Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adina əlyazmalar institutu “Azərbaycan əlyazmaları dünya kitabxanalarında”



Yüklə 2,43 Mb.
səhifə5/27
tarix17.06.2018
ölçüsü2,43 Mb.
#53967
1   2   3   4   5   6   7   8   9   ...   27

Ədəbiyyat:
1. Çəmənzəminli Y.V. Azərbaycan muxtariyyəti ayılın, toplaşın. Əsərləri. Üç cilddə.C.3. – Bakı : Avrasiya Press, 2005.

2. Çəmənzəminli Y.V. Zəruri məsələlər. Əsərləri. Üç cilddə. C.3. - Bakı :Avrasiya Press, 2005.

3. Çəmənzəminli Y.V. Biz kimik və istədiyimiz nədir. Əsərləri. Üç cilddə. C.3. - Bakı : Avrasiya Press, 2005.

4. İbrahimova A. Azərbaycanda ictimai-siyasi qüvvələrin mübarizəsi (1917-1918-ci illər).- Bakı : Elm, 2010.

5. Oruclu M. Azərbaycanda və mühacirətdə Musavat partiyasının fəaliyyəti (1911-1992). – Bakı : Azərnəşr, 2001.

6. Vəzirov O. Azərbaycan Respublikasının Ukraynada və Türkiyədə ilk səfiri. - Bakı, 2007.

7. Yusif Vəzirovun məruzəsi. Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə. C.3. - Bakı, Avrasiya Press, 2005.

8. Yaqublu N. Musavat partiyasının tarixi.- Bakı : Ay-Ulduz nəşriyyatı, 1997.

9. Çəmənzəminli Y.V. Xarici siyasətimiz. Əsərləri. Üç cilddə. C.3. - Bakı : Avrasiya Press, 2005.

Naile Samadova

YUSİF VAZİR’S ACTİVİTY İN THE AZERBAİJAN PEOPLE’S REPUBLİC ESTABLİSHMENT

Summary
Yusif Vazir Chamanzaminli, who occupied a prominent position in the Azerbaijani literature, had great services in the establishment of the Azerbaijan People’s Republic. He was appointed as ambassador of the Azerbaijan People’s Republic to Ukraine and Turkey.

During the Republic’s period, his articles about Azerbaijan’s history, literature, culture, commerce, and economy were of great importance in the country's recognition abroad.



ESMİRA CAVADOVA

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu,

tarix üzrə fəlsəfə doktoru

esmira.сavadova@gmail.com
MÜASİR AZƏRBAYCAN RESPUBLİKASI

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN HÜQUQİ VARİSİDİR
1918-ci il may ayının 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsi ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etdi. Bu bəyannamədə bildirilirdi ki, Xalq Cümhuriyyətində ali icraedici hakimiyyət müvəqqəti hökumətdir. Müvəqqəti hökumət isə Azərbaycan Milli Şurası qarşısında cavabdehdir. Milli Şura 6 bənddən ibarət onun qarşısında duran əsas vəzifələri belə elan etmişdir:

1. Azərbaycan xalqı suveren hüquqlara malik Azərbaycan torpaqları olan Cənubi və Şərqi Zaqafqaziyadan ibarət olan tam hüquqlu müstəqil dövlətdir;

2. Müstəqil Azərbaycanın siyasi quruluş forması demokratik respublikadır;

3. Azərbaycan Demokratik Cümhuriyyəti bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışır;

4. Azərbaycan Demokratik Cümhuriyyəti öz sərhədləri daxilində milliyyətindən, dinindən sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, bütün vətəndaşların vətəndaşlıq və siyasi hüquqlarını təmin edir;

5. Azərbaycan Demokratik Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərə azad inkişaf üçün geniş imkanlar verir;

6. Müəssislər Məclisi çağırılana kimi bütün Azərbaycanın idarəsi başında xalq səsverməsi yolu ilə seçilmiş Milli Şura və onun qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.1

Bu dövrdə Azərbaycanda bir neçə siyasi partiyalar fəaliyyət göstərirdi. Onların arasında 1911-ci ildən fəaliyyətə başlayan, geniş xalq kötləsini əhatə edən “Müsavat” partiyası Azərbaycan Milli Hökumətin parlamentində hakim partiya idi. “Müsavat” partiyasının proqramı hökumətin sosial inkişafı kimi qəbul edilmişdi. Söz azadlığı (hürriyyəti-kəlam), vicdan azadlığı (hürriyyəti-vicdan), milli mədəniyyətin inkişafına təkamül verən amillər idi. “Musavat” partiyasının təsisçisi və lideri M.Ə. Rəsulzadə idi.

Milli Şura tərəfindən elan edilən “İstiqlal Bəyannaməsindən sonra Müvəqqəti hökumət öz fəaliyyətini Azərbaycan Respublikasının müvəqqəti paytaxtı olan Gəncədə davam etdirirdi. Yeni yaranmış hökumətin qarşısında çox böyük çətinliklər dururdu. Hökumət istər daxildən və istərsə də xaricdən problemlərlə rastlaşırdı. M.Ə.Rasulzadənin başçılıq etdiyi Milli Şura bu problemləri müvəqqəti də olsa aradan qaldırırdı. Mövcud Rus Milli Şurası Azərbaycanın bəyannaməsini qəbul etmir, Azərbaycanı hələ də Rusiyanın mülkiyyəti hesab edirdi. Ona görə də Azərbaycan Milli Şurası belə qərara gəlir ki:


  1. Azərbaycanın dövlət quruculuğu və siyasi vəziyyəti məsələsi qəti olaraq Ümumdünya sülh konfransında həll edilməlidir;

  2. Sülh Konfransına qədər Azərbaycanın idarə sistemindəki vəziyyəti dəyişməz olaraq qalmalıdır;

  3. Əgər Ümumrusiya Müəssislər Məclisi Rusiyanın bütün xalqlarının nümayəndələrinin iştirakı ilə Ümumdünya Sülh Konfransına toplanarsa, Azərbaycan burada iştirak edib, öz müqəddaratını təyin etmək hüququnu müdafiə edəcəkdir. 2

Azərbaycanın istiqlaliyyət və azadlıq əldə etməsi xəbərini Azərbaycan Nazirlər Şurasının sədri Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla Paris, Roma, Berlin, Vyana, Vaşinqton, Madrid, Stokholm, Kiyev, Kopenhagen, Tehran, İstanbul hökumətlərinə bildirdi.

Bu dövrdə yeni yaranmış Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında sərhədlərin müəyyənləşdirilməsində çox ciddi ziddiyyətlər meydana çıxmışdı. Azərbaycan respublikası öz ərazisini elan etməmişdən əvvəl üçtərəfli danışıqların olması təklifini irəli sürürdü. Gürcü və Erməni hökuməti Azərbaycandan qoparmaq istədikləri torpaq hesabına böyük ərazi iddiasında idilər. 1920-ci ilin əvvəllərində sərhədlər məsələsi nisbətən sabitləşdi. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 97,3 min kv. km. idi. Şimalda Dağıstanla sərhəd Samur çayı və Baş Qafqaz sıra dağları boyunca müəyyən olunmuşdu. Qərbdə Gürcüstanla sərhəd xətti bugünkü sərhədlərimizə uyğun gəlirdi. Yeganə uyğunsuzluq Borçalı ilə Qazax mahalları arasındakı sərhəd xəttində idi.

Azərbaycan Paris Sülh Konfransında nümayəndə heyəti ilə iştirak edirdi və dövlət sərhədlərinin müzakirəsində öz sərhəd məsələsini müdafiə etməyə hazır idi. Lakin Paris Sülh Konfransı Azərbaycanın, Gürcüstanın və Ermənistanın müstəqilliyini de-fakto tanıdığına baxmayaraq onların dövlət sərhədlərinin müzakirəsi və təsdiqi məsələsi Paris Konfransının gündəliyindən çıxarıldı.

İkinci mühüm məsələ milli qoşun hissələrinin yaranması idi. Azərbaycan Cümhuriyyətinin mövcudluğu, onun qorunması, mənafeinin müdafiəsi bunu tələb edirdi. Ordunu yaratmaq o qədər də asan olmurdu. Çar Rusiyası ordu sıralarına müsəlmanları götürmürdü. Ona görə də orduya başçılıq edən, təlim görmüş zabitlər lazım idi. Onları barmaqla saymaq olurdu. Bu çətinliklərə baxmayaraq qısa bir müddət ərzində 20 min nəfərdən ibarət iki piyada və bir süvari diviziya yaradıldı. Orduda 600 zabit xidmət edirdi. 1918-ci il sentyabrın 15 də Türkiyə və Azərbaycan hökumətlərinin xüsusi qoşun hissələrinin bakıya daxil olması ilə Müvəqqəti hökumət vaxt itirmədən yaratdığı milli ordunun və Qafqaz Müsəlman Ordusunun köməyi ilə Bakıya köçərək fəaliyyətini Bakı şəhərində davam etdirdi. Onun iqamətgahı Azərbaycan Demokratik Cümhuriyyəti statusu adını aldı. Azərbaycan hökumətinin tərkibi 5 kabinetdən ibarət seçilmişdi. Hər kabinetə seçilən üzvlərin hər biri Azərbaycan xalqının xoş gələcəyi uğrunda mübarizə aparan bacarıqlı sayılıb-seçilən ziyalılar idi. F.Xoyski, X.Sultanov, M.H.Hacinski, N.Yusifbəyli, X. Rəfibəyov, A.Aşurov, Ə.M.Topçubaşov, H.B.Ağayev, Ş.B.Rüstəmbəyov, S.,A.Ziyadxanov qardaşları, S.Mehmandarov, M.Əsədullayev, C.Hacıniski, X.Xasməmmədov, M. Rəfiyev, H.Məmmədbəyov, N.Usubbəyov və b. adlarını xoş xatirə və böyük hörmətlə yad edirik.

1918-ci il dekabrın 7-də birinci Azərbaycan parlamenti açıldı. Parlament Nazirlər Şurasının yeni tərkibini və hökumət proqramını təsdiq etdi. Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli fərmanı ilə respublikada dövlət dili ana dili olan türk-Azərbaycan dili elan edildi. 1918-ci il iyulun 12-də Bakı vaxtı Azərbaycanın bütün hüdudlarında saat vaxtı kimi qəbul edildi.

Azərbaycan Respublikasının parlamenti 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. 1918-ci il avqustun 22-də xarici pasportların verilməsi səlahiyyəti qubernatora tapşırıldı. 1918-ci il avqustun 30-da Yelizavetpol şəhərinin adı dəyişdirilərək Gəncə, Qaryagın qəzası isə Cəbrayıl adlandırıldı.

Azərbaycan xalq Cümhuriyyətinin Dövlət rəmzləri (üç rəngli bayraq, gerb, himn) milli Azərbaycan rəmzləri kimi tanındı. Azərbaycan bankı yaradıldı. Neft sənayesi və Bakı-Batumi neft kəməri bərpa edildi. Xalq maarifi sahəsində böyük işlər görüldü. Kəndlərdə pedaqoji kurslar açıldı. Türk-Azərbaycan dili qanunlaşdırılaraq bütün məktəblərdə keçirilirdi. Rus dilindən keçid dövrü üçün istifadə edilirdi. Parlamentdə artıq müzakirələr Azərbaycan türkçəsində aparılırdı.

Bakıda Dövlət Universiteti açılmışdı. Onun açılması böyük elmi-mədəni, sosial-siyasi hadisə idi. Məktəblərdə dərslər Azərbaycan dilində yazılmış, bir qismi də türk dilindən tərcümə edilmiş dərs kitablarından aparılırdı. Türkiyədən 50-yə qədər müəllim və müəllimə dəvət olunaraq ibtidai siniflərdə dərs deyirdilər. Hökumət hesabına 100-dək tələbə müxtəlif Avropa mərkəzlərinə təhsil almağa göndərilmişdi. Məktəblərin sayının artmasına xüsusi diqqət yetirilirdi. Kişilər və qadınlar üçün savadsızlığa qarşı mübarizə kursları açılmışdı.3

Görkəmli lider M.Ə. Rəsulzadə bir müddət arxivlərdə gizli saxlanılan “Azərbaycan faciəsi” əsərində AXC-nin fəaliyyətindən danışaraq yazırdı:

1919-cu ildə AXC-də 23 dövlət orta məktəbi var idi. Bunlarda 9.611 şagird oxuyurdu ki, onların 3.115-i azərbaycanlı idi. Bakıda bir neçə məktəbdən başqa bütün məktəblər milliləşdirilmişdi. Respublikanın 8 nöqtəsində qadın və kişi kursları açılmışdı. Hər kursda 50 nəfər oxuyurdu. Azərbaycan dilində dərsliklər buraxmaq üçün xüsusi komissiya yaradılmışdı, dini kurs açılmışdı ki, orada 200 nəfər oxuyurdu. Respublikada 15 peşə məktəbi var idi.4

Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 ay ərzində daxili və xarici düşmənlərin təzyiqi əhatəsində olmasına baxmayaraq çox iş görə bilmişdi. Daxildə ayrı-ayrı pozucu qüvvələr, Qarabağda və Naxçıvanda erməni quldurları, xaricdə isə Denikin təhlükəsi imkan vermirdi ki, AXC nəzərdə tutduğu bütün tədbirləri həyata keçirə bilsin. Lakin, ən başlıca işlər artıq görülmüşdü.

Azərbaycan istiqlaliyyət və azadlıq əldə etməsi xəbərini dünya dövlətlərinə bəyan etmiş, Azərbaycan xalqının varlığını böyük xarici dövlətlərə tanıtmışdı. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyini təmin edən milli ordu yaradılmışdı. Dövlət dili ana dili olan Azərbaycan türkcəsi elan edilmişdi. Azərbaycanın dövlət rəmzləri müəyyənləşdirilmişdi. Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər hüquqlar verilmiş, parlamentdə demək olar ki, bütün siyasi partiyalar, təşkilatlar, o cümlədən qeyri-türkdilli əhali, azsaylı xalqlar, milli azlıqlar təmsil olunmuşdur.5 Azərbaycan parlamentinin belə çoxmillətli tərkibdə olaraq fəaliyyətə başlaması, Azərbaycan Demokratik Cümhuriyyətinin başında son dərəcə demokratik ruhlu ziyalıların durmasından xəbər verirdi. Çox əfsus ki, xalqımızın azadlığı və müstəqilliyi uğrunda böyük qüvvə və əmək sərf etmiş Azərbaycan Demokratik Cümhuriyyətinin çox yaşamasına imkan vermədilər. 1920-ci il martın 30-da Nazirlər Şurasının V kabinetinin N.Yusifbəylinin sədrliyi ilə sonuncu iclası oldu.

1920-ci il aprel ayının 27-də XI Qızıl Ordu Azərbaycanı istila etdi. Aprelin 28-də Azərbaycan parlamenti VI bənddən ibarət şərtlərlə hakimiyyəti bolşeviklərə verdi. Bu şərtlərdə deyilirdi ki, Azərbaycanın istiqlalı və ərazi bütövlüyü hər təcavüz və köləlikdən qorunacaq; Azərbaycan siyasi partiyaların hürriyyət və sərbəstliyini mühafizə edəcək; Keçmiş dövlət xadimləri, hökumət üzvləri və millət vəkillərindən heç biri siyasi cinayətdə ittiham edilməyəcəkdir v.s.

Bu şərtlərin heç biri qəbul edilmədi, onlara əməl olunmadı və elan etdilər ki, Azərbaycanı azadlığa və ağ günə çıxarmağı bolşeviklər öz üzərlərinə götürəcəklər. Bundan sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışmağa belə dəyməz. Azərbaycan ordusu dağıldı, siyasi partiyaların toxunulmazlığı haqqında heç bir şərtə əməl olunmadı, Azərbaycanın ərazi bütövlüyünün qorunması əvəzinə əksinə, onun sərhədləri azaldıldı, ideoloqlar, ziyalılar ölümə məhkum edildilər, bəziləri xaricə mühacirət etdilər, bəziləri müxtəlif terror yolu ilə öldürüldülər, bəziləri həbsxanaya, sürgünə düşdülər. Lakin, əqidələrindən dönmədilər.

“Bir dəfə yüksələn bayraq bir daha enməz!” fikri ilə yaşadılar.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Şəhəri, 16 may 2017-ci il tarixində imzaladığı Sərəncamda bu haqda deyilir:

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.

Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 may gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Ədəbiyyat:


  1. Azərbaycan MTJTA, f.895, SİS. 1, iş II, s. 12.

  2. Azərbaycan tarixi. Bakı, “Elm”, 1993, s.245.

  3. M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. – Bakı : “Elm”, 1990. – S. 56.

  4. “Xəzər” jurnalı . – 1990. - № 3. -S.75-76.

  5. Azərbaycan Xalq Cümhuriyyəti. – Bakı :“Qartal, 1998. –S. 132.

Esmira Javadova

MODERN AZERBAİJAN REPUBLİC İS LEGAL HEİR

OF AZERBAİJAN DEMOCRATİC REPUBLİC

Summary
This article is devoted to Declaration of Independence which announced sovereignty of Azerbaijan on 28th may of 1918; newly established republic`s activities and disintegration of ADR.

Moreover, in this article it has been stated that as ADR`s heir, Modern Azerbaijan Republic`s actions for development in several fields such as economy, education, culture and politics shows us continuation of ADR`s ideology in Modern Azerbaijan Republic.



AFAQ YUSİFLİ

Gəncə Dövlət Universiteti,

filologiya üzrə fəlsəfə doktoru, dosent

yusifli.afaq@mail.ru


ƏLİ BƏY HÜSEYNZADƏNİN “QƏRBİN İKİ DASTANINDA TÜRK” MƏQALƏSİNDƏ TÜRKÇÜLÜK KONSEPSİYASININ ƏKSİ
Əli bəy Hüseynzadənin hər bir məqaləsinin adı çox böyük enerjiyə, aforistik gücə malikdir. Əsasən nəzərdən keçirdiyimiz poemaların qarşılıqlı təhlilinə həsr olunmuş əsəri Ə.Hüseynzadə “Qərbin iki dastanında türk” adlandırmışdı. Bir çox tədqiqatçıların rəyinə görə adı cəkilən əsər Ə.Hüseyzadənin 1926-cı ildə Bakıda keçirilmiş Türkoloji qurultaydakı nitqinin mətnidir. “Qərbin iki dastanında türk” əsərinin başlanğıcında proqram xarakterli girişdə müəllifin türk obrazı anlayışının müxtəlif Avropa xalqlarının ədəbiyyatında inikasının tədqiq olunmasının vacibliyini xüsusi vurğulaması bunu əyani şəkildə sübut edir. Məqalənin başlanğıcında təklif olunmuş fəaliyyət proqramı müxtəlif zamanlarda Ə.Hüseynzadənin tədqiq obyektinə çevrilmiş və ya çevrilməsi nəzərdə tutulmuş əsərlərdir. “Bu əsərini Ə.Hüseynzadə 1923-cü ildə yazmağa başlayıb.... Əsər ilk dəfə 1926-cı ildə 45 səhifəlik kitab şəklində Bakıda “Üçüncü İnternasional Mətbəəsi”ndə latın qrafikası ilə nəşr olunmuşdur”.[1.476 ]

Maraqlıdır ki, Ə.Hüseynzadə üçün türkologiya sadəcə kabinet elmi deyil, bu muzeylərin, albomların və ən əsası müntəxəbatların yaradılmasıdır. Özü də bu müntəxəbatın milli ədəbiyyatdan deyil, türk obrazını canlandıran beynəlmiləl ədəbiyyatdan yaradılması fikri vurğulanır. Ə.Hüseynzadənin tam olmayan siyahısında Firdovsi, Puşkin, Tolstoy, Dostoyevski, Bayronla yanaşı, elmi ədəbiyyatın – Krımskinin tədqiqatlarının adı çəkilir. Xüsusi olaraq qeyd etməliyik ki, Ə.Hüseynzadə üçün türk obrazının yaradıldığı əsərlərin, ədibin özünün qeyd etdiyi kimi ideya istiqamətinin “istər türkə xüsumətkar, istər dost surətilə yazılmış olsun” [1.411] əhəmiyyəti yoxdur. Əsas məsələ türkün təriflənməsi və ya tənqid olunması məsələsinə münasibət bildirmək deyil, məqsəd türkə münasibətin köklərini və bu vəsilə ilə əslində insanlığa və dinlərə aqressiv və ya tolerant münasibətin köklərini araşdırmaqdır.

T.Tasso və L.Kamoens yaradıcılığını müqayisəli şəkildə təhlil etməmişdən öncə Ə.Hüseynzadə zahirən əlaqəli olmasa da, məqalənin sonrakı mətnində əlaqələndiriləcək məşhur və məlum tarixləri xatırlayır: İstanbulun fəthi, Amerikanın kəşfi, Tasso və Kamoensin olum-ölüm tarixləri və son qeyd - Kamoens vəfat etdikdə Tasso 36 yaşında idi. Bu qeydin mahiyyəti çox sonra izah edilir. Daha dünyagörmüş və daha yaşlı olan Kamoens əslində çox gənc Tassodan daha qəddar və qızışdırıcı siyasətin tərəfdarıdır. Yəni “Qərbin iki dastanında türk” əsəri sadəcə iki məşhur poemanın: Kamoensin “Luziada” və Tarkvato Tassonun “Qurtarılmış Qüds” əsərlərinin qarşılıqlı təhlili deyil, nümunəvi xarakter daşıyan, gələcək təhlillər üçün etalon rolunu oynamaq məqsədilə yazılmış, Ə.Hüseynzadənin məşhur “Türklər kimdir və kimlərdən ibarətdir” əsərinə bir növ illüstrasiyadır. “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində macar(Venqriya unğar) [1.51] termini üzərində xüsusi dayanan Ə.Hüseynzadə türklərə mənfi münasibətini hər dəfə fərqli şəkildə sərgiləyən portuqaliyalı şair Kamoensin öz ölkəsinin tarixindən danışarkən söylədiyi “Bunlardan biri də məşhur Macarıstan kralının ikinci oğlu Henri idi. Portəgiz ölkəsi iştə bu zata mükəddər oldu...” [1.418] və ya “Luziada”nın 8-ci fəslində Qamanın Henri haqqında dediyi “…Birdə bayrağımıza ətfi-nəzər buyurunuz: bu bizim ilk krallarımızın şanlı babasıdır, hər nə qədər əcnəbilər onun Loran da təvəllüdündən bəhs ediyorlarsa da, bizcə, o bir macardır…”[1.418] kimi fikirləri çox fərqli şəkildə yekunlaşdırır. Ə.Hüseynzadəni portəgizlərin mənşəyi və hətta onların özlərinin bu haqda nə düşündüyü maraqlandırmır. Fikrin yekunu Sabir qələminə məxsus bir sarkazmla tamamlanır: ”Bu hekayədən şayani-diqqət bir şey öyrəniyoruz ki, o da Portəgiz itəsis edən zatın bir macar (yəni bir turani) olduğudur”. [1.418] Nifrət etdiyi, əsəri boyunca hər cür alçaltmağa çalışdığı türklərlə əslində eyni kökə malik olan, “hun” yəni müsəlman olmayan türk Atillanı Kamoens vəsf edir. Daha sonra Atillaya bənzəyən luzitan qəhrəmanlarının öz sələfləri kimi kastiliyalılara qan uddurduğunu çox canfəşanlıqla sübut edən Kamoens haqqında Ə.Hüseyzadə bundan daha artıq təhlil aparmağa ehtiyac duymur.Türklərə düşmən bir şəxsin fərqinə varmadan öz mənşəyi, əslində türklüyü, turaniliyi ilə fəxr etməsi onun üçün nə qədər acınacaqlıdırsa, bizim üçün bir o qədər ibrətamizdir.

Kamoensin “Luziada” əsərində Səlib müharibələri dövründə islama və türk xalqlarına münasibəti və bu münasibətin qərəzli və birtərəfli xarakter daşıması kiçik detallarına qədər təhlil edilir. Kamoens və Tasso poemalarının müqayisəli təhlilini apararkən, Kamoensin islama və türk xalqlarına qərəzli və səbəbsiz hücumlarının nə ilə bağlı olduğunu aydınlaşdırmağa çalışır.

“Luziada”nın bədii məziyyətlərini yüksək qiymətləndirən Ə.Hüseynzadə əsərin iki cəhətini detallı şəkildə təhlil edərək bu cür münasibətin səbəblərini axtarır. Hər şeydən öncə Kamoensin islama münasibətindəki aldanışları diqqət çəkir. Müsəlmanlara aid şəxs adlarını, titulları təhqiramiz şəkildə təhrif etməsi, bütün ərəbləri mavr, müsəlman hakimlərini isə əmir-əl-möminin sözünün təhrif olunmuş variantında miramulin adlandırması Ə.Hüseynzadəni “Luziada” üzərində araşdırma aparmağa sövq edir. Kamoens islamdan bixəbərdirmi, yoxsa onun bu münasibəti fərqli inancındanmı irəli gəlir? Ə.Hüseynzadə belə hesab edir ki, Kamoens “bütpərəst bir katolik şairidir”. [1.415]

Gözəl dəniz mənzərələri yaradan, Homer qəhrəmanlarını, qədim yunan ilahlarını mədh edən, Hindistan və Kəlküttənin əsrarəngiz mədəniyyətini vəsf edən [2.402] Kamoens Ə.Hüseynzadənin təbirincə desək “... türkləri nə sevər, nə də tanır!” [1.434]

Səbəb? Bizcə, səbəbi bir qədər fərqli yerdə, Kamoensin həyatında axtarmaq lazımdır! Qəbirdaşındakı epitafidə “şairlərin hökmdarı” [2.401] adlandırılmış Luis de Kamoens bir sevgi macərası ucbatından Mərakeşə əsgər kimi göndərilmiş, ərəblərlə döyüşdə bir gözünü itirərək kor olmuşdu. Lissabona qayıtdıqdan sonra qanlı dueldə iştirak etdiyinə görə yenidən ölüm təhlükəsi qarşısında qalmışdı. Lakin ölüm hökmü ləğv edilən şair Hindistana sürgün edilir, burada hərbi ekspedisiyalar və ticarətdən xeyli sərvət toplayır. Elə bu vaxt yerli əhali ilə qəddar rəftarda günahlandırdığı portuqal qubernatorla mübahisələrindən sonra Hindistanı tərk etmək məcburiyyətində qalan, üstəlik gəmi qəzasında bütün sərvətini itirən L.Kamoens 1570-ci ildə Portuqaliyaya qayıdanda əlində yalnız “Luziada”nın əlyazması var idi. İki ildən sonra poemasını nəşr edən şair kraldan cüzi bir təqaüd ala bilir və 8 il sonra yoxsulluq və tənhalıqda vəfat edir. Bu qədər macəralar yaşayan, sevə-sevə vəsf etdiyi yunan ilah və qəhrəmanlarının vətəni Yunanıstanda bir dəfə belə olmayan, lakin “nifrətini” izhar etdiyi müsəlman və türklərlə dəfələrlə üz-üzə, göz-gözə gələn, hətta içlərində yaşayan Kamoensi türkü və islamı tanımamaqda ittiham etmək olarmı? Bizcə, yox!!! Onun nifrət etdiyi, düşmən saydığı, bəlkə də həyatının bütün fəlakətlərində günahlandırdığı müsəlman ərəblər və müsəlman olduqları üçün sevmədiyi türklər əslində onun “şüuraltı qorxu”larının[4.72] obyektidir. Özü bütün cəhdlərində məğlub olan bir şair üçün Səlib döyüşlərinin mistik qəhrəmanlığına, Vasko de Qamanın əsrarəngiz axtarışlarına və səyahətlərinə tapınma “şüuraltı qorxu”larına qalib gəlmək üsulu idi. Türklərə qarşı çağırışları da əslində qorxularına, bu dəfə fərdin deyil, cəmiyyətin qorxularına qalib gəlmək istəyi idi. Ə.Hüseynzadə başlangıcda verdiyi xronologiyada İstanbulun fəthi tarixini xatırlaması simvolik məna daşıyır. Kamoens xrstianlığı sevdiyi üçün deyil, islama nifrət etdiyi üçün deyil, islama tapınan türklərin qüdrətini və gücünü çox yaxşı başa düşdüyü və onların gələcək əzəmətini hiss etdiyi üçün Ə.Hüseynzadənin tərcüməsində peyğəmbərcəsinə səslənən qorxularını hayqırır:

“Ey avropalılar, ey almanlar, ey fransızlar, ey ingilislər, ey italyanlar, türklərlə mücahidə dururkən bir-birinizlə nə axmaqca boğuşuyorsunuz, nə müharibə ediyorsunuz?

Ey avropalılar, ey xristianlar, madam ki, sizdə din qeyrəti qalmamışdır, barı altun və sərvət hərisilə Anadolunun, Assuriyanın və sairənin sərvətini çapul və yəğma üçün bir-birinizlə birləşib türklərə hücum ediniz!..

...Topçuluğun ən yeni, ən biaman ixtiraatı sayəsində əldə edilən ən müdhiş, ən mühlik vəsaitlə İstanbulun və bütün Türkiyənin başına bir bəla kəsiliniz! Və sizin məmur və zəngin Avropanızın mədəniyyəti ortasında təkəssür edən türk irqini, Kaspi dağlarının və soyuq Skitiyanın ən ucra, ən vəhşi əmaqına qədər dəf ediniz...” [1.435] Beləliklə, Kamoensin türklərə və müsəlmanlara münasibətinin köklərini şairin şəxsi həyatında, yaşadığı cəmiyyətin sosial sifarişlərində axtarmaq daha məqbuldur.

Bədii əsərinə türk və müsəlman obrazları daxil etmiş və Kamoenslə təxminən eyni tarixi kəsimdə yaşamış diğər sənətkar Torkvato Tassodur. Həyatı haqqında bir çox əfsanələr danışılan, gözəl bir sevgi macərasının ucbatından guya dəlixanaya salınan T.Tassonun həyat yolu çox məşəqqətli olub. XX əsr tədqiqatçıları bunun sadəcə gözəl bir əfsanə olduğunu və Tassonun həqiqətən psixi problemlər yaşadığını sübut etmişlər. [3.299] 1575-ci ildə “Azad edilmiş Qüds” əsərini tamamlayan T.Tasso özünü küfrdə günahlandıraraq poemasını şəxsən inkvizisiya məhkəməsinə təqdim edir. Məhkəmə poemaya bəraət qərarı versə də, Tasso şübhələrindən xilas ola bilmir və əsərin üzərində işləyərək onu təkmilləşdirmək qərarına gəlir. Lakin 1580-ci ildə şairin pərəstişkarlarından biri poemanın 14 nəğməsini “Qotfrid” adı ilə çap edir, bir il sonra isə başqa bir pərəstişkarı poemanı tam şəkildə nəşr etdirir. Tasso etiraz edərək poemadan imtina etsə də, əsər cəmiyyətdə böyük əks-səda doğurur, çox geniş yayılır və dərhal italyan ədəbiyyatının ən əhəmiyyətli nümunəsi elan edilir. “Tasso da “Azad edilmiş Qüds” əsərində Kamoensdə olduğu kimi müsəlman-xristian ziddiyyətlərindən bəhs etmişdir... Lakin bu mövzu Tassoya Kamoensin tərif etdiyi müstəmləkəçi ağaların təcavüzkarlıq hisləri deyil, xristian təcavüzkarlara qarşı öz torpaqları uğrunda döyüşən türk xalqlarının azadlıq ideyalarını tərənnüm etmək üçün lazım idi”. [3.132]

“İliada” və “Eneida”nın epik strukturuna uyğun şəkildə yaradılmış “Azad edilmiş Qüds” poeması səlibçilərin Cəbrayılın simasında ilahi iradənin Bulyonlu Qotfridə çatdırılması və səlibçilərin Qüdsü ələ keçirməsi üzərində qurulmuşdur. Burada İzniq-Səlcuq hökmdarı Süleymanın, Səmərqəndli Aldəmirin, Səlahəddin Əyyubinin obrazları böyük hörmət və məhəbbətlə yaradılıb. Eyni zamanda Tasso xristianların Qüdsü ələ keçirməsini onların qəhrəmanlığı ilə deyil, ilahi qüvvələrin işə qarışması ilə izah edir. Poemanın mövzusu siyasi kontekstə malik idi: burada həm italyanlara Şərq ölkələri ilə ticarətində maneəyə çevrilən türklərə qarşı mübarizə aparmaq əzmi aşılamaq məqsədilə qədim hərb tarixinə müraciət aktuallaşırdı, həm də Tassonun müasirləri xristianlarla “kafirlər”in müharibəsinə metaforik yanaşaraq bunu XVI əsrdə İtaliyada katolisizmlə reformasiya arasındakı ziddiyyətlərin əksi kimi qəbul edirdilər. Ə.Hüseynzadə “Qərbin iki dastanında türk” əsərinin sonuna T.Tassonun poemasından bir parçanın tərcüməsini əlavə etmiş və belə bir izahat vermişdi: “... bu parça italyan şairinin dühayi-sənətkaranəsi haqqında kafi dərəcədə bir fikir verdiyindən artıq bu xüsusda fəzlə bir şey söyləməyi zaid görüyorum”. [1.439]


Fəqət həqq yolundan dönməz Süleyman!..

Dərvişə Süleyman böylə söylərkən,

Qızarmışdı üzü həmiyyətdən,

Olmuşdu közündən çərarəfəşan,

Ruhunda qaynayan qeyrəti-vətən!... [1.439]
Burada Tassonun islama və türk xalqlarına qarşı hər hansı bir türk şairi kimi yanaşaraq layiq olanları mədh etməsi oxucuların diqqətinə çatdırlır. Kifayət qədər geniş təhlil və müqayisələrin nəticəsində Ə.Hüseynzadə Kamoensin və Tassonun nəinki islama və türk xalqlarına, həm də müxtəlif dünya xalqlarına qərəzli və tolerant münasibətin həmin xalqlar haqqında elmi və dəqiq biliklərə malik olub-olmamaqla bağlılığını inandırıcı şəkildə izah edir. Bütövlükdə “Qərbin iki dastanında türk” əsəri iki böyük poemanın ədəbi təhlildən daha çox ictimai-siyasi dəyərləndirilməsidir ki, fikrimizcə, aktuallığını müasir dövrümüzdə də itirməmişdir.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin