II FƏSİL
ÜSLUBİ SİNONİMLƏRİN ƏMƏLƏGƏLMƏ
YOLLARI VƏ MƏNBƏLƏRİ
Türk dillərinin, demək olar ki, hamısında üslubi sinonimlərin əmələgəlmə yolları və mənbələri sabitdir. Təkcə müasir Azərbaycan dilində üslubi sinonimlərin yaranması yollarını və mənbələrini izləsək, digər türk dilləri üçün də maraqlı ola biləcək nəticələr əldə etmək olar.
-
Üslubi sinonimlərin əmələ gəlməsində
çoxmənalılığın rolu
Üslubi sinonimlərin yaranmasında sözün çoxmənalılığı bir mənbə kimi çıxış edir. Belə ki, sözün bir və ya bir neçə mənası olur. Bu mənalardan biri nominativ xarakterlidirsə, digəri törəmə funksiyası daşıyır. Kontekst daxilində həmin mənalardan biri və ya bir neçəsi müxtəlif məna çalarlarında işlənir. Bu zaman müxtəlif səs kompleksləri sözlərlə həmin çalarlıqları ümumiləşdirmək olar. Bu ümumiləşdirmə prosesində iştirak edən sözlər üslubi sinonim kimi işlənir. Tədqiqat göstərir ki, feilə və sifətə aid olan sinonimlərin böyük bir hissəsi çoxmənalılığın nəticəsidir.
B.Abdullayev “Azərbaycan dilinin izahlı lüğəti “nə əsaslanaraq “ tutmaq” çoxmənalı feilinin aşağıdakı mənalarını göstərir:
1. Yapışmaq.
2. Çevirmək, döndərmək, yönəltmək. Kərim üzünü hər iki növbənin adamlarına tutdu (M.İbrahimov).
3. Düzəltmək. Hər fikir ediriksə, işimiz tutmayır əsla; Ah…Ax…O keçən günlərimiz noldu, xudaya (M.Ə.Sabir).
4. Dişləmək, qapmaq. [Fatı :] Məni o azar dəymiş it tutdu (Ə.Abbasov).
5. Yerləşmək. Hatəm kişi yüz limon tutan bir yeşik sifariş etdi (M.Cəlal).
6. Etmək, görmək. [Çoban babı:] Ay Rüstəm,… bu işdir tutmusan? (M.İbrahimov).
7. Bürümək, basmaq. Axşam qaranlığında alov, tüstü, təzək, saman iyi… dünyanı tutmuşdu (M.Cəlal).
8. Basmaq. Bir tərəfdən də Nəbi onları gülləyə tutur. ( “ Qaçaq Nəbi” )
9. Saymaq. Mən inanmıram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn qış fəslindən artıq tutalar (C.Məmmədquluzadə).
10. Yaraşmaq. Gör nə gözəl tutur;
Gümüş tana siyah zülfü (Miskin Əli).
11. Yazmaq. Əfruz nə məruzə üçün tezis tutmağa, nə də çıxış üçün qeyd eləməyə qabil idi ( M.Cəfər).
Misallardan göründüyü kimi, tutmaq feili 1-ci mənada yapışmaq, 2-ci mənada çevirmək, döndərmək, 3-cü mənada düzəltmək, 4-cü mənada dişləmək, 5-ci mənada yerləşmək, 8-ci mənada basmaq, 9-cu mənada soymaq, 10-cu mənada yaraşmaq, 11-ci mənada yazmaq fellərinin sinonimidir. Tutmaq felinin 2–ci mənada üç (çevirmək, döndərmək, yönəltmək), 4-cü mənada iki ( dişləmək, qapmaq), 6-cı mənada yenə iki ( etmək, görmək), 7-ci mənada yenə də iki ( bürümək, basmaq) sinonimləri vardır.
“…Çoxmənalı sözün bəzi mənaları başqa sözlərlə və ya başqa sözlərin mənaları ilə sinonimik əlaqəyə girə bilər (85, 5).
“Tutmaq” felinin 1-2-ci mənalarda sinonimləri olan fellər də öz növbələrində çoxmənalı sözlərdir və onların da bir çox sinonimi vardır. Beləliklə də, dildə lüğət tərkibinin böyük bir hissəsini sinxron vəziyyətdə əhatə edən arasıkəsilməz söz şəbəkəsi əmələ gəlir.
-
Alınma sözlər vasitəsilə əməl gələn
üslubi sinonimlər
Azərbaycan dilində üslubi sinonimlərin əmələ gəlməsində alınma sözlərin də müəyyən rolu vardır. Bu tipli sözlər dilimizə klassik ədəbiyyatda işlədilən ərəb və fars dillərindən, müasir dilə isə X1X əsrin 40-cı illərindən rus dilindən və rus dili vasitəsilə latın, yunan və başqa Avropa dillərindən keçmişdir. Bu keçmə birdə-birə yox, tədricən, elm və texnikanın inkişafı ilə əlaqədar olmuşdur. Belə sözlərin bir çoxu ehtiyac üzündən dilimizə qəbul edilərək sabitləşmiş və doğmalaşmışdır.
Dilimizə tarix boyu qəbul edilmiş ərəb və fars sözlərinin bəzilərini çıxarıb atmaq mümkün deyildir. Məsələn, həm ədəbi dildə, həm də danışıqda işlədilən məktub, tələbə, namus, qeyrət, qəm, qüssə, inqilab, zəfər, keyfiyyət, ədəb, mədəni, idrak və s. bu kimi sözlərin yerinə hansı bir üslubi söz içlətmək olar? Əlbəttə, bunları əvəz edən və yaxud da əvəz edə bilən ikinci bir semantik söz yoxdur.
Alınma sözlər həm ədəbi, həm də canlı danışıq dilində işlədilərək bugünkü dövrümüzə qədər gəlib çıxmışdır və həmin sözlər üslubi məqsəd daşıyır: ədalətli (n.) - adil (kit.dan.), başçı (n.) - rəhbər (kit.), təqsir (n.) - günah (kit.) (dan.), güc (n.) - qüdrət (kit.), hünər (n.) - şücaət (kit.) və s.
Ə.Dəmirçizadə alınma sözləri həm mənşəcə, həm də üslubi məqam nöqteyi-nəzərindən iki qrupa bölür:
1. Ərəb və fars mənşəli sözlər;
2. Rus və Avropa mənşəli sözlər. (18, 92).
Dilimizdə alınma sözlərin üslubi əhəmiyyəti çox böyükdür. Yazıçılar, yeri gəldikcə, üslubi məqsədlə əlaqədar alınma sözlərdən də istifadə edir və istədikləri məqsədə nail olurlar.
Məlumdur ki, ərəb və fars sözləri dilimizdə müxtəlif çalarlıqda üslubi cəhətdən bədii, elmi, mətbuat üslublarında və canlı danışıq dilində işlədilir. Misallara müraciət edək:
Birlik−vəhdət, vurğun−aşiq, kağız−məktub, ay−qəmər, güc−qüdrət, sübut−dəlil oxu−qiraət, sevgi−məhəbbət, üz−surət−camal, var−dövlət, başçı−rəhbər, qaranlıq−zülmət, qış− zimistan.
Burada göstərilən sinonim sözlərin birincisi dilimizə məxsus neytral söz olduğu halda, ikinci tərəf sözlər ərəb mənşəli olub kitab dilində və danışıqda işlədilir.
Başqa misallarda da ikinci tərəf üslubi sözlərə məxsusdur: bəzək – zinət. səs− səda, girəvə− fürsət. naz− şivə, müğənni – xanəndə, od – atəş, xəstəlik – azar, şər− böhtan, azarlı – xəstə. çolaq− şikəst, yaz− bahar, payız− xəzan və s.
Həm ərəb, həm də fars dilindən alınmış sözlərin bir-biri ilə sinonim təşkil etməsinə aid misallar: kasıb (ə.) −fağır (ə.), hədiyyə (ə.)−töhfə ( ə.)−bəxşiş ( f.), naz ( f.)−işvə (ə.), dünya (ə.)−aləm (ə.)−cahan (f.), inkişaf (ə.)−tərəqqi (ə.) və s.
Misallardan göründüyü kimi, ərəb və fars sözlərinin əksəriyyətini dildə işlənən əsl Azərbaycan sözlərindən ayırmaq mümkün deyil, hamı tərəfindən anlaşılır və işlədilir.
Müasir dilimizi üslubi çalarlarla zənginləşdirən ikinci mənbə, qeyd etdik ki, rus dilindən və rus dili vasitəsilə Avropa dillərindən (latın, yunan, ingilis, alman, fransız, ispan və s.) alınmış sözlərdir. Belə sözlərdən müəyyən tarixi dövrü təsvir etmək üçün həm bədii üslubda, həm də ictimai-siyasi üslubda əlverişli leksik üslubi vahidlər kimi istifadə etmək olar (18, 95).
Rus və Avropa mənşəli sözlərə X1X əsrdə yazıb-yaratmış böyük metəfəkkir M.F.Axundovun əsərlərində rast gəlirik: qubernator, despot, aktyor, naçalnik, poçt, pasport, patriot, müsyö, jurnal, poeziya, proqres və s.
Rus sözlərinə yalnız M.F.Axundovun əsərlərində deyil, Q.Zakirin, M.Ə.Sabirin satiralarında, H.Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzetində, S.Ə.Şirvaninin şeirlərində, C.Cabbarlının pyeslərində, N.Nərimanovun əsərlərində və başqa yazıçıların da yaradıcılığında rast gəlmək olur.
Dildə işlənən rus mənşəli sovxoz, komsomol, latın mənşəli traktor və s. kimi sözlərin qarşılıqlı sinonimi olmasa da, bunlar həm danışıqda, həm də kitab dilində üslubi neytral söz kimi işlədilir. Bəzi sözlər də vardır ki, onların sinonimi olduğuna baxmayaraq, həmin sözləri sıxışdırıb dildən çıxarmışdır. Belə sözlərə ancaq bədii əsərlərdə rast gəlirik: masa−stol, soba–peç, çıraq−fənər−lampa, təqaüd−pensiya, şura− sovet, firqə − partiya və s.
Azərbaycan dilinin lüğət tərkibində rus dilindən başqa, Avropa mənşəli sözlər də fəaliyyət göstərir ki, bunlar da öz- özlüyündə sinonim cərgəsinin zənginləşməsinə səbəb olur. Bəzi sözlər nəinki yalnız ana dilimizə keçmiş, hətta beynəlmiləl sözə çevrilmişdir: patriot, proletar, universitet, institut, respublika, poeziya, mitinq, lider və s. “ Respublika” və “universitet” sözləri vaxtilə dildə işlədilən “ cümhuriyyət” , “darülfünun” sözlərini sıxışdırıb dildən çıxarmışdır.
Sinonim qarşılığı olmayan sözlər : poema, poetika, demokratiya, sosializm, kommunizm, roman, opera,, çempion, raket, burjuaziya, tramvay, paravoz, lokomotiv, teplovoz, kombayn, traktor, briqadir və s.
Ümumxalq danışıq dilində elə alınma sözlər vardır ki, onlar günün tələbinə uyğun olaraq daha işləkdir. Belə sözlər aşağıdakılardan ibarətdir: ünvan – adres (fr.), masa – stol ( rus.), fırıldaqçı – şarlatan ( alm.fr.), həkim – doktor (lat.), çıraq – lampa ( fr.) , çarpayı- krovat ( rus.), sürücü – şofer ( lat.fr.), əsgər – soldat ( lat.), qəza – avariya ( ital.), sükan – rul ( holland.), həbsxana – türmə ( rus.) və s. Qeyd edək ki, həmin alınma sözlərin hamısı danışıqda daha çox işlədilir.
Alınma sözlərin bəziləri sırf kitab dilində işlənir: xudbin – eqoist ( fr.kit.), zərf− paket ( fr.kit.), mənzərə − landşaft ( alm.kit), əsr − epoxa ( yun.kit.), dastan – epos (yun.kit.) və s.
Bəzən dilimizdə işlədilən və sinonim cərgəsini təşkil edən sözlər ancaq alınma olur : binokl ( ital.) – durbin ( fr.) , avtomobil ( yun.lat.) – avto ( yun.lat.) – avtomaşın ( yun.fr.) – maşın ( yun.lat.) , aktyor ( fr.kit.dan.) – artist ( fr.dan.), metro ( yun.) – metropoliten ( yun.) , kino ( yun.dan.) – film ( ing.) və s.
Beləliklə, alınma ( əcnəbi ) sözlərin bir hissəsi üslubi əhəmiyyətinə görə ümumxalq xarakteri daşıyır və müxtəlif sahələrdə işlənir. Ümumiyyətlə, bədii əsərlərin mətnlərindəki alınma söz-terminlər xüsusi üslubi vəzifəni yerinə yetirirlər.
3. Arxaizmlər vasitəsilə üslubi sinonimlərin
əmələ gəlməsi
Dildə üslubi sinonimlərin əmələ gəlməsində arxaizmlərin də rolu az deyildir. Ümumiyyətlə, məfhum, məna və formanın vahidliyini söz əks etdirir. Buna uyğun da dilçilik ədəbiyyatında arxaizmlər müxtəlif qruplara bölünür ki, bunlar haqqında ayrıca söhbət açacağıq.
Arxaizmlər əsas etibarı ilə tarixi dövrlə əlaqədar elmi üslubda işlədilərkən əksəriyyəti müasir dildə olan sözlərlə sinonimlik təşkil etmir, bəziləri isə köhnəlmiş sözlərin sinonim cərgəsini əmələ gətirir ki, bunlar dildə çox azdır. Arxaik sözlər dildə müxtəlif çalarlığa malik olaraq üslubi məqsəd daşıyır. Belə sözlər əksər üslublarda (bədii, ictimai-siyasi və s. ) istifadə olunur, həm personajın, həm də müəllifin fərdi üslubunda meydana çıxır.
Arxaizmin hamısını müasir dildə işlənmiş fəal sözlərin üslubi sinonimi kimi qəbul etmək olmaz. O sözləri qəbul etmək olar ki, onlar öz dövrü üçün üslubi məqsədlə işlənmiş söz olsun :
Qızıl− altun : Gödəkboy, başının tükü tökülməyə üz qoymuş bir oğlan ötkəm–ötkəm danışdıqca qabaqdakı qızıl dişləri parıldayırdı ( Ə.Vəliyev); Nigara bir çox altun zinətlər və qiymətli daşlar gəldi “ ( Y.V.Çəmənzəminli).
Həkim – təbib : “ Şəkər qapını cəld kilidləyib həkimin arxasınca getdi” ( B.Bayramov) ; “ ( Hacı Muxtar ağa : ) Əgər məsləhət bilirsiniz, yazım padşahın təbibi gəlsin” ( Ə.Haqverdiyev).
Gözəllik – hüsn : “ Gözəllik bəxşişdir; Bəxşişlə öyünməz insan...” (B.Vahabzadə) ; Xoş havalarda artırmanın başqa hüsnü vardır” ( Y.V.Çəmənzəminli).
Tərcüməçi – dilmanc : Son illərdə bizdə bacarıqlı tərcüməçilər dəstəsi yaranmışdır (M.Arif) ; “Nəçərnik onun üstünə çığırıb qovdu kənara və rusca atlılara dedi ki, içəridən dilmancı çağırsınlar” ( C.Məmmədquluzadə) və s.
Azərbaycan dilində arxaizmlər üç qrupa ayrılır:
1. Leksik arxaizmlər. Bu arxaizmlərdə sözlər bütövlükdə köhnəlir. Məsələn: zaman − əyyam, günah – suç, silah – yaraq, qoşun – ləşkər, oxucu – qare, qızıl – altun, kapitalist − sərmayədar, təmiz – arı, uzaq – iraq və s. Burada olan ikinci tərəf sözlər arxaizmlərdir.
2. Semantik arxaizmlər. Burada ancaq sözlərin mənası köhnəlir.Məsələn: tacir, bac, xərac, bəzzaz, bəzzazlıq, töycü və s. Bu cür semantik arxaizmlərə aid olan sözlərin müasir dilimizdə sinonimi olmur. Onlar yalnız özləri bir- biri ilə sinonimlik təşkil edir: kətxuda – katta, kəniz− qarabaş, qul – kölə, kübar – zadəgan, şah – padşah və s.
3. Leksik–fonetik arxaizmlər. Bu arxaizmlərə mənaca dəyişməyən, fonetik tərkibcə fərqli olan sözlər daxildir. Məsələn; şu− bu, ol−o, övrət− arvad və s.
Ə.Dəmirçizadə yazır ki, arxaik sözlərin hamısı eyni aqibətli olmur; bumlardan bəzisi tamamilə unudulur; bəzisi məhdud dairədə - dialekt, şivə sözlərinə çevrilərək yaşayır; bəzisi başqa dilə keçir, əsil mənsubiyyəti olan dil üçün əcnəbiləşmiş olur; nəhayət, bəzisi yenidən işlək söz hüququ kəsb edir ( 18,100). Odur ki, bəzi sözlər müasir dilimiz üçün arxaik olsa da, dialekt və şivələrdə üslubi söz kimi işlədilir: doğru−çin; çöl – yazı; valeh olmaq− uymaq; ləqəb – ayama; zərər−ziyan; bostan−xır; təmiz − arı −pak ; oxşamaq− bənzəmək; uzaq −iraq; çörək − əppək; ensiz − dar; dava − savaş; nəsil – soy; bəxt – tale ; özbaşınalıq − dərəbəylik; doğru – gerçək; igid − ərən ; insan – bəşər; gizli – xəlvət; həyat − eşik; axtarmaq – aramaq; səs-ün; səs – avaz; güzgü – ayna; zaman − əyyam – dövran ; bədən − əndam; allah – tanrı; cam – qədəh ; bəxt − iqbal ; hədiyyə − ərməğan və s.
Arxaik sözlərin böyük bir hissəsi dinlə əlaqədar yaranmışdır. Bunlar dini-üslubi sözlərdən ibarətdir. Belə sözlər həm neytral üslubda, həm kitab dilində , həm də danışıqda işlədilir. Aşağıdakı misallardan bunu daha aydın görmək olur: allah – xuda – tanrı – ilahi – pərvərdigar − yaradan − xaliq − müsəvvir ; inam – etiqad; alqış – dua; dindar – mömin; ifrit − iblis − şeytan; məhşər − qiyamət; cənnət − behişt; cəhənnəm – duzəx; ehsan − xeyrat; urf – adət; dəstəmaz – vüzu; ilahiyyat – teologiya ( kit.) ; minbər – kürsü; pir – ocaq; peyğəmbər – nəbi ; qanun – şəriət; xütbə − moizə − vəz və s.
Arxaik sözlər əksər hallarda bədii üslubda ekspressivlik məqsədi ilə təntənəli çalarlıq yaratmaq üçün, satira və yumorda, kinayə istehza çalarlığı yaratmaq üçün, sarkazmlarda, komik əsərlərdə və s.-də işlədilir. M.Ə.Sabirin satiralarını buna misal gətirmək olar. S.Ə.Şirvaninin, M.Ə.Möcüzün, Ə.Qəmküsarın, Ə.Nəzminin satiralarında da belə hallara rast gəlmək olur.
İstər bədii- ədəbi dildə, istərsə də ümumxalq danışıq dilində XX əsrin 40-cı illərinə qədər bir qrup sözlər də işlədilirdi ki, bunların bəziləri yenə də ərəb, fars və türk dillərindən alınmışdır. 40-cı ildən isə dilimizdə olan həmin sözləri əvəz edən yeni məfhumlar əmələ gəlmiş, rus və Avropa mənşəli sözlər keçmiş və müasir dil üçün arxaikləşmişdir: firqə− partiya, firqəçi – partiyaçı, xitabnamə −müraciət, özək – təşkilat, qərardad – qərar, sərmayədar – kapitalist, cahan – dünya, darülfünun − universitet, əmələ − kargər – fəhlə, məşrutə − Əsas Qanun – Konstitusiya, şura− sovet, cümhuriyyət – respublika, ruznamə − qəzet, yardım – müavinət və s.
Bu dövrdə bədii ədəbiyyatda ərəb və fars sözləri ilə yanaşı türk mənşəli sözlər də işlədilmişdir ki, bunların da əksəriyyəti ədəbi dilə məxsusdur: otaq – oda, yüngül (asan) – qolay, uşaq- çocuq, sabah – yarın, qadağan – yasaq, mahnı – şərqi – türkü və s. Bu sinonim cərgələrdə ikinci tərəf sözlər türk mənşəlidir. Lakin elə türk mənşəli sözlər də vardır ki, onlar dilimizdə bu gün də işlənir. Məsələn: həyat – dirilik, yatmaq – uyumaq, qarşı – ön, aydın – bəlli, gecikdirmək – yubatmaq, yıxmaq−devirmək və s.
Beləliklə, üslubi məqsəd üçün müasir yazıçılar tərəfindən arxaik sözlər aşağıdakı hallarda işlədilir:
a) təsvir edilən hadisələrin tarixi xüsusiyyətlərini əks etdirmək üçün;
b) poeziyada qafiya düzəltmək üçün;
c) satira və yumor yaradıcılığında kinayə, sarkazm, məsxərə və s. çalarlığı yaratmaq üçün;
ç) ekspressivlik yaratmaq üçün;
d) müəllif və personajın nitqini fərqləndirmək üçün.
V.İ.Koduxov yazır ki, arxaizmlər bütün hallarda üslubi sinonimlər kimi çıxış esir; onlar nitqi yüksəldir, təmtəraqlı edir (78)
4. Dialektizm yolu ilə əmələ gələn üslubi sinonimlər
Üslubi sinonim cərgəsini əmələ gətirən vasitələrdən biri də dialektizmdir. Dialektizm tarixi bir kateqoriya olub müəyyən ərazi dairəsində şivələrdə işlədilən, qrammatik orijinallığa malik sözlər və ifadələrdir.
Dildə leksik və etnoqrafik dialektizmlər mövcuddur. Etnoqrafik dialektizm ümumxalq dilində işlədilir. Bunlar yalnız yerli məhəlli ( heteronim) sözlərdir ki, onları sinonim kimi qəbul etmək olmaz. F.K.Qujva da göstərir ki, ümumxalq dilində etnoqrafizmlər sinonimliyə malik deyildir (67,74).
S.Rəhimovda licim, kürnəcə, xaldırmaq, qağazlanmaq, yolaq, tuşna, Ə.Vəliyevdə çeştəmə, yalağan, Ə.Əbülhəsəndə əncər, morarta, micə və başqa ədiblərin əsərlərində işlədilən daqqa, cırıqqa, ding, gücüm, güxdək, qotman və digər bu kimi sözlərin dildə işlənməsinin heç bir əhəmiyyəti yoxdur, çünki bunlar dili ağırlaşdırır, qəlizləşdirir, müasir oxucular tərəfindən başa düşülmür.
Etnoqrafik dialektizmlərdən fərqli olaraq leksik dialektizmlərin işlənmə dairəsi daha genişdir və onlar üslubi məqsədlə dilə daxil olur. N.Şanski yazır: “Leksik dialektizmlərin bədii ədəbiyyatda işlədilməsi mümkündür, üslubi vasitə xarakterioloji fakt kimi, hansı ki, qəhrəmanın nitqi səciyyəsini verməyə, nitqi stilizasiya etməyə imkan verir” (107,46).
Müasir Azərbaycan dilində işlənərək ümumişlək sözə çevrilən fəal dialekt sözlər üslubi baxımdan ən çox həm danışıq, həm də kitab dilində işlədilir.Danışıqda işlənən dialekt sözlər aşağıdakılardır:
Maaş – donluq : Karxanada həmzənin dərəcəsini və maaşını artırmaq barədə çoxdan bəslədikləri ümid gerçəkləşmişdir (M.İbrahimov), (Pirqulu:) Onları işə götürməyincə, donluğumuzu artırmayınca ya öləcəyik, ya da işləməyəcəyik, vəssalam ( C.Cabbarlı).
Uca− qəlbi− hündür: Amma (günəşin) şəfəqi qarşıdakı uca dağın başına düşmüşdü (S. S. Axundov), (Ağabala:) Dağ qəlbidir, - dedi, qarabağlı qızına sataşdı (Y.V.Çəmənzəminli), Aralıda olan hündür və silsilə dağlar başındakı səngərlərdə güllə səsləri artır və çoxalırdı… (S.Rəhimov).
Sağlam−qıvraq: Danışıram , gülürəm; Sağlam bir insan kimi (M.Rahim). Nəzərli əmi yaşlanmışdı. Ancaq qıvraq idi (Ə.Vəliyev).
Qayış – toqqa: Qara oğlan … hələ belindəki qayışdan əlini çıxarmamış qoca kişini diqqətlə gözdən keçirdi (M.Hüseyn), Sofa qapının ağzına getdi və Alonun toqqasından yapışıb – çoxdan görüşmürük… (S.Rəhimov).
Nümunələrdəki 2-ci tərəf dialekt sözlərdir
Bunlardan əlavə, başqa misallar da gətirmək olar: kisə− xaşa, ağcaqanad – mığmığa – ditdili, iri – zırpı – yekə, kömək− həyan, məzəmmət etmək – qınamaq, ana− nənə, ata – dədə, yeznə−kürəkən, dəsmal – məhrəba, çörək − əppək, arxalanmaq− güvənmək, albalı− gilənar, izləmək – güdmək və s. sinonim cərgələrində olan sözlərin birinci tərəfi üslubi neytral, ikinci tərəfi isə üslubi dialekt sözlərdir və bədii əsərlərdə ən çox obrazların dili ilə işlədilir. A.İ.Yefimov ümumxalq dilinin formalaşması prosesində dialekt sözlərin geniş işlənməsi hüququnu göstərərək yazır ki, dialekt sözlərin bir qismi ədəbi–kitab dilinə keçir, digəri isə danışıq – məişət dilinin malına çevrilir (72,227). Sonra o yazır: “ Dialektizmlər dilin zənginləşməsinə xidmət edən vahidlər kimi yox, yalnız ədəbiyyatın üslubi mənbəyi kimi çıxış edə bilir” (72,229).
Bu fikri Ə.Dəmirçizadə də təsdiq edir və yazır: “Üslubi məqam nöqteyi-nəzərindən əhəmiyyətli olan sinonimlərin bir növü kimi, dialekt sinonimlər daha çox bədii üslubda xüsusi çalarlıq üçün istifadə olunur” (18, 124-125).
“Məlum olduğu kimi, dialektizmlər ədəbi dilin müvafiq leksemləri ilə sinonimlik münasibətləri o vaxt yaradır ki, dialekt sözü ilə ifadə olunan məfhumu ədəbi dildə öz əksini tapmış olsun” (95, 23). “Semantik, leksik –semantik və etnoqrafik dialektizmlərlə ifadə olunan məfhumların ədəbi dildə öz ifadəsi olmadığına görə həmin dialektizmlərin ədəbi dildə sinonimləri ola bilməz” (67,78).
Dialektizmlərin bədii üslubda işlədilməsini M.Adilov da etiraf edərək yazır ki, …nəzərə almaq lazımdır ki, dialektizmlərin yeri məhz bədii üslubdur. Bu kateqoriya sözlər ancaq bədii üslubda özünə yer tapa bilər. Dilin başqa üslublarında yox. Və “ dialektizm” anlayışı da bədii ədəbiyyatla əlaqədar olaraq yaranmışdır (3, 127-128).
Bir qisim dialekt sözlər vardır ki, bunlar ümumxalq tərəfindən qəbul edilmiş və üslubi məqamla bağlı bədii əsərlərə gətirilmişdir. Bunlar da ancaq bədii üslub vasitəsilə mümkün olmuşdur: oğurlamaq- çalmaq, enli- gen, kuzə-bardaq, kök- totuq, adaxlı- deyikli- nişanlı, yumru- girdə, külək- yel, isti- bürkü, sayıq- ayıq, lavaş- yuxa, bayır- eşik, qorxmaq- xəflənmək, xəsis- simic, cəld- becid, qorxaq- öddək- dızqax və s.
Yazıçı və şairlərimiz dialekt sözlərini yalnız üslubi məqsədəuyğunluğa görə işlədirlər. Bu da o vaxt olur ki, əsərdə verilən personajlar müəyyən hadisə ilə əlaqədar sözün məna çalarlığını canlandırmaq üçün işlədilir va bu da əsərin dilini maraqlı edir. Buna görə də yazıçı dialekt sözləri yalnız üslubi məqsədlə işlədir. Heç kim yazıçıdan tələb edə bilməz ki, yaradıcılığında dialektlərdən istifadə etməsin. Bu şərtlə ki, hər boş, məzmunsuz, mənasız sözlərlə bədii dili qəlızləşdirib, bayağılaşdırmasın. Buna görə onu da unutmaq olmaz ki, dialektizmlərdən istifadə sənətkardan böyük ustalıq tələb edir. C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Vəliyev, C.Cabbarlı, S.Rəhimov, M.İbrahimov, S.Vurğun, R.Rza, İ.Şıxlı, M.Cəlal kimi sənətkarların dialektizmləri məharətlə bədii üslubda işlətməsini, həmin sözləri bədiiləşdirib ədəbi dilə gətirməsini qiymətləndirmək lazımdır. Lakin qeyd edilməlidir ki, heç də hər bir dialekt sözü bədii dilə gətirib üslubi söz hesab etmək olmaz. S.Vurğun yazırdı: “Poeziyanın böyük emosional gücü canlı insan nitqinin təbiiliyi ilə harmonik olmalıdır və bir quş dili, hətta qartal dili belə canlı insan nitqini əvəz edə, onun güc və gözəlliyini ifadə edə bilməz.”1
S.Rəhimovun dilində elə sözlər vardır ki, onlar ədəbi dil üçün yabançıdır: Məsələn: qayışbaldır, çuqquluq, qızıxmış, alacankeş, ter, köçəl, çalıxmaq, qaçalov, qağazlanmaq və s. bu kimi sözlər ədəbi dilimiz üçün yararsızdır. Bu cür sözlər oxucular tərəfindən belə, başa düşülməzdir.
Bəzi dialekt sözlər üslubi söz olmasa da, dilin lüğət tərkibini zənginləşdirərək leksik sinonimliyin zənginliyinə müsbət təsir göstərir. Dildə ən çox sinonim olan sözlər leksik və semantik dialektizmlərdir: ana – ciyi, qurd – canavar, qoz – ceviz, papaq – börk, bataqlıq – qarama, axtarmaq – gəzmək, cilov – qantarğa, balqabaq – boranı vzə s. Bu sinonim cərgələrdə verilmiş ikinci tərəf dialekt sözlərdir.
Bütün bunlara baxmayaraq, dialekt sözlərin bir o qədər də dildə rolu yox dərəcəsindədir, o, ancaq M.N.Fominanın qeyd etdiyi kimi, ədəbi-bədii dilin ehtiyacını ödəmək üçün davam edir (103, 173).
Dialektizmlər haqda deyilənləri yekunlaşdıraraq göstərə bilərik ki, sənətkar dialektizmlərdən yalnız aşağıdakı prinsiplərə əməl edərək istifadə etməlidir:
-
Sənətkar dialektizmlərdən istifadə edərkən sadə, başa düşüləcək, hamının işlətdiyi sözləri əsas götürməlidir.
-
Elə sözlər seçib işlətməlidir ki, həmin söz ədəbi dilə uyğun gəlsin.
-
Dialekt söz işlədilərkən yalnız kiçik bir məhəlləyə məxsus söz olmasın.
-
Yaxşı olar ki, sənətkar işlətmək istədiyi dialektal sözü ya ədəbi dildə işlənən sözün sinonimini versin, ya da mötərizədə izahını (qarşılıqlı sinonimini ) göstərsin.
-
Dialektizmlər yerli- yersiz (necə gəldi) işlədilməməlidir.
Ümumiyyətlə, yazıçı bunları nəinki öz fərdi üslubunda, hətta personajların dilinə də tətbiq etməlidir.
5. Üslubi sinonimlərin əmələ gəlməsində
evfemizmlərin rolu
Üslubi sinonim cərgəsinin böyük bir qrupunu evfemistik sözlər təşkil edir. Dilçi alimlərimizin qeyd etdikləri kimi evfemizm kobud, qaba və qeyri–mədəni söz və ifadələrin yumşaldıcı, mülayim tərzdə, ədəbi dil sistemində işlədilməsidir. “ ... bu hansısa əşya yaxud hadisənin yumşaldıcı ifadəsidir, kobud ifadənin mülayim ifadə ilə əvəzlənməsidir (93,533). Məsələn: “ ikicanlı”, “ağırayaq” əvəzinə “ hamilə”; “eşşək” əvəzinə “ulaq”, “uzunqulaq”, “abi-kövsər” əvəzinə “ cənnət suyu” və s.
Deməli, evfemizm gözəl, ədəbi, nəzakətli, tərbiyəvi, yumşaldıcı, yüngülləşdirici və bunlarla bərabər, həm də aldadıcı, sovistik, demaqogiyaya aid söz və ifadələrdir ki, bu söz və ifadələr müxtəlif, lakin fərqli səbəb motivlərindən ibarətdir: gündəlik zövqdən, konvensiyadan, nəzakətdən, ədəbdən, mövhumat və xurafatdan, uydurma fikirlərdən.
Evfemizm dilçilikdə son illərdə daha intensiv inkişaf etmiş sahələrdən biridir və yalnız “ üslubi bir vasitə kimi geniş mənada düşünülür və müxtəlif üslublarda, xüsusən bədii üslubda geniş istifadə məqamlarına malikdir” (17,164). Bədii üslub da, ümumxalq danışıq dili də öz-özlüyündə evfemizmin işlədilməsini tələb edir. Sarsıdıcı, ürəkürpədici, qorxu ifadə edən sözlər birdən–birə deyil , başqasına evfemistik yolla deyilir.Məsələn, bəd xəbər ifadə edən “ xəstə” sözü “nasaz”, “ naçar” , “ kefsiz” evfemistik sözləri ilə ifadə edilib deyilir. “ Ölmək” sözünün qorxu ifadə etməyən 40-a yaxın evfemistik söz frazeoloji birləşmələrlə əvəz edilib deyilir.
Evfemizm, qeyd etdik ki, əsas funksiyasına görə üslubi səciyyə daşıyır. Onun üslubi səciyyə danışması da elə nəzakət və mədəni formada mədəni sözlərlə işlədilməsidir. Deməli, evfemistik söz və ifadələr mənanı mədəniləşdirir, zərifləşdirir və üslubi bir hala gətirib çıxarır.
İstər bədii üslubda, istərsə də canlı danışıq dilində, evfemizmlər nitq hissələrindən ən çox felə, isimə və zərfə aid olur:
Arvad – uşaqların anası (evf.dan.) – həyat yoldaşı (evf., kit). – yastıq yoldaşı ( evf., məc.,dan.)
həbsxana−ağzıbir ( evf.,dan.) − dörd divar arası (evf., məc..dan.)
məzar – son mənzil ( evf.,kit.)
qoca- yaşlı ( evf.,kit.) – dünyagörmüş ( evf., kit.,dan.) – yaşadolmuş (evf.,kit.)
sərxoş – kefli ( evf.,dan.) – məst ( evf.,kit.) – dəm ( evf.,dan.)
ağlamaq – gözünün qorasını tökmək ( evf.,dan.) – yaş axıtmaq (tökmək) (evf..kit.) – gözündən od tökmək ( evf.. dan.) - gözünün zılığını tökmək (evf.,dan.)
qocalmaq – saçına dən düşmək (evf., kit.) – beli bükülmək ( əyilmək( evf., dan.) – saqqalı ağarmaq (evf., dan,zar.) – birçəyi ağarmaq ( qadın haqqında) ( evf., dan.)
basdırmaq – dəfn etmək (evf., kit., dan.)
basdırılmaq− dəfn olunmaq ( evf., kit., dan.)
doğulmaq – anadan olmaq ( evf., kit.) – dünyaya göz açmaq ( evf., kit.)
Bəzi evfemizmlər məcazi məna bildirir:
evləndirmək − başını bənd eləmək ( evf., məc., dan.) − başını bağlamaq (evf., məc.,dan.)
bədbəxtlik üz vermək – beli bükülmək (evf., məc., dan.) − beli qırılmaq (sınmaq) (evf., məc., dan.).,
araq − ceyran südü (evf., məc., dan.)
Göründüyü kimi, sinonimlərin inkişaf edib genişlənməsində evfemizmlərin rolu olduqca böyükdür. Dilimizdə evfemizmlər bir o qədər də çox deyildir. Onlar yalnız bədii üslubun ehtiyacını ödəmək üçün işlədilir. Deməli, evfemistik sözlər yalnız bədii üslubda deyil, fərdi və canlı danışıq üslubunda da işlədilir.
Dediklərimizdən belə bir nəticəyə gəlmək olar ki, üslubi məqsədlə işlədilən evfemizmlər aşağıdakı qruplardan ibarətdir:
1. İctimai-əxlaqi evfemizmlər: yalan danışmaq – özündən uydurmaq (evf.); sərxoş olmaq – kefi yuxarı olmaq (evf.) – içmək (evf.); arvad – uşaqların anası (evf.) – həyat yoldaşı (evf.) – külatan (evf., dan.) – ömür yoldaşı (evf.); ər – həyat yoldaşı (evf.) – uşaqların atası (evf.) – evin kişisi (evf.) – kişi (evf.); fahişə − əxlaqsız (qadın) (evf.) – pozğun qadın – yava və s.
2. İctimai-estetik evfemizmlər: əmcək – döş (evf.); dal – arxa (evf.); doğmaq – uşağı olmaq (evf.) – bari-həmlini yerə qoymaq (evf.); çılpaq – lüt(evf.) − paltarsız (evf.); çimmək− suya girmək (evf.) − yuyunmaq (evf.) və s.
3. Dini evfemizmlər: Allah – bizi yaradan (evf.); ölüyuyan-mürdəşir (evf.); canalan − əzrayıl (evf.); axirət – o dünya (evf.)
4. Siyasi evfemizmlər: asılı – müxalif (evf.); faşist – nasional (evf.); fəhlə sinfi – proletariat (evf.); gizli – məxfi (evf.) və s.
5. İctimai həyatla əlaqədar evfemizmlər: qorxmaq − çəkinmək (evf.); xəstələnmək− naxoşlamaq (evf.) – nasazlamaq (evf.); qorxaq – öddək (evf.)− quşürəkli (evf.); qoca− yaşlı (evf.)− sinli (evf.); ikiüzlü – riyakar (evf.); hiyləgər – çoxbilmiş (evf.); ölmək – keçinmək (evf.) və s.
Bütün bunlarla yanaşı, evfemizmlər müxtəlif formalar vasitəsilə əmələ gəlir:
1. Adların metonimik formada verilməsi evfemizmin əmələ gəlməsi vasitələrindən biridir: vətən – ana torpaq (yurd) (evf.,kit.,tənt.); kişi – başıpapaqlı (evf.,dan.); Azərbaycan− Odlar yurdu (ölkəsi) (evf.,kit.).
2. Evfemizmin əmələ gəlməsinin əsas səbəblərindən biri adların metaforik formada verilməsidir: ölmək – saralmaq (evf.) – dünyadan köçmək (evf., kit.).
3. Evfemizm əcnəbi sözlər vasitəsilə düzəlir: arvad− əhli-əyal (evf.) – külfət (evf.,dan.); uydurma – anektod (evf.,kit.); geyinmək – tualetini düzəltmək (evf.,kit.).
4. Evfemizmlərin bir hissəsi də jarqonizm vasitəsilə düzəlir: oğru− əliəyri (evf.,dan.) − əliuzun (evf.,dan.); oğurlamaq− əliuzunluq etmək(evf.,dan.) – çalmaq (evf.,kit.,dan.).
5. Evfemizmlərin əmələ gəlməsi söz və ifadələrin frazeoloji birləşmələrlə əvəzlənməsi hesabına da olur: arıqlamaq – bir dəri- bir sümük olmaq; pərt olmaq – kefi pozulmaq və s.
Beləliklə, üslubi evfemistik söz və ifadələrin aşağıdakı xüsusiyyətləri vardır:
1. danışıq dilini, həm də söz və ifədələri gözəlləşdirir; 2. ədəbiləşdirir; 3. yumşaldıcı rol oynayır; 4. dili yüngülləşdirir; 5. tərbiyəvi xarakterə yönəldir; 6. nəzakətli edir.
6. Emosional- ekspressiv sözlərin üslubi
sinonimlərin əmələ gəlməsində rolu
Müasir Azərbaycan dilində üslubi sinonimlərin yaranmasına təsir edən amillərdən biri də emosional- ekspressiv sözlərdir. Belə sözlərin ifadə imkanları bədii üslubda daha genişdir. Bəzi dilçilər, hətta, üslubi sinonimləri emosional-ekspressiv adlandırırlar. T.Əfəndiyeva haqlı olaraq yazır ki, emosional–ekspressiv sözlər həm ümumxalq dilinə məxsus ifadəlilik yarada bilir, həm də ən adi neytral sözlərdən xüsusi üslubi priyomların sayəsində emosional- ekspressiv mənada istifadə edilə bilir (22,171).
Məlumdur ki, hər bir sinonim söz məntiqi məzmuna, üslubi və emosional xüsusiyyətə malikdir. Odur ki, üslubi sözlər həm kitab dilində, həm də danışıqda emosinal–ekspressivlik yaradır. “ Kitab və şifahi danışıq sözləri, əslində üslubi, yaxud funksional–üslubi çalardan başqa, həm də emosional–ekspressiv çalar ola bilər (99,88).
Emosionallığa və ekspressivliyə ədəbi dildəki sözlər malikdir. Deməli, belə bir xüsusiyyət digər üslublardan fərqli olaraq ən çox bədii üsluba xasdır. Elmi üslubda, demək olar ki, obrazlılıq, emosionallıq və ekspressivlik olmur, xüsusilə də terminlərdə.
Dilçilik ədəbiyyatında emosional-ekspressiv sözlər öz semantikasına görə digər sözlərdən fərqlənir, daha çox üslubi xarakter daşıyır. Odur ki, bu tip sözləri sinonim cərgəsinə üslubi sözlər kimi qəbul etmək olar:
nəhəng(n.) − giqant(kit.,eksp.) – titan ( kit.,eksp.,məc.,)
namussuz (n.) – binamus (dan.,eksp.)
adət(n.) − ənənə ( eksp.,kit.)
işıldamaq ( n.)− parıldamaq ( eksp.,kit.)
ətir(n.)− rayihə ( eksp.,kit.)
istedad(n.) – talant ( eksp.,kit.)
hərc-mərclik ( n.) – xaos ( eksp.,kit.)
vurmaq ( n.) – şappıldatmaq ( eksp.,dan.)
korazehin (n.) – korafəhm (eksp.,dan.) – key ( eksp.,dan.)
ölmək (n.) – gəbərmək (eksp.,dan.) – çezmək ( eksp.,dan.)
yaltaq (n.) – qabyalayan ( eksp.,dan.)
çirkin (n.) – murdar ( eksp.,dan.) – eybəcər (eksp.,dan.)
Semantikasına görə müxtəlif anlayışları bildirən yumşaldıcı emosional-ekspressiv sözlər də vardır:
igid(n.) – qəhrəman ( eksp.,kit.)
qucaqlamaq (n.) – bağrına basmaq ( eksp.,kit.)
danışmaq (n.) – söyləmək (eksp.,dan.) – deyinmək (eksp.,dan.)
Funksional-üslubi nöqteyi-nəzərdən emosional–ekspressiv sözlər iki əsas qrupa bölünür:
1.Ədəbi dil; 2.Danışıq dili.
Ədəbi üslubun emosional- ekspressiv leksikasına poetizmlər və bədii nitqdə böyük yer tutan yüksək emosionallığa malik müəllif neologizmləri aiddir.
Məlum olduğu kimi, bütün poetizmlərin və müəllif neologizmlərin ümumi üslubi funksiyası bədii əsərin dilini bəzəmək, onu daha zəngin , daha dəbdəbəli və daha yüksək etməkdən ibarətdir. Lakin deyilişi − aydın məzmun və xarakterindən asılı olaraq poetizmlər, personajların nitqinin xarakteristikası, müəllifin təsvir olunan obyektə və yaxud fakta emosional münasibətin qiymətinin ifadəsi, oxucuya emosional–ekspressiv təsir, bizi əhatə edən hadisə və əşyaların canlı təsviri və bu kimi daha konkret üslubi funksiyaları yerinə yetirə bilirlər.
Emosional–ekspressiv sözlərin məhz bu xüsusiyyəti onların neytral üslubun ümumişlək leksikasından üslubi fərqlərini təyin edir. Bu fərqləri əyani surətdə poetizmlərdən və neytral üslubun ümumişlək leksikasından təşkil olunmuş sinonimik cərgənin aşağıda göstərilən cədvəlində izləmək olar:
Neytral üslubda
işlənən sözlər
|
P o e t i z m l ə r
|
ay
allah
təbiət
yaxşılıq
meşə
yaxşılıq edən
gözəllik
qorxu
ox
sevgili
dustaq
qonaq
çəmənlik
sehrli
döyüş
təbiət
böyüklük
dostluq
məhəbbət
müqəddəslik
sevgili
nazlı
təmtəraq
ağıl
xoşbəxtlik
xoşbəxt
oxşamaq
batmaq
yorulmaq
mahnı
işıq
göy
qoca
qalib
arzu
istək
yalan
etibar
vəd
əlamət
əzab - əziyyət
yaz
ürək
xoşbəxtlik
qələbə
öpüş
vuruşmaq
dəniz
yaşayış, həyat
dost
insan
sinə - döş
bağışlamaq
|
hilal
xaliq – rəbb − ilahi – xuda
xilqət
lütf
orman
lütfkar
hüsn
dəhşət – vəhşət
məhvər
məhbubə − canan
məhbus
mehman
çəmənzar – çəməngah
füsunkar
cəng
fitrət
cəlal
ülfət
mehr
qüdsiyyət
dilbər – dildar
nazənin
ehtişam – büsat – calal
kamal – zəka – idrak
bəxtiyarlıq
bəxtiyar
nəvaziş etmək
qürub etmək (günəş haqqında)
usanmaq
təranə
nur – ziya
səma − asiman
pirani
müzəffər
dilək
kam , murad
riya
vəfa
ilqar
rəmz
zəlalət
bahar
könül
səadət
zəfər
busə
çarpışmaq
ümman
ruzgar
yar
bəşər övladı
köks
əfv etmək
|
Azərbaycanın xalq şairi S.Vurğundan verilmış sinonim cərgələrə aid bir neçə misal fikrimizi sübut edir. Burada verilmış sözlər üslubi sinonim sözlərdir:
Xoşbəxt xəlq eyləmiş sizi yaradan.
(Dram əsərləri, 1955, səh.94)
Müzəffər çıxdınız odlar ağzından.
(Əsərləri III cild, səh.346)
Sən el bağçasında şur tutub səs sal
Elin ciyərilə yalnız nəfəs al.
(yenə orada, səh. 345)
Keçdi o zamandan üç qış, üç bahar
(yenə orada, səh. 509)
Bəlkə bir gün görəcəkmiş başa sevdalı bəşər
(yenə orada, səh. 355)
İdraka sığmayan sonsuz bir dilək
(yenə orada, səh. 420)
Zəfər taclı bir muradın nur qanadlı rəmzisən
(yenə orada, səh. 337)
Bakı, Bakı. Üstündəki bu səmanın
Bir əvəzi varmı görən bu dünyada?
Qəlbin kimi nə genişdir asimanın?
(yenə orada, səh. 111)
Bu qatlar altında ümmanmı vardır?
De, burda, çarpışan nə dalğalardır?
(yenə orada, səh. 340)
Məsəl var ki, dost yolunda çovğun olar, qar olar
İlqarından üz döndərən el içində xar olar.
(”Ədəbiyyat qəzeti”, 30 yanvar, 1939)
Soyuq məzara da zinətdir insan
(Dram əsərləri, səh. 69)
İlandan, əqrəbdən yar ola bilməz
(yenə orada, səh. 69)
Azərbaycan şairi H.Cavidin də əsərlərindən bir neçə nümunə göstərə bilərik:
Ya rəbb, bu nə dəhşət, nə fəlakət?
Ya rəbb, bu nə vəhşət, nə zəlalət?
Yox kimsədə insaf mürüvvət,
İblisəmi uymuş bəşəriyyət?
(Seçilmiş əsərləri, 1982, səh. 166)
Ya rəbb, azacıq lütfü inayət.
Qəhr olmada artıq bəşəriyyət
(Yenə orada, səh. 167)
Mən öncə bir mələkdim
Yüksəklərdə uçardım.
Parlaq bir yıldız kimi
Ətrafa nur saçardım.
(yenə orada, səh. 334)
Göstərilən bu misallar aydınca sübut edir ki, neytral söslərin üslubi sinonimləri kimi poetizmlərdən geniş istifadə olunur.
Poetizmlərə isə özünün emosional-ekspressiv ifadə vasitəsi ilə xarakterizə olunan bir neçə üslubi və yaxud müəllif neologizmləri adlanan sözləri aid etmək lazımdar.
Neologizm dedikdə, adətən yeni anlayışları ifadə etmək üçün dilin inkişafının müəyyən mərhələsində, elm və texnikanın inkişafının, xalqın yeni həyat səviyyəsinin, ictimai-siyasi, sosial münasibətlərin yaranması nəticəsində meydana gələn bütün yeni söz və söz birləşmələri başa düşülür. Belə neologizmlərə terminoloji neologizmlər demək nəzərdə tutulmur. Burada söhbət terminoloji neologizmlərdən fərqlənən, dilimizdə olan sözləri, müəllif tərəfindən bədii əsərin dilinin emosionallığını gücləndirmək üçün daha ekspressiv, özünəməxsus ifadə etməkdən ötrü yaradılan üslubi sinonimlərdən gedir.
Bu cür neologizmlər S.Vurğunun əsərlərində tez-tez işlədilib:
Xoşbəxt xəlq eyləmiş sizi yaradan
(Dram əsərləri , səh. 94.1955)
Aman. Ayaqladı müqəddəs dini
Bu tanrı düşməni, vətən xaini.
(yenə orada, səh.40)
Yaratdığın sənət qızı
Salamlasın baxtımızı.
(Əsərləri, cild III, səh.562)
Bu misallarda “yaradan”, “tanrı düşməni”, “sənət qızı” üslubi neologizmlərdir. Şair həmin söz və ifadələri işlətməkdə fikri emosional şəkildə vermişdir. Burada həm də “ sənət qızı” ifadəsi poeziya mənasında işlədilmişdir.
Emosional-ekspressiv sözlərin ikinci qrupunu, yuxarıda göstərildiyi kimi, danışıq leksikası təşkil edir. Danışıq leksikası dedikdə, ümumişlək leksika daxilində ayrılan sözlər və ifadələr nəzərdə tutulur ki, bunlar da şifahi danışıq dilinin qeyri-rəsmi üslubuna məxsus məfhumlardır. Danışıq söz və ifadələrin bədii nitq üslubunda işlədilməsi həm müəllifin ideya fikri ilə, həm də əsas xüsusiyyətlərindən biri böyük emosional çalar və ifadə zənginliyi olan danışıq nitqinin özünün üslubi təbiəti ilə uzlaşır.
Sinonimlərin növbəti cədvəlində sinonimik sıranın hər ikinci (üçüncü) üzvünü danışıq leksikası təşkil edir:
Ümumişlək leksika
|
Danışıq leksikası
|
döymək
qaçmaq
yaltaq
yaltaqlanmaq
vurmaq
yalan
yalan danışmaq
soyuq
övlad
evlənmək
evləndirmək
ağlamaq
sevinmək
mane olmaq
qucaqlamaq
|
kötəkləmək, əzişdirmək
aradan çıxmaq, əkilmək
quyruqbulayan
quyruq bulamaq
şappıldatmaq
gop
gop eləmək (etmək)
sazaq
bala
arvad almaq
başını bənd eləmək
gözünün mitiyini tökmək
papağını göyə atmaq
pəl vurmaq
bağrına basmaq
|
Qeyd edək ki, sifətin dərəcələri daha çox ekspressivliyə malikdir. Elə bu səbəbdən də sifətin dərəcələri ən çox bədii üslubda ekspressivliyi və emosionallığı qüvvətləndirmək üçün istifadə olunur (18,213).
Üslubi çalarlıq nöqteyi–nəzərindən “qıpqırmızı” , “ qapqara”, “ağappaq” və s. bu kimi sifətlərə nisbətən onların sinonimi olan “ lap qırmızı”, “ lap qara”, “lap ağ”, “ dümağ” sifətlərini işlətmək daha məqsədəuyğun olar.
Sifət köklərinə - mtıl,-mtil,- umtul,- ümtül,- mtraq şəkilçiləri və “təhər” sözünü artırmaqla da emosional məna yaranır: qırmızımtıl – qırmızımtraq – qırmızı təhər; sarımtıl − sarımtraq – sarı təhər; bozumtul – bozumtraq; yaşılımtıl – yaşılımtraq və
Misallarda sinonim cərgəsini təşkil edən birinci tərəf sözlərin işlədilməsi daha əlverişlidir. Həmin sözlərdə daha emosionallıq yaratmaq üçün aşağıdakı sinonim sözlər də əmələ gəlir: qıpqırmızı, sapsarı, bomboz, yamyaşıl.
Bəzi ədatlar vardır ki, onlar nitqdə emosionallıq və ekspressivlik yaradır. Dildə işlədilən belə ədatlar çox azdır. Bir sinonim cərgədə birləşən belə ədatlara aşağıdakıları misal göstərmək olar ki, bunlar da mətn daxilində bir–birinin sinonimi olur:
-
hər iki tərəfi emosiya və ekspressivlik yaradan ədatlar : kaş − kaş ki; ha – ki; da − də
-
yalnız ikinci tərəfi emosiya və ekspressivlik yaradan ədatlar : heç olmasa − barı; ancaq – təki – bircə.
Emosiyanın yaranmasının səbəblərindən biri də dildə nidaların işlədilməsidir. Nidalar danışıqda fikri daha təsirli, daha qüvvətli edir. Danışan şəxs fikrini təsirli, daha qüvvətli etmək üçün nidaların müxtəlif növlərindən istifadə edir. Buna görədir ki, canlı danışıq dilində nida sözlər daha geniş yer tutur.
Nidalar da başqa nitq hissələri kimi sinonimliyə malikdir və rəngarəng məna çalarlıqlarından ibarətdir. Lakin o biri nitq hissələrindən fərlqli olaraq nidalar daha qüvvətli emosiya və ekspressivliyə malikdir. Sinonim cərgəni əmələ gətirən nidalar iki cür olur:
1. Müstəqil mənaya malik olub, söz kökü kimi, nida kimi işlənən nidalar : afərin!− əhsən! – bərəkallah! – mərhəba! – maşallah!; heyf − əfsus və s.
Bu nidaların maraqlı bir cəhəti də ondan ibarətdir ki, təsadüfü, alqışı, tərifi, kinayəni, heyfsilənməni daha qüvvətli vermək üçün onlara “ səd” sözü də əlavə olunaraq onunla birlikdə işlənir: heyf – səd heyf; əfsus − səd əfsus; əhsən – səd əhsən; afərin – səd afərin ; mərhəba – səd mərhəba .
2. Tamamilə nida xarakterli, yəni nida sözünə çevrilmiş nidalar : ey – ay – oy ( çağırış, müraciət bildirir)
ax – ah ( təəccüb, həsrət, töhmət,ağrı həyəcan və s. bildirir)
oy – vah – vay ( qorxu, həyəcan, təəssüf, kədər bildirir)
aman – ox ( təəssüf, məyusluq, həyəcan, fəryad bildirir)
of – uf ( ağrı bildirir)
bəh, bəh – ha...ha...ha... ( kinayə, sarkazm bildirir)
Dildə eyni sözlərin təkrarı da emosionallıq vasitələrindən biridir. Bu cür sözlər əsas nitq hissələrindən ismə, felə, sifətə, saya, zərfə xasdır və bunlar defislə yazılır.
İSİM. top- top − kos- kos;
SİFƏT. balaca–balaca – xırda–xırda – kiçik–kiçik; şirin–şirin – dadlı – dadlı – ləzzətli – ləzzətli;
FEL. kəsik–kəsik etmək – qırıq–qırıq etmək; yumru–yumru etmək – girdə - girdə etmək
ZƏRF. qaça–qaça – yüyürə yüyürə; qışqıra–qışqıra – çığıra–çığıra - bağıra–bağıra; yavaş–yavaş – asta–asta – ehmal–ehmal – ağır–ağır; qəmli–qəmli – qüssəli – qüssəli − qəmgin–qəmgin ; hirsli–hirsli – qəzəbli–qəzəbli − acıqlı – acıqlı
Beləliklə, dildə sinonimlərin üslubi məqsədəuyğunluq əsasında seçilib işlədilməsində emosional -ekspressiv sözlərin rolu böyükdür.
7. Morfoloji yolla düzələn üslubi sinonimlər
Üslubi sinonimlər nəinki adi kök formasında, hətta sözdüzəltmə şəkilçiləri vasitəsilə də əmələ gəlir ki, bu da morfoloji yolla sinonimliyin yaranması hesab olunur. Bu qrupa aid olan sinonimlər nitq hissələrindən isim , sifət və zərfin xüsusiyyətlərində özünü göstərir. Qeyd etmək lazımdır ki, müxtəlif şəkilçilər sözdə üslubi–semantik mənalar yaradır.
Azərbaycan dilçiliyi ədəbiyyatında sözdüzəltmə nəticəsində əmələ gələn sinonimləri alimlərdən B.Abdullayev (1,78-124) öz dissertasiyasında tədqiq etmişdir. Bu sahədə onun xidmətini xüsusilə qeyd etmək lazımdır. O, sinonimlərin müxtəlif şəkilçilərdən yaranmasından bəhs edərək göstərir ki, sözdüzəltmə nəticəsində əmələ gələn sinonimlərin müəyyən hissəsi sinonim sözlərə müxtəlif şəkilçilər əlavə etməklə düzəldiyi halda, müəyyən hissəsi də eyni bir sözə müxtəlif sinonim şəkilçilər əlavə etməklə düzəlir (1,79). Sonra alim haqlı olaraq sözdüzəltmə sinonimləri müxtəlifköklü və eyniköklü olmaq üzrə iki yerə bölür ( 1,79). Lakin bütün bunlara baxmayaraq, əsərdə sözdüzəltmə nəticəsində əmələ gələn sinonimlərin üslubiliyi haqqında heç nə danışılmır.
Ümumiyyətlə, dilçilikdə bu sahə geniş tədqiq edilməmişdir. Sözdüzəltmə nəticəsində əmələ gələn sinonimlər haqqında az da olsa sozet dilçi alimlərindən V. Meskutov (85), S.Abakulov və M.Solonina (38), R.P.Roqojnikova (91) öz tədqiqat əsərlərində danışırlar. Lakin R.P.Roqojnikova müstəsna olmaqla, o biri müəlliflər şəkilçilər vasitəsilə düzələn sinonimlərin üslubi əhəmiyyətindən söz açmırlar. R.P.Roqojnikova eyni və müxtəlifköklü üslubi sinonimlərin necə əmələ gəlməsi haqqında yazır : “ Eyni və müxtəlifköklü sinonimlər bir cümlədə, yaxud yaxın kontekstdə eyni sözün təkrarından qaçmaq üçün işlənə bilər (91,161).
Müxtəlifköklü sözdüzəltmə sinonimlərə nisbətən eyniköklü sözdüzəltmə sinonimlər daha geniş, daha çoxsahəlidir. Eyniköklü sözdüzəltmə sinonimlər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb sözlərdən yaranaraq müxtəlif növlərdən ibarətdir: sadə və düzəltmə, sadə və mürəkkəb, düzəltmə və mürəkkəb. Eyniköklü sözlər istər mətndə, istərsə də adi danışıqda konkretliyi tələb edir, hər hansı bir konkret predmeti ifadə edir. Buna görə də belə sözləri digər kök sinonimləri hər vaxt dəyişdirə bilməz. Eyniköklü sinonimlər hər hansı bir üslubi çalarlığı ifadə edir. R.P.Roqojnikova buna belə bir misal da verir : Любить свою гармонь Павка. Вздохнут басы, и засыплет гармошка лихую, заливистую (91,161).
Hər iki söz “ гармон” və “ гармошка” rus dilində danışıqda işlənir.
Rus dilində olduğu kimi, Azərbaycan dilində də bu sözlər işlənir. Məsələn, “ Küçədə evimizin qarşısındakı quyuluqda gözəl şərqilər söylədilər, saz və qarmon çalınırdı” (Y.V.Çəmənzəminli); “Qaqqıldaşıb gülənlər, qarmoşka çalıb oynayanlar, tar çalıb oxuyanlar bir–birinə qarışmışdı” (M.Hüseyn).
Müasir Azərbaycan dilində sözdüzəltmə şəkilçilərlə əmələ gələn sinonimlər az deyildir. Bu şəkilçilər, B.Abdullayevin qeyd etdiyi kimi, həm əsl Azərbaycan dili şəkilçilərindən, həm də alınma şəkilçilərdən ( ərəb və fars dillərinin şəkilçiləri – N.S.) ibarətdir ( 1,86).
Eyniköklü sinonimlərin xidməti ondan ibarətdir ki, onlar həm cümlədə, həm də mətn daxilində işlənərkən üslubi mənasını nəzərə çarpdırır. Məsələn, igid – qoçaq – qoç sinonim cərgədə “ qoc” sözü məcazlaşaraq “igid” sözünün sinoniminə çevrilir.” Qoç” sözü yalnız mətndə üslubi çalarlıq yaradır. Bu, bir çox yazıçılar tərəfindən az işlədilsə də, amma şifahi xalq yaradıcılığında, xüsusilə də dastanlarda özünü büruzə verir. Müasir dil üçün “ qoç” sözü arxaikləşmişdir. Qoç Koroğlu, qoç Nəbi kimi işlənmələrdə bunun şahidi oluruq. Məsələn:
Qoç Koroğlu çıxır düzə ;
Baxmaram əlliyə, yüzə;
Mən dəlidən öyüd sizə;
Həddini aşmamaq gərək
( “ Koroğlu” dastanı).
Qoy sənə desinlər ay qaçaq Nəbi ;
Həcəri özündən ay qoçaq Nəbi
(“Qaçaq Nəbi” dastanı).
Üslubi sinonimlər Azərbaycan dilində -cıq, - cik, - cuq,-cük; - cığaz, - ciyəz, - cuğaz, - cüyəz; - ca, cə şəkilçiləri ilə düzəlir ki, bunlar emosional məna bildirir. Buna görə də bu şəkilçilər bədii üslubda geniş işlədilir: əzizləmə, kiçiltmə, oxşatma məzmununa və çalarlığına malik olur. Məsələn, ana ( n.) – anacıq- anacığaz; bacı ( n.) – bacıcıq – bacıcığaz; balaca (n.) – balacacıq – kiçicik; qız (n.) – qızcığaz - qızcıq; quzu (n.) – quzucuq; quş ( n.) – quşcuğaz – quşcuq; oğlan (n.) – oğlancığaz; uşaq ( n.) – uşaqcığaz ; körpə (n.) – körpəcik - körpəcə; ev ( n.) – evcik – evciyəz; xırda ( n.) – xırdaca və s. Bu sözlərin bəzilərinə ədiblərimizin əsərlərində də rast gəlirik : “ Xidmətçi arvad tələsik ona balacacıq bükülü bir kağız uzatdı” ( Ə.Əbülhəsən) ; “ Gülzar kiçicik əllərini irəli uzatmış, həyəcan içində nəticəni gözləyirdi” ( C.Cabbarlı); “ Dəyişdi günbəgün qızcığın halı; Pozuldu gördüyüm o gül camalı” ( S.Vurğun) ; “ Ay qız, hacı Məhərrəmin, deyirlər, qızcığazı qoşulub qaçıbdır axı” (N.Vəzirov) ; “ Bir quşcuğun uçuşunda bilsəniz nələr; Nələr duyur bir şairin səyyar ürəyi “ ( S.Vurğun ) ; Ağabəyim diksinmiş bir quşcuğaz kimi başını cəld qaldırıb, Vaqifin üzünə baxdı” (Y.V.Çəmənzəminli) ; Ah.O körpəciyin nə dərdi vardır? Onu da ağladan bir intizardır” ( S.Vurğun) ; “ Alagöz, sarışın, körpəcə bir qız; Dörd divar içində ağlayır yalqız” (S.Vurğun); Budur, şəhərin ucqarında kiçik bir evciyəz qaralır” ( Ə.Məmmədxanlı); “ (Vidadi:) Vaqif, sabah məni yola sal, gedim; Torpaq evciyimi ziyarət edim” ( S.Vurğun).
Yuxarıda göstərilən bu cür şəkilçilər vasitəsilə rus dilində də üslubi sinonimlər əmələ gəlir. Məsələn: вода – водитса – водчика; сестра – сестритса – сестричка; игла – иглица; белый – беленький – белехонький – бебешенький və s. (81,135).
-ca, - cə şəkilçiləri ilə başqa mənalı sözlər də düzəlir ki, bunlar zərflərin sonuna artırılır : yaxşı (n.) – yaxşıca; oğrun ( n.) – oğrunca; yavaş (n.) – yavaşca; gizli (n.) – gizlicə; sakit ( n.) – sakitcə və s.
-ca, -cə şəkilçili sözlər ən çox danışıqda işlədilir.
Azərbaycan dilində üslubi sinonimlərin əmələ gəlməsində ərəb və fars dillərindən alınmış “ - at” şəkilçisinin də müəyyən qədər rolu vardır. Bu cəm şəkilçisi çoxluğu bildirmək üçün istifadə olunursa da , dilimizdə tək kimi də işlədilir. Bu da iki formada özünü göstərir.Birinci formaya eyni kökdən ibarət olan söz daxildir: izah – izahat; xəyal – xəyalat; tələb – tələbat; təfəkkür - təfəkkürat; təhqiq – təhqiqat; təsnif – təsnifat və s. İkinci formaya isə eyni mənaya malik olan müxtəlif sözlər daxildir: avadanlıq – müxəlləfiyyat; zəmanət – təminat; tale – müqəddərat; reforma – islahat və s. Bu cür sözlər Azərbaycan dilində, demək olar ki, çox azdır.
Dilimizdə fellərdən düzələn - ma, - mə şəkilçili isimlər də vardır ki, bunlar həm elmi, həm də bədii üslubda işlədilir. Belə sözlər ən çox elmi üslubda işlənir və bu tip sözlərin sinonimliyi çox azdır: güclənmə - qüvvətlənmə; artma – çoxalma; varlanma – dövlətlənmə və s.
- ma, - mə şəkilçilərinə sinonim olan -ış, -iş, - uş, -üş şəkilçiləri də vardır. Bu şəkilçilər bir-birinə sinonim olduğu halda, onlardan düzələn sözlər də bir –birinin sinonimi olur: bəzənmə − bəzəniş; getmə − gediş; qaçma – qaçış; gülmə − gülüş; uçma – uçuş; vuruşma – vuruş və s.
Yuxarıda göstərilən şəkilçilərlə ( - ış, -iş,- uş,- üş, - ma, - mə) düzələn isimlər başqa sözlərlə də sinonimlik təşkil edir: Məsələn: ağlaşma – yas – matəm; bağlaşma – müqavilə − saziş; bildiriş – elan; yüksəliş – inkişaf – tərəqqi; düzəliş – təshih; baxış – nəzər və s.
-ma, - ma şəkilçiləri ilə düzələn sözlər bəzi hallarda - aq, -ək şəkilçiləri ilə düzələn sözlərə sinonim olur. Məsələn: əsnəmə - əsnək ( “ Mövlanqulunun nəfəsi yavaş – yavaş genişlənir, onu əsnək tuturdu” ( S.Rəhimov), “ Əsnək əsnək gətirər” (Atalar sözü) ; öskürmə − əskürək (“Qaraltının öskürməsi Qüdrətli üçün naməlumu aşkar etdi” (T.Ş.Simurğ). “ Bir–iki quru öskürək qarının sözünü yarımçıq kəsdi...” ( Ə.Əbülhəsən).
Cəmlik bildirən - lar, - lər şəkilçiləri də bəzi sözlərə artırılaraq üslubi məqsədlə işlədilir. Bu şəkilçilərin sözlərə artırılıb işlədilməsi mənanı qüvvətli edir. İctimai anlayışı bildirən bu şəkilçilərdən düzələn sözlər üslubi keyfiyyətə malik olaraq dildə ekspressivlik ifadə edir və yazıçıya müxtəlif priyomdan istifadə etməyə imkan yaradır. Məsələn, “ yazıq” sözünün aşağıdakı sinonim cərgəsi vardır: məzlum – fağır – dilsiz–ağızsız – aciz – üzüdanlaqlı – üzü tüpürcəkli − əlsiz–ayaqsız – köməyə möhtac − əlsiz ( məc.)− köməksiz − zavallı – başıbəlalı – biçarə − bədbəxt – miskin – başıküllü ( dan.) – başıqapazlı ( dan.)
Bu söz və ifadələri daha obrazlı, daha qabarıq, daha ekspressiv vermək üçün onlara – lar, -lər şəkilçiləri artırılır: yazıqlar – fağırlar – dilsiz−ağızsızlar ( məc.) – acizlər – üzüdanlaqlılar – məzlumlar – üzü tüpürcəklilər − əlsizlər (məc.) − əlsiz – ayaqsızlar – köməyə möhtac olanlar – köməksizlər – miskinlər – zavallılar – başıbəlalılar – bədbəxtlər ( dan.) – biçarələr – miskinlər− dilsizlər (məc.) – başıküllülər (dan.) – başıqapazlılar (dan.)
Bəzi sözlərə və ifadələrə aid misallar göstərək. “ Yazıqlar çəkildi bir az uzağa; Dözməzdi Ayişə bu ağır dağa” ( H.K.Sanılı); “ Cəlil ağa özü keçmişdə fəqir olduğundan çox rəhmli idi və harada bir ittifaq düşsəydi, fəqirlərə, əlsizlərə kömək edərdi” ( M.Musabəyov) ; “ Məni göndəribdir bura kəndin ağsaqqalları; Əlsiz–ayaqsızları, köməksiz yoxsulları” ( S.Rüstəm) ; “ Dilsizlər hərə bir küncdə palçığa bulanmış, aclıqlarından nalə edirlər” (N.Nərimanov).
İsim və sifətlərə -lıq,- lik,-luq, -lük şəkilçiləri artırmaqla sözlərdə emosionallıq və ekspressivlik yaranır: qəhrəmanlıq ( n.) – igidlik – mərdlik – qoçaqlıq – bahadırlıq; adamlıq ( n.) – insanlıq; pislik ( n.) – yamanlıq; gənclik (n.) – cavanlıq.
Azərbaycan dilinə məxsus - sız,-siz,-suz,-süz şəkilçiləri alınma “- bi” şəkilçisi ilə sinonim təşkil etdiyi kimi onlardan düzələn sözlər də bir–birinin sinonimi olur və mənada emosiya və ekspressivlik yaradır. Belə sinonim sözlər çox vaxt mənfilik məzmununa malik olur. – “na” prefiksi də bu qəbildəndir: dinsiz – bidin; namussuz – binamus; vafasız – bivəfa; ədəbsiz – biədəb; insafsız – biinsaf − nainsaf; xəbərsiz – bixəbər; məzmunsuz – biməzmun; qeyrətsiz – biqeyrət; həyasız – bihəya; əlacsız – naəlac; ümidsiz – naümid; haqsız – nahaq və s.
8. Üslubi sinonimlərin məcazlar hesabına
əmələ gəlməsi
Azərbaycan dili məcazi sözlərlə zəngindir. Məcazi mənalar cümlə və yaxud da mətn daxilində yaranır. Cümlədə məcazların yaranması dilimizdə olan sinonimliyi zənginləşdirir.
Hər bir sözün əsas mənasından başqa əlavə mənası da olur. Ə.Dəmirçizadə haqlı olaraq yazır ki, sözün əsas mənası ilə əlaqədar dolayı mənası da ola bilər və sözlərin belə əlavə - dolayı mənalarda işlədilməsi nəinki mümkümdür, hətta zəruridir(18,152).
Sözlərin məcazi mənasının zəruriliyi aid olduğu sözlə sinonimləşir və buradan da sinonimlər sözlərin məcazi mənaları ilə əlaqədar əmələ gəlir.
Məcazi mənalı sözlərin əksəriyyəti ismə, felə, zərfə və sifətə aid olur.
Sadə danışıq dilində, bədii ədəbiyyatda heyvan adlarının məcazi mənada işlənməsi böyük rol oynayır: tülkü, çaqqal, ayı, eşşək, meymun, öküz, tısbağa, aslan, pələng, şir, canavar, inək, quzu, maral, qoyun, ceyran, donuz, qaban, it, dovşan nominativ mənalarına görə, göründüyü kimi, heyvan adlarıdır. Lakin həmin sözlər dilimizdə məcazlaşaraq heyvan adları deyil, müəyyən anlayışı, keyfiyyəti bildirərək əsas sözün sinoniminə çevrilir. Tülkü − bic – hiyləgər; çaqqal − qorxaq, ayı – qaba, kobud, vəhşi; eşşək – qanmaz, axmaq, qanacaqsız; meymun – çirkin; öküz – kobud; qoç – igid, cəsur; şir – qoçaq, igid, cəsur; pələng – igid , qorxmaz; aslan – qoçaq, cəsur; canavar − qurd, qəddar; quzu – sakit, mülayim; ceyran, maral – gözəl; donuz – pinti; qaban – kobud, yöndəmsiz; it – bədxasiyyət, acıdil; dovşan – qorxaq; ilan – xain – mərkli; qurbağa - çirkin.
Misallar : “ Cəfər tülkü olsa da , axır tələyə düşdü; Olan olmuşdu artıq, ötən dəxi ötmüşdü” ( M.Rahim “ Saxtakar Səfər”); (Qulu: ) Görəsən , dünyada mənim kimi də eşşək adam olarmı” (N.Vəzirov” Pəhlivani – zəmanə”) ; (Nağı:) Donub qalmışam dünyanın işlərinə, bu meymun da özünü adam hesab edir, Zöhrə kimi mələkdən uca tutur” ( M.İbrahimov “ Yaxşı adam”) ; “ Hanı bəs Aleksey, dostlar hardadır? Aslana car çəkin, maral dardadır” ( M.Rahim “ Leninqrad göylərində”); “Adamlar vuruşanda dayanaraq üzbəüz; Gah eşşək söyləyirlər bir–birinə, gah öküz” (M.Rahim “ Uzunqulaq”); “(Kiçik gürcü:) Bu dağlar mülkünün pələngi sənsən” (S.Vurğun “ Vaqif”); (Eldar:) Bura bax, qardaşım, indi şah Qaçaq; O sizi talayan dişi canavar; İndi də göz dikib Azərbaycana “(S.Vurğun “Vaqif”); “ (Vaqif:)... Nə də dişlərində qan donan o qurd; Bu tərlan könlümü ovlaya bilməz” ( S.Vurğun “ Vaqif” ) “ Ovçusu olmuşam sən tək maralın; Xəyalımdan çıxmaz hərgiz xəyalın” (M.P.Vaqif) ; “Ərdovdu, qabandı, qoyma gəldi; Didarı yamandı, qoyma gəldi (M.Ə.Sabir “Qoyma gəldi“) ; “(Nurcahan: ) Hələ sən get qanqal otla. Mən də Nurcahanam, sənin kimləri çox xaltalamışam, ay it” ( N.Vəzirov “ Daldan atılan daş topuğa dəyər” ) ; Basma ayağını bizim torpağa ; İlandan, əqrəbdən yar ola bilməz” ( S.Vurğun “ Vaqif” ); Gözəllikdən bixəbər; Lovğa–lovğa hər səhər; Özünü maral sayan; Qurbağalardan həzər” (M.Rahim” Maral və qurbağa” ); ( Qoca:) Al. Oğul. Göz üstə saxla sən bunu; Yaşat ürəyində qoç Koroğlunu” (“Koroğlu”).
Azərbaycan dilinin sinonimikasında yalnız heyvan adlarının məcazi mənası deyil, ayrı–ayrı sözlər də məcazlaşaraq aid olduğu əsas sözün sinoniminə çevrilir. Məsələn: abır – üst–baş; ağır – hamilə; ağrı – dərd – qəm; alçaq – rəzil; anadangəlmə−çılpaq; aparmaq – qalib gəlmək, qələbə çalmaq; arşınlamaq – veyllənmək; bazar–səs–küy; bal – şirin; badımcanburun – yekəburun, uzunburun; balqabaq – key, maymaq; baltadiş – yekədiş; banlamaq – qışqırmaq; başsız – gic; beyin – ağıl; qırmaq – öldürmək” qızartmaq – utandırmaq; vurmaq – içmək; qəfəs – həbsxana; qızmaq – hirslənmək; dam – həbsxana; dəymək – baş çəkmək; danabaş − küt; duzlu – maraqlı; əzmək – kötəkləmək; ərimək – arıqlamaq; yoluq – kasıb, yoxsul; yuva – ev; malbaş – küt; öküzbaş - yekəbaş; çulu cırıq - yoxsul və s.
Bütün bunlarla bərabər, dilimizdə elə ifadələr də vardır ki, onlar məcazi mənada işlənərək məna çalarlarına görə aid olduğu əsas sözlə sinonimləşir. Məsələn: “qara qızıl” – neft; “mavi yanacaq” – qaz; “ ağ qızıl” – pambıq; “polad at” - traktor; “ sarı qızıl” - buğda; “ polad qanad” – təyyarə; “mavi gəmi” – pambıqyığan maşın; “dəmir qanadlı quş” – təyyarə və s.
Bu ifadələrin bəziləri mətbuat üslubunda daha çox işlədilir. Misallar: “ Neftçi, yerin təkindən, dərin sular altından “qara qızıl” və “ mavi yanacaq” çıxaranlar da, təmirçilər də, qazmaçılar da, vışkaquraşdıranlar da çox şərəfli bir ad neftçi adını daşıyırlar” ( “ Kommunist” qəzeti, 14 sentyabr 1982); “Respublikamızda bayram şənliklərinin davam etdiyi günlərdə briqadamız zərbəçi kimi işləyərək öhdəlik hesabına nəzərdə tutulduğundan çox “ ağ qızıl” toplayıb” (“ Kommunist” qəzeti, 2 oktyabr,1982); “ Alnı açıq cavanlar; Şərəfli qəhrəmanlar; Qoy cansız tarlalarda; yenə “polad atınız” ( M.Rahim “ Zəfər təranəsi”) “ O,əlini qaldırıb yellədi, salamlaşdı, sanki bizdən” üzr istəyirmiş kimi gülümsəyib,” mavi gəmisini “ağ çiçəkıər dənizinə sürdü” ( Ə.Qasımov “ Aytəmizin dəftərləri” ); “Yarır” havaları polad qanadlar; Bir də qan ağlamaz yer, göy göyərçin” ( S.Rüstəm “ Göyərçin”) ; “ Güləbətin səsi gəldiyi qədər qışqırıb dəmir qanadlı quşun qabağından qaçmağa, çoxdan hovuzun qırağına enmiş göyərçinlərin yanına enməyə başladı” ( M.İbrahimov “ Güləbətin” ).
Onu da qeyd etmək olar ki, üslubi sinonimlərin cümlə və ya mətn daxilində işlədilməsi, ondan istifadə edilməsi fərdi xarakter daşıyır, çünki hər bir sözün mənası subyektiv olduğundan onu icra edən şəxs və sənətkar tərəfindən müxtəlif cür də işlədilə bilər. Xalq şairi R.Rza “ Qürur nəğməsi” şeirində “ ay” sözünü “göylər qızı” ifadəsi kimi işlədilir:
Təyyarə qanadlı
buludları yararsa,
coşğun nəğmə səsləri
boşluqları sararsa;
bu bəxtiyar həyatda
könül açan
nə varsa,
bizimkidir
nəğmə də,
təyyarə də, sevgilim
Göylər pərisi ay da,
Səyyarə də , sevgilim.
Şair başqa bir şeirində isə “ ay” ı “sarışın kəndli qızı” adlandırır:
Ay – sarışın kəndli qızı,
Yaşlı sular – yellənəcək.
Nazlı-nazlı gülümsəyir
Dalğalara minərək.
S.Vurğun isə “ ay” ı “ göylər şamı” adlandırır:
. .. O, ay dediyimiz göylərin şamı
O qarlı düzlərə baxıb yanırdı...
“ Komsomol poeması”
Beləliklə , sinonimlərin cümlə və ya mətn daxilində işlədilməsi obrazlılıq, emosionallıq yaradır, ona üslubi çalar verir. Sinonimlər cümlə və ya mətndə üslubi məqsəd üçün istifadə olunaraq təkrara yol vermir, fikri daha aydın, qabarıq, dəqiq ifadə edir, sənətkarın öz istək və arzularını həyata keçirməyə nail olur.
Dostları ilə paylaş: |