Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2.43 Mb.
səhifə4/27
tarix17.06.2018
ölçüsü2.43 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

Kaynakça:


  1. Azerbaycan Misak-ı Millîsi (28 Mayıs Azerbaycan İstiklâl Beyannamesinin Tahlili). - Millî Azerbaycan Neşriyatı, Sayı: 5. - İstanbul Necm-i İstikbal Matbaası, 1927.

  2. Azərbaycan Paris Sülh Konfransında (1919 -1920), (Tərtib, ingilis dilindən tərcümə və müqəddimə: Vilayət Quliyev) “Ozan”, Bakı 2008.

  3. Karaca, Ahmet. Mirza Bala Mehmedzade’nin Azerbaycan Milli İstiklal ve Hürriyet Davasındaki Yeri, İçinde: Mirza bala Mehmetzade. Millî Azerbaycan Hareketi (Yayına hazırlayan: Ahmet Karaca), Azerbaycan kültür Derneği Yayınları no: 40. - Ankara 1991 (Ss. VII-LVIII).

  4. Mehmetzade, Mirza Bala. Azerbaycan Misak-ı Millîsi (Azerbaycan İstiklâl Beyannamesinin Tahlili), (Aktarma ve şerhler: Alesker Aleskerli, Elşad Mahmudov), Azerbaycan Kültür Derneği Yayınları No: 50 - Ankara 2002.

  5. Mehmetzade, Mirza Bala. Azerbaycan Misaki-i Millisi: 28 Mayıs İstikbâl beyannamesinin tahlili (Aktaran: Faris Şaşan), Türk Dünyası Araştırmaları, Sayı: 97, Ağustos 1995 (Ss. 65-92).



Alı Asker

.

MİRZA BALA MEHMETZADE İS ONE OF THE MOST FAMOUS İIGURES İN THE AZERBAİJANI İISTORY OF THOUGHT AND STRUGGLE OF İNDEPENDENCE



Summary
Mirza Bala Mehmetzade is one of the most famous figures in the Azerbaijani history of thought and struggle of independence. In his work entitled “National Pact of Azerbaijan: Analysis of May 28 Declaration of Independence”, M. M. Mehmetzade has evaluated social, historical and cultural conditions which paved the way for the independence of Azerbaijan and interpreted the articles of Declaration of Independence. 
TAHİRƏ HƏSƏNZADƏ

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,

tatix üzrə elmlər doktoru
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ-TEATRŞÜNAS
Azərbaycan milli qurtuluş hərakatının lideri, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadə (1884-1953) XX yüzilliyin yetirdiyi tanınmış tarixi şəxsiyyətlərdəndir. Bu siyasi xadimin zəngin elmi publisistik irsi ilə tanış olan hər kəs, heç şübhəsiz ki, onun Azərbaycan tarixinin, ədəbiyyatının gözəl bilicisi olduğunu etiraf edəcəkdir. Təkcə “Azərbaycan şairi Nizami” monoqrafiyası Məhəmməd Əmin Rəsulzadəyə böyük şöhrət gətirmişdir (1). Azərbaycan şairini hərtərəfli, dərindən öyrənmək üçün çoxsaylı məntbəələr araşdırmış müəllif gəncəli Nizaminin türk oğlu türk olduğunu bütün dünyaya bəyan etmişdir.Türk dilində qələmə alınan “Azərbaycan şairi Nizami” əsəri Məhəmməd Əmin Rəsulzadənin Avropada keçirdiyi mühacir həyatının yadigarıdır. Əsər 1941-ci ildə dahi Nizaminin anadan olmasının 800 illiyi ərəfəsində Buxarestdə tamamlanmış, görkəmli şərqşünas alim, professor Rüstəm Əliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.

Məhəmməd Əmin Rəsulzadə bədii əsərlərin səhnə həyatı ilə də maraqlanmış, tamaşalara baxmış, hər birinə öz münasibətini bildirmiş, tövsiyələrini vermişdir. O, “Nadir şah” tamaşasına əsərin müəllifi Azərbaycanın görkəmli dövlət xadimi Nəriman Nərimanovla birlikdə baxmış, təəssüratını qələmə olaraq, 1912-1915-ci illərdə Bakıda nəşr olunan “İqbal” qəzetində dərc etdirmişdir. Bu yazını oxuyan hər bir kəs onun müəllifinin Nadir şaha böyük məhəbbətindən Azərbaycan imperatoruna verdiyi yüksək qiymətindən yaranan dərin mühakimələrinə heyran qalar.

Məhəmməd Əmin Rəsulzadə əsərin ünvanının “Nadir şah” olduğu halda tamaşanın proqramında “Nadir şah Əfşar və yaxud İranın kəbiri-inqilabı” kimi yazılmasından təssüflənmiş və tamaşa haqqında öz rəyində belə yazmışdır:

“Əfşarlar bir tayfa adıdır. Nadir şahı kiçik bir tayfaya nisbətləndirməklə, onun aləmşümul olan əhəmiyyəti artmaz... Bu, ona bənzəyir ki, böyük Tolstoyun adı çəkilərkən Yasnaya Polyana deməyi də lazım görəsiniz. Halbuki Yasnaya Polyana Tolstoyun deyil, Tolstoy onu şöhrətləndirmişdir. Öylə də Nadir şah, Əfşar tayfasına mənsub olduğu üçün məşhur olmamış, biləks, Əfşar tayfası ona nisbətdə məşhur olmuşdur. Nadir şah heç əlavə və “ziynətə” möhtac deyildir. Bu kimi özbaşınalıqlar daima xeyirdən çox zərər yetirir. Bunlardan vaz keçilsə, müvafiqdir (1, s.497).

M.Ə.Rəsulzadə teatr tamaşalarına tez-tez gedir, bu tamaşalar haqqında rəy yazır, onları əsasən “İqbal” qəzetinin səhifələrində nəşr etdirirdi. Müqtədir aktyorlar Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, o zaman gənc olan Sidqi Ruhulla və başqalarının səhnə həyatı ilə yaxından maraqlanır, onları yüksək qiymətləndirirdi.

Dahi Füzulinin poeması əsasında Üzeyir və Ceyhun Hacıbəyov qardaşalrı tərəfindən musiqiyə köçürülmüş “Leyli və Məcnun” operası ilk dəfə 1908-ci il yanvarın 12-də “Nicat” cəmiyyətinin teatr bölməsinin opera artistləri tərəfindən Tağıyev teatrında göstərilmişdir. Musiqini Qurban Primovun idarə etdiyi “Şərq” orkestri ifa etmişdir. Tamaşanın rejissoru Hüseyn Ərəblinski idi (3, s.295). O həm də müqtədir aktyor idi. Məhəmməd Əmin Rəsulzadə Hüseyn Ərəblinskinin oynadığı teatr tamaşalarına xüsusi həvəs və maraqla baxmış, həmin tamaşalar haqqında fikirlərini qələmə alaraq mətbuat səhifələrində vermişdir.

1914-cü ilin oktyabrında Rəsulzadənin qələmə aldığı “Qaçaq Kərəm” məqaləsində rəğbət bəslədiyi Hüseyn Ərəblinskinin səhnə həyatının anları təsvir olunur. Müəllifin yazdığına görə, Ərəblinski iki ildən artıq Bakı səhnəsində görünməmiş, özü isə “zəmanənin təsadüflərindən dolayı” aktyoru yeddi il izləməkdən məhrum olmuşdur. Ərəblinskinin qəhrəmanı “Qaçaq Kərəm” pyesinə Qurban bayramı münasibətilə tamaşa edən AXC lideri bu mövzunun Qafqazın ictimai həyatında mövcud olan qaçaqçılıq və onun səbəblərinə həsr olunduğunu göstərir. Vaxtilə çox məşhur olmuş “Qaçaq Kərəm” in qəhrəmanı mülkədar Rəhim xan Kəngərlinski tərəfindən çöllərə, dağlara düşməyə vadar olmuşdur. Kərəm gözəl və tərbiyəli istəklisini müdafiə etmiş, xan Kəngərlinskidən intiqam almışdır.

Məlum olduğu kimi, “Qaçaq Kərəm” dastanı bir neçə variantda yazılmışdır: “Kərəm və Zalıxan”, “Kərəm xan Sərtib” və “Qaçaq Kərəm”. O cümlədən A. Purtseladze, V. Mçedlişvili də “Qaçaq Kərəm” adlı dramını Qaçaq Kərəmə həsr etmişlər (4, s.104). M.Ə.Rəsulzadə məqaləsində yazır ki, tamaşa hansı dildən və kimin əsərindən tərcümə olunduğu bəlli deyildir. O, tamaşa zamanı bu əsərin gürcü dilindən tərcümə olunduğunu, müəllifinin də tamaşa zalında əyləşdiyini öyrənmiş və onunla tanış olmuşdur. “Mçedlişvili (məqalədə Maçadilişvili-T.H.) bizə “Qaçaq Kərəm” namında əsərin özləri tərəfindən bundan üç sənə (1911-ci il) əvvəl yazıldığını və gürcü səhnələrində bir neçə kərə dəxi oynanıldığını söylədilər və senzor tərəfindən gürcücə yazılmış “Qaçaq Kərəm” pyesinə verilən icazənaməni də göstərdilər. Mçedlişvili: “mənim əsərimi tərcümə edib oynayırlar da tərcümə edildiyini qeyd etmiyorlar. Məni çox incidiyorlar-deyirdi” (5,s.392). Məhəmməd Əmin Rəsulzadə Hüseyn Ərəblinskiyə müraciət etmiş, aktyor əsərdə mütərcim olduğu zikr edilsə də, hansı dildən və hansı əsərdən tərcümə edildiyi göstərilməmişdir, səhv olmuşdur –deyə üzr istədi. Rəsulzadə göstərir ki, bu qedy edilməli, xalqa bildirilməlidir. Daha sonra məqalədə aktyorlar haqqında fikir yürüdülmüş, Ərəblinski və Gülsabah xanımı, gürcü knyazı rolunda Abbasmirzə Şərifzadə, xanın sekretarı-Cahangir Zeynalov, xanın rolunda Hacağa Abbasov, Qəmərlinski, Səməd Mənsur və digər aktyorlar tamaşanın yaxşı keçməsinə səy və kömək etdilər (5, s.396).

Məhəmməd Əmin Rəsulzadə Üzeyir bəy Hacıbəylinin “Şah Abbas və Xurşidbanu” operası haqqında yazdığı məqalədə əsərin 1911-ci ilin mart ayında tamaşaya qoyulduğunu göstərir. Müəllif yazır ki, bu əsər Üzeyir bəyin mühüm əsərlərindən biridir. Əsərin tamaşaya qoyulduğu gün Zülfüqar bəy Hacıbəylinin “Evlikən subay” operettası da Nikitin sirkində nümayiş etdirilirdi. Məhəmməd Əmin Rəsulzadə bu səbəbdən “Şah Abbas və Xurşidbanu” operasının tamaşaçısının az olduğuna, Tağıyev teatrının boş qaldığına təəssüfləndiyini bildirmişdir, o, yazır: “Tamaşıçıların az olması, zalın boşluğu səhnədə bəzi boşluqlara səbəb olurdu. Hər kəsdən ziadə nəzərə çarpan Sarabskinin çox dilxor olması idi. Çünki ayrı vaxt tamaşaçıların alqışlarını görən aktyor bu dəfə az, lakin sürəkli alqışlayan tamaşaçıların yarım saata qədər “Sarabski” deyə bağırmalarına rəğmən gəlmədi ki, gəlmədi” (2, s.311-312).

Məlum olduğu kimi “Şah Abbas və Xurşidbanu” operasının məzmunu I Şah Abbas Səfəvinin həyatına həsr olunmuş, xalqın yaratdığı müxtəlif hekayətlərdən ibarətdir və opera dəfələrlə oynandığı üçün xalqa bəlli idi.

Məhəmməd Əmin Rəsulzadə əsər haqqında yazdığı rəydə musiqinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”dəki qədər milli deyil, bir çox parçaların Avropa muğamatından iqtibas olunduğunu göstərir və “Bütün həvas-pərtliklərlə bərabər oyun yenə yaxşı keçdi”-deyə qeyd edir. “Sarabski (Şah Abbas) və Tanrıqulov (Müstavir) rollarında olduqca yaxşı oynamış, Bağdadbəyov yaxşı oxuyurdı, lakin nə səsi, nə də oyunu Xurşidbanunu təmsil etdirə bilmiyordu” (2, s.312). Müəllif geyimlərə irad tutmuş, bəzi məsləhətlərini vermişdir.

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin teatrında Üzeyir bəy Hacıbəylinin və Müslim Maqomayevin 1914-cü ilin aprelində birgə hazırladıqları gülüş gecəsi özünəməxsus, qeyri-adi bir tamaşa olmuşdur. Elə tamaşa haqqında Rəsulzadənin yazdığı məqalənin də adı qeyri-adi, lakin tamaşaya münasib olmuşdur. “Yaram-yaram” adlandırılan bu rəy komediya janrında yazılmış əsərlərdən və digər əsərlərdən parçalar əsasında tərtib edilmiş tamaşa haqqındadır. Müəllif yazır: “O olmasın, bu olsun” komediyasından Məşədi İbad kəmali-zövq ilə adaxlısnı gözlərkən birdən Məcnun, o divanə halı ilə zahir ediyor. Məşədi İbad qorxusundan yolu çaşaraq bir başa səhnədən tamaşaçıların içinə qaçır və bir azdan sonra bir dəstə qoçular ilə təkrar tamaşıçılar arasından gələrək səhnəyə doluşurlar. Bu böyük kərənkəliyə də mövcud oluyor. Fəqət nə zərəri, xalq ki, gülüyor-bəsdir. “Rəsuılzadə yazır ki, bu kimi “yanlış özü də bir naxışdır” məfhumuna bağlı olan xüsuslar əcnəbi səhnələrində də vaqe olur. Nə yaxşı ki, tamaşaçılar Məşədi İbadın qoçularına qoşulub, səhnəyə tökülmədilər. Tamaşanın musiqisi və xoru həmişəki kimi gözəl idi. Həmin məqalədə müəllif bir tamaşadan da bəhs edir. Həmin tamaşada Keşişin bəd duası nəticəsində Kərəm rolunda olan Sarabski yıxılıb ölür. O yandan birisi gəlib deyir: “Adə, hara ölürsən, hələ ölmə ki, “Nicat”ın zasedaniyası olmayıb” deyə onu qaldırır və rəqsə başlayırlar. Bu sözlər, müəllifin yazdığına görə, Sarabskinin “Nicat”dan intiqamını almaq qəsdilə deyilmişdi (2, s.339).

Ədəbiyyatımızın gözəl bilicisi Məhəmməd Əmin Rəsulzadə bədii əsərləri müqayisəli təhlil etmiş, onlara öz münasibətini bildirmişdir. Bu əsərlərdən biri Məhəmməd Əmin Rəsulzadənin tamaşa etdiyi, Azərbaycanda, Qafqazda və Anadolu türkləri arasında məşhur olan, müəllif və şairi bəlli olmayan, xalqın yaratdığı, saz aşıqlarının, xalq sənətkarlarının gəzib oxuduqları məşhur əfsanələrdən “Əsli və Kərəm” operasıdır. Tamaşanı Müslim Maqomayev idarə edirdi. Rəsulzadə “Əsli və Kərəm” əsərini Nəriman Nərimanovun “Bahadır və Sona” sı ilə müqayisə edərək yazırdı: “Kərəm ilə Əslinin eşqlərini onlar üçün fəlakət edən “keşişin” bədduası və qarğışıdır. Bahadır ilə Sona da məqsədə irişməyib, fəlakət və həlakətə düçar oluyorlar. Bunların fəlakətəni icab edən şey “uçurum dərələrdir” (5, s.24).

Opera mövsümü “Əsli və Kərəm”lə açılmışdı. Mövsümün olduqca maraqlı keçdiyini bildirən Rəsulzadə, Sarabski, Ağdamski və Tanrıkuliyevin həmin gecə mühüm qüvvə olduqlarını sübut etdiklərini xüsusi vuruğulamışdır. O yazır ki, bu gecə Sarabski misilsiz bir aşiqdir. Ağdamski arvadsız səhnəmiz üçün böyük bir nemətdir. Tanrıkuliyev isə sözüün tam mənası ilə tam bir opera aktyorudur. Rəsulzadə yazır ki, “Leyli və Məcnun” operasına baxdıqdan sonra o, Bakıdan ayrılmış, beş il keçdikdən sonra “Fərhad və Şirin”i görmüş, geriliyə ürəyi ağrımışdı. Bu ağrı “Əsli və Kərəm” operasına baxdıqdan sonra sağaldı (5, s.24) (6, s.388).

Məhəmməd Əmin Rəsulzadə “Əsli və Kərəm” tamaşasına 1914-cü ilin fevral və 1915-ci ilin yanvar aylarında, iki dəfə baxmışdır. 1915-ci ilin 18 yanvarında onun digər bir tamaşa haqqında rəyi mətbuatda dərc olundu. Bu, “Arşın mal alan” operettası haqqında maraqlı bir rəydir. Rəsulzadə həmin gün tamaşadan çox razı qaldığını bildirərək, aktyorların gözəl oyun nümayiş etdirdiklərini yazmışdır. Soltan bəyin mülkədar rolunu Ələkbər Hüseynzadə, Gülçöhrə rolunu Ağdamski, Cahan xanım (xala) rolunu cənab Süheyli, Əsgər bəyi Tanrıqulov, Vəlini Həsənov çox yaxşı oynadılar. Musiqi gözəl idi. Müəllif yazır ki, səhnədən şikayət ediləcək bir şey olmayıb, xalq qəhqəhələrlə məmnun olduğunu bildirirdi (5, s.51).

Məhəmməd Əmin Rəsulzadə 1914-cü ilin payızında Hüseyn Ərəblinskinin iştirakı ilə Tağıyev teatrında bir necə tamaşaya heyranlıqla baxmışdır.

Əhməd bəy Məlikov-Qəmərlinskinin “Rüstəm və Zöhrab”ı “Şahnameyi-Firdovsi”dən tərcümə edilmiş mənzum pyesdir. Bu, Qəmərlinskinin ilk əsəridir və “Şahnamə”dən alınmış ən təsirli bir əfsanədir. Buna münasibət bildirən məqalə müəllifi yazır: “Məşhur olan əfsanə möcibincə, əsər sahibinin yazdığı kimi, Səməngah bir şah deyil, Səməngandır. Ona görə də bu, “Səməngan şahı” yazılmış olsaydı, səhih olardı” (2, s.418). Birinci pərdələr Rüstəmin Rəxş adlı atını axtara-axtara “Səməngah şahın” sarayına gəlməsi və orada “Səməngah”ın qızı ilə aşiqanə bir əlaqədə olmasını gösztərir. Tamaşa barədə digər iradlar da göstərilmişdir ki, bu da zavallı artistləri olduqca “sıxıb əzişdiriyor”. Ağ Qaladan gələn uzun məktub iki dəfə oxunur. Əsərin digər nöqsanları olduğunu göstərən müəllif bu qənaətə gəlir ki, məşhur bir həqiqətə görə iqtidarsız yazılmış əsər ən iqtidarlı artistləri belə məhv edər. Tamaşada Ərəblinskinin də Rüstəmi rolun içində sıxılıb qalırdı, çünki manevr üçün meydan tapmayan bir ordu kimi idi. Ərəblinski həm də tamaşanın rejissoru idi, ona görə də bu cümə axşamının müvəffəqiyyətsizliyinin günahını da ancaq özü dəröhdə etməlidir. Bir neçə belə rollara dəxi girsə Ərəblinski intihar etmiş olacaqdır (2, s.419).

Bu tamaşada Zöhrab rolunun ifaçısı Abbasmirzə Şərifov, Keykavus rolunda Qəmərlinski idi. Ümumiyyətlə Məhəmməd Əmin Rəsulzadənin əsər barədə yazdığı rəydən məlum olur ki, o, “Rüstəm və Zöhrab” faciəsinin tamaşasından razı qalmamışdır. Tamaşa haqqında olan məqalə “İqbal” qəzetinin 2 noyabr 1914-cü il tarixli sayında dərc olunmuşdur.

Məhəmməd Əmin Rəsulzadə əsatırı mövzu oloan “Gaveyi-Ahəngər” əsərinin tamaşasından çox təsirlənmiş və “Drama tapıldı!” deyib, bu başlıq altında pyesdən aldığı təəssüratı qələmə almışdır. Müəllif bu tamaşaya 1914-cü ilin dekabr ayında baxmış, həmin ayın 2-də öz rəyini “İqbal” qəzetində dərc etdirmişdir. O, rəyində gözəl, klassik bir əsərə tamaşa etdiyini, aktyorların məharət və ləyaqətlə oynadıqlarını, gözəl bir tamaşa bəxş etdiklərini bildirmişdir. Tamaşanın quruluşu o qədər gözəl və şairanə idi ki, müəllif öz rəyində “gözəlliklər içində gözəlliklər” deyərək ali hisslərini gizlədə bilməmişdir. O yazır: “...insaniyyət aləminin son qələbənin nur və yaxşılıq tərəfində olduğu haqqında bəslədiyi imanın ayinəsi olan bu gözəl əfsanə Şəmsəddin Sami bəy kimi ustad bir qələm (sahibinin) sayəsində o qədər ruhlanmış, o qədər canlanmış, o qədər müəssir bir səhnə əsərinə dönmüşdür ki, .... ondan gözəlini artıq təsəvvür etmək olmaz. “Gaveyi-Ahəngər” pyesası hər hansı bir klassik Avropa əsərilə şübhəsiz ki, yan-yana qoyula bilər” (2, s.509).

“Gaveyi-Ahəngər” tamaşasına müvəffəqiyyət qazandıran teatr truppasının rejissoru Hüseyn Ərəblinski idi. O, həm də gözəl rəssam idi və səhnədə elə şairanə mənzərələr yaradır ki, tamaşaçını valeh edirdi. Rəsulzadə məftunluqla yazırdı ki, Ərəblinski ilə rəqabət edəcək ikinci birisi türk səhnəsində tapmaq mümkün deyil. Tamaşada Gavə rolunda Ərəblinski çıxış edirdi. “Mərhum Şəmsəddin tamaşaçılar arasında olsa idi, yazarkən Gavəni böylə görüb də yazmış olduğunu etiraf edərdi”-deyə Rəsulzadə düşünür. Hüseynqulu Sarabskinin Fərhad rolu barədə xoş sözlər söyləyən Məhəmməd Əmin Rəsulzadə müqtədir aktyorun geyiminin, qriminin vəzifəsinə uyğun olduğunu, yaratdığı dünyalar qədər mətin iradəyə malik qoca surətinin müqəddəs vəzifə üçün hər şeydən, hətta doğma oğlundan belə keçməyə hazır olduğunu nümayiş etdirə bildiyini göstərir. Zöhhak rolunu Qəmərlinski, onun baş vəzirini Sidqi oynayırdı. Rəsulzadə Sidqinin həmin rolu “Sidqiyanə” oynadığını diqqətə çatdırmışdır. Pərviz rolunu Abbasmirzə Şərifzadə, Xubçöhr rolunu Gülsabah oynayırdı.

Məhəmməd Əmin Rəsulzadənin teatr tamaşaları barədə fikirlərini əks etdirən publisistik əsərləri saysız-hesabsızdır. Teatrşünas Məhəmməd Əmin Rəsulzadə yaradıcılığı xüsusi tədqiqat mövzusudur.
Ədəbiyyat:


  1. Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. – Bakı : Azərnəşr, 1991. - 232 s.

  2. Rəsulzadə M.Ə.Əsərləri. – C.2. 1909-1914.- Bakı : Şirvannəşr, 2001. - 528 s.

  3. Hüseynov Ş. Mənəvi irsimiz və gerçəklik. – Bakı : Adiloğlu, 2004. - 524 s.

  4. ASE. C.3. - Bakı, ASE Baş Redaksiyası, 1979. - 600 s.

  5. Rəsulzadə M.Ə. Əsərləri. C.3. 1915-1916. – Bakı : Elm, 2012. - 596 s.

  6. Hüseynov Ş.Milli haqq və ədalət axtarışında. - Bakı, 2004. - 420 s.


Taira Hasanzadeh
MAHAMMAD AMİN RASULZADEH: THEATRE CRİTİC

Summary
Political feagure Mahammad Amin Rasulzadeh, was researcher of Azerbaijan literature at the same time. He dedicated to genius Azerbaijan poet Nizami Ganjevi`s 800 th anniversary of birth a monograph “Azerbaijan poet Nizami”. The lider of ADR constantly watched the theatre performances, Huseyn Arablinski, Huseyngulu Sarabski, Abbasmirza Sharifzadeh, Sidgi Ruhullah in the press and published articles.
NAİLƏ SƏMƏDOVA

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, filologiya üzrə elmlər doktoru nailesamadova@yahoo.com
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN TƏŞƏKKÜLÜNDƏ

YUSİF VƏZİRİN FƏALİYYƏTİ

Tanınmış nasir, publisist, alim, peşəkar tərcüməçi, folklor araşdırıcısı Yusif Vəzir Çəmənzəminli ictimai-siyasi fəaliyyəti ilə də böyük nüfuz sahibi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə, yaradılmasında dövrün bir çox aydınları ilə yanaşı Yusif Vəzirin də xidmətləri özəlliklə qeyd edilməlidir.

1917-ci ilin noyabr ayında Yusif Vəzirin təşəbbüsü ilə Türk Ədəmi-mərkəziyyət firqəsi Kiyevdə təhsil alan tələbələri öz ətrafına toplayaraq “Musavat” partiyasının Kiyev şöbəsini təşkil etdi. Şöbənin açılması tələbələrdə ruh yüksəkliyi yaratdı. Şöbənin əsas məqsədi gələcəkdə xalqa lazım olan bilikli və təcrübəli adamlar yetişdirməkdən ibarət idi. Bunun üçün iclaslarda ana dilində danışmaq, camaata bilik vermək məqsədilə risalələr nəşr etdirmək əsas şərtlərdən idi. “Musavat”ın Kiyev şöbəsi səkkiz bənddən ibarət qərar çıxarır. Azərbaycanın sərhədini Dərbənddən Xəzər dənizinin cənubunadək müəyyənləşdirən partiya ölkənin nicatını milli qoşunun yaranmasında görür.

Yusif Vəzir bu dövrdə Türk millətinə xitab edərək yazırdı: “Ey nəcib Türk milləti, ayıl! Bir rəşadətli balalarını yad et! Şan və şövkət ilə ömür sürülməlidir. Köhnə rus məmurlarının çəkməsi altında tapdalandığın kifayət edər” (1, 209).

Türklərin Qafqazda sayca hamıdan artıq olduğu, ayrıca bir millət təşkil etdiyi halda milli işlərini öz əllərinə ala bilmədiklərini, mərkəzi şuraya və milli idarəyə malik olmadıqlarını təəssüf hissi ilə bildirən Yusif Vəzir hümmətçilərə, dini firqələrə, cavanlara müraciətlə Ədəmi-mərkəziyyət fikrinin başında toplaşmağa, “Musavat” firqəsinə yazılmağa səsləyir. O, ziyalılara səslənərək deyir: “Ey ziyalılar! Qafqaziyanın böyük və bərəkətli bir qismi biz Azərbaycan türklərinindir. Burada toprağın və mülkün çoxu bizim, dövlət bizim, onda yaşayan millətin çoxu bizim, danışılan dil bizim, ruhumuzu bəsləyən musiqi və ədəbiyyat bizim... Bəs Allahın o gözəl nemətindən niyə üz döndərirsiniz? Cürət ediniz, iş görünüz! “Musavat” şöbələrini hər şəhər və kəndlərə yayınız! Durmaq zamanı deyil; bir az səbr eləsəniz, gözəl ölkəmiz fövt olub əldən gedər!” (1, 211).

Yusif Vəzir bir neçə milyonluq Türkün kifayət qədər gücünün olduğunu, lakin bu gücün dağınıq olduğunu göstərir və Azərbaycanda ədəmi-mərkəziyyət qayəli bir idarə yaradılmasını təklif edir. Elə bir idarə ki, Bakı, Gəncə, Dağıstan, İrəvan, Batum və Qars vilayətlərində yaşayan Türkləri mühafizə etsin, onların həm indiki, həm də gələcəkdə asudə və xoşbəxt yaşamağını təmin etsin. O, ölkəmizin dövlətli olduğu halda, nahaq yerə qırılmağımızın, talanmağımızın, incidilməyimizin səbəbini özgə millətlərin nümayəndələrinin bizi idarə etməsində görür. Yusif Vəzir yazır: “Biz, Azərbaycan türkləri, bir millətdən ibarət olub, geniş bir toprağa malik olduğumuz üçün muxtariyyət binası qurmaq istəyirik. Ölkəmizin sərhədi Dərbənd şəhərindən tutmuş Osmanlı məmləkətinə qədər və Batumdan tutmuş Xəzər (Kaspi) dənizinin qiblə tərəflərinədəkdir. Paytaxtımız Bakı şəhəri olacaq. ... Bakı şəhərində millət məclisi qurulacaq və bu məclisə Azərbaycanın hər bir guşəsindən camaat vəkilləri göndəriləcək. Vəkillər o məclisdə camaatın dərdlərini və diləklərini bildirəcək və ona görə əlaclar ediləcək. Millət məclisi Azərbaycanımız üçün qanunlar yazacaq, biz də ona əməl edəcəyik. Millət məclisinin buyruqlarını yerinə yetirmək üçün milli hökumətimiz olacaq. Millətə lazım olan tədbirləri millət vəkilləri tökəcəklər və əmələ gətirmək üçün milli hökumətə veriləcək. Milli hökumətimiz bizim malımızı, canımızı, namusumuzu hifz eləmək üçün var qüvvəsilə çalışacaq” (1, 213).

Muxtariyyət əldə etmək yolunda Ukrayna yolunu əsas götürən Yusif Vəzir müxtəlif fikir və məsləkə tabe olan insanların bir araya gəlib, müttəfiq bir halda birləşib millət məclisi yaratmasının əsas amil olduğunu vurğulayır. O, milli qoşunun yaranması ilə ölkədə olan hərc-mərcliyin dərhal aradan qaldırmağın mümkün olduğunu bildirir və qeyd edir ki, əgər bizim muxtariyyətimiz, nizamlı qoşunumuz olsa, rus əskərindən əsla qorxmarıq. Onların qayıtdığı yollara öz milli əskərlərimizi düzərik və onların müsəlmanların malına, canına qəsd eləməyə hünəri olmaz.

Yusif Vəzir Cümhuriyyətin Ukrayna modelini incələyir, bu ölkənin hər addımına nəzər yetirilməsinin, həmçinin qəzetlərin və ya cəmiyyətlərin Kiyevdə müxbir saxlamaqlarını və bu müxbirlərin gündəlik durum haqqında komitələrimizə, qəzetlərimizə xəbər verməyin vacibliyini göstərir. O, zəruri məsələlər sırasına milli nəğməni də daxil edir və milli nəğməmizin olmamasına təəssüf edir. Yusif Vəzir yazır: “Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artır. Bizimsə bu nəğməmiz yoxdur. Odur ki, milli sərxoşluğumuz ... yoxdur. Düşməni yıxmaq üçün də milli sərxoşluq lazımdır” (2, 242). Yusif Vəzir bunun üçün şairlərimizin və bəstəkar Üzeyir Hacıbəylinin çalışmasını, milli komitə və ya mərkəzi “Musavat”ın himnimizin yazılması üçün mükafat elan etməsini təklif edir.

“Musavat” partiyasının lideri yalnız milli idarəsi, milli ölkəsi olan millətin xoşbəxt yaşaya biləcəyini bildirir və nəzərə çatdırır ki, millət, ölkə və hakimiyyət bir yerdə toplananda Vətən müstəqil olar. Yusif Vəzir “Biz kimik və istədiyimiz nədir” əsərində bu məsələlərə aydınlıq gətirir: “... bizim üçün ən vacib məsələ Azərbaycanın hakimiyyətini öz əlimizə almaqdır. Bu isə istiqlal ilə olur. Odur ki, Azərbaycanın istiqlalı firqəmizə ələm olmuşdur. Türk Ədəmi-mərkəziyyət firqəsi “Musavat”ın əsl məqsədi də bundan ibarətdir. Ola bilər ki, öz ixtiyarımız öz əlimizə düşdükdə ədalətsizlik baş versin. Ədalətsizliyi yox etmək üçün Azərbaycan hakimiyyəti gərək xalqın öz istədiyi adamların əlinə keçsin. Ta ki, milli idarə xalqın xahişi ilə olub camaatın hər bir sinfinin ehtiyacını nəzərə alsın. ... biz musavatçıların bu saat iki fikri var: biri Azərbaycanın xarici işlərinə dairdir, digəri də daxili işlərinə” (3, 220).

Bununla əlaqədar Yusif Vəzir “Musavat”ın xarici və daxili məsələlərini şərh edir və göstərilən fikirlərlə şərik olanları “Musavat” firqəsinə üzv olmağa çağırır. Çünki firqənin ətrafına yığılmaqla Vətəni hifz etmək və Azərbaycanın istiqlalını əldə etmək olar. Məhz “Musavat” partiyası “türk və islam həmrəyliyinə arxalanaraq Azərbaycanın milli müstəqilliyi uğrunda mübarizə aparırdı” (4, 67).

Musavat partiyasının Azərbaycanda fəaliyyətini araşdıran tədqiqatçı Məryəm Oruclu Yusif Vəzirin “Xarici siyasətimiz” məqaləsinə, əsasən, məqalənin “Denikin qorxusu” bölməsinə söykənərək bu dövrün siyasi mənzərəsini işıqlandırır və vurğulayır ki, Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Musavatın Kiyev şöbəsi “Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin yaradılmasına çalışmış və şöbənin rəhbəri Y.V.Çəmənzəminli Azərbaycanın Ukraynada səfiri təyin olunmuşdur” (5, 40.).

Beləliklə, 1918-ci il noyabr ayının 1-dən Azərbaycan Demokratik Cümhuriyyəti Yusif Vəziri Azərbaycanın Ukraynada diplomatik nümayəndəsi təyin edir. “Diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı Rusiya ictimaiyyətinə tanıtmaq idi. Çünki onlar Azərbaycanı yalnız İranın bir hissəsi bilirdilər” (6, 80). Yusif Vəzir bu dövrdə etdiyi məruzələrin birində bolşevizmə zidd olduğunu, bolşevizmin heç bir millətə səadət gətirməyəcəyini və Azərbaycana gəlməsinə bütün ciddi-cəhdlə qarşısının alınmasını bildirərək yazır: “Bunun qarşısını almaq üçün bolşevizmi doğura biləcək ədalətsizliyi məmləkətimizdən rəf və dəf etməliyiz. Bolşevizm aclıqdan və səfalətdən çıxır. Bunun üçün millətimizin əksəriyyətini təşkil edən fəhlə və kəndçi sinfinin iqtisadi həyatını yoluna qoymalı, topraq məsələsini onlara əlverişli bir surətdə həll edilməlidir” (7, 251).

Cümhuriyyət dövründə Yusif Vəzir Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarəti və iqtisadiyyatı haqqında məqalələr yazır və bunlar ölkənin xaricdə tanınmasında vəsilə olur. Azərbaycan ilə Ukrayna arasında səmimi dostluq münasibətləri var idi. Hətta Ukraynanın hərbi naziri Jukovski hər sahədə azərbaycanlılara müavinət verməyə hazır olduğunu vəd etmişdi. Ukraynada “Musavat” adı böyük nüfuza malik idi və bu dövlət Musavat partiyasını tanıyırdı. “Musavatın 1918-1920-ci illərdə müstəqil Azərbaycan Cümhuriyyəti dövründə gördüyü işlər ölçüsüzdür. Yaradılan bütün hökumət kabinələrində musavatçılar ciddi rol oynamış, dövləti vəzifələrini şərəflə, vicdanla yerinə yetirmişlər” (8, 95).

Musavat partiyasının fəal bir üzvü kimi Yusif Vəzir Azərbaycan Cümhuriyyətinin xarici ölkələrlə əlaqəsinə böyük önəm verirdi. Onu Ukrayna ilə yanaşı Azərbaycan və Türkiyə arasında əlaqələrin möhkəmlənməsi daima düşündürürdü. 1919-cu ilin iyun ayında Yusif Vəzir İstanbula gəlir. Burada o, diplomatik və ədəbi dairələrin nümayəndələrinin bəziləri ilə görüşərək mövcud durum barədə fikir mübadiləsi edir. Vətənə döndükdən sonra Azərbaycan Demokratik Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Usubbəyovun qəbulunda olur və ona İstanbulda Azərbaycan səfirliyinin açılmasının vacib olduğunu bildirir. Məqalələrinin birində Yusif Vəzir səfirliyin açılmasını tutarlı dəlillərlə əsaslandırır. İstanbulun Bakı mədənləri məhsulları üçün yeganə xarici bazar olduğunu, ticarətin, maarifin və mədəniyyətin inkişafında səfirliyin mühüm əhəmiyyətə malik olduğunu bildirir. Məhz Yusif Vəzir Nəsib bəy Usubbəyovun təklifi ilə 1919-cu ilin payızında Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edilir. O, İstanbulda Türkiyənin xarici işlər naziri ilə görüşüb özünü təqdim edir. Türkiyə qəzetləri bu görüş haqqında məlumat verdikdən sonra Yusif Vəzir öz diplomatik vəzifəsini yerinə yetirməyə başlayır.

Yusif Vəzir “Xarici siyasətimiz” adlı məqaləsində yazırdı: “Azərbaycan birinci islam məmləkətidir ki, qanunlarının və məhkəməsinin islaha ehtiyacı yoxdur. ... Azərbaycan birinci islam cümhuriyyətidir. Demokratik bir idarəsi ilə islam tarixinə yeni səhifələr əlavə edir” (8, 256).

Həqiqətən də xalqımızın azadlığının, müstəqilliyinin əsasını qoymuş birinci islam dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə Yusif Vəzirin böyük xidmətləri olmuşdur. Musavat partiyasının yaranmasında və inkişafında, Ukraynada və Türkiyədə diplomatik fəaliyyəti dövründə gördüyü işlər, qələmə aldığı məqalələr bunun bariz nümunəsidir.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə