Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 54,85 Kb.
tarix14.06.2018
ölçüsü54,85 Kb.
#53709
növüQaydalar

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ
KOLLEGİYA QƏRARI

30 may 2014-cü il № 2-N
Fərdi elektron pəncərə” elektron məlumat sistemindən istifadə qaydaları barədə inzibati reqlament”in və “Fərdi elektron pəncərə” elektron məlumat sisteminə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların siyahısı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanının 4.2-ci və 4.3-cü bəndlərinin icrası ilə əlaqədar "Fərdi elektron pəncərə" informasiya sistemindən istifadə qaydaları barədə inzibati reqlament, sistemə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların siyahısı tərtib olunmuşdur.

“Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” ölkə başçısının Fərmanına uyğun olaraq “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya


QƏRARA ALIR:
1. “Fərdi elektron pəncərə” elektron məlumat sistemindən istifadə qaydaları barədə inzibati reqlament” təsdiq edilsin (Əlavə olunur).

2. “Fərdi elektron pəncərə” elektron məlumat sisteminə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların siyahısı” təsdiq edilsin (Əlavə olunur).

3. Bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

4. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.





Azərbaycan Respublikasının

ədliyyə naziri




I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov





Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 30 may 2014-cü il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

Fərdi elektron pəncərə” elektron məlumat sistemindən istifadə qaydaları barədə inzibati reqlament


1. Ümumi müddəalar
1.1. Elektron məlumat sisteminin adı: “Fərdi elektron pəncərə” elektron məlumat sistemi.

1.2. Elektron məlumat sisteminin məzmunu: Qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı və onlara dair qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində mövcud olan məlumatların nəzərdən keçirilməsi, onlarla bağlı çıxarışların çap edilməsi, xidməti sənədlərin sistemləşdirilmiş şəkildə saxlanılması, avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanılması, müraciət, arayış və hesabatların elektron formada qəbulu və cavablandırılması, alınmış və verilmiş qrantların qeydə alınması, elektron xidmətlərin göstərilməsi, eləcə də digər qeyri-hökumət təşkilatları və sistemin iştirakçıları olan aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsi.

1.3. Elektron məlumat sisteminin fəaliyyət göstərməsinin hüquqi əsası:

- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndi;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

- Azərbaycan Respublikası Prezidentinin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanı.

1.4. Elektron məlumat sisteminin fəaliyyətini təmin edən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

1.5. Elektron məlumat sisteminin digər iştirakçıları: Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası. Zərurət yarandıqda digər orqanların da iştirakı mümkün ola bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən istifadəçi adı və şifrə verilmiş dövlət qurumları sistemin iştirakçıları hesab olunur.

1.6. Elektron məlumat sisteminin avtomatlaşdırılma səviyyəsi: Elektron sistem tam avtomatlaşdırılmışdır.

1.8. Elektron məlumat sisteminin fəaliyyətinin nəticəsi:

- Qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının reyestr və fəaliyyətləri ilə bağlı dövlət qurumlarında mövcud olan digər məlumatları nəzərdən keçirmək, bununla bağlı çıxarışları çap etmək, üzvləri, o cümlədən qeyri-hökumət təşkilatının işinə cəlb olunmuş könüllülər barədə informasiyanı əlavə etmək;

- Fəaliyyətləri ilə bağlı arayış, elan və digər məlumatları daxili istifadə və ya bütün sistem istifadəçiləri üçün açıqlanılması məqsədilə sistemdə yerləşdirmək;

- Elektron poçt ünvanına daxil olmadan sistemin iştirakçıları olan dövlət qurumları və bütün qeyri-hökumət təşkilatları ilə elektron qaydada sənəd dövriyyəsini həyata keçirmək;

- Sistemin iştirakçıları olan dövlət qurumlarının göstərdikləri elektron xidmətlərdən vahid mənbədən istifadə etmək;

- Qrantların ayrılması və verilməsi ilə bağlı məlumatları vahid bazada toplamaq, aidiyyəti dövlət qurumlarında bu barədə mövcud məlumatlarla tanış olmaq;

- Qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların bazasından istifadə etmək;

- Qeyri-hökumət təşkilatlarının apardığı kargüzarlığı sistemləşdirilmiş qaydada vahid mənbədə saxlanılmasını təmin etmək.
2. Elektron məlumat sisteminin fəaliyyət göstərməsi
2.1. Elektron məlumat sisteminin növü: dövlət informasiya sistemi

2.2. Elektron məlumat sisteminin qısa adı: Fərdi elektron pəncərə

2.3. Elektron məlumat sisteminin istifadəçiləri: qeyri-hökumət təşkilatları

2.4. Elektron məlumat sisteminin təyinatı: məlumat-sorğu, kargüzarlıq-sənəd dövriyyəsi, uçot-statistika, təhlil-proqnoz, arxivləşdirmə

2.5. Elektron məlumat sisteminin tərkibindəki verilənlər bazalarının qısa siyahısı: qeyri-hökumət təşkilatları, qrantlar, normativ hüquqi aktlar

2.6. Elektron məlumat sisteminin yaradılma üsulu: formalaşdırma

2.7. Elektron məlumat sisteminin tətbiqi sahəsi: sosial

2.8. Elektron məlumat sisteminin əsas obyekti: qeyri-hökumət təşkilatları

2.9. Elektron məlumat sisteminin tipi: idarələrarası, xüsusi və ya məhdud istifadəli

2.10. Elektron məlumat sisteminə daxilolma növü: konfidensial

2.11. Elektron sistemin məlumat mənbələri: qeyri-hökumət təşkilatları, sistemin iştirakçıları olan dövlət qurumları

2.12. Elektron məlumat sisteminin aktuallaşdırma dövrü: məlumatlar daxil olduqda dərhal

2.13. Elektron məlumat sisteminin praktiki istismara verildiyi tarix: 22.05.2014

2.14. Elektron məlumat sistemində sənədli informasiyanın toplanılmağa başladığı tarix: 01.02.2014

2.15. Elektron məlumat sisteminin yaradılmasına əsas olan sənəd: Azərbaycan Respublikası Prezidentinin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanı

2.16. Elektron məlumat sistemində istifadə olunan təsnifat və soraq massivlərinin siyahısı: qeyri-hökumət təşkilatları, təşkilati-hüquqi formaları, donor və resipientlər və s.

2.17. Elektron məlumat sisteminin təqdim olunma yeri: www.qht.gov.az;

2.18. Elektron məlumat sistemi barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.qht.gov.az; http://www.justice.gov.az

Elektron poçt: contact@justice.gov.az / notvva@justice.gov.az

Telefon: (+99412) 430 09 77 / (+99412) 404 42 81
3. Elektron məlumat sistemindən istifadənin inzibati prosedurları
3.1. Hər bir inzibati prosedur haqqında məlumat:

3.1.1. Sistemə giriş;

3.1.2. Şifrənin dəyişdirilməsi;

3.1.3. Qeyri-hökumət təşkilatlarının reyestr məlumatları ilə tanışlıq və çap;

3.1.4. Təşkilatın fəaliyyətinə dair arayışların, elanların və digər məlumatların daxil edilməsi, eləcə də özünün və digər təşkilatların daxil etdikləri məlumatların nəzərdən keçirilməsi;

3.1.5. Fərdi elektron kabinet.

3.2. Hər bir inzibati prosedurla bağlı əməliyyatların məzmunu və nəticələri:

3.2.1. Sistemə giriş: İstifadəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş istifadəçi adını və şifrəni aidiyyəti sahələrə daxil edib “təsdiqlə” düyməsini vuraraq sistem tərəfindən eyniləşdirilir və əsas səhifəyə keçid alır;

3.2.2. Şifrənin dəyişdirilməsi: İstifadəçi əsas səhifənin yuxarı sağ küncündəki qeyri-hökumət təşkilatının adı əks olunan düymə vasitəsilə “şifrəni dəyişdirmək” menyusuna keçir və burada həm köhnə, həm də yeni şifrələri daxil edərək şifrəni dəyişdirir;

3.2.3. Qeyri-hökumət təşkilatlarının reyestr məlumatları ilə tanışlıq:

- İstifadəçi sistemin əsas pəncərəsinin yuxarı hissəsində yerləşən “qeyri hökumət təşkilatının reyestr məlumatları” sahəsində özünün reyestr məlumatlarını nəzərdən keçirir;

- “Qeyri hökumət təşkilatının reyestr məlumatları” sahəsinin aşağı sağ küncündə yerləşən “ətraflı” düyməsi vurulduqda əlavə olaraq təsisçilər, təmsilçilər, təşkilatın rəhbəri, nizamnaməsinə edilmiş dəyişikliklər, aldığı (verdiyi) qrantlar barədə məlumatları ehtiva edən cədvəllər açılır;

- Cədvəllərdəki “ətraflı” düyməsi vasitəsilə istifadəçi orada yerləşən məlumatların hər birinin təfərrüatlı versiyası ilə tanış olur;

- İstifadəçi qeyd olunan cədvəllərin sonunda yerləşən “ümumi məlumatlar” düyməsini aktivləşdirdikdə qeyri-hökumət təşkilatı barədə başlıca məlumatları əks etdirən sistemdən çıxarışı generasiya edir və “çap” düyməsi vasitəsilə onu çap edir.

3.2.4. Qeyri-hökumət təşkilatının fəaliyyətinə dair arayışların, elanların və digər məlumatların daxil edilməsi, eləcə də özünün və digər təşkilatların daxil etdikləri məlumatların nəzərdən keçirilməsi:

- Əsas səhifənin orta hissəsində “Təşkilatın fəaliyyətinə dair arayışlar, elanlar və digər məlumatlar” sahəsi yerləşir. Burada istifadəçi özünün və digər qeyri-hökumət təşkilatlarının bütün sistem istifadəçiləri üçün açıqlanılması məqsədilə yerləşdirdikləri arayış, elan və digər məlumatlarla tanış olur;

- İstifadəçi yeni arayış, elan və ya məlumatın yerləşdirilməsini, redaktə edilməsini, eləcə də silinməsini sistemin əsas səhifəsinin yuxarı sağ küncündəki qeyri-hökumət təşkilatının adı əks olunan düymə vasitəsilə “arayışlar, elanlar, məlumatlar” menyusuna keçməklə həyata keçirir.

3.2.5. Fərdi elektron kabinet:

Əsas səhifənin aşağı hissəsində Fərdi elektron kabinet” sahəsi yerləşir. Bu sahədə aşağıdakı bölmələr mövcuddur:

- “Müraciətlər” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi sistemin iştirakçıları olan qeyri-hökumət təşkilatlarına və dövlət qurumlarına müraciət göndərir, onlardan daxil olan məktubları nəzərdən keçirir;

- “Statistika” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi qrantlar, əməkdaşlarının sayı, maliyyələşməsi barədə hesabatları hazırlaya bilər. Bundan başqa burada aidiyyəti dövlət qurumlarında mövcud olan həmin növ statistik göstəricilərlə tanış olmaq mümkündür;

- “Elektron xidmətlər” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi sistemin iştirakçıları olan dövlət qurumları tərəfindən göstərilən bütün elektron xidmətlərdən vahid mənbədən istifadə edir;

- “Qrantların qeydiyyatı üçün müraciət” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi bağladığı qrant müqavilələrinin, o cümlədən subqrantın, qranta əlavələrin, eləcə də qrant müqavilələrinə edilmiş dəyişikliklərin qeydə alınması üçün müraciət edir;

- “Qeydiyyat proseduru və qeydiyyata alınmış təşkilatlar” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi qeyri-kommersiya hüquqi şəxslərin və təhsil müəssisələrinin qeydiyyatı proseduru və ya hər hansı qeyri-kommersiya təşkilatının qeydiyyata alınıb-alınmaması barədə məlumatı əldə edir;

- “Mətbu nəşrlərin uçotu” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi mətbu nəşrlərin uçotu üçün müraciəti və sənədləri təqdim edir;

- “Qanunvericilik” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı normativ hüquqi aktların bazasından istifadə edir;

- “Dəftərxana” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi qeyri-hökumət təşkilatlarında aparılan elektron və kağız üzərində korrespondensiyanı sistemləşdirilmiş qaydada vahid mənbədə saxlayır;

- “QHT-lərin axtarışı” bölməsi: Bu bölmə vasitəsilə istifadəçi reyestrdəki qeyri-hökumət təşkilatlarını axtarır, habelə açıq istifadə üçün nəzərdə tutulmuş reyestr məlumatları, arayış, elan və digər məlumatları ilə tanış olur.

3.3. Elektron məlumat sisteminin fəaliyyətinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi həyata keçirir.

3.3.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.3.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.4. Elektron sistemin fəaliyyəti üzrə mübahisələr:

3.4.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron sistemlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

3.4.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.4.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.






Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2014-cü il 30 may tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmişdir

Fərdi elektron pəncərə” elektron məlumat sisteminə daxil ediləcək məlumatların və məlumatları təqdim etməli olan qurumların


S İ Y A H I S I
1. Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası (bundan sonra - BHYRK):

qeyri-hökumət təşkilatlarının, habelə xarici qeyri-kommersiya qurumlarının Azərbaycan Respublikasında filial və nümayəndəliklərinin (bundan sonra-təşkilat) fəaliyyətinə dair ümumi məlumatlar, əmlakı, aldığı (verdiyi) qrantlar, həyata keçirdiyi layihələr, vergi və ya gömrük güzəştlərinin tətbiqi, fəaliyyətinin BHYRK tərəfindən qiymətləndirilməsi barədə məlumatlar;



2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydə alınmış faktlar və onların sonrakı dəyişikliyi, təşkilatın fəaliyyətinə dair məlumatlar, (aldığı (verdiyi) qrantlar, fəaliyyətinin öyrənilməsinin nəticələri, yaratdığı KİV-lər, nəşrlər və s. məlumatlar);



3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi

təşkilat barədə ümumi məlumatlar, vergi ödənişləri, keçirilmiş yoxlamalar və onların nəticələri;



4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

təşkilatın beynəlxalq əlaqələri və əməkdaşlığı, habelə viza məlumatları;



5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

təşkilat barədə ümumi məlumatlar, təşkilatlarla bağlanmış müqavilələr (qrant və ya xidmət), sığortaedən və sığortaolunan haqqında məlumatlar, sığorta gəlirləri və ödənilmiş sığorta haqqı, keçirilmiş yoxlamalar və onların nəticələri;



6. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:

təşkilat barədə ümumi məlumatlar, bağlanmış müqavilələr (qrant və ya xidmət), həyata keçirilən layihələr;



7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

illik maliyyə hesabatlarına dair məlumatlar (təqdim edilib-edilməməsi, hesabatların təhlili üzrə göstəricilər);



8. Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi:

dini qurumlar barədə aidiyyəti məlumat, təşkilatın dini qurumlara verdiyi qrantlar, dini fəaliyyətlə məşğul olub-olmaması;



9. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

təşkilatın əmlak məlumatları;



10. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi:

təşkilatın gömrük əməliyyatları barədə məlumatlar, keçirilmiş yoxlamalar və onların nəticələri;



11. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti:

təşkilatın xətti ilə ölkəyə dəvət edilmiş əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə dair məlumatlar (olduğu yer üzrə qeydiyyat, müvəqqəti və ya daimi yaşamaq üçün icazə, iş icazəsi), keçirilmiş yoxlamalar və onların nəticələri;



12. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası:

təşkilatın mədaxil və məxaric əməliyyatlarına dair məlumatlar;



13. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu:

sığortaedən və sığortaolunan haqqında məlumatlar, sığorta gəlirləri və ödənilmiş sığorta haqqı, keçirilmiş yoxlamalar və onların nəticələri;

14. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası:

təşkilatın fəaliyyəti, Şuradan aldığı maliyyə yardımı, onun fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məlumatlar.


Qeyd: Bu Siyahının 1-14-cü bəndlərində göstərilmiş qurumlar tərəfindən “Fərdi elektron pəncərə” elektron məlumat sisteminə daxil edilən digər məlumatlar: təşkilatın müraciətləri, onlara baxılmasının nəticələri, məlumatı daxil edən qurumla əməkdaşlığı (görülmüş birgə işlər, layihələr və s.) barədə məlumatlar;

“Fərdi elektron pəncərə” elektron məlumat sistemindən istifadə qaydaları barədə inzibati reqlamentin 1.5-ci bəndinə əsasən istifadəçi adı və şifrə verilmiş digər dövlət qurumları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış məlumatları sistemə daxil edirlər.





  1. 29 iyun 2016-cı il tarixli 14-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı

  2. 25 avqust 2016-cı il tarixli 15-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı

  3. 29 iyun 2017-ci il tarixli 11-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyası Qərarı

  4. 31 oktyabr 2017-ci il tarixli 20-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya qərarı


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
Yüklə 54,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin