N Ə T İ C Ə
Qədim türk yazılı abidələri dilinin mühüm bir hissəsini təşkil edən onomastik leksikanın araşdırılması müasir türk onomastik sisteminin ayrı-ayrı qatlarını müəyyənləşdirmək, ayrı-ayrı türk dillərindəki onomastik vahidlərin, xüsusən də, onomastik formatların ilkin formalarını üzə çıxarmaq baxımından böyük əhəmiyyət kəsb edir. V—XI əsrlərdə yazılmış qədim türk abidələrinin onomastikasının sistemli şəkildə araşdırılması aşağıdakı nəticələri əldə etməyə imkan vermişdir:
1. Qədim türk onomastik sistemi xüsusi sistemə malikdir. Belə ki, Orxon-Yenisey abidələrini yaradan türklərin onomastik sistemi ilə Ötöken və Turfan uyğurlarının, eləcə də Qaraxanlı türklərinin onomastik sistemi arasında sıx bağlılıq — sələf-xələf münasibətləri özünü aydın şəkildə göstərməkdədir. Altı əsr ərzində türklərin dünyagörüşündə baş vermiş dəyişikliklər onların onomastikasında öz izini saxlamışdır. Belə ki, türk xalqları qədim türk dövründə müxtəlif dinlərə — islam, xristianlıq, iudaizm, şamanizm, buddizm, manixeyizm — tapınmışlar ki, bu da türk onomastik sisteminə müəyyən təsir göstərmişdir.
12. Turfan uyğurlarının ad sistemi Ötüken türklərinin ad sistemindən müəyyən qədər fərqlənir. Bu bir tərəfdən Turfan uyğurlarının həyat tərzi ilə, digər tərəfdən isə onların dini dünyagörüşləri ilə bağlıdır. Lakin ümumilikdə Turfan uyğurlarının ad sistemində qədim türk advermə sistemi və advermə ənənələrinin əsas prinsipləri davam etdirilmişdir. IX—XIII əsrlərdəki Kolofonlarda, hüquq sənədlərində, Manixey və buddizm dini məzmunlu abidələrdə işlənmiş xüsusi adlar Turfan uyğurlarının ad sistemi haqqında danışmaq üçün kifayət qədər material verir.
13. Turfan uyğurlarının antroponimik sisteminin xüsusiyyətlərindən biri kimi burada kişi adları ilə yanaşı qadın adlarının (100-dən artıq) da abidələrdə əks olunmasıdır. Bu cəhət Turfan uyğurlarının antroponimik sistemini Ötüken türklərinin antroponimik sistemindən kifayət qədər fərqləndirir.
14. Turfan uyğurlarının antroponimik sistemində rütbə, titul əsasında formalaşan adlar xüsusi yer tutur. Araşdırma göstərir ki, Turfan uyğurlarında kişi adlarında ıdukut xan, san,un (sen,ün), beg, ınal, tarxan, tutuk, tutun,çor, tigin, elig, tоyın, açarı, seli, qadın adlarında isə,əsasən, tenqrim, xatun, kunçuy, ağa titulları geniş istifadə olunmuşdur.
15. Turfan uyğurlarının antroponimik sistemində totemistik, dini, kosmoqonik adlar, eləcə də etnoantroponimlər xüsusi yer tutur.
16. Turfan uyğurları onları əhatə edən müxtəlif xalqlarla mədəni və siyasi əlaqələrdə olmuşlar ki, bu da onların antroponimik sistemində öz izini qoymuşdur. Belə ki, Ötüken türklərinin adlarında başqa dillərdən alınma elementlər azlıq təşkil edirsə, Turfan uyğurları haqqında bunu söyləmək olmaz. Belə ki, burada türk mənşəli adlarla yanaşı Çin, monqol, sanskrit, ərəb mənşəli adlara da təsadüf edilir.
17. Turfan uyğurlarının ad sistemində toponimlər xüsusi yer tutur. Dissertasiya işində İsık kol, Enetkek, Suğçı balık (Suçu), Keş, Koçu, Tıyuk, Turban, Kızıl və s. toponimlərin yazılışı və oxunuşu müəyyənləşdirilmiş, mənşələri şərh edilmişdir.
18. Turfan uyğurlarının abidələrində əks olunmuş toponimlərin bir xüsusiyyəti də uyğurların yaşadığı bölgə ilə əlaqəsi olmayan yer adlarının işlənməsidir: Urıslım “Yerusəlim”, Bavıl “Babilistan”, Baranas balık —Benares şəhəri, Sumır “əsatiri yer adı” və s.
19. Qaraxanlı türklərinin onomastik sistemi istər Ötüken türklərinin, istərsə də Turfan uyğurlarının ad sistemindən kifayət qədər fərqlənir. Qaraxanlı türklərinin onomastikası iki möhtəşəm abidədə — M.Kaşqarlının “Divani-lüğat-it-türk” və Y.Balasaqunlunun “Kutadqu biliq” əsərlərində — öz əksini tapmışdır.
Dostları ilə paylaş: |