III FƏSİL
ÜSLUBİ SİNONİMLƏRİN BƏDİİ İFADƏ XÜSUSİYYƏTLƏRİ
1. Bədiiliyin yaranmasında sinonim cərgələrdən
istifadə yolları
Ədəbi dilin inkişaf edib zənginləşməsində, formalaşıb möhkəmlənməsində bədii ədəbiyyatın yüksək dərəcəli xidmətini nəzərə almamaq olmaz. Dildə bədii sözün başlıca vəzifəsi bundan ibarətdir ki, bədii ədəbiyyat ümumxalq danışıq dilindən bəhrələnərək ədəbi dilə çoxlu söz və ifadə gətirir, nitq ehtiyatını zənginləşdirir.
Bədii əsərlərdə külli miqdarda sinonim sözlər işlədilir ki, onlar da dilə ifadəlilik keyfiyyəti verir, mənanı dəqiqləşdirir, ifadəni qüvvətləndirir, çətin sözlərin mənasını açır, nitqi rəngarəng edir, dildə ahəngdarlıq yaradır, təkrarın qarşısını alır və s. S.Cəfərov haqlı olaraq yazır ki, sinonimlər bədii dilin ifadə vasitələrindən biri sayılır (36, 32).
Sinonim cərgədə mütləq və nisbi mənalar ifadə edilməklə bədii ədəbiyyatda üslubilik yaranır və mətndə öz əksini tapır:
Çox şeyi bilirik,
Sirlər qat-ba-qat,
Bitməsin insanın arzusu, dərdi.
Yaxşı ki, bilmirik...
Yoxsa bu həyat
Necə adiləşər, cadələşərdi.
B.Vahabzadə “Yaxşı ki, bilmirik...”
Göründüyü kimi, burada üslubi sinonimlər “adiləşər” və “sadələşər” sözlərində öz əksini tapmışdır.
Əsərdə bədiiliyi yüksəltmək, öz fikrini oxuculara daha dolğun çatdırmaq üçün şair və yazıçılarımız sinonim sözlərdən geniş istifadə edir. Deməli, sinonimlər yaradıcı şəxs tərəfindən işlədilən bədii ifadə vasitəsidir. Elə buna görə də ədiblər öz əsərlərində sinonim cərgələrdən olduqca çox istifadə edir. Çünki bu fərdi yaradıcılıq üslubu ilə üzvi surətdə bağlı olur.
Yazıçı üslubu (fərdi üslub − N.S.) ümumxalq dilinə mənsub olan vasitələrdən subyektiv zövqünə uyğun olanlarının xüsusı şəkildə seçilib fərdi xarakterdə işlədilməsi ilə səciyyələnir (36, 87).
Görkəmli fransız təbiətşünası Lui Jorj Büffon demişdir ki, üslub insanın özüdür. Doğrudan da, yaradıcı müəllif öz üslubunda yazıb yaradarsa, deməli, üslub elə həmin ədibin özüdür.
Fərdi üslub sahibi dilin saflığı, təmizlıyi məsələsində tələbkar olmalı, əcnəbi sözlərdən, lazım olmayan söz və ifadələrdən uzaqlaşmalı, əsl ümumxalq dilində yazıb − yaratmalıdır.
Fərdi üslub şəxsi yaradıcılıq manerasıdır. C.X. Hacıyev yazır:”...dünyada nə qədər yazıçı varsa, bir o qədər də bədii üslub vardır, çünki bir yazıçı ilə digər yazıçı arasında tam mənada eyniyyət işarəsi qoymaq olmaz” (34, 100).
Ə.Haqverdiyev “Marallarım” satirik povestində müridləri öz şəxsiyyətlərinə görə belə təsvir edir:
“Axund iftarı yeyib təsbehi alır əlinə, başlayır hesablamağa: bəzzaz Palazqulaq oğlu –otuz manat, fərə Cəfər əlli manat, süpürgəsaqqal Rəhim –on manat, Dana Bayram –on manat, köpükburun oğlu – on manat, çürük Mehdi –on manat, yetim Dadaş – beş manat, cığ-cığ Fərzalı – beş manat, içgənə Kərim – beş manat, zurna Balaxanımın uşaqları – on manat, ya əvəzində iyirmi manat, quzğun Səfi bəy – bir çuval buğda, keçəl Mir Heydər – bir şaqqa keçi əti...”
Bu parçada yazıçı tərəfindən “bəzzaz” köhnə məişətdə tacir sözünün, “dana” yöndəmsiz sözünün, “köpükburun” pərəburun sözünün, “çürük” məcazi mənada pis sözünün, “cığ-cığ” ağlağan, cırsəslı sözlərinin, “zurna” məcazi mənada danışqan sözünün, “quzğun” yırtıcı sözünün sinonimi kimi verilmişdir. Deməli, bədii ədəbiyyatda sinonim cərgələr metafora hesabına da zənginləşir.
Buradan göründüyü kimi yazıçı üslubi zərurətlə əlaqədar sözlərin bəzilərini məcazlaşdırmışdır. Deməli, fərdi-üslubi sinonimlər sözlərin məcazlaşması əsasında da yaranır. Ə.Haqverdiyev burada sadə danışıq dilindən istifadə edərək hadisənin gedişində ekspressivlik yaratmış və müridlərin iç üzlərini, mənfi xarakterlərini obrazlı bir şəkildə təsvir etmişdir.
Azərbaycan dilində iki, üç, dörd, beş və daha artıq sözlərdən ibarət sinonim cərgəsi əmələ gəlir ki, bunlardan biri dominant, yəni aparıcı rol oynayır, əsas mənanı dolğun və konkret ifadə edir, digərləri isə ondan asılı olur. Belə cərgələr ən çox bədii əsərlərdə özünü göstərərək qüvvətli bədii ifadə vasitəsi yaradır, fikri təsirli və ekspressiv şəkildə ifadə edir.
Sinonim cərgələrin mövcudluğu şair və yazıçıya, publisistə bu və ya digər fikrin aydınlaşması üçün üslubi dəqiqlək verir.
Müəllif sinonim cərgələrə tez-tez müraciət edir. Bu isə yaradıcı şəxsin fərdi bacarığına əsaslanır. Sinonimlərin yanaşı işlədilməsi isə, qeyd etdiyimiz kimi, fikri qüvvətli, təsirli və ekspressiv edir. Belə prosesdə sinonimlər semantik və üslubca bir-birindən fərqlənməlidir.
Sinonim cərgələrdən istifadə edilməsi üç formada özünü göstərir:
1.Sinonimlər qoşa işlənir,bu, sinonim birləşmələr adlanır;
2. Sinonimlər yanaşı işlənir, bu, sinonim düzümü adlanır;
3. Sinonim sözün biri izahat üçün mötərizədə işlənir, bu, izahlı sinonim adlanır.
1. Hadisələri, fikri konkretləşdirmək və dəqiqləşdirmək üçün yazıçı və şairlər sinonimlərin qoşa işlənməsindən geniş istifadə edirlər. Belə sinonim sözlər defislə yazılır. Məsələn, zir-zibil; ad-san; zər-ziba; dərd -kədər; al-qırmızı; ah - zar; ah -nalə ; açıq - aşkar; açıq - saçıq ; bəzək - düzək ; gözəl - göyçək; var - dövlət ; qədd - qamət ; qəm – qüssə ; qəm – qubar ; dərd – bəla; dərd – qəm; dərd - ələm; şəkk - şübhə ; toy - düyün ; sağ -salamat və s.
Bu kimi sözlər danışıq dilində daha çox işlənir və fərqli üslubla əlaqədar olaraq dilin zənginləşməsində mühüm rol oynayır. M.Adilov haqlı olaraq yazır ki, sinonimlərin birləşməsi ümumxalq dilinin və ayrıca bir əsərdə yazıçı dilinin lüğətinin zənginləşməsinə gətirib çıxarır (3,121).
Sinonimlərin qoşa işlənməsinə Ə.Haqverdiyevin, xüsusilə ən çox S.Rəhimovun, B.Bayramovun əsərlərində rast gəlirik: “ On iki il bu minval ilə keçdi və bu müddətdə bir yandan qəm - qüssə, bir yandan istəkli ərin fərağı, bir yandan gecə-gündüz işləyib xəlvətə çəkilib ağlamaq Gülsümü bir halətə salmışdı ki, uşaqlar adına Gülsüm nənə deyirdilər” (Ə.Haqverdiyev) ; “ Kaş bir tək Şamo bu işıqlı dünya üzündə sağ–salamat qalaydı... (S.Rəhimov); (Qeybəli:) Yəni buna heç bir şəkk–şübhə ola bilməz?” (S.Rəhimov); “Özünə nə qədər baxmaq istəməsə də, paltarlarını adlı−sanlı dərzilərə tikdirməsə də, hətta özünün tələm– tələsik tikib əyninə aldığı geyim ona yaraşırdı” (B.Bayramov).
Burada işlənən qəm-qüssə, sağ-salamat, şəkk- şübhə, adlı -sanlı sözləri qoşa işlənən sinonimlərdir.
2. Sinonimlər yanaşı işləndikdə də bədii ifadə vasitəsi yaradır, bu cür istifadə yazıçıya müxtəlif üslubi məqsədlərə nail olmağa kömək edir ( 22,50).
“ Hər bir sonra gələn söz özündən əvvəlkini aydınlaşdırır, dəqiqləşdirir yaxud qüvvətləndirir və belə quruluşla həmçinin nitqin müəyyən ritmik rəsminə də nail olunur.” (95,45). Məsələn, “ Canını dişini tutub bu yarı dərdə dözmək, tablamaq olardı” ( S.Rəhimov).
Bu cümlədəki “ tablamaq” ədəbi dildə, “ dözmək” isə ən çox danışıqda işlənir.
Başqa bir misal:
Danışan natiqə bax.
Neolardan fəryad çəkir,
Bütün təzə hiylələri, kələkləri
sayır bir–bir,
Deyir: - Bəsdir bu aldanış.
B.Vahabzadə “ Neo”
Bu parçadakı “ hiylə” sözü ədəbi dildə, “ kələk” isə danışıqda işlədilir və fərdi üsluba məxsusdur.
Sinonimlər dalbadal, yanaşı işləndikdə bədii dildə ifadəni aydınlaşdırıb dəqiqləşdirir: “(Höccətullah xan:) Belə su qiymətinə, ucuzca, dəyər–dəyməzinə satılan yerdə daha nə fikirləşmək gərəkdir, ağalar” ( S.Rəhimov “ Şamo”).
Burada üç sinonim sözün (su qiymətinə − ucuzca – dəyər – dəyməzinə) ardıcıl işlədilməsi ekspressiya yaradır, fikri və mənanı dəqiqləşdirir.
Yeri gəlmişkən deyək ki, yazıçı müəyyən bir fikri daha yüksək, təsirli, ekspressiv vermək üçün öz fərdi uslubunda başqa priyomlara da əl atır. Məsələn, S.Rəhimov istismarçıların iç üzünü açıb rüsvay etmək üçün əzilən təbəqələrin adamlarını aşağıdakı kimi təsvir edir və belə bir sinonim cərgəsi yaradır: “
Aclıq – susuzluq, çörəksizlik, çaysızlıq, qatıqsızlıq, şorsuzluq, onları sabiq Rusiya imperiyasının bir çox yoxsullaşan, ağlaşan, latlaşıb – lütləşən yerlərindən tərpədə - tərpədə buraya, Bakının neft meşələrinə - buruqlarına qovlaya – qovlaya ehtiyacın acıdan –acı qamçıları ilə döyəcləyə - döyəcləyə gətirmişdi” ( “ Şamo” 4-cü cild). “Acların, susuzların, yalavacların, lat–lütlərin, füqəreyi–kasıbələrin gözlərini güldürsün” ( “ Şamo” 4-cü c.).
Bu cür hallara M.İbrahimovun əsərlərində də rast gəlirik. O, əməkçi insanları belə təsvir edir : “... bu cəbhənin birində milyonlarla zəhmət ordusu, əli qabarlılar, həyatın bütün nemətlərini yaradanlar durmuşdu” (“Gələcək gün”).
Yoxsulun malını halal bilərsiz,
Şəriətdən kənar mətləb dilərsiz,
Əysik danışarsız, artıq gülərsiz,
Namus, qeyrətiniz, arınız olmaz.
Aşıq Ələsgər “ Olmaz”
Aşıq Ələsgərdən gətirdiyimiz bu misalda namus – qeyrət – ar sinonimlərinin sadalanması bənddə olan ifadəliliyi artırmış, ekspressiya yaratmışdır.
M.F.Palevskaya yazır: “Bir sinonimi digərindən fərqləndirmə, onlardan dəqiqləşdirmə vasitəsi kimi istifadə etməyə imkan verir (87,65). bu funksiya sinonim düzümünü daha da reallaşdirir:
Fərəhin içində çoxam, lap çoxam,
Dərdimdə vahidəm, birəm, birəm mən.
B.Vahabzadə “ Öz könül dünyam...”
Bəlkə torpağın da, bəlkə yerin də
Qalmayıb əvvəlki gücü, qüvvəti?
Elə bil, elə bil meyvələrin də
Dəyişib əvvəlki dadı, ləzzəti.
B.Vahabzadə “ Elm – Əxlaq”
Sinonimlərin bir qismi cüt işləndikdə fikri daha dəqiqləşdirib aydınlaşdırır: “ Yaman gün, dar ayaq Gülsənəmi barışmaz düşməni Göyərçinin qarşısında bərkidirdi, belə dar günün hər dəqiqəsində, Gülsənəmi zindan üstündə döyülən dəmir kimi möhkəmləndirirdi, saniyədən – saniyəyə mətinləşdirirdi” ( S.Rəhimov “ Şamo” 4-cü cild); “( Əşrəf bəy: ) Ah yazıq, bədbəxt, biçarə müsəlman...” ( N.Vəzirov “ Yağışdan çıxdıq, yağmura düşdük” ).
Sinonimlərin sadalayıcı ( yanaşı) şəkildə işlədilməsi fikri aydınlaşdıraraq rəngarəng edir:
Şübhələrim, gümanlarım,
Səhvlərim, nöqsanlarım,
Fəryadlarım, əzablarım, amanlarım
Mən qaçdıqcan əlinizdən,
Əlimə yağış kimi yağırsınız.
B.Vahabzadə “ Səhvlərim, səhvlərim”
Bədii əsərlərdə bəzən də sinonimlər cüt işlənərək mənada ruhi acınacaq, can sıxıntısı, kədər yaradır. Belə hallara əsasən M.V.Vidadinin əsərlərində rast gəlmək olur :
Hayıf oldu o dövranlar, o dəmlər,
Gəldi keçdi yar, müsahib, həmdəmlər,
Bərhəm olur dərdlər, qəmlər, ələmlər,
Bir- birinə gündə dəgər ağlaram.
M.V.Vidadi “ Çərxi − fələk zülmü ziyan eyləmiş”
Xəstə düşdüm, gələn yoxdur üstümə,
Qərib öldüm, bikəs öldüm, yad öldüm...
M.V.Vidadi
Sinonimlərin cüt işlənməsi nitqdə personajın inandırıcılığını tələb edir:
Vallah, daha bezdim, mən, usandım, dedin , ancaq
Tərkində coşan od dənizdən xəbərin yox.
B.Vahabzadə
Allahın adı ilə bağlı vallah, billah, tallah sinonim sözləri çox vaxt cümlədə yanaşı işlənir və mənada ekspressivlik yaradır: “(Salman bəy:) Vallah, billah, tallah, təngə gəlmişəm, axırı peşman olacaqsınız” (N.Vəzirov“ Sonrakı peşmançılıq fayda verməz” ) ;
(Əşrəf bəy:) Ay kişi vallah, billah, tallah mən səni aldatmıram” (N.Vəzirov “ Yağışdan çıxdıq, yağmura düşdük” ).
Mənanı daha həyəcanlı, daha təsirli vermək üçün sinonimlər cüt işlədilir:
Körpünün altı çaydır,
İçimdə gümüş Aydır.
Sənsiz keçən günlərim
Gün deyil. ahdır, vaydır.
N.Gəncəli “ Gəncəçayı”
O acı fəryadlar, şirin nəfəslər
Mənim də könlümün ahı, naləsi...
B.Vahabzadə “ Səhən də məktub”
Sinonimlərin cüt işlənməsi obrazın keyfiyyətini, onun əsas varlığını, iç üzünü göstərməkdə yazıçıya imkan verir: “ Məşədi Allahverdi ibtida bir arvad aldı, gözəl, göyçək, 30 il onunla gün keçirib övladı olmadı” (N.Nərimanov “ Pir”).
Bu cür hallar bəzən də metafora yolu ilə əmələ gəlir və əsas söz əvəzinə məcazi söz işlənir:
O bizim tankçılardır,
Bir anda qan uddurur,
Azğın, quduz düşmənə.
M.Seyidzadə
Anadan doğulub Nəbi şir, pələng;
Yalçın qayalarda başlanan çələng,
Kar etməz Nəbiyə aynalı Tüfəng.
S.Rüstəm “ Qaçaq Nəbi”
Sinonimlərin yanaşı işlədilməsi mənaya üslubi rəng verərək personajın qəhrəmanlıq xüsusiyyətlərini daha inandırıcı edir,daha dəqiqləşdirib konkretləşdirir:
Cani dediyimiz qəhrəmanların,
O igid, o qoçaq, mərd insanların
Könüllü getmişəm köməyinə mən.
M.Dilbazi “ Əlcəzairli qız”
“ Dərhal Həmzə Güləbətinin gözünə başqa cür göründü – qəhrəman, cəsur, qoçaq”
(M.İbrahimov “ Güləbətin”).
Bəzən bədii dildə cüt işlənən sinonimlərdən biri köhnəlmiş söz ( arxaik) olur:
Şirin: ) Eldən uzaq düşdüm, vətəndən iraq,
Bir dar qəfəsdəyəm, ürəyim dustaq.
S.Vurğun “ Fərhad və Şirin”
“ Fərman... atası kimi təmiz, pak qəlb bir oğlan idi” ( Ə.Haqverdiyev “ Xortdanın cəhənnəm məktubları” ).
Bu misallarda işlədilən iraq və pak sözləri köhnəlmiş sözlərdir.
Mənanı izah edib dəqiqləşdirmək üçün bəzən dialekt sözlə yanaşı ədəbi dilə aid olan söz də işlədilir: “ Bütün bu əhvalatdan sonra Höccətullah xanın dili deyilməz dərəcədə qısaldı,gödəldi...” ( S.Rəhimov “ Şamo” 4-cü cild).
Yazıçı səhnə dilində sinonim sadalamalardan istifadə edərkən məna dəqiqləşir, emosional çalarlıq yaranır: “ ( Hacı Qurban:) Neyləyim, neyləyim, allah səbəbin evini tarmar etsin, yurdunu dağıtsın” ( N.Vəzirov “ Keçmişdə qaçaqlar” ).
Bəzən belə sadalamalarda personaj ürəyinin kədərini sakitləşdirir: ” ( Əşrəf bəy: ) Ay yazıq, bədbəxt, biçarə müsəlman...” (N.Vəzirov “Yağışdan çıxdıq, yağmura düşdük” ) ;
(Cahangir xanım:) Fəqir atam.Yazıq atam. Günü qara atam. Bədbəxt, köməksiz anam” (N.Vəzirov “Yağışdan çıxdıq, yağmura düşdük”).
Sinonimlərin cüt işlənməsi bəzən satira və yumor çalarlarını qüvvətləndirir, sözdə satirik ekspressivlik yaradır:
Xortdandı, çoxandı, qoyma, gəldi.
Girdarı yamandı, qoyma gəldi.
M.Ə.Sabir
3. Bədii dildə sinonimlərin üslubi xüsusiyyətlərindən biri də mətndə verilən sözlərin və ifadələrin bəzi hallarda bir–birinə lap yaxın sinonim sözlərlə izah edilməsidir ki, bu da izahlı sinonim adlanır.Belə sinonim iki yolla düzəlir: birincisi, tire ( - ), ikincisi, mötərizə vasitəsi ilə. Bu cür hallar yalnız nəsr əsərlərinə xas olur. N.Vəzirovun, S.S.Axundovun, A.Şaiqin, Y.V.Çəmənzəminlinin və ən çox S.Rəhimovun əsərlərində bunun şahidi oluruq: “Təvəqqəmizi bund(şuriş) hesab edib divana məlum etməyi xahiş elədi” (N.Vəzirov) ; “ O zaman əlli – altmış nəfər qara çadralı qadın şöbənin salonundan çıxıb tribunanın (mənbərin) qabağında oturdu” (S.S.Axundov); “Ata ailənin (külfətin) böyüyü və sahibidir” (Y.V.Çəmənzəminli); “Məsələn, kişi arvadla kefli (sərxoş) zamanında əlaqədə olsa, bundan salamat övlad olmadığı kimi, dəlilərin, ürəkgetmələrin, vərəm və siflis kimi azarları olanların da övladları azarlı və eyibli olar” (Y.V.Çəmənzəminli); “ Safo kişi daha bu işgəncəli-əzablı həyatdan gözlərini çəkib ümidini üzürdü...” (S.Rəhimov, “Şamo”, 4-cü c.); “Çünki Kərbəlayi Hatəmxan gözləri çıxarılan, daha doğrusu, gözləri torpaqlanan Hacı Səfiqulunun, onun oğlu Səyavuşun, yaxud dağ boyda pristav sayılan Talıbxanın kökünə düşməkdən çəkinirdi, hər gecə Göyərçinin iştiyaqında cahıllaşmaq- cavanlaşmaq arzusunda olsa da qorxurdu” (S.Rəhimov.”Şamo”, 4-cü c.).
Ədib belə sinonimliyi nəinki öz dilində, hətta personajların dili ilə də işlədir: “(Hatəmxan:) Onlar orada gölməçələnən lehməni-qaramalığı iyləyər, qanıb bilərlər ki, onların da qulağını dana-duna quyruq-qulağı kimi sivirmək olar”( S.Rəhimov.”Şamo”, 4-cü c.); “(Sultan:) Bolşevikin torpağa düşən izi- rəddi belə od alıb yansın” (S.Rəhimov.” Şamo”, 4-cü c.).
Onu da qeyd etmək lazımdır ki, bədii əsərlərdə tire ilə yazılan bəzi mürəkkəb sözlər bir-birinin sinonimi olmur. Məsələn: mal-qara, ucsuz-bucaqsız, qohum-əqrəba, söyüş-möyüş, çör-çöp, söz-söhbət və s.
Bədii üslubda sinonimikanın bir xüsusiyyəti də vardır ki, bəzən iki sinonim sözün arasında “və” bağlayıcısı içlədilir. Lakin bunlar əsli sinonim olmayıb nisbi sinonim kimi fəaliyyət göstərir, mənanı rəngarəng edir: “Bir neçə gün Şəbanın yanına dost və aşna gəldi; axırda Şəban arvadını da götürüb öz evinə köçməyə qərar qoydu” (Ə.Haqverdiyev. “Şeyx Şəban”); “(Atabəy:) Lakin cəsarətlə demək istəyirəm ki, yoxsulluq və ehtiyac şairin yaradıcılıq qüdrətini azalda bilər” (M.S.Ordubadi. “Qılınc və qələm”);... “bu qəbildən olan bir çox xanın, bəyin, mülkədarın, neft sənayesi sahiblərinin hiddət və qəzəblərini alovlandırdı” (S.Rəhimov.”Şamo”, 4-cü cild).
2. Üslubi sinonimlərin bədii mətnin
poetik xüsusiyyəti ilə bağlılığı
Qeyd etdik ki, üslubi sinonim onu yaradanın şəxsi yaradıcılıq məhsuludur. Hər bir dil priyomlarında özünü büruzə verən üslubi sinonimlərin özünəməxsus gözəlliyi vardır. Bədii yaradıcılıqda üslubi sinonimlərin seçilib işlədilməsi güclü bədii ifadə vasitəsi yaradır ki, bu da yaradıcıdan bacarıq bə sənətkarlıq istedadı tələb edir.
Nəsr əsərlərinə nisbətən poeziyada sinonimlərdən daha çox istifadə edilir. Belə məqamda söz poetik vasitəyə çevrilir. Məlumdur ki, müasir dilimizdə işlədilən poetik sözlərin bir qismi ərəb və fars dillərindən alınmışdır. Dilbər, dildar, canan, məst, badə, piyalə, xumar, dilrüba, saqi, rəvan, mələk, ruh, nərgiz və s. bu kimi sözlər ədəbi dilimiz üçün köhnəlmiş olsa da, ədiblərimiz yeri gəldikcə bunlardan istifadə edirlər.
Klassik şairlərimizdən Nəsimi, Q.Bürhanəddin, Kişvəri, Xətai, Füzuli, Vaqif, müasirlərimizdən S.Vurğun, S.Rüstəm, R.Rza, B.Vahabzadə, N.Xəzri və başqaları öz şeirlərində poetik sözlərdən olduqca geniş istifadə etmişlər.
İkinci qrup şairlərin birinci qrupdan fərqi ondadır ki, onlar sinonimləri işlədərkən yeni sözlərdən daha çox istifadə etmişlər.
Klassik şeir üslubunun əsasını qəzəl, məsnəvi, müxəmməs, müstəzad, mədhiyyə, qəsidə, qoşma və s. təşkil edir. Göstərilən bu şeir formalarından fərqli olaraq qəzəl və qoşma müasir poeziyada da davam etdirilir.
Aşıq yaradıcılığını əsas etibarilə qoşma təşkil edir. Qoşma ən sadə şeir növüdür, musiqilidir, oynaqdır, ritmikdir. Ona görə də qoşma aşıq yaradıcılığının, aşıq poeziyasının aynasıdır.
Ümumxalq danışıq dilinin ən incə üslublarından bəhrələnmiş Aşıq Ələsgər öz qoşmalarını başadüşüləcək, ən cadə, aydın və axıcı bir dildə yazmışdır:
Bivəfanın, müxənnəsin, nakəsin,
Doğru sözün, düz ilqarın görmədim.
Namərdin dünyada çox çəkdim bəhsin,
Namusun, qeyrətin, arın görmədim.
Burada Aşıq Ələsgər sinonim düzümündən istifadə edərək emosionallıq yaratmışdır. Bifəfa- müxənnəs- nakəs; doğru söz- düz ilqar; namus- qeyrət- ar sinonim cərgələri ifadəni daha da qüvvətləndirmişdir, bədiiliyi isə gözəlləşdirmişdir.
Aşıq Ələsgər qoşmalarında işlənən sinonimlərin üslubi xüsusiyyətlərindən biri də budur ki, o, təkrara yol verməmək üçün müəyyən sözü bir neçə dəfə təkrar etməmiş, həmin sözü müxtəlif sinonimlərlə əvəz edərək işlətmişdir. Məsələn, o, “üz” sözünün aşağıdakı sinonimlərindən istifadə etmişdir:
Yazıq Ələsgərə çoxdu zavalın,
Aparır ağlımı günəş camalın.
***
Yetmədim gözəlin əsli- soyuna,
Aşiq oldum simasına, boyuna.
***
Firqətindən yarpaq kimi əsirəm,
Rüxsarımı eynim yaşı yandırır.
Burada camal, sima sözləri ərəb, rüxsar sözü isə fars dilindən alınmadır. Camal, rüxsar sözləri poetik üslubda, sima sözü isə əsasən bədii üslubda işlənir. Lakin rüxsar sözü arxaikləşərək müasir dilimizdə işlədilmir.
Göründüyü kimi, Aşıq Ələsgərin qoşmalarında işlənən sinonimlər poetik vasitələrlə zənginləşmiş, şeirdə bədii gözəllik, məzmun çalarları daha təsirli, daha tutarlı olmuşdur.
Nəinki Aşıq Ələsgər, hətta şairlərin hamısı poetik sözləri ancaq üslubi məqsədlə əlaqədar işlətmiş və işlədirlər. Şeirdə üslubi sözlərin əksəriyyəti isə üslubi – poetik xarakter daşıyır.
İstər klassik, istərsə də müasir şeirdə əsas rolu söz incəliyi, söz axıcılığı, obrazlılıq təşkil edir.
Onu da qeyd etmək lazımdır ki, klassik şeir üslubunda ərəb və fars mənşəli sözlərdən geniş istifadə edilmiş və canlı xalq dilinə məxsus ifadələr, söz birləşmələri də işlədilmişdir. Belə poetik (üslubi) sözlərin əksəriyyətinin sinonimləri vardır. Şairlər də yalnız belə sözlərdən üslubi məqsəd kimi istifadə etmişlər. Məsələn, göy (n.) – səmavi ( şair.); vurğun ( n.) – məftun ( şair.) – bənd (şair.) – aşiq ( şair.) ; şərab ( n.) – badə ( şair.) ; yaz ( n.) – bahar ( şair.) – gül – çiçək mövsümü ( şair.) ; çəmənlik ( n.) – çəmənzar ( şair.) ; saç ( n.) – zülf ( şair .) ; naz- işvə ( şair .); işıq ( n.)- nur ( şair.) – ziya ( şair .); məhəbbət ( n.) – eşq (şair.) ; payız ( n.) – xəzan ( şair.) – son bahar ( şair.) ; boy – buxun (n.) – qədd ( şair.) – qamət ( şair.) ;bədən ( n.) - əndam ( şair.); ürək ( n.) – könül ( şair.) ; üz ( n.)− rüxsar ( şair.) – hüsn (şair.); bulaq ( n.) – çeşmə ( şair.) və s.
Göstərilən bu misallardakı neytral sözə sinonim olan şairanə üslubi sözlər bu gün də artıq azərbaycanlaşmış, milliləşmiş və oxucuda ekspressiv təsir yaradır.
Misallar: “O mavi gözlərin; Səmavi gözlərin; Görəcəyəm mütəssil (M.Rahim); Aşiq baş qoymağa, canan yolunda; Yeriyib meydana mərdanə gələr (M.Rahim); Hamı bu halə valehü - məftun; Nagahan Hadis oldu bir yanğun (M.Ə.Sabir); Könül meyxanə cənnət, badə kövsər, saqidir qılman; Gedib vaiz deyən nisyə sözə ümidvar olma (S.Ə.Şirvani); Nə zaman ki, çəmənzara gedərdi; Lalələrin qan edərdi (M.Rahim); Deyim gözləri süzgün; Zülfü pərişan gərdən olurmu? (Q.Zakir); Çıxdı günəş, doldu cahan nur ilə; Cütcü sürür tarlada cüt şur ilə (M.Ə.Sabir); Qaraş Göycəyə necə dil açsın? Yeni-yeni parlamağa başlayan qızılgül misalı eşqə, məhəbbətə, sevgiyə necə arxa çevirsin? (Ə.Vəliyev); Mən səni xoşlayıram ən gözəl şeir kimi; Görürəm camalını, mənə görünməsən də (M.Rahim) ; O, çeşməyə baxdı bir də; Dedi – Söylə, sən ey bulaq; Könlün neçin düşdü dilə? ( A.Şaiq) və s.
Dominant sözə sinonim olan şairanə sözlərin bəziləri yalnız klassik şeir üslubuna məxsusdur, müasir poeziyamızla səsləşmir, öz əksini belə tapır: öpüş− busə; yuva – aşiyan; gənclik – baharıstan; qış – zimistan; qırmızı – laləgun; iy – buy; dodaq – ləb ; üz – rux – liqa; dil – zəban; diş – dəhan; günəş – aftab – şəms; bulud−əbr; dost − ənis; göz – didə; ayrılıq – hicr – fəraq; gül – şükufə − xəndan; gülüzlü – gülrux− gülçöhrə − gülruxsar; şeh – jalə; laləüz − lalərux; rəngli – rəngin; güllük – gülzar; laləlik – laləzar və s.
“Gözəl” sözünü klassik ədəbiyyatda istər şairlərimiz, istərsə də yazıçılarımız məcazi mənada üslubi sözlərlə əvəz edib işlətmişlər: afət, dilara, dilbər, huri, dildar, pəri, rəna, mələk, dilruba, sənəm. Qeyd edək ki, klassiklərimiz bu cür sözləri dönə - dönə , təkrar – təkrar işlətmişlər. Misallar: “ Gülzar altı–yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi” (C.Cabbarlı); “Leyk hanı səndə bəsirət gözü; Ta görəsən vəchi dilarasını? (M.Ə.Sabir) ; “ Mənim yarım bir əcaib dilbərdir; Üzü təzə güldür, zülfü ənbərdir” (M.P.Vaqif) ; “ Mənim də bir cam ilə aram tutardım, saqi; Gör yetişsəydi əlim yari – dildarın əlinə” (Ə.Vahid); “ Dönmüşəm mələkdən, tamam pəridən; Vaqifəm, sevmişəm təzə fatimə” ( M.P.Vaqif) ; “ Kim bilir, yollarında, ey rəna; Nə qədər, uf, boyun bükənlər var” (A.Şaiq) ; “ Bir yanda gizlicə; Qırx dilruba, qırx incə...” (M.P.Vaqif).
Gözəllərin üzünün qəşəng olması aşağıdakı şairanə sözlərlə təsvir olunurdu: pəriüzlü, pərisurət, pərisima, pəriçöhrə, pəricamal; ayüzlü, aybəniz, ayqabaqlı, mahcamal və s. Bunlarla bərabər təşbehlərdə gözəl qadınlar ahuya, ceyrana bənzədilirdi.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, istər klassik, istərsə də müasir şairlərimiz sinonim sözlərdən aşağıdakı üslubi xüsusiyyət kimi istifadə etmişlər və edirlər:
1. İfadəni qüvvətləndirmək məqsədi ilə neytral dominant əvəzinə onu əvəz edən başqa sinonim sözlər işlədilir. Məslən:
Görürəm, maşallah, bol savadın var;
Hər yerdən, hər şeydən məlumatın var.
B.Vahabzadə
Buğlana–buğlana nəhəng maşınlar,
Qar təpələrinə hücum çəkdi, bax!
S.Vurğun
Qəbr içinə uzatdılar,
Zorba, yekə qayaları.
M.Rahim
Bu misallarda “ çox” , “ böyük” sözləri əvəzinə “ bol” , “ nəhəng”, “ zorba” , “yekə” sinonimləri işlədilmişdir.
2. Mənanı dəqiqləşdirmək üçün metaforik sinonimlərdən daha çox istifadə edilir. Dildə metaforanın işlənməsi üslubi sinonim cərgəsinin artmasına səbəb olur. Metaforanın iki növü var:
1. Poetik ( üslubi) metafora;
2. Leksik metafora.
Poetik metafora leksik metafora kimi ifadəli, təsirli, mənalıdır. O, tez gözə çarpır, asan duyulur. Poetik metafora yalnız üslubi məqsəd daşıyır, fikrin, hissin müxtəlif çalarlığını aydın, dəqiq və əlvan verməkdə müəllifə kömək edir.
Üslubi metafora fərdidir, yaradıcı şəxsin öz məhsuludur və böyük ustalıq tələb edir. O , ifadəli və rəngarəngdir, nitqdə emosiya və ekspessivlik yaradır.
Nəsimi, Xətai, Füzuli, Vaqif, Zakir, Sabir və başqa şairlərin poeziyası metafora ilə zəngindir.
Metaforalardan daha çox satira və yumor yaratmaq üçün istifadə edilir. Məsələn, aşağıdakı misallarda bunu daha aydın görmək olur:
Bir də görürsən ki, olub heyvərə,
Əlli uşaq banladı birrdən – birə...
M.Ə.Sabir
Oxudaq gözləri açılmamış əhvadımızı,
Görmüşəm elm oxumuş heyvərə damadımızı.
M.Ə.Sabir
“ ( Fatma xanım: ) Get boğma pişir, zəhər pişir, zəhərimar pişir, dərd, vərəm pişir, yaxşımı...” (N.Vəzirov. “Sonrakı peşmançılıq fayda verməz”).
Burada “qışqırdı” əvəzinə banladı və “ədəbsiz” əvəzinə heyvərə, “ yemək” əvəzinə zəhər, zəhərimar, boğma sözləri məcazi mənada işlədilmişdir.
3.Həm klassik, həm də müasir poeziyada ekspressivlik yaratmaq, ifadəni daha dəqiq vermək məqsədi ilə sinonim təkrarlardan geniş istifadə edilir. Belə təkrarlanma həm də ifadəni qüvvətləndirir:
Yarın həsərtindən, dünya qəmindən
Əyilib qamətim koğıya döndü,
Heyf oldu yarın şirin söhbəti,
Zəhərə, zəqquma, ağıya döndü.
M.Cuma
Şeirdə bəzi sözlərin seçilib işlədilməsi vəzn və qafiyə xarakteri daşıyır. S.Rüstəmin “ Çapayev” şeirində bunun şahidi oluruq:
Çapay keçir hücuma,
Yel kimi cuma – cuma.
Bu misralarda şair “ qaçmaq” sözünün əvəzinə danışıqda işlədilən “ cummaq” sözündən istifadə etmiş və “ hücuma” sözünə “ cuma – cuma” ifadəsini həmqafiyə edərək şeirdə axıcılıq yaratmış, mənanı isə qüvvətli vermişdir. Belə halları şeirin başqa misralarında da görürük:
Tüfənglər, pulemyotlar səsləndikcə ta, ta, ta
Yaralılar qaçırlar havadan tuta – tuta.
Çapayın üzərinə od yağır, alov yağır,
Yüksələn nərələrdən yer sağır, səma sağır.
Sözlərin qafiyə tələbinə uyğun işlənməsi N.Gəncəlinin və başqa şairlərin şeirlərində də təsadüf edilir:
Yaradan, bəsləyər,sonra soldurar,
Bir yandan uçurar, bir yandan qurar.
Yorulmaz, usanmaz, axtarar, arar,
Arzusu, diləyi, nədi , bilinməz!
N.Gəncəli “ Bilinməz”
Bu bənddə şair yanaşı işlətdiyi axtarar, arar sinonimlərini heca, vəzn və qafiyə tələbinə görə sıralamış, arar sözünü qurar sözünə həmqafiyə olaraq sonda yerləşdirmişdir. Həm də şair həmqafiyə xatirinə tikər sözünün sinonimi olan qurar sözünü vermişdir.
Şair həmin şeirinin başqa bir bəndində isə “zəmanə” sözünə həmqafiyə “ dəli” sözünün sinonimi olan və klassik ədəbiyyatda işlənən “ divanə” sözünü vermişdir:
Hünər meydanıdır bizim zəmanə,
Yayılsın şüartək sözüm zəmanə:
-
Sülhü, yüksəlişi kim ki görməyir, -
- Ya kordur, ya düşmən, ya da divanə.
Novruz Gəncəli “ Olsun” şeirində “ gün” sözünə həmqafiyə olan “ düyün” sözünü “ toy” sözündən sonra işlətmişdir:
Bu nə bayram, bu nə şənlik, bu nə gün.
İmişlilər, hər gününüz ağ olsun!
Qapınızdan əskilməsin toy, düyün,
Bu bolluğu yaradanlar sağ olsun!
M.Ə.Sabir “ Oxutmuram, əl çəkin” satirik şeirində qafiyə xatirinə ədəbi dildə işlədilən “ başa düşmək” ifadəsi əvəzinə onun sinonimi olan və danışıqda işlədilən “ qanmaq” sözünü işlətmişdir:
Bəs ki, uşaqdır hələ, yaxşı- yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır.
Şeirdə hecanın pozulmaması üçün çox vaxt neytral sözün yerinə onun sinonimi olan başqa söz işlədilir:
Sinada yandırır gün göyü, yeri,
Yenə də ərəbin vətəni darda.
“ Su” deyib yananda ərəb əsgəri
Mənim dodaqlarım çatlayır burda.
B.Vahabzadə
Şair burada vəzn ağırlaşmamaq, heca pozulmamaq üçün “ günəş” sözünün əvəzinə “ gün” sözünü işlətmişdir. Əgər “ günəş” işlətsə idi misrada 11 heca deyil, 12 heca olardı və ahəngdarlıq, axıcılıq pozulardı.
Məcazi sözlərin poetik məqamlarlarda istifadə şeirdə qafiyə tərzini saxlayır. Məsələn, “ Koroğlu” dastanından götürülmüş aşağıdakı parçada “ qoç” sözü həm “ igid” sözünə sinonim kimi, həm də “ puç” sözünə qafiyə məqamında işlədilmişdir:
Sənə deyim qoç Koroğlu,
Düşmənlər gələcək oldu.
Sonun olar puç Koroğlu,
Düşmənlər gələcək oldu.
“Koroğlu” dastanından başqa bir misal:
Nərəm davada, qızğın nər,
Dünyada göstərdim hünər,
Boyandı əlimdə şeşpər,
Sana deyim, telli Nigar!
Burada “nər” sözü həm “güclü” sözünün sinonimi kimi həm də “hünər” və “şeştər” sözlərinə qafiyə məqamında işlədilmişdir.
3. Üslubi sinonimlər və kontekst ( cümlə, mətn)
Sinonimlərin cümlə va ya mətn daxilində işlədilməsi fərdilik xüsusiyyəti daşıyır. Bunun üçün sənətkar söz və ifadələri ümumxalq dilindən alır, onları məqsədə, bədii mətnin tələbinə uyğun işlədir. Sözlər və ifadələr istər cümlədə, istərsə də müəyyən bir hadisənin mətndə təsviri zamanı məqsədəmüvafiq işlənir və rəngarəng çalarlar yaradır. Həm cümlədə, həm də mətndə məna əsas rol oynayır. İşlədilən söz mətnin mənasına uyğun sadə, aydın, dəqiq olmalıdır ki, dil ağırlaşmasın. Məlumdur ki, sözün mənası nitqdə anlaşılır.
İstər cümlədə, istərsə də mətndə söz və ifadə öz üslubi gözəlliyini itirməməlidir. Mənaya uyğun olmayan bir sözün yerinə başqa bir sözün işlədilməsi fikrin ifadəsini çətinləşdirir, məna isə üslubi gözəlliyini itirir.
İstənilən hər hansı bir söz çoxmənalılıq xüsusiyyətinə malikdir. Lakin belə sözlər fikri düzgün ifadə etmək üçün həm cümlədə, həm də mətndə aydın və dəqiq olur. Məsələn, “Qızıl Meydan” işləndiyi halda, “Qırmızı Meydan” işlənməz. “O, gözəl oxuyur” deyə bilərik, “o, göyçək oxuyur” deyə bilmərik. “Heyvanlar qırıldı, öldü” işləndiyi halda, “heyvanlar həlak oldu”, “heyvanlar vəfat etdi” kimi işlənməz. Bunun üçün də söz və ifadənin nitq mədəniyyətində öz işlənmə yeri, öz işlənmə prinsipi, üslubi yeri var.
Sözlərin və ifadələrin mətni mənaları ən çox bədii üslubda özünü göstərir. Məsələn, Ə.Cəmilin “Danışır ay” şeirində “ay” sözünə sinonim olan açağıdakı mənaları verilir:
Mən Ayam...
Bir adım Ay,
Bir adım da Qəmərdir.
Mən Ayam, mənim yaşım
Yerin yaşı qədərdir.
Mən Ayam.
Bir adım Ay,
Bir adım da Hilaldır.
Dənizim yox, meşəm yox,
Dağım, daşım da laldır.
Mən Ayam.
Bir adım Ay,
Bir adım Ayparadır
Yanağımın biri ağ,
O biri qapqaradır.
Mən Ayam.
Bir adım Ay,
Bir adım göylər qızı.
Ulduzlar da unudub
Çoxdandır mən yalqızı.
Mətn daxilində sinonimlərin bu cür işlədilməsi obrazlılıq yaradır, təkrara yol verilmir, yorucu olmur, ahəngdarlıq alınır, fikri aydınlaşdırır. Elə buna görə də şair müxtəlif sinonimlərdən məharətlə istifadə etmişdir.
Əvvəldə qeyd etdik ki, üslubi sinonim cərgəsini təşkil edən sözlərdən birincisi neytral dominant olduğu halda, digərləri ədəbi dildə, frazeoloji birləşmələrdə, metaforalarda, canlı danışıq dilində, jarqonizmdə, vulqarizmlərdə, dialektizmlərdə, alınma sözlərdə, müasir poetizmdə, evfemizmlərdə və s.-də meydana çıxır, mətndə özünü açıq-aydın göstərir. Belə mürəkkəb fərqi, belə mürəkkəb prosesi aşağıdakı sözlərdə görmək mümkündür. Semantikasına görə “ölmək” və “öldürmək” sözlərinin hər birinin Azərbaycan dilində 200-dən artıq sinonimi vardır ki, bu sinonim cərgəsini təşkil edən söz və müxtəlif tərkibli ifadələr yuxarıda göstərilən halların bəzilərinə aiddir:
Ölmək – vəfat etmək – dünyadan köçmək − ömrünü bağışlamaq− rəhmətə getmək− həlak olmaq – qərq olmaq – qətl qılmaq (köhn.)− qəbr evinə getmək – qəbrə qismət olmaq – dünyaya göz yummaq − əzrayıl aparmaq − əcəli tamam olmaq – içıqlı dünyadan köçmək (getmək) − kəfənə bürünmək – həyatdan getmək – dünyanın əzablarından qurtarmaq − əbədi yuxuya getmək – gözlərini yummaq – tələf olmaq – torpağa qısmət olmaq− mövt olmaq (arx.) – ömrü bitmək (başa çatmaq) – ömrü kəsilmək – torpağa üz qoymaq – uyumaq – səqərə cummaq (arx.) – canını təslim etmək – cəhənnəmə vasil olmaq − cəhənnəmə təşrif aparmaq – kəfəni saraltmaq ( vulq.) və s.
Bədii mətndə üslubi sinonimlər müxtəlif funksiyaları yerinə yetirir, birinci növbədə, yazıçının özünəməxsus üslubi ilə bağlı olur.
Üslubi sinonimlər bədii dildə aşağıdakı funksional imkana malikdir:
1. Hadisə və predmeti canlı ( bədii) təsvir etmək;
2. Nitqi rəngarəng etmək;
3. Mənanın emosionallığını və bədiiliyini gücləndirmək;
4. Bədii portret yaratmaq;
5. Bu və ya digər bir neçə sözün təkrar verilməsinə yol verməmək;
6. Mənanı izah etmək və dəqiqləşdirmək.
Üslubi sinonimlərin bütün bu funksiyalarından C.Cabbarlı, M.S.Ordubadi, S.Rəhimov, M.İbrahimov, İ.Əfəndiyev, B.Bayramov, Anar və başqa Azərbaycan yazıçıları öz əsərlərində istifadə etmişdir.
M.İbrahimovun “ Gələcək gün” romanından bir neçə misal göstərək: “ Bəlkə də bu bir təsəvvür deyil, bir röya idi. Bəlkə də bütün bunları o, yuxuda görürdü: azad və xoş bir dünya. İnsan bütün varlığının ağasıdır, hakimidir...Firudin 1915 – ci ildə...Azərşəhərdə anadan olmuşdur... Firudin xırda bir daxmada dünyaya gəlmişdi... Firudinin atası da, babası da burada doğulmuşdu...; Gülnaz da gəlib anasının yanında əyləşdi...Ayaz və Niyaz gəlib Busa kişinin sağında və solunda oturaraq, gah Firudinə, gah atalarına baxır, səslərini çıxarmırdılar...;( Musa:) Hələ sinnim qırx olmayıb, amma həştad yaşında qocadan pis gündəyəm...; ... hava otların iyini, sünbüllərin qoxusunu gətirirdi...; Bu şəraitdə hər hansı bir küncdə saralıb solacağı mühəqqət olan kasıb, yoxsul, çıl- çılpaq bir kəndli qızına oxutmaq, insan içərisinə çıxarmaq, ona özünün necə yaxşı oşlər görməyə qabil olduğunu göstərmək! “ ( səh.7-22).
S.Rəhimov “ öldürmək” sözünü müxtəlif sinonim ifadələrlə əvəz edib işlətmişdir: “ ( Yusif Cəlal: ) Yoxsa üç yüz yılın romanovlarını devirən bolşeviklər burada ayaqlanırsa, səni də tapdar, çamura döndərər, özünü edam, əmlakını müsadirə edib qadınını – qızını da zorlar, eyi halında kəndlilərinə xatın edər( səh. 65) . ( Pası: ) Yalvarırıam sizə, bəylər bu ölət kaftarı bizim evdə öldürməyin, bunun murdar qanını bizim Kərbəla ocağına tökməyin ... Nəfəsi qaralan, üzə duran əsgərlərini kəndirlədib dar ağacına apartdıran, aradabir itaətdən çıxanların boğazına kəndir keçirtdirib asdıran, asılasına da zövqlə tamaşa edən Yusif Cəlal paşa dönüb, möhkəm bir kəndir istədi. – İştə şu kəndiri şu gavurun boğazına salınız.- dedi.− Nereyə, − hansı ata–baba kahasına istəyirsə sürükləyiniz, toğrusunu söyləməzsə, elə oradaca işini bitiriniz ( səh.79) . Məgər bunların hər birisi üzlərinə ağ olub qabaranların qanlarına öz əllərini azmı batırmışlar? ... Amma indi kim idi bu an içində Sultanda paşanı birbaşa dara çəkən? (səh.85). Axı, döndərib demək olmazdı ki, bəs qoca öz–özünə qəsd etmişdir. ( Gülsənəm: ) Görmədin, yoluma çıxan yalquzağı necə gəbərdib, necə buraya pənah gətirmişəm? ( səh.127). Tamam əliyalınlıqdansa beləcə ibtidai alətin birisilə də olsa yenə də əlisilahlı olmaq, öz amansız düşməninə qarşı sinə gərib dəyanətlə durmaq, vəhşini, yaxud vəhşiləşən düşməni məhv edib onu dəf etmək, tərkini qılıb həyatını söndürmək, biryolluq məhv−qəhr etmək gərəkdir...( səh.176). Fikrində hey gəzib, dolanan kimi, onu da , Məliklərini də xapdan yaxalayıb, hansı bir qurğu – hiylə ilə desən aradan götürə bilərdilər ( səh.177). ... bizi fələyin xərcinə verib, başlı – gözlü itirsinlər. Minabəyim nənənin qarılığına Məlikməhəmmədlə Məlikməhəmmədin uşaqlığına baxmayaraq, bunları məhv edib, tamamən tərklərini qılsınlar. ( səh.233). ... qoçu Ağabalanı belə bir qarı öz qanına qəltan etmişdir? ( səh.236) . Həmçinin o ucqar Çalbayırla bu yaxın Əncirli qaya arasında əlaqə yaradan çalbayırlı Ocaqqulunu dəxi dəstigir edib ortadan götürmək gərəkdir (səh.237). ... baş xəfiyyənin də başını elə bacardıqca bu gələcək dalaşda – döyüşdə əkmək və mütləq əkdirmək gərəkdir( səh 289) . (Bəy Əfəndi:) Onda mən o yanda qurulan pulemyotumuzun lüləsini o tərəfə çevirib, şəxsən özüm şəridini işə salıb, atəşlə onları çal qaya çatlarına bitişdirib biryolluq susduraram ( səh.303). ( S.Rəhimov. “ Şamo”, 4-cü cild).
4. Sinonim frazeoloji vahidlərin
bədii xüsusiyyətləri
Azərbaycan dili sinonimlərinin zənginləşməsində və semantik mənada emosiyanın yaranmasında frazeoloji sinonimlərin böyük rolu vardır. Frazeologizmlər dildə əsasən bədii yaradıcılıqla əlaqədar olaraq personajlar tərəfindən geniş miqyasda işlədilir. Personajların dilində işlənən belə ifadələr leksik sinonimlərlə rabitə yaradaraq emosionallıq və ekspressivliyi artırır:
Dostları ilə paylaş: |