bir problemə aydınlıq gətirməyə çalışır, fars dilində yazmaq məcburiyyətində qalmış bu dahinin türk-fars milli mənsubiyyəti dairəsində türklüyünü təsdiq edən inkarolunmaz dəlillər göstərir.

Nizami türkdür ya farsdır? Türkdürsə, niyə farsca yazıb? Farsca yazmaq tələbi nəinki sifariş, hətta hökm olsa belə, dünya şöhrətli şair niyə doğma dildə yazmayıb? M.Əli Rəsulzadə “Gəncəli Nizami” məqaləsində əsassız- dəlilsiz mübahisələr yaradan bu sorğulara tutarlı cavab vermişdir. Bu, elə bir cavabdır ki, onun rüşeymləri sonra həmin mövzuda daha geniş yazan Məmməd Əmin Rəsulzadənin əvəzsiz monoqrafiyasına (“Azərbaycan şairi Nizami”, Ankara, 1951) cığır açmışdır.

Müəllif məqaləni yazanda (1934) Nizami Gəncəvinin tərcümeyi-halı hələ obyektivliklə yazılmayıbmış. Buna görə də tərcümeyi-hal yazmaq üçün müəllif “Həft-peykər”in 595-597-ci illərdə yazıldığına dair təzkirəçilər məlumatına əsaslanmalı olmuşdur. Tədqiqatçını ən çox məşğul edən şairin milliyyəti məsələsidir. Zamanına görə aktual məsələ sayılmışdır. O vaxtlar mülahizələrin birtərəfliyi M.Əli Rəsulzadəyə tendensiyalı göründüyü üçün yazmışdır: “İndiyə qədər şair haqqında söz söyləyənlər Nizamini ancaq fars olaraq göstərmişlər. Biz isə... tam əksinə olaraq Nizaminin xalis türk olduğuna dair bir cığır açmağa çalışacağıq. Zira Gəncədə doğulub, burada böyüyüb təhsil alan və ölən Nizamini tarixçilərimizin fars olaraq göstərmələri bizcə haqsızlıqdan başqa bir şey sayılmamalıdır” (7,274).

M.Əli Rəsulzadə qeyd edir ki, Nizaminin farslığı iddiasında olanların meydana atdıqları ən böyük dəlil, şairin də etiraf etdiyi kimi, əcdadının da Qum şəhərindən gəlməsidir.Bu iddiada olanlara onun məntiqi cavabı belədir: “... əskidən bəri Qumun ətrafında bir çox türk qəbilələri yerləşmiş, burada sakin olmuşlar. ...Farsların “Eli-bağdadi” adlandırdıqları böyük bir türk qəbiləsinin bu sahədə oturduğu tamamilə sabitdir. Hətta Qum ətrafında oturan müxtəlif türk qəbilələrinin bu gün belə farsı bilmədikləri kimsə tərəfindən təkzib edilməyəcək bir faktdır. Bu etibarla, Nizaminin əcdadının Qum şəhərindən Gəncəyə gəlməsi heç də şairin şübhəsiz fars olduğunu isbat edəcək dəlil deyildir” (7,275).

M.Əli Rəsulzadə Nizaminin türk olduğunu isbat edən daha bir dəlilə-şairin “Leyli və Məcnun” əsərinə istinad edir. Şirvanşah Axsitanın Nizamidən “Leyli və Məcnun” hekayəsinin nəzmə çevrilməsini istəyən məktubunu misal gətirib, onun türkcə tərcüməsində bu sözlərə diqqət yetirir: ““Leyli və Məcnun” hekayəsini fars dili ilə bəzəndirməlisən. Mənim o sözü (farsı) tanıdığımı bilirsən və sənin bu işdə əsbabın (bacarığın) olduğunu da bilirəm. Türksifətlik bizə vəfa deyil (türkə bənzəmək bizim üçün vəfasızlıqdır). Türkcə danışmaq bizə yaraşmaz və layiq deyildir. Yüksək sülalədən doğulan adama yüksək söz lazımdır”(7,276). M.Əli Rəsulzadə buradan da belə bir məntiqi nəticə çıxarır ki, Nizami fars olsa idi, Şirvanşah ona türkcə yazmamağı və türkə bənzəməməyi təklif etməzdi. Məktubdan anlaşıldığı kimi, Nizaminin türkcə yazmaq bacarığı olmuşdur. Bütün bu dəlillər göstərir ki, Nizami həm türk olmuş, həm də türkcə şeirlər yazmışdır. Məqalə müəllifi bu məktubun digər mühüm əhəmiyyətini qeyd edir ki, bu da o dövrdə Azərbaycanda türk dilinin mövqeyi məsələsidir. O, Şirvanşah Axsitanın tələbini türk dilinin yayılmasının qarşısını Nizami qələmi vasitəsi ilə almaq cəhdi kimi qiymətləndirir. Qətran Təbrizinin dövründə türk dilinin qüvvətli olduğunu göstərən M.Əli Rəsulzadə vətənpərvərlik qüruru ilə Nizami əsrində də Gəncədə bu dilin hakim mövqe tutduğunu vurğulayır. Dövrünə görə aktual sayılan problemləri çözməyə çalışan M.Əli Rəsulzadənin bu sahədə cəhdləri yüksək qiymətləndirilməlidir.

1952-ci ildə “Azərbaycan kültür dərnəyi”nin təşəbbüsü ilə keçirilmiş konfransda məruzə ilə çıxış etmiş Əhməd Cəfəroğlu da Nizaminin türklüyü məsələsinə toxunmuşdur. Onun “Azərbaycan dil və ədəbiyyatının dönüm nöqtələri” adlı məruzəsində Nizami haqqında fərəh hissi ilə söylədiyi və dinləyicilərinə aşılamağa çalışdığı bu fikirləri oxuyuruq: “O sələfləri kimi, dövrünün rəsmi fars dili ilə yazmasına rəğmən, əsərlərində Azərbaycanın, xüsusilə Qafqaziya millətlərinin cana yaxın bir mütəfəkkiri, bir dühası olmuşdur. Nizami ... hər daim kəndisini bir azəri olaraq hiss etmişdir” (1,7).

M.Əli Rəsulzadə ayrıca məqalə həsr etdiyi şair İsmayıl Nakam haqqında əldə etdiyi bilgiləri də verir. Şəkidə doğulduğu və öldüyü (?-1905) bilinən bu şairin Əbdülhəmid dövründə İstanbulda olduğu, burada “Millət” kitabxanasında saxlanılan divanı haqqında məlumat verir. İstanbulda yaşayan, əslən Şəkidən olan Saleh əfəndinin məlumatına əsasən, şairin “Lətifənamə”, “Leyli və Məcnun” adlı mənzum əsərlərinin, “Fərhad və Şirin” hekayəsinin, Hacı Zeynalabdin haqqında yazdığı mədhiyyəsinin, “Rus əfəndiləri” adlı əsərinin və “Münşəat”ının olduğunu bildirir. Saleh əfəndinin şəxsi kitabxanasındakı şairin öz əlilə yazdığı 400 səhifəlik divanını gördüyünü etiraf edir və hər iki divandan nümunələr təqdim edir.

M.Əli Rəsulzadənin dərgidə “Azəri türklərinin həyat və ədəbiyyatında nəşə” adı ilə dərc olunan silsilə məqalələri L.Təbrizi, M.V.Vidadi, M.V.Vaqif, Q.Zakir və B.Şakirə həsr olunur. Ləli Təbrizidən bəhs edən məqaləsində onun “Allaha dolaşan” şeiri ilə Tofiq Fikrətin “Tarixi-qədim”i arasında ideya-məzmunu etibarıyla yaxınlıq görür.

M.V.Vaqif və M.V.Vidadiyə dair bioqrafik məlumat verən M.Əli Rəsulzadə M.Nəvvabın təzkirəsinə və S.Mümtazın məlumatına əsaslanır.

Rus imperiyasının bir şox müsibətlərə uğratdığı Q.Zakirin həyatı haqqında məlumatlara və şeirlərinə geniş yer verilir. M.Əli Rəsulzadə də Q.Zakirin faciəsindən yan keçmir, erməni Tarxanovun bu görkəmli ədibə etdiyi zülmlərdən danışır (5,113). “İstila dövrü keçirən vətəninin və mühitinin ehtiyaclarını görən və sezən, müxtəlif sinifli əhaliyə rus idarəsinin zülmünü və bütün haqsızlıqlarını təşhir edən və susmayan bir şair” kimi Zakiri Azərbaycan klassik ədəbiyyatının ən cəsur tənqidçilərindən biri hesab edir.

Rus hökumətinin Azərbaycanda yürütdüyü azğın siyasəti və bunun nəticəsində o zamankı dözülməz vəziyyətə Seyid Əzim Şirvani də laqeyd qalmamışdı. M.Əli Rəsulzadənin “Seyid Əzim Şirvaninin basılmamış bir şeiri münasibətilə” məqaləsində şairin şəxsiyyətini və dövrünün ictimai-siyasi vəziyyətini doğru və aydın göstərən bir mənzuməsindən bəhs edir. Dərginin rus istilasına qarşı türk xalqlarının istiqlal mücadiləsini əks etdirmək kimi başlıca məqsədinə uyğun olaraq şairin sırf bu mövzuda yazdığı bir şeirindən söhbət açır.

M.Əli Rəsulzadənin müşahidəsinə görə, çar rus idarəsi Qafqazı istila etdikdən sonra Azərbaycanın azad kəndlilərini də Rusiya kəndlilərinin halına salmaq, onları yüksək hesab edilən zümrə əlində əsir etmək siyasəti yürütdü. Bu məqsədlə əhalini əsilzadə və rəiyyət qismlərinə bölərək süni bir aristokrat sinfi yaratmağa çalışdı. Seyid Əzim də bu dövrandan şikayət edirdi. O dövrandan ki “kimini elədi heyvan, kimi insan elədi”, “bəzini xan elədi, bəzini sultan elədi.” Təminatı, mövqeyi, hökmü artan zümrələrin harınlaşması, bunun əksinə, kəndlinin yazıqlaşması bir bəla, ictimai təzad olub dərinləşdi. Bir vaxt Qasım bəy Zakir kimi nurlu şəxsiyyətin, əsilzadə bəylərin bütün nəslini ayaq altına salıb əzən Tarxanovlar da meydanda at oynatdı, pul alıb bəy etdiyi “qoduqlar yeyübən arpanı tüğyan elədi”.

M.Əli Rəsulzadənin etirafınca, “onun bu şeiri rus idarəsinin azəri türklərini parçalamaq üçün sərf etdiyi qeyrəti göstərməsi etibarilə fövqəladə diqqətə şayandır” (4,449).

Ziyalı mühacirlərimiz XX əsrin əvvəlində satiranın gücü ilə rus siyasətinin iç üzünü göstərməyə çalışan M.Ə.Sabir kimi dahinin irsinə böyük rəğbətlə yanaşmaya bilməzdi. Bu mənada dərgidə dərc olunan “Azəri ədəbiyyatında Sabir” adlı iki məqalə diqqətəlayiqdir. M.Əli Rəsulzadə dərginin iki sayında şairin şəxsiyyətindən söz açmış, bu dahinin əzəmətini qismən də olsa məqalələrində nəzərə çatdırmaq istəmişdir. Tədqiqatçı, Sabiri bir türkçü və islam inamlı mübariz şəxsiyyət kimi səciyyələndirir. “Türk aləminin keçirdiyi böhranı və düşgün vəziyyəti görərək bu halın tarixi xətalarından irəli gəldiyini və buna başlıca amil kəndilərinin olduğunu” iddia edən Sabirin “Fəxriyyə”sinə üz tutur. Bu şeirdə Sabir əsrlər boyu iti qılıncları elə öz başları üzərində oynayan türk xalqlarının tarixi keçmişini yada salaraq rus əsarəti altına düşməyimizin səbəbini də bunda görür: “Öz qövmümümzün başına əngəl-kələfiz biz!”

Qeyd edək ki, “Hophopnamə”nin 1948-ci il nəşrində bu bənd verilməmişdir. Səbəb aydın idi, çünki burada “Məsko şəhindən”, “uruslaşmaq”dan bəhs olunurdu ( 2,27).

“Azərbaycan yurd bilgisi”nin səhifələrində bütün sahələrdə olduğu kimi, ədəbiiyyat sahəsində də aktuallıq baxımından yüksək dəyərləndirilən mövzulara böyük önəm verilmişdir. M.Əli Rəsulzadə kimi ziyalıların ədəbiyyatımızda milli ideoloji dəyərlər uğrunda yorulmadan göstərdikləri əzmkarlıq bu gün də bizim üçün örnəkdir. Vətəndən uzaqlarda yaşasalar da, ürəkləri daim vətən eşqi ilə döyünmüş mühacirlərimizin qarşılarına qoyduqları məqsəd –Azərbaycanın zəngin mədəniyyətini, ədəbiyyatını təbliğ etmək, türkçülük idealına sadiq qalmaq, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq bütün dövrlərdə olduğu kimi, müasir günümüzün də aktuallığıdır.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin