Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 27 noyabr
tarixli 261 nömrəli qərarı ilə
təsdiq edilmişdir
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na (bundan sonra-Dövlət Proqramı) uyğun olaraq, ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədi ilə prioritet sahələrdə tələb olunan ixtisaslar üzrə nüfuzlu xarici təhsil ocaqlarında təhsil alacaq gənclərin təhsil pilləri və proqramlar (ixtisasartırma, dil və baza hazırlığı kursları, bakalavr, magistratura, ordinatura, rezidentura, aspirantura və doktorantura) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 iyun tarixli 128 nömrəli qərarı ılə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları” na əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya (bundan sonra Komissiya) tərəfindən namizədlərin siyahısı təsdiq edilir.
1.2. Xaricdə təhsil alanların (bundan sonra təhsil alan) təhsili ilə bağlı bütün xərclərin ödənilməsi (təhsil haqqı, vizaların və qəbul edən ölkədə onların qeydiyyata alınması, yaşayış-yataqxana və digər xərclər, gündəlik qida, zəruri tədris ədəbiyyatı ilə təminat, tibbi sığorta, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri, təşkilati xərclər daxil olmaqla) Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına Azərbaycan Respublikasının Təhsil Nazirliyi (bundan sonra Təhsil Nazirliyi) tərəfindən həyata keçirilir.
1.3. Komissiyanın qərarı, Təhsil Nazirliyinin əmri və Təhsil Nazirliyi ilə təhsil alan arasında bu Qaydalara əlavə olunan forma üzrə bağlanan Müqavilə təhsil alanın təhsili ilə bağlı xərclərin ödənilməsi üçün əsasdır.
2. Təhsil alanların təhsili ilə bağlı xərclərinin maliyyələşdirilməsi qaydaların ümumi çərçivəsi
2.1. Təhsil alanların xaricdə təhsili ilə bağlı xərclərin məbləği (təhsil haqqı, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinin ödənilməsi, viza, qeydiyyat, tibbi sığorta və s.) hər il təqdim edilmiş ödəmə sənədləri əsasında Təhsil Nazirliyi tərəfindən müəyyən edilir və müvafiq vəsaitin ayrılması üçün Dövlət Proqramını maliyyələşdirən quruma sifariş təqdim olunur. Təhsil alanın yaşayış (yataqxana və digər xərclər), gündəlik qida və tədris materialları xərclərinin ödənilməsi üçün müəyyən olunmuş məbləğ isə hər bir ölkə üzrə bu Qaydalara əlavə olunan “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə (bundan sonra - cədvəl) göstəricilərinə əsasən həyata keçirilir (1 nömrəli əlavə).
2.2. Xaricdə təhsil alanların təsdiq olunmuş siyahısına əsasən müvafiq qaydada xaricdə təhsil alanların özləri və yaxud onların xaricdə təhsilini təşkil edəcək tərəfdaş qurum tərəfindən təqdim olunmuş sənədlər (müvafiq ölkənin təhsil müəssisəsinə qəbul olunmasına dair rəsmi sənəd,dəvət sənədi, təhsil, yataqxana, gündəlik yaşayış, tibbi sığorta və digər xərclərin ödənilməsini təsdiq edən sənəd və s.) və ya müvafiq təhsil müəssisəsi ilə Təhsil Nazirliyi, yaxud tələbə arasında bağlanılmış fərdi müqavilə əsasında rəsmiləşdirmə aparılır.
2.3. Xaricdə təhsil alanlar haqqında müvafiq rəsmiləşmə aparıldıqdan sonra, onların hər biri ilə Təhsil Nazirliyi arasında fərdi qaydada hər iki tərəfin öhdəliklərini əks etdirən müqavilə bağlanır (2 nömrəli əlavə). Həmin müqavilədə tələbənin xarici ölkənin təhsil müəssisəsində təhsil alması ilə bağlı bütün xərclər (təhsil haqqı, viza və qeydiyyat xərcləri, yaşayış xərci - yataqxana, yerli nəqliyyat, internet xidməti, telefon danışıqları, yaşayış üçün tələb olunan cari xərclər, qidalanma, tədris materialları, tibbi sığorta xərcləri, ildə bir dəfə təhsil yerinə getmək və Vətənə dönməklə bağlı yol xərcləri və s.) öz əksini tapır (1 və 2 nömrəli əlavələr).
2.4. Xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür.
2.5. Təhsil alanların xarici ölkələrin təhsil müəssisələrinə şərti qəbul olunması ilə bağlı müvafiq sənəd təqdim edildiyi və təhsillə bağlı bəzi zəruri xərclərin tələb olunduğu bildirildiyi təqdirdə, bu təhsil müəssisəsinin tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən qabaqcadan (depozit olaraq) müəyyən ödənişlər həyata keçirilə bilər
3. Təhsil alanların təhsili ilə bağlı xərcləri
3.1. Təhsil alanların aşağıdakı xərcləri dövlət tərəfindən maliyyələşdirilir:
- təhsil haqqı ;
- viza və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri;
- yaşayış (yataqxana və digər) xərcləri ;
- gündəlik qida xərcləri;
- zəruri tədris ədəbiyyatı ilə təminat üzrə xərclər;
- tibbi sığorta xərcləri;
- ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri.
3.2. Təhsil haqqı ilə bağlı xərclərə zəruri hallarda müvafiq pillələr üzrə - dil və baza hazırlıq kursları, bakalavr, magistratura, ordinatura, rezidentura, stajkeçmə və digər pillə təhsil alanlara oxuduğu müddət ərzində təhsil dövrü üçün xarici təhsil müəssisələri və ya tərəfdaş qurumlar tərəfindən hesablanan təhsil haqqı, aspirantura və doktorantura pilləsində təhsil alanlar üçün isə təhsil dövrü üçün hesablanan təhsil və elmi tədqiqat xərcləri aiddir.
3.3. Təhsil alanın ali məktəbə şərtsiz daxil olması haqqında xarici ali məktəbin rəsmi təsdiqləyici sənədi təqdim olunduğu təqdirdə, təhsil alanın dil və baza hazırlıq kursu üzrə xərcləri maliyyələşdirilə bilər.
3.4. Viza xərclərinə və qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərclərinə təhsil alanların təhsil aldığı ölkənin Azərbaycandakı səfirliyi və yaxud konsulluqları (qəbul edən ölkənin Azərbaycanda nümayəndəliyi olmadığı təqdirdə, bu ölkənin digər ölkələrdəki səfirlik və konsulluqları) tərəfindən vizanın rəsmiləşdirilməsi ilə bağlı xərcləri və təhsil alanın xarici ölkədə və təhsil müəssisəsində qeydiyyata alınması xərcləri aiddir.
3.5. Yaşayış xərclərinə təhsil alanların yataqxana və digər (şəhərdaxili nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları və s.) xərcləri aiddir və bu xərclər təhsil alanın ölkəyə daxil olduğu tarixdən etibarən, təhsil müddətinin sonuna qədər dövrü əhatə edir. Təhsil alan təhsil aldığı ölkəyə cari ayın 1-15-i arası daxil olduğu təqdirdə həmin aydan etibarən, 15-i tarixindən sonra daxil olduğu təqdirdə növbəti ayın əvvəlindən etibarən ödəmələr həyata keçirilir.
3.6. Gündəlik qida ilə bağlı aylıq xərclərə təhsil alanların bir ayda zəruri qidanın alınması üçün tələb olunan vəsait aiddir və bu xərclər təhsil alanların ölkəyə daxil olduğu tarixdən etibarən, təhsil müddətinin sonuna qədər dövrü əhatə edir. Təhsil alan təhsil aldığı ölkəyə cari ayın 1-15-i arası daxil olduğu təqdirdə həmin aydan etibarən, 15-dən sonra daxil olduğu təqdirdə isə növbəti ayın əvvəlindən etibarən ödəmələr həyata keçirilir.
3.7. Zəruri tədris ədəbiyyatı ilə təminat dedikdə, təhsil alan üçün bir tədris ilində zəruri tədris ədəbiyyatının alınmasına tələb olunan vəsait nəzərdə tutulur.
3.8. Tibbi sığorta xərcləri təhsil alanın təhsil aldığı ölkədə yaşadığı müddət ərzində tibbi sığortası üçün tələb olunan vəsait aiddir..
3.9. İldə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinə təhsil alanın ildə bir dəfə təhsil aldığı ölkəyə gediş-gəlişi üçün tələb edilən vəsait aiddir və həmin vəsait təhsil alanın təqdim etdiyi bilet və ya müvafiq nəqliyyat şirkətlərinin təqdim etdiyi ödəniş sənədləri əsasında müəyyən edilir.
4. Təhsil alanların təhsili ilə bağlı xərclərinin hesablanması
4.1 Təhsil alanların xaricdə təhsili ilə bağlı xərclər xarici ölkənin ali məktəblərinin, tərəfdaş qurumların təqdim etdikləri məlumatlar və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və diğər nümayəndəlikləri tərəfindən verilən məlumatlar əsasında müəyyən edilir.
4.2 Təhsil alanların təhsili müvafiq razılaşma əsasında tərafdaş qurum tərəfindən təşkil olunduğu təqdirdə, tərəfdaş qurumun təşkilati xərclərinin hesablanması Təhsil Nazirliyi ilə tərəfdaş qurum arasında bağlanmış Saziş əsasında həyata keçirilir. Tələbələrin yaşayış (yataqxana və digər xərcləri), gündəlik qida və tədris materialları ilə bağlı xərclərin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normalar əsasında həyata keçirilir.
4.3 Alınmış məlumatlar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hər bir ölkə üzrə təhsil alanların aylıq xərclərinin cədvəli tərtib edilir və bu cədvəl ildə bir dəfə təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur. Yeni cədvəl təsdiq olunmayana qədər mövcud cədvəldəki normalar qüvvədə qalır.
4.4. Təhsil Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş cədvəl əsasında təhsil alanların illik (tədris ili) və ya yarımillik xərclərini hesablayır və bu xərclərin ödənilməsi üçün Dövlət Proqramını maliyyələşdirən quruma sifariş təqdim edir.
5. Təhsil alanların təhsili ilə bağlı xərclərinin ödənilməsi
5.1. Təhsil alanların təhsili ilə bağlı bütün xərclərin ödənilməsi proseduru barədə Təhsil Nazirliyi tərəfindən hər bir tələbə məlumatlandırılır və bu prosedurlar Təhsil Nazirliyi və tələbə arasında bağlanmış müqavilədə öz əksini tapır.
5.2. Təhsilini başa vurduqdan sonra Təhsil alanın təhsilin növbəti pilləsinə keçdiyi təqdirdə onun ərizəsi əsasında müvafiq sənədlər Təhsil Nazirliyi tərəfindən baxılır və məqsədəuyğun hesab edildikdə, müvafiq qərarın qəbul edilməsi üçün Komissiyaya təqdim edilir. Komissiyanın müsbət cavabı Təhsil Nazirliyinə daxil olduğu halda təhsil alan ilə yenidən müqavilə bağlanılır və onun təhsil xərcləri yeni pillənin normativləri əsasında ödənilir.
5.3. Təhsil alanların xərclərinin ödənilməsi aşağıdakı prosedurlar əsasında həyata keçirilir:
5.3.1. təhsil alanların vizası və qəbul edən ölkədə qeydiyyata alınması ilə bağlı xərclər təhsil alanlar tərəfindən ödənilir və bu xərclər üzrə vəsait təqdim edilən qaimələr əsasında dövlət tərəfindən təhsil alana qaytarılır;
5.3.2. təhsil haqqı ilə bağlı xərclər xarici təhsil müəssisələrinin və yaxud təhsil alanın xaricdə təhsilini təşkil edəcək tərəfdaş qurumların təqdim etdikləri rəsmi məktublar, hesab-fakturalar (invoyslar), bu təhsil müəssisəsi ilə Təhsil Nazirliyi arasında bağlanmış müqavilələr əsasında illik (tədris ili) və ya semestrlər üzrə ödənilir. Təhsil haqlarının ödənilməsi Təhsil Nazirliyi tərəfindən vəsaitin birbaşa təhsil müəssisəsinin və ya təhsil alan təhsil haqqını özü ödədiyi təqdirdə (təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında), tələbənin bankdakı müvafiq hesabına köçürülməsi yolu ilə həyata keçirilir;.
Xarici ölkələrin ali təhsil müəsisələrinin tələblərinə uyğun olaraq Təhsil Nazirliyi tərəfindən bu təhsil müəssisələrinin hesablarına əvvəlcədən depozit ödənişlər həyata keçirilə bilər.
5.3.3 Azərbaycan Respublikası Nazilər Kabinetinin təsdiq etdiyi cədvəldə nəzərdə tutulmuş xərclər üzrə hər bir ölkə üçün müəyyən edilmiş məbləğə əsasən təhsil alanın aylıq xərcləri onun bankdakı müvafiq hesabına ödənilir;
5.3.4 Azərbaycan Respublikası Nazilər Kabinetinin təsdiq etdiyi cədvələ uyğun olaraq, hər bir ölkə üçün müəyyən edilmiş məbləğə əsasən zəruri tədris ədəbiyyatı ilə təminata aid xərclər tədris ilinin əvvəlində təhsil alanın bankdakı müvafiq hesabına köçürülür;
5.3.5. təhsil alanların tibbi sığortası ilə bağlı xərclər təhsil alanın təhsil aldığı şəhərdə sığorta olunduğu şirkətin, təhsil müəssisəsinin və tələbənin təqdim etdiyi sənədlər əsasında ödənilir
5.3.6. İldə bir dəfə təhsil alanların təhsil aldığı ölkəyə gediş-gəliş xərcləri təhsil alanın və ya müvafiq nəqliyyat şirkətinin təqdim etdiyi təsdiqedici gediş-gəliş sənədləri əsasında ödənilir
5.3.7. təhsil alanların təhsili müvafiq razılaşmalarda nəzərdə tutulan şərtlərə uyğun olaraq, tərəfdaş qurum tərəfindən təşkil olunduğu təqdirdə, onların təhsili ilə bağlı bütün xərclər həmin qurum tərəfindən təqdim olunan müvafiq hesaba köçürülür.
6. Təhsil alanların təhsil ilə bağlı bütün xərclərin ödənilməsinə qoyulan məhdudiyyətlər
6.1. Təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır.
6.2. Xarici valyuta ilə ödənilən bütün xərclər ödəniş tarixinə Azərbaycan manatının xarici valyutaya olan rəsmi məzənnə ilə həyata keçirilir. Məzənnə fərqi ilə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınır.
7. Vəsaitlərin istifadəsi ilə bağlı hesabatların təqdim edilməsi
7.1. Təhsil alan və ya tərəfdaş qurum tərəfindən Təhsil Nazirliyinə müvafiq hesabat sənədləri təqdim olunur. Təhsil müəssisələri tərəfindən təhsil alanların təhsil xərcləri barədə təqdim olunmuş ödəniş üçün sənədlər ( hesab-fakturalar, invoyslar və s.) tədris ilinin sonunda hesabat sənədləri kimi yetərli hesab edilir. Yol xərci, tibbi sığorta, viza və qeydiyyata aid xərclər təhsil alan tərəfindən ödənildiyi təqdirdə, onlar bu ödənişi təsdiq edən müvafiq sənədlərə əsasən yazılı hesabatı Təhsil Nazirliyinə təqdim edirlər. Hesabatın forması Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Təhsil alanların şəxsi hesablarına Təhsil Nazirliyi tərəfindən köçürülmüş aylıq xərclər barədə heç bir hesabat alınmır.
7.2. Dövlət Proqramı çərçivəsində ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsi ilə bağlı ildə bir dəfə və yaxud tələb olunduğu təqdirdə, Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramını maliyyələşdirən quruma hesabat təqdim edilir.
Dostları ilə paylaş: |