Azərbaycan miLLİ elmlər akademiyasi


Gəmidən xaric olaraq dəvə ilə yola düşdük



Yüklə 2,9 Mb.
səhifə12/27
tarix17.11.2018
ölçüsü2,9 Mb.
#82678
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

Gəmidən xaric olaraq dəvə ilə yola düşdük.

h.q. 1292-ci il zilqədəül-həram ayının 13-ü (1875, 12 dekabr). Dünən gecə baş vermiş hadisə yenilik deyildir. Əvvəlcə Şeyx öz atını bizim üçün hazırladı ki, şəhərdən kənara çıxaq. Mən dedim: “Şəqduflar və yüklərlə dəvələr gedib şəhərin xaricində bizi gözləsinlər”. Şeyx də bütün kağızlarımıza möhür vuraraq verdi, bu bir az uzun çəkdi.

Biz şəhərin ortasından keçən zaman dəvələrə minmiş əsgərlər, uşaqlar və ələmlərlə müşayiət olunduq. Yolda sınmış şəqdufun yükünü yerləşdirmək üçün bizə müraciət edənə yardım etdik.

Mən yolda bizimlə olan Şeyx İbrahimin oğlu Şeyx Zara dedim ki, yükü olmayan dəvəyə ehtiyac olduqda, ondan istifadə etmək lazımdır.

Bu əsnada xəbər gətirdilər ki, şəhərin kənarında Mirzə İsmayılın dəvəsinin ayağı sürüşüb, Mirzə İsmayıl yıxılıb. Şəqdüf sınmış və dəvə ölmüşdür. ərəblər dərhal dəvəni parça-parça etmişlər. Mən atdan düşdüm ki, Şəqdufa minəm. Şəqdufun və dəvənin vəziyyəti məni dəhşətə gətirmişdi.

Sülemaniyyə əhlindən olan və farsca yaxşı bilən, Qaimməqam Şeyx İbrahimin yanında olan və bizi mühafizə edən Əli əfəndidən soruşdum ki, bir adam peyda etmək olar ki, dəvəsiz və şəqdufsuz piyada Mədinəyə qədər getmək istəsin? Əli əfəndi dedi ki, mümkün deyil, bu gecə vaxtı, əgər gündüz olsa idi, tapardım ki, Mədinəyədək muzdlu olaraq getsin. Bu arada bir nəfər, şəhər əhalisindən biri dedi: mən gəlirəm”. Soruşdum: “Sən kimsən” məlum oldu ki, Yənbəə əhalisindəndir və adı Bəkirdir. O dedi: “Altmış frank istəyirəm”. Dedim: “Mümkündür, amma bu şərtlə ki, o adam gərək Şəqdufun yanından uzaq olmasın və o tərəf-bu tərəfə meyl etməsinə göz qoysun”. Dedi: “Bir az pul verin”. 10 frank alıb getdi. Hamı dedi ki, yəqin daha qaytarmayacaq. Yarım saat keçdikdən sonra həmin qaranlıqda peyda oldu və səfər paltarını geyib gəldi. O, Mədineyi-Münəvvərəyə qədər deyildiyi kimi xidmət göstərdi. Belə deyirdi ki, indiyədək imkanı olmadığı üçün Mədinəni ziyarətə getməyibdir. “Bunu vasitə bilərək etdim. Əgər anam izn versə idi, Məkkəyə də gedərdim”. – deyirdi.

Bu çətinlikdə və qarışıqlıqda sənduqdar və kəcavə mollabaşısı Əfrasiyab bəy nərdivanı götürdü ki, getsin atla gedənlərin mollabaşısının yanına. Burada mollabaşını itiriblər. Piyadaların mollabaşısı karvanın qabağında gedirdi və Əfrasiyab bəy nərdivan çiynində və haqq-hesab kitabı əlində başqa yolla gedir. Yənbəədən bir meydan uzaqlaşdıqdan sonra mən dayandım ki, gərək əhali cəm olsun, dəvə karvanını önündə və arxasındakı əsgər yerində olsun ki, qayda ilə gedək. Sənduqxananın fərraşı Həsənəli bu vaxt məlumat verdi ki, Əfrasiyab bəy yoxa çıxmışdır. Karvanın piyadalarından və fərraşlardan hər tərəfə adamlar göndərdi, xəbər olmadı, çarəsiz atdan düşüb namaz qılmaq istədim. Dəhbaşı Əsgəri bir nəfər əsgərlə dəvəyə mindirib, Şeyx İbrahimin yanına, şəhərə göndərdim. Onların gedib-gəlməsi bir saat çəkdi.

Şeyx İbrahim cavab məktibinda şəhərin hər tərəfinə adamlar göndərdiyini, əgər o şəxs bu gecə tapılmasa, sabah onu tapıb göndərəcəyini yazırdı. Mən buna arxayın olmayıb onun ya dirisiniun, ya da ölüsünün tapılmasını yüzbaşı Saleh ağadan istədim. O, bir nəfəri gətirdi. O şəxs bir lirə alıb irəli getdi, on dəqiqə keçməmiş xəbər gətirdi. Nərdivanı gətirdi ki, Əfrasiyab bəy çox məyus olub, qorxudan ərəb dəvəçilərlə getmişdir. Bu xəbər gəldiyi vaxt gecədən dörd saat keçmişdi və biz yola düşdük.

Gecədən doqquz saat keçmiş “Müsəhlə” dayanacağına yetişdik. Burada dəvələr, əsgərlər gördük, su quyusu vardır, yağış suyu da yığılır.

Yolda uzunqulağda gedən bir nəfərə rast gəldim. Onun yanında dəvələrlə gedənlər də var idi. O şəxsin keyfini xəbər aldım. Məlum oldu ki, Hacı Həsən Tehranidir, hər il Həccə gedir. Bu il də yüz on tümən yığaraq mərhum Möhsün Mirzə Mir Axurun naibi kimi ziyarətə gedir, insanlar deyirlər ki, Ənzəlidən burayadək onlarla həmrahdır. Bu ulağı Yənbəədə almışdır ki, xərc çəkərək dəvə kirayə etməsin. Uzunqulağı da Mədinədə yaxşı qiymətə satacaq. ərəb dilini müəyyən qədər bilir.

Sübhanallah, bir neçə gün bundan əvvəl yüz altmış mil yolu paroxodla beş saata qət etmişdik. Bu gecə on mil məsafəni beş saata gəldik. Bu səhrada Akasiya ağacından başqa heç nə yox idi. Uzaqdan səhrada ərəblərin yandırdıqları alov görünürdü. Deyirlər dəmyə əkinlə məşğul olurlar, qarpız yetşdirirlər.

Müsəhli mənzilində Rəzva dağı şimal tərəfdə bizdən bir fərsəx, yaxud bir qədər də artıq məsafədən görünürdü. Bu həmin Rəzva dağıdır ki, Keysaniyyə tayfası ona etiqad bəsləyir. Deyirlər ki, Məhəmməd İbn Hənifə orada qeyb olmuşdur və onu imam bilirlər...

“Vəfəyat əl-əyan” kitabında Məhəmməd ibn Hənifə haqqında və Rəzvadan yazılmışdır. Rəzva dağdır və Yənbəənin bir hissəsidir.

Xülasə, səhər tezdən namaza qalxdığım zaman soyuq külək əsirdi. Bu əsnada Şeyx Rəbi məlun ki, bizim zaminlərdən biridir, Yənbəədən gəldi və dedi ki, yola düşmək lazımdır. Günortadan üç saat keçmiş, dəvələrlə yola düşdük. Susuz və quru səhrada dayanaraq namaz qılmaq istədikdə Şeyx Rəbi deyirdi ki, bir qədər də getmək lazımdır ki, səhra ərəblərinin xofundan uzaqlaşaq.

Qürub çağı mən din xadimlərinə dedim: “Dəvələr yatarkən namaz qılmaq lazımdır, ərəblərin özləri ki, namaz qılmırlar”.

Səkkiz saat yol getdikdən sonra yorğun, bir dağın ətəyinin kənarında namaz qıldıq, yemək yedik, atlandıq. Karvanın önündə dağıstanlılar, əhli Krım və başqaları gedirdi. Nəs dağına çatdıq, bəzi yerdə iki dağın arası, bəzi yerlər daşlıq idi. Qarşıda da dağ idi, ta axşamdan doqquz saat keçmiş İbrahimin quyusuna çatdıq, məlum oldu ki, şeyxlərin hər biri karvanda olan öz dəvəçilərinə nəzarət edirdilər. Rəbi məlun da öz dəvəsinin üstündə yatmışdı, oğlu da tez-tez Karvana müraciət edib deyirdi: “Pasibanlıq edin, pasibanlıq edin, yolda oğru var”. Hamı quldurlardan qorunmaq üçün insanlar zəhmətə düşdülər. Bir gəcavənin qiyməti Yənbəədən Mədineyi-Münəvvərəyədək 10 lirə və 10 tüməndir.

Axır ki, dəhbaşı Əsgərin güclü israrı ilə Şeyx Rəbini oyatdılar. Onun razılığı olmadan İbrahim quyusu yanında dəvələrdən düşdük və bizim o gecə ac, halsız və vəhşət halında olduğumuzu qələmə almaq çətindir.

Bütün zəvvarlar mənim yanıma gəlirdilər və onlar məni özlərinə başçı, rəhbər bilirdilər. Müsəhlidən hərəkət edərək, İbrahim məkanına qədər məsafəni on yeddi saata qət edəcəyik. Bu yolda dəvələrlə hərəkət edirdik. Gəcavədə yol getmək, hərəkət insanın bağırsaq, ciyər, belinə çox əziyyət verir. Bu camaat kimi qayda gözləməyən, rəhmsiz, qüsurlu, yalançı tayfa yoxdur. Sədəqəllah-əl-əli-əl-əzim “Bədəvilər daha çox kafirdilər, riyakardılar. Daha çox onlar bilməyir Allahın öz Rəsuluna göndərdiyinin qoyduğu yasaqları. Hər şeyi biləndir, müdrikdir Allah” (Tövbə surəsi, 97-ci ayə).

Hansı peygəmbər ümməti öz rəsulunun övladını qətlə yetirmişdir? Əlhəmdüllah, biz həzrəti-rəsulun yanında üzü ağ olacağıq. Çünki bu hal nə əcəm, nə də türk ümmətində olmayıbdır. “Biz görmədən ona iman gətirdik”.

Xülasə, əgər gecə ay işığı olmasaydı, bütün xurcunları aparardılar və mallar oğurlanardı. əgər bu susuz, otsuz səhradan və naxələf tayfadan xilas ola bilsək, bu, ilahinin kəmali-fəzlidir. Hind filosiflarının dediyi kimi, bu Şeyx Rəbi mənim nəzərimdə Sinan İbn Üns kimi bir zatdır. Neçə kobud, daşürəklidir ki, özü yatmış, böyük oğlunu dəvəyə mindirib, kiçik oğluna isə dəvəni idarə etməyi tapşırmışdır. Bu biçarəni də yuxu tutmuş, yıxılaraq, az qaldı ki dəvənin ayağının altında qalsın və bizim təxti-rəvan düşsün. Axırda dəhbaşıya dedim və onu çətinliklə və səylə dəvənin altından çəkib çıxararaq dəvənin yüyənini əlinə verdi və dedi:

“Mən sizi oğrudan və canavardan qoruyuram”. Dedim: “Vacib deyil ki, tək sən bizi canavar və oğrudan qoruyasan” Kiçik qardaşı dəvənin üstünə qoyub, dəvənin yüyənini onun əlinə verdi.

Bu səhralarda Akasiya ağacları çoxdur. Dəvələr etina etmirlər, onlar üçün yolun sağı və ya solu yoxdur. Gəcavənin örtüyündən bir taxta haraya uçduqda dəvənin yeməklə məşğul olduğu, buna Akasiya ağacının tikanının səbəb olduğu məlum olur. Burada Xacənin şeiri yadıma düşür:


Dər biyaban çün be yadi-Kəbə xahi zəd qədəm,

Sərzənişha gər konəd xari-Moqilan qəm məxor.

(Tərcüməsi)

Səhrada Kəbəyə qədəm basmaq istəyi yadına düşsə,

Akasiya tikanı tənbeh etsə də, qəm yemə.

Akasiya ağacının yarpaqları Əbrişəm (İpək) ağacının cavan, xırda yarpaqlarının yaşıl olan vaxtlarına çox oxşayır. Akasiyanın Kitrə adlı növü də vardır, ərəblər bu ağaca Ummi-Qilan deyirlər. Onun sarı gülü olur və baharda gül açır, tünd rayihəsi vardır.

İbrahim məkanı adlanan yerdə dördbucaq quyu çox yaxşı, səliqəli görünür. Bu quyu dibindən yer səthinədək daşla hörülmüşdür. Quyunun dərinliyi on beş zərdir, yaxşı şirin suyu vardır.

Müsəhlidən düz səhra ilə səkkiz saat Cənub-Şərq istiqamətində hərəkət etdir. Sonra Nəs dağlıq əraziyə düşərək Şərqə doğru istiqamət aldıq.

Bu gecə Hacı Həsən Tehraninin eşşəyi yorularaq yolda qaldı. Biçarə Hacı gərək eşşəyi qorusun və sürüsün. Bizim adamlar da gərək yaşlı Hacını qorusunlar ki, karvandan geri qalmasın. Lakin biçarəni aldatdılar. Eşşəyi ondan bihudə qiymətə aldılar. Hacılardan biri yaxşı demişdir:

Ta ki quyi xərəm xərəm vay,

Guri-pedər xəri-to ridəm.
İbrahim məkanından hərəkət.

h.q. 1292-ci il zilqədə ül-həram ayının 14-ü, düşənbə günü (1875, 13 dekabr) günortadan altı saat keçmiş İbrahimin bu müqəddəs məkanından hərəkət etdik. Dağlıq ensiz cığırla cənub-şərq istiqamətində olan bu yol hər iki tərəfdən dağlardan və daşlıq yoldan ibarət idi. Bu yol daşlarla hörülmüş, hər iki tərəfi daş divar olan bir yol idi. Əvvəllər bu divar hündür olmuşdur, sonralar tədricən uçulmuş, daşlıq cığıra çevrilmişdir. Bu yol Yənbəənin sərhəddidir.

Oraya qədər dörd saat yol qət etmişdik. Ondan sonra yeni ərazi başladı. Iki saat üzüaşağı getdik və “Vadiyi-Süfəra”ya yetişdik. Indi Şərqə istiqamət aldıq. Bu yol “Şahrahi-Sultani”yə aparır, buradan bizim yolumuz Məkkeyi-müəzzəməyədir. Oradan şimala doğru hərəkət etdik. Həmər kəndindəyik. Xurma meşəsi olan zəngin bir yerdir. Qədimdə kəndin kənarı Sultan əsgərləri üçün yer olmuşdur, indi dağılmışdır. Burada axar sular vardır, oradan üzü Şəqr istiqamətinə hərəkət etdik. Cədidəyə gəldik. İbrahim məkanından Cədidəyədək doqquz saat yol getmişdik.

Həmrada bir hadisə oldu. Günəşin batmasına bir saat qalmış istədim ki, namaz qılmaq üçün yerə düşəm. Şeyx Rəbi və Məsud Camal razı olmadılar. Dəvələrin yüyənini buraxıb getdilər. Onlar dedilər: “Əgər siz yerə düşsəniz, bütün zəvvarlar düşəcəklər”. Nə qədər desəm ki, namaz qılınmalıdır, etina etmədilər. Ayın on dördündə günorta və axşam namazı qılmadım. Özləri namaz qılmadıqları üçün insanlara mane olurlar. Hətta yava sözləri də söyləyirlər. Günəş gürub etdikdən sonra dağlar arası ilə hərəkət edirdik. Axşam ay görünmürdü. Qaranlıq idi. Karvanın arasından bir neçə güllə atıldı, karvan əhli qorxdu. Mən soruşdum ki, tüfəngi haradan atmışlar? Kəcavənin kənarında olan şeyx Rəbi dedi ki, dağdan atılmışdır. Dağıstan və Krım zəvvarları da bir neçə gülləni cavab olaraq atdılar. Sonra ərəblər bildilər ki, havayı güllə atmağın mənası yoxdur, dayandırdılar.

Ciddəyə varid olunca, insanların yolu daşlıq yollardan, susuz səhradan keçdi. Biz nə qədər çalışdıq ki, çadırlarımızı zəvvarlardan bir az uzaqda quraq Şeyx Rəbi təkrar-təkrar haramzada sözünü deyirdi. Nəhayət mən onun bütün əməlləri barədə Yənbəəyə, Şeyx İbrahim Qaimməqama yazacağımı bildirdim. Mədinə hakimi Əli paşaya deyəcəyimi bildirdim Məkkə hakimi Şərifə deyəcəyimi bildirdim. Zəvvarlardan pul alıb ki, onların malını qorusun, heç olmasa, ərəblərdən on nəfər ətrafda qoysun ki, səhərə qədər keşik çəksinlər! Xaqani yaxşı deyib:

Ərabi mali-dozdi-möhtac,

Ayəd be xəzanə darı hac.

Allah insanları quldur tayfalardan qorusun ki, salamat Astani-mübarəkə yetişsinlər. Hər kəs ərəblərlə səfərə çıxarsa, xüsusən, Yənbəədən Mədinəyə qədər şərdən qorunmalı, xətərnaklara imkan, ixtiyarını əldən verməməlidir!

Cədidə bir abad kənddir, çoxlu xurma ağacları vardır və dağların arasında yerləşir. Ərəblər belə deyirlər ki, buradan Yənbəəyə qədər və Mədineyi-Münəvvərəyə qədər düz yoldur və burada yol yarıdır. “Zəfəran” dağlıq keçidindən keçmişdik ki, bir su quyusuna rast gəldik. Deyirdilər ki, onun suyu şordur.

“Süfəra” vadisində Şahrah Sultaniyə çatmamış bir qəbiristanlıq vardır. Bir qəbirin üstündə yazılmışdır: “Əbu Übeydə ibn Əm Rəsulüllah”. Burada bir su ambarı vardır ki, bura yağış suyu yığılır və Həmrada, yaxud ətrafda dünyasını dəyişənlər orada dəfn olunurlar.

Əbu Übeydət İbn əl-Haris, ibn Əm Rəsulullüh səlləllahüəleyh və alə Qəzveyi-Bədrdə şəhid olmuşdur. bədrdən bu məkana qədər məsafə uzaqdır, oradan bu məkana gətirmək və dəfn eləmək adama uzaq görünür, bəlkə də düz deyil.

Ərəblərin özləri deyirlər: Məşhurlardan biri Şamaxı torpağından, digərləri Gəncə və Qazaxdandır.


Qəbiristan kənarında mənzil.

h.q. 1292-ci il zilqədə ül-həram ayının 15-i, seşənbə günü (1875, 14 dekabr) səhər açıldlqda məlum oldu ki, dünən axşam biz qəbiristan kənarında mənzil etmişik, əhli-qübura fatihə vermək üçün gəldik.

Mən Şeyx İbrahimin hələ Yənbəədə olarkən dediyi sözləri nə qədər yada saldım, ona heç etina etmədi. Şeyx demişdir ki, biz gərək sübh tezdən pəncşənbə günü, Mədineyi-münəvvərəyə daxil olaq, ərəblər razı olmadılar. Onda mən ərəblərin Şeyx İbrahim haqqında mənfi fikirdə olduqlarını ona yazdım, guya o, Yənbəədən Mədinədəyədək olan mənzillərdən, dayanacaq yerlərindən xəbərsizdir.

Şeyx İbrahim bundan qəhərləndi, xəbər göndərdi ki, mən belə qövmdən əlaqəmi kəsirəm.


Eşq aləmi başqa dünyadır.

Bugün müəyyən etdim ki, Günəşin öz oxu ətrafında fırlanması 84 dərəcəyə çatıb ki, bu da yay ayının səviyyəsindən səkkiz dərəcə çoxdur.

Bir sözlə, şeyxlər bir yerə yığışaraq qərara gəldilər ki, səhər yola düşməyək, burada qalaq və bu biçarə insanlar da o daşlıq yerdə qaldılar. Beləliklə Günəşin batmasına üç saat qalmış yola düşdük. Cədidə dağın kənarındadır, yolboyu qum təpələri möhkəm divar kimi uzanır. Bu qum təpəsi biz hərəkət edərkən yolun sol tərəfində qalırdı. Bir saata yaxın şərqə tərəf dağlar arası ilə gedərkən yolboyu bizi bağlar, gözəlliklər müşayiət etdi. Axşamdan üç saat keçmiş dağlararası yoldan çıxıb, şimali-şərqə istiqamət götürdük. Cədidə göz işlədikcə uzanan əkin sahələrinə malikdir. Biz yarım saatdan artıq səhra ilə hərəkət etdik. Bəəri-Abbasa (Abbas quyusuna) yetişdik, yola düşdüyümüz vaxtdan mənzil başına yetişməyimiz altı saat yatım çəkdi.

Bəəri-Abbas çox yaxşı bir quyudur. Onun dərinliyi təxminən iyirmi iki zər, diaqonalı isə təxminən səkkiz zərdir. Quyu dibindən ağzınadək daşla hörülmüşdür və xeyli möhkəmdir. Xaricdən də pillə vardır ki, onunla quyunun dibinədək düşmək və oradan su götürmək mümkün olar. Quyudan kənarda karvansaraya bənzər möhkəm qala olmuşdur, lakin hal-hazırda dağılmış vəziyyətdədir. Deyilənə görə vaxtilə dövlətin əsgəri qüvvəsi burada qalmışdır və üsyan edən ərəblərlə ağilla rəftar edərək, onları dayandırmağa macal tapıb, burada müzakirələr edirdilər.


Silahlı ərəblərlə toqquşma

h.q. 1292-ci il zilqədə ül-həram ayının 16-sı, çəharşənbə günü (1875, 15 dekabr) günortadan iki saat yarım keçmiş yola düşdük və axşamdan keçmiş Hacı Mirzə Cəlil başda olmaqla Azərbaycan zəvvarları mənim yanıma gəldilər. Onların gəlişi və əhvalı-ruhiyyəsi Darül-salama “ləbbeyk” dediklərini göstərirdi. Səhər quyuya və qalaya tamaşa etməyə getdim. Oradan qayıtdıqdan sonra Azərbaycan əhalisinin yanına getdim. Rövzəxan Ağa Əbülfəzl Ərdəbili də Məkkəyə gəlmişdi. Bu əsnada ərəblərdən ibarət fitilli tüfənglərlə silahlanmış dəstə (onlar qədim Mazandaran tüfəngçilərinə bənzəyirdilər) dəvələrin üstündə bizim karvan olan məhəlləyə getdilər. Mən zəvvarların yanına gəldikdə hamı səs-küylə deyirdi: “Yol göstərən harda, yol harda?” Özüm onların yanına getdim və soruşdum: “Nə xəbərdir?” Dedilər: “Hərbçi ərəblər pul üçün gediblər”. Mən ərəbcə bir qədər danışdım və dedim: “Yənbəədə üç nüsxə qərarnamə yazılmışdır. Biri bizim yanımızdadır, biri Qaimməqamın, digəri də Cəmalinin rəisi Süleymandadır. Hamı öz yerindədir və biz də Mədinəyə daxil olunca, heç nə verməməliyik”.

Həmin nüsxəni gətirdilər, mən oxudum, lakin elə düşündülər ki, başqa bir şey oxundu. Onda mən dedim: “Sizin aranızda savadlı bir kəs vardı?” Bir cavan dedi: “Mənim savadım var”. Kağızı oxudu və dedi: “Həqiqidir və səhihdir”. Hamı çıxıb getdi.

Mən çadıra gəldim və camaat yükləri bağladılar. Istədim ki, gəcavəyə əyləşəm, gördüm ki, bəni-Səəd tayfasının rəislərindən olan Həmidan və ərəb hərbçilərinin böyüklərindən biri 40-50 nəfər tüfəngçi ilə məni əhatə etdilər.

Dedim: “Nə sözünüz var?” Dedi: “Biz öz haqqimizi səndən almaq istəyirik!” Məlum oldu ki, dinsiz Rəbii onları buna məcbur etmişdir.

Dedim: Mən nə sizi tanıyıram, nə də siz məni tanıyırsız. Süleyman sizin tayfadandır və ərəbdir. O, əgər bugün bura gəlməkdə gecikirsə, sabah gələcək, hər zaman o, sizin əlinizdədir, öz haqqınızı ondan ala bilərsiniz!

Dedilər: Biz heç vaxt səndən əl çəkməyəcəyiz. Ərəb və əcəm qardaşdır, dedim. Qardaşlıq dirhəmin, yaxud dinarın miqdarı ilə ölçülmür.

Dedim: Mən sizin qonağınızam, sizinlə qəbiləyə gəlirəm. Ziyarətçilər isə salamat Mədinəyə gedirlər və səhraya tərəf yola düşdüm.

Dedim: Mədinəyə, Əli paşaya və Yənbəəyə, Qaimməqam Şeyx İbrahimə kağız yazacağam. Nə desələr, qəbul edəcəyəm. Onlar belə zənn edirlər ki, mən hindliyəm. Bir neçə gün bundan əvvəl buradan hindli keçmiş və ondan nə istəmişdilərsə, o biçarə müticəsinə vermişdi.

Yənbəədə şeyxlərdən iki nəfər həbs edilibdir və dörd nəfər zamin olmuşlar və əgər zəvvarlar bir dinar ziyana düşsələr, gərək on dinar ödənilsin.

Həmədan hərifi gördü və sözü eşitdi, Rəbiinin yanına gəldi. Onlar bir-biri ilə pıçıltılı danışdılar. Rəbii əlini-əlinə vuraraq dedi: “Mən zamin! Mən zamin!”

Təsadüfən rəisül-cəmaleyn Şeyx Süleyman Gəvizi bugün öz evinə baş çəkmək üçün getmişdi. Yolu düşməmişdi ki, soyğunçu ərəblərin haqqını versin. Yoxsa onlar burada bu cür cəsur olmazdılar və qazanc xəyalına düşməzdilər.

Bu əsnada ərəblərdən bir nəfər, haradan peyda olduğunu bilmədim, hansı tayfadan olduğunu da bilmədim, (çübhəsiz ki, bu şad xəbər idi) mənim yanıma gəldi, işarə edərək ərəbcə dedi: “Ata minib gedin və heç kəsə etina etməyin”.

Mən Əmiraxura dedim ki, Ehtişamüddövlənin anasını gəcavəyə mindirsin və yola düşdük. Ərəblər də getdilər, onlar uzaqda dayanıb nəzarət edirdilər. Şeyx Rəbii də tir udmuş qurd kimi öz dəvəsini yəhərləyib, bizdən qabaqda getdi. Zəvvarlar onun getməyindən çox qorxdular. Dağıstan, Qafqaz, Krım zəvvarları gəldilər və dedilər: “Əgər izn versəniz, tifəngləri doldurub hazır olarıq, min nəfərin öhdəsindən gələrik”. Mən dedim: “Ehtiyatı əldən verməyin, Allaha təvəkkül”.

Bir qədər yol getdikdən sonra yenə iki dağın arasına və daşlıq əraziyə düşdük. Dörd saat yol getdikdən sonra Roha quyusuna yetişdik. Suyu olsa da, bu quyu çox dərin idi. Bura qədər Şərqlə Şimal arasında hərəkət etmişdik. Bundan sonra dörd saatdan çox Şimal istiqamətində hərəkət etdik. Şühəda (şəhidlər) quyusuna çatınca yolumuza belə davam etdik. Deyirlər ki, burada bir neçə şəhid dəfn olunmuşdur.

Buradan yolumuz yenə də üç saata yaxın Şimali-Şərq istiqamətində davam etdi. Ondan sonra Şərqə doğru hərəkət etdik və Şəryof quyusuna çatdıq. Altı saat yarım axşamdam keçmişdi və bu vaxt Şəryof quyusuna çatmışdıq. On altı saat idi ki, atlı və piyada vəziyyətində yol getmişdik, nə yemək yemişdik, nə də namaz qılmışıq.

Gəcavədə gedənlər hərəkət edən məhbuslar kimidir, onlar sanki zərbə alırlar və bundan məyus olurlar. Bugünkü namazı da ərəblərin hökmünə görə itirdik.

Həzrəti-Musa peyğəmbər Əleyhissalam peyğəmbər nəfəsi ilə buyurmuşdu: “Yamanca yorulduq bu səfərdən” (Surə Kəhf, ayə 62). Bizim halımız necə olacaq? Yorğun, ölü kimi halsız düşmüşdük.

Bizi yenidən piyada, daşlıq yolla getməyə vadar etdilər. əgər iki qədəm uzağa gedib çadır qurmaq istəsək, məlun Rəbii dad çəkib qışqırır. Biz də gərək onun dediklərinə kor-koranə itaət edək. Gəcavə ilə on altı saat hərəkət edib yol getdik. Indi səhərə yaxındır, heç iki saat dincəlmədik.
Mədineyi-Münəvvərəyə yetişdik

h.q. 1292-ci il zilqədə ül-həram ayının on yeddisi, pəncşənbə günü (1875, 16 dekabr). Günəş doğduqdan iki saat yarım sonra Şəryofdan yola düşdük. Məncur dağından Mədineyi-Münəvvərə şəhərinə və Məscidi-Şəcərəyədək Şərq istiqamətində hərəkət etdik və oradan Mədinəyədək olan bir fərsəx yarım yolu Şimali-Şərq istiqamərində getdik. Kitablarda bu məsafə altı mil yazılmışdır, lakin mənim nəzərimdə belə deyildir. Məscidi-Şəcərəyə yetişdiyimiz zaman Mədinə əhli olan zəvvarlar ibadət edirdilər.

Əl-Cəmaleynin rəisi Şeyx Süleymana dedim ki, zəvvarlarla Məscidi-Şəcərəyə gedib orada namaz qılmaq istəyirəm. O, “Mərhəba, mərhəba” dedi. Digər şeyxlər də mənimlə həmrah oldular. Məscidi-Şəcərə indi ərəblər tərəfindən Bəəri-Əli (Əli məqamı) adlanır.

O məkanda bir neçə quyu qazılmışdır. Orada zəvvarlar qüsl edirlər, zəvvar olurlar. Məscidi-şəcərənin özü dörd divardan ibarət olub, bir tərəfi günbəzdir. Orada bir hədis yazılmışdır. Hədis Səhih Buxaridəndir. Həzrəti-rəsul (s.ə.) Məscidi-Şəcərədə namaz qılmışdır.

Xülasə, orada namaz qılıb istədim ki, Mədineyi-Münəvvərəyə piyada gedəm, lakin Şeyx Süleyman razı olmadı ki, yol uzaqdır, gecənin qaranlığına düşürük, ehtiyatlı olmaq lazımdır. O, öz dəvəsini gətirdi və təkidlə məni mindirdi, özü isə piyada qabağa düşdü. Mən bugünədək dəvəyə minməmişdim. Bir ərəb şairin şeiri yadıma düşdü. Məzmunu belədir: Yeni hadisələr üçün çox kök, qaçan dəvəni hazır vəziyyətə gətirmişəm.

Bir qədər yol getdik, qədim bir qalanın izlərini və əzəmətli divarı gördük. Deyirlər ki, Mədinə şəhərindən əvvəl bu qala mövcud olmuşdur, onu yəhudilərin tikdiyi məlumdur. “Xülasətül-vəfa” kitabından mənə məlumdur ki, “Qüsurül-əqiq” həmin məkandır ki, ona “Qüsurül-əqiq” də deyirlər.

Yarım fərsəx, bir az da ondan artıq yol getdik və Müdərrəcdən yuxarı qalxdıqda Mütəhhər günbəzinin sütunları göründü. Yerə düşüb piyada getdik. Bir müxtəsər ziyarətnamə oxudum və öz şeirlərimdən bir neçə beyt (yolboyu yazdığım “Əhmədiyyə” məqaməsindən) oxudum.

Bu arada Mədinə şəhərinin Qaimməqamı Əhməd bəy, Minbaşı atlılarla istiqbalımıza gəlmişdilər. Onlar mənim üçün bir at da gətirmişdilər, lakin onların israrına baxmayaraq mən dedim: “Gərək şəhərə qədər piyada gedəm”. Onlar da mənimlə həmrah oldular. Sonra Qaimməqam dedi: “Bir polk tabor görüşə gəlib və sizin istirahətiniz üçün Mədinə şəhərinin xaricində bir çadır qurublar. Onlar iki araba top da gətirmişlər ki, sizin istiqbalınız şərəfinə atəş açsınlar”.

Mən dedim: “Heç vaxt icazə vermirəm ki, top atasınız ki, öz gəlişimdən Peyğəmbəri xəbərdar edəm, əgər onu aləmin varlığı bilirəmsə, əlbəttə o bilir ki, astananın itlərindən biri bu məkanı ziyarətə gəlmişdir. Əgər mümkün olsa, üzümü torpağa sürtərəm, gələrəm. Əsgərlər istiqbala gəliblər sağ olsunlar, lakin qadağan edin ki, balaban və şeyrupla salamlaşmasınlar, həmən hərbi qaydada salam kifayətdir”.

Mən taborun yanından keçıb, hal-əhval tutdum və topçulardan da hal-əhval tutdum. Sonra şəhərin xarıcındəki çadırda yorğunluğumu almaq üçün on dəqiqə oturduq. Ağa Mustafanın oğlu Ağa Seyid Həsən də istiqbala gəlmişdi. İndi o, əcəm zəvvarlarının başçısıdır. O, Seyid Səlahı əvəz edir.

Biz qalxdıq və bir qədər birlikdə yol getdik. Bu zaman Mollabaşı mənim Quranımı gətirdi və onun yolda cibimdən düşdüyünü dedi, onu bir nəfər tapmışdı. Nə qədər fikirləşdim ki, bu, necə ola bilər, qoltuq cibimdə saat da vardır, əgər cibim yırtıq olsa idi, o da düşməli idi. Zənnimcə Mütəhhər günbəzi görünən vaxt torpağa səcdə etdikdə Quran cibimdən düşmüşdür. Çox güman ki, belə olmuşdur.

Bir neçə dəfə yaxşı fal açdım. Uca tanrının kəlamları islam Mədinəsinin torpağında peydə olmuşdu. Müdərrəcin ayağında, Minbaşının söylədiyi kimi, o, Mütəhhərin günbəzinin güşəsidir, Quran orada tapılmışdır. Mən yerə əyilərək üzümü torpağa sürtdüm, dualar etdim.

Evə çatdıqda piyada gəldiyimiz üçün artıq hava qaralmış, axşamdan bir saat keçmişdi. Şeyxülislam bizim üçün başqa mənzil müəyyən etmişdi. Yolüstü Abbas quyusu olan yerdə, Ağa Mir Əbülfəzl Ərdəbili rövzəxan dedi ki, Ağa Seyid Safinin evinə gediniz. Mən dedim ki, ora gedərəm. Qaimməqam Əhməd bəy dərhal Ağa Seyid Safinin evinə adam göndərdi ki, öz evini boşaltsın. Müşarileyhin evi bir neçə mərtəbədən ibarətdir, evləri çoxdur və kiçik bağçasında xurma ağacları vardır.

Sonra Qaimməqama dedim: “Mübarək ziyarətgahı bağlamayın ki, qüsl edib ziyarətə gedək, bəlkə bu bir neçə gecə ki, mən varam, gərək mübarək ziyarətgah hamı üçün açıq olsun”. Qaimməqam dedi: “Pək iyi, yəni çox yaxşı”.

Cümə gecəsindən iki saat yarım keçmiş Ağa Seyid Həsən və Əhməd bəy Qaimməqamla birlikdə Cəbrayili Pasiban, İsrafili-Dərban, Mikayili-Mizban və Əzraili-Qəhrəmanın astanasına müşərrəf olub, Babül-Salamdan Rövzeyi-Mübarəkə (mübarək behiştə) daxil olduq.

Ərz elədim: Ya Rəsulillah, ya Seyid ül-mürsəlin vəlləvvəlin vəlaxirin əlhəmdüllah, sənin xaki-payində üzüağ olmaq istəyirik, sənin istər əcəm, istərsə türk övladının müdafiənə, köməyinə ehtiyacı var.

Ondan sonra məzarın kənarına gedib, Ağa Seyid Hüseynin ziyarətnaməsini dinlədik. Mənim özümün oxumağa halım yox idi. Mübarək xaki-payinə daxil oldum və bu beyti oxudum:

İn ke mibinəm be bidarist, yarəbb, ya be xab,

Xiştənra dər çenin nemət pəs əz çəndin əzab.

Həzrəti müxtəsər ziyarət etdikdən sonra mübarək rövzədə namaz qılıb, Babül rəhmədən çıxdıq və Ağa Seyid Safinin evinə gəldik.

Darvazanı bağladıqları üçün digər imamları ziyarət edə bilmədik. Ziyarətgahın şeyxi Əli paşanı Rövzeyi-mübarəkin yanında gördüm. Yolda gəlirkən bu xəbəri verdi: “Rövzeyi-mübarəkin işıqlarını yandırmağın vaxtı olduğu üçün sizin xidmətinizdən məhrum oldum”.

Yolda, Mədrəcdən piyada gəldiyimiz vaxt Ağa Seyid Həsəndən soruşdum ki, buradan Əbuzərin rəbzə və qəbrinə nə qədər yoldur?

Minbaşı türkcə dedi: “Əfəndim, Əbuzər kimdir və rəbzə nə deməkdir?” Məlum oldu ki, o, eşitməmişdir və Ağa Seyid Həsən də bilmədi və dedi: “Əbuzərin qəbri Bəqidədir”.

Minbaşı dedi: Bu axşam Sərkarın (Fərhad Mirzə - T.H.) xidmətindəyəm, heç vaxt nə Əbuzər tanıyıram, nə də Rəbzə eşitmişəm. Bir neçə ildir ki, Mədinədəyəm. Bu axşam tanışlardan və Mədinə əhlindən soruşacağam və səhər Sərkarın xidmətində ərz edəcəyəm”.


Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin